Super User
Şəkidə "Tarixin söz körpüsü" mövzusunda elmi-nəzəri konfrans keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin verdiyi məlumata görə, EM-in təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin Şəki, Oğuz və Zaqatala bölmələrinin dəstəyi ilə iyunun 9-da Şəki REM-də "Tarixin söz körpüsü" mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından 60-dan çox şair və yazıçı iştirak edib.
Elmi-nəzəri konfransda bölgə yazarlarının müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi təşkil olunub. Sərgidə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən müəlliflərin poeziya, nəsr, publisistika və ədəbi-tənqidi əsərləri nümayiş olunub.
Konfransda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan yazıçı Yusif Şükürlünün xatirəsi ehtiramla anılıb.
Konfransı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov açaraq bölgə ədəbiyyatının milli-mədəni irsin qorunması və inkişafındakı rolundan danışıb. O, belə tədbirlərin ədəbi mühitin canlanmasına və yaradıcılıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair və tədqiqatçı Vaqif Aslan "Azərbaycanın bölgə ədəbiyyatı kontekstində Şəki ədəbi mühiti və ədəbi prosesin inkişaf tendensiyaları" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şəki ədəbi mühitinin Azərbaycan ədəbiyyatının inkişafındakı yeri və müasir ədəbi prosesin əsas istiqamətləri təhlil olunub.
Məruzəçi Azərbaycan ədəbiyyatının zəngin və çoxşaxəli inkişaf tarixində bölgə ədəbi mühitlərinin xüsusi yer tutduğunu və bu mühitlərin milli ədəbi fikrin formalaşmasında, xalqın mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
Vaqif Aslan bölgənin folklor irsi, dastanları, aşıq yaradıcılığı, bayatıları və xalq arasında yaşayan zəngin şifahi ənənələrin müasir ədəbi yaradıcılığın da mühüm qaynaqlarından biri olduğunu, yazıçı və şairlərimizin bu qaynaqlardan bəhrələnərək milli ruhu yaşatdıqlarını, onu müasir dövrün bədii-estetik tələbləri ilə uzlaşdırmağa çalışdıqlarını vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Balakən bölməsinin sədri Əlmaniz Ələkbərli "Bədii yaradıcılığın Qax, Zaqatala və Balakən ədəbi mühitlərində inkişaf dinamikası" mövzusunda məruzəsində Qax, Zaqatala, Balakən ədəbi ənənələri və müasir yaradıcılıq prosesindən bəhs edib. Qeyd edib ki, Qax, Zaqatala və Balakən ədəbi mühitlərinin inkişaf tarixini nəzərdən keçirdikdə müxtəlif dövrlərdə burada fəaliyyət göstərən söz adamlarının milli ədəbi düşüncənin formalaşmasında mühüm rol oynadıqları görünür. Diqqətə çatdırıb ki, onların yaradıcılığında vətən sevgisi, torpağa bağlılıq, milli-mənəvi dəyərlər, insan və təbiət münasibətləri, eləcə də ictimai problemlər geniş şəkildə əks olunmuşdur.
AYB-nin Oğuz bölməsinin sədri Vüsal Oğuz isə "İsmayıllı, Qəbələ və Oğuz rayonlarında ədəbi proses: tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri" mövzularında məruzə ilə çıxış edib.
Vüsal Oğuz çıxışının sonunda bölgələrdə ədəbi prosesin daha da canlandırılması üçün bir sıra təkliflər irəli sürüb. O, nəşriyyatların iştirakı ilə kitab yarmarkalarının keçirilməsinin, tanınmış şair və yazıçıların rayonlarda oxucularla görüşlərinin təşkilinin, eləcə də yaradıcılıq qabiliyyəti ilə seçilən gənclərin aşkar edilərək onlara ustad dərslərinin keçirilməsinin vacibliyini vurğulayıb. Məruzəçi həmçinin ədəbi birliklər arasında əməkdaşlığın gücləndirilməsi, yaradıcılıq gecələri və almanaxların təşkili, yerli müəlliflərin mətbuatda və ədəbi platformalarda tanıdılması, eləcə də istedadlı qələm sahiblərinin Azərbaycan Yazıçılar Birliyinə üzv olmalarına dəstək göstərilməsinin əhəmiyyətini qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin müxtəlif bölgələri təmsil edən üzvləri çıxış edərək bölgə ədəbiyyatının aktual problemləri, inkişaf perspektivləri, ədəbi əlaqələrin genişləndirilməsi və yaradıcılıq mühitinin zənginləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları konfransı bölgənin ədəbi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər.
Çıxışlarda xüsusilə regionlarda ədəbi mühitin fəallığının qorunub saxlanılması, gənc istedadların aşkara çıxarılması və onların yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.
Tədbirin sonunda şairlər öz yaradıcılıqlarından nümunələr səsləndirərək poeziya saatında iştirak ediblər.
“Ədəbiyyat və incısınıt”
(10.06.2026)
Havadan baş aça bilməyəndə...
MÜTƏXƏSSİS BİLDİRİR Kİ, İNSANLAR TƏBİƏTƏ UYĞUN YAŞAM TƏRZİ NÜMAYİŞ ETDİRMƏYƏNDƏ BUNUN FƏSADINI YAŞAYIRLAR...
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Təqvim yay fəslinin gəldiyini göstərsə də, sanki hava hələ də qərarsızdır. İyun artıq qapımızı döyüb, amma bir gün yay istisini, ertəsi gün isə payız ab-havasını yaşayırıq. Səhər evdən günəşli havaya çıxır, axşama doğru yağış damcılarının altında qalırıq. Təbiət sanki öz mövsümünü axtarır.
Dünən imtahana gedərkən günəşin yandırıcı istisi üzümə vururdu. Küçələrdə insanlar kölgə axtarır, sərinləməyə çalışırdı. Bu gün səhər isə pəncərədən baxanda yağışın sakitcə küçələri yuduğunu gördüm. Bir gecənin içində dəyişən hava insana bəzən öz hisslərini xatırladır. Axı insanların da əhvalı bəzən belə olmurmu? Bir gün ümidlə dolu, başqa bir gün düşüncələrə qərq olmuş vəziyyətdə.
Son günlər müşahidə olunan hava dəyişiklikləri təbiətin ən maraqlı tərəflərindən birini göstərir. Günəşlə yağış, istiliklə sərinlik, sakitliklə külək növbələşərək bir-birini əvəz edir. Elə bil səma da öz hekayəsini yazır. Bəzən leysan yağışlarla şəhərin küçələrini isladır, bəzən isə buludları kənara çəkib günəşə meydan verir.
Hava necə dəyişirsə, həyat da elə dəyişir. Bu gün bizi narahat edən bir məsələ sabah sevincə çevrilə bilir. Bir gün yorğunluq hiss etdiyimiz kimi, ertəsi gün yenidən güc tapıb yolumuza davam edirik. Təbiətin dəyişkənliyi ilə insan həyatının oxşarlığı da elə bundadır. Bəs yayın ilk günlərində müşahidə olunan bu qeyri-sabit hava şəraitinin səbəbi nədir və qarşıdakı günlərdə bizi hansı sürprizlər gözləyir? O da sürprizdir.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "Ədəbiyyat və İncəsənət" portalına açıqlamasında söyləyib ki, fəsillərin dəyişməsi və insanların təbiətə uyğun yaşam tərzi sürməməsi orqanizmin fəaliyyətinə mənfi təsir göstərə bilər:
"Dünyada Allahın yaratdığı təbiətin dörd fəsli var və hər fəslin özünə uyğun yaşam şəraiti olmalıdır. İnsanlar fəslə uyğun geyinməyi, qidalanmağı, su qəbul etməyi və ən əsası bir-birinə qarşı təmkinli davranmağı bacarmalıdırlar. Genetik xəstəliklər istisna olmaqla, bir çox xəstəliklər insanların həyat tərzi və əməlləri ilə bağlı yaranır. İnsan orqanizmi təbiətə uyğunlaşdıqda immun sistemi güclənir, orqanlar normal və əlaqəli şəkildə fəaliyyət göstərir, müxtəlif fəsadlar və patologiyalar yaranmır".
