ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

"Saxsıdakı bir çiçək belə, yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması sağlam şəkildə böyüməsi üçün yetərlidirmi"?

                              Naşide Gökbudak

 

O uşaqların evi var idi, yatağı isti, qarınları da tox idi, amma gözlərində izah olunmayan bir ağrı, bir kədər vardı.

Bəlkə də, bu baxışlar bir cümlə söyləyirdi:

-Axı niyə?

Elə mən də o sualı öz qəlbimdə təkrarlayırdım: "Axı niyə?"

 

Özümə söz vermişdim Nur uşaqlar evini ziyarətə gedərkən ağlamayacağam, körpələrə xoş olmaya bilər, amma qəlbimlə gözlərim dərdləşərkən göz yaşlarının qarşısını ala bilmədim. Elə həmin  gün Bakıya güclü dolu da yağdı. Sanki göylər də mənim kimi çox Kövrəlmişdi, səmanın göz yaşları da qəlbli buz insanlar kimi buza dönüb doluya çevrilmişdi.

 

Uşaq evindəki "sakinlərin" özü bir hekayə idi, özləri bir təsirli poetizm idi.

Üzlərindən, gözlərindən daxili dünyalarının mənzərəsi duyulurdu.

Bəziləri körpə gülüşünə, körpə baxışına həsrət ikən, bəziləri özlərini bu gözəl hisslərdən məhrum etmişlər.

Mənə təsir edən bir məqam yol boyu daxilimdə ağrı yaradırdı. Bir körpəyə masadakı bütün qidalardan uzatdım, amma o heç birini istəmədi, hətta başı ilə - bədən dili ilə yox deyirdi.

Təsirlənib üzünə baxıb nə istədiyini soruşdum.

O, qollarını açıb boynumu qucaqladı, deməli, o sevgiyə ac imiş..

Gözlərim doldu, onu öz balam kimi sardım. Bəlkə də, az da olsa, analıq şəfqətini duya bilmişdi. 

Anladım ki, ən böyük aclıq sevgi aclığıdır.

Hansı yaşda olursan ol, sevgiyə ehtiyacın var. İstər uşaq, istər cavan, istərsə də yaşlı ol.

Həmin gün mərhəmətinə sığınan insanlardan da " Nur" uşaq evinə ziyarətə gələnlər də vardı.

Körpələrə sarılıb sevgi ilə bəsləyirdilər, özləri isə göz yaşları ilə boğazlarını yaşlayırdılar.

Xanımlardan biri Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktor vəzifəsini icra edən Aygün Mustafayeva digəri isə 276 nömrəli  tam orta məktəbin direktoru Xoşqədəm Məmmədova idi.

Bir gözləri az da olsa, kömək etdikləri üçün sevinirdi, bir gözləri isə kədərdən ağlayırdı.

Ülviyyə Əbülfəzqızını isə bu bir neçə saatlıq ziyarət hələ çox ağrıdacaqdı, çünki onun obrazlarının çoxu da sevgi aclığından əziyyət çəkir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin taleyindən nigaran getdiyi, bir gün hürr olacağına ümidini itirmədiyi Vətənində dəfn olunan ilk ailə üzvü idi

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

Ulu Öndər Heydər Əliyevin Vətən tarixi qarşısında xidmətləri saysızdır. Ana dilini Anayasada təsbit etməsi, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi qurması, “Əsrin müqaviləsi”nə imza atması nə qədər əhəmiyyətlidirsə, üç qüdrətli tarixi şəxsiyyətin ruhuna ehtiram nümayiş etdirməsi müqayisəyə gəlməzdir. 1982-ci ildə Hüseyn Cavidin nəşini uzaq Sibir çöllərindən  Naxçıvana, 1994-cü ildə  Akademik Zərifə xanım Əziz qızı Əliyevanın nəşini Moskvadan Bakıya gətirib Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşduran Ulu Öndər Heydər Əliyevin Siyasi hakimiyyətinin ikinci mərhələsinin ilk ikinci ayında aldığı qərar onun bir Lider kimi əzəmətinin, qüdrətinin göstəricisidir.

1993-cü ildə Azər Məhəmməd Əmin oğlu Rəsulzadənin nəşinin xüsusi təyyarə ilə  Qazaxıstandan Bakıya köçürülməsi milli-mənəvi dəyərlər tariximiz üçün nə qədər qiymətlidirsə, milli dövlətçilik tariximiz üçün bir o qədər dəyərlidir. Ulu Öndərin Azər Rəsulzadənin vəsiyyətinə münasibəti isə əslində bir Lider olaraq onun Cümhuriyyət Qurucularına, Rəsulzadə irsinə və şəxsiyyətinə münasibətinin göstəricisi idi.  

 

Rəsulzadə qorxusu, xofu İosif Stalini heç zaman tərk etmədi

Xalq Cümhuriyyəti devrildikdən, Bolşevik Rusyası Azərbaycanda qələbə çaldıqdan sonra Cümhuriyyət qurucularının bir çoxu Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,  Xudadat bəy Rəfibəyli kimi ya yerində güllələndi, ya da mühacirəti qəbul etmək məcburiyyətində qaldı.  Bir çoxları ilə münasibətinin olmasına baxmayaraq İosif Stalin onlarla düşmənçilik münasibətlərini davam etdirdi.  Məhəmməd Əmin Rəsulzadə qorxusu, xofu isə onu heç zaman tərk etmədi. Əldə olunan məlumatlardan bəlli olur ki, o,  Rəsulzadədən canını bir dəfəlik qurtarmaq üçün hər gün dayanmadan qərarlar alır.

1937-ci ilin dəhşətli repressiyaları düşüncəsini gerçəkləşdirmək üçün Stalinə münbit şərait yaradır. Bu vaxta qədər Rəsulzadənin ata və anası artıq dünyasını dəyişmişdi.  Sağ qalan qohumları isə məhz bu məşum ildən təqib olunmağa başlayır. 1937-ci ildə oğlu Rəsul Novxanıda həbs olunaraq 19 yaşında güllələnir. Rəsulzadənin ögey anası Maral xanım həmin ildə Qazaxıstana sürgünə göndərilir və burada vəfat edir. Həyat yoldaşı Ümbülbanu xanım oğlu Rəsulun faciəli ölümünü unuda bilmir, 1939-cu ildə  sürgünün məşəqqətləri içərisində ürəyi dayanır. Rəsulzadənin ilk övladı Lətifə xanım 1943-cü ildə qızı İşvə ilə birlikdə Qazaxıstanda soyuqdan donaraq ölür. Rəsulzadənin digər qızı Xalidə xanım isə həmin il sürgündən qaçıb Bakıya gəlməyi bacarır. Bir müddət xalası Ümmügülsümün  evində qalır. Həmin ərəfədə xalasının həyat yoldaşı şair Seyid Hüseyn də təqib olunurdu. Bu səbəbdən də Xalidə xanım qaranlıq gecələrin birində Şamaxıya getmək üçün yola düşür,  ancaq ondan bir daha xəbər alınmır.

