ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 01 İyun 2026 17:33

1 iyun – Qorxu və sevinc günü

Kamalə Abiyeva,

“Ədəbiyyat və incəsənət”

 

(Uşaqların Beynəlxalq Müdafiə Gününə)

İnsanların həmişə nəyəsə ehtiyacı olur. Təbii, mənəvi, maddi... Bir də adamı heyrətə salan qorunmaq ehtiyacı var. Yox, təbii fəlakətlərdən demirəm, bir-birindən qorunmaq. Bir anlıq hər birimiz düşünək: həmişə bir-birimizdən qorunmaq, müdafiə olunmaq ehtiyacımız niyə olsun? Bu nə ağır yükdür. Nə sarsıdıcıdır.
Bir də uşaqlar var. Daha dəqiq, 1 iyun uşaqların Beynəlxalq Müdafiə Günü var. Beynəlxalq gün! Bütün dünyada bayram kimi qeyd olunan gün.

Bu günü qadınlarımız tarixiləşdirib. “Niyə” si maraqlıdır. Önəmlidir. Bu günün qeyd olunması qadınların – anaların dünyaya “müharibələrə yox” mesajıdır.
Dünyanı Analar idarə etsəydi...

Hələ Birinci Dünya savaşından dəhşətə gələn ingilis sosial reformçusu Eglantye Jebb (1876 – 1928) kimi. Müharibənin gətirdiyi acıları anlayan xanım səfalətə düçar olan, aclıq çəkən Avstriya və alman uşaqlarına yardım etmək üçün 1919 – cu ildə "Uşaqları xilas edin” (Save the Children) fondu yaradır. 1959 – cu ildə BMT tərəfindən müəyyən redəktə, dəyişikliklərlə qəbul olunan, 1989 – cu ildə isə Uşaq Hüquqları Konvensiyasının təkanvericilərindən olan ilk Uşaq Hüquqları Bəyannaməsinin ilkin variantını da 1925 – ci ildə E. Jebb hazırlayıb. 1 iyun 1950 – ci ildə "Qadınların Beynəlxalq Konfransı”nda isə təkliflər səslənib və BMT-nin Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunması qərara alınıb. Bu günü biz də qeyd edirik. Hər il müxtəlif maraqlı tədbirlər hazırlanır, uşaqlara "sənin bayramındır” deyirik - nə gözəl. Simvolik olaraq - bayram kimi qeyd etsəydik sevinərdim. Sevinclidir, amma bu sevinc ağrılı, ağlayan sevincdi. Çünki uşaqları - dünyamızı müdafiə etməyə - qorumağa məcburuq, ehtiyacdı artıq. Yada salmalıyıq uşaqları - yadımıza salmalıyıq. "NİYƏ”si narahat edir. Yəqin ki, bu "niyə” savaşlara qarşı "Durun! Dayanın!” harayıdı.
Vikipediyadan öyrəndim ki,
  "Uşaq Hüquqları Bəyənnaməsi"ndən əlavə 1989-cu ildən bütün dövlətlərin qəbul etdiyi "Uşaq Hüquqları Konvensiyası]" da (UHK) mövcuddur..

Təəssüf ki, bunu qəbul edən ölkələr müharibə edir.

Yenə düşünək: Bu nədir? Dövlətlər özü özüylə oyunmu oynayır? Bir-birinimi aldadır?
Bütün insanlar müharibə istəyə bilməz. İstəmir də. Hamı öləcəyini bilir, niyə bir-birini öldürsün ki?
İnsanlar bir-birindən qorunmaq üçün evlər, məhlələr, kəndlər, şəhərlər, dövlətlər - sərhədlər yaratdılar. İnsanların ağlı, savadı, dünyagörüşü artdıqca sərhədlər də artıb, möhkəmlənib, daha güclü qorunub. Atom fizikası, radioaktivlik, nüvə reaksiyaları - filan keçirdim uşaqlara. Hələ 2500 il əvvəl Demokrit cisimlərin kiçik zərrəciklərdən - atomlardan təşkil olunduğunu deyib. Atomun quruluşu 25 əsrə yaxın öyrənilib, hələ də öyrənilir. Bapbalaca atom bəşəriyyəti həmişə təəccübləndirir. Bəlkə Bekkerel təsadüfən radioaktivliyi - nüvələrin özbaşına şüalanmasını müşahidə etməsəydi, Pyer və Mariya Kurilər, ya başqa alimlər bu hadisəni tədqiq etməsəydi, Pezorford da atomun quruluşunu verə bilməzdi. Nüvə reaksiyaları da öyrənilməzdi, nüvə silahları da yaranmazdı…Nə bilim o qədər fikir yürüdürəm ki. Yəqin Demokrit, Bekkerel, Rezorford kimi nəhənglərin ağlına gəlməyib ki, insanlar atomu öyrənə - öyrənə bir gün kütləvi qırğın silahları düzəldəcək bir-birlərini məhv etməkçün. Təbiiki atomu əvvəl-axır kimsə kəşf edəcəkdi.  Və bir gün sevginin yavaş-yavaş öləcəyi gümanlıqdan çıxacaqdı.

Müharibə adamyeyən divdi, yeddibaşlı əjdahadı, təpəgözdü. Onlar haqqında anaların, nənələrin danışdığı nağıllarda eşitmişdik. Boşuna deyilmiş, yalan deyilmiş. Ana və nənələrin nigaran duyğularıymış, bir gün bu adamyeyənlərə qalib olmaq ümidiymiş nağıllar. Böyüdükcə anladım bunu:

Nağıllar anaların uydurduğu ümidlər,
ümidlər anaların uydurduğu nağıllardı.

Uşaqları qorumaq kimi ehtiyacımız varsa – insanlığı qorumağa ehtiyacımız var, deməli sevgi ölür. Yəni tarix boyu çəkişmələrin, müharibələrin baş verməsini heç cür ağlım almır. Hamı həyata bir dəfə gəldiyini, necə yaşasa da öləcəyini bilir, özü də dəqiq bilir, güman yeri olmadan bilir. Nəinki ayrı-ayrı insanların, dövlətlərin də "mənəmlik iddiası”nı başa düşmürəm. Niyə döyüşürlər, niyə müxtəlif bəhanələrlə həyatı cəhənnəmə döndərirlər? Sonra da deyillər "cənnət o biri dünyadadı”. Dünyada səfil, ac-yalavac, evsiz-eşiksiz bu qədər insan varsa, nəhəng, demokratik dövlətlər niyə silaha bu qədər pul xərcləyir? Öz nəhəngliyini qorumaq üçünmü? Əgər insanlar silah düzəldirsə, deməli sevgi ölür. Müharibə sevginin məğlubiyyətidir.

Müharibə-İnsanlığın faciəsi, fəlakəti,
Müharibə inasanların bir-birinə xəyanəti.
müharibə ölüm yağışı-göz yaşı, göz yaşı, göz yaşı...
Bircə damcı göz yaşına dəyməz vallah, min cür silah.
Bircə damcı göz yaşıdı, İnsan qanıdı
edə biləcəyimiz ən böyük günah.

Bu günahdan qorunsaq əgər!
Əslində insan həyat uğruna, xoşbəxtlik uğruna savaşmalı, yaşamalıdır. Xoşbəxt günləri qeyd etməliyik biz. Təntənə ilə qeyd etməliyik; Uşaqların Beynəlxalq Müdafiə günü kimi. Sadəcə bir bayram günü kimi. Qorxuyla, göz yaşıyla deyil, bayram kimi. Sevinclə.
Bu il də bu gün qeyd olunacaq müxtəlif ölkələrdə. Şənliklər olacaq, mahnılar oxunacaq, uşaqlara hədiyyələr alınacaq...
Uşaqlar xoşbəxt olacaqmı?
Dünyamızın qaynar qazana bənzədiyi bir vaxtda nə arzulamaq olar? Rahat, güllə səsi eşidilməyən günlər, sülhdə yaşamaq. Mən də bütün dünyamıza bunu arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

 

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Əgər həqiqətən sevirsənsə, tale səni hara aparsa, hansı yoxuşlara qaldırıb, hansı enişlərə salsa belə yenə də cazibə qüvvən sevdiyin olacaqdır...

 

“İrəvanda xan qalmadı”. Kitab 19-cu əsrin əvvəllərini kino kimi gözlərimizin qarşısına sərir. Həmişə tarix dərslərində müəlliməm adımı çəkməsin deyə başımı aşağı salırdım. Tarixdən qorxan və sevməyən mən bu gün bu romanı oxumaqla heç vaxt nəticə ala bilmədiyim bəzi yerlərə cavab tapa bildim. Əsərdə 19-cu əsrdə Şimali Azərbaycan torpaqlarına sahiblənmiş Rusiya imperiyasının İrəvan xanlığına dəfələrlə hücumundan, Sarı Aslanın və bütün döyüşçülərin şücaətindən, böyük qüvvə ilə üz-üzə qalmış təklənmış xanlıqdan, İrəvan qalasının divarlarının 167 gün fasiləsiz top atəşinə tutulmasından və xəyanətlə əldə edilmiş qalibiyyətdən, Uluxan və Selcanın taleyindən danışılır.

Əsərdə göstərilir ki, tarix itmir. Tarix hər zaman yazılır. Bəzən bir medalyonla, bəzən bir xalça ilə, bəzən də sevgi ilə.

Qərbi Azərbaycana qayıtmaq arzumuzun yaxın zamanlarda gerçəkləşməsi ümidilə biraz kitabdan götürdüyüm qeydlərdən danışmaq istəyirəm.

 

Xeyir və şər.

Ədalət və haqsızlıq.

Olum və Ölüm.

Kitabı oxuduqca Təsəvvüfdə fəna ilə, yəni yox olmaq vasitəsilə bəqaya, yəni var olmağa yetişməkdən, şəhidliyin ən uca zirvə olduğundan bəhs edən fikirlərlə də rastlaşdım, altından xətt çəkdiyim cümlələr bu başlığa yaraşar deyə düşünürəm..

“İnsan ömründə acılı-şirinli, bədbəxt və xoşbəxt günlər olur. Amma pis günlərinin ən acısının, ən bədbəxtinin, yainki yaxşı günlərinin ən şirininin, ən xoşbəxtinin məhz hansı gün olmasını həyatın boyu müəyyənləşdirə bilmirsən. Bu gün ən pis günümdür deyibən sabah ondan da betərini yaşayırsan, yaxud, bu gün ömrümün ən böyük xoşbəxtliyini yaşadım deyərək, başqa gün o günün bugünkünün yanında bir heç olması həqiqətini görürsən. Beləcə də ömür keçib gedir. Və yalnız son günündə, onda ki daha sabah olmayacaq, həyatının son nöqtəsi qoyulur, bax, o zaman bütün ömrün bir kitab kimi gözün önündə vərəqlənəndə ayırd edə bilirsən ki, ən xoşbəxt və ən bədbəxt günlərin hansılar olub...”

 

İrəvan şəhərinin tarixi

Heç şübhəm yoxdu ki, siz də köhnə nəsildən  "Rza" ya "irza" "Rübabə" yə "İrbaba" dediklərini duymamış olasız .. elə məhz kitabda da bu faktla üzləşirik.

Övliya Çələbinin "Səyahətnamə" kitabındakı tarixçəyə görə 1501-ci ildə Azərbaycanın Səfəvilər İmperiyasının başında duran Şah İsmayıl Xətai ovaxtkı Çuxursəd torpaqlarındakı zəngin çəltik plantasiyalarına malik, Zəngi çayının sahilində, çox strateji bir yerdə qərarlaşmış bir kəndin yaxınlığından keçərkən orada qala tikməyi sərkərdəsi Rəvanqulu xana həvalə edir, Rəvanqulu xan da qalanı yeddi ilə tikdirərək başa çatdırır, azərbaycanlılarda r hərfi ilə başlayan adların qarşısına i hərfi qoymaq adəti olduğundan Rəvan qalasına da İrəvan deyirlər..

Bu tarixçə də İrəvanın Qərbi Azərbaycan torpaqlarından olduğunu var gücü ilə qışqırır. Kar olmaq lazımdı ki onu duymayasan..

 

Özümə yer eylərəm, gör sənə neylərəm..

Qafandan azərbaycanlıların çıxarılmasını öz gözləri ilə görən rus sovet yazıçısı Aleksandr Proxanov 2008-ci ildə nəşr edilən "Təpə" adlı romanında belə şərh vermişdi: "Ermənilər tərəfindən qovulmuş azərbaycanlıların Qafanı necə qarlı aşırımla, soyuq küləkdə donaraq çıxdıqlarını gördüm. Onların arasında körpə uşaqlı qadınlar, dəyənəklərə söykənərək hərəkət edən yaşlı adamlar da var idi".

1991-ci il avqustun 7-də sonuncu azərbaycanlı kəndi - Nüvədinin əhalisi regionu tərk etdi, beləliklə, 1827-ci ildən başladılan bir iş başa çatmış oldu. 15-ci əsrdə Azərbaycan xanlıqları dövründə Çuxursəd bəylərbəyliyi ərazisində yaradılmış İrəvan xanlığının bax belə bir acı tarixi vardır.

Kitabı oxuduqca ermənilərin kifir xisləti ilə dəfələrlə qarşılaşacaqsınız..

 

İncəsənət qurban tələb edir

İncəsənət elə bir silahdır ki, dağıtmır, qurur, yaradır. Kitab balaca monoloqla bizə bunu pıçıldayır:

“-Ritorik nitq, parlaq tünd kostyumla rəngbərəng qalstuk, bahalı avtomobil, yüksək vəzifə, bank hesabında yeddirəqəmli məbləğ, ən əsası da xeyriyyəçilik imitasiyası, media qarşısında hansısa bir kasıba verilən ianə... Bu gün prioritet budurmu, yainki nimdaş pencəklə, tozlu ayaqqabı ilə, borc və kredit girdabında boğulub qalan, amma çörək alacağı son puluna küçədə ac-yalavac qalıb zingildəyən bir küçüyə kolbasa alıb verməkdirmi? İnsanlıq o zaman qalib gələr ki, səsləri eşidilmədiyi üçün hər gün bir az daha susanları bu cəmiyyət dinləməyə başlasın. Bu işdə isə, məncə, incəsənət ən güclü silahdır. Və biz anlaşmaq üçün məhz teatrı seçmişik...”

Həqiqətən, ən güclü hikkələri, qəzəb və nifrətləri ram edə biləcək ən sərt əzələləri belə yumşaldacaq gücdə olan bir silahdır incəsənət!