Onun sözlərinə görə, ekoloji problemlər və ətraf mühitin çirklənməsi insan sağlamlığı üçün ciddi risklər yaradır:
"Bu gün dünyada ekoloji tarazlığın pozulması ilə bağlı problemlər geniş müzakirə olunur. Bütün ölkələr bu məsələdən danışır. Radiasiya, müharibələr, çirkli qida və sular insan orqanizmini zəhərləyir. Bu amillərin təsiri və tez-tez baş verən dəyişikliklər insan orqanizminə mənfi təsir göstərərək orqanlarda müxtəlif funksiyaların pozulmasına gətirib çıxarır."
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
Zamanın və insan xarakterinin təhlili: "Anın quruluşu" filmi (1980)
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan kinosunun 1980-ci illər dövrü istehsalat ritminin, şəhər mədəniyyətinin və fərdlərin daxili mənəvi axtarışlarının ön plana çıxdığı filmlərlə zəngindir. Rejissorlar Cahangir Mehdiyev və Rasim İsmayılovun birgə quruluş verdiyi "Anın quruluşu" tammetrajlı bədii filmi də məhz belə ekran əsərlərindəndir. Film müasir cəmiyyətdə insanın öz yerini tapması, peşəkar prinsiplər və şəxsi ləyaqət mövzularını estetik bir dillə işıqlandırır.
Yaradıcı heyətin peşəkar imzası
Filmin bədii strukturunun bu qədər güclü olmasının əsas səbəbi ssenari müəllifi, görkəmli dramaturq Ramiz Fətəliyevdir. Onun qələmi hər zaman olduğu kimi, bu filmdə də insan xarakterlərinin toqquşmasını, sosial mühitin fərd üzərindəki təsirlərini və yazılmamış mənəvi qaydaları kəskin şəkildə ortaya qoyur. Rejissor işindəki təmkin və hadisələrin daxili psixoloji gərginliyi tamaşaçını ekrana bağlamağı bacarır.
Filmdə əsas rolları canlandıran aktyor heyəti də öz ifaları ilə obrazlara xüsusi dolğunluq qazandırıblar:
Həsən Məmmədov (Bayramov): Azərbaycan kinosunun böyük ustadı Həsən Məmmədov bu filmdə rəhbər işçi, öz prinsipləri və məsuliyyəti olan ağırbətən bir obrazı yüksək səmimiyyətlə təqdim edir.
Mikayıl Kərimov (Əli): Gənc nəslin nümayəndəsi olan Əli obrazı vasitəsilə cəmiyyətdə özünü təsdiq etmək istəyən, bəzən səhvlər edən, lakin daxili təmizliyini qorumağa çalışan gəncliyin portreti yaradılır.
Eldəniz Zeynalov, Ötkəm İsgəndərov və digərləri: Filmin epizodik və ikinci dərəcəli rollarında çıxış edən aktyorlar Bakı mühitinin real, canlı ab-havasını kadra köçürə biliblər.
Filmin süjet xətti və mənəvi seçimlər
Hadisələr böyük bir tikinti-istehsalat müəssisəsində və müasir şəhər mühitində cərəyan edir. Süjetin mərkəzində hər hansı bir böhran və ya kritik "an" zamanı insanların verdiyi qərarlar, onların həyat prinsiplərinin sınağa çəkilməsi dayanır. Rəhbərliklə gənc işçilər arasındakı münasibətlər, işə yanaşma tərzi və şəxsi mənfəətlərlə ümumi işin maraqlarının toqquşması filmin əsas dramatik xəttini təşkil edir.
Müəlliflər tamaşaçıya çatdırırlar ki, insanın həyatda atdığı hər bir addım, gələcəyini müəyyən edən kiçik anların düzgün qurulmasından asılıdır. Mənəvi saflıq, dürüstlük və yalanın ifşası ekran əsərinin əsas ideya qayəsidir. Filmdəki dialoqların dərinliyi və reallığı onu adi bir istehsalat dramı olmaqdan çıxarıb fəlsəfi-psixoloji müstəviyə qaldırır.
Bakının rəngləri və dövrün ritmi
"Anın quruluşu" filmi həm də 1980-ci illərin Bakısını, onun memarlığını, gənclərin geyim üslubunu və sosial həyatını vizual yaddaş kimi qoruyan qiymətli bir mənbədir. Emin Sabitoğlunun film üçün bəstələdiyi musiqi isə şəhərin ritmini, personajların daxili həyəcanını və dövrün romantikasını tamamlayan ən uğurlu elementlərdən biridir.
Bu gün baxarkən həm intellektual ssenari strukturunu görmək, həm də milli kinomuzun psixoloji dram janrındakı uğurlarını xatırlamaq üçün "Anın quruluşu" filmi hələ də aktualdır. Portalınızın oxucuları üçün bu film, Azərbaycan kinosunun dərin fəlsəfi qatlarına səyahət etmək baxımından maraqlı bir material olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
O, ədəbiyyat tariximizdə Cənubi Azərbaycan həsrətli şeirləri ilə qalacaq
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dinlə şairini, təbrizli gözəl,
Yenə həsrətinlə alışır sinəm.
Tarixi uzundur bu ayrılığın,
Əzizdir qəlbimə, doğmadır bu qəm.
Silkin, qoy dağılsın başının üstdən,
Sənə gün verməyən qara buludlar.
Torpağın altından boylansın bir-bir,
Bahar müjdəçisi çiçəklər, otlar.
Görüb rəngi solmuş gül yarpağını,
Dünən bir kitabın arasında mən.
Təbrizli bacımın dərdini duydum,
Yanan ürəyimin yarasında mən!
Ürək sözlərini deyərək əzəl,
O gülü vermişdi mənə o gözəl.
Durur göz önümdə yenə o gözəl,
Olsam da dünyanın harasında mən!
Mən nələr çəkmədim sənin yolunda,
Sənə toxunmasın ürək sözlərim.
Ömür qəfəsindən uçdu quş kimi
Aylı gecələrim, xoş gündüzlərim.
Çox gəzdik… Nəhayət, günün birində
Cənubun, Şimalın dağlıq yerində,
Birləşdi Savalan ətəklərində,
Ayaq izlərinlə ayaq izlərim!
Bir oldu ki, sənin, mənim düşmənim
Səni məndən, məni səndən ayırdı.
Bölünməzkən, yurdum, yuvam, məskənim,
Bir ürəkli, bir vətəndən ayırdı.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilib. 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olub,
Azərbaycan SSR Ali Sovetinin birinci çağırış deputatı seçilib. Bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.
Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Советскийписатель" (sovetskiy pisatel)" redaksiya heyətlərinə üzv seçilib. Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanı və bir sıra medallarla təltif olunub.
1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutub. Heca və əruz vəznlərində yazıb. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir. Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlayıb, 1922-ci ildə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyasını yazıb.
"Unudulmuş gənc" adlı ilk mətbu şeiri 1923 ildə "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında dərc olunub. "Ələmdən nəşəyə" adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilib. Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri olub.
"Addımlar" (1930), "Səs", "Atəş" (1932) şeir kitabları S. Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi olub. İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. "İldırım" (1942), "Qafurun qəlbi" (1959), "Əzizlərdən əzizlərə" (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: "Təbriz şeirləri silsiləsi", "İki sahil" kitabı (1949).
1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil edib: "Günəşli sahillərdə" (1963), "Keçilməmiş yollarda" (1970), "Ürəyimin gözüylə" (1977), "Mənim günəşim" (1981) və s. kitabların, "Yanğın" (H. Nəzərli ilə birgə, 1930) pyesinin, "Qaçaq Nəbi" (1940) mənzum pyesinin, "Durna" (1948) komediyasının müəllifidir.