 

Azər 56 il sürgün həyatı yaşadıqdan sonra Qazaxıstanda dünyasını dəyişir 

Rəsulzadə ailəsindən sağ qalan yeganə şəxs və varis oğlu Azər olur. Stalin Məhəmməd Əmin Rəsulzadəni Moskvaya danışıqlara çağırarkən ailəsi ilə vidalaşmaq üçün evə gedən Rəsulzadə beşikdəki kiçik oğlu Əliheydərin adını dəyişib, Azər qoymağı tapşırır. 1937-ci ildə anası və bacıları ilə birlikdə sürgünə gedən Azər 56 il sürgün həyatı yaşadıqdan sonra Qazaxıstanda dünyasını dəyişir.  Oğlu, rəssam Rəis Rəsulzadə nə qədər cəhd etsə də atasının cənazəsini Azərbaycana gətirə bilmir. Bu zaman məsələ haqqında məlumat ikinci dəfə Siyasi hakimiyyətə cəmi 24 gündür gələn Ulu Öndər Heydər Əliyevə çatır. Heydər Əliyev həmin an xüsusi təyyarə ilə nümayəndə heyəti göndərir. Azər Rəsulzadənin cənazəsi Bakıya gətirilir. Ulu Öndər onun Fəxri Xiyabanda dəfn olunması barəsində göstəriş versə də, oğlu Rəis Rəsulzadə atasının Novxanıda, dəfn olunmasını vəsiyyət etdiyini bildirir. Azər Rəsulzadənin son vəsiyyəti nəzərə alınır. O Novxanıda babası - Hacı Molla Ələkbərin yanında dəfn olunur. Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin taleyindən nigaran getdiyi, bir gün hürr olacağına ümidini itirmədiyi Vətənində dəfn olunan ilk ailə üzvü idi.

 

  “Bu milləti daima əsarət altında saxlamaq olmaz, o qədim dövlətlər qurmuş, azadlığın dadını hiss etmiş, duymuş xalqdır!”

Məhəmməd Əmin Rəsulzadə ömrünün mühacirətdə keçirdi.  71 yaşında, 1955-ci il martın 6-da,  Ankarada “Azərbaycan,  Azərbaycan, Azərbaycan!” nidası ilə dünyaya vida nəğməsi oxudu. Martın 8-də isə “Əsrin” qəbiristanlığında torpaq müqəddəsliyinə qovuşdu.  Vida mərasimində nüfuzlu tarixi şəxsiyyətlər iştirak etdi. Azərbaycan bayrağına bükülən liderlərini “Bir kərə bayraq, bir daha enməz!” nidası ilə Tanrı dərgahına yola saldılar.

Üstündən illər, on illər ötəndən sonra mənsub olduğu millətin beynlərinin şırımlarına “Bu milləti daima əsarət altında saxlamaq olmaz, o qədim dövlətlər qurmuş, azadlığın dadını hiss etmiş, duymuş xalqdır!” nidası ilə Əbədi İstiqlalın toxumlarını səpən Rəsulzadənin istəyi gerçəyə çevrildi. 

 

“Bu millət əvvəl –axır həqiqətin mizanını quracaq. Ona Tanrıdan ərmağan olan dövləti yenidən dirçəldəcək!”

Onun öndərliyi ilə qurulan Cümhuriyyətin hilallı, ulduzlu, üçrəngli Bayrağı 70 il sonra Vətən torpaqlarının hər guşəsində dalğalandı. Ötən əsrin önündə yoxdan bir dövlət qurub, bayraq yapan millət zamanın quruluşun üstünə yeriyib Əbədi İstiqlala nail oldu. Müstəqillik aktına imza atdı.

Tarix Rəsulzadənin qüdrətini, onun oğlunun – vərəsəsinin nəşini  Qazaxıstandan Bakıya – ata yurduna gətirən Ulu Öndər Heydər Əliyevin əzəmətini,  Rəsulzadənin nəslini kəsmək üçün  bütün qüvvələrini səfərbər edən İosif Stalinin rəzalətini yaddaşına yazdı.  Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 108, Stalinizmin Rəsulzadələrə yaşatdığı sürgün dəhşətlərindən 89 il ötür.  Ankaradan “Əsrin” məzarlığından boylanan Cümhuriyyət Qurucusu  həsrətə, nisgilə rəğmən “Bu millət əvvəl-axır həqiqətin mizanını quracaq. Ona Tanrıdan ərmağan olan dövləti yenidən dirçəldəcək!” nidası ilə hüzur bulur. Mənsub olduğu milləti Şuşa qalasında, Xüdafərin körpüsündə bayrağa döndərən,  “Ümid körpüsü”nü quran, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə uzanan yolu göstərən, İstiqlal Abidəsini ucaldmaqla, dünyanın ən möhtəşəm Bayraq Meydanını qurmaqla İmperiyalara meydan oxuyan, Cümhuriyyət qurucularının yarımçıq arzularını gerçəyə çevirən Liderlərə   Ulu Öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə ehtiramını bildirir, şükran duyğularını dilə gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

İşıqlandırma mərasimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.

https://www.youtube.com/watch?v=mH4xH4J-fbg

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Siyasətçilər səhnədən gedə bilər, ancaq ədiblər qalırlar, öz əsərləri, kitabları ilə daim aktual ola bilirlər.

Haqqında danışacağım Sona Vəliyevanın mətbuatımıza və ədəbiyyatımıza qatqıları çox olubdur, bu gün də onun doğum günüdür.

Niyə haqqında bəhs etməyək ki?

 

Sona Məhəmməd qızı Vəliyeva 29 may 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1984–1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışıb.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb.

1999-cu ildən 2020-ci ilə qədər "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəri olub. 2016–2019-cu illərdə Azərbaycan Dillər Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktorudur. Müstəqillik dövrü Azərbaycan poeziyasının şairlərindəndir. Şeir yazmağa hələ orta məktəb illərindən başlasa da, ilk kitabı "Çəhrayı rəngli dünyam" 2007-ci ildə nəşr edilib.

