Qarabaldır – özü qədim, adı qəribə olan kənd Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Sizə sosial şəbəkələrdə “gülməli kənd adı” kimi təqdim olunan bir toponimdən söhbət açmaq istəyirəm.    Söhbət Oğuz (keçmiş Vartaşen) rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşən Qarabaldır kəndinin adından gedir. Bu kənd Kərimli İnzibati Ərazi Dairəsinə daxildir. Dəniz səviyyəsindən hündürlüyü 380 metrdir.

 

Mənbələr göstərir ki, vaxtı ilə Qərbi Azərbaycanda, Gəncə livasının Şəmkir nahiyyəsində və Qax rayonunda bu adda kəndlər, Qarabağda çay, Tovuz rayonunda dağ və s. mövcud olmuş və çoxu indi də var. Qax rayonunda mövcud olan Qarabaldır kəndinin sakinlərinin XVIII əsrin əvvəllərində Oğuz rayonunun Qarabaldır kəndindən köç etdikləri ehtimal olunur. (bunun əksini iddia edənlər də vardır.)  

Qarabaldır kəndi Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropolun (e.ə IV-I əsrlər), Molla qoruğunun (e. I-IV əsrləri) olması da bunu sübut edir. 1824-cü il kameral təsvirinə görə kənddə 55 həyətdə 120 nəfər kişi, 106 nəfər qadın olmaqla 226 nəfər yaşamışdır. 1886-cı il tarixli Zaqafqaziya bölgəsinin əhalisi haqqında statistik məlumatlar toplusunda da Vardanlı kənd icmasında yerləşən Qarabaldır kəndindən bəhs olunur və orada yaşayan azərbaycanlılar "tatarlar" kimi qeyd olunur. Əhali sayı 106 nəfər olaraq göstərilmişdi.

Qarabaldır toponimi diqqət çəkən, maraqlı toponimlərdəndir. Yuxarıda dediyimiz kimi bəziləri toponimi “gülməli kənd adı” adlandırırlar. Bu, əlbəttə, düzgün münasibət və mövqe deyil, toponim barədə məlumatsızlıqdan irəli gəlir. (https://www.yeniavaz.com/ az/news/123780/azerbaycanda-gulmeli-kend-adlari-rus-borisi-mirti-bagirsaq-siyahi).

 “Qarabaldır” toponimin yaranması barədə müxtəlif fikirlər və fərziyyələr vardır.

“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə (II cild, səh:19) göstərilir ki, bu oykonim qara (burada “böyük” mənasında) və “baldır” (burada çıxınti mənasında) sözlərinin birləşməsindən yaranıb, “böyük çıxıntı” mənasını verir. Əlavə olaraq orada qeyd olunur ki, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı olan coğrafi obyektləri burun, bel, baldır, barmaq, dil və s. kimi sözlərlərlə adlandırmaq qanuna uyğun hal olmuşdur. Bu versiyaya üstünlük verənlər çoxluq təşkil edir. Onu da deyək ki, Azərbaycan Respublikası ərazisində "qara" komponentli 130 yaşayış məntəqəsi vardır. Akademik A.Qurbanov bu toponimi təsviri toponim alandırır. Sifətlə ümumi isimin birləşməsindən əmələ gəlmişdir.

Başqa bir xalq versiyaya görə, kəndin adı “qara” və “bal” sözlərinin birləşməsindən əmələ gəlib və “Qarabal” mənası ifadə edir. Deyilənə görə,  tarixən burada insanlar arıçılıqla məşğul olublar. Bu ərazidə arıların nadir yem ehtiyatı olan yemişan tikanı mövcuddur. Onun nektarı isə balın qara rəngə çevrilməsinə səbəb olur (https://bizim.media/az/read/177735/https://bizim. media/az/cemiyyet/177735/adi-ile-meshurlasan-kend-qara-bal-nece-qarabaldir-oldu-foto/)

Bir əcaib versiya da ondan ibarətdir ki, guya burda yaşayanların bədənlərinin rəngi qara imiş. Həqiqətən, əcaib mülahizədir. Bu mülahizəni yürüdənlər hansı məntiqlə bu fikri söyləyiblər, görəsən?

Bir başqa versiyaya görə isə Qarabaldır etnik toponimdir. Xalqımızın etnogenizinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından birinin adı olub. (E.Nuriyev: “Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponomiyası”, Elm, Bakı-1989, səh:80). C.V.Qəhrəmanovun “Opisanie arxeoqrafiçeskix dokumentov“  və T.M.Musəvinin “Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər)”  kitablarında da   qarabaldırlar etnosunun və etnotoponiminin adı verilmişir.25 iyun 2022-ci ildə Bakıda “Şuşa şəhəri və türk sivilizasiyası: tarixilik və müasirlik” mövzunda keçirilmiş beynəlxalq konfransın materiallarında da (səh:26) oxuyuruq ki, “Karabaldır yer adı eski türkçe “kara” ve “baldır” kelimelerinden mürekkep bir türk topluluk adıdır. Karabaldır isimli topluluklar Azerbaycandan sonra Anadoluda da yerleşmişlerdir”. Hazırda Türkiyədə “Karabaldır” adlı kənd, çay, bitki, məhəllə, ad və soyadların olması da bunu sübut edir.  

Bizim şəxsi fikrimizə görə də, bəli, Qarabaldır toponimi qədim türk etnoslarından birinin adından götürülmüş, “qara” və “baldır” sözlərindən yaranmışdır. Lakin burdakı “qara” rəng yox, güclü və qüvvətli,  “baldır” isə elə insan əzası (qılçanın diz ilə topuq arasındakı hissəsi) mənasındadır. “Qarabaldır”ın mənası baldırları (yəni ayaqları) bərk, çox güclü olan, yüyrək, dözümlü və nəhəng insanlar toplusu (tayfası-etnosu) deməkdir. Onu da qeyd edək ki, “baldır” “Kitabi-Dədə Qorqud”un dilində də işlənən somatik leksik vahidlərdən biridir. Məhz “uzunca qoluna-buduna”, “incə baldırlarına” görə Aruz qoca nəhəng və yenilməz görünür: “...qolubudu uzunca, baldırları incә Qazan bәyin dayısı At ağızlı Aruz qoca çaparaq yetişdi: “Çal qılıncını, bәyim Qazan, çatdım!”- dedi”.

Biz həm də Qarabaldır toponiminin “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanları Qarabudaq, Qaragünə və  Oğuz boylarından biri olan “Qarabölük”lərlə bağlı ola biləcəyini iddia edirik. Tədqiqatçılar göstərirlər ki,   “qara” sözünün işlədilməsi həm də nəsildən nəslə keçən bir əlamətin göstəricisi kimi çıxış edir.

Bəlkə də Qarabaldır toponimi dual təşkilar quruluşu, əksliklər görüşü ilə bağlı yaranıb. Türk dillərində qarabaldır və ağbaldır bitki adlarının, Tovuzda Ağbaldır adlı dağın, Türkiyədə eyni adlı çay, dərə, bulaq və vadinin olması da bu barədə düşünməyə sövq edir.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

                                                                 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.