Əsərləri
Pyesləri
- "Yanğın"
- "Çimnaz xanım yuxudadır"
- "Duma"
- "Gəldi-gedər"
- "Qaçaq Nəbi"
Komediyaları
- "Durna"
- "Çimnaz xanım yuxudadır"
Poemaları
- "İldırım"
- "Qafurun qəlbi"
- "Əzizlərdən-əzizlərə"
- "Xilaskar"
- "Təbrizdə qış"
- "Qolsuz qəhrəman"
- "Yeni kəndin işıqları"
- "Mənsumə"
- "Nakam məhəbbət"
Satira və yumorları
- "Bir dədə axtarıram"
- "Əcaib əsər"
- "Qəribə nitq"
- "Teatr tənqidi"
- "Heçstan əhli"
- "Qonşularımdan biri"
- "Elan"
- "Möhkəm birlik"
- "Özündən razı!"
Kitabları
- "Aləmdən nəşəyə"
- "Addımlar"
- "Səs"
- "Atəş"
- "Günəşli sahillərdə"
Tərcümələri
- Meynqard Rudzitis. Qızıl ordu (şeir). Ədəbiyyat qəzeti, 1941, 9 iyun.
- İvan Krılov. Şahpərəst qurbağalar (təmsil). Vətən uğrunda, 1944, № 7–8, s.37–39 3.
- Nazim Hikmət. Şeirlər. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1952, s.15–45.
- Qaysın Quliyev. Torpaq və şeir (şeir). Azərbaycan, 1961, № 4, s.36.
- Yaroslav Smelyakov. Gözəl qız Lida (şeir). Ədəbiyyət və incəsənət, 1964, 18 iyul.
- Jan Pol Sartr. Lizzi (pyes). Azərbaycan, 1966, № 10, s.169–190.
- Qriqol Abaşidze. Bahar (şeir). Kommunist, 1971, 16 aprel.
Süleyman Rüstəm sosialist ideologiyasına, kmommunist partiyasına ən çox sədaqət göstərən bir şair olub, bu öz yerində. Kosmosa Layka adlı it göndəriləndə ona yazdığı şeir indi şair üçün aşırı itaətkar poeziya üçün əsl ittiham sayıla bilər:
Layka uçur göyə, eləyir ham-ham,
Mən də ona baxıb alıram ilham.
Amma Süleyman Rüstəm Cənubi Azərbaycan mövzulu ən cəsarətli, ən təsirli şeirlər müəllifidir həm də. Və bizim yaddaşımızda da qoy şair məhz bu cür qalsın.
O, 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
Əsrə bərabər bir gün – ÇİNGİZ AYTMATOVUN ANIM GÜNÜ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Türk dünyası ədəbiyyatı məşhurları mövzusundayıq. Bu gün dahi qırğız yazıçısı Çingiz Aytmatovdan danışacağıq. Çünki bu gün onun anım günüdür. Düz 18 il əvvəlin bugünkü günündə o, dünyaya gözlərini əbədi yumub.
Qırğız yazıçısı Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdır. O tək qırğız xalqının deyil, bütün türk dünyasının dahi yazıçısıdır. O təkcə türk dünyasının da deyil, bütün dünya ədəbiyyatının görkəmli nümayəndəsidir.
“Əsrə bərabər bir gün”. Hələ uşaqkən oxuduğum bu roman məndə o qədər silinməz təəssürat oyadıb ki. Ardınca “Əlvida, Gülsarı”nı oxudum. Tam başqa mövzu, amma yenə cilalanmış sözlər, ipə-sapa düzülmüş kimi sıralanana cümlələr, sonsuz heyrət... Sonra “Cəmilə”ni oxudum və həqiqətən də onun yaradıcılığına aşiq oldum.
Onun ömür-gün yoluna diqqət edək. 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib.
Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub.
Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.
Hekayə janrı Çingiz Aytmatov yaradıcılığının bütün inkişaf mərhələlərini, ideya-məzmun istiqamətlərini müəyyən etməyə imkan verir. "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik", "Dəhnəçi", "Ağ yağış", "Quraqlıqda", "Qızıl alma", "Oğulla görüş", "Baxiana", "Əbədi gəlin" və s. göstərmək mümkündür.
Çingiz Aytmatovun yaradıcılığında povestləri xüsusi yer tutur. "Üz-üzə", "Cəmilə", "Ana tarla", "Erkən gələn durnalar", "Köşək gözü", "İlk müəllim" və "Qırmızı yaylıqlı qovağım mənim", "Əlvida, Gülsarı", "Ağ gəmi", "Dəniz kənarıyla qaçan alabaş" və s. maraqlı povest nümunələridir.
XX əsrin yetmişinci illəri Çingiz Aytmatovun yaradıcılığında povestdən roman janrına doğru keçid mərhələsidir, lirik-psixoloji nəsrdən ictimai məzmunu daha qabarıq olan əsərlərə üstünlük verilməsi baxımından da həmin mərhələ keçid dövrüdür. "Gün var əsrə bərabər", "Qiyamət", "Kassandra damğası", "Əbədi gəlin" roman janrının əsrarəngiz növləridir.
Dramaturji yaradıcılığı ictimai məzmunun dərinliyi ilə seçilir. Yazıçının dram kimi yazdığı iki əsəri: "Fuji – Yama" və "Sokratı anma gecəsi" məlumdur. Çingiz Aytmatovun şeirləri onun yaradıcılığında özünəməxsus yer tutmaqdadır. "Əkinçinin nəğməsi", "İssık gölə həsrət", "Fırtınaya səsləniş", "Dağ keçidində", "Ulduza" şeirləri müasir poetik nümunələrdir.
Dünya şöhrətli yazıçı və ictimai xadim Aytmatov 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq xəstəxanasında dünyasını dəyişib və Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn olunub. Bir sözlə, bu gün dahi yazıçının anım günüdür. Allah rəhmət eləsin!
Mükafatları
- Sosialist Əməyi Qəhrəmanı (1978)
- Lenin mükafatı (1963)
- SSRİ dövlət mükafatı
- Qırğızıstan xalq yazıçısı
- Dostluq ordeni
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
Rəna Rüstəmova: "Mənə elə gəlir ki, atamın şah əsəri "Qurban adına" mahnısıdır”
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Türkiyədə adətən seyidlərin yaşadığı İydəli adlı bir yer var. Atamın əsli ordandır. Sonra İrəvana köçüblər. Atam danışırdı ki, İrəvanda evləri Göy məscidin yanında olub və seyid olduqları üçün ocaq sayılıb. Atamın əsl adı Mircabbar Seyidrüstəmzadədir. Bakıya gələndə pasport verilən yerdə ermənilər, ya da ruslar işləyirdi. Orda işləyənlər deyir ki, bu nə addır, çox uzundur. Atam məcbur olur ki, adını Səid Rüstəmov olaraq dəyişdirib yazdırsın." – Səid Rüstəmovun qızı Rəna Rüstəmova belə deyir...
Səid Əli oğlu Rüstəmov və ya əsl adı ilə Mircabbar Seyidrüstəmzadə 12 may 1907-ci il tarixində Rusiya imperiyasının işğal edib öz ərazisinə qatdığı keçmiş İrəvan xanlığının paytaxtında - İrəvan şəhərində anadan olub. Bəstəkarın qızı Rəna Rüstəmova xatirələrində qeyd edir ki, "…atam İrəvanı xatırlayanda yanğılı həsrət ahları çəkirdi. O şəhəri ölənə qədər İrəvan deyə andı. Heç rəsmi çıxışlarında da bir dəfə olsun "Yerevan" demədi." Onun qızı Rəna Rüstəmova atasının ailəsinin məskunlaşması və adı barədə bu cür bildirir.
Uşaq yaşlarında atasını itirən Səid Rüstəmovun tərbiyəsi ilə böyük qardaşı Mirhüseyn Rüstəmov məşğul olub. Tar alətində çalmağı bacaran Mirhüseyn Rüstəmov kiçik qardaşı Səid Rüstəmovun musiqiyə həvəs göstərməsində də mühüm rol oynayıb. 1918-ci ildə baş verən hadisələr, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınlar bu ailənin də taleyində öz izini qoyub.
