“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
9-CU DƏRC
Vicdanlı vəkil ədalətin səsi, haqqın qoruyucusudur. Qanunu bildiyi qədər, ədaləti də hiss edər.
Doqquzuncu hissə
Lalənin həyatına elə heyranlıqla qulaq asırdım ki, zamanın necə keçdiyini hiss etmədim. Görünür, o da eyni hissləri yaşayırdı, çünki saat artıq çox irəliləmişdi. Lalə günün son pasiyenti olduğuna görə seansın vaxtı bir xeyli uzanmışdı.
Söhbətin qızğın yerində gözüm pəncərəyə sataşdı. Hava tamamilə qaralmışdı. Saata baxdım və seansın bitməli olduğu vaxtdan xeyli keçdiyini gördüm. Bu qəfil həyəcanımı Lalə də sezdi və təbəssümlə dedi:
- Humay xanım, deyəsən, çoxdan bitməli idi seans, hə? Bağışlayın, hisslərimə o qədər qapılmışam ki, vaxtın necə keçdiyini unutmuşam. Mənim üstümə düşən vaxtdan artıq oturmuşam. Sizi də yordum.
- Yox, Lalə xanım, narahat olmayın. Sizi dinləmək mənim üçün də çox maraqlıdır. – deyə onu sakitləşdirdim.
Lakin beynimi məşğul edən başqa bir şey vardı. O danışarkən bir neçə dəfə “Rüstəm” adını çəkmişdi. Hər ikimiz ayağa qalxdıq, üst geyimimizi geyinib otaqdan çıxdıq.
Çölə çıxanda hava xeyli soyumuşdu, küçələri zəif lampalar işıqlandırırdı. Payızın sərt küləyi üzümə toxunduqca, şalımı başıma daha da bürüdüm. Bir qədər həyəcanlı idim. Lalənin sözləri beynimdə dolaşır, Rüstəm adı bir sirr kimi qəlbimə hopurdu.
Bu fikirlərlə nəhayət evə doğru yola düşdüm. Birdən arxadan bir qadının səsi eşidildi:
- Humay xanım?
Dayanıb arxaya döndüm. Orta yaşlı, qara geyimli bir qadın mənə yaxınlaşdı. Qadının baxışlarında elə bir ifadə var idi ki, həm doğmalıq, həm də bir qədər inciklik hiss etdim.
- Bağışlayın, sizi tanıya bilmədim… – tərəddüdlə dedim.
Qadın kinayə ilə gülümsəyib başını yellədi:
- Təbii ki, tanımırsınız. Amma mən sizi çox yaxşı tanıyıram. Siz mənim yoldaşıma özünü tapmaq yolunda kömək etmişdiniz.
Diqqətlə qadının üzünə baxdım. Xatırlamağa çalışırdım, amma yenə də xatırlamadım.
- Bağışlayın, yoldaşınız kim idi?
Qadın yenə kinayə ilə gülümsədi. Bir qədər susdu, sonra:
- Humay xanım, siz yaxşı insansız, amma yaxşılığınızı sona çatdırmadınız. Onu yarı yolda qoydunuz..
- Mən… mən başa düşmədim…
- Gecdir… Mən gedim. – dedi və çantasını çiyninə atıb addımladı.
Arxasınca səsləndim:
- Yoldaşınızın adı nədir?!
Qadın artıq uzaqlaşırdı. Addımlarını sürətləndirdi. Səsimi bir qədər də ucaltdım:
- Xahiş edirəm, deyin! O kimdir?!
Qadın dayanmadan irəlilədi, amma nəhayət, qaranlığa qarışmaq üzrə ikən, səssizliyin içindən bir ad pıçıldadı:
- Rüstəm…
Bu ad beynimdə şimşək kimi çaxdı. Ürəyim yerindən çıxacaqmış kimi döyündü. Qadının ardınca qaçmaq istəsəm də, hərəkət edə bilmədim…
Və sonra…
Birdən nəfəs darlığı hiss etdim, başım fırlandı və qəfil gözlərimi açdım. Nə qadın, nə küçə, nə də soyuyan hava vardı. Otaq zülmət qaranlıq idi. Öz yatağımda, qan-tər içində idim. Sanki, bir az əvvəl bunları reallıqda yaşamışdım. Evə nə vaxt gəlib, nə vaxt yatağa uzandığımı xatırlamırdım.
“Yuxu idi… sadəcə yuxu idi…” – deyə pıçıldadım, amma içimdə bir hiss, bu yuxunun sadəcə təsadüf olmadığını deyirdi. Bəs bu yuxu bir işarə idimi? Yoxsa sadəcə şüur altımda Lalə ilə etdiyim söhbətin əksi idi?
Bu düşüncələrlə yenidən yuxuya getdim. Bir neçə saat sonra qəfil oyandım. Birdən yadıma düşdü ki, bu gün saat 10-da işdə olmalı idim.
Saata baxdım – 09:15!
Tez yatağımdan sıçradım, əl-üzümə su vurub, tələm-tələsik geyindim. Yemək yeməyə belə vaxt yox idi. Çantamı götürüb evdən çıxdım. Hələ də beynimdə o qadının səsi səslənirdi:
“Onu yarı yolda qoydunuz …”
İşə vaxtında çatsam da, fikirlərim tamam başqa bir yerdə idi. Adi günlərdən fərqli hisslərlə gəlmişdim. Hər zaman sakit və təmkinli olan düşüncələrim, bu dəfə bir yuxunun ağırlığı altında qarışmışdı. İlk seansım isə Əli Camaloğlu ilədir.
Əli bəy, içəri girib salamlaşdı. Hal-əhval tutub danışmağa başlamaq istəyəndə, fikrimin dağınıq olduğunu hiss edib susdu. Bir neçə dəfə səbəbini soruşmaq istədi, amma susdu. Nəhayət, dözə bilmədi:
- Humay xanım, siz yaxşı deyilsiniz? Görünür, sizi nə isə narahat edir.
Özümü itirdim. İçimdəki düşüncələrimi ört-basdır etmək istəyirdim. Amma nə qədər çalışsam da, sözlərim məni ələ verdi:
- Üzr istəyirəm. Mən bir az özümü yaxşı hiss etmirəm, Rüstəm bəy.
Sözlərimin sonunda səhvən Əli bəyə “Rüstəm bəy” dedim:
Əli duruxdu.
- Rüstəm? O kimdir?
Bir şey anlamadı. Gözlərini mənə dikib nə baş verdiyini öyrənməyə çalışdı.
Özümdən biixtiyar Rüstəm haqqında danışmağa başladım amma birdən qəfil dayanıb əlavə etdim:
- Bu gün də onunla bağlı qarışıq bir yuxu gördüm. O qədər real idi ki… Hələ də təsirindən çıxa bilməmişəm…
Əli bəy, danışdıqlarıma qulaq asarkən, sanki bu ad ona çox tanış gəlmiş kimi, dodaqlarından asta səslə “Rüstəm” adı çıxdı. Fikrə getmiş kimi gözlərini bir nöqtəyə zillədi.
Dərhal reaksiya verdim:
- Əli bəy, bəli, Rüstəm?
Mövzunu dəyişərək öz keçmişindən danışmağa başladı. Otaqdakı atmosfer artıq dəyişmişdi.
Əli bəydən, ogünkü söhbətdən sonra necə olduğunu soruşanda, başını aşağı salıb astadan cavab verdi:
- Əslində, yaxşı hiss elədim, sözlərinizdən təsirlənmişdim. Ona görə də, ürəklənib dostumun qəbri üstünə getdim. Amma yaxınlaşa bilmədim.
- Niyə, Əli bəy? Nə mane oldu ki?
- Məzarlıqda, kənardan baxanda gördüm ki, anası qəbrinin başında oturub ağlayır. Cəsarətim çatmadı, Humay xanım. Yaxınlaşsam, nə deyəcəkdim? Anası məndən soruşsaydı ki, “Oğlumu sən niyə xilas eləmədin?” – Mən nə cavab verəcəkdim? Deyəcəkdim ki, “Bağışlayın, oğlunuzu qoruya bilmədim?”
Əli gözlərini yumdu, sanki baş verənləri yenidən yaşayırmış kimi:
- Hamı məni qəhrəman kimi görür. Amma mən… mən əslində günahkaram. O ananın göz yaşlarını, oğlunun qəbir daşını qucaqlayıb öpdüyünü görüb, içim parçalandı. Elə bil, ürəyimdə bir şeylər qırıldı. Mən qəbrin yaxınında dayanıb ona baxdıqca daha çox pis oldum. Daha sonra… Yenə əvvəlki vəziyyətimə qayıtdım.