Daha sonra "Arazbarı" (2011), "Dünya Tanrı biçimdədir" (2017), "Yağışda islanan dua" (2020), "Ömrün yaddaşı" (2022)[13], "Bulud arzular" ("Обернуться бы облаком…)" (2025, Bakı) və "İşığın ayaq səsləri" (2025) şeirlər kitabları yayımlanıb. Bu kitablar haqqında ədəbi ictimaiyyət tərəfindən onlarla araşdırma məqaləsi, elmi şərhlər yazılıb.

S. Vəliyeva haqqında elmi və publisistik məqalələr "Bitməyən söz" (2017), "Sözün işığı" (2019), "Sözə dünyəvi nəzər" (2022), Mahmud Əyyublu. "Sona Vəliyevanın poetik dünyası" (2022), "Sona Vəliyevaya ünvanlanmış yeddi açıq məktub" (2022), Ə. Mədətoğlu "Sözə ünvanlanmış 15 məktub" (2022) və s. kitablarda toplanıb. Həmin kitablarda 300-dən çox yerli və xarici ictimai xadimin, alim, şair, yazıçı və jurnalistin Sona Vəliyevanın bədii və elmi yaradıcılığı haqqındakı yazıları və məqalələri yer alıb.

Şeir kitabları xarici ölkələrdə də tərcümə və çap olunub. Belə kitablar sırasına onun "Arazbarı" (İstanbul, 2015), "Türkün gəlişi" (İstanbul, 2015), "Dualar, sevgilər" (Tehran, 2015), "Arazbarı" (Təbriz, 2015), "Аразбари" (Kazan, 2016), "Мир, где повстречались мы с тобой" ("Bu dünya görüş yerimiz", Bakı, 2017), "Ağır damlalar" (Tiflis, 2017), "Cbet y kom cpetocmo ce tu u ja" ("Bu dünya görüş yerimiz", Serbiya, 2018) və s. əsərləri aiddir.

Bundan başqa, S. Vəliyevanın şeirləri ingilis, rus, fars, fin, Belarus, özbək, qazax, qırğız, tatar və s. dillərdə, müxtəlif mətbuat orqanlarında yayımlanmış, haqqında onlarla elmi məqalələr, araşdırma yazıları qələmə alınıb. Sona Vəliyeva ölkə həyatında baş verən hadisələrə, həmçinin ədəbi, elmi mətnlərə münasibət bildirən yazarlardan biridir.

"Səs" qəzetindəki fəal jurnalistik fəaliyyəti, habelə Azərbaycan və rus dilində nəşr edilən, təsisçisi olduğu "Kaspi" qəzetindəki məqalələri, "525-ci qəzet" və "Ədəbiyyat qəzeti"ndəki müsahibələri, "Azərbaycan", "Ulduz" kimi jurnallarda, həmçinin digər mətbu orqanlarındakı elmi və publisistik yazıları dərc edilib. Publisistik yazıları "Zaman xəbərsiz ötdü" (2012) və "Ruhun yaddaşı" (2017) kitablarında çap olunub.

Habelə həmin kitablardan müxtəlif yazılar xarici dillərə tərcümə olunaraq nəşr edilib. Bu sahədəki fəaliyyəti Azərbaycan dövləti, Prezident İlham Əliyev tərəfindən qiymətləndirilmiş və S. Vəliyeva 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti adına layiq görülüb. Mətbuat tarixi və medianın problemləri haqqında yazdığı onlarla araşdırma məqaləsi dərc olunub və publisistik kitablarında yer alıb.

İlk dəfə 1881-ci ildə işıq üzü görən "Kaspi" qəzetini 1999-cu ildə yenidən təsis edib, 2020-ci ilə qədər onun ideya rəhbəri olduğu bu qəzet Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin formalaşması baxımından rol oynayıb. "Kaspi" qəzeti uzun illərdir iki dildə – Azərbaycan və rus dillərində yayımlanır. 2016-cı ildə "İşığa gedən yol" adlı qalın bir tarixi roman yazıb. Roman Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs edir. Əsər xarici ölkələrdə rus, fars, ərəb və türkcə çap olunub. Azərbaycanda çap olunandan sonra bu roman haqqında onlarla elmi məqalə, araşdırma və rəylər yazılıb. Bu roman 2016-cı ildə Mətbuat Şurasının Ali Media Mükafatına (1-ci dərəcəli) layiq görülüb.

2017-ci ildə "Ən yaxşı roman" nominasiyası üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatının qalibi olub. 2024-cü ildə "Qapı sirri" adlı yeni nəsr kitabı nəşr olunub. Kitabda "Qapı sirri" və "Dinozavrların ölümü" adlı povestlər və "Quşların duası" adlı alleqorik hekayə yer alıb.

Onun "Azərbaycançılıq ədəbi-estetik təlim kimi" (2002) və "Milli Dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası" (2003) kitabları dövlətçilik tarixinin mədəniyyət və ədəbiyyatdakı milli ideologiyanın şərhi barədə araşdırmalardır.

Ölkə ictimaiyyəti və elm adamları tərəfindən təqdir olunan bu elmi əsərlər bu gün Azərbaycanda və qonşu ölkələrdə yaxın və oxşar mövzularda tədqiqat işi aparanların əsas istinad mənbələrindən sayılır.

2005-ci ildə "Azərbayçançılıq ideyası ədəbi-estetik təlim kimi: təşəkkülü və inkişafı" namizədlik dissertasiyası ilə filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktorluğu), 2018-ci ildə isə "Hüseyn Cavidin poetikası" doktorluq işi ilə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. Hüseyn Cavid irsinin araşdırılması, tədrisi və dünyada təbliği istiqamətində işlər görüb.

Onun təşəbbüsü nəticəsində "Hüseyn Cavid. Əsərləri" kitabı Türkiyədə türkcə nəşr edilib. Bu nəşr üç il İstanbul Kitab Sərgisində nümayiş etdirilib. Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Sibirdən vətəninə qaytarılması ilə bağlı onun təşəbbüsü ilə "Hüseyn Cavid. Vətənə qayıdış" (2014) yazı müsabiqəsi keçirilib, toplanan əsərlər onun redaktorluğu ilə nəşrə hazırlanıb.