Qırğınla əlaqədar Türkiyəyə qaçmalı olan ailə tezliklə geri dönüb, lakin İrəvanda evlərinin dağıldığını gördükdə 1919-cu ildə Gəncəyə köçməyə başlayıblar. Səid Rüstəmovun aləsi burada çox qalmır – qardaşı Mirhüseyn Rüstəmovun ermənilər tərəfindən qətlə yetirilməsindən sonra Ağdaşa köçüblər. Demək olar ki, 12 yaşlı Səid Rüstəmovun musiqi ilə məşğuliyyəti Ağdaşda olan klubdan başlanır.
O, burada piano çalmağı öyrənib, kiçik yaşlarından qulaq asıb sevdiyi xalq melodiyalarını bu alətdə ifa edib, klubda təşkil edilən konsertlərdə çıxış edib. Həmin klubda Maqsud Şeyxzadənin "28 nisan inqilabı"adlı pyesi tamaşaya qoyulub. Səid Rüstəmov bu tamaşadan böyük təəssüratla ayrılıb, sonradan özü də bir pyes yazıb. Bunu da həvəskar aktyorlar tamaşaya qoyublar. 1921-ci ildə Rüstəmovlar ailəsi Bakıya köçüb.
Səid Rüstəmov Müəllimlər Seminariyasına daxil olub. Burada başqa fənlərlə yanaşı musiqi dərsləri də keçirilib. Səid Rüstəmov burada truba ifa etməyi öyrənib və tələbələrdən təşkil edilmiş orkestrin çıxışlarında iştirak edib. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənətinə bağlayıb. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində özü tərəfindən bu cür səslənib:
"Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb musiqiyə qulaq asmağa başladım. Birdən müəllimlərdən biri yaxınlaşdı və dedi: "Nə üçün burada durmusan?". Mən isə cavabında dedim: "Eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram" – dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu.
Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O, mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu və biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamladılar. Sonra müəllim məni o şəxsə təqdim edib – "bu uşağın yaxşı musiqi duyumu var" – dedi.
Beləliklə, onlar birlikdə mənim musiqimi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəy Hacıbəyovdur. Beləliklə, Üzeyir bəy Hacıbəyov məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi."
Rəsm çəkməyə həvəsi və istedadı olan Səid Rüstəmov rəssamlıq məktəbində də məşğul olub, həmçinin bu məktəblə bir binada məşğələlərə gəlib qulaq asmağa başlayıb. Məhz burada onun musiqi istedadını görən müəllimlərdən biri Səid Rüstəmovu Üzeyir Hacıbəylinin yanına gətirib. Bir çox başqa musiqiçilər kimi, Səid Rüstəmovun həyat və yaradıcılıq fəaliyyətindən Üzeyir Hacıbəyovla tanışlığı həlledici rol oynayıb.
1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinfinə qəbul edilib. Musiqi texnikumunda Səid Rüstəmovun not üzrə müəllimi Üzeyir Hacıbəyov olub. Muğam sinfində isə o, tanınan tarzən Mirzə Mansur Mansurovdan dərs alıb. 1926-cı ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlayıb. Pedaqoji iş cavan yaşlarından Səid Rüstəmovun fəaliyyət göstərdiyi mühüm sahələrdən biri olub.
Müəllimlər Seminariyasında, daha sonra Pedaqoji İnstitutda təhsil alması Səid Rüstəmovun ümumtəhsil sahəsində uğurlu fəaliyyətini şərtləndirib. Onun tar müəllimi kimi inkişaf etməsində də ümumi pedaqogikanın əsaslarına, tədris metodikasına bələd olması mühüm rol oynayıb. Səid Rüstəmov 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilib.
Səid Rüstəmovun cavanlıq illərinə aid olan fotoşəkillərdən birini o, sevimli şagirdlərindən biri, sonradan İkinci Dünya müharibəsində göstərdiyi şücaətlərlə tanınan, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mehdi Hüseynzadə ilə birlikdə çəkdirib. Üzeyir Hacıbəyov Səid Rüstəmovun namizədliyini Azərbaycan konservatoriyasının xalq şöbəsində müəllimlik etməyə irəli sürdüyü zaman o, hələ musiqi texnikumunda təhsil alırdı.
1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlayıb. O, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə konservatoriyada xalq çalğı alətləri kafedrasının açılmasını qiymətləndirən ilk musiqiçilərdən biri olub və ömrünün sonunadək bu kafedrada tar ifaçılığının sirlərini gənclərə öyrətməklə məşğul olub.
Eyni zamanda o, tədris prosesinin nəinki tar ixtisasına, eləcə də musiqi nəzəriyyəsinə aid zəruri ədəbiyyatla təmin edilməsi üçün əlindən gələni əsirgəməyib, 1931-ci ildə cavan həmkarları – Asəf Zeynallı, Fuad Əfəndiyev ilə birlikdə azərbaycan dilində olan "Not savadı" dərsliyini tərtib edib, həmçinin rus musiqiçilərinin işlərini – Georgi Konyusun "Elementar musiqi nəzəriyyəsi" və Nikolay Rimski-Korsakovun "Harmoniya" dərsliyini azərbaycan dilində tərcümə edib. Səid Rüstəmovun kiçik oğlu, bəstəkar Eldar Rüstəmov bu barədə qeyd edib:
"Bizim ailə albomumuzda atamın çox sevdiyi bir fotoşəkil var. Həmin şəkildə 18-19 yaşlı üç cavanın surəti həkk olunub. Üzeyir bəy Hacıbəyov məhz bu üç cavanı seçərək, onlara mühü bir iş həvalə etmişdi. Onlardan biri 23 yaşında, vaxtsız həyatdan getmiş Asəf Zeynallı, ikincisi atam Səid Rüstəmov idi. Bütün işlərində Üzeyir bəy Hacıbəyov onun müəllimi olmuşdu. Şəkildə yer alan üçüncü şəxs isə sonradan sovet təbabətində öz məktəbinin görkəmli cərrahı olacaq Fuad Əfəndiyev idi."
Səid Rüstəmov 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitunda təhsilini tamamlayıb. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynayıb. Bu günə kimi bu dərslik dəfələrlə nəşr edilib. Dərslik müasir dövrdə də orta və ali musiqi məktəblərində istifadə edilib. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunan "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmayıb.
Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap edib. Kitab Leonid Bretanitski, Səid Rüstəmov və G. Burşteynin redaktorluğu ilə "Azmusnəşr" nəşriyyatında çap edilib. "Skripka əlifbası" kitabının nəşrində əsas məqsəd – skripka çalan gənc şagirdlərə SSRİ xalqlarının mahnı və oyun havaları melodiyaları, klassik rus musiqisi əsərləri və sovet kompozitorlarının əsərləri üzərində qurulmuş ibtidai dərs kitabını vermək idi.
Səid Rüstəmov tar ixtisasından dərs dediyi uzun müddət ərzində bir çox istedadlı musiqiçilər yetişdirib. Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva, xalq artisti Hacı Xanməmmədov, Əməkdar artist Adil Gəray kimi tanınmış musiqiçilər onun tar sinfində təhsil alıblar.
Səid Rüstəmovun tələbələri içərisində həmçinin Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov, Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar incəsənət xadimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar Oqtay Quliyev, Vaqif Əbdülqasımov, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nazim Kazımov və başqa tanınmış musiqiçilər də mövcuddur.
1930-cu illərdən etibarən Səid Rüstəmovun həyatı və sənət yolunun mühüm bir mərhələsi başlanıb. 1931-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan xalq çalğı alətlərindən ibarət ilk notlu orkestr yaradıb. Həmin orkestrin bədii rəhbəri və baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. Belə bir orkestrin yaradılması milli musiqi mədəniyyəti tarixində əlamətdar hadisə olmaqla bərabər, Səid Rüstəmovun həyat və yaradıcılığında da yeni səhifə açıb
Dörd il sonra Üzeyir Hacıbəyov orkestrdə rəhbərliyi Səid Rüstəmova həvalə edib. Səid Rüstəmov 1975-ci ilə qədər həmin orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. Xalq çalğı alətləri orkestri Səid Rüstəmovun rəhbərliyi altında Azərbaycanın musiqi həyatında fəal iştirak edib, Bakıda və bölgələrdə konsertlərlə çıxış edib. 1937-ci ildə bu orkestrin Ümumittifaq radio festivalında iştirakı uğurlu olub. Həmin ilin fevral ayında orkestrin Moskvaya və Leninqrada ilk konsert səfərləri baş tutub və buradakı çıxışları da böyük müvəffəqiyyətlə qarşılanıb.