Ona qulaq asdıqca, əzabını ürəyimdə hiss edirdim.
- Əli bəy, özünüzü niyə bu qədər günahlandırırsınız?
Əli qaşlarını çatıb başını qaldırdı:
- Çünki, mən dostumun qatiliyəm, Humay xanım. Onu qoruya bilmədim. Onun arzuları yarımçıq qaldı. Mən onun arzularını da oğurladım. Ona görə də mən həm qatiləm, həm oğruyam.
Bu sözləri deyəndə Əlinin boynu büküldü, o yekəpər, enli kürəkli adam, bir anda, balaca bir uşaq kimi oldu:
- Siz bilirsiniz ki, əgər kiçik də olsa bir şansınız olsaydı, özünüzü oda atardınız ki, dostunuz sağ qalsın. Düz demirəm, Əli bəy?
Əli başını aşağı salmış halda çiyinlərini tərpətdi, razılıq əlaməti olaraq yavaşca başını yellədi.
- Elə isə bu cür düşünməyin. Əksinə, dostunuzun anasının yanına getsəniz, o, oğlunun qoxusunu sizdən alacaq. Sizi qucaqlayıb təsəlli tapar. Onun yarası tam sağalmasa da, az da olsa, qəlbi yüngülləşər. Siz dostunuzun ruhuna bunu borclusunuz. Özünüzə gəlməsəniz, dostunuzun xatirəsinə də, hörmətsizlik etmiş ola...
Cümləmi bitirməyə macal tapmamış, qapı astaca döyüldü. Qapının yavaşca aralandığını gördüm və “Olar?” deyə bir səs eşitdim.
Tavat xanım içəri keçib, seansın vaxtının bitdiyini və təcili iclas çağırıldığını məlumat verdi. Bu gün iclas olacağını unutmuşdum.
Əli bəy sağollaşıb otaqdan çıxdı. Mən də onun ardınca çıxıb iclas zalına getdim.
Bir neçə saat sonra otağıma qayıtdım. Yorğun zehnimi rahatlatmaq üçün qəhvə sifariş edib, yerimə keçdim. Bir neçə dəqiqə sonra Tavat xanım qəhvəmi gətirdi.
- Təşəkkür edirəm.
- Humay xanım, bir pasiyentiniz bu gün gələ bilməyəcəyini dedi. Qəbul vaxtını başqa günə keçirdim.
- Yaxşı. Onda digər pasiyent ilə danışın. Mümkündürsə bir az tez gəlsin.
- Oldu, Humay xanım. – deyib otaqdan çıxdı.
Qəhvədən içə-içə evdə görüləcək işlərin planını qururdum. Boş qalan zaman aralığında qeyd dəftərimi götürüb yazmağa başladım. Beləcə zehni yorğunluğum da azalmış oldu.
Diqqətimi yazmağa o qədər yönəltmişdim ki, zamanın necə keçdiyinin fərqində deyildim.
Qapı döyüldü. Dəftərimi bağlayıb çantama qoydum:
- Buyurun.
İçəri, qara, dalğalı qısa saçları olan, dolu bir xanım girdi. Xoş aurası olan bu xanımın adı Sevinc idi. Bu mənim köhnə pasiyentim Aytən xanımın bacısı idi. Biz onlarla həm də ailəvi dostluq edirdik.
Sevinc xanım, öz həyat hekayəsini qaldığı yerdən danışmağa başladı. Onun həyat hekayəsi də çox təsirli idi. O uşaq həsrəti ilə alışıb-yanan gənc bir qadın idi.
Sevinc xanımla söhbət edərkən zamanın necə axıb getdiyini bilmədik. Ona ayrılmış zamanın sonuna gəldik. Seansın sonunda mənimlə sevindirici bir xəbər bölüşdü:
- Seanslarınız mənə o qədər yaxşı təsir etdi ki, analığın sadəcə dünyaya övlad gətirməkdən ibarət olmadığını dərk etdim. Bu minvalla yoldaşımı da razı salıb, uşaqlar evindən bir körpəni sahiblənməyə qərar verdik.
Sevinc xanım getsə də, mənə verdiyi bu şad xəbərin təsiri altında idim. Bir az sonra işlərimi yekunlaşdırıb, hazırlaşıb evə getdim.
***
Başım elə qarışmışdı ki, həftə sonunun necə gəlib keçdiyini hiss etmədim. Yeni həftənin ilk iş günü idi. İşə gəlib, çantamı masanın üstünə yenicə qoymuşdum ki qapı döyüldü.
- Buyurun.
Lalə, içəri daxil oldu.Üzündəki təbəssüm göz oxşayırdı, əhvalı çox yaxşı idi. Əlində isə tort vardı. Yaxınlaşıb masanın qarşısındakı stulda əyləşdi. Tortu da, masanın üstünə qoydu. Ona tərəf sual dolu baxışlarla baxdığımı görüb sözə ilk özü başladı:
- Bu gün qarşınızda oturan xanımın doğum günüdür. – Qürurla dedi.
Gülümsəyərək təbrik etdim:
- Nə gözəl! Lalə xanım, sizi ürəkdən təbrik edirəm. Hər zaman gözlərinizin içi belə parlasın və xoşbəxtlik sizinlə olsun!
- Çox sağ olun, Humay xanım. Açığını desəm, uşaqlığımı nəzərə almasaq, bu günə qədər belə sevincli ad günüm olmayıb. Çünki, bu gün özümü həqiqətən tapmışam və yeni yaşıma bu duyğu ilə qədəm qoymağın sevincini yaşayıram.
Sözlərindəki səmimiyyət və sevinc o qədər saf idi ki, bir anlıq onun xoşbəxtliyinə şərik olmuşdum. Laləni belə sevincli görəndən sonra onunla keçmiş barədə danışmağa tərəddüd etdim. Hətta ona təklif etdim ki, bu gün keçmişi unudub, sadəcə indiki anın xoşbəxtliyindən danışaq. Amma o, etiraz etdi:
- Yox, əksinə! Həyatımın ən vacib məqamına qayıtmışdıq – qalibiyyətimin başlanğıcına.
Razılaşdım. Hər ikimiz üçün pürrəngi çay sifariş etdikdən sonra dedim:
- Elə isə, buyurun danışın.
- Mənim vəkilə yazdığım müraciətə cavab gəlmişdi. İsrafil bəy, məni öz ofisinə dəvət etdi. Ertəsi gün, ofisə yaxınlaşdım. İlk anda utanır, özümü və hadisələri düzgün ifadə edə bilməməkdən qorxurdum. Amma özümə gəlməyim bir neçə saniyə çəkdi və cəsarətlə sözə başladım:
- Hörmətli vəkil, mən boşanmaq istəyirəm. Amma bu kifayət deyil. Mən həm də, yoldaşımın həbs müddətinin uzadılmasını tələb edirəm.
İsrafil bəy, əvvəlcə sakit və mülayim baxışlarla qulaq asırdı. Amma son cümləmi dedikdən sonra hiss etdim ki, baxışları dəyişdi, sərtləşdi.
Qısa və aydın şəkildə soruşdu:
- Niyə?
- Çünki yoldaşım məni emosional zorakılığa məruz qoyur. O, həbsdə olsa da, məni daim təhqir edir, qorxudur və müxtəlif yollarla izlətdirir. Hətta paranormal hərəkətlərlə də, məni dəli etmək istəyir.
- Yoldaşınız niyə belə edir? Səbəb nədir?
- Məni qısqanır. Özünüz də, inanmayacaqsınız, amma o, məni kitablarıma qısqanır.
İsrafil bəyin gözlərində təəccüb gördüm. Bu təəccübə azca təbəssüm də qarışmışdı. Mən isə cəsarətlə davam etdim:
- Bəli, doğru eşitdiniz – kitablara. Hələ qəza törətməmişdən əvvəl o, dostuna etiraf edib ki, keçmişdə sevib-seçdiyi qadın, təhsil aldığı üçün onu tərk edib. İndi mənim də eyni addımı atacağımı düşünürmüş. Mənim kitab oxumağıma həmişə qarşı olub. O türməyə düşəndən sonra işləmək üçün kitabxanaya getmək istədim. Xəbəri eşidəndə daha da əsəbiləşdi və həyatı mənə cəhənnəmə çevirdi.
- Polisə müraciət etmisiniz?
- Bəli, müraciət etmişəm. Hətta rəsmi şəkildə yazmışam ki, mənim başıma bir iş gəlsə, buna görə yalnız o məsuliyyət daşıyacaq.