 

Düşmən tərəfin köməyinə gələn xəyanət

Qaisin kim olduğu təxmin edilməsi çətin olmasa da Tələt bəy məni yenə kitabın sonunda təəccübləndirməyi bacardı. Hansı ki o hələ də Selcanın onun kimi ikiüzlü, xainlə bir yolda yürüyəcəyini düşündü. “Öldü var, döndü yoxdu” deyib kişili-qadınlı bu döyüşdə duruş gətirənlərdən biri idi Selcan. Tələt bəyin cavabı Selcan tərəfindən gecikmədi. Onu qılıncından keçirdi. Ən gözəli isə o idi ki, Tələt bəyin ruhu cismindən halallıq belə ala bilmədi..

 

İrəvanda xal qalmadı

O xal nə xaldı qoşa düzdürmüsən?

De görüm nə xaldı qoşa düzdürmüsən?

“Nəymiş bu sevgi? Onu kim icad etdi, necə oldu ki, yarandı? Necə bir asılılıqdır ki, suyun, çörəyin qədər vacibliyini hiss edirsən? Necə bir mərəzdir, yuxusuz gecələrinə, dolmuş gözlərinə, ağrı çəkən ürəyinə səbəbkar olur? Necə bir əzabdır, çəkdikcə çəkirsən, qurtulmağın mümkünsüzə çevrilir? Və necə bir atəşdir, alovdur, yandırdıqca yandırır, acımasızlıqla, zərrəcə güzəşt etmədən çathaçat yandırıb külə döndərir?”

Hər kəs kimi mən də Uluxan və Selcanın taleyinin necə olacağını ürək döyüntülərimlə gözləyirdim. Kim bilərdi ki tale onlara birlikdə ömür yox, ölüm yazmışdı... Son səhifələri vərəqlədikcə onların söhbəti yadıma düşdü :

Uluxan ilk görüşlərinin birində sevdiyinə zarafatla demişdi: İrəvanda xal qalmayıb, onları yığıb da yanağına qoşa düzdürmüsən. Sevgilisi də gülümsəyərək demişdi, xal mənimdir, ixtiyar da mənimdir, xalxa nə dəxlidir, necə düzdürmüşəm?

Bir sözlə kitabı oxuyarkən mən də Selcanla birlikdə içimdəkiləri suya pıçıldadım, sevdiyimin qulaqları cingildəsin deyə, Gülgəz xanımın toxuduğu xalçanın hər bir ilməsinə ürəyimi qoydum, Uluxanın çəkməsi palçığa batdıqca mən də Selcana çatmaq üçün tələsirdim, mən də Qurdbasarla birlikdə "gavura ölüm" deyə bağırdım, mən də knyazla birlikdə Paskeviçə öz şeirlərimi təqdim elədim, mən də təlxəklə birlikdə divara qısılıb ağı dedim.

 Sonda, "Ən yaxşı kitabım hələ yazmadığım kitabımdır" - ədəbi meyarı dəyişilməz olaraq qalan müəllifə təşəkkür edir, “sevgi ilə qalın” deyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

9-CU DƏRC

 

Vicdanlı vəkil ədalətin səsi, haqqın qoruyucusudur. Qanunu bildiyi qədər, ədaləti də hiss edər.

 

 

Doqquzuncu hissə

 

Lalənin həyatına elə heyranlıqla qulaq asırdım ki, zamanın necə keçdiyini hiss etmədim. Görünür, o da eyni hissləri yaşayırdı, çünki saat artıq çox irəliləmişdi. Lalə günün son pasiyenti olduğuna görə seansın vaxtı bir xeyli uzanmışdı.

Söhbətin qızğın yerində gözüm pəncərəyə sataşdı. Hava tamamilə qaralmışdı. Saata baxdım və seansın bitməli olduğu vaxtdan xeyli keçdiyini gördüm. Bu qəfil həyəcanımı Lalə də sezdi və təbəssümlə dedi:

- Humay xanım, deyəsən, çoxdan bitməli idi seans, hə? Bağışlayın, hisslərimə o qədər qapılmışam ki, vaxtın necə keçdiyini unutmuşam. Mənim üstümə düşən vaxtdan artıq oturmuşam. Sizi də yordum.

- Yox, Lalə xanım, narahat olmayın. Sizi dinləmək mənim üçün də çox maraqlıdır. – deyə onu sakitləşdirdim.

Lakin beynimi məşğul edən başqa bir şey vardı. O danışarkən bir neçə dəfə “Rüstəm” adını çəkmişdi. Hər ikimiz ayağa qalxdıq, üst geyimimizi geyinib otaqdan çıxdıq.

Çölə çıxanda hava xeyli soyumuşdu, küçələri zəif lampalar işıqlandırırdı. Payızın sərt küləyi üzümə toxunduqca, şalımı başıma daha da bürüdüm. Bir qədər həyəcanlı idim. Lalənin sözləri beynimdə dolaşır, Rüstəm adı bir sirr kimi qəlbimə hopurdu. 

Bu fikirlərlə nəhayət evə doğru yola düşdüm. Birdən arxadan bir qadının səsi eşidildi:

- Humay xanım?

Dayanıb arxaya döndüm. Orta yaşlı, qara geyimli bir qadın mənə yaxınlaşdı. Qadının baxışlarında elə bir ifadə var idi ki, həm doğmalıq, həm də bir qədər inciklik hiss etdim.

- Bağışlayın, sizi tanıya bilmədim… – tərəddüdlə dedim.

Qadın kinayə ilə gülümsəyib başını yellədi:

- Təbii ki, tanımırsınız. Amma mən sizi çox yaxşı   tanıyıram. Siz mənim yoldaşıma özünü tapmaq yolunda kömək etmişdiniz.

Diqqətlə qadının üzünə baxdım. Xatırlamağa çalışırdım, amma yenə də xatırlamadım.

- Bağışlayın, yoldaşınız kim idi?

Qadın yenə kinayə ilə gülümsədi. Bir qədər susdu, sonra:

- Humay xanım, siz yaxşı insansız, amma yaxşılığınızı sona çatdırmadınız. Onu yarı yolda qoydunuz..

- Mən… mən başa düşmədim…

- Gecdir… Mən gedim. – dedi və çantasını çiyninə atıb addımladı.

Arxasınca səsləndim:

- Yoldaşınızın adı nədir?!

Qadın artıq uzaqlaşırdı. Addımlarını sürətləndirdi. Səsimi bir qədər də ucaltdım:

- Xahiş edirəm, deyin! O kimdir?!

Qadın dayanmadan irəlilədi, amma nəhayət, qaranlığa qarışmaq üzrə ikən, səssizliyin içindən bir ad pıçıldadı:

- Rüstəm…

Bu ad beynimdə şimşək kimi çaxdı. Ürəyim yerindən çıxacaqmış kimi döyündü. Qadının ardınca qaçmaq istəsəm də, hərəkət edə bilmədim…

Və sonra…

Birdən nəfəs darlığı hiss etdim, başım fırlandı və qəfil gözlərimi açdım. Nə  qadın, nə küçə, nə də soyuyan hava vardı.  Otaq zülmət qaranlıq idi. Öz yatağımda,  qan-tər içində idim. Sanki, bir az əvvəl bunları reallıqda yaşamışdım.  Evə nə vaxt gəlib, nə vaxt yatağa uzandığımı xatırlamırdım.

“Yuxu idi… sadəcə yuxu idi…” – deyə pıçıldadım, amma içimdə bir hiss, bu yuxunun sadəcə təsadüf olmadığını deyirdi. Bəs bu yuxu bir işarə idimi? Yoxsa sadəcə şüur altımda Lalə ilə etdiyim söhbətin əksi idi?

Bu düşüncələrlə yenidən yuxuya getdim. Bir neçə saat sonra qəfil oyandım. Birdən yadıma düşdü ki, bu gün saat 10-da işdə olmalı idim.

Saata baxdım – 09:15!

Tez yatağımdan sıçradım, əl-üzümə su vurub, tələm-tələsik geyindim. Yemək yeməyə belə vaxt yox idi. Çantamı götürüb evdən çıxdım. Hələ də beynimdə o qadının səsi səslənirdi:

“Onu yarı yolda qoydunuz …”

İşə vaxtında çatsam da, fikirlərim tamam başqa bir yerdə idi. Adi günlərdən fərqli hisslərlə gəlmişdim. Hər zaman sakit və təmkinli olan düşüncələrim, bu dəfə bir yuxunun ağırlığı altında qarışmışdı. İlk seansım isə Əli Camaloğlu ilədir.

Əli bəy, içəri girib salamlaşdı. Hal-əhval tutub danışmağa başlamaq istəyəndə, fikrimin dağınıq olduğunu hiss edib susdu. Bir neçə dəfə səbəbini soruşmaq istədi, amma susdu. Nəhayət, dözə bilmədi:

- Humay xanım, siz yaxşı deyilsiniz? Görünür, sizi nə isə narahat edir.

Özümü itirdim. İçimdəki düşüncələrimi ört-basdır etmək istəyirdim. Amma nə qədər çalışsam da, sözlərim məni ələ verdi:

- Üzr istəyirəm. Mən bir az özümü yaxşı hiss etmirəm, Rüstəm bəy.

Sözlərimin sonunda səhvən Əli bəyə “Rüstəm bəy” dedim: 

Əli duruxdu.

- Rüstəm? O kimdir?

Bir şey anlamadı. Gözlərini mənə dikib nə baş verdiyini öyrənməyə çalışdı.

Özümdən biixtiyar Rüstəm haqqında danışmağa başladım amma birdən qəfil dayanıb əlavə etdim:

- Bu gün də onunla bağlı qarışıq bir yuxu gördüm. O qədər real idi ki… Hələ də təsirindən çıxa bilməmişəm…

Əli bəy, danışdıqlarıma qulaq asarkən, sanki bu ad ona çox tanış gəlmiş kimi, dodaqlarından asta səslə “Rüstəm” adı çıxdı. Fikrə getmiş kimi gözlərini bir nöqtəyə zillədi.

Dərhal reaksiya verdim:

- Əli bəy, bəli, Rüstəm?

Mövzunu dəyişərək öz keçmişindən danışmağa başladı. Otaqdakı atmosfer artıq dəyişmişdi. 

Əli bəydən, ogünkü söhbətdən sonra necə olduğunu soruşanda, başını aşağı salıb astadan cavab verdi:

- Əslində, yaxşı hiss elədim, sözlərinizdən təsirlənmişdim. Ona görə də, ürəklənib dostumun qəbri üstünə getdim. Amma yaxınlaşa bilmədim.

- Niyə, Əli bəy? Nə mane oldu ki?

- Məzarlıqda, kənardan baxanda gördüm ki, anası qəbrinin başında oturub ağlayır. Cəsarətim çatmadı, Humay xanım. Yaxınlaşsam, nə deyəcəkdim? Anası məndən soruşsaydı ki, “Oğlumu sən niyə xilas eləmədin?” – Mən nə cavab verəcəkdim? Deyəcəkdim ki, “Bağışlayın, oğlunuzu qoruya bilmədim?”

Əli gözlərini yumdu, sanki baş verənləri yenidən yaşayırmış kimi:

- Hamı məni qəhrəman kimi görür. Amma mən… mən əslində günahkaram. O ananın göz yaşlarını, oğlunun qəbir daşını qucaqlayıb öpdüyünü görüb, içim parçalandı. Elə bil, ürəyimdə bir şeylər qırıldı. Mən qəbrin yaxınında dayanıb ona baxdıqca daha çox pis oldum. Daha sonra… Yenə əvvəlki vəziyyətimə qayıtdım.

Ona qulaq asdıqca, əzabını ürəyimdə hiss edirdim.

- Əli bəy, özünüzü niyə bu qədər günahlandırırsınız?

Əli qaşlarını çatıb başını qaldırdı:

- Çünki, mən dostumun qatiliyəm, Humay xanım. Onu qoruya bilmədim. Onun arzuları yarımçıq qaldı. Mən onun arzularını da oğurladım. Ona görə də mən həm qatiləm, həm oğruyam.

Bu sözləri deyəndə Əlinin boynu büküldü,  o yekəpər, enli kürəkli adam, bir anda, balaca bir uşaq kimi oldu:

- Siz bilirsiniz ki, əgər kiçik də olsa bir şansınız olsaydı, özünüzü oda atardınız ki, dostunuz sağ qalsın. Düz demirəm, Əli bəy?

Əli başını aşağı salmış halda çiyinlərini tərpətdi, razılıq əlaməti olaraq yavaşca başını yellədi. 

- Elə isə bu cür düşünməyin. Əksinə, dostunuzun anasının yanına getsəniz, o, oğlunun qoxusunu sizdən alacaq. Sizi qucaqlayıb təsəlli tapar. Onun yarası tam sağalmasa da, az da olsa, qəlbi yüngülləşər. Siz dostunuzun ruhuna bunu borclusunuz. Özünüzə gəlməsəniz, dostunuzun xatirəsinə də, hörmətsizlik etmiş ola...

Cümləmi bitirməyə macal tapmamış, qapı astaca döyüldü. Qapının yavaşca aralandığını gördüm və “Olar?” deyə bir səs eşitdim.

Tavat xanım içəri keçib, seansın vaxtının bitdiyini və təcili iclas çağırıldığını məlumat verdi. Bu gün iclas olacağını unutmuşdum.

Əli bəy sağollaşıb otaqdan çıxdı. Mən də onun ardınca çıxıb iclas zalına getdim.

Bir neçə saat sonra otağıma qayıtdım. Yorğun zehnimi rahatlatmaq üçün qəhvə sifariş edib, yerimə keçdim. Bir neçə dəqiqə sonra Tavat xanım qəhvəmi gətirdi.

- Təşəkkür edirəm.

- Humay xanım, bir pasiyentiniz bu gün gələ bilməyəcəyini dedi. Qəbul vaxtını başqa günə keçirdim.

- Yaxşı. Onda digər pasiyent ilə danışın. Mümkündürsə bir az tez gəlsin.

- Oldu, Humay xanım.    deyib otaqdan çıxdı.

Qəhvədən içə-içə evdə görüləcək işlərin planını qururdum. Boş qalan zaman aralığında qeyd dəftərimi götürüb yazmağa başladım. Beləcə zehni yorğunluğum da azalmış oldu.

Diqqətimi yazmağa o qədər yönəltmişdim ki, zamanın necə keçdiyinin fərqində deyildim.

Qapı döyüldü. Dəftərimi bağlayıb çantama qoydum:

- Buyurun.

