İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tariximizdə ən sanballı adları unutmamaq çabasına nə qədər qatılsaq da adlar çox, yaddaş məkanı dar olduğu üçün bəzən bir çox adlar kölgədə qalır, unudulur.
Bu gün bir savab iş görərək gəlin belə adlardan birini - Məmməd Nəsirbəyov adını xatırlayaq.
Kimdir Məmməd Nəsirbəyov?
Azərbaycan mədəniyyətinin, musiqimizin olduqca görkəmli bir nümayəndəsidir.
Məmməd Nəsirbəyov 6 iyun 1897-ci ildə Azərbaycanın ayrılmaz bölgəsi, əsrarəngiz gözəlliyi ilə hər kəsi valeh edən Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Onun atası Mirzə Cəlil Məmmədquluzadə ilə eyni parta arxasında oturub, onunla eyni fikirli, eyni əqidəli silahdaş olub, əvvəl Naxçıvanda, sonra isə İrəvan seminariyasında təhsil alıb.
Seminariyada oxuduğu illər demokratik hərəkatın fəal üzvlərindən olan tələbə yoldaşları ilə birlikdə seminariyanın rəhbərliyi tərəfindən təqib olunub. İrəvan seminariyasını bitirdikdən sonra 1887-ci ildə Mirzə Həsən Nəsirbəyov Naxçıvandan Bakı şəhərinə iki ay yarım müddət ərzində piyada yol gəlib və bu şəhərdə məskunlaşıb.
Mirzə Həsən İçəirşəhərdə yaşayıb və burada mədrəsənin nəzdində ibtidai məktəb açıb. Nəriman Nərimanov təhslini başa vuraraq Bakıya gəldikdə Mirzə Həsən Nəsirbəyovla dərs ilinin sonunadək eyni mənzildə yaşayaraq birlikdə çalışıb. Daha sonra o Naxçıvana qayıdıb.
Mirzə Həsənin övladı Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verib. 1914-cü ilədək - Naxçıvanda yaşadığı dönəmdə Məmməd məktəbin xor kollektivində iştirak edib.
Gözəl, cəlbedeci səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edib. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi və bir ilədək bu şəhərdə yaşaması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inikişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərib.
Zülfüqar Hacıbəyli Naxçıvan teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", özünün "50 yaşında cavan" musiqili komediyalarını səhnələşdirərək tamaşaya qoyub. Bəstəkar "Evliykən subay" operettasını Naxçıvanda yaşayarkən tamamlayıb və 1912-ci ilin mart ayında Naxçıvan teatrının səhnəsində bu əsər tamaşaçılara təqdim olunub. Zülfüqar Hacıbəyli Nacxçıvanda ardıcıl olaraq Şərq musiqisindən ibarət müsamirələr təşkil edib.
Zülfüqar Hacıbəylinin Naxçıvana yaradıcılıq səfəri şəhərin musiqi, teatr həyatını canlandırıb, gənc musiqiçilərin, aktyorların yaradıcılıq həyatına yeni rəng verib. Onu qeyd etmək yerinə düşərdi ki, bəstəkar Naxçıvanda yaşadığı dövrdə xoş xəbər alır- oğlu dünyaya gəlib. Zəmanəsinin görkəmli dirijoru Niyazi. Musiqiyə, teatr sənətinə böyük həvəsi olan Məmməd yuxarıda qeyd edilən musiqili komediyalardan parçalar öyrənib və ifa edib.
Bakı şəhərinə köçürdükdən sonra gənc Məmməd xalq musiqisinin öyrənilməsinə xüsusi önəm verərək tar çalmağı öyrənib, xalq mahnı və rəqslərinə, muğamlara marağı daha da artıb. O dövrdə musiqi təhsili almaq üçün məktəb olmadığından, musiqi və ustad yanında fərdi şəkildə məşğul olublar.
1923-cü ildə Üzeyir Bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd solo oxumaq fənni üzrə Aleksandr Kolotovdan, tar üzrə dərsləri isə muğam bilicisi Mansur Mansurovdan alıb. Üzeyir Bəy yeni nəsil bəstəkar, dirijor, musiqişünas hazırlamaq məqsədilə məktəbdə istedadı ilə fərqlənən şagirdlərdən ibarət dərnək təşkil edib.
Bu dərnəkdə Məmməd Nəsirbəyov, Asəf Zeynallı, Əşrəf Həsənov, Əbdülrəhim Kərimov bəstəkarlıq, dirijorluq, müsiqişünaslıq sahəsində ilk sınaq addımlarını atıblar. Üzeyir Bəy şəxsən onlara rəhbərlik edib. Eyni zamanda, musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərini tədris edib. Növbəti ildə məktəbin hesabat konsertində Məmməd Nəsirbəyov tarda "Rast" muğamını tam, ustalıqla ifa edib
Məktəbin illik hesabat konserti Azərbaycanın musiqi həyatının böyük uğuru, inkişafın ilk mərhələsi idi, əlbəttə ki, təhsil sahəsində. 1927-ci ildə Məmməd Bakı Musiqi Texnikumunda təhsilini davam etdirib. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəyli, vokal fənnini Marqarita Kolotova, bəstəkarlıq üzrə Nikolay Xeyf, orkestrləşməni isə Stefan Ştrasser tədris ediblər.