Məhz bu nəşr sayəsində H. Əliyevin tarixi göstərişi ilk dəfə söz və qələm adamları tərəfindən elmi şərh olunub. Daha sonra S. Vəliyevanın rəhbəri olduğu "Kaspi nəşrləri" seriyasından "Hüseyn Cavid. Vətənə qayıdış" foto-albomu işıq üzü görüb.

Bu nəşrdə H. Cavidin cənazəsinin qalıqlarının vətəninə qaytarılması, həyat və yaradıcılığının ayrı-ayrı dönəmlərini əks etdirən nadir fotolar, eləcə də Cavid irsinin təbliği mövzusunda İstanbul, Ankara, Kipr universitetlərində, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən elmi konfranslardan foto və materiallar yer alıb.

Yüksək poliqrafik icrası ilə seçilən bu nəşr Cavidşünaslıq tarixində sənədlər, faktlar, fotolar baxımından seçilən kitablardan biri sayılır və son illərdə tədqiqatçıların yararlandıqları mənbələr sırasındadır.

Cavid irsinin Türkiyədə təbliği istiqamətində də bir sıra xidmətləri mövcuddur. Anadolu Universitetində "Hüseyn Cavid. Əsərləri" (21 iyun, 2014) və İstanbul Universitetində (eyni adlı kitab, 15 noyabr 2013) kitabının təqdimatı və ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslarda S. Vəliyeva məruzə oxuyub, dramaturqun yaradıcılığı barədə fikirlər söyləyib.

Bununla yanaşı, nəşr məsləhətçisi olduğu Hüseyn Cavidin əsərləri İranda fars dilində nəşr olunub. "Avayi-münci" nəşriyyatında çap olunan kitablar "Şeyx Sənan" (Qum, 2015) və "Hüseyn Cavid xəzinəsindən" ("Peyğəmbər", "Maral", "Şeyx Sənan", Qum, 2016) çap olunub.

Onun təşəbbüs və iştirakı ilə təşkil olunan Hüseyn Cavid konfranslarının – Özbəkistanda Nizami Gəncəvi (2018), Qazaxıstan Əl-Fərabi Universiteti (2018), Özbəkistan – Ürgənç Universiteti (2019) – keçirilməsində əsas məqsəd mütəfəkkir şairi bütün türk dünyasına tanıtmaq olub.

"Hüseyn Cavid sənətinin qüdrəti" (2018), "Müasirləri Hüseyn Cavid haqqında" (2018) "Hüseyn Cavid və müasirləri" (2019) və "Hüseyn Cavid ədəbi irsinin poetikası" (2019) adlı daha dörd kitabı da nəşr olunub. Onun təşəbbüsü ilə Hüseyn Cavidin "Seçilmiş əsərləri" (2021) Qırğızıstanda da tərcümə və çap etdirilib.

 

Mükafatları:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə 2005-ci ildə səmərəli yaradıcılıq fəaliyyətinə görə "Tərəqqi" medalına, 2012-ci ildə isə jurnalistika sahəsindəki xidmətlərinə görə "Əməkdar jurnalist" adına layiq görülüb. 2018-ci ildə Özbəkistanın Ürgənc Dövlət Universitetinin Fəxri professoru seçilib.

O həmçinin bədii yaradıcılıq sahəsindəki xüsusi xidmətlərinə görə Ümumdünya Türk Xalqları Konqresinin qızıl medalına, TÜRKSOY-un “Molla Pənah Vaqif” medalına, o cümlədən Həsən bəy Zərdabiyə həsr olunmuş "İşığa gedən yol" romanına görə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə", Mətbuat Şurasının Ali Media mükafatına da layiq görülüb. Qırğızıstan Milli Yazıçılar Birliyi onu "Qızıl qələm" mükafatı ilə təltif edib

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Aysel Kərim,

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi.

“Ədəbiyyat və incəsənət”
 

Azərbaycan bəstəkarlıq məktəbinin yetirdiyi ən parlaq simalardan biri, qlobal musiqi məkanında milli mədəniyyətimizin modern vizyonunu diktə edən Xalq artisti Firəngiz Əlizadənin ömür yolu, mahiyyət etibarilə, sənətdə intibah xronikasıdır. Onun yaradıcılığı musiqi elmində milli ənənələrin qorunması və eyni zamanda qlobal sənət kontekstinə inteqrasiyası baxımından fundamental bir tədqiqat obyektidir.

 

Firəngiz Əlizadə dühası sadəcə not vərəqlərinə köçürülmüş musiqi deyil, zamanın fövqündə dayanan, Azərbaycan ruhunu ağ kağızın üzərində bəşəri fəlsəfəyə çevirən bir tarixdir. Onun ömrünün 79-cu zirvəsinə boylanarkən, qarşımızda sadəcə dünyaşöhrətli bir bəstəkar deyil, muğamın genetik kodunu müasir musiqinin fəlsəfəsi ilə yoğuran, Şərqin qürurunu Qərbin böyük səhnələrində heyranlıqla ayaq üstə alqışladan bir Səs Memarı görürük. Bu səs bizim milli qürurumuzun, dünyaya açılan pəncərəmizin və sənətin ölümsüzlük fəryadıdır.

Firəngiz Əlizadə sənətinin konseptual əsasını dahi Üzeyir Hacıbəyli və Qara Qarayev ənənələrinin varisliyi təşkil edir. Bu varislik milli kodların tamamilə yeni, struktur baxımından mürəkkəb bir dildə yenidən şifrələnməsi üzərində qurulub.        

Onun yaradıcılıq kökləri doğma torpağın dərinliklərinə bağlı olan, budaqları isə dünya musiqi sənətinin zirvələrinə uzanan əzəmətli bir çinar kimidir. Bu sənət fəlsəfəsi, gələcək musiqiçi nəsilləri üçün tükənməz bir elmi-bədii mənbədir. Firəngiz xanım Azərbaycanın intellektual elitasının ön cəbhəsində dayanan bir professordur. Onun hər bir əsəri milli musiqi irsimizin dünya elmi və mədəniyyəti kontekstində necə fundamental çəkiyə malik olduğunu bir daha sübut edir.

Zamanın axınında elə sənətkarlar var ki, onlar sadəcə öz dövrlərinin deyil, gələcək əsrlərin də mədəniyyət xəritəsini çəkirlər. UNESCO-nun "Sülh Artisti" Firəngiz xanım Əlizadə məhz belə bir yaradıcılıq missiyasının daşıyıcısıdır. O, təkcə milli musiqimizin deyil, müasir dünya bəstəkarlıq məktəbinin canlı əfsanəsidir. Onun musiqisində Üzeyir bəy ənənələrinin genetik kodu, Qara Qarayev məktəbinin monumental fəlsəfəsi və müasir dünyanın səs axtarışları vəhdət təşkil edir. O, muğamın mistik ruhunu müasir notların dili ilə dünyaya elə bir ustadlıqla təqdim etdi ki, bu səs dalğası sərhədləri aşaraq bəşəriyyətin ortaq mənəvi sərvətinə çevrildi.