İçəri, qara, dalğalı qısa saçları olan, dolu bir xanım girdi. Xoş aurası olan bu xanımın adı Sevinc idi. Bu mənim köhnə pasiyentim Aytən xanımın bacısı idi. Biz onlarla həm də ailəvi dostluq edirdik.

Sevinc xanım, öz həyat hekayəsini qaldığı yerdən danışmağa başladı. Onun həyat hekayəsi də çox təsirli idi. O uşaq həsrəti ilə alışıb-yanan gənc bir qadın idi.

Sevinc xanımla söhbət edərkən zamanın necə axıb getdiyini bilmədik. Ona ayrılmış zamanın sonuna gəldik. Seansın sonunda mənimlə sevindirici bir xəbər bölüşdü:

- Seanslarınız mənə o qədər yaxşı təsir etdi ki, analığın sadəcə dünyaya övlad gətirməkdən ibarət olmadığını dərk etdim. Bu minvalla yoldaşımı da razı salıb, uşaqlar evindən bir körpəni sahiblənməyə qərar verdik.

Sevinc xanım getsə də, mənə verdiyi bu şad xəbərin təsiri altında idim.  Bir az sonra işlərimi yekunlaşdırıb, hazırlaşıb evə getdim.

 

***

Başım elə qarışmışdı ki, həftə sonunun necə gəlib keçdiyini hiss etmədim. Yeni həftənin ilk iş günü idi. İşə gəlib, çantamı masanın üstünə yenicə qoymuşdum ki qapı döyüldü.

- Buyurun.  

Lalə, içəri daxil oldu.Üzündəki təbəssüm göz oxşayırdı, əhvalı çox yaxşı idi. Əlində isə tort vardı. Yaxınlaşıb masanın qarşısındakı stulda əyləşdi. Tortu da, masanın üstünə qoydu. Ona tərəf sual dolu baxışlarla baxdığımı görüb sözə ilk özü başladı:

- Bu gün qarşınızda oturan xanımın doğum günüdür. – Qürurla dedi.

Gülümsəyərək təbrik etdim:

- Nə gözəl! Lalə xanım, sizi ürəkdən təbrik edirəm. Hər zaman gözlərinizin içi belə parlasın və xoşbəxtlik sizinlə olsun!

- Çox sağ olun, Humay xanım. Açığını desəm, uşaqlığımı nəzərə almasaq, bu günə qədər belə sevincli ad günüm olmayıb. Çünki, bu gün özümü həqiqətən tapmışam və yeni yaşıma bu duyğu ilə qədəm qoymağın sevincini yaşayıram.

Sözlərindəki səmimiyyət və sevinc o qədər saf idi ki, bir anlıq onun xoşbəxtliyinə şərik olmuşdum. Laləni belə sevincli görəndən sonra onunla keçmiş barədə danışmağa tərəddüd etdim. Hətta ona təklif etdim ki, bu gün keçmişi unudub, sadəcə indiki anın xoşbəxtliyindən danışaq. Amma o, etiraz etdi:

- Yox, əksinə! Həyatımın ən vacib məqamına qayıtmışdıq – qalibiyyətimin başlanğıcına.

Razılaşdım. Hər ikimiz üçün pürrəngi çay sifariş etdikdən sonra dedim:

- Elə isə, buyurun danışın.

- Mənim vəkilə yazdığım müraciətə cavab gəlmişdi. İsrafil bəy, məni öz ofisinə dəvət etdi. Ertəsi gün, ofisə yaxınlaşdım. İlk anda utanır, özümü və hadisələri düzgün ifadə edə bilməməkdən qorxurdum. Amma özümə gəlməyim bir neçə saniyə çəkdi və cəsarətlə sözə başladım:

- Hörmətli vəkil, mən boşanmaq istəyirəm. Amma bu kifayət deyil. Mən həm də, yoldaşımın həbs müddətinin uzadılmasını tələb edirəm.

İsrafil bəy, əvvəlcə sakit və mülayim baxışlarla qulaq asırdı. Amma son cümləmi dedikdən sonra hiss etdim ki, baxışları dəyişdi, sərtləşdi.

Qısa və aydın şəkildə soruşdu:

- Niyə?

- Çünki yoldaşım məni emosional zorakılığa məruz qoyur. O, həbsdə olsa da, məni daim təhqir edir, qorxudur və müxtəlif yollarla izlətdirir. Hətta paranormal hərəkətlərlə də, məni dəli etmək istəyir.

- Yoldaşınız niyə belə edir? Səbəb nədir?

- Məni qısqanır. Özünüz də, inanmayacaqsınız, amma o, məni kitablarıma qısqanır.

İsrafil bəyin gözlərində təəccüb gördüm. Bu təəccübə azca təbəssüm də qarışmışdı. Mən isə cəsarətlə davam etdim:

- Bəli, doğru eşitdiniz – kitablara. Hələ qəza törətməmişdən əvvəl o, dostuna etiraf edib ki, keçmişdə sevib-seçdiyi qadın, təhsil aldığı üçün onu tərk edib. İndi mənim də eyni addımı atacağımı düşünürmüş. Mənim kitab oxumağıma həmişə qarşı olub. O türməyə düşəndən sonra işləmək üçün kitabxanaya getmək istədim. Xəbəri eşidəndə daha da əsəbiləşdi və həyatı mənə cəhənnəmə çevirdi.

- Polisə müraciət etmisiniz?

- Bəli, müraciət etmişəm. Hətta rəsmi şəkildə yazmışam ki, mənim başıma bir iş gəlsə, buna görə yalnız o məsuliyyət daşıyacaq.

İsrafil bəy, başını tərpədib, məni dinləməyə davam etdi. Söhbətə davam edərkən o, tez-tez üzümə baxır, sanki hər ifadəmi diqqətlə oxumağa çalışırdı. Sonda dedi:

- Lalə xanım, sizi diqqətlə dinlədim. Sizin danışdıqlarınız, üz ifadələriniz və gözlərinizdəki qorxu dolu çarəsizlik hər şeyi açıq-aydın izah edir. Sizə kömək etməyə çalışacağam.

Bu sözlər mənə bir az rahatlıq gətirdi. Amma ani ağlıma başqa bir fikir gəldi. O axı tanınmış vəkildir, yəqin ki, xidmət haqqı da, baha olar. Hətta bilirdim ki, bir çox vəkillər ödənişi əvvəlcədən tələb edirlər. Elə buna görə də mən ona qonorarla bağlı sual verdim. O, cavab verdikdən sonra məbləğin çox olması məni məyus etdi. Çünki həmin məbləği ödəmək imkanım yox idi. Bu düşüncələr içində itmişdim ki, vəkilin səsi məni özümə gətirdi.

O, təmkinlə dedi:

- Bu barədə narahat olmayın. Ödənişi iş bitdikdən sonra da, edə bilərsiniz. Ən yaxşısı, yaşadıqlarınızı tam təfərrüatı ilə mənə danışın.

Yəqin ki, ani səssizliyimdən o hər şeyi başa düşdü. Vəkilin bu yanaşması məni çox təəccübləndirdi. Aydın idi ki, o, bu işi maddi maraq üçün yox, öz işinə olan sevgisi və insanlara kömək etmək istəyindən edirdi. O barışmağın mümkün olub-olmadığını soruşaraq, bununla bir ailənin dağılmasının əleyhinə olduğunu bildirirdi.

Bu görüşdən sonra əmin oldum ki, qarşımdakı insan, həqiqətən, ədaləti qorumağa çalışan biridir. İndi isə onun köməyi ilə həyatımda yeni bir səhifə açmağa ümid edirəm.

- Çox gözəl, Lalə xanım. Məhkəmə zamanı bəs nələr baş verdi?

- Məhkəmə zalına daxil olanda qəlbim həyəcan və qorxu ilə çırpınırdı. Sol tərəfimdə vəkilim, İsrafil bəy dayanmışdı. O, sakit və özündən əmin görünürdü. Ona çox güvənirdim. Qarşı tərəfdə isə dəmir barmaqlıqlar arxasında oturan, həyat yoldaşım Samir vardı. Baxışları yenə də, eyni idi – nifrət dolu və hədələyici.

Hakim zalda sakitliyi təmin etdikdən sonra prosesə başladı.

- Lalə Muradxanlı, siz, həyat yoldaşınız Samir Muradxanlıdan boşanmaq üçün, məhkəməyə müraciət etmisiniz. Bildirdiyiniz kimi, əriniz həbsdə olsa da, sizə psixoloji təzyiqlər edir. Qısa şəkildə izah edə bilərsiniz ki, hansı hadisələr baş verib?

 Nəfəsini dərib danışmağa başladım:

- Hörmətli Hakim, yoldaşım Samir içkili vəziyyətdə maşın sürüb və bir insanın ölümünə səbəb olub. O, həbs olunandan sonra, həbsxanadan mənə təzyiqlər etməyə başladı. Telefon vasitəsilə hədələyirdi, məni küçədə izləyən adamlar vardı. Hətta bir dəfə, tanımadığım bir kişi qapımın ağzına məktub qoyub, qapını döyüb getmişdi. Məktubda məni vahiməyə salacaq sözlər yazıb qorxutmağa çalışmışdı. Mən qorxmadan yaşamaq istəyirəm!

Hakim başı ilə təsdiq edib qarşı tərəfə – Samirin vəkilinə baxdı:

- Müdafiə tərəfi, nə deyə bilərsiniz?

Samirin vəkili ayağa qalxdı:

- Hörmətli məhkəmə heyəti, müvəkkilim cəzaçəkmə müəssisəsindədir və onun çöldə kiməsə hədə-qorxu gəlməsi qeyri-mümkündür. Hər hansı bir təhdidin olması mümkün deyil.

İsrafil  bəy, özünə əmin halda irəli çıxdı:

- Hədə-qorxularla bağlı sübutlarımız var, cənab hakim. Birincisi, Lalə xanımın telefonuna gələn hədələyici zənglərin qeydiyyatını təqdim edirik. Burada göründüyü kimi, zənglər həbsxana yaxınlığındakı telefon nömrəsindən gəlib. İkincisi, polis şöbəsinə edilən şikayətlərin surətləri buradadır. Üçüncüsü isə müşahidə kameralarından əldə etdiyimiz görüntülərdir. Burada, Lalə xanımı izləyən şəxslər açıq-aşkar görünür.

Zalda bir anlıq sükut yarandı. Samirin üzü daha da, sərtləşdi. O, mənə nifrətlə baxırdı, amma artıq heç nə edə bilməzdi.

Hakim sənədləri gözdən keçirdi, sonra ciddi baxışlarla qarşısındakılara nəzər saldı:

- Göstərilən sübutlar kifayət qədər ciddidir. Buna əsasən, Samir Muradxanlının həbs müddəti uzadılır. Həmçinin, Lalə Muradxanlının boşanmaq tələbi təmin edilir. Bundan əlavə, zərərçəkmişə qarşı hər hansı hədə-qorxu və ya təzyiq halında, Samir Muradxanlı yeni ittihamlarla üzləşəcək!

Bu sözlərdən sonra gözlərim doldu. Uzun müddətdir bu anı gözləyirdim – azadlıq anını. Vəkilim İsrafil bəy, mənə sakitcə “Alqışlayıram.” – deyə pıçıldadı.

Məhkəmə prosesi başa çatdı. Mən zalı tərk edərkən Samir arxadan qışqırdı!

- Lalə! Sən bunun cəzasını çəkəcəksən!

Amma artıq bu sözlər mənə təsir etmirdi. Çünki, mən nəhayət azad idim.

- Təbrik edirəm sizi, Lalə xanım!

- Çox sağ olun! Açığı, İsrafil bəy olmasaydı, bunu bacarmazdım. O, təkcə peşəkar vəkil deyil, həm də böyük qəlbə sahib bir insandır.

Məhkəmənin sonunda ona yaxınlaşıb, ödənişi bir neçə gün sonra edə bilərəmmi deyə soruşmaq istədim. Amma sanki nə deyəcəyimi əvvəlcədən bilirmiş kimi, üzümə baxıb sakitcə dedi:

- Lalə xanım, mən sizin vəziyyətinizi anlayıram. Mənə heç bir borcunuz yoxdur. Əsas olan odur ki, siz artıq təhlükədə deyilsiniz. Təbrik edirəm!

Bu sözləri eşidəndə gözlərim doldu. Daxilimdə minlərlə təşəkkür var idi, amma dilimdən sadəcə bir kəlmə çıxdı:

- Amma…

O isə gülümsəyib başını yellədi və sakitcə dedi:

- Amması yoxdur…

Sonra isə heç nə demədən getdi.

- Bəli, dünyada elə insanlar da var ki, etdikləri yaxşılıq üçün heç bir qarşılıq gözləmirlər. Onlar sadəcə insan olduqları üçün yaxşılıq edirlər.

Bax, beləcə, Humay xanım, nəhayət, rahat həyatıma qədəm qoydum. Düzdür, arada bəzi dedi-qodular və qohum-əqrəbanın söz-söhbətləri olur, amma ümumilikdə hər şey gözəldir.

- Bəs universitetə necə qəbul oldunuz? Nişanlınızla necə tanış oldunuz?

- Evə qayıtdım… Düzdür, yaşadıqlarım asan deyildi, ağır idi, məni ruhən sarsıtmışdı. Özümü boşluqda hiss edirdim. Evə çatan kimi, Rüstəm bəydən zəng gəldi. Ona hər şeyi danışdım və mənə verdiyi dəstəyə görə sonsuz təşəkkürümü bildirdim. O da, bu xəbərə çox sevindi. Daha sonra planlarımı soruşdu. Mən də dedim ki, yəqin ki, əvvəl işlədiyim kitabxanada bu dəfə onlayn yox, yerində işləyərəm. O isə etiraz etdi:

- Yox, elə onlayn davam edin!

Təəccüblə soruşdum:

- Niyə ki?

- Siz universitet oxumaq istəyirdiniz axı? Evdə qalsanız, dərslərə daha yaxşı hazırlaşa bilərsiniz.

Bu sözlər məni həm sevindirdi, həm də düşündürdü. Amma sevincimi büruzə verə bilmədim. Astaca dedim:

- Bacarmaram…

- Niyə bacarmayasınız, Lalə xanım? Siz ki kitablara bağlı birisiniz.

Rüstəm bəyin mənə, özümün belə inanmadığım qədər inanması, ruh yüksəkliyi verdi. Utana-utana soruşdum:

- Görəsən doğrudan bacararam?

- Əlbəttə! Hətta müəllim tapmaqda da, sizə kömək edərəm. 

- Yox, yox, maddi gücüm müəllimlə hazırlaşmağa yetməz. 