1938-ci ilin aprel ayında Moskvada keçirilən Birinci Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə "Böyük teatr"ın (rus. Большойтеатр) səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası həmin orkestrin müşayiəti ilə nümayiş edilib. Komediyanın musiqisini xalq çalğı alətləri üçün köçürən Səid Rüstəmov olub. Həmin il Süleyman Rüstəmov Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. Bu orkestrdə iş Səid Rüstəmovun dirijorluq fəaliyyətinin başlanğıcı olub
Eyni zamanda orkestrlə əməkdaşlıq onun bəstəkar kimi yaradıcılığının əsasını qoymuş olub. Bu orkestr üçün xalq musiqisi nümunələrini işləməyə başlayan Səid Rüstəmov daha sonra həmin ifaçı kollektivi üçün "Bayatı-kürd" fantaziyasını, ilk orijinal əsərlərini, o cümlədən "Şadlıq rəqsi" əsərini, "Cəngi" kimi pyeslərini bəstələyib. 1930-cu illərdə Səid Rüstəmovun bəstəkar kimi yaradıcılığının janr dairəsi getdikcə genişlənib. O, dram tamaşasına musiqi sahəsində qələmini sınayır – Mirzə İbrahimovun "Həyat" pyesinə musiqi yazıb.
Sonrakı illərdə də bəstəkar bir çox tamaşalara musiqinin müəllifi kimi tanınıb. Həmin illərdə Səid Rüstəmovun musiqiçi kimi fəaliyyət sahəsi də şaxələnib, belə ki, o, folklor nümunələrinin toplanması sahəsində mühüm işlər görüb. Konservatoriya nəzdində görkəmli müğənni Bülbül tərəfindən təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edən Səid Rüstəmov xalq musiqisi nümunələrini, rəqsləri, aşıq mahnılarını toplayıb nota köçürüb.
1937-ci ildə onun "Azərbaycan xalq rəqsləri" toplusu nəşr edilib. 1938-ci ildə də Səid Rüstəmovun qələmə aldığı bir neçə dəyərləri toplu işıq üzü görür – onun Cabbar Qaryağdıoğlunun ifasından nota yazdığı "50 Azərbaycan xalq mahnısı" və "Aşıq mahnıları" adlı dörd toplusu nəşr edilib. 1930-cu illərdə Səid Rüstəmovun yaradıcılıq fəaliyyətinin daha bir mühüm istiqaməti də müəyyən edilib. O, tədris prosesi üçün zəruri olan pedaqoji repertuarın yaradılması işində fəal iştirak edib.
Səid Rüstəmov öz musiqiçi həmkarları – Asəf Zeynallı və Fuad Əfəndiyevlə birlikdə 1931-ci ildə Azərbaycan dilində ilk "Not savadı" dərsliyini tərtib edib. 1935-ci ildə Səid Rüstəmovun "Tar məktəbi" dərsliyi nəşr edilib. Dərslik bu günə kimi musiqi məktəblərində tarın tədrisində əvəzolunmazdır. 1930-cu illərdə Səid Rüstəmovun yaradıcılıq təcrübəsi musiqili komediya janrında yazılmış nümunə ilə zənginləşib. Onun Məmməd Səid Ordubadinin librettosu əsasında 1939-cu ildə "Beş manatlıq gəlin" adlı ilk musiqili komediyası yaranıb.
Bu əsər Azərbaycan musiqisi tarixinə müasir mövzuda yazılmış ilk musiqili komediya kimi daxil olub. "Beş manatlıq gəlin" musiqili komediyasının ilk tamaşası 30 aprel 1940-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilib. Bu illərdə bəstəkar həmçinin mahnı janrına müraciət edib. Bu da sonradan onun yaradıcılığında aparıcı janr kimi müəyyənləşib. Bu dövrlərdə Səid Rüstəmovun dirijorluq fəaliyyəti də olduqca uğurlu olub. Onun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri təkcə Azərbaycanda deyil, ondan uzaqlarda da tanınmağa başlayıb.
1941-ci ilin may ayında orkestr Özbəkistana qastrol səfəri edərək Daşkənd, Səmərqənd, Kokand, Əhdican və başqa şəhərlərdə çıxışlar edib. 1941–1945-ci illər İkinci Dünya müharibəsi Səid Rüstəmovun vətən mövzusu ilə bağlı fəaliyyət göstərdiyi bir dövr idi. Vətənpərvərlik motivləri onun yaradıcılığında yazdığı "Sərhədçilərin mahnısı", "Dənizçilərin mahnısı", "İrəli", "Şanlı ordumuz" kimi mahnılarında parlaq təcəssümünü tapıb.
Onun mahnı və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə yazdığı "Dinlə, cəbhə!" adlı kantatası, xalq çalğı alətləri orkestri üçün "Qəhrəmani" adlı pyesi də həmin dövrdə döyüşçülərin mübarizə ruhunu gücləndirən əsərlər sırasında idi. "Qəhrəmani" pyesi 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə ifa olunaraq, böyük müvəffəqiyyət qazanıb. Eyni zamanda, Səid Rüstəmov dirijor və ictimai xadim kimi fəaliyyətini də Azərbaycan xalqının vətənpərlik ruhunun möhkəmləndirilməsinə yönəldib.
Müharibə illərində o, 416-cı Azərbaycan atıcı diviziyasında xalq çalğı alətləri orkestri təşkil edib. Hərbi hissələrdə bu orkestrin konsertləri böyük rəğbətlə qarşılanır, onun ifa etdiyi əsərlər əsgərləri qələbəyə ruhlandırırdı. Həmin dövrdə Səid Rüstəmov bir sıra dram tamaşalarına da musiqi bəstələyib. Cəfər Cabbarlının "Almaz", Mehdi Hüseynin "Nizami", Rəsul Rzanın "Vəfa" əsərlərinə musiqinin müəllifi Səid Rüstəmov idi.
Müharibə illərindəki fəaliyyətinə və milli musiqi sənətindəki xidmətlərinə görə 1946-cı ildə Səid Rüstəmov "Qırmızı əmək bayrağı" ordeni ilə, eləcə də "Qafqazın müdafiəsi uğrunda" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilib. Müharibədən sonrakı illər Səid Rüstəmovun bəstəkar, dirijor, pedaqoq və ictimai xadim kimi fəaliyyətinin genişləndiyi dövrdür. 1947-ci ildə o, Süleyman Rüstəmin librettosu əsasında "Durna" adlı yeni musiqili komediyasını yaradır.
Bəstəkarın xalq çalğı alətləri orkestri üçün 1946-cı ildə "Azərbaycan" süitası və İkinci süita, 1948-ci ildə Üçüncü süita, 1958-ci ildə Dördüncü süita və bir sıra mahnıları bu dövrdə ərsəyə gəlib. Həmin illər üçün səciyyəvi olan, əməyi tərənnüm edən mahnı janrında Səid Rüstəmovun yazdığı nümunələr – "Neftçi qız" (A. Aslanovun sözlərinə), "Həkim qız" (İslam Səfərlinin sözlərinə), 1950-ci illərdə yazdığı "Toxucu qız" (Rəsul Rzanın sözlərinə) mahnıları çox məşhurlaşıb.