1932-ci ildə Məmməd Nəsirbəyov Pyotr Çaykovski adına Moskva Konservatoriyasında professor Litinskidən kompozisiya və polifoniyadan dərs alıb. Bir ildən sonra Bakıya qayıdır və Bakı Konservatoriyasında Leapold Rudolfun, Pyotr Ryazanovun, Boris Zeydmanın sinfində təhsilini davam etdirib. Azərbaycan xalq musiqisinin əsaslarını isə yenə də Üzeyir bəydən öyrənib.
Məmməd Nəsirbəyov təhsil aldığı illər ərzində skripka, fortepiano, valtorna alətlərində çalmağı öyrənib. 1940-cı ildə o, Ü. Hacıbəyli adına Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirib. Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir.
Bəstəkarın yaradıcılığında simfonik, kamera, xor musiqisi, müxtəlif alətlər üçün yazdığı instrumental əsərlər, Azərbaycan xalq çalğı alətləri orkestri üçün, mahnı və rəqs ansamblı üçün suitalar, mahnı və romanslar əsas yeri tutub. Vaxtilə onun əsərləri tez-tez konsert salonlarında səslənib, eləcə də tədris müəssisələrində tədris planına daxil edilib.
"Elementar musiqi nəzəriyyəsi", "Homofon musiqi formasının öyrənilməsində sistemli rəhbərlik", "Alətşünaslıq və orkestrləşdirmə məsələləri üzrə ensiklopedik lüğət", "Azərbaycan xalq musiqisi ladlarının quruluşu və münasibətləri cədvəli", "Musiqi təlimi" elmi-nəzəri kitabları musiqi nəzəriyyəsi sahəsində tədqiq olunan əvəzsiz, dəyərli əsərlərdəndir.
Məmməd Nəsirbəyovun zəngin yaradıcılıq irsi tədqiqatçılarımız tərəfindən dərindən araşdırılmalı və bu əsərlər vaxtında olduğu kimi, konsert salonlarında, tədris, elmi müəssisələrdə istifadə olunmalıdır. Çünki bu əsərlər zəngin musiqi xəzinəmizin diqqəti cəlb edən dəyərli nümunələridir. Məmməd Nəsirbəyovun əmək fəaliyyəti Azərbaycan musiqi həyatının quruculuq illərinə təsadüf edib.
Üzeyir Bəyin sevimli tələbəsi kimi gənc Məmməd bu quruculuq işlərində yaxından iştirak edib. 1920–1922-ci illərdə Üzeyir Bəyin təşəbbüsü ilə Siyasi İdarənin nəzdində Azərbaycan Xalq Çalğı Alətləri Orkestri yaradılır. Orkestrin tərkibi 70 nəfər musiqiçidən və 10 nəfər tanınmış xanəndə, müğənnilərdən ibarət olub. Məmməd bu orkestrdə tarzən vəzifəsində çalışıb.
Orkestr əsasən hərbi və dəniz donanması hissələri üçün konsertlər verib. Gözəl, lirik tenor səsə malik olan, artıq musiqiçi kimi püxtələşən Məmməd 1919–1924-cü, 1930–1932-ci illərdə opera teatrında əvvəl xor artisti kimi, sonra isə solist kimi fəaliyyət göstərib. Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında Əsgərin ariyasını müvəffəqiyyətlə ifa edib. 1931–1937-ci illərdə Radio Komitəsində solist kimi çalışıb.
Nəsirbəyov yeni nəsil musiqiçilərin yetişdirilməsinə, təhsilinə diqqətlə yanaşaraq sonrakı illərini pedaqoji fəaliyyətə həsr edib. O, Bakı şəhərinin dağlıq hissəsində 1, Suraxanıda 5, Maştağa kəndində 11 saylı uşaq musiqi məktəblərinin yaradılmasının təşəbbüskarı və fəal iştirakçısı olub. Bu məktəblərdə direktor vəzifəsində işləyərək həmin məktəbləri təşkil edib, eyni zamanda, musiqi nəzəriyyəsi fənnini tədris edib.
Məmməd Nəsirbəyov musiqi məktəbində təhsil alan şagirdləri həvəsləndirmək məqsədilə onların evlərinə gedib, öz vəsaiti hesabına onları musiqi ədəbiyyatı ilə təmin edib, musiqi alətlərini təmir edib. Bu işlərə onun əməkhaqqının 1/3 hissəsi gedib. O, pedaqoji, teatr texnikumlarında, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ardıcıl olaraq pedaqoji fəaliyyətini davam etdirib, gənc musiqiçilərin təhsilinə hər zaman diqqətlə yanaşıb.
Böyük Vətən Muharibəsi illərində o, dəfələrlə Bəstəkarlar İttifaqı və İncəsənət İşləri üzrə İdarə tərəfindən hərbi hissələrə ezam olunub, əsgərlərə patriotik, döyüş ruhlu mahnılar öyrədərək onları qələbəyə səsləyib. Məmməd Həsən oğlu Nəsirbəyov SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 6.06.1945-ci ildə Böyük Vətən Müharibəsi illərində əməyinə görə medalla təltif olunub.
Onun yaradıcılığı müxtəlif fəxri-fərmanlarla, medallarla qiymətləndirilib. Nəsirbəyovlar ailəsi, eləcə də bu nəsil ilə yaxın qohum olan Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Müzəffər Nəsirli Azərbaycan incəsənətində, ədəbiyyatında öz layiqli imzalarını atıblar
Məmməd Həsən oğlu Nəsirbəyov 17 aprel 1980-ciildə vəfatedib. Və incəsənətimizə bu qədər qatqılar vermiş bir şəxsi unutmağa, təbii ki haqqımız yoxdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)