İsrafil bəy, başını tərpədib, məni dinləməyə davam etdi. Söhbətə davam edərkən o, tez-tez üzümə baxır, sanki hər ifadəmi diqqətlə oxumağa çalışırdı. Sonda dedi:
- Lalə xanım, sizi diqqətlə dinlədim. Sizin danışdıqlarınız, üz ifadələriniz və gözlərinizdəki qorxu dolu çarəsizlik hər şeyi açıq-aydın izah edir. Sizə kömək etməyə çalışacağam.
Bu sözlər mənə bir az rahatlıq gətirdi. Amma ani ağlıma başqa bir fikir gəldi. O axı tanınmış vəkildir, yəqin ki, xidmət haqqı da, baha olar. Hətta bilirdim ki, bir çox vəkillər ödənişi əvvəlcədən tələb edirlər. Elə buna görə də mən ona qonorarla bağlı sual verdim. O, cavab verdikdən sonra məbləğin çox olması məni məyus etdi. Çünki həmin məbləği ödəmək imkanım yox idi. Bu düşüncələr içində itmişdim ki, vəkilin səsi məni özümə gətirdi.
O, təmkinlə dedi:
- Bu barədə narahat olmayın. Ödənişi iş bitdikdən sonra da, edə bilərsiniz. Ən yaxşısı, yaşadıqlarınızı tam təfərrüatı ilə mənə danışın.
Yəqin ki, ani səssizliyimdən o hər şeyi başa düşdü. Vəkilin bu yanaşması məni çox təəccübləndirdi. Aydın idi ki, o, bu işi maddi maraq üçün yox, öz işinə olan sevgisi və insanlara kömək etmək istəyindən edirdi. O barışmağın mümkün olub-olmadığını soruşaraq, bununla bir ailənin dağılmasının əleyhinə olduğunu bildirirdi.
Bu görüşdən sonra əmin oldum ki, qarşımdakı insan, həqiqətən, ədaləti qorumağa çalışan biridir. İndi isə onun köməyi ilə həyatımda yeni bir səhifə açmağa ümid edirəm.
- Çox gözəl, Lalə xanım. Məhkəmə zamanı bəs nələr baş verdi?
- Məhkəmə zalına daxil olanda qəlbim həyəcan və qorxu ilə çırpınırdı. Sol tərəfimdə vəkilim, İsrafil bəy dayanmışdı. O, sakit və özündən əmin görünürdü. Ona çox güvənirdim. Qarşı tərəfdə isə dəmir barmaqlıqlar arxasında oturan, həyat yoldaşım Samir vardı. Baxışları yenə də, eyni idi – nifrət dolu və hədələyici.
Hakim zalda sakitliyi təmin etdikdən sonra prosesə başladı.
- Lalə Muradxanlı, siz, həyat yoldaşınız Samir Muradxanlıdan boşanmaq üçün, məhkəməyə müraciət etmisiniz. Bildirdiyiniz kimi, əriniz həbsdə olsa da, sizə psixoloji təzyiqlər edir. Qısa şəkildə izah edə bilərsiniz ki, hansı hadisələr baş verib?
Nəfəsini dərib danışmağa başladım:
- Hörmətli Hakim, yoldaşım Samir içkili vəziyyətdə maşın sürüb və bir insanın ölümünə səbəb olub. O, həbs olunandan sonra, həbsxanadan mənə təzyiqlər etməyə başladı. Telefon vasitəsilə hədələyirdi, məni küçədə izləyən adamlar vardı. Hətta bir dəfə, tanımadığım bir kişi qapımın ağzına məktub qoyub, qapını döyüb getmişdi. Məktubda məni vahiməyə salacaq sözlər yazıb qorxutmağa çalışmışdı. Mən qorxmadan yaşamaq istəyirəm!
Hakim başı ilə təsdiq edib qarşı tərəfə – Samirin vəkilinə baxdı:
- Müdafiə tərəfi, nə deyə bilərsiniz?
Samirin vəkili ayağa qalxdı:
- Hörmətli məhkəmə heyəti, müvəkkilim cəzaçəkmə müəssisəsindədir və onun çöldə kiməsə hədə-qorxu gəlməsi qeyri-mümkündür. Hər hansı bir təhdidin olması mümkün deyil.
İsrafil bəy, özünə əmin halda irəli çıxdı:
- Hədə-qorxularla bağlı sübutlarımız var, cənab hakim. Birincisi, Lalə xanımın telefonuna gələn hədələyici zənglərin qeydiyyatını təqdim edirik. Burada göründüyü kimi, zənglər həbsxana yaxınlığındakı telefon nömrəsindən gəlib. İkincisi, polis şöbəsinə edilən şikayətlərin surətləri buradadır. Üçüncüsü isə müşahidə kameralarından əldə etdiyimiz görüntülərdir. Burada, Lalə xanımı izləyən şəxslər açıq-aşkar görünür.
Zalda bir anlıq sükut yarandı. Samirin üzü daha da, sərtləşdi. O, mənə nifrətlə baxırdı, amma artıq heç nə edə bilməzdi.
Hakim sənədləri gözdən keçirdi, sonra ciddi baxışlarla qarşısındakılara nəzər saldı:
- Göstərilən sübutlar kifayət qədər ciddidir. Buna əsasən, Samir Muradxanlının həbs müddəti uzadılır. Həmçinin, Lalə Muradxanlının boşanmaq tələbi təmin edilir. Bundan əlavə, zərərçəkmişə qarşı hər hansı hədə-qorxu və ya təzyiq halında, Samir Muradxanlı yeni ittihamlarla üzləşəcək!
Bu sözlərdən sonra gözlərim doldu. Uzun müddətdir bu anı gözləyirdim – azadlıq anını. Vəkilim İsrafil bəy, mənə sakitcə “Alqışlayıram.” – deyə pıçıldadı.
Məhkəmə prosesi başa çatdı. Mən zalı tərk edərkən Samir arxadan qışqırdı!
- Lalə! Sən bunun cəzasını çəkəcəksən!
Amma artıq bu sözlər mənə təsir etmirdi. Çünki, mən nəhayət azad idim.
- Təbrik edirəm sizi, Lalə xanım!
- Çox sağ olun! Açığı, İsrafil bəy olmasaydı, bunu bacarmazdım. O, təkcə peşəkar vəkil deyil, həm də böyük qəlbə sahib bir insandır.
Məhkəmənin sonunda ona yaxınlaşıb, ödənişi bir neçə gün sonra edə bilərəmmi deyə soruşmaq istədim. Amma sanki nə deyəcəyimi əvvəlcədən bilirmiş kimi, üzümə baxıb sakitcə dedi:
- Lalə xanım, mən sizin vəziyyətinizi anlayıram. Mənə heç bir borcunuz yoxdur. Əsas olan odur ki, siz artıq təhlükədə deyilsiniz. Təbrik edirəm!
Bu sözləri eşidəndə gözlərim doldu. Daxilimdə minlərlə təşəkkür var idi, amma dilimdən sadəcə bir kəlmə çıxdı:
- Amma…
O isə gülümsəyib başını yellədi və sakitcə dedi:
- Amması yoxdur…
Sonra isə heç nə demədən getdi.
- Bəli, dünyada elə insanlar da var ki, etdikləri yaxşılıq üçün heç bir qarşılıq gözləmirlər. Onlar sadəcə insan olduqları üçün yaxşılıq edirlər.
Bax, beləcə, Humay xanım, nəhayət, rahat həyatıma qədəm qoydum. Düzdür, arada bəzi dedi-qodular və qohum-əqrəbanın söz-söhbətləri olur, amma ümumilikdə hər şey gözəldir.
- Bəs universitetə necə qəbul oldunuz? Nişanlınızla necə tanış oldunuz?
- Evə qayıtdım… Düzdür, yaşadıqlarım asan deyildi, ağır idi, məni ruhən sarsıtmışdı. Özümü boşluqda hiss edirdim. Evə çatan kimi, Rüstəm bəydən zəng gəldi. Ona hər şeyi danışdım və mənə verdiyi dəstəyə görə sonsuz təşəkkürümü bildirdim. O da, bu xəbərə çox sevindi. Daha sonra planlarımı soruşdu. Mən də dedim ki, yəqin ki, əvvəl işlədiyim kitabxanada bu dəfə onlayn yox, yerində işləyərəm. O isə etiraz etdi:
- Yox, elə onlayn davam edin!
Təəccüblə soruşdum:
- Niyə ki?
- Siz universitet oxumaq istəyirdiniz axı? Evdə qalsanız, dərslərə daha yaxşı hazırlaşa bilərsiniz.
Bu sözlər məni həm sevindirdi, həm də düşündürdü. Amma sevincimi büruzə verə bilmədim. Astaca dedim:
- Bacarmaram…
- Niyə bacarmayasınız, Lalə xanım? Siz ki kitablara bağlı birisiniz.