1948-ci ildə kütləvi mahnıların respublika müsabiqəsində mükafata layiq görülüb, tanınan "Sürəyya" mahnısı (Zeynal Cabbarzadənin sözlərinə), eləcə də "Sumqayıt" (N. Cəfərovun sözlərinə), "Mən sülhə səs verirəm" (Hüseyn Hüseynzadənin sözlərinə), "Komsomol" (Tələt Əyyubovun sözlərinə) mahnılarına görə Səid Rüstəmov 1951-ci ildə Stalin mükafatına layiq görülüb. Rəşid Behbudov bu mahnılardan sonra Səid Rüstəmova məktub yollayaraq kiçik bir qeyd yazıb: "Əziz Səid! Bu da sənə "Sürəyya" mahnısının necə sevildiyinə dair sənəd. Mahnı dünya efirində uçur."
Sözügedən dövr Səid Rüstəmovun bir musiqi təşkilatçısı və ictimai xadim kimi fəaliyyətində parlaq səhifələrdən biri kimi tarixə düşüb. O, Fioletov adına klubun mahnı və rəqs ansamblına rəhbərlik edib, Üzeyir Hacıbəyovun vəfatından sonra, 1949-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib. O, 1953-cü ilə kimi bu vəzifədə çalışıb. 1951-ci ildən bəstəkar Azərbaycan Dövlət Xalq Mahnı və Rəqs Ansamblına rəhbərlik edib
Həmin dövrdə Səid Rüstəmovun xalq çalğı alətləri orkestrinin bədii rəhbəri kimi apardığı təşkilatçılıq və yaradıcılıq işi də uğurla davam edib. Orkestrin repertuarı genişlənib, buraya Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı dünya musiqisinin ən yaxşı nümunələri daxil edilib. Əvvəlki illərdə olduğu kimi, bu dövrdə də Səid Rüstəmov pedaqoji fəaliyyətini davam etdirərək, tar ixtisası üzrə tədris ədəbiyyatını zənginləşdirmək məqsədilə böyük iş aparıb. 1950-ci ildə onun "Tar üçün metodik etüdlər" adlı dərs vəsaiti nəşr olunub.
Həmin etüdlər hal-hazırda həm orta musiqi məktəblərinin, həm tar ixtisası üzrə mütəxəssis hazırlığı aparan ali musiqi məktəblərinin tədris proqramına daxildir. 1954-cü ildə isə Səid Rüstəmov Georgi Konyusun "Elementar musiqi nəzəriyyəsi" və Nikolay Rimski-Korsakovun "Harmoniya" dərsliyini rus dilindən azərbaycan dilinə tərcümə edib. Səid Rüstəmov xalq musiqisinin öyrənilməsi sahəsində apardığı böyük iş – "Azərbaycan xalq rəqsləri" və "Azərbaycan xalq mahnıları" (iki cilddə, 1954 və 1957), "Azərbaycan xalq rəngləri" (iki dəftərdə, 1954 və 1956) toplularının işıq üzü görməsi ilə nəticələnir.
1957-ci ildə Səid Rüstəmov Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb. Səid Rüstəmov bu dövrdə çoxşaxəli yaradıcılıq fəaliyyətli sənətkar olmaqla yanaşı, bir musiqiçi kimi geniş nüfuz qazanıb. Onun əsərləri Azərbaycan Bəstəkarlarının Qurultaylarında, "Zaqafqaziya baharı" festivallarında, 1959-cu ildə Moskvada keçirilən İkinci Azərbaycan incəsənəti ongünlüyündə, Moldoviyada keçirilən Azərbaycan mədəniyyəti həftəsində ifa olunaraq, böyük rəğbət qazanıb.
Səid Rüstəmovun dram tamaşalarına bəstələdiyi musiqini araşdırdıqda məlum olur ki, bu musiqi əsas etibarilə mahnılardan ibarətdir və bunların içərisində də sonradan populyarlaşaraq, müstəqil ifa olunan mahnılar mövcuddur. Bəstəkarın Abdulla Şaiqin "Nüşabə" əsərinə bəstələdiyi "Sevirəm səni", Mehdi Hüseyn və İlyas Əfəndiyevin "İntizar" tamaşasından "Alagöz" və "İntizar" mahnıları, Cəfər Cabbarlının "Od gəlini" pyesindən "Solmazın mahnısı", "Almaz" pyesindən "Lirik mahnı" mahnıları da belə nümunələrdəndir.
Səid Rüstəmov müxtəlif illərdə Məşədi Əzizbəyov adına Dram Teatrının 20-dən çox tamaşasına, o cümlədən Mirzə Fətəli Axundovun "Hacı Qara", "Xırs quldurbasan", Cəfər Cabbarlının "Yaşar", "Od gəlini", "Almaz", Səməd Vurğunun "Vaqif", Mirzə İbrahimovun "Həyat", Rəsul Rzanın "Vəfa", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Sabit Rəhmanın "Nişanlı qız", "Aydınlıq", "Toy", Mehdi Hüseynin "Nizami", İlyas Əfəndiyevin "Bahar suları", Mehdi Hüseyn və İlyas Əfəndiyevin "İntizar" tamaşasına musiqi bəstələyib.
Bəstəkar Süleyman Ələsgərov Səid Rüstəmovun mahnı yaradıcılığını qiymətləndirərək qeyd edib:
"Onun mahnılarının xalq tərəfindən rəğbətlə qarşılanmasının səbəbi nədir? Melodiyalarının orijinallığı, axıcılığı, sadəliyi, qırılmaz tellərlə bağlı olması... Səid Rüstəmovun mahnı yaradıcılığında diqqəti cəlb edən əsas cəhətlərdən biri də yüksək professionallıqdır. Səid Rüstəmov öz lirik mahnıları ilə bir daha sübut etmişdir ki, peşəkarlıq səviyyəsi bu və ya digər janrın mürəkkəblik dərəcəsi ilə deyil, sənət nümunəsi kimi daşıdığı bədii dəyərlə müəyyən edilir."
Səid Rüstəmov öz mahnılarının bir qismini ("Gözlərin aydın olsun", "Beşik mahnısı", "Maralım, gəl", "Haralısan" və s.) xalq bayatılarının mətninə bəstələyib. O, aşıq poeziyasına da müraciət etmiş, Aşıq Qurbani ("Bənövşə"), Aşıq Hüseyn Cavan ("Sənətkara aşiqəm"), Aşıq Pənah Pənahovun ("Zəfərin sənin") sözlərinə mahnılar bəstələyib.
Zemfira Səfərova yazır ki, "Səid Rüstəmovun məharəti onda özünü göstərir ki, hansı mətnə müraciət etməsindən asılı olmayaraq, bunlardan hər biri üçün bəstələdiyi musiqi şeirin həm ruhu, həm məzmunu ilə o dərəcədə ahəngdardır ki, sanki bu əsərlərin musiqisi də, mətni də eyni bir müəllifin qələmindən çıxmışdır. Bəstəkar sanki hər şeirin özünün daxilində olan musiqini sadəcə "üzə çıxarıb" səsləndirməyi bacarır."
Zemfira Səfərova qeyd edib:
"Bugünkü mövqedən yanaşdıqda, bəlkə də keçmiş sovet məkanında yaşayıb-yaratmış bir çox başqa bəstəkarlar kimi, Səid Rüstəmovun da bu mövzuları təcəssüm etdirən mahnıları "vaxtı ötmüş", aktuallığını itirmiş nümunələr kimi görünə bilər, lakin biz bu gün həmin mahnıların bədii dəyərini onların mövzusu ilə deyil, məhz musiqisinin melodik gözəlliyi, xalq qaynaqlarından qidalanıb yetişmiş ürəyəyatan musiqisi ilə ölçə bilərik.
Həmin mahnılar əbədi mövzuları deyil, yaşadığımız gerçəkliyin müəyyən bir mərhələsini əks etdirsə də, bunlardakı hərarət, səmimilik, milli xüsusiyyətlər dinləyicinin diqqətini çox zaman mətndəki məzmunun mahiyyətinə deyil, məhz musiqinin melodik gözəlliyinə yönəltmiş olur.