Əgər sənətin taleyi insanın alnına yazılan bir qismətdirsə, Firəngiz Əlizadənin qisməti Şərqin ruhunu dünyaya bəyan etmək missiyası idi. 

Bu gün biz onun yaradıcılığının 79-cu akkordunu dinləyərkən, sənətin keçdiyi o çətin, lakin möhtəşəm yola şahidlik edirik. Onun həyat və yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin  əvəzolunmaz səhifəsidir. O, təkcə musiqi yazmadı; o, Şərq qadınının intellektual gücünü, sənətdəki sarsılmaz iradəsini dünyaya sübut edən bir kitabın ilk cümləsini yazdı...

Bir qadın sənətkar olaraq Firəngiz xanım dünya musiqi elitasında özünəməxsus zəriflik və dəyanət simvoludur. Şərəfli ömür yolu gənc bəstəkarlar və musiqişünaslar nəsli üçün əsl Universitetdir. Onun ustad dərsləri, rəhbərlik etdiyi layihələr və Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı misilsiz xidmətləri elmi və yaradıcı dairələrdə hər zaman ən yüksək qiymətə layiq görülüb. 

Firəngiz Əlizadə fenomeni təkcə müasir Azərbaycan və dünya musiqi tarixinin zirvəsi deyil, həm də sənətdə böyük bir məktəbin, sarsılmaz bir estetik missiyanın təcəssümüdür. Onun yaradıcılığının fəlsəfi dərinliyi bəşəriyyətə və zamana xitab edərkən, bir rəhbər və sənətkar kimi fəaliyyəti gələcək nəsillərin mənəvi mayasını yoğurmaqdadır.

Azərbaycan musiqi mədəniyyətinin dünya miqyaslı fəxri Firəngiz Əlizadə məhz belə bir ömrün - 79 illik şərəfli, lakin bir o qədər də keşməkeşli taleyin sahibidir. Onun keçdiyi yol həm sənətdə, həm də öhdəsinə düşən hər bir məsuliyyətli işdə böyük sınaqlardan keçib. Lakin bu yolun ən heyranedici tərəfi odur ki, Firəngiz xanım ən sarsıdıcı dalğalarda belə öz daxili dünyasının bütövlüyünü qoruya bildi.

Həqiqi sənət heç vaxt hamar yollarla gəlmir. Lakin görkəmli bəstəkarın sənət fəlsəfəsi elə bir təmələ söykənirdi ki, heç bir maneə onun yaradıcılıq eşqini söndürə bilmədi. 

Firəngiz Əlizadə sadəcə bəstəkar deyil, həm də əsl təşkilatçıdır. İdarəçilik və iş həyatı öz-özlüyündə dərin məsuliyyət və bəzən də amansız bir mübarizə meydanıdır. Bu qədər gərgin iş rejimində, müxtəlif xarakterli insanların və hadisələrin axınında öz humanist prinsiplərinə sadiq qalmaq dərin insanlara xas olan xüsusiyyətdir. 

Firəngiz Əlizadə bu gün təkcə Azərbaycanın deyil, bəşəriyyətin musiqi xəzinəsini zənginləşdirən bir sənətkardır. Lakin onun ən böyük bəstəsi sənətdə və həyatda dik duraraq, öz mənəviyyatını qoruyaraq yaşadığı ömür yoludur.

Bəzən bir millətin əsrlərlə yığılıb qalan dərdini, sevincini və qürurunu dünyaya çatdırmaq üçün bir neçə dəqiqəlik bəstə bəs edir. Firəngiz Əlizadə musiqisi məhz belə bir möcüzədir- ruhu titrədən, insanı öz içindəki kainatla üz-üzə qoyan bir fəlsəfə. Azərbaycan adını dünyanın ən mötəbər salonlarında dalğalandırarkən hər birimizə bir sənətkarın milləti üçün edə biləcəyi ən uca fədakarlığı yaşatdı.

Musiqi elminin çətin lakin müqəddəs yollarında addımlayan bir gənc kimi özümü  Firəngiz Əlizadə məktəbinin tələbəsi hesab edirəm. Çünki onun mənə bəxş etdiyi bu hiss təkcə bir sədrin ali diqqəti və qayğısı deyil; bu, ruhu isidən, yaradıcı insanı addım-addım ucaldan şəfqət dolu istilikdir.

Əziz və dəyərli Firəngiz xanım! Sizin varlığınız sənətin zamansızlığına olan inamımızdır. Sizi ömrünüzün bu gözəl, müdrik çağında - 79 yaşınız münasibətilə ürəkdən təbrik edirik. Sizə cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Varlığınız, sənətiniz Azərbaycan musiqi mədəniyyətinin vizit kartıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2026)

 

Cümə axşamı, 28 May 2026 12:03

71 il qısadır 701 gündən

1918-ci ilin 28 may günü! Günə sığmayan gün!

 

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

O gün – bir millətin öz yığvalını öz əlinə alma iradəsinin, susdurulmuş bir haqqın, içində köz kimi qorunan dövlətçilik ruhunun yenidən alovlandığı gündür. O gün, Yerin Gündoğarında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünyaya duyuruldu. 

 

Tarixdə elə günlər var, onlar təqvimdən daha dərində – ulusun alın yazısında yaşayır. 28 May bax belə bir gündür.

Bu tarix bir dövlətin quruluşundan daha artıq anlam daşıyır. Bu, bir ulusun “mən varam” deməsi idi. Çar imperiyasının dağıntıları içində, siyasi xaosun, savaşların, işğalların, aclığın və qeyri-müəyyənliyin hökm sürdüyü bir zamanda Azərbaycan aydınları, milli düşüncə adamları, istiqlal mücahidləri tarix qarşısında misilsiz bir məsuliyyət göstərdi. Onlar müstəqil dövlət qurarkən gələcəyin Azərbaycanını üfüqgenişliyi ilə təsəvvür etdi.

Bu baxımdan, İstiqlal Bəyannaməsi bir hüquqi sənəd olmaq etibarıyla, milli ruhun çağırışı, sözün ən olumlu anlamı ilə – hayqırışı idi!