- Gəlin belə edək. Mən indi sizə maddi cəhətdən dəstək olum, siz universitetə qəbul olandan sonra, işləyib qaytararsınız. Əslində, qaytarmağınız vacib deyil. Sadəcə, özünüzü rahat hiss etməyiniz üçün belə deyirəm.

İçimdə sevinsəm də, dilim yenə “yox” dedi. Amma o, təkid etdi, məni ruhlandırdı və müəllim tapdı. Bundan sonra gecə-gündüz oxudum. Eyni zamanda onlayn işləməyə davam etdim. Gecəmi gündüzümə, gündüzümü gecəmə qatıb çalışdım. Nəhayət, həm Rüstəm bəyin mənə olan etimadını doğrultdum, həm də özümə olan güvənimi bərpa etdim. ADİU-nun Dizayn fakültəsinə qəbul oldum!

- Əhsən sizə, Lalə xanım! Əhsən! Bəs sonra nə oldu?

-  Sonra? Hə, nişanlım Elginlə bağlı soruşursunuz?

- Bəli, bəli!

- Mən ayda bir, ya da iki dəfə iş yerimə gedir, iclaslarda iştirak edirdim. Bir gün, Elgin bəylə kabinetində söhbət edərkən, ayrıldığımı deyib baş verənləri təfərrüatı ilə izah etdim. Söhbət o qədər şirin oldu ki, universitetə qəbul olmağıma qədər hər şeyi danışdıq, dərdləşdik. Artıq, onun mənə olan diqqətinin fərqli olduğunu hiss etməyə başladım. O, daha çox maraqlanır, daha çox diqqət göstərirdi. Bir gün isə məni qəhvə içməyə dəvət edib, dedi:

- Lalə xanım, sizinlə ciddi bir mövzuda danışmaq istəyirəm.

- Nə mövzudur? – deyə maraqla soruşdum.

- Mənə etibar edin. Hər şeyi izah edəcəyəm, amma sizin də səmimi olmağınızı istəyirəm.

Elginlə aramızda nə baş verəcəyini hələ də bilmirdim, amma onun mənə göstərdiyi diqqət xoşuma gəlirdi.

 Biz şəhərin sakit bir kitab kafesində görüşdük. Qarşı-qarşıya əyləşmişdik. Sanki sözlərdən əvvəl baxışlarımız danışırdı. Qəhvə fincanını əllərimin arasında sıxaraq, Elginin nə demək istədiyini anlamağa çalışırdım. Onun baxışları əvvəlkindən daha ciddi, səsi isə qərarlı idi.

- Lalə xanım, mənim uzun müddətdir ki, sizə demək istədiyim bir şey var, amma uyğun vaxtı gözləyirdim. –  Elgin gözlərimin içinə baxıb dedi:

- Mən, sizi sevirəm.

Ürəyim çırpınmağa başladı. İllərdir belə sözlərə inamımı itirmişdim. Gözlərimi aşağı dikib, qəhvəmdən bir qurtum aldım. Bununla bir az da olsa, həmin anı uzatmağa çalışırdım.

- Elgin bəy… Bilmirəm… – deyə çətinliklə pıçıldadım.

- Nəyi bilmirsiniz, Lalə xanım?

- Yenidən yanılmaqdan qorxuram… Yenə yanlış seçim etməkdən, yenə eyni səhvləri təkrarlamaqdan… Sizin mənə qarşı hislərinizin anlıq olmadığını haradan bilim? Bəlkə sadəcə mənə yazığınız gəlir?

Elgin əlimdən tutmaq istədi, amma mən əllərimi geri çəkdim. Baxışlarımı yenə fincana dikdim.

- Lalə xanım, əksinə, sizin iradənizə, mübarizliyinizə valeh olmuşam. Sizi tanıdıqca anladım ki, məni başa düşən, mənimlə açıq danışan nadir insanlardan birisiniz.

İçimdən istilik keçdi. Onun səmimiyyətini hiss edirdim. Amma yenə də qorxurdum… Qorxurdum ki, kimsə həyatıma girib, məni yarı yolda qoyub gedəcək.

- Elgin bəy, mən hazır deyiləm...

- Mən sizi tələsdirmirəm, Lalə xanım. Mənim üçün önəmli olan sizin xoşbəxt olmağınızdır. Əgər sizə vaxt lazımdırsa, gözləyərəm.

Bu sözlər ürəyimə toxundu. Heç kim indiyə qədər mənim qərarlarına bu qədər hörmət göstərməmişdi. Mən, hər zaman tələsdirilmiş, məcbur edilmişdim.

Günlər keçdi. Elgin, sakitcə həyatıma daxil oldu. Mən onun hərəkətlərinə, sözlərinə daha çox fikir verməyə başladım. Məni güldürürdü, dəyər verdiyini hiss etdirirdi. Ən əsası isə, məni dəyişməyə çalışmırdı. Olduğum kimi qəbul edirdi. Artıq aramızda səmimiyyət yaranmış, sizi bizli danışmırdıq.

Bir gün öz-özümə düşündüm. Bəlkə də Elginə bir şans vermək olar? Bəlkə də həyat həmişə acı olmur?

Axşamüstü, günəş batarkən,  Elginə zəng etdim:

Sabah işdən sonra görüşək?

- Həmişəki yerdə? – Elgin sevincini gizlətməyə çalışaraq soruşdu.

- Hə, amma bu dəfə mən sənə bir şey deyəcəyəm…

Nəhayət ki, qorxularımı arxada qoymağa hazır idim.

Ertəsi gün, kafeyə gəldim. Elgin artıq orada idi. Həyəcanlı görünürdü.

- Salam, Lalə.

- Salam, Elgin.

Masaya əyləşdim. Bu dəfə, Elgin danışmadı. Mənim danışmağımı gözləyirdi.

- Bilirsən, Elgin… Mən illər sonra bir şeyi anlamışam. İnsan bəzən nə qədər istəsə də, keçmişin izlərindən qaça bilmir. Sən mənə öyrətdin ki, keçmiş sadəcə dərsdir, cəza deyil. 

- Mən qorxurdum. Hələ də qorxuram… Amma sənin yanında, bu qorxu azalmağa başlayır. Çünki, sən məni tələsdirmirsən, dəyişməyə çalışmırsan. Sadəcə buradasan.

İlk dəfə birinə hisslərimi açıq şəkildə etiraf edirdim.

- Ona görə də sənə, daha doğrusu bizə bir şans vermək istəyirəm.

Elginin gözlərinin içi parladı. O, əlini əlimin üstünə qoydu. Mən, bu dəfə əlimi çəkmədim. Əksinə, barmaqlarımı Elginin barmaqlarına toxundurdum.

- Söz verirəm ki, heç vaxt sənə yük olmayacağam. Səni dəyişməyə çalışmayacağam. Sadəcə xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm.

Gözlərim doldu. Bu dəfə bu göz yaşları kədərdən deyildi. Bu, illər sonra ilk dəfə hiss etdiyim inamın, rahatlığın göz yaşları idi.

Bu, bizim yeni hekayəmizin başlanğıcı idi…

- Humay xanım, mən bura ilk dəfə gələndə, içimdə çox qarışıqlıq var idi. İndi hər şey bir qədər fərqlidir. Sanki dəyişmişəm.

- Əlbəttə ki, dəyişmisiniz, Lalə xanım. Artıq siz düşüncələrinizi daha açıq ifadə edə bilirsiniz. Bu, böyük irəliləyişdir. siz qorxularınızla üzləşdiniz, irəli getmək üçün cəsarət göstərdiniz. Əminəm ki, sizi tanıyan hər kəs, bu dəyişimi görüb, sizinlə qürur duyur.

- Açığını desəm, bura gəlmək, yaşadıqlarımı sizinlə bölüşmək heç də asan olmadı. Əslində, bura gəlməkdə əsas səbəblərdən biri Rüstəm bəy idi.

 Diqqətlə qulaq asmağa davam etdim.

- Rüstəm bəylə tanışlığım həyatımda çox şeyi dəyişdi. Düzdür, o, heç vaxt mənə həyatımla bağlı konkret istiqamətlər vermədi, amma dediyi sözlər, davranışları məni fərqli düşünməyə məcbur etdi. Onun mənə tövsiyə etdiyi şeylərdən biri də, psixoloqa getmək idi. Amma mən razılaşmaq istəmirdim. Hətta onunla bu mövzuda mübahisə də etmişdim...

Bir az fikrə gedib, keçmişdəki dialoqları xatırladım.

“Yox, yox, məni psixoloqa getməyə məcbur etməyin!” – mən narazılıqla dedim.

“Axı niyə?”

“Mən dəliyəm ki?” – əsəbi halda soruşdum.

Rüstəm bəyin səs tonu ciddiləşdi:

“Siz nə danışırsız? Uşaqsınız siz?”

Sözlərində haqlı olduğunu hiss etsəm də, özümü müdafiə etməyə çalışdım:

“Axı mən düzəlmişəm. Özünüz də demişdiniz ki, məndəki dəyişikliyi görürsünüz. Belə çıxır ki, mənə yalan demisiniz? Təsəlli verirdiniz?”

Onun səs tonundakı dəyişiklikdən sözlərimin sərt olduğunu başa düşdüm:

“Ayıb olar, Lalə xanım! Mən sizə hər zaman səmimi olmuşam. Yalan danışmağı mənə yaraşdırırsınız?”

Bu cavab məni utandırdı. Həqiqətən də, Rüstəm bəy heç vaxt mənə qarşı səmimiyyətsiz davranmamışdı. Susdum. O isə sözlərinə davam etdi:

“Lalə xanım, bilirsiniz ki, sizə heç vaxt pis bir şey məsləhət görmərəm. Danışdıqca rahatlayacaqsınız və hətta sizi nümunə kimi çəkəcəyinə də əminəm.” 

“Hə, bəs sonra?”

“Sonrası odur ki, siz özünüzü daha yaxşı hiss edəcəksiniz, əvvəlki kimi olduğunuzu, onun reaksiyalarından və verdiyi suallardan anlayacaqsınız.”

Sözləri mənə qəribə gəldi.

“Bəs bu xanım kimdir ki?” 

“Bu barədə bir gün ətraflı danışaram. İndi isə göndərdiyim ünvana gedin və yazılın.”

Humay xanım səbirlə Lalənin danışmağımı gözləyirdi:

- ...Sonra düşündüm ki, əslində Rüstəm bəy haqlıdır. Mən, uzun müddət problemlərimlə təkbaşına mübarizə aparmağa çalışmışam. Amma bəzən insanın bir yol göstərəni olmalıdır. Ona görə də qərara gəldim ki, sizin yanınıza gəlim.

Başımı razılıqla tərpətdim.

- Bu qərarın nə qədər düzgün olduğunu indi daha yaxşı anlayırsınız, elə deyil? 

- Bəli düşünürəm ki, bu görüşlər mənim üçün təkcə keçmişimlə üzləşmək deyil, həm də yeni gələcəyə daha güvənlə baxmaq imkanı yaratdı.

- Əlbəttə ki, Lalə xanım. Bu dəyişimin ən böyük səbəbkarı özünüzsünüz.

- İlk dəfə bu sözləri eşidəndə həqiqətən də belə olub-olmadığını düşündüm. Artıq güclü, inamlı və ən əsası, özünə dəyər verən bir xanımam.

Laləyə bu sözləri dedikdən sonra beynimdə dolaşan suallar yenidən canlandı. Onun bir az əvvəl dediyi cümlə, düşüncələrimi silkələdi:

“Mən, bura Rüstəm bəyin məsləhəti ilə gəlmişəm.”

Öz-özümə sual verdim: Görəsən, son vaxtlar Rüstəm adlı bir pasiyentim olub? Yoxsa bu...

Əgər məni, Lalə xanıma məhz o tövsiyə edibsə, deməli, hisslərimdə yanılmamışam. Bəlkə də, o Rüstəm, elə mənim axtardığım adamdır…

Fikirlərim məni bir anlıq reallıqdan qopartdı. Cavabsız suallar beynimdə dolaşdıqca dolaşırdı. Lalədən soruşmaq istədim:

“O Rüstəm bəy məni haradan tanıyır? O özü bura gəlibmi?” Amma suallarımı dilimə gətirməyə macal tapmamış qapı döyüldü. Seansın vaxtının başa çatdığını anladım.

Lalə astaca ayağa qalxdı. Məni düşüncələrimdən ayırıb dedi:

- İcazənizlə mən gedim.

- Buyurun, Lalə xanım.

Lalə arxasını çevirib otaqdan çıxdı.

 

***

Bayram tətilindən qayıtdıqdan sonra ilk pasiyentim olan Əlini gözləyirdim. Çox keçmədən qapı döyüldü. İçəri daxil olan Laləni görəndə təəcübləndim:

- Aa, Lalə xanım, buyurun?

Lalə, Humayın təəccüblü baxışlarına diqqət etmədən keçib əyləşdi.

Lalə xanım əyləşəndən sonra, cədvəlimə baxıb, siyahıda ilk pasiyentimin xatırladığım kimi, Əli olduğunu gördüm. Lalə xanımın vaxtı isə digər gün idi.

- Lalə xanım, bu vaxtsız gəlişinizin səbəbi nədir? Yoxsa ciddi bir hadisə baş verib?

Lalə, bu sözlərdən sonra çaşıb, günü səhv saldığını xatırladı.

- Aa, bağışlayın, Humay xanım, mən deyəsən günü səhv salmışam. Narahat olmayın, hər şey yaxşıdır. Görüşərik.

Lalə utanc hissi ilə başını aşağı salıb, ayağa qalxıb iri addımlarla otaqdan çıxdı.  

Elə o an, içəri Əli Camaloğlu, daxil oldu. Qapı tam bağlanmadığı üçün, dəhlizdə Lalə xanımın kiminləsə səmimi şəkildə salamlaşdığını eşitdim. Amma Əlinin baxışlarındakı suallar, diqqətimi yenidən ona yönəltdi: 

- Xoş gəlmisiniz, Əli bəy.

O nəzakətlə, başı ilə salam verib təşəkkür etdi, sonra bir qədər tərəddüdlə sözə başladı:

- Humay xanım, çox təəssüf edirəm, amma bu gün seansımızın vaxtından tez çıxmalı olacağam. Üstəlik, bu, bizim son görüşümüz olacaq.

Gözlərimi ona zilləyib təəccüblə soruşdum:

- Niyə?

 - Məni işlə bağlı ezamiyyətə göndərirlər.

- Aydındır. Ümid edirəm, hər şey ürəyinizcə olar.  O zaman buyurun. Özünüzü necə hiss edirsiniz? Həyatınızda nə dəyişiklik var?

