Düşmənin əlinə keçməsin deyə özünü körpüdən atıb şəhid olan Zərnişan ana Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qarabağ müharibəsinin tarixini bilməli, diqqətçəkiləsi hər bir epizodu yaddaşımıza yazmalıyıq.

Camalova Zərnişan Kazım qızı Kəlbəcər rayonunun Milli kəndində yaşayırdı, Gəncəli Camalovun həyat yoldaşı idi. 1993-cü il 2 apreldə Kəlbəcər işğal olunanda el arasında Gülzar kimi tanınan, rəsmiyyətdə isə kişi qeyrətli Zərnişan ana qaçıb canlarının qurtarmaq üçün həmkəndliləri Pəri, Həsən və Ağca ilə Kəlbəcərin Qamışlı körpüsünə gəlirlər...

 

Orada isə yağı düşmən yolu bağlayaraq, gələn insanlarımızın qarşısını kəsib əsir götürürmüşlər. Bu zaman Zərnişan Ana görür ki, ermənilər qız-gəlinlərin üst-başlarını yoxlamaq adıyla bədənlərində əl gəzdirirlər. O anlayır ki, düşmən əli haram əl kimi onun bədənində gəzəcək və dərhal qərar qəbul edir, özünü coşub-daşan dəli Tərtər çayına ataraq şəhid olur. Bu hadisəni hal-hazırda yaşayan Pəri nənə təsdiq etdi. Bu hadisə zamanı Zərnişan Ana ilə birlikdə olan mərhum Həsən dayı və  mərhum Ağca xala da sağlıqlarında danışaraq təsdiq etmişdilər.

Əziz dostlar, mənim hadisəni xatırlatmaqda məqsədim odur ki, Zərnişan Anamız həmin zaman mərd, cəsarətli, namuslu, qeyrətli, qəhrəman, abırli, ismətli bir Azərbaycan qadını kimi əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Odur ki, işğaldan azad olunmuş Kəlbəcərimizdə abırlı, ismətli, qəhrəman anamız Zərnişan Camalovaya bir abidə qoyulması olduqca vacibdir.

Qeyd edirəm ki, 1994-1995-ci ildə Ulu Öndər Heydər Əliyev Nərimanov rayonunda, gözdən əlillər məktəbində kəlbəcərlilərlə görüşdə özü qeyd etdi ki, "Vaxt gələcək biz Kəlbəcəri yağı düşməndən azad edəcəyik. Həmin qəhrəman Ananın orada heykəlini ucaldacağıq.

Zərnişan anamızın son addımı şərəf, ləyaqət və namusun təntənəsidir.

Zərnişan Cəmalovanın taleyi Kəlbəcər tarixininən ağrılı, amma ən uca səhifələrindən biridir. O, işğalın qaranlıq günlərində əsirliyə düşməmək üçün Qamışlı yaxınlığındakı körpüdən özünü ataraq həyatını öz namusuna və ləyaqətinