Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Əgər həqiqətən sevirsənsə, tale səni hara aparsa, hansı yoxuşlara qaldırıb, hansı enişlərə salsa belə yenə də cazibə qüvvən sevdiyin olacaqdır...
“İrəvanda xan qalmadı”. Kitab 19-cu əsrin əvvəllərini kino kimi gözlərimizin qarşısına sərir. Həmişə tarix dərslərində müəlliməm adımı çəkməsin deyə başımı aşağı salırdım. Tarixdən qorxan və sevməyən mən bu gün bu romanı oxumaqla heç vaxt nəticə ala bilmədiyim bəzi yerlərə cavab tapa bildim. Əsərdə 19-cu əsrdə Şimali Azərbaycan torpaqlarına sahiblənmiş Rusiya imperiyasının İrəvan xanlığına dəfələrlə hücumundan, Sarı Aslanın və bütün döyüşçülərin şücaətindən, böyük qüvvə ilə üz-üzə qalmış təklənmış xanlıqdan, İrəvan qalasının divarlarının 167 gün fasiləsiz top atəşinə tutulmasından və xəyanətlə əldə edilmiş qalibiyyətdən, Uluxan və Selcanın taleyindən danışılır.
Əsərdə göstərilir ki, tarix itmir. Tarix hər zaman yazılır. Bəzən bir medalyonla, bəzən bir xalça ilə, bəzən də sevgi ilə.
Qərbi Azərbaycana qayıtmaq arzumuzun yaxın zamanlarda gerçəkləşməsi ümidilə biraz kitabdan götürdüyüm qeydlərdən danışmaq istəyirəm.
Xeyir və şər.
Ədalət və haqsızlıq.
Olum və Ölüm.
Kitabı oxuduqca Təsəvvüfdə fəna ilə, yəni yox olmaq vasitəsilə bəqaya, yəni var olmağa yetişməkdən, şəhidliyin ən uca zirvə olduğundan bəhs edən fikirlərlə də rastlaşdım, altından xətt çəkdiyim cümlələr bu başlığa yaraşar deyə düşünürəm..
“İnsan ömründə acılı-şirinli, bədbəxt və xoşbəxt günlər olur. Amma pis günlərinin ən acısının, ən bədbəxtinin, yainki yaxşı günlərinin ən şirininin, ən xoşbəxtinin məhz hansı gün olmasını həyatın boyu müəyyənləşdirə bilmirsən. Bu gün ən pis günümdür deyibən sabah ondan da betərini yaşayırsan, yaxud, bu gün ömrümün ən böyük xoşbəxtliyini yaşadım deyərək, başqa gün o günün bugünkünün yanında bir heç olması həqiqətini görürsən. Beləcə də ömür keçib gedir. Və yalnız son günündə, onda ki daha sabah olmayacaq, həyatının son nöqtəsi qoyulur, bax, o zaman bütün ömrün bir kitab kimi gözün önündə vərəqlənəndə ayırd edə bilirsən ki, ən xoşbəxt və ən bədbəxt günlərin hansılar olub...”
İrəvan şəhərinin tarixi
Heç şübhəm yoxdu ki, siz də köhnə nəsildən "Rza" ya "irza" "Rübabə" yə "İrbaba" dediklərini duymamış olasız .. elə məhz kitabda da bu faktla üzləşirik.
Övliya Çələbinin "Səyahətnamə" kitabındakı tarixçəyə görə 1501-ci ildə Azərbaycanın Səfəvilər İmperiyasının başında duran Şah İsmayıl Xətai ovaxtkı Çuxursəd torpaqlarındakı zəngin çəltik plantasiyalarına malik, Zəngi çayının sahilində, çox strateji bir yerdə qərarlaşmış bir kəndin yaxınlığından keçərkən orada qala tikməyi sərkərdəsi Rəvanqulu xana həvalə edir, Rəvanqulu xan da qalanı yeddi ilə tikdirərək başa çatdırır, azərbaycanlılarda r hərfi ilə başlayan adların qarşısına i hərfi qoymaq adəti olduğundan Rəvan qalasına da İrəvan deyirlər..
Bu tarixçə də İrəvanın Qərbi Azərbaycan torpaqlarından olduğunu var gücü ilə qışqırır. Kar olmaq lazımdı ki onu duymayasan..
Özümə yer eylərəm, gör sənə neylərəm..
Qafandan azərbaycanlıların çıxarılmasını öz gözləri ilə görən rus sovet yazıçısı Aleksandr Proxanov 2008-ci ildə nəşr edilən "Təpə" adlı romanında belə şərh vermişdi: "Ermənilər tərəfindən qovulmuş azərbaycanlıların Qafanı necə qarlı aşırımla, soyuq küləkdə donaraq çıxdıqlarını gördüm. Onların arasında körpə uşaqlı qadınlar, dəyənəklərə söykənərək hərəkət edən yaşlı adamlar da var idi".