Rüstəm bəyin mənə, özümün belə inanmadığım qədər inanması, ruh yüksəkliyi verdi. Utana-utana soruşdum:
- Görəsən doğrudan bacararam?
- Əlbəttə! Hətta müəllim tapmaqda da, sizə kömək edərəm.
- Yox, yox, maddi gücüm müəllimlə hazırlaşmağa yetməz.
- Gəlin belə edək. Mən indi sizə maddi cəhətdən dəstək olum, siz universitetə qəbul olandan sonra, işləyib qaytararsınız. Əslində, qaytarmağınız vacib deyil. Sadəcə, özünüzü rahat hiss etməyiniz üçün belə deyirəm.
İçimdə sevinsəm də, dilim yenə “yox” dedi. Amma o, təkid etdi, məni ruhlandırdı və müəllim tapdı. Bundan sonra gecə-gündüz oxudum. Eyni zamanda onlayn işləməyə davam etdim. Gecəmi gündüzümə, gündüzümü gecəmə qatıb çalışdım. Nəhayət, həm Rüstəm bəyin mənə olan etimadını doğrultdum, həm də özümə olan güvənimi bərpa etdim. ADİU-nun Dizayn fakültəsinə qəbul oldum!
- Əhsən sizə, Lalə xanım! Əhsən! Bəs sonra nə oldu?
- Sonra? Hə, nişanlım Elginlə bağlı soruşursunuz?
- Bəli, bəli!
- Mən ayda bir, ya da iki dəfə iş yerimə gedir, iclaslarda iştirak edirdim. Bir gün, Elgin bəylə kabinetində söhbət edərkən, ayrıldığımı deyib baş verənləri təfərrüatı ilə izah etdim. Söhbət o qədər şirin oldu ki, universitetə qəbul olmağıma qədər hər şeyi danışdıq, dərdləşdik. Artıq, onun mənə olan diqqətinin fərqli olduğunu hiss etməyə başladım. O, daha çox maraqlanır, daha çox diqqət göstərirdi. Bir gün isə məni qəhvə içməyə dəvət edib, dedi:
- Lalə xanım, sizinlə ciddi bir mövzuda danışmaq istəyirəm.
- Nə mövzudur? – deyə maraqla soruşdum.
- Mənə etibar edin. Hər şeyi izah edəcəyəm, amma sizin də səmimi olmağınızı istəyirəm.
Elginlə aramızda nə baş verəcəyini hələ də bilmirdim, amma onun mənə göstərdiyi diqqət xoşuma gəlirdi.
Biz şəhərin sakit bir kitab kafesində görüşdük. Qarşı-qarşıya əyləşmişdik. Sanki sözlərdən əvvəl baxışlarımız danışırdı. Qəhvə fincanını əllərimin arasında sıxaraq, Elginin nə demək istədiyini anlamağa çalışırdım. Onun baxışları əvvəlkindən daha ciddi, səsi isə qərarlı idi.
- Lalə xanım, mənim uzun müddətdir ki, sizə demək istədiyim bir şey var, amma uyğun vaxtı gözləyirdim. – Elgin gözlərimin içinə baxıb dedi:
- Mən, sizi sevirəm.
Ürəyim çırpınmağa başladı. İllərdir belə sözlərə inamımı itirmişdim. Gözlərimi aşağı dikib, qəhvəmdən bir qurtum aldım. Bununla bir az da olsa, həmin anı uzatmağa çalışırdım.
- Elgin bəy… Bilmirəm… – deyə çətinliklə pıçıldadım.
- Nəyi bilmirsiniz, Lalə xanım?
- Yenidən yanılmaqdan qorxuram… Yenə yanlış seçim etməkdən, yenə eyni səhvləri təkrarlamaqdan… Sizin mənə qarşı hislərinizin anlıq olmadığını haradan bilim? Bəlkə sadəcə mənə yazığınız gəlir?
Elgin əlimdən tutmaq istədi, amma mən əllərimi geri çəkdim. Baxışlarımı yenə fincana dikdim.
- Lalə xanım, əksinə, sizin iradənizə, mübarizliyinizə valeh olmuşam. Sizi tanıdıqca anladım ki, məni başa düşən, mənimlə açıq danışan nadir insanlardan birisiniz.
İçimdən istilik keçdi. Onun səmimiyyətini hiss edirdim. Amma yenə də qorxurdum… Qorxurdum ki, kimsə həyatıma girib, məni yarı yolda qoyub gedəcək.
- Elgin bəy, mən hazır deyiləm...
- Mən sizi tələsdirmirəm, Lalə xanım. Mənim üçün önəmli olan sizin xoşbəxt olmağınızdır. Əgər sizə vaxt lazımdırsa, gözləyərəm.
Bu sözlər ürəyimə toxundu. Heç kim indiyə qədər mənim qərarlarına bu qədər hörmət göstərməmişdi. Mən, hər zaman tələsdirilmiş, məcbur edilmişdim.
Günlər keçdi. Elgin, sakitcə həyatıma daxil oldu. Mən onun hərəkətlərinə, sözlərinə daha çox fikir verməyə başladım. Məni güldürürdü, dəyər verdiyini hiss etdirirdi. Ən əsası isə, məni dəyişməyə çalışmırdı. Olduğum kimi qəbul edirdi. Artıq aramızda səmimiyyət yaranmış, sizi bizli danışmırdıq.
Bir gün öz-özümə düşündüm. Bəlkə də Elginə bir şans vermək olar? Bəlkə də həyat həmişə acı olmur?
Axşamüstü, günəş batarkən, Elginə zəng etdim:
Sabah işdən sonra görüşək?
- Həmişəki yerdə? – Elgin sevincini gizlətməyə çalışaraq soruşdu.
- Hə, amma bu dəfə mən sənə bir şey deyəcəyəm…
Nəhayət ki, qorxularımı arxada qoymağa hazır idim.
Ertəsi gün, kafeyə gəldim. Elgin artıq orada idi. Həyəcanlı görünürdü.
- Salam, Lalə.
- Salam, Elgin.
Masaya əyləşdim. Bu dəfə, Elgin danışmadı. Mənim danışmağımı gözləyirdi.
- Bilirsən, Elgin… Mən illər sonra bir şeyi anlamışam. İnsan bəzən nə qədər istəsə də, keçmişin izlərindən qaça bilmir. Sən mənə öyrətdin ki, keçmiş sadəcə dərsdir, cəza deyil.
- Mən qorxurdum. Hələ də qorxuram… Amma sənin yanında, bu qorxu azalmağa başlayır. Çünki, sən məni tələsdirmirsən, dəyişməyə çalışmırsan. Sadəcə buradasan.
İlk dəfə birinə hisslərimi açıq şəkildə etiraf edirdim.
- Ona görə də sənə, daha doğrusu bizə bir şans vermək istəyirəm.
Elginin gözlərinin içi parladı. O, əlini əlimin üstünə qoydu. Mən, bu dəfə əlimi çəkmədim. Əksinə, barmaqlarımı Elginin barmaqlarına toxundurdum.
- Söz verirəm ki, heç vaxt sənə yük olmayacağam. Səni dəyişməyə çalışmayacağam. Sadəcə xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm.
Gözlərim doldu. Bu dəfə bu göz yaşları kədərdən deyildi. Bu, illər sonra ilk dəfə hiss etdiyim inamın, rahatlığın göz yaşları idi.
Bu, bizim yeni hekayəmizin başlanğıcı idi…
- Humay xanım, mən bura ilk dəfə gələndə, içimdə çox qarışıqlıq var idi. İndi hər şey bir qədər fərqlidir. Sanki dəyişmişəm.
- Əlbəttə ki, dəyişmisiniz, Lalə xanım. Artıq siz düşüncələrinizi daha açıq ifadə edə bilirsiniz. Bu, böyük irəliləyişdir. siz qorxularınızla üzləşdiniz, irəli getmək üçün cəsarət göstərdiniz. Əminəm ki, sizi tanıyan hər kəs, bu dəyişimi görüb, sizinlə qürur duyur.
- Açığını desəm, bura gəlmək, yaşadıqlarımı sizinlə bölüşmək heç də asan olmadı. Əslində, bura gəlməkdə əsas səbəblərdən biri Rüstəm bəy idi.
Diqqətlə qulaq asmağa davam etdim.
- Rüstəm bəylə tanışlığım həyatımda çox şeyi dəyişdi. Düzdür, o, heç vaxt mənə həyatımla bağlı konkret istiqamətlər vermədi, amma dediyi sözlər, davranışları məni fərqli düşünməyə məcbur etdi. Onun mənə tövsiyə etdiyi şeylərdən biri də, psixoloqa getmək idi. Amma mən razılaşmaq istəmirdim. Hətta onunla bu mövzuda mübahisə də etmişdim...
