Ümumdünya futbol günü, Nobel günü və Səlim Babullaoğlu Featured

Varis, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru

 

“Ədəbiyyat və incəsənət”də bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə bu dəfə mən çatdırıram.

 

Ümumdünya futbol günü

 

Uşaqlıqdan futbol dəlisi olan, müxtəlif futbol bölmələrinə yazılan, “Sevinc” respublika və “Dəri top” ümumittifaq futbol yarışmalarında iştirak edən, oyunlarda iki dəfə qolunu, qabırğasını sındıran, dizindən menisk zədəsi alan, günü bu gün də azarkeşliyini davam etdirən və futbol oynayan biri kimi özümü və milonlarla futbol azarkeşini təbrik edirəm. Bu bayramı təqvimlərə BMT daxil edib, futbolun kütləviliyinə, adi oyun deyil, bir həyat tərzinə çevrilməsinə dəyər verib.

Yeri gəlmişkən, “ayaqla top qovmaq oyunu” barədə ilk məlumat Çin mənbələrindədir, eradan əvvəlin ikinci minilliyinə aiddir. Qədim Roma və Yunanıstanda da 2500 il bundan əvvəl futbolabənzər oyun oynayırmışlar. Yunanlarda bu oyun “top uğrunda döyüş” adlanırmış. Növbəti xatırlatma 8-ci əsrdə İngiltərədə yaşayan saksonlarla bağlıdır, onlar döyüş zamanı öldürdükləri düşmənlərin başlarını kəsib vəhşi bir “top-top” oyunu oynayırmışlar.

Bu gün bütün dünya futbol oynayır, dünya futbolu inkişaf edir, çiçəklənir, daha sürətli, daha baxımlı, daha möcüzəvi xarakter alır. Nə yazıq ki, bu inkişafa biz azərbaycanlılar millimizin öz evində Allahın qələbəyəhəsrət cırtdan, əbədi autsayder yığmalarına belə yenilmə statusu ilə tamaşa edirik. Güclülər dəstəsində hətta Bakının bir yarımrayonu olan Farer kimi multicırtdan ölkələrdəkindən də az sayda komandası olan, uşaq, əyalət və məhəllə futbolu tamamilə darmadağın edilən, kimlərinsə koppupsiya və talama mənbəyinə, milyonlarla futbolsevər üçünsə gözdağına çevrilən, tək “Qarabağ!a ümidlənən  futbolumuz, günün mübarək!

 

Nobel günü

 

Nobel Prizes Day – 1,1 milyon ABŞ dollarına bərabər olan Nobel mükafatının Stokholm şəhərində təqdimedilməsi mərasiminin şərəfinədir. Fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilən bu mükafatları İsveç Kralı rəsmi təntənəli mərasimdə şəxsən təqdim edir. 10 dekabr tarixi Alfred Nobelin 1896-cı ilin həmin günündə San-Remoda dünyadan köçməsi münasibəti ilə seçilib. İlk dəfə bu mükafat 1901-ci ilin 10 dekabrında təqdim olunub. Unutmayaq, Alfred Nobel böyük varidatını Bakı neftinin hesabına qazanıb, amma azərbaycanlılar bu mükafata həsrətdirlər.

 

İnsan haqları günü

 

Bu haqda danışmağa sözüm yoxdur deyə keçirəm növbəti mövzuya.

 

Şairlərimizin doğum günü

 

Bu gün iki Azərbaycan şairinin də doğum günüdür. Biri 1924-cü ildə Xırdalanda, əslən xızılı Ələkbər kişinin ailəsində dünyaya gəlmiş Azərbaycan SSR Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, xüsusən həmyerliləri olan xızılıların, habelə “Canlanır hər qarış çöl Sumqayıtda” şeiri ilə sumqayıtlıların sevimlisinə çevrilmiş Nəbi Xəzridir, digəri isə müasirimiz, AYB katibi, orijinal şeirləri ilə yanaşı dünya ədəbiyyatından dəyərli tərcümələri ilə də seçilən, 1972-ci ildə dünyaya göz açmış Səlim Babullaoğludur. Nəbi Xəzriyə Allahdan rəhmət, Səlim Babullaoğluya isə uzun ömür və cansağlığı arzulayırıq.