Və mahnı sahəsində Səid Rüstəmov xəlqiliyin elə bir yüksək peşəkarlıq səviyyəsində təzahürünə nail olur ki, folklor xüsusiyyətləri üzvi surətdə bəstəkarın musiqi dilinə daxil olaraq, bunun ayrılmaz ünsürü kimi başa düşülür və əksinə, bəstəkarın yaratdığı orijinal nümunələr təbii olaraq xalq mahnısı kimi qəbul edilir."
Musiqişünas Elmira Abbasova Səid Rüstəmovdan bəhs edən kitabında qeyd edib:
"Dillər əzbəri olan "Sürəyya" mahnısının nümunəsində bəstəkarın xalq musiqisinə əsaslanması prinsipini əyani nümayiş etdirə bilərik. Asan yadda qalan, parlaq melodikliyi və lirik xalq mahnılarının bir çoxunda rast gəlinən tipik metroritmikası ilə seçilən bu mahnını diqqətlə nəzərdən keçirdikdə onun xüsusilə birinci cümləsinin zahiri cəhətdən tam uyğun olduğu folklor prototipini müəyyən etmək bir o qədər də çətin deyil."
Bəstəkarın qızı Rəna Rüstəmova müsahibəsində bildirir ki, "Mənə elə gəlir ki, atam Səid Rüstəmovun şah əsəri "Qurban adına" mahnısıdır. Atam müğənnilərdən ən çox Şövkət Ələkbərova və Gülağa Məmmədovu sevirdi. Onlarla işləyəndə deyirdi ki, necə yazmışam elə də ifa etməlisiniz."
Şövkət Ələkbərova, Firəngiz Əhmədova və Gülağa Məmmədov qeyd edirlər ki, "Səid Rüstəmovun mahnılarını bunlara xas olan xüsusi kolorit fərqləndirir. Bunlar sanki xalq poeziyasının nəfəsi ilə aşılanmışdır – bunlarda da həmin intonasiya səmimiyyəti mövcuddur. Bəlkə elə buna görədir ki, onun yeni bir mahnısını eşitdikdə, dərhal müəllifin kim olduğunu söyləmək olar. Artıq qırx ilə yaxındır ki, respublikanın Xalq artisti Səid Rüstəmov öz əsərlərini yaradır. Bu əsərlər çoxdur, lakin bütün oxşarlıqlara baxmayaraq, bunlardan hər birinin öz "simasi", öz intonasiyası var."
Zemfira Səfərova yazır ki "Səid Rüstəmov mahnıları ilə az-çox tanış olan dinləyici elə ilk sədalardan, ilk xanələrdən müəllifi tanıyır. Çünki bəstəkarın özünəməxsus, heç bir başqa müəllifin üslubuna bənzəməyən, sabit xüsusiyyətlərə malik dəst-xətti vardır, lakin Səid Rüstəmov heç bir mahnısında özünütəkrara yol vermir, bir dəfə tapılmış uğurlu bir boyanı, melodik dönməni, naxışı başqa mahnısına köçürmür. Bu da əsl sənətkarlığın, peşəkarlığın təzahürüdür."
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Stalin" mükafatı (3-cü dərəcə)
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar Dostluğu" ordeni
- "Şərəf nişanı" ordeni
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
- "Qafqazın müdafiəsinə görə" medalı
Səid Rüstəmov 1983-cü ilin may ayında ağır infarkt keçirib. Bununla da bəstəkar xəstəxanaya aparılıb. Xəstəxanadan sonra Səid Rüstəmov Mərdəkanda, şəxsi bağ evində yaşamağa başlayıb. Səid Rüstəmovun 10 iyun 1983-cü ildə vəziyyəti ağırlaşıb, həmin gün də Bakıda, 76 yaşında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Rafiq Mehdiyevin doğum günüdür
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kim bilmir ki, qədim və ulu Naxçıvan diyarı bir çox məşhur ədiblər, elm xadimləri yetişdirib. Bu sırada incəsənət xadimləri də az deyil. Və əlbəttə ki, Naxçıvan dahi rəssam Bəhruz Kəngərlinin vətənidir.
Zaman-zaman Naxçıvandan digər tanınmış rəssamlar da çıxıb. Onlardan biri də Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevdir.
Rafiq Mehdiyev 1933-cü ilin bugünkü günündə - 10 iyununda Muxtar Respublikanın Şahbuz rayonunda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq texnikumunu, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini bitirib.
Onun yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin "Axşam" və "Səhər" adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində "Kənd", "Uşaqlar", "Qadın uşaqla birlikdə", "Bazarda", "Bir cərgə", "Son gün", "Güllələnmə", "Bir cərgə", "Yağışdan sonra" tablolarının adlarını qeyd etmək olar.
Rəssamın dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələrinin də olduğunu söyləyən sənətşünaslar diqqətə çatdırıblar ki, Rafiq Mehdiyevin respublika bədii sərgilərində "Üzümyığanlar", "Təzə xəbər", "İstirahət", "Natürmort" tabloları uğurla təqdim edilib.
Rəssam pedaqoji fəaliyyətini də uzun illər davam etdirmişdir, müdafiə etmiş, professor fəxri adınadək yüksəlmişdir.
O, 1980-ci ildə əməkdar rəssam, 1992-ci ildə isə xalq rəssamı fəxri adına layiq görülmüşdür.
2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur.
Rafiq Mehdiyev bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
28 noyabr 2009-cu ildə isə o, Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin!
Özü gedib, əməlləri isə yaşamaqdadır.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
Ürəyində Basarkeçər həsrəti dünyanı tərk etdi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O torpaqlarda çox böyük milli-mədəni irsimiz aldı, insanlarımızı qovdular, abidələrimizi dağıtdılar, amma ruhumuz qaldı. Hələ də bizim sözləri işlədib, bizim musiqiləri dinləyib, bizim yeməkləri bişirib yeyib bizi dansalar belə, bu ruh onların başından basır.
"Araz" ali ədəbi mükafatı laureatı, Qərbi Azərbaycanın ən tanınmış yazarlarından olan Əli Vəkilin bu gün doğum günüdür.
O, 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant, Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri, sonra məsul katib, Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri olub.
Əli Vəkilin ilk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görmüş "Sona bulağı" kitabı olub, şairin oxucunları ilk görüşü uğurlu alınıb. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurub.
Əsərləri
1. Ömür karvanı
2. Kişi ömrü
3. Fərizə-İlham dastanı
4. Cərrah Vaqif möcüzəsi
5. Əbədi qəhrəmanlıq
6. Qoşmalar
7. Aqillər, ariflər, alicənablar
8. Doğma yollar
9. İki günəş
10. Sona bulağı
11. Yeddi dağ
2013-cü il iyunun 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şairin 75 illik yubileyi keçirilib. Tədbirdə Ramiz Quliyev, İzzət Rüstəmov, Vaqif Qələndər, Eldar İsmayıl, İslam Sadıq, Sara Göyçəli, Oqtay Rza və başqaları çıxış edib. Şair 80 illiyini də yaşayıb. Amma 85-ə cəmi bir il çatmayıb.
Əli Vəkil 7 fevral 2022-ci ildə ürəyində Basarkeçər həsrəti dünyanı tərk edib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
Gül yanaqlı Gülyanaq xanım...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Atası Zakir kişi musiqiçi olduğundan, övladlarının da bu sənətdə olmasına pis baxmayıb. Qızları hər dəfə müsabiqədən qalib gələndə, çox sevinib. Və bu yolda qızlarına özü cığır açıb. Hətta böyük qızı Gülyazı istəyi ilə Bakıya gətirib, Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olunmasına şərait də yaradıb...
Deyir ki:- “Atamız daha çox bizim ali təhsil almağımağımızı düşünürdü. Valideyn kimi adımızın təmiz olmasını istəyirdi. Bəzən tərəddüd içərisində olurdu ki, qız uşaqları Bakıya gedib təkbaşına nə edəcəklər? Ailə qurub sonra oxumaq dalınca getməyimizi istəyirdi. Amma o da mümkün deyildi. Mən bu işə gəlib yiyələnmədən ailə qursaydım, hər şey bir kənarda qalacaqdı. Ona görə də mən inadkarlığımla öz karyeramı qurdum. Otuz ildən çoxdur ki, səhnədəyəm. Doğrudur, kənddə böyümüşəm, təbii ki, hər kəs kimi mənim də arzularım olub və bu arzularla sənətə qədəm atmışam. Çox şükür, arzuma nail oldum. Hardan hara gəldiyini, hansı çətinliklərdən keçdiyini unudan adam gələcəyini görə bilməz.”