Bir az fikrə gedib, keçmişdəki dialoqları xatırladım.
“Yox, yox, məni psixoloqa getməyə məcbur etməyin!” – mən narazılıqla dedim.
“Axı niyə?”
“Mən dəliyəm ki?” – əsəbi halda soruşdum.
Rüstəm bəyin səs tonu ciddiləşdi:
“Siz nə danışırsız? Uşaqsınız siz?”
Sözlərində haqlı olduğunu hiss etsəm də, özümü müdafiə etməyə çalışdım:
“Axı mən düzəlmişəm. Özünüz də demişdiniz ki, məndəki dəyişikliyi görürsünüz. Belə çıxır ki, mənə yalan demisiniz? Təsəlli verirdiniz?”
Onun səs tonundakı dəyişiklikdən sözlərimin sərt olduğunu başa düşdüm:
“Ayıb olar, Lalə xanım! Mən sizə hər zaman səmimi olmuşam. Yalan danışmağı mənə yaraşdırırsınız?”
Bu cavab məni utandırdı. Həqiqətən də, Rüstəm bəy heç vaxt mənə qarşı səmimiyyətsiz davranmamışdı. Susdum. O isə sözlərinə davam etdi:
“Lalə xanım, bilirsiniz ki, sizə heç vaxt pis bir şey məsləhət görmərəm. Danışdıqca rahatlayacaqsınız və hətta sizi nümunə kimi çəkəcəyinə də əminəm.”
“Hə, bəs sonra?”
“Sonrası odur ki, siz özünüzü daha yaxşı hiss edəcəksiniz, əvvəlki kimi olduğunuzu, onun reaksiyalarından və verdiyi suallardan anlayacaqsınız.”
Sözləri mənə qəribə gəldi.
“Bəs bu xanım kimdir ki?”
“Bu barədə bir gün ətraflı danışaram. İndi isə göndərdiyim ünvana gedin və yazılın.”
Humay xanım səbirlə Lalənin danışmağımı gözləyirdi:
- ...Sonra düşündüm ki, əslində Rüstəm bəy haqlıdır. Mən, uzun müddət problemlərimlə təkbaşına mübarizə aparmağa çalışmışam. Amma bəzən insanın bir yol göstərəni olmalıdır. Ona görə də qərara gəldim ki, sizin yanınıza gəlim.
Başımı razılıqla tərpətdim.
- Bu qərarın nə qədər düzgün olduğunu indi daha yaxşı anlayırsınız, elə deyil?
- Bəli düşünürəm ki, bu görüşlər mənim üçün təkcə keçmişimlə üzləşmək deyil, həm də yeni gələcəyə daha güvənlə baxmaq imkanı yaratdı.
- Əlbəttə ki, Lalə xanım. Bu dəyişimin ən böyük səbəbkarı özünüzsünüz.
- İlk dəfə bu sözləri eşidəndə həqiqətən də belə olub-olmadığını düşündüm. Artıq güclü, inamlı və ən əsası, özünə dəyər verən bir xanımam.
Laləyə bu sözləri dedikdən sonra beynimdə dolaşan suallar yenidən canlandı. Onun bir az əvvəl dediyi cümlə, düşüncələrimi silkələdi:
“Mən, bura Rüstəm bəyin məsləhəti ilə gəlmişəm.”
Öz-özümə sual verdim: Görəsən, son vaxtlar Rüstəm adlı bir pasiyentim olub? Yoxsa bu...
Əgər məni, Lalə xanıma məhz o tövsiyə edibsə, deməli, hisslərimdə yanılmamışam. Bəlkə də, o Rüstəm, elə mənim axtardığım adamdır…
Fikirlərim məni bir anlıq reallıqdan qopartdı. Cavabsız suallar beynimdə dolaşdıqca dolaşırdı. Lalədən soruşmaq istədim:
“O Rüstəm bəy məni haradan tanıyır? O özü bura gəlibmi?” Amma suallarımı dilimə gətirməyə macal tapmamış qapı döyüldü. Seansın vaxtının başa çatdığını anladım.
Lalə astaca ayağa qalxdı. Məni düşüncələrimdən ayırıb dedi:
- İcazənizlə mən gedim.
- Buyurun, Lalə xanım.
Lalə arxasını çevirib otaqdan çıxdı.
***
Bayram tətilindən qayıtdıqdan sonra ilk pasiyentim olan Əlini gözləyirdim. Çox keçmədən qapı döyüldü. İçəri daxil olan Laləni görəndə təəcübləndim:
- Aa, Lalə xanım, buyurun?
Lalə, Humayın təəccüblü baxışlarına diqqət etmədən keçib əyləşdi.
Lalə xanım əyləşəndən sonra, cədvəlimə baxıb, siyahıda ilk pasiyentimin xatırladığım kimi, Əli olduğunu gördüm. Lalə xanımın vaxtı isə digər gün idi.
- Lalə xanım, bu vaxtsız gəlişinizin səbəbi nədir? Yoxsa ciddi bir hadisə baş verib?
Lalə, bu sözlərdən sonra çaşıb, günü səhv saldığını xatırladı.
- Aa, bağışlayın, Humay xanım, mən deyəsən günü səhv salmışam. Narahat olmayın, hər şey yaxşıdır. Görüşərik.
Lalə utanc hissi ilə başını aşağı salıb, ayağa qalxıb iri addımlarla otaqdan çıxdı.
Elə o an, içəri Əli Camaloğlu, daxil oldu. Qapı tam bağlanmadığı üçün, dəhlizdə Lalə xanımın kiminləsə səmimi şəkildə salamlaşdığını eşitdim. Amma Əlinin baxışlarındakı suallar, diqqətimi yenidən ona yönəltdi:
- Xoş gəlmisiniz, Əli bəy.
O nəzakətlə, başı ilə salam verib təşəkkür etdi, sonra bir qədər tərəddüdlə sözə başladı:
- Humay xanım, çox təəssüf edirəm, amma bu gün seansımızın vaxtından tez çıxmalı olacağam. Üstəlik, bu, bizim son görüşümüz olacaq.
Gözlərimi ona zilləyib təəccüblə soruşdum:
- Niyə?
- Məni işlə bağlı ezamiyyətə göndərirlər.
- Aydındır. Ümid edirəm, hər şey ürəyinizcə olar. O zaman buyurun. Özünüzü necə hiss edirsiniz? Həyatınızda nə dəyişiklik var?
- Sizin görüşdən çıxıb birbaşa dostumun anasının yanına getdim. Qapını döyəndə içimdə bir həyəcan vardı... Anası məni görən kimi, üzündə elə bir sevinc yarandı ki, bu hissi sözlə ifadə etmək çətindir. Məni qucaqladı, bağrına basdı. Onu unutmadığım üçün, dəfələrlə təşəkkür etdi.
Əlinin səsini qırıq-qırıq eşidirdim. Bəzən dayanırdı, nəfəsini dərirdi, daha sonra danışmağa davam etdi:
- Oturduq, dərdləşdik. O, mənə dostumun uşaqlığından danışdı. Elə şeylər vardı ki, mən heç eşitməmişdim... Hətta mənim haqqımda, nə qədər xoş sözlər deyibmiş. Bunu eşidəndə, ürəyimdə boşluq hiss etdim. Sonra birlikdə qəbir üstünə getdik. Orada dostumun anasının dediyi bir söz var idi… Mən o sözə layiq olmadığımı düşündüm.
Səsi bir qədər titrədi... Onun bu halı məni narahat etdi:
- Hansı söz, Əli bəy?
Əli gözlərini qaldırmadan dilləndi:
- Qəbir üstündə dayanıb dedi ki, “Əziz oğlum, bu gün ziyarətinə tək gəlməmişəm. Sənin ən çox istədiyin, ən çox dəyər verdiyin insan – “qəhrəmanım!” dediyin, dostun Əli ilə gəlmişəm.
Bu sözlərin onu necə yaraladığını hiss edirdim. Sonra yenə kədərli bir səslə əlavə etdi:
- Amma o söz mənim belimi bükdü, ürəyimi sıxdı… Mən o sözə layiq deyiləm. Əsl qəhrəman o idi, mən yox…
Sözünü bitirməmiş dərhal ona baxıb, dedim:
- Əli bəy, həmişə özünüzü günahlandırırsınız. Axı, bu sözləri siz deməmisiniz. Onu dostunuz sağlığında deyib! Demək ki, onun gözündə həmişə qəhrəman olmusunuz. Qəbul etmək çətin olsa da, bu bir həqiqətdir.