Bəli, Azərbaycan Xalq Cümhuriyyəti çox yaşamadı – toplam 23 ay, başqa sözlə, 701 gün…

Ancaq bəzi dövlətlər onillər yaşayıb tarixdə iz qoya bilmir yaxud elə iz qoyur, deyirsən “iz qoymasa daha yaxşı olardı”; bizim şanlı Cümhuriyyət isə iki ilə ulusun əbədi yaddaşına çevrildi, dörd yanaş Günəş kimi şəfəq saçdı. Qısa ömründə parlament yaratdı, dövlət atributlarını təsis etdi, milli ordu qurdu, qadınlara seçki hüququ verdi, universitet açdı, diplomatik münasibətlər formalaşdırdı, milli kimlik şüurunu dirçəltdi… daha da nə mümkündü onu etdi. 

Əslində, Azərbaycan Cümhuriyyəti gündoğarla günbatarın qovuşduğu tarixi körpünu qurmuş oldu. Bir tərəfdən türk-islam mədəniyyətinin mənəvi dəyərlərinə söykənir, digər tərəfdən Avropa parlamentarizmini, hüquqi dövlət modelini və demokratik idarəçilik prinsiplərini mənimsəyirdi. Bu sintez əsla təsadüf sayılmamalı, Azərbaycan coğrafiyasının, mədəniyyət iqliminin və ruhunun təbii ifadəsi bilinməlidir.

O dönəmin qurucu şəxsiyyətləri – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqaları – milli zamanın memarları idi. Onların qurduğu dövlət süqut etsə də, ideyası süqut etmədi.

1920-ci ilin işğalı müstəqil Azərbaycan dövlətçiliyini formal olaraq dayandırsa da, milli istiqlal düşüncəsini məhv edə bilmədi. Sovet totalitarizminin sərt illərində belə, 28 May xatirəsi ulusun ruhunda gizli bir istiqlal alxışı, axışı kimi yaşadı. Bu anlamda, Cümhuriyyət ideyası həm də milli-mənəvi dirəniş enerjisi idi.

XX yüzilin sonlarında Azərbaycan yenidən müstəqillik qazandıqda tarix ikinci dəfə qapımızı döydü; lakin artıq dünya dəyişmişdi, bölgə dəyişmişdi, çağırışlar dəyişmişdi. Belə keşməkeşli bir dönəmdə dövlətçiliyin qorunması məsələsi meydana çıxdı. Ümummilli lider Heydər Əliyev məhz bu məqamda müstəqilliyi ideyadan sistemə, arzudan dövlət strategiyasına çevirdi. – Bəli, müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir. – Bu fikir əslində Azərbaycanın son 30-35 illik tarixinin siyasi-fəlsəfi düsturudur.

Müstəqil Azərbaycan indi, ata vəsiyyətini ləyaqətlə yerinə yetirmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib dövlətdir. Qarabağda, Zəngəzurun gündoğarında dalğalanan üçrəngli Zəfər bayrağımız, həm də 1918-ci ildə başlanan dövlətçilik yürüşünün uğur mərhələsidir. 

Bir zamanlar parlament binasından endirilən o bayraq, otuzillik həsrətdən sonra Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda, yüzillik ayrılıqdan sonra isə Xankəndidə dalğalanırsa – deməli, tarix tamamlanmır, davam və inkişaf edir. Azərbaycanın istiqlal ruhu heç zaman məğlub olmayıb. – 28 Mayın ən böyük anlamı da elə budur!

Bu gün biz yalnız keçmişi xatırlamırıq; gələcəyi də qururuq. Cümhuriyyətin qurucuları milli dövlətin təməlini atmışdı, çağdaş Azərbaycan isə həmin təməli beynəlxalq nüfuza və qalib siyasi iradəyə çevirib.

28 May – Müstəqillik Günü – bizim özümüzə dönüş günümüzdür. Bir ulusun yenidən ayağa qalxmasının, öz yaddaşını geri qazanmasının, bayrağını tarixdən gələcəyə daşımasının günüdür 28 May.

Müstəqillik – qazanılmış hüquqdan çox daha üstün – qorunan, yaşadılan və gələcək nəsillərə ötürülən qutsal əmanətdir. 1991-ci ildə onu bərpa etmişik, 1993-cü ildə onu qorumuşuq, 2020-ci ildə Zirvəyə daşımış, 2023-cü ildə nəhayət bütün yadellilərdən, işğalçı, separatçı ünsürlərdən azad etmiş, 2024-cü ildə sülhməramsızlardan da arındırmışıq! 2024-cü ildə sülhməramsız hərbi bölmələr ölkəmizdən çıxınca, bu, 104 illik faktiki, zahiri, formal… – artıq nə desəniz – Kreml işğalçılıq siyasətinin Qarabağda, Azərbaycan Respublikası ərazisində birdəfəlik sonlandırılması oldu.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2026)

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

1918-ci ilin 28 may günü Tiflisdə, Qafqaz Canişininin sarayında cəmi 24 bəndlik İstiqlal Bəyannaməsi oxunanda, təkcə yeni bir dövlətin yaranışı elan olunmadı. Həm də əsrlərdir imperiya caynağında sıxılan, "müsəlman", "tatar" adlandırılaraq milli kimliyindən uzaq tutulmağa çalışılan bir millətin "Biz varıq və müstəqilik!" hayqırtısı tarixə həkk olundu.

Həsən bəy Ağayevin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası tərəfindən imzalanan o tarixi bəyannamə, bu gün üzərində fəxrlə addımladığımız müstəqil Azərbaycanın doğum şəhadətnaməsidir.

 

23 aylıq möcüzə: nələri bacardıq?

​Cəmi 23 ay yaşamasına, daxili və xarici təzyiqlərə, müharibə şəraitinə baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər cümhuriyyət qurucularının ortaya qoyduğu iradə bu gün belə heyranlıq doğurur. Gəlin o qısa müddətdə atılan nəhəng addımları xatırlayaq:

​Gender bərabərliyi: Bir çox Avropa ölkəsindən, hətta ABŞ-dan daha əvvəl — 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququ verildi.

​Milli Ordu: 1918-ci ilin 26 iyununda Azərbaycanın ilk nizami hərbi hissəsi — Əlahiddə Azərbaycan Korpusu yaradıldı.