Uşaqlığı kənddə, zəhmətkeş insanların arasında keçib, həm dərslərini oxuyub, və həm də mədəni kütləvi tədbirlərdə iştirak edib. Təsərrüfat işlərini, dərslərini, bir də sənəti sevib. Və onu bu sənətə öz istəyi, sevgisi gətirib...
“Kənddən gələndə Allaha əl açdım ki, qəbul olunum, oxuyum, arzuma çatım. Heç vaxt təkəbbürlü, eqolu olmadım. Tələbəlik illərini başa vurdum, Bakıda yaşadım, sənətdə gələndən 5 il sonra Ulu öndər tərəfindən Əməkdar artist adına layiq görüldüm.”- söyləyir.
Bəli, bu dəfə sizə xalq artisti Gülyanaq Məmmədovadan söhbət açmaq istəyirəm. O, 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin muğam şöbəsində, 1996–2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. Sonra, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə başa vurub...
Deyir ki:- “Koronovirus zamanı məndə panik atak yarandı, düz altı ay xəstə yatdım. Öz canımdan qorxmurdum, uşaqlar, yoldaşım, bacı-qardaş, hamının dərdini çəkə-çəkə özüm xəstələndim. Sağ olsun psixoloqum, bir dərmanla sağaltdı məni. Amma həyəcanlananda, qorxanda, stress yaşayanda yenidən qayıda bilər. Yoldaşımda polipdən çevrilmə adenokarsinoma aşkarlanmışdı. Bunu öyrəndiyimdə panik atak yenidən qayıtdı. Üç gün əlim-ayağım əsdi. Özümə dedim ki, mən güclü olmalıyam ki, onu qoruya bilim. Çöldə ağlayıb, yanında gülümsünürdüm ki, heç nə anlamasın. Səkkiz aya yaxın Türkiyədə müalicə olundu. Əməliyyatla ondan iki kilo şiş çıxardılar. O qədər qorxu yaşadım ki, onu əməliyyatdan çıxarıb, məni əməliyyat otağına saldılar. Böyrəyimdən əməliyyat olundum. Stressdən bütün orqanlarımın iş prinsipi pozulmuşdu.”
Zəhmətkeşdir. İradəli və inadkar xanımdır. Çətinliklərə sinə gərməyi bacarır. Arzularını həyata keçirməkdə əzmkardır. Yeniyetmə yaşlarında bağda-bostanda işləyəndə arzu etdiyi müğənni peşəsinə də, onu elə əzmkarlığı gətirib. Təkəbbürdən uzaq, səmimi birisidir. Uşaqlıq dövründə tütünlə, ipəkqurdu yetişdirməklə məşğul olduğunu danmır...
“Çox çətin idi tütünlə məşğul olmaq, ipəkqurdunu yetişdirmək. İnsan nə qədər inamlı olarsa, Allah ona mükafat verər. Zəhmətinlə nə isə əldə edəndə onun qədir-qiymətini də bilirsən. Bəli, unutmamışam ki, bir vaxtlar əkinlə məşğul olmuşam, tütün əkmişəm, becərmişəm. Nə olsun ki, əsas odur ki, bu gün sənətkar kimi xalq məhəbbəti qazanmışam, gözəl ailəm var.”- söyləyir.
Allaha gecə-gündüz yalvarır ki, eqoizmdən uzaq olsun. Sadə həyatı çox xoşlayır, özünü cəmiyyətin bir üzvü hesab edir və insanları çox sevir. “Məni mən edən insanların sevgisidir. Bu sevgiyə qarşı necə eqolu olmaq olar?”- deyə, sual verir...
Deyir ki:- “Sizə bir şey danışım, indiki evimdən öncəki ev “Xruşşovka” idi, beşinci mərtəbədə yaşayırdıq. Tanınırdım, Əməkdar artist idim. Arabir səhər saat beşdə yuxudan durub, beşinci mərtəbədən birinci mərtəbəyə qədər pilləkənləri süpürüb yuyurdum. İstəyirdim ki, təmizlik olsun. Heç kəs də bilmirdi ki, bunu mən edirəm. Süpürgə əlimə yapışmayacaqdı ki. Kənddə doqqazdan evə qədər meydan boyda yer idi, hər gün süpürmürdükmü? Tütün düz, su daşı, həyət-baca təmizlə. Kənd uşaqları hamısı görür bu işləri...”
O, 1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən Rəşid Behbudov adına Mahnı Teatrında vokalist kimi çalışır...
Bəli, xalq artisti, yüksək dərəcəli vokalist Gülyanaq Məmmədova belə xanımdır. Bu gün o növbəti yaşına qədəm basacaq. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)
NƏRGİZ CƏLİLOVA – Ekran işığından doğulan aparıcı
Nigar Həsənzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şğbəsi
10 iyun – təqvimdə adi bir gün kimi görünsə də, bu tarix televiziya aləminə səs, duruş və dəyər qazandıran bir simanın doğum günü kimi yadda qalır. Bu gün – Nərgiz Cəlilovanın günüdür. Onun adı deyildikdə göz önündə ilk canlanan – efirin sakit və eyni zamanda dərin ritmidir. Səs tonu, baxışı, sözləri – bunların hər biri illərdir tamaşaçının yaddaşına həkk olunub.
Televiziya – hər kəsin rahatlıqla daxil ola bilmədiyi bir sahədir. Bu sahədə var olmaq üçün yalnız gözəllik və ya nitq kifayət deyil. Gərək sözündə düşüncə, duruşunda inam, baxışında mövqe olsun. Nərgiz Cəlilova bu tələblərin hamısını təkcə qarşılamır, onları bir sənətə çevirir. O, aparıcılığa sadəcə peşə kimi deyil, məsuliyyət və etibar kimi yanaşır. Çünki canlı efir – bir cəmiyyətin güzgüsüdür və bu güzgüdə özünü aydın göstərmək hər aparıcının bacaracağı iş deyil.
Azərbaycan televiziyasının formalaşmasında qadın aparıcıların rolu danılmazdır. Tarixdə geri dönsək, görərik ki, 1950-ci illərdən başlayaraq, Azərbaycan qadını efirdə artıq yalnız təqdimatçı deyil, fikir daşıyıcısına çevrilirdi. Bu yolun çağdaş davamçılarından biri də Nərgiz Cəlilovadır – o, sadəcə xəbər oxumur, fikrin ritmini yaşayır və yaşadır.
Onun aparıcılığı təkcə informasiya verməyə yönəlmir – o, tamaşaçının hisslərinə də toxunur. Hər buraxılışda bir az jurnalist, bir az psixoloq, bir az da sənətkar olur. Nərgiz xanım ekran qarşısında sanki şəffaf bir pərdəni aralayır – səslə duyğunu, informasiyayla insaniliyi birləşdirir.
Bu gün – 10 iyun – onun doğum günüdür. Amma əslində, bu tarix həm də Azərbaycan televiziyasına ruh verən insanlardan birinin həyat səhnəsinə çıxış tarixidir. Onun efirdəki fəaliyyəti sadəcə bir iş deyil – bu, bir mədəniyyətin daşıyıcılığıdır. Televiziya ekrandan ibarət olsa da, onun işığı içdən gəlir – məhz Nərgiz Cəlilova kimi insanlar sayəsində.
Doğum gününüz mübarək, Nərgiz xanım! Sizin kimi insanlar efiri təkcə doldurmur – onu mənalandırır. Hər yeni yaşınızda, hər çıxışda işığınız bir az da artır. Bu xalq, bu tamaşaçı sizi sevir – çünki siz yalnız danışmırsınız, hiss etdirirsiniz.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