Əli susdu, çünki sözlərim onun içindəki bir düyünü açırdı. O, uzun müddətdir bu yükü təkbaşına daşıyırdı. Mən hiss edirdim ki, sözlərim onu rahatladır.
- Mən onu xilas edə bilmədim…– o, yenidən dedi.
- Bəs, neçə-neçə insanı xilas etdiyinizi düşünmüsünüz?
Ona sual dolu baxışlarla baxdım.
- Siz yalnız bir döyüşçü deyil, vətənin müdafiəçisi idiniz. Təkcə Kamranın yox, bütün vətənin uğrunda döyüşdünüz. Onun qəhrəmanlığı sizin hekayənizdə əbədi yaşayacaq. Əgər siz bu gün sağ qalmısınızsa, bu, Kamranın fədakarlığını yaşatmaq üçündür.
Hiss etdim ki, Əli bu dəfə Kamranın xatirəsini ağrı ilə deyil, qürurla düşünürdü.
- Mən qəhrəmanam… – o, pıçıltıyla öz-özünə dedi. Sonra mənə baxıb gülümsədi.
- Bəli, mən qəhrəmanam. Çünki mən döyüşdüm, çünki, mən Kamranın və bütün şəhidlərimizin ruhu rahat olsun deyə həyatıma davam etməliyəm…
Başımla təsdiqlədim:
- Bəli, Əli bəy. Keçmişi dəyişə bilmərik, amma gələcəyimizi qurmaq bizim əlimizdədir.
- Humay xanım, bura gəldiyim gündən bəri, özümə inamım artıb, keçmişimin ağır xatirələri ilə barışmağı öyrənmişəm. Amma indi, sizinlə başqa bir şey barədə danışmaq istəyirəm. Burada… sevgimi tapmışam. Hələ bunu etiraf etməmişəm, amma bu mövzuda fikrinizi bilmək mənim üçün çox önəmlidir.
- Aa, doğrudan? Çox gözəl xəbərdir, Əli bəy. Əgər danışmaq istəyirsinizsə, sizi dinləməyə hazıram.
- Əlbəttə. – deyərək sözə başladı:
- Həmişə bura vaxtında gəlirdim. Heç vaxt gecikmirdim, amma erkən gəlməyi də, sevmirdim. Qəbulunuza dəqiq vaxtında daxil olub, seansdan sonra isə bir kəlimə danışmadan çıxıb gedirdim. Amma o gün istisna idi. Bilmirəm yuxusuz gecəmin təsiri idi, yoxsa sadəcə yorğunluğum mənə oyun oynamışdı.
Bu dəfə on beş dəqiqə tez gəlmişdim. Dəhlizdəki, kreslolardan birində oturub gözləməyə başladım. Dəhliz səssizliyə bürünmüşdü. Bu səssizliyi, yumşaq addım səsləri pozdu. Başımı qaldıranda, bir qızın qeydiyyatın arxasında kağızları düzəltdiyini gördüm. O, nə isə qeyd edir, bəzən kağızların yerini dəyişir, bəzən də öz-özünə pıçıldayırdı. Mən də diqqətlə baxmasam da, hərəkətləri hiss edirdim. Bir anda qızın əlindəki vərəq sürüşüb yerə düşdü. Qeyri-ixtiyari əyilərək götürüb, heç bir söz demədən qıza uzatdım. O əvvəl ciddi baxışlarla mənə baxdı, sonra gülümsəyərək vərəqi aldı.
- Təşəkkür edirəm.
Başım ilə təsdiqləyib susdum. Mən ünsiyyət qurmağa meyilli olmasam da, Tavat xanım susmadı.
- Çox vaxt bu saatlarda burada heç kim olmur.
Qısa cavab verdim:
- Mən də adətən bu saatlarda gəlmirəm.
- Deməli, bu, təsadüfdür?
Çiyinlərimi çəkdim.
- Siz, Humay xanımın yeni pasiyentlərindən birisiniz, düzdür?
Bu sual xoşuma gəlmədi, amma nəzakətlə başım ilə təsdiq etdim. O, bunu hiss edib, əlavə etdi:
- Narahat olmayın, burada hər kəs öz yolu ilə sağalmağa çalışır. Heç kimin, kim olduğunu sorğulamaq mənim işim deyil.
Mən yenə cavab vermədim. Amma bu dəfə üzümdəki sərtlik bir az yumşaldı. Tavat xanım isə diqqətlə mənə baxırdı. Sakitcə dedi:
- Amma, bilirsiniz… Bəzən bir insan, ən böyük dərdlərini heç danışmadan da göstərə bilər.
İlk dəfə olaraq, ona diqqətlə baxdım. Bu qız başqalarından fərqli idi. Elə bil o hər şeyi görürdü. Bu məni narahat etsə də, eyni zamanda ona qarşı maraq da oyadırdı.
- Bəzən susmaq ən yaxşı cavabdır.
Tavat xanım başını yana əyib diqqətlə mənə baxdı. Elə bil mənim susqunluğumda gizlənən sözləri oxumağa çalışırdı. Sonra yavaşca yaxınlaşıb qarşımda əyləşdi.
- Bəli, bəzən susmaq ən yaxşı cavabdır, – dedi. – Amma bəzən də, insan səsi eşitməyə ehtiyac olur.
Bu sözləri eşidib dodaqlarımı tərpətsəm də, amma heç nə demədim. Mənə elə gəlirdi ki, bu qız çox şey bilir.
- Siz, Humay xanımla çoxdan işləyirsiniz? – bu dəfə mən özüm sual verdim.
Mənim özümün danışmağa başlamağım onun üçün gözlənilməz oldu. Amma elə bil bunu istəyirdi.
- Bir neçə aydır.
Qısa cavab verdim:
- Hə, çox gözəl.
Dəhlizdə yenidən səssizlik çökdü. O, qələmi ilə oynayır, mən isə gözümü pəncərədən çölə dikmişdim. Artıq əvvəlki kimi yad deyildik. Bir neçə cümlə belə, iki insan arasında görünməz bir bağ yarada bilmişdi.
Otağınızın qapısı açıldı və əvvəlki pasiyent çıxdı. O, ayağa qalxıb, masanın arxasına keçdi.
- Sizin vaxtınızdır – dedi.
Otağa girməzdən əvvəl bir anlıq dayanıb ona baxdım. Bir söz demək istəyirdim, amma deyə bilmədim. Tavat xanım, bu baxışın mənasını anlayıb dedi:
- Yenə görüşərik, Əli bəy.
Başım ilə təsdiqləyib içəri keçdim. Lakin bu dəfə seans digərlərindən fərqli idi. Çünki, artıq dəhlizdə məni gözləyən biri var idi.
Seans bitəndən sonradəhlizdə gözlərim qeyri-ixtiyari, Tavat xanmı axtardı.
O, masasının arxasında dayanmışdı, nə isə qeydlər edirdi. Ona doğru getmək istəsəm də çəkindim.
Başını qaldırıb mənə baxdı:
- Humay xanımın otağından çıxanda insanlar ya çox düşüncəli, ya da çox xoşbəxt görünürlər. Sizdə hansıdır?
- Bilmirəm. Düşünmək üçün vaxt lazımdır.
Əvvəl tərəddüd etsəm də sonra yavaşca soruşdum:
- Siz burada nə qədər qalacaqsınız?
O təəccüblə mənə baxdı. Bu sualı açıq-aşkar verməyim onun üçün gözlənilməz oldu.
- Yəni… iş saatım bitənə qədər. Yoxsa başqa bir şey soruşmaq istəyirdiniz?
Gözlərimi ondan yayındırıb dedim:
- Sadəcə… maraqlandım.
Tavat xanım bir az düşündü, sonra çantasını masanın üzərindən götürdü.
- Əgər tələsən yeriniz yoxdursa, bir az gəzə bilərik. Dəhlizdə dayanıb susmaqdan daha yaxşıdır.
Qısa müddət gözlədim. Çoxdandır ki, bir xanımla bu cür ünsiyyət qurmamışdım. Razılıq verdim. Birlikdə klinikadan çıxdıq.
Küçədə hava sərin idi. O, rahat addımlarla irəliləyirdi, sanki heç bir yerə tələsmirdi.
- Siz həmişə belə rahat danışırsız?
Güldü.
- Yox, sadəcə hiss edirəm ki, sizin susmağa yox danışmağa ehtiyacınız var.
Başımı tərpətdim.
- Mən çox şey danışan deyiləm.
- Bunu görürəm, amma bəzən danışmaq yaxşıdır.
Bir müddət susaraq addımladıq. Hiss edirdim ki, uzun müddətdən sonra ilk dəfə, biri ilə vaxt keçirmək məni sıxmır.