​Ana dili və Təhsil: Azərbaycan dili dövlət dili elan olundu, məktəblər milliləşdirildi və Bakı Dövlət Universiteti təsis edildi. 100-ə yaxın gənc dövlət hesabına Avropaya təhsil almağa göndərildi.

​Beynəlxalq Tanınma: Paris Sülh Konfransında Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti böyük güclərə Azərbaycanın müstəqilliyini de-fakto tanıtdırmağı bacardı.

​"Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı sadəcə romantik bir fraza deyil, 70 illik sovet işğalı dövründə də qəlblərdə qorunub saxlanılan, 1991-ci ildə yenidən reallığa çevrilən bir inancın formulası idi.

 

Tarixi bilmək keçmişə hörmət, gələcəyə borcdur

​Sosial şəbəkələrdə, cəmiyyətdə bəzən 28 Mayın mahiyyətini, 1918-ci ildə o fədakar insanların hansı məhrumiyyətlərlə bu dövləti qurduğunu tam dərk etməyənlərə rast gəlirik. Lakin bu tarixi bilmək, araşdırmaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

​Bu gün Xankəndidə, Şuşada, laçın və kəlbəcər dağlarında dalğalanan üçrəngli bayrağımız həm də o 23 aylıq Cümhuriyyətin yarımçıq qalmış arzularının gerçəkləşməsidir. Biz 1918-ci ilin 28 mayında əkilən o azadlıq toxumunun bu gün kök atmış, qüdrətli çinarıyıq.

​Müstəqillik Günümüz mübarək! Yaşasın Azərbaycan Cümhuriyyəti!

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2026)

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.

 

FİDAN HÜSEYNOVA (VAHİD)

ƏYRİ KÖLGƏ”

 

Babam Şaqaydan yarım kisə külmə tutub. Nənəm həyətdə deyinə-deyinə balıqları qızardır.

Süfrə başında əyləşiblər. Babam balıqların ətli, ağ yerlərinə baxıb nənəmə ağız büzür: sümüyü yaxşı qızarmayıb.

Hər şeyi görürəm. Özümü axtarıram, amma tapa bilmirəm. Nənəmin boşqabın qırağına yığdığı  tıxlardan biriyəm. Boşqabın kənarından qocaları süzürəm. Birdən özümü nənəmin əlindəki tikəyə yapışmış görürəm. Budur, artıq boğazındayam. Nənəmin boğazı çox dardır; həm də düyün-düyün... Keçməyə yer tapmıram, ilişib qalıram. Onun boğazını cırıb qanında boğulduğum anda ayılıram. Əlimi hövlnak ayaqlarıma uzadıram – yerindədirlər.

Gözümü nənəmgildə açıram. Hamı deyir ki, babamgildə yaşayıram. Amma yox, mən nənəmgildə qalıram.

Son zamanlar yuxularımı qarışdırıram, onları ən xırda detallarına qədər xatırlayıram.

Həyətimizdəyəm. Qızmar günəşin şəfəqləri pələd qapıya qədər uzanan üzüm şelindən süzülüb yerə səpələnir. Həyət naxış-naxışdır. Şelin üstündə iki sağsağan dayanmadan ötür. Onlara baxdıqca ürəyim sıxılır. Sağsağan həyətdə ötəndə bilirik ki, bibimgil qonaq gələcək. Nənəm hazırlıq görür: babamın kəsdiyi çolpaların qanını axıda-axıda bağdan aşxanaya gətirir, çolpaların boğazını yuyur, tüklərini yolmaq üçün çuqun qazan götürür.

Başım gicəllənir. Yenə özümü axtarıram. Mən o ağ çuqun qazanın içində vurnuxan qarışqalardan biriyəm. Nənəm qazanı üzüaşağı çırpır, qarışqaların hamısı yerə tökülür – məndən başqa. Qazanı su ilə doldurub ocağın üstünə qoyur. Qışqırıram, amma səsimi eşitmir. Qarışqaların səsini heç vaxt eşidən olmur.  

Su qaynamağa başlayanda oyanıram. Otağım sərindir. Pəncərədən axıb içəri dolan meh canımı üşüdür.

Dərsdən sonra bütün günü ora-bura qaçır, təkbaşıma oynayıram. Babama, nənəmə işlərində kömək edirəm. Nənəmi çox istəyirəm, babamı da. Amma hərdən babam namaz qılanda istəyirəm ki, onu arxadan  itələyib yıxam.   

Evimizdən tez-tez qarğaşa qopur. Bəzən bu mənim ucbatımdan olur. Özümü çox vaxt yiyəsiz torpaq kimi hiss edirəm.

Yüksəklikdəyəm. Yuxarıdan baxıram, amma harada olduğumu bilmirəm. Bozarmış döşəmə, cırıq divar kağızları, nimdaş cehizlər, çatılmış qaşlar, yanmış günorta yeməyi... Heç nə tanış gəlmir. Anamla atamın şəklini tor basıb. Mənim torum...  Nənəm əlindəki döşəməsilənin ucunu qarnıma sıxır.

Nənəmin xorultusundan səksənib dik ayılıram, tez də sakitləşirəm. Axşamlar lap bərk qorxuram. Hava qaralanda adam cildindən çıxıram. Nə qədər çapalasam da, adam cildinə qayıtmağı bacarmıram.

Evdə yenə qırğın düşüb. Babam kətili nənəmin başına çırpmaq üçün qaldırıb. Səbəbini öyrənməyə vaxtım olmur. O an yerə yıxılıb dişlərimi bir-birinə sıxdığımı xatırlayıram. Bunu əvvəllər haradasa görmüşəm... Babam da, nənəm də çox qorxur. İlk dəfədir onları belə görürəm. Babam çəngəllə dişlərimi aralayır, nənəm üzümə su çırpır. Dişlərimi gördüyüm kimi bərk qıcaya bilməsəm də, yamsılamağa cəhd etmişəm.   

Ayılanda kətilə baxa-baxa kəkələməyə başlayıram. Nənəm dördüncü kətili otaqdan çıxardır.

O gündən sonra bir balaca səs-küy qalxan kimi kəkələyirəm. Nənəmin baxışlarında narahatlıq görünmür. Yəqin mənim yalançı, təlxək olduğumu bilir.

Günlər beləcə keçir, amma gecələr qara kabus olub məni basır. Yuxularım başı kəsilmiş çolpalar kimi ipək yaylıqlı nənəmə qurban gedib.