- Sizin görüşdən çıxıb birbaşa dostumun anasının yanına getdim. Qapını döyəndə içimdə bir həyəcan vardı... Anası məni görən kimi, üzündə elə bir sevinc yarandı ki, bu hissi sözlə ifadə etmək çətindir. Məni qucaqladı, bağrına basdı. Onu unutmadığım üçün, dəfələrlə təşəkkür etdi.

Əlinin səsini qırıq-qırıq eşidirdim. Bəzən dayanırdı, nəfəsini dərirdi, daha sonra danışmağa davam etdi:

- Oturduq, dərdləşdik. O, mənə dostumun uşaqlığından danışdı. Elə şeylər vardı ki, mən heç eşitməmişdim... Hətta mənim haqqımda, nə qədər xoş sözlər deyibmiş. Bunu eşidəndə, ürəyimdə boşluq hiss etdim. Sonra birlikdə qəbir üstünə getdik. Orada dostumun anasının dediyi bir söz var idi… Mən o sözə layiq olmadığımı düşündüm.

Səsi bir qədər titrədi... Onun bu halı məni narahat etdi:

- Hansı söz, Əli bəy?

Əli gözlərini qaldırmadan dilləndi:

-  Qəbir üstündə dayanıb dedi ki, “Əziz oğlum, bu gün ziyarətinə tək gəlməmişəm. Sənin ən çox istədiyin, ən çox dəyər verdiyin insan – “qəhrəmanım!” dediyin, dostun Əli ilə gəlmişəm.

Bu sözlərin onu necə yaraladığını hiss edirdim. Sonra yenə kədərli bir səslə əlavə etdi:

- Amma o söz mənim belimi bükdü, ürəyimi sıxdı… Mən o sözə layiq deyiləm. Əsl qəhrəman o idi, mən yox…

Sözünü bitirməmiş dərhal ona baxıb, dedim:

- Əli bəy, həmişə özünüzü günahlandırırsınız. Axı, bu sözləri siz deməmisiniz. Onu dostunuz sağlığında deyib! Demək ki, onun gözündə həmişə qəhrəman olmusunuz. Qəbul etmək çətin olsa da, bu bir həqiqətdir.

Əli susdu, çünki sözlərim onun içindəki bir düyünü açırdı. O, uzun müddətdir bu yükü təkbaşına daşıyırdı. Mən hiss edirdim ki, sözlərim onu rahatladır.

- Mən onu xilas edə bilmədim…– o, yenidən dedi.

- Bəs, neçə-neçə insanı xilas etdiyinizi düşünmüsünüz? 

Ona sual dolu baxışlarla baxdım.

- Siz yalnız bir döyüşçü deyil, vətənin müdafiəçisi idiniz. Təkcə Kamranın yox, bütün vətənin uğrunda döyüşdünüz. Onun qəhrəmanlığı sizin hekayənizdə əbədi yaşayacaq. Əgər siz bu gün sağ qalmısınızsa, bu, Kamranın fədakarlığını yaşatmaq üçündür.

Hiss etdim ki, Əli bu dəfə Kamranın xatirəsini ağrı ilə deyil, qürurla düşünürdü.

- Mən qəhrəmanam… – o, pıçıltıyla öz-özünə dedi. Sonra mənə baxıb gülümsədi.

- Bəli, mən qəhrəmanam. Çünki mən döyüşdüm, çünki, mən Kamranın və bütün şəhidlərimizin ruhu rahat olsun deyə həyatıma davam etməliyəm…

Başımla təsdiqlədim:

- Bəli, Əli bəy. Keçmişi dəyişə bilmərik, amma gələcəyimizi qurmaq bizim əlimizdədir. 

- Humay xanım, bura gəldiyim gündən bəri, özümə inamım artıb, keçmişimin ağır xatirələri ilə barışmağı öyrənmişəm. Amma indi, sizinlə başqa bir şey barədə danışmaq istəyirəm. Burada… sevgimi tapmışam. Hələ bunu etiraf etməmişəm, amma bu mövzuda fikrinizi bilmək mənim üçün çox önəmlidir.

- Aa, doğrudan? Çox gözəl xəbərdir, Əli bəy. Əgər danışmaq istəyirsinizsə, sizi dinləməyə hazıram.

 - Əlbəttə. – deyərək sözə başladı:

- Həmişə bura vaxtında gəlirdim. Heç vaxt gecikmirdim, amma erkən gəlməyi də, sevmirdim. Qəbulunuza dəqiq vaxtında daxil olub, seansdan sonra isə bir kəlimə danışmadan çıxıb gedirdim. Amma o gün istisna idi. Bilmirəm yuxusuz gecəmin təsiri idi, yoxsa sadəcə yorğunluğum mənə oyun oynamışdı.

Bu dəfə on beş dəqiqə tez gəlmişdim. Dəhlizdəki, kreslolardan birində oturub gözləməyə başladım. Dəhliz səssizliyə bürünmüşdü. Bu səssizliyi, yumşaq addım səsləri pozdu. Başımı qaldıranda, bir qızın qeydiyyatın arxasında kağızları düzəltdiyini gördüm. O, nə isə qeyd edir, bəzən kağızların yerini dəyişir, bəzən də öz-özünə pıçıldayırdı. Mən də diqqətlə baxmasam da, hərəkətləri hiss edirdim. Bir anda qızın əlindəki vərəq sürüşüb yerə düşdü. Qeyri-ixtiyari əyilərək götürüb, heç bir söz demədən qıza uzatdım. O əvvəl ciddi baxışlarla mənə baxdı, sonra gülümsəyərək vərəqi aldı.

 - Təşəkkür edirəm.

 Başım ilə təsdiqləyib susdum. Mən ünsiyyət qurmağa meyilli olmasam da, Tavat xanım susmadı.

- Çox vaxt bu saatlarda burada heç kim olmur.

 Qısa cavab verdim:

- Mən də adətən bu saatlarda gəlmirəm.

- Deməli, bu, təsadüfdür?

Çiyinlərimi çəkdim.

- Siz, Humay xanımın yeni pasiyentlərindən birisiniz, düzdür?

Bu sual xoşuma gəlmədi, amma nəzakətlə başım ilə təsdiq etdim. O, bunu hiss edib, əlavə etdi:

- Narahat olmayın, burada hər kəs öz yolu ilə sağalmağa çalışır. Heç kimin, kim olduğunu sorğulamaq mənim işim deyil.

 Mən yenə cavab vermədim. Amma bu dəfə  üzümdəki sərtlik bir az yumşaldı. Tavat xanım isə diqqətlə mənə baxırdı. Sakitcə dedi:

- Amma, bilirsiniz… Bəzən bir insan, ən böyük dərdlərini heç danışmadan da göstərə bilər.

İlk dəfə olaraq, ona diqqətlə baxdım. Bu qız başqalarından fərqli idi. Elə bil o hər şeyi görürdü. Bu məni narahat etsə də, eyni zamanda ona qarşı maraq da oyadırdı.

- Bəzən susmaq ən yaxşı cavabdır.

Tavat xanım başını yana əyib diqqətlə mənə baxdı. Elə bil mənim susqunluğumda gizlənən sözləri oxumağa çalışırdı. Sonra yavaşca yaxınlaşıb qarşımda əyləşdi.

- Bəli, bəzən susmaq ən yaxşı cavabdır, – dedi. – Amma bəzən də, insan səsi eşitməyə ehtiyac olur.

Bu sözləri eşidib dodaqlarımı tərpətsəm də, amma heç nə demədim. Mənə elə gəlirdi ki, bu qız çox şey bilir.

- Siz, Humay xanımla çoxdan işləyirsiniz? – bu dəfə mən özüm sual verdim.

Mənim özümün danışmağa başlamağım onun üçün gözlənilməz oldu. Amma elə bil bunu istəyirdi.

- Bir neçə aydır.

Qısa cavab verdim:

- Hə, çox gözəl.

Dəhlizdə yenidən səssizlik çökdü. O, qələmi ilə oynayır, mən isə gözümü pəncərədən çölə dikmişdim. Artıq əvvəlki kimi yad deyildik. Bir neçə cümlə belə, iki insan arasında görünməz bir bağ yarada bilmişdi.

Otağınızın qapısı açıldı və əvvəlki pasiyent çıxdı. O, ayağa qalxıb, masanın arxasına keçdi.

- Sizin vaxtınızdır – dedi.

Otağa girməzdən əvvəl bir anlıq dayanıb ona baxdım. Bir söz demək istəyirdim, amma deyə bilmədim. Tavat xanım, bu baxışın mənasını anlayıb dedi:

 - Yenə görüşərik, Əli bəy.

Başım ilə təsdiqləyib içəri keçdim. Lakin bu dəfə seans digərlərindən fərqli idi. Çünki, artıq dəhlizdə məni gözləyən biri var idi.

 Seans bitəndən sonradəhlizdə gözlərim qeyri-ixtiyari, Tavat xanmı axtardı.

O, masasının arxasında dayanmışdı, nə isə qeydlər edirdi. Ona doğru getmək istəsəm də çəkindim.

Başını qaldırıb mənə baxdı:

- Humay xanımın otağından çıxanda insanlar ya çox düşüncəli, ya da çox xoşbəxt görünürlər. Sizdə hansıdır? 

- Bilmirəm. Düşünmək üçün vaxt lazımdır.

 Əvvəl tərəddüd etsəm də sonra yavaşca soruşdum:

- Siz burada nə qədər qalacaqsınız?

O təəccüblə mənə baxdı. Bu sualı açıq-aşkar verməyim onun üçün gözlənilməz oldu.

- Yəni… iş saatım bitənə qədər. Yoxsa başqa bir şey soruşmaq istəyirdiniz?

Gözlərimi ondan yayındırıb dedim:

- Sadəcə… maraqlandım.

Tavat xanım bir az düşündü, sonra çantasını masanın üzərindən götürdü.

- Əgər tələsən yeriniz yoxdursa, bir az gəzə bilərik. Dəhlizdə dayanıb susmaqdan daha yaxşıdır.

Qısa müddət gözlədim. Çoxdandır ki, bir xanımla bu cür ünsiyyət qurmamışdım. Razılıq verdim. Birlikdə klinikadan çıxdıq.

Küçədə hava sərin idi. O, rahat addımlarla irəliləyirdi, sanki heç bir yerə tələsmirdi.

- Siz həmişə belə rahat danışırsız?

Güldü.

- Yox, sadəcə hiss edirəm ki, sizin susmağa yox danışmağa ehtiyacınız var.

Başımı tərpətdim.

- Mən çox şey danışan deyiləm.

            - Bunu görürəm, amma bəzən danışmaq yaxşıdır.

Bir müddət susaraq addımladıq. Hiss edirdim ki, uzun müddətdən sonra ilk dəfə, biri ilə vaxt keçirmək məni sıxmır.

- Buradan sonra hara gedəcəksiniz?

 Düşündüm..

- Bilmirəm. Heç vaxt əvvəlcədən plan qurmuram.

- Bəlkə də, bu gün bir az fərqli olsun?

 Qaşlarımı çatdım.

- Necə yəni?

Çantasından bir qəpik çıxarıb havaya atdı.

- Qəpik qərar versin. Əgər xəritə düşsə, siz məni çaya dəvət edəcəksiniz. Yox, əgər qız qalası düşsə, mən sizi.

Gülümsəməmək üçün özümü zorla saxladım.

- Bu çox uşaqcasına deyil?

Çiyinlərini çəkdi.

- Bəzən həyatın qaydalarını çox ciddiyə almaq lazım deyil.

Qəpik havada fırlanıb yerə düşdü. Öncə qəpiyə baxdım, sonra başımı qaldırıb, Tavat xanıma baxaraq, dedim:

- Çay üçün yaxşı bir məkan tanıyıram. 

- Demək, bu dəfə siz məni dəvət edirsiniz.

 Yavaş-yavaş məkana doğru addımladıq. Bu, sadəcə təsadüfi bir görüş idi. Küçənin sonunda mənim həmişə çay içməyə getdiyim balaca, sakit bir məkan var idi.  Məkanın sakitliyi, zəif işıqları, pəncərə qarşısındakı masa tanış idi. İllər sonra, bu gün o masada tək oturmayacaqdım.

Tavat xanım, içəri girən kimi, razılıqla başını yüngülcə yellədi.

 Hər zaman əyləşdiyim masaya yaxınlaşdıq. O, pəncərədən çölə baxıb dedi:

- Elə bil zaman burada daha yavaş axır.

Heç nə demədən oturdum. Ofisiant yaxınlaşıb sifarişlərimizi aldı. Tavat xanım, yaşıl çay istədi, mən isə hər zamankı kimi adi çay.

- Deməli, bura tez-tez gəlirsiniz?

- Hə, sakitdir. Heç kim çox sual vermir.

Tavat xanım güldü.

 - Amma mən sual verəcəyəm.

Qaşlarımı bir az qaldırıb ona baxdım.

- Niyə?

- Çünki, maraqlıdır.

Ofisiant çayları gətirdi. Çayımdan bir qurtum içdim.

- Yaxşı, buyurun soruşun.

Bir anlıq gözlərini qıydı. Sanki düzgün sualı tapmağa çalışırdı. Sonra qərarını verib soruşdu:

- İnsanlar niyə psixoloqa gedir?

Dodağımı dişlədim. Bu sual mənə çox sadə, amma eyni zamanda qəliz göründü.

- Çünki, bəzən insanların özləri ilə tək qalması çox çətin olur.

- Bəs siz? Siz niyə gedirsiniz?

Bu haqda danışmaq istəmirdim amma, onun baxışları, danışmaq üçün israr etməməsi, sadəcə səbirlə gözləməsi, mənə cavab verməli olduğumu hiss etdirdi.

- Keçmişdən qaçmaq üçün. Amma bəzi şeylərdən qaçmaq olmur.

O, stəkanını masaya qoyub, diqqətlə mənə baxaraq, dedi:

 - Bəlkə də, qaçmaq lazım deyil.

Gözlərimi pəncərədən çölə zilləyib əlavə etdim:

- Bunu öyrənməyə çalışıram.

İkimiz də susduq. Səssizlik aramızda gərginlik yaratmırdı, əksinə, bir-birimizi daha yaxşı başa düşürdük.

Tavat xanım ətrafa göz gəzdirib mövzunu dəyişdi.

- Bura sizə xatırladır?

- Nəyi?

- Bilmirəm... Keçmişdəki nəyi isə...

Birinci duruxdum sonra kədərli səslə cavab verdim:

-  Əvvəllər dostumla gəlirdik.