- Buradan sonra hara gedəcəksiniz?
Düşündüm..
- Bilmirəm. Heç vaxt əvvəlcədən plan qurmuram.
- Bəlkə də, bu gün bir az fərqli olsun?
Qaşlarımı çatdım.
- Necə yəni?
Çantasından bir qəpik çıxarıb havaya atdı.
- Qəpik qərar versin. Əgər xəritə düşsə, siz məni çaya dəvət edəcəksiniz. Yox, əgər qız qalası düşsə, mən sizi.
Gülümsəməmək üçün özümü zorla saxladım.
- Bu çox uşaqcasına deyil?
Çiyinlərini çəkdi.
- Bəzən həyatın qaydalarını çox ciddiyə almaq lazım deyil.
Qəpik havada fırlanıb yerə düşdü. Öncə qəpiyə baxdım, sonra başımı qaldırıb, Tavat xanıma baxaraq, dedim:
- Çay üçün yaxşı bir məkan tanıyıram.
- Demək, bu dəfə siz məni dəvət edirsiniz.
Yavaş-yavaş məkana doğru addımladıq. Bu, sadəcə təsadüfi bir görüş idi. Küçənin sonunda mənim həmişə çay içməyə getdiyim balaca, sakit bir məkan var idi. Məkanın sakitliyi, zəif işıqları, pəncərə qarşısındakı masa tanış idi. İllər sonra, bu gün o masada tək oturmayacaqdım.
Tavat xanım, içəri girən kimi, razılıqla başını yüngülcə yellədi.
Hər zaman əyləşdiyim masaya yaxınlaşdıq. O, pəncərədən çölə baxıb dedi:
- Elə bil zaman burada daha yavaş axır.
Heç nə demədən oturdum. Ofisiant yaxınlaşıb sifarişlərimizi aldı. Tavat xanım, yaşıl çay istədi, mən isə hər zamankı kimi adi çay.
- Deməli, bura tez-tez gəlirsiniz?
- Hə, sakitdir. Heç kim çox sual vermir.
Tavat xanım güldü.
- Amma mən sual verəcəyəm.
Qaşlarımı bir az qaldırıb ona baxdım.
- Niyə?
- Çünki, maraqlıdır.
Ofisiant çayları gətirdi. Çayımdan bir qurtum içdim.
- Yaxşı, buyurun soruşun.
Bir anlıq gözlərini qıydı. Sanki düzgün sualı tapmağa çalışırdı. Sonra qərarını verib soruşdu:
- İnsanlar niyə psixoloqa gedir?
Dodağımı dişlədim. Bu sual mənə çox sadə, amma eyni zamanda qəliz göründü.
- Çünki, bəzən insanların özləri ilə tək qalması çox çətin olur.
- Bəs siz? Siz niyə gedirsiniz?
Bu haqda danışmaq istəmirdim amma, onun baxışları, danışmaq üçün israr etməməsi, sadəcə səbirlə gözləməsi, mənə cavab verməli olduğumu hiss etdirdi.
- Keçmişdən qaçmaq üçün. Amma bəzi şeylərdən qaçmaq olmur.
O, stəkanını masaya qoyub, diqqətlə mənə baxaraq, dedi:
- Bəlkə də, qaçmaq lazım deyil.
Gözlərimi pəncərədən çölə zilləyib əlavə etdim:
- Bunu öyrənməyə çalışıram.
İkimiz də susduq. Səssizlik aramızda gərginlik yaratmırdı, əksinə, bir-birimizi daha yaxşı başa düşürdük.
Tavat xanım ətrafa göz gəzdirib mövzunu dəyişdi.
- Bura sizə xatırladır?
- Nəyi?
- Bilmirəm... Keçmişdəki nəyi isə...
Birinci duruxdum sonra kədərli səslə cavab verdim:
- Əvvəllər dostumla gəlirdik.
- Əvvəllər? Niyə indi də, yox?
- O, şəhid olub...
- Çox pis oldum...
- O, buranı çox sevirdi. Həmişə deyirdi ki, “burada çayın dadı başqa cürdür”. Amma mən bilirdim ki, səbəb sadəcə çay deyildi…
- Səbəb nə idi?
- Söhbətlərimiz.
- Bəlkə, bu gün o söhbətlərdən birini davam etdirmək olar?
Onun bu təklifinə də razılıq verdim amma mövzunun ağırlığından qaçıb zaman qazanmaq üçün pəncərədən boylandım.
Məkanın pəncərəsindən küçəyə baxanda. insan axını sakit və nizamlı görünürdü. Hər kəs bir istiqamətə gedirdi, tələsirdi, harasa yetişməyə çalışırdı. Mən isə uzun zamandır heç yerə tələsmirdim. Mənim üçün zaman donmuşdu. Hər şey keçmişdə qalmış kimi idi. Amma indi, Tavat xanımla oturduğum bu masada, keçmişi ilk dəfə yavaş-yavaş arxada qoyurmuş kimi hiss edirdim.
- Dostunuz necə biri idi? – birdən soruşdu.
Kamran haqqında danışmaq həm çətin, həm də mənim üçün bir növ təsəlli idi.
- O, mənim qardaşım kimi idi. Həmişə deyirdi ki, “Əli, hər şeyə çox ciddi yanaşırsan. Həyatı axarına buraxmağı öyrənməlisən.”
O, diqqətlə dinləyirdi. Mən isə danışmağa davam edirdim.
- Müharibədən əvvəl çox xəyalpərəst, həyat dolu, zarafatcıl idi. Mənə deyirdi ki, “həyatda hər şeyin bir yolu var.” Amma bəzi şeylərin yolu olmurmuş…
- Məncə, o haqlı idi, – Tavat xanım sakit səslə dedi. – Həyatda hər şeyin bir yolu var. Sadəcə bəzən biz o yolu tapa bilmirik.
Gözlərimi ona çevirdim.
- Bəs siz? Siz, həyatınızdakı, yolunuzu tapmısınız?
O gülümsədi, amma bu gülümsəmə bir qədər kövrək idi.
- Hələ ki, axtarıram.
- Bəs niyə buradasınız? – ehtiyatla soruşdum.
Sözlərini seçirmiş kimi bir qədər susdu. Sonra sakitcə dedi:
- Çünki başqalarına kömək edərkən, insan bəzən özünə də kömək etmiş olur.
Onun son cümləsini düşünərək çayımdan bir qurtum içdim.
- Mənim psixoloqa gəlmə səbəbim sağalmaq idi. Bəzən insanın həyatında kiminsə ona yol göstərməsinə ehtiyacı olur.
Tavat xanım sözümü təsdiq edərək dedi:
- Hətta o yol çox qaranlıq olanda belə...
- Siz hər kəslə belə danışırsınız?
- Yox, sadəcə bəzi insanlarla danışanda, daha səmimi oluram.
Bu sözlər mənə toxundu. Uzun zamandır özümü bu qədər rahat hiss etmirdim. Hətta danışmaq da artıq mənə çətin gəlmirdi.
Yenə bir neçə dəqiqə ikimiz də səssiz qaldıq. Məkanın sakitliyi, pəncərədən düşən işıq, bir-birini tanımağa çalışan iki insan…
- Əli bəy, sizin üçün keçmiş çox ağırdır, bilirəm. Bəs gələcəyinizin necə olmasını istədiyinizi heç düşünmüsünüz?
Bu sualın cavabını bilmirdim. İllərdir ki, gələcək haqqında düşünmürdüm. Amma fikirləşdim ki, bəlkə keçmişi tam buraxmadan da, gələcəyə baxmaq mümkündür.
- Bəlkə də, bu haqda düşünməyin vaxtıdır.
- Onda razısınızsa növbəti dəfə burada yenə görüşək və gələcək haqqında danışaq?
- Danışaq.
Bu cavab kifayət idi. Çünki hər şey bir fincan çayla başlamışdı. Amma harada bitəcəyini heç kim bilmirdi.
Günlər keçdikcə bizim görüşlərimiz adi bir vərdişə çevrildi. Hər seansdan sonra, artıq birbaşa görüş yerinə yollanırdım. Tavat xanım da, çox vaxt məni orada gözləyirdi. Əvvəlcə sadəcə söhbət edirdik, sonra isə zamanla bu görüşlər bir ehtiyaca çevrildi.
Hiss edirdim, çox dəyişmişdim. Əvvəllər insanlarla ünsiyyətdən qaçırdım, amma indi bu xanımla saatlarla danışa bilirdim. Keçmişimdən danışanda artıq səsim əvvəlki kimi titrəmirdi. O isə öz növbəsində, hiss etdirmədən məni həyata qaytarırdı.