 

Bu gün doğulmuş Nelli Saçs və digər əcnəbi yazarlar

 

10 dekabr günündə dünyaya gəlmiş əcnəbi yazarlara gəlincə, onlardan ən məşhurlarının adlarını niyə də sadalamayım?

Georq MakDonald (1824) şotland əsilli yazıçı, şair və xristian din xadimidir. O, əsasən uşaq ədəbiyyatı və fantaziya janrında yazırdı, əsərlərindən ən məşhuru “Qobilin və Şahzadədir” ki, hələ də Britaniyada uşaqülar sevə-sevə oxuyurlar.

Emili Dikinson (1830) amerikalı qadın şairdir. XIX əsrin ən orijinal və təsiredici şairlərindən sayılır. Onun şeirləri introspektiv, cəsarətli və bəzən enigmativ olaraq Qərb şeir ədəbiyyatına böyük təsir göstərib.

Nelli Saçs (1891) alman-isveç mənşəli qadın şair və dramaturq insan ruhunun cərrahı hesab edilir, sərt, kəskin, amansız yazıları ilə oxucunu qorxuda, həyəcanlandıra, hətta sarsıda bilir. Onun əsərlərində Holokost, məzlumluq, qaçqınlıq, insan dramı və ümumi insanlıq mövzuları dərin və təsirli şəkildə əks olunur. Ən məşhur əssərləri – “Ölüm evlərində”, “Qaçış və transformasiya” və “Tozsuzuğa səyahət”dir.

Yeri gəlmişkən, bu yazar 1966-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Nobel Komitəsi ona bu sözlərlə mükafat vermişdi: "Yəhudi xalqının taleyinə şərik olan və onun faciəsini yüksək poetik güclə ifadə edən lirik və dramatik əsərlərinə görə."

Nəhayət, 10 dekabr günü doğulmuş növbəti qadın yazar - Klaris Lispektor (1920) –Ukraynada dünyaya gəlmiş, Braziliyada yaşamış yazıçı - roman və qısa hekayələr müəllifidir. Onun əsərləri daxili monoloq, psixoloji dərinlik və varlıq introspektivliyi baxımından modernist ədəbiyyatda önəmli yer tutur.

10 dekabrda dünyaya gəlmiş və bu gün anadan olmasının 204-cü ili qeyd ediləcək rus yazarı Belinski barədə isə Könül xanımın ayrıca yazısı olacaqdır.

 

Banişevski rüzgarı

 

Və bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günüdür həm də. 1946-ci ilin 23 fevralında Bakıda dünyaya gələn, 1997-ci ilin 10 dekabrında Bakıda vəfat edən Banişevski futbol tariximizdə Ələkbər Məmmədovla birgə ən şərəfli səhifənin müəllifidir. Bilirsinizmi nəyi xatırladım? Mən balaca idim, Sumqayıtda yaşayırdıq, Banişevskini hansısa səbəbdən “Nefçi”dən kənarlaşdırmışdılar, o, futbolsuz qalıb xeyli çəki yığmışdı, bir gün atam məni özü ilə Mehdi Hüseynzadə stadionuna apardı ki, Banişevski və Bruxti Sumqayıtın “Xəzər” klubunda oynayacaqlar. Mən sonralar “Santyaqo Bernabeu”da, “Lujniki”də, “Ali Sami Yen”də, daha haralarda derbilər, finallar izləmişəm, amma ogünkü izdihamı bir də heç yerdə görə bilməmişəm. Stadionda insanlar bir-birinin içinə girmişdilər, ətraf binaların evləri, damları, stadionun hasarları, ağacların üstü – hər yer tamaşaçılarla dolu idi, bəlkə də yüz min insan var idi.

Həmin mövsüm Banişevski Sumqayıtda bir dövrə oynadı, ona baxmağa bütün Azərbaycan axışırdı, üstəlik, Dağıstandan, Krasnodar və Rostov vilayətlərindən, Gürcüstandan azarkeşlər onun oyunundan həzz almağa gələrdilər. O bir futbol sehirbazı idi, formasını itirmişdisə də yenə də möcüzələr törədir, əlinə top keçdimi, qol vururdu. Autsayder olan “Xəzər” ənənəvi olaraq 2-3 top yeyirdi hər oyunda. Banişevski isə hər oyunda 3-4 top vurub “Xəzər”i təkbaşına qələbələrə aparırdı. Bax belə bir xatirə.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.