- Əvvəllər? Niyə indi də, yox?

- O, şəhid olub...

-  Çox pis oldum...

- O, buranı çox sevirdi. Həmişə deyirdi ki, “burada çayın dadı başqa cürdür”. Amma mən bilirdim ki, səbəb sadəcə çay deyildi…

- Səbəb nə idi?

- Söhbətlərimiz. 

- Bəlkə, bu gün o söhbətlərdən birini davam etdirmək olar?

Onun bu təklifinə də razılıq verdim amma mövzunun ağırlığından qaçıb zaman qazanmaq üçün pəncərədən boylandım.

Məkanın pəncərəsindən küçəyə baxanda. insan axını sakit və nizamlı görünürdü. Hər kəs bir istiqamətə gedirdi, tələsirdi, harasa yetişməyə çalışırdı. Mən isə uzun zamandır heç yerə tələsmirdim. Mənim üçün zaman donmuşdu. Hər şey keçmişdə qalmış kimi idi. Amma indi, Tavat xanımla oturduğum  bu masada, keçmişi ilk dəfə yavaş-yavaş arxada qoyurmuş kimi hiss edirdim.

- Dostunuz necə biri idi? – birdən soruşdu.

Kamran haqqında danışmaq həm çətin, həm də mənim üçün bir növ təsəlli idi.

- O, mənim qardaşım kimi idi. Həmişə deyirdi ki, “Əli, hər şeyə çox ciddi yanaşırsan. Həyatı axarına buraxmağı öyrənməlisən.”

O, diqqətlə dinləyirdi. Mən  isə danışmağa davam edirdim.

- Müharibədən əvvəl çox xəyalpərəst, həyat dolu, zarafatcıl idi. Mənə deyirdi ki, “həyatda hər şeyin bir yolu var.” Amma bəzi şeylərin yolu olmurmuş… 

- Məncə, o haqlı idi, – Tavat xanım sakit səslə dedi. – Həyatda hər şeyin bir yolu var. Sadəcə bəzən biz o yolu tapa bilmirik.

Gözlərimi ona çevirdim.

- Bəs siz? Siz, həyatınızdakı, yolunuzu tapmısınız?

O gülümsədi, amma bu gülümsəmə bir qədər kövrək idi.

- Hələ ki, axtarıram.

- Bəs niyə buradasınız? – ehtiyatla soruşdum.

Sözlərini seçirmiş kimi bir qədər susdu. Sonra sakitcə dedi:

- Çünki başqalarına kömək edərkən, insan bəzən özünə də kömək etmiş olur.

Onun son cümləsini düşünərək çayımdan bir qurtum içdim.

- Mənim psixoloqa gəlmə səbəbim sağalmaq idi. Bəzən insanın həyatında kiminsə ona yol göstərməsinə ehtiyacı olur.

Tavat xanım sözümü təsdiq edərək dedi:

- Hətta o yol çox qaranlıq olanda belə...

- Siz hər kəslə belə danışırsınız?

- Yox, sadəcə bəzi insanlarla danışanda, daha səmimi oluram.

Bu sözlər mənə toxundu. Uzun zamandır özümü bu qədər rahat hiss etmirdim. Hətta danışmaq da artıq mənə çətin gəlmirdi.

Yenə bir neçə dəqiqə ikimiz də səssiz qaldıq. Məkanın sakitliyi, pəncərədən düşən işıq, bir-birini tanımağa çalışan iki insan…

- Əli bəy, sizin üçün keçmiş çox ağırdır, bilirəm. Bəs gələcəyinizin necə olmasını istədiyinizi heç düşünmüsünüz?

Bu sualın cavabını bilmirdim. İllərdir ki, gələcək haqqında düşünmürdüm. Amma fikirləşdim ki, bəlkə keçmişi tam buraxmadan da, gələcəyə baxmaq mümkündür.

- Bəlkə də, bu haqda düşünməyin vaxtıdır.

- Onda razısınızsa növbəti dəfə burada yenə görüşək və gələcək haqqında danışaq?

- Danışaq.

Bu cavab kifayət idi. Çünki hər şey bir fincan çayla başlamışdı. Amma harada bitəcəyini heç kim bilmirdi.

Günlər keçdikcə bizim görüşlərimiz adi bir vərdişə çevrildi. Hər seansdan sonra, artıq birbaşa görüş yerinə  yollanırdım. Tavat xanım da, çox vaxt məni orada gözləyirdi. Əvvəlcə sadəcə söhbət edirdik, sonra isə zamanla bu görüşlər bir ehtiyaca çevrildi.

Hiss edirdim, çox dəyişmişdim. Əvvəllər insanlarla ünsiyyətdən qaçırdım, amma indi bu xanımla saatlarla danışa bilirdim. Keçmişimdən danışanda artıq səsim əvvəlki kimi titrəmirdi. O isə öz növbəsində, hiss etdirmədən məni həyata qaytarırdı.

Bir gün seansdan çıxıb görüş yerimizə gəldim, amma o orada deyildi. İlk dəfə idi ki, görüşə gecikirdi. Həmin an içimdə bir boşluq yarandı. Telefonumu çıxarıb yazmaq istədim, sonra fikrimi dəyişdim. Sadəcə gözləməyə qərar verdim. Bir neçə dəqiqə keçdi. Nəhayət, Tavat xanım içəri daxil oldu. Üzü gülümsəsə də, gözlərində yüngül yorğunluq vardı.

- Gecikdiyim üçün üzr istəyirəm, – dedi və qarşımda əyləşdi.

Diqqətlə ona baxırdım.

- Eybi yoxdur. Yaxşısınız?

- Hə, sadəcə bir az yorğunam.

Gözlərinin içinə baxaraq, ehtiyatla əlimi uzadıb, onun barmaqlarına toxundum.

- Çox işləyirsiniz.

O, bu toxunuşa təəccübləndi, amma əlini geri çəkmədi. Bu, bizim aramızda ilk yaxınlıq idi.

- Bəs siz? Daha yaxşısınız? 

- Daha yaxşıyam. Sayənizdə.

Tavat xanım baxışlarını gözlərimə dikdi.

- Mən sadəcə sizin yolunuzu tapmağınıza kömək edirəm, Əli bəy.

- Ola bilər… Amma ilk dəfədir ki, yolumun məni harasa apardığını hiss edirəm.

Əllərimi geri çəkdim, amma içimdə fərqli bir hiss var idi. Artıq kimisə həyatıma yaxın buraxmaqdan qorxmurdum.

Axşam saatları idi. Məkanın işıqları qaranlıq küçəyə sakit bir parıltı verirdi. Tavat xanım stəkanındakı çayı qarışdırıb dedi:

- Bilirsiniz, Əli bəy, mən də çox vaxt tək olmuşam.

 Başımı qaldırdım.

- Siz?

- Hər zaman insanlara kömək etməyə çalışmışam. Bəzən elə olub ki, özümün də köməyə ehtiyacım olub, amma bunu heç kim görməyib.

- Mən görürəm.

O, mənə diqqətlə baxdı. Bu artıq bir dosta baxılan baxış deyildi. Mənim yanımda özünü təhlükəsiz hiss edirdi. Bunu başa düşürdüm. Elə bil uzun müddət darıxdığı bir duyğunu tapmışdı.

- Onda bəlkə, bir-birimizə kömək edə bilərik? – Tavat xanım əlavə etdi. 

- Məncə, artıq edirik.

Bu sözlərdən sonra, mən, onun baxışlarında bir ümid işığı gördüm.

O axşam, biz hələ adını qoya bilmədiyimiz bir hissə doğru ilk addımlarımızı atırdıq.

  Əli sözlərini tamamlayan kimi dedim:

- Sizinlə ilk görüşümüzü xatırlayıram, Əli bəy. O zaman bütün həyatınız keçmişin kölgəsində qalmışdı. Amma indi, siz ilk dəfə gələcək haqqında danışırsınız.

O gözlərini qaçırdı, sonra başını yelləyərək təsdiqlədi.

- Ola bilər… Amma bilmirəm, bu hiss nədir.

- Hər şeyə ad qoymağa ehtiyac yoxdur. Bəzən hisslər öz adı ilə deyil, bizə gətirdiyi rahatlıq və ya qorxu ilə tanınır. Sizdə bunlardan hansıdır?

Əli, düşündü.

- Qəribə bir rahatlıq… bu rahatlıq mənə, kiminləsə bir gələcəyim ola biləcəyini düşündürdü.

- Bu sizi qorxutmur?

- Yox… İlk başda qorxudurdu, amma indi qorxudan çox, ümid hiss edirəm.

 Onun üçün, bu bir qələbə idi. Əli dodağının kənarını qaşıyıb dedi:

- Bilmirəm, gələcək mənə nə gətirəcək. Bircə onu bilirəm ki, artıq yalnız deyiləm.

- Bəlkə də, bu, sizin yeni hekayənizin başlanğıcıdır.

Əli ayağa qalxıb nəzakətlə əlini sinəsinə qoydu, başı ilə minnətdarlıq edərək yenidən mənə təşəkkür etdi:

- Bu qısa zamanda mənim həyatımda çox şeyi dəyişdiniz. Əsl kimliyimi ortaya çıxarmağa kömək etdiniz.

 Sonra birdən gülümsəyərək əlavə etdi:

- Hə, bu arada, içəri girəndə deməyi unutmuşdum… Qapıda sizi gözləyən, yeni pasiyentiniz var. Üstəlik, sizi tanıyan birisidir.

Təəccübləndim, qaşlarım çatıldı.

“Məni tanıyır? Əli bəylə ortaq tanışımızdır? Maraqlıdır… Dünya balacadır, hər şey ola bilər.” – deyə öz-özümə dedim. Elə bu anda, Əli bəy qapını açdı və səmimi bir səslə dedi:

- Buyurun, Rüstəm bəy, içəri keçə bilərsiniz.

Bu adı eşidən kimi gözlərim qeyri-ixtiyari böyüdü. Həyəcanlanıb bir addım geri çəkildim.

Rüstəm bəy? Bu necə ola bilərdi? Aylardır axtardığım insan, indi mənim qarşımda dayanmışdı!

Bu, bir təsadüfdürmü? Axı təsadüf deyə bir şey yoxdur? Öz-özümə suallar yağdırmağa başladım. Lalənin dilindən tez-tez eşitdiyim bu adın, Əli ilə hansısa əlaqəsinin ola biləcəyini heç düşünməmişdim.

Düşüncələrimin içində itib-batarkən bir də ayıldım ki,

Rüstəm bəylə üzbəüz dayanmışam. Gözlərimə baxır, mən də baxışlarımı ondan çəkə bilmirdim.

O an otaqda sükut hökm sürürdü. Sükutu isə Rüstəm bəyin səmimi və sakit səsi pozdu:

- Salam.

- Salam, xoş gəlmisiniz, buyurun, əyləşin.

Mən, Rüstəm bəyə işarə edib oturmağa dəvət etdim. O, göstərdiyim yerə əyləşdi. Bu anda, Əli diqqətlə üzümə baxıb çaşqınlığımı hiss etdi və dilləndi:

- Bilirəm, Humay xanım, çox təəccübləndiniz. Açığı, ilk dəfə siz Rüstəm bəydən danışanda, onun bizim qonşuluğumuzda yaşayan, hər kəsin böyük hörmət bəslədiyi o insan ola biləcəyi ağlıma gəlməmişdi.

Mən heyrətimi gizlədə bilmədim:

- Bəs siz onun məhz həmin Rüstəm bəy olduğunu necə anladınız?

Əli arxayın halda cavab verdi:

- Siz, Rüstəm bəydən danışarkən, onun tez-tez bir ifadə işlətdiyini demişdiniz. Dediniz ki, bu sözü harada eşitsəniz, sizə onu xatırladacaq. Mənimsə yadıma düşdü ki, qonşuluğumuzdakı Rüstəm bəy də, eyni ifadəni tez-tez işlədir. Yenə də tam əmin olmadan, sizə heç nə demək istəmədim. Ona görə özü ilə danışmağı gözlədim.

Birdən hər şey mənə aydın oldu.

- Hə, bildim, yəqin ki…

Elə bu anda həm mən, həm də Rüstəm bəy eyni vaxtda həmin cümləni səsləndirdik:

- “Mən zarafatı sevirəm, çünki həqiqətlər mənə ağır gəlir.”

Otaqda birdən səmimi gülüş səsləri yüksəldi. Sanki bir anlıq hər şey dəyişdi, gərginlik dağıldı. Mən sevinc dolu bir səslə dedim:

- Çox sağ olun, Əli bəy. Görürsünüz, dostunuz bu ifadəni boşuna işlətməyib. Siz hər vəziyyətdə bir qəhrəmanlıq nümayiş etdirirsiniz. Sizi tanımaq çox xoş oldu. Hamımızın qəhrəmanı – Əli Camaloğlu!

Əli başını aşağı salıb təvazökarlıqla cavab verdi:

- Çox sağ olun, Humay xanım. İcazənizlə, mən artıq gedim. Hər şey üçün sizə sonsuz təşəkkür edirəm.

O, bir daha minnətdarlıq dolu baxışla bizə gülümsəyib, sakitcə otaqdan çıxdı. Onun getməsi ilə otaqda boşluq hiss olundu. Lakin eyni zamanda, içimdə bir rahatlıq da vardı. Əli kimi insanların varlığı yaşamağa ümid verirdi.

 

 

(İyunun 2-də sizlərə 10-cu hissə təqdim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

 

Xanım Aydın,

“Ədəbiyyat və incəsənət”

 

Azərbaycan teatrının tarixində bir ad var. O ad gələndə bilirsən ki, sənətçi ayrı məfhumdur, sənətkar ayrı. O ad gələndə gözlərin həm gülür, həm ağlayır. O adın arxasında ağır ömür, yüksək teatr yolu dayanır. O adın özündə ruh yorğunluğu, gülən gözlər, həyat eşqi yaşayır. Bu ad Barat Şəkinskayadır.

 

 

 

Şuşada, qədim bir bəy ailəsində doğulan bu qızcığazın taleyində həm aristokrat incəliyi, həm sürgün ağrısı, həm də səhnə ehtirası vardı. Anası Gövhər xanım məşhur dramaturq Əbdürrəhim bəy Haqverdiyevin qohumu idi. Amma tale bu ailəyə rahat ömür yazmamışdı. 1920-ci ildə bolşeviklərin Bakını işğal etməsindən sonra atası qaçaq düşdü. Kiçik Baratın isə uşaqlığı həmin andan yarımçıq qaldı və o da köç yollarına düşdü. Bəlkə də buna görə səhnədə ağlamağı heç vaxt saxta görünmürdü. İçinin kədəri idi onu hönkür-hönkür ağladan. O göz yaşları ağrılarından sızıb axırdı, gözlərindən yox.