Bir gün seansdan çıxıb görüş yerimizə gəldim, amma o orada deyildi. İlk dəfə idi ki, görüşə gecikirdi. Həmin an içimdə bir boşluq yarandı. Telefonumu çıxarıb yazmaq istədim, sonra fikrimi dəyişdim. Sadəcə gözləməyə qərar verdim. Bir neçə dəqiqə keçdi. Nəhayət, Tavat xanım içəri daxil oldu. Üzü gülümsəsə də, gözlərində yüngül yorğunluq vardı.
- Gecikdiyim üçün üzr istəyirəm, – dedi və qarşımda əyləşdi.
Diqqətlə ona baxırdım.
- Eybi yoxdur. Yaxşısınız?
- Hə, sadəcə bir az yorğunam.
Gözlərinin içinə baxaraq, ehtiyatla əlimi uzadıb, onun barmaqlarına toxundum.
- Çox işləyirsiniz.
O, bu toxunuşa təəccübləndi, amma əlini geri çəkmədi. Bu, bizim aramızda ilk yaxınlıq idi.
- Bəs siz? Daha yaxşısınız?
- Daha yaxşıyam. Sayənizdə.
Tavat xanım baxışlarını gözlərimə dikdi.
- Mən sadəcə sizin yolunuzu tapmağınıza kömək edirəm, Əli bəy.
- Ola bilər… Amma ilk dəfədir ki, yolumun məni harasa apardığını hiss edirəm.
Əllərimi geri çəkdim, amma içimdə fərqli bir hiss var idi. Artıq kimisə həyatıma yaxın buraxmaqdan qorxmurdum.
Axşam saatları idi. Məkanın işıqları qaranlıq küçəyə sakit bir parıltı verirdi. Tavat xanım stəkanındakı çayı qarışdırıb dedi:
- Bilirsiniz, Əli bəy, mən də çox vaxt tək olmuşam.
Başımı qaldırdım.
- Siz?
- Hər zaman insanlara kömək etməyə çalışmışam. Bəzən elə olub ki, özümün də köməyə ehtiyacım olub, amma bunu heç kim görməyib.
- Mən görürəm.
O, mənə diqqətlə baxdı. Bu artıq bir dosta baxılan baxış deyildi. Mənim yanımda özünü təhlükəsiz hiss edirdi. Bunu başa düşürdüm. Elə bil uzun müddət darıxdığı bir duyğunu tapmışdı.
- Onda bəlkə, bir-birimizə kömək edə bilərik? – Tavat xanım əlavə etdi.
- Məncə, artıq edirik.
Bu sözlərdən sonra, mən, onun baxışlarında bir ümid işığı gördüm.
O axşam, biz hələ adını qoya bilmədiyimiz bir hissə doğru ilk addımlarımızı atırdıq.
Əli sözlərini tamamlayan kimi dedim:
- Sizinlə ilk görüşümüzü xatırlayıram, Əli bəy. O zaman bütün həyatınız keçmişin kölgəsində qalmışdı. Amma indi, siz ilk dəfə gələcək haqqında danışırsınız.
O gözlərini qaçırdı, sonra başını yelləyərək təsdiqlədi.
- Ola bilər… Amma bilmirəm, bu hiss nədir.
- Hər şeyə ad qoymağa ehtiyac yoxdur. Bəzən hisslər öz adı ilə deyil, bizə gətirdiyi rahatlıq və ya qorxu ilə tanınır. Sizdə bunlardan hansıdır?
Əli, düşündü.
- Qəribə bir rahatlıq… bu rahatlıq mənə, kiminləsə bir gələcəyim ola biləcəyini düşündürdü.
- Bu sizi qorxutmur?
- Yox… İlk başda qorxudurdu, amma indi qorxudan çox, ümid hiss edirəm.
Onun üçün, bu bir qələbə idi. Əli dodağının kənarını qaşıyıb dedi:
- Bilmirəm, gələcək mənə nə gətirəcək. Bircə onu bilirəm ki, artıq yalnız deyiləm.
- Bəlkə də, bu, sizin yeni hekayənizin başlanğıcıdır.
Əli ayağa qalxıb nəzakətlə əlini sinəsinə qoydu, başı ilə minnətdarlıq edərək yenidən mənə təşəkkür etdi:
- Bu qısa zamanda mənim həyatımda çox şeyi dəyişdiniz. Əsl kimliyimi ortaya çıxarmağa kömək etdiniz.
Sonra birdən gülümsəyərək əlavə etdi:
- Hə, bu arada, içəri girəndə deməyi unutmuşdum… Qapıda sizi gözləyən, yeni pasiyentiniz var. Üstəlik, sizi tanıyan birisidir.
Təəccübləndim, qaşlarım çatıldı.
“Məni tanıyır? Əli bəylə ortaq tanışımızdır? Maraqlıdır… Dünya balacadır, hər şey ola bilər.” – deyə öz-özümə dedim. Elə bu anda, Əli bəy qapını açdı və səmimi bir səslə dedi:
- Buyurun, Rüstəm bəy, içəri keçə bilərsiniz.
Bu adı eşidən kimi gözlərim qeyri-ixtiyari böyüdü. Həyəcanlanıb bir addım geri çəkildim.
Rüstəm bəy? Bu necə ola bilərdi? Aylardır axtardığım insan, indi mənim qarşımda dayanmışdı!
Bu, bir təsadüfdürmü? Axı təsadüf deyə bir şey yoxdur? Öz-özümə suallar yağdırmağa başladım. Lalənin dilindən tez-tez eşitdiyim bu adın, Əli ilə hansısa əlaqəsinin ola biləcəyini heç düşünməmişdim.
Düşüncələrimin içində itib-batarkən bir də ayıldım ki,
Rüstəm bəylə üzbəüz dayanmışam. Gözlərimə baxır, mən də baxışlarımı ondan çəkə bilmirdim.
O an otaqda sükut hökm sürürdü. Sükutu isə Rüstəm bəyin səmimi və sakit səsi pozdu:
- Salam.
- Salam, xoş gəlmisiniz, buyurun, əyləşin.
Mən, Rüstəm bəyə işarə edib oturmağa dəvət etdim. O, göstərdiyim yerə əyləşdi. Bu anda, Əli diqqətlə üzümə baxıb çaşqınlığımı hiss etdi və dilləndi:
- Bilirəm, Humay xanım, çox təəccübləndiniz. Açığı, ilk dəfə siz Rüstəm bəydən danışanda, onun bizim qonşuluğumuzda yaşayan, hər kəsin böyük hörmət bəslədiyi o insan ola biləcəyi ağlıma gəlməmişdi.
Mən heyrətimi gizlədə bilmədim:
- Bəs siz onun məhz həmin Rüstəm bəy olduğunu necə anladınız?
Əli arxayın halda cavab verdi:
- Siz, Rüstəm bəydən danışarkən, onun tez-tez bir ifadə işlətdiyini demişdiniz. Dediniz ki, bu sözü harada eşitsəniz, sizə onu xatırladacaq. Mənimsə yadıma düşdü ki, qonşuluğumuzdakı Rüstəm bəy də, eyni ifadəni tez-tez işlədir. Yenə də tam əmin olmadan, sizə heç nə demək istəmədim. Ona görə özü ilə danışmağı gözlədim.
Birdən hər şey mənə aydın oldu.
- Hə, bildim, yəqin ki…
Elə bu anda həm mən, həm də Rüstəm bəy eyni vaxtda həmin cümləni səsləndirdik:
- “Mən zarafatı sevirəm, çünki həqiqətlər mənə ağır gəlir.”
Otaqda birdən səmimi gülüş səsləri yüksəldi. Sanki bir anlıq hər şey dəyişdi, gərginlik dağıldı. Mən sevinc dolu bir səslə dedim:
- Çox sağ olun, Əli bəy. Görürsünüz, dostunuz bu ifadəni boşuna işlətməyib. Siz hər vəziyyətdə bir qəhrəmanlıq nümayiş etdirirsiniz. Sizi tanımaq çox xoş oldu. Hamımızın qəhrəmanı – Əli Camaloğlu!
Əli başını aşağı salıb təvazökarlıqla cavab verdi:
- Çox sağ olun, Humay xanım. İcazənizlə, mən artıq gedim. Hər şey üçün sizə sonsuz təşəkkür edirəm.
O, bir daha minnətdarlıq dolu baxışla bizə gülümsəyib, sakitcə otaqdan çıxdı. Onun getməsi ilə otaqda boşluq hiss olundu. Lakin eyni zamanda, içimdə bir rahatlıq da vardı. Əli kimi insanların varlığı yaşamağa ümid verirdi.
(İyunun 2-də sizlərə 10-cu hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