Bu, əvvəllər xoşuma gəlsə də, tezliklə məni bezdirir. Gözümdən düşən oyuncaqları Kürün qırağındakı zibil dərəsinə ataram. İndi nə edəcəyimi bilmirəm. Nənəm deyir ki, adam yalan danışmaz.

Mən ya adam olmalıyam, ya yalan. Bu oyuna son qoymağa qərar verirəm. Münasib vaxtı gözləyirəm. Güzgünün qabağına keçib məşq eləyirəm: “Baba, nənəmi incitmə! Bəsdir! Qışqırma ona! Siz dalaşanda, mən...”

Yüyürüb onların otağına gedirəm. Nənəm də, babam da məni görmür. O anda, İlahi, necə qorxuram! Ayağımı sürütləyə-sürütləyə babamın düz qarşısında dayanıram. Əvvəlcə səsim çıxmır, sonra bütün gücümlə bağırıram: “Babaaaa!”

Babam susub mənə baxır. Üzü qızarır.

Bədənim tir-tir əsir. Naləmin davamını gətirmək istəyirəm, amma boğazımda nəsə xırıldayır, sözlər düyünlənir, danışa bilmirəm. Birdən hiss edirəm ki, nəfəsim kəsilir. Sanki yenə daşam, sümüyəm, qarışqayam...

Babamın gözlərinə baxıram. Baxışlarında qorxu var, amma heç nə demir.

Mən o gün səsimi birdəfəlik itirirəm.

Və bir də heç vaxt adam ola bilmirəm.

2025 (sentyabr) – 2026 (fevral)

Bakı, tələbə yataqxanası.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2026)


 

 

LEYSAN MİKAYIL OĞLU QƏDİMBƏYLİNİN ƏZİZ XATİRƏSİNƏ

 

Eltən Törəçi,

Dəyər yaradıcısı.

“Ədəbiyyat və incəsənət”

 

Bu gün ocağımızdan bu fani dünyaya sığmayan azad bir ruh uçub getdi…

Əmioğlu desəm də, Leysan mənim üçün sadəcə qohum deyildi. O, mənim balaca qardaşım idi. Bəzi insanların niyə bu qədər fərqli yaradıldığını insan yalnız onları itirəndən sonra anlayır. Leysan heç vaxt sıradan biri olmadı. İçində daim harasa tələsən, zamanın azlığını hiss edən ramolunmaz bir ruh vardı. Bir yerdə qala bilmirdi… Araşdırır, öyrənir, yenilik axtarırdı.

Rəssamlığı bitirmişdi. Keramika sənətinə könül vermişdi. Ən böyük arzularından biri öz emalatxanasını qurmaq idi. Təbiəti sevirdi… Dağları, yürüşləri, oxçuluğu, atıcılığı sevirdi. Amma ən çox da göyərçinləri sevirdi. Bəlkə də öz ruhunu onlarda görürdü — azad, sərhədsiz və göyə yaxın…

Böyük ailə yığıncaqlarını çox sevirdi. Ev dolu olanda daha xoşbəxt olurdu. Zarafatları, bitməyən sualları, o təmiz gülüşü ilə hər məclisə can verirdi. İndi anlayıram ki, bəzi insanlar gedəndə sadəcə özləri getmir… O evin səsi də azalır, istiliyi də.

Onu hamı sevirdi. Çünki qəlbində kin yox idi. Çətinliklər qarşısında yıxılsa da, yenidən ayağa qalxmağa çalışan savaşçı bir ruhu vardı.

Çox qəribə taledir… Leysan şiddətli leysan yağan bir gündə dünyaya gəlmişdi. Bu gün isə yenə leysanlı bir gündə bizi tərk etdi. Sanki yağış onun adına, taleyinə yazılmışdı…

Cəmi 22 yaş…

Sənin yoxluğunu qəbul etmək çox çətindir, qardaşım. Amma sənin səsin, sualların, zarafatların və gülüşün bu evlərin divarlarında həmişə yaşayacaq.

Tanrım məkanını uçmaq etsin, canım qardaşım…

İşıqlar içində uyu, Leysan Bəy…

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2026)

Habil Yaşar,

Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Sumqayıt Poeziya Evində Azərbaycan ədəbiyyatının azad ruhlu şairi, misraları ilə əsrləri aşan Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş “Yenə Müşfiq olaydı…” adlı möhtəşəm poeziya gecəsi keçirildi. Layihənin rəhbəri Gülər Nizamiqızının təşkilatçılığı ilə baş tutan tədbir duyğu dolu anlarla yadda qaldı.

 

Gecədə Mikayıl Müşfiqin əmisi nəvəsi Vahib İsmayılov, Dilbər xanımın qızı Leyla xanım, nəvəsi Nigar xanım və digər ailə üzvləri iştirak edərək böyük şairin əziz xatirəsini yad etdilər. Tədbir boyunca Müşfiqin həyat və yaradıcılığını əks etdirən xüsusi slayd nümayiş olundu, onun qəlblərə toxunan şeirləri isə dirayətli qiraətçilər tərəfindən böyük ustalıqla səsləndirildi.

Ziyalılar və poeziya sevərlər çıxışlarında Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında silinməz iz qoyduğunu, onun azadlıq ruhunun və duyğularının bu gün də yaşadığını xüsusi vurğuladılar. Çünki Müşfiq sadəcə şair deyildi… O, misralarında bir xalqın ruhunu yaşadan söz adamı idi.

Tədbirin əsas məqsədi bir daha xatırlatmaq idi ki, bu dünyadan Müşfiq adlı bir gənc keçdi… Gənc yaşında həyatdan köçsə də, yazdığı misralar hələ də insanların ruhuna toxunur, ürəklərdə yaşayır. Necə deyərlər: “Bəzi şairlər ölür, amma onların yazdığı hisslər heç vaxt ölmür…”

Mikayıl Müşfiqin qısa ömrünə sığdırdığı böyük poeziya bu gün də insanlara sevgini, azadlığı və həyatı hiss etdirməyə davam edir. Onun misraları illər keçsə də öz nəfəsini itirmir. Çünki həqiqi poeziya zaman keçdikcə yox olmur  əksinə, insanın ruhunda daha dərin yaşayır.

“Yenə Müşfiq olaydı…” gecəsi bir daha sübut etdi ki, sözün gücü zamanın fövqündədir. Və Müşfiqin azad ruhu bu gün də poeziyanın işığında yaşayır…

Sonda isə tədbir iştirakçıları Poeziya Evinin qarşısında bu Müşfiqli günü xatirələşdirmək üşün ailə fotosu çəkdirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2026)

24 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.