 

 

 

Onun teatr həyatı çox erkən başladı. Hələ uşaq yaşlarında Şuşada “Şəbih” tamaşasında Səkinə rolunu oynayırdı. Sonra Gəncə… dram dərnəkləri… kasıb müəllim həyatı… və səhnəyə qarşı qarşısıalınmaz bir sevda.

13 yaşlı Baratın həyatına bir gün teatr klubunun direktoru Mir İbrahim Həmzəyev daxil olur. Barat Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edir. Rejissor gənc qıza vurulur. Anası Ağca xanım bu münasibətə qarşı çıxsa da, Barat sevgisinin arxasınca gedir. Bir müddətdən sonra rejissora qoşulub evdən qaçır.

Bu nikahdan Solmaz adlı bir qız dünyaya gəlir. Amma ailə uzun sürmür. Günlərin birində Barat xanım körpəsini qucağına alıb yay teatrına gələndə ərini başqa qadınla görür. O səhnə onun həyatındakı ilk böyük pərdəqapanışı olur.

 

 

 

Amma Barat Şəkinskaya sınmırdı. O, ağrılarını səhnəyə daşıyırdı.

1937-ci ildə Azərbaycan teatrı onun adı ilə nəfəs alırdı. “Romeo və Cülyetta” tamaşasında oynadığı Cülyetta obrazı artıq onu əfsanəyə çevirmişdi. Həmin gecə isə teatr tarixinin ən dramatik səhnələrindən biri yaşanır. Barat xanım hamilə idi. Tamaşanın ən ağır səhnəsində — Cülyetta yerə uzandığı anda sancıları başlayır. O, səhnədə tərəf müqabili – anası sinyora Kapulettini canlandıran Qəmər Topuriyaya  pıçıldayır: “Möhkəm sancılanmışam… elə et üzümü görməsinlər…” Qəmər xanım plaşını onun üstünə salır. Tamaşa davam edir. Zal isə heç nə hiss etmir. Aktrisa ağrı içində son səhnəni oynayır. Pərdə bağlanandan sonra onu təcili xəstəxanaya aparırlar...

 

 

 

Bu qadın səhnəni həyatından ayırmırdı. Bəlkə də buna görə taleyi də həmişə teatr qədər dramatik idi. İkinci həyat yoldaşı məşhur rejissor Şəmsi Bədəlbəyli olur. Sonra isə teatr dahilərindən biri — Mehdi Məmmədov. Bu evlilikdən Elçin Məmmədov doğulur. Sonralar Əməkdar incəsənət xadimi, görkəmli fırça ustası, məşhur teatr rəssamı və tamaşaçıların sevimli kino aktyoru – “Dədə Qorqud”un Qaraca Çobanı olacaq həmin Elçin…

Amma Barat xanımın sevgidə üzü heç vaxt tam gülmür. Mehdi Məmmədovun Şəfiqə Məmmədova ilə münasibəti onların ayrılığına səbəb olur. Bundan sonra Barat Şəkinskaya bir daha ailə qurmur. Onun ən böyük sədaqəti artıq yalnız sənət idi.

1937-ci ilin repressiya küləyi teatrın səhnəsinə də çatmışdı. İclaslar keçirilir, aktyorlardan bir-birinin üzünə durmaq tələb olunurdu. Barat xanımdan da tələb edirlər ki, həmkarları Əzizə Məmmədova və Sona Hacıyevanın əleyhinə danışsın. O isə imtina edir. Bu inad ona baha başa gələ bilərdi.

 

 

 

Muradov adlı teatr funksioneri onu təhqir edir, iclasdan qovur. Amma Barat Şəkinskaya sınmır. İllər sonra həmin adamı trolleybusda görəndə Muradov göz-gözə gəlməkdən qorxub qaçır. Çünki zaman dəyişmişdi. Amma Barat xanımın vicdanı dəyişməmişdi. Azərbaycan tamaşaçısı onu daha çox “O olmasın, bu olsun” filmindəki Sənəm obrazı ilə xatırlayır. O filmdəki şirin xidmətçi obrazının arxasında isə yorğun, yaralı, amma güclü bir qadın dayanırdı. Çəkiliş zamanı sınan stəkanın qırığı onun əlini kəsmişdi. Amma o yenə çəkilişi yarımçıq qoymamışdı. Çünki Barat Şəkinskaya üçün səhnə və kamera müqəddəs idi. “Görüş” filmindəki “Şövkət” obrazını da qeyd etməmək olmaz. O filmdə Barat xanımın Əliağa Ağayevlə tərəf müqabilliyi ekran əsərinə xüsusi rəng qatır.

O, 23 yaşında Əməkdar artist, 35 yaşında Xalq artisti oldu. O dövr üçün bu, misilsiz uğur idi. Mircəfər Bağırov belə onun bütün premyeralarına gəlirdi. Amma zaman heç kimi bağışlamır...

 

 

70-ci illərdə bir gün məşq zamanı qəfil yuxusu gəlir. Özü bunu sonralar belə danışırdı: “Bir də gördüm yuxu məni basdı. Möhkəm əsnədim. Sağa-sola baxdım ki, görən olmadı? Öz-özümə dedim: hə Barat… səninki burada qurtardı…”

Bu, səhnə ilə vidalaşan böyük aktrisanın ən ağır etirafı idi.

Son illərində isə bir gözünü itirdi. Naşı fotoqrafın yanlış işıqlandırması onun gözündə qlaukoma yaratmışdı. Süni göz taxırdı. Amma bunu belə zarafatla qarşılayırdı: “A bala, gözlə gedim gözümü taxım, gəlim…

Faciəni də yumora çevirmək — bəlkə də böyük sənətkarların son müdafiə üsulu budur. 1999-cu ilin yanvarında Barat Şəkinskaya dünyasını dəyişdi.

Amma Azərbaycan teatrı onun səsini, baxışını, səhnədəki kövrək addımlarını unutmadı...

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 “Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 26 nömrəli tam orta məktəbdir.

 

DİREKTOR:

Yaqut Paşa qızı Məmmədova 04.02.1963-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Bədii qrafika” fakültəsini fərqlənmə ilə bitirmişdir. 1991-1992-ci ildə fizika fənni üzrə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda illik kurs bitirmişdir.

1988-ci ildə Xəzər rayonu 125 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim fəaliyyətinə başlamışdır. Qısa zamanda həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1996-2006-cı illərdə Xəzər rayon Təhsil şöbəsində inspektor vəzifəsində fəaliyyət göstərmişdir.

2006-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində dövlət qulluqçusu, Ümumi  təhsil sektorunda məsləhətçi vəzifəsində çalışmışdır.

BŞTİ-də çalışdığı müddətdə idarəetmə səriştəsi və bacarığı yüksək olduğuna görə  məktəblərdə idarəetmənin tənzimlənməsi məqsədilə 80, 65, 282, 279, 245, 126, 30,152, 150, 214, 136, 218,162, 219, 26 nömrəli tam orta məktəblərdə və 20№-li məktəb-liseydə direktor vəzifəsini icra etmişdir.

Yaqut Məmmədova 2013-cü ildə Azərbaycan Respublikası təhsil nazirinin 15 mart tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin 02 oktyabr tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

2018-ci ildə Azərbaycan müəllimlərinin XV Qurultayında, 2023-cü ildə isə XVI Qurultayına nümayəndə seçilmişdir.

Hazırda Bakı şəhəri İ.Tağıyev adına 26№-li tam orta məktəbdə direktor vəzifəsində çalışır.

 

ŞAGİRD:

Xədicə Qocayeva Bakı şəhəri, İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin VII sinfində təhsil alır, dərs əlaçısıdır.

Kiçik yaşlarından istər Respublika, istərsə də beynəlxalq yarışlarda fəal iştirak edir. Q.Xədicə riyaziyyat fənni üzrə “Kenquru”,”TİMO”, ingilis dili fənni üzrə ”Hippo” yarışlarında, eyni zamanda  “Əllərin sehri, “VII uşaq incəsənət festifalı”, “Əlvan çiçəklər”, “Manqrov” adlı İncəsənət, rəsm, yaradıcılıq müsabiqələrində iştirak edərək müxtəlif naliyyətlər qazanmışdır.

 

ESSE:                          

Ədəbiyyat – dünyam mənim

Biz məktəbdə müxtəlif elmləri öyrənirik, amma mənim üçün ədəbiyyatın yeri tamamilə başqadır. Ədəbiyyat sadəcə bir fənn deyil, insanın daxili aləmini və cəmiyyəti bizə tanıdan sehrli bir güzgüdür. Kitablar həyatı anlamaqda bizə ən yaxın siraşdaşı, ən yaxın müəllimləri əvəz edə bilmək gücünə malikdir. Fransız yazıçısı Viktor Hüqo ədəbiyyatın bu gücünü çox gözəl ifadə etmişdir:

   “Kitab oxumaq sönməz bir işıqdır, insanı hər cür qaranlıqdan xilas edər.”

Həqiqətən də, bədii əsərlər bizə keçmişin təcrübəsini ötürür. Biz kitab oxuyarkən xeyir və şərin mübarizəsini görür, dürüstlük və vətənpərvərlik kimi dəyərləri öyrənirik. Dahi şairimiz Nizami Gəncəvi də hər zaman elmin və mənəviyyatın önəmini vurğulayaraq yazırdı:

 “Qüvvət əlimdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.”

Ədəbiyyat məhz bu elmin ən gözəl formasıdır.

Müasir texnologiya dövründə bəziləri kitabın əhəmiyyətinin azaldığını düşünür. Lakin heç bir telefon və ya kompüter insanın təfəkkürünü kitab qədər inkisaf etdirə bilməz. Hətta ən son texnoloji yeniliklər belə insanın qəlbindən gələn səmimi duyğuları və bədii təfəkkürü əvəz etmək gücündə deyil. Çünki ekranlar bizə sadəcə informasiya verir, kitablar isə ruhumuzu tərbiyə edir. Kitab oxumaq dünyagörüşümüzü artırır və bizi zənginləşdirir. İngilis filosofu Frensis Bekonun dediyi kimi:

 “Kitablar zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsildən-nəslə ehtiyatla daşıyan gəmilərdir.”

Nəticə olaraq, ədəbiyyatı sevmək və mütaliəni həyat tərzinə çevirmək hər bir gəncin borcudur. Kitablarla böyüyən insanlar gələcəkdə cəmiyyəti daha da irəli aparacaqlar. Məhz bu səbəbdən, ədədbiyyat mənim dünyam və gələcəyə açılan ən etibarlı pəncərəmdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Arxeoloji tapıntılar daim öz aktuallığını qoruyub saxlayır. Çünki bunlar hər dəfə tariximizin qatlarını aşkarlamaq üçün bizlərə yardımçı olur. Budur, növbəti belə tapıntı. Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.

“Dəmirli” Filiz Emalı Kompleks ərazisində aparılan arxeoloji monitorinq zamanı qeydə alınmış neolit dövrü yaşayış yeri tədqiqat üçün seçilib. Canyataq qədim yaşayış yeri, eyni adlı müasir kəndin şimal-şərq hissəsində diametri təxminən 250 m, çay dərəsindən hündürlüyü 30-35 m olan allüvial təpənin cənub hissəsində kiçik bir ərazini əhatə edir. Təpə şimal hissədə Gülyataq çayının dərəsi, cənub-şərq istiqamətindən isə Canyataq çayı ilə hüdudlanır. Təpənin cənub-şərq yamacında qoyulmuş yoxlama qazıntısı zamanı neolit dövrünə aid zəngin saxsı nümunələri, xeyli sayda osteoloji qalıqlar aşkar edilib. Görünən mənzərəyə görə neolit sakinləri bu əraziyə gəldikləri dövrdə ancaq təpənin həmişə gün işığı görən, maili şərq və qərb yamacında kiçik bir ərazidə məskunlaşıblar.

Ehtimala görə, düzənlik ərazidə yerləşən ayrı-ayrı yaşayış məskənləri və ya bu məskənlər daxilində kiçik qruplar bu faydalı qazıntıların tədarükü və ticarətilə məşğul olublar. Canyataq da çox böyük ehtimalla məhz oxra (sarı, narıncı, qırmızı və qəhvəyi çalarlı təbii boya kimi işlədilən təbii mineral piqment) tədarükü həyata keçirən bir düşərgə idi. Buradan aşkar edilmiş çoxlu sayda iri daş alət fraqmentləri və oxra qırıntıları bu ehtimalın sübutu olaraq göstərilə bilər. Qarabağın neolit dövrü mədənçiləri düşərgənin yaxınlığında mövcud yataqlardan oxranı əldə edərək buraya gətirmiş, kiçik parçalara bölərək düzən ərazilərə daşıyıblar.

 

Bundan başqa, növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Nazirlər Kabinetinin qərarına əsasən, rayonun Göytəpə kəndində "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda iki arxeoloji abidə qeydə alınıb.

Göytəpə kəndinin qərbində yerləşən Göytəpə İlk tunc dövrünə aid yaşayış yeri ölkə əhəmiyyətli abidə hesab olunur. Aparılan yerüstü arxeoloji müşahidələr zamanı məlum olub ki, abidənin üst hissəsində antik dövrə aid nazik mədəni təbəqə var. Dörd hektardan artıq ərazini əhatə edən və 8 metrə yaxın hündürlüyü olan təpənin əsas hissəsi İlk Tunc dövrünə aiddir ki, bu da bəhs edilən dövrdə ərazidə intensiv məskunlaşmanın olduğunu göstərir. Bir neçə müddət öncə, Göytəpə abidəsinin qərbində yerləşən Eyvazxanbəyli kəndinin yenidən inşası zamanı abidə dağıntıya məruz qalıb.

Arxeoloji ekspedisiya tərəfindən aparılan monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə də qeydə alınıb. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada "Şamil bəy Salman bəy oğlu" dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulub, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən, qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

 

Bazar ertəsi, 01 İyun 2026 08:31

1 İyun – İçimizdə yaşayan uşağın günü

Kubra Quliyeva,

"Ədəbiyyat və İncəsənət" portalının Yaradıcılığ şöbəsi

 

Deyirlər, insan böyüdükcə uşaqlığını geridə qoyur. Mən isə bununla heç vaxt tam razılaşa bilməmişəm. Çünki hər birimizin içində illər keçsə də böyüməyən bir uşaq yaşayır. Bəzən yağışdan sonra yaranan göy qurşağında, bəzən köhnə bir oyuncağın xatirəsində, bəzən də səbəbsiz yerə üzümüzdə yaranan təbəssümdə özünü göstərir o uşaq.