1991-ci il avqustun 7-də sonuncu azərbaycanlı kəndi - Nüvədinin əhalisi regionu tərk etdi, beləliklə, 1827-ci ildən başladılan bir iş başa çatmış oldu. 15-ci əsrdə Azərbaycan xanlıqları dövründə Çuxursəd bəylərbəyliyi ərazisində yaradılmış İrəvan xanlığının bax belə bir acı tarixi vardır.
Kitabı oxuduqca ermənilərin kifir xisləti ilə dəfələrlə qarşılaşacaqsınız..
İncəsənət qurban tələb edir
İncəsənət elə bir silahdır ki, dağıtmır, qurur, yaradır. Kitab balaca monoloqla bizə bunu pıçıldayır:
“-Ritorik nitq, parlaq tünd kostyumla rəngbərəng qalstuk, bahalı avtomobil, yüksək vəzifə, bank hesabında yeddirəqəmli məbləğ, ən əsası da xeyriyyəçilik imitasiyası, media qarşısında hansısa bir kasıba verilən ianə... Bu gün prioritet budurmu, yainki nimdaş pencəklə, tozlu ayaqqabı ilə, borc və kredit girdabında boğulub qalan, amma çörək alacağı son puluna küçədə ac-yalavac qalıb zingildəyən bir küçüyə kolbasa alıb verməkdirmi? İnsanlıq o zaman qalib gələr ki, səsləri eşidilmədiyi üçün hər gün bir az daha susanları bu cəmiyyət dinləməyə başlasın. Bu işdə isə, məncə, incəsənət ən güclü silahdır. Və biz anlaşmaq üçün məhz teatrı seçmişik...”
Həqiqətən, ən güclü hikkələri, qəzəb və nifrətləri ram edə biləcək ən sərt əzələləri belə yumşaldacaq gücdə olan bir silahdır incəsənət!
Düşmən tərəfin köməyinə gələn xəyanət
Qaisin kim olduğu təxmin edilməsi çətin olmasa da Tələt bəy məni yenə kitabın sonunda təəccübləndirməyi bacardı. Hansı ki o hələ də Selcanın onun kimi ikiüzlü, xainlə bir yolda yürüyəcəyini düşündü. “Öldü var, döndü yoxdu” deyib kişili-qadınlı bu döyüşdə duruş gətirənlərdən biri idi Selcan. Tələt bəyin cavabı Selcan tərəfindən gecikmədi. Onu qılıncından keçirdi. Ən gözəli isə o idi ki, Tələt bəyin ruhu cismindən halallıq belə ala bilmədi..
İrəvanda xal qalmadı
O xal nə xaldı qoşa düzdürmüsən?
De görüm nə xaldı qoşa düzdürmüsən?
“Nəymiş bu sevgi? Onu kim icad etdi, necə oldu ki, yarandı? Necə bir asılılıqdır ki, suyun, çörəyin qədər vacibliyini hiss edirsən? Necə bir mərəzdir, yuxusuz gecələrinə, dolmuş gözlərinə, ağrı çəkən ürəyinə səbəbkar olur? Necə bir əzabdır, çəkdikcə çəkirsən, qurtulmağın mümkünsüzə çevrilir? Və necə bir atəşdir, alovdur, yandırdıqca yandırır, acımasızlıqla, zərrəcə güzəşt etmədən çathaçat yandırıb külə döndərir?”
Hər kəs kimi mən də Uluxan və Selcanın taleyinin necə olacağını ürək döyüntülərimlə gözləyirdim. Kim bilərdi ki tale onlara birlikdə ömür yox, ölüm yazmışdı... Son səhifələri vərəqlədikcə onların söhbəti yadıma düşdü :
Uluxan ilk görüşlərinin birində sevdiyinə zarafatla demişdi: İrəvanda xal qalmayıb, onları yığıb da yanağına qoşa düzdürmüsən. Sevgilisi də gülümsəyərək demişdi, xal mənimdir, ixtiyar da mənimdir, xalxa nə dəxlidir, necə düzdürmüşəm?
Bir sözlə kitabı oxuyarkən mən də Selcanla birlikdə içimdəkiləri suya pıçıldadım, sevdiyimin qulaqları cingildəsin deyə, Gülgəz xanımın toxuduğu xalçanın hər bir ilməsinə ürəyimi qoydum, Uluxanın çəkməsi palçığa batdıqca mən də Selcana çatmaq üçün tələsirdim, mən də Qurdbasarla birlikdə "gavura ölüm" deyə bağırdım, mən də knyazla birlikdə Paskeviçə öz şeirlərimi təqdim elədim, mən də təlxəklə birlikdə divara qısılıb ağı dedim.
Sonda, "Ən yaxşı kitabım hələ yazmadığım kitabımdır" - ədəbi meyarı dəyişilməz olaraq qalan müəllifə təşəkkür edir, “sevgi ilə qalın” deyirəm!
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


