“Maraqlı söhbətlər”də qəhrəmanlığı əlindən alınmış Leyli Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Sovet İttifaqı qəhrəmanı adına layiq olub, haqqı əlindən alınan azərbaycanlı kəşfiyyatçı xanım  Leyli Azolina  barədədir budəfəki söhbətim.

 

Zoya Kosmodemyanskaya II dünya müharibəsi illərində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk qadın olub. Onun haqqında əfsanələr yaradan Sovet təbliğat maşını qeyd edir ki, nasistlərə qarşı mübarizə aparan gənc bütün təhqir və əziyyətlərə baxamayaraq kəşfiyyatçıları satmayıb, Almaniya ordusuna qarşı vuruşan insanların qəhrəmanlıq simvoluna çevrilib.

O dövrdə Zoyadan da çox faşizmə qarşı mübarizə aparan, onlara böyük zərbələr vuran, sovet əsgərləri arasında “Lili” kimi tanınan azərbaycanlı Leyli Ağabəy qızı Azolina barədə isə susan ruslar qəhrəman qızın haqqını əlindən alıblar.

Leyli Azolina 1922-ci ildə Bakıda anadan olub. Atası, Bakı Dövlət Universitetinin professoru və Azərbaycan poeziyası və muğamının böyük bilicisi Ağabəy Firudinbəyov qızına Şərq sevgi dastanı olan "Leyli və Məcnun"un qəhrəmanının adını verib. Leylinin anası Valentina Viktorovna Azolina onun tələbəsi olub. Lakin Leylinin valideynlərinin evliliyi çox uzun çəkməyib və o, tezliklə anası ilə Moskvaya köçüb. Orada anası yenidən evlənib və Leylinin iki kiçik bacısı olub. Leyli atasının soyadı Firdunbəyov kimi yox, anasının qızlıq soyadı Azolina adı ilə qeydə alınıb.

1939-cu ildə Liliya 236 nömrəli orta məktəbi bitirib Moskva Geoloji Kəşfiyyat İnstitutuna daxil olub. O, yaxşı şagird və sinif yoldaşları arasında hörmətli bir şəxs idi. O, öz-özünə alman dilini öyrənir, çoxlu kitab oxuyur və idmanla məşğul olurdu. Ailəsi kasıb idi, o, ürəyincə geyinə bilmirdi, bununla belə, institutun ən gözəl qızı hesab olunurdu.

Onun haqqında yazırlar:

"Leylinin tünd gözləri və qıvrım saçları var, hündür və heyrətamiz dərəcədə gözəldir. Təəccüblü deyil: o, Azərbaycan və rus qanının qarışığıdır. İncə, uzun ayaqları olan Leyli çox düz gəzir və heç nədən qorxmur."

O, 1941-ci ilin oktyabrında Moskvanın Krasnopresnenski Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Təcrübəli telefon operatoru və alman dilində səlis danışan Leyli, düşmən xətlərinin arxasındakı telefon danışıqlarını dinləmək - texniki kəşfiyyat üzrə ixtisaslaşıb. Lilyanın düşmən xətlərinin arxasındakı ilk basqısı 12 noyabrda polkovnik Sergey İovlevin komandanlığı altında yeni yaradılmış dəstənin tərkibində olub. Basqın Uqodski Zavod, Çernaya Qryaz və Vısokiniç ərazisində baş tutub.

Onun əsas missiyası texniki kəşfiyyat idi: gizli şəkildə alman kabellərinə qoşularaq, əla alman dilində danışan Lilya düşmən qoşunlarının hərəkəti, silahları və hücum planları haqqında məlumat toplayırdı.

O, 11 dekabr 1941-ci ildə Moskva vilayətinin Zveniqorod (indiki Odintsovo) rayonunda düşmən xətlərinin arxasında Birləşmiş Millətlər Cəbhəsinin döyüş əməliyyatı zamanı qayadan sürüşüb yıxılıb və əsir düşüb. Sonrakı taleyi isə qaranlıqdır.

Leylinin yeganə xatirəsi Kremlin yaxınlığındakı Geoloji Kəşfiyyat İnstitutunun köhnə binasındakı xatirə lövhəsindəki addır və həlak olan tələbələr arasında qeyd olunub.

Bu gün çox mübahisəli bir məsələ Rusiyada davam edir. Zoya qəhrəmandır yoxsa Leyli. Əskər döyüş yoldaşları iddia edir ki, almanlar tərəfindən asılan və özünə “Tanya” deyən qız əslində Leylidir. Zoya isə Sovet İttifaqı Qəhrəmanı adını ona bənzədiyi üçün alıb və o dövrdə millətçilik edən Sovet rəhbərliyi Leylinin haqqını əlindən alıb Zoyaya veriblər. Bununla bağlı araşdırmalar 1967-ci ildən davam edir və əldə edilən faktların əksəri göstərir ki, əslində Qəhrəman Leylidir, Zoyaya onun uğurlarını veriblər.

Komsomol Mərkəzi Komitəsinin arxivləri Zoyanın cəbhəyə göndərilməsini xahiş etdiyi ərizəni tapa bilmir, onun məktubları və qeydləri yox idi. Əvəzində isə Vətəni qorumaq üçün ön cəhbhəyə getmək istəyən Leylinin ərizəsi ortaya çıxır. Bütün faktlar Leylinin olduğunu təsdiq edir, Zoyanın adı əsas sənədlərdə ortaya çıxmır.

Rusiyalı tarixçi Aleksant Sokolov Leylinin “Qərb Cəbhəsi Xüsusi Təyinatlı Dəstəsinin” əsgərlərinin yanında çəkilmiş şəklini aşkar edərək itkin düşmüş qızın taleyinə işıq salıb

Fotoşəkil o vaxt hələ sağ olan müharibə veteranları tərəfindən imzalanıb: "Kəşfiyyatçı Azolin Lilya (Leyli)".

Bu fakt sübut edir ki, məhz Zoya deyil Leylinin qəhrəmanlıqları ona Sovet İttifaqı Qəhrəmanı adı verilməsini labüd edirdi.

Davam edən mübahisələrdə rus şovinzmi qalib gəlir, Dövlət İstintaq Komissiyası 18 yaşlı Moskva məktəblisi Zoya Kosmodemyanskayanın 1941-ci ilin noyabr ayında Petrişçevo kəndində edam edildiyi qənaətinə gəlir və beləliklə Leyli Azolinanın xidmətləri onun ayağına yazılır.

Beləliklə Azərbaycanlı daha bir qəhrəmanın adı və xidməti rus şovinizminin qurbanı olur.

(Məqalə Zaur Aliyevin yazısı əsasında hazırlanıbdır).

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.