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında düşünəndə ağlıma ilk olaraq bayramlar, rəngli şarlar və şən mahnılar gəlmir. Ağlıma böyük gözlərlə dünyaya baxan, hər şeyə inanmağa hazır olan uşaqlar gəlir. Elə uşaqlar ki, onların dünyası böyüklərin qurduğu dünyadan daha sadə, daha rəngli və daha mərhəmətlidir. Bir uşaq üçün xoş söz bəzən ən bahalı hədiyyədən daha qiymətlidir. Onun üçün yanında olmaq, onu dinləmək və anlamaq dünyaları vermək qədər dəyərlidir.

Uşaqlıq insan ömrünün ən qısa, amma ən uzun xatırlanan fəslidir. İllər keçdikcə yaşadığımız şəhərləri, getdiyimiz yolları, hətta bəzi insanları unuda bilərik. Amma uşaqlığımızın qoxusunu, hisslərini və izlərini heç vaxt tam unutmuruq. Çünki insanın xarakterinin ilk cizgiləri məhz həmin illərdə çəkilir. Sevgiyə, həyata və insanlara olan inamımızın təməli də elə o zaman qoyulur.

Bu gün yalnız uşaqları təbrik etmək üçün deyil, həm də onların üzərində düşünmək üçün bir gündür. Dünyanın harasındasa müharibədən qorxan, aclıqla mübarizə aparan, təhsil ala bilməyən uşaqlar var. Onların hər biri təhlükəsiz bir evə, isti bir qucağa və xoşbəxt bir gələcəyə layiqdir. Uşağı qorumaq sadəcə onu təhlükədən uzaq tutmaq deyil; onun xəyal qurmaq haqqını da qorumaqdır. Çünki xəyal qura bilməyən uşaq gələcəyi dəyişə biləcək böyüyə çevrilə bilməz.

Bəzən düşünürəm ki, böyüklərin ən böyük səhvi uşaqlara daim gələcək kimi baxmalarıdır. Halbuki onlar yalnız gələcək deyil, həm də bu günün özüdürlər. Onların sevinci də, kədəri də, qorxuları da gerçəkdir. Bir uşağın qəlbini qırmaq asandır, amma o qırığın izini silmək bəzən bir ömür çəkir.

1 İyun mənə bir həqiqəti xatırladır: uşaqları qorumaq yalnız qanunlarla mümkün deyil. Onları sevgi, anlayış və mərhəmətlə qorumaq lazımdır. Çünki hər bir xoşbəxt uşağın arxasında onu sevən bir insan, hər bir güclü insanın keçmişində isə sevilmiş bir uşaq dayanır.

Bəlkə də bu gün uşaqlara veriləcək ən gözəl hədiyyə oyuncaq deyil. Bəlkə ən gözəl hədiyyə onların əlindən tutub "sən dəyərlisən", "sənin arzuların önəmlidir", "səni eşidirəm" deməkdir. Çünki uşaqlar dünyanın gələcəyi deyil, dünyanın öz ümididir. Və ümid qorunduqca dünya da gözəlləşməyə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - bütün dünyada qeyd olunan bayram. 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

 

 

“MƏN BACARDIM” SEVİNCİNİ YAŞAYANLAR

 

Uşaqların gülüş səsi gələn bir məkan var… Burada hər səhər balaca addımlar böyük sevincə çevrilir, kiçik ürəklər sevgi ilə isinır, körpə fidanlar qayğı ilə böyüyür. Söhbət Sumqayıt şəhər 40 nömrəli Xüsusi Təyinatlı Nitqi Qüsurlu körpələr evi–uşaq bağçasından gedir.

1967-ci ildən fəaliyyət göstərən bu bağça uzun illərdir ki, uşaqlar üçün yalnız təhsil ocağı deyil, həm də mehriban ailə mühiti yaradıb. Burada onların sağlam, təhlükəsiz və xoşbəxt böyüməsi üçün hər cür şərait mövcuddur. Bağçanın əsas məqsədi gələcəyimiz olan körpələrin hərtərəfli inkişafına dəstək olmaq, xüsusilə nitqində çətinlik yaşayan uşaqlara sevgi və peşəkarlıqla yardım göstərməkdir.

Bağçaya rəhbərlik edən Nigar Namiq qızı Əliyeva pedaqoji fəaliyyətə böyük sevgi ilə yanaşır. O, 1984-cü ildə Naxçıvan şəhərində anadan olub, təhsilini Sumqayıtda davam etdirərək 11 saylı tam orta məktəbi bitirib. Daha sonra Sumqayıt Dövlət Universitetinin bakalavr və magistr pillələrini uğurla tamamlayıb. 20 illik pedaqoji təcrübəyə malik olan Nigar müəllimə 2021-ci ilin avqust ayından etibarən 40 nömrəli XTNQ körpələr evi–uşaq bağçasının müdiri vəzifəsində çalışır. Onun uşaqlara olan sevgisi, diqqəti və qayğıkeş münasibəti bağçada xüsusi bir isti mühit formalaşdırıb.

Bağçada hər gün maraqlı və faydalı məşğələlər keçirilir. Tərbiyəçilər və loqoped müəllimələr uşaqlarla birlikdə oyunlar oynayır, şeirlər öyrədir, müxtəlif inkişafetdirici tapşırıqlar yerinə yetirirlər. Bu məşğələlər illik fəaliyyət planına uyğun şəkildə hazırlanır və uşaqların yaş xüsusiyyətlərinə uyğun təşkil olunur. Məqsəd yalnız uşağa söz öyrətmək deyil, həm də onun özünü sərbəst ifadə etməsinə, cəmiyyətə inamla qoşulmasına kömək etməkdir.

Nitqində çətinlik yaşayan uşaqların inkişafında sevgi, səbr və davamlı dəstək mühüm rol oynayır. Burada müəllimlər hər bir uşağa fərdi yanaşır, onların kiçik uğurlarını belə böyük sevinc kimi qarşılayırlar. Əvvəllər bir sözü çətinliklə deyən körpənin artıq aydın danışması, cümlə qurması və “Mən bacardım!” deyərək sevinməsi bağçanın ən gözəl uğurudur. Çünki özünü ifadə edə bilən uşaq daha inamlı olur, sosial mühitə daha rahat uyğunlaşır.

Bağçada valideynlərlə əməkdaşlığa da xüsusi önəm verilir. Müəllimlər valideynlərlə daim ünsiyyətdə olur, uşaqların inkişafını birlikdə izləyirlər. Bu birgə əməkdaşlıq uşaqların həm təlim-tərbiyəsində, həm də sosial bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

Uşaqlara yaxınlaşırıq. Onlar deyirlər ki, səhərlər bağçamıza gələndə həyətimizdəki güllər də sanki bizə gülümsəyir. Dostlarımızla görüşür, müəllimələrimizin mehriban “Sabahınız xeyir, balalar!” sözünü eşidəndə özümüzü çox xoşbəxt hiss edirik. Çünki bizim bağçamız sadəcə oyun oynadığımız yer deyil. Bura bizim ikinci evimizdir.

Bağçamızda müəllimələrimiz və loqopedlərimiz hər gün bizimlə maraqlı məşğələlər keçirirlər. Şəkillər çəkirik, mahnılar oxuyuruq, şeirlər deyirik, oyunlar oynayırıq. Bəzən əvvəl çətin dediyimiz sözləri indi rahat deyə bilirik. Müəllimələrimiz bizə səbr və sevgi ilə kömək edir. Elə buna görə də hər yeni bacardığımız iş bizi çox sevindirir.

Hazırda bağçada xüsusi həyəcan yaşanır. 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə bağçada rəngarəng tədbirlərə hazırlıq gedib. Balacalar mahnılar öyrənib, rəqslər məşq edib, şeirlər səsləndiriblər. Sinif otaqları bəzədilib, hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur. Çünki bu gün uşaqların hüquqlarını, xoşbəxtliyini və rifahını ön plana çıxaran xüsusi gündür.

Bəli, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, savadlı, xoşbəxt və vətənpərvər böyüməsi hər birimizin borcudur. Sumqayıt şəhər 40 nömrəli XTNQ körpələr evi–uşaq bağçasında isə bu məsuliyyət sevgi ilə həyata keçirilir. Burada hər bir körpəyə böyük ümidlə yanaşılır, onların gələcək uğurlarının təməli sevgi, qayğı və peşəkarlıqla qoyulur.

Çünki burada uşaqlar sadəcə böyümür, həyata hazırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Elarasında “İnjenerSeyidağakimitannmışSeyidağa Mircabbar oğlu Həbibov şair-qəzəlxan idi, xoşbəxt kəslərdən idi ki, nə Çar Rusiyasının, nə də Sovet Rusiyasının vassalı olan Azərbaycanlarda deyil, müstəqil Azərbaycan Xalq Cumhuriyyətində -1919-cu il oktyabrın 26-da dünyaya göz açmışdı. Özü də Bakının köklü kəndlərindən olan Maştağa kəndində.

 

Seyidağa ailənin yeganə övladı olub. O, öncə Cəfər Cabbarlı adına 187 nömrəli umumtəhsil tam orta məktəbində bir neçə il oxuyub, sonra təhsilini Bakıdakı Bədəl bəy adına orta məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra 1937-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub.

3-cü kursdan təhsilini yarımçıq qoyub və 1940-cı ildə Azərbaycan Sənaye İnstitutuna (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması səbəbindən Seyidağa təhsilini yarımçıq qoyub və yaşıdları kimi ölkəmizin (keçmiş SSRİ-nin) müdafiəsi üçün ordu sıralarına qoşulub, ön cəbhəyə gedib və döyüşlərdə tankçı kimi iştirak edib.

 O, 1943-cü ildə Mozdok rayonu ətrafında gedən şiddətli döyüşlərdə ağır yaralandıqdan sonra arxa cəbhədə xidmət etməyə göndərilib. Seyidağa 1945-ci ildə müharibə bitdikdən sonra yarımçıq qalan təhsilini davam etdirib və 1950-ci ildə neft mütəxəssisi kimi ali təhsil alıb. O, əmək fəaliyyətinə öncə Bakının Ramana kəndinin neft mədənlərində neftçıxarma ustası kimi başlayıb.

Daha sonra Buzovna neft mədənlərində baş mühəndis, Qaz kontorunun rəisi və “Buzovnaneft”də mədən müdiri kimi məsul vəzifələrdə çalışıb. Seyidağa ona tapşırılan bütün vəzifələrin öhdəsindən bacarıqla gəlib, özünü istedadlı, səriştəli təşkilatçı kimi tanıdıb. Onun neftçıxartma sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən layiqincə qiymətləndirilib, müxtəlif medallar və fəxri fərmanlarla təltif olunub.

Seyidağa hələ uşaq yaşlarından, daha sonra yeniyetmə çağlarından şeirə, ədəbiyyata və incəsənətə böyük maraq göstərib. Bu məşğuliyyət sonralar onun həyat tərzinə çevrilib, ömrünün sonuna kimi poeziya ilə məşğul olub. Ensiklopedik biliyə malik olan şairin istedadı bədii yaradıcılıq sahəsində özünü daha çox büruzə verib.

Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin kitabları əlindən düşməyən Seyidağa bu mənəvi xəzinədən bəhrələnərək özü də klassik üslubda müxtəlif mündəricəli şeirlər yazıb. Onun qəzəlləri və satirik şeirləri “Azərbaycan”, “Kirpi” jurnallarında, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” və s. kimi qəzetlərdə müntəzəm olaraq dərc edilib.

1986-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən hazırlanan “Qəzəllər” toplusunda Seyidağanın 40-a yaxın qəzəli çap olunub. Kitabı tanınmış şair Məmməd İsmayıl tərtib edib. Əmək veteranı olmuş Seyidağanın qəzəlləri və müxtəlif səpkili şeirləri hələ sağlığında ikən xanəndələrin repertuarının bəzəyi olub və bu iş bu gün də davam etdirilməkdədir.

Onun şeirlərinə müxtəlif mahnılar da bəstələnib. Etiraf edək ki, bu mahnılardan ən çox sevilən və dillər əzbəri olanı sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadənin bəstələdiyi “Əhli müsəlmanım”dır (bəzən sadəcə, “Azərbaycanım” da deyilir). Mahnı Əməkdar artist Kəmalə Rəhimlinin ifasında daha çox sevilib. 2005-ci ildə Mosvada Ostankino TV-nin apardığı sorğu nəticəsində ilin ən gözəl mahnısı nominasiyasına layiq görülüb.

 “Min bir mahnı” kitabında bu mahnının “Əhli müsəlmanım” adı ilə poetik mətni təqdim olunub.

Şair 1987-ci il, iyun ayının 1-də vəfat edib. 2019-cu ildə Beynəlxalq Muğam Mərkəzində Seyidağa Həbibovun 100 illik yubileyi qeyd olunub.

Allah rəhmət eləsin!

 

(Seyidağa Həbibov haqqında bilgiləri təqdim edərkən tanınan publisistlər – Vaqif Əliyevin “Ruhun qidası eşqdir” və Sona Xəyalın “Bakı gülzarının bülbülləri” adlı kitablarından istifadə olunub).

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

Bazar ertəsi, 01 İyun 2026 08:12

Sevda obrazı onu tamaşaçılara sevdirdi...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən Tanilə Əhmərova incə, məlahətli qadın portretini çəkməyi bacarırdı. Aktrisa "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilə bilmişdi.

Bu gün onun doğum günü – anadan olmasının 76-cı ildönümüdür. Heyif ki, sənət dostları, yaxınları onun ad gününü onsuz keçirəcəklər.

Düz 11 ildir ki o, aramızda yoxdur.

 

Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb. M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başlayıb.

 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar ifa edib. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bilib.

Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat edib.

 

Mükafatları

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı.

- Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı ilə təltif olunub.

 

Filmoqrafiya

- Arşınmalçı - Alverçi

- Evlənmək istəyirəm - Epizodik rol

- Əlavə iz - Bağırova

- İlıq dənizdə buz parçası - Gəlin

- İşarəni dənizdən gözləyin - Qadın

- Qayınana - Sevda

- Qəribə adam - Aytən

- Sevinc buxtası - Leyla

- Səndən xəbərsiz - Sərvinaz

- Şir evdən getdi - Şəfiqə müəllimə

- Təhminə - Ad günündəki qonaq

- Tələ - Rübabə Babayeva

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

20 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.