Nigar Həsənzadə,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Səddam Laçın bildirib ki, həm tədbirin, həm də təqdim edilən kitabın “Ədəbi irsimiz- əddəbi gəncliyi” adı xüsusilə xoşuna gəlib:
"Çünki nəsillərarası toqquşma bütün dövrlərdə olub. Tarixi yazıları oxuyanda bəzilərinin elə ilk cümlələrindən müəllif gənclərdən şikayət edir ki, onlar adət-ənənələri qorumur, böyüklərə qulaq asmırlar. Amma bütün dövrlər də bizə göstərir ki, gəncliyi sevməyən qocalar və qocaları sevməyən gənclər cəmiyyəti uçuruma aparır. Biz böyüklərimizdən öyrənməliyik, böyüklərimiz də bizdən öyrənməlidir. Bunun ən yaxşı yollarından biri isə ədəbiyyatdır. Çünki tarix və ya dərsliklər bizə sadəcə faktları təqdim edir.
Yenə deyirəm, tarix bizə sadəcə 1948–1953-cü illərdə deportasiyanın baş verdiyini deyir və bununla kifayətlənir. Amma ədəbiyyat həmin insanların ağrısını, yollardakı susuzluğu, aclığı, ölüm yolunda bir-birinə necə dayaq olduqlarını, ailələrin və kəndlərin necə parçalandığını hiss etdirir.
Xüsusilə gənclər üçün bu kitabın əhəmiyyəti böyükdür. Mən kitabı açanda ilk olaraq mündəricata baxdım: Ramiz Rövşən, Nəriman Həsənzadə,... Bu adların arasında öz adımı görmək mənim üçün böyük fəxrdir. Gələcək nəsillər də bu siyahıda mənim adımı görəndə kitabı açıb oxuyacaq və maraqlanacaqlar ki, bu kimdir. Ona görə İntiqam Yaşara və bütün dostlara təşəkkür edirəm".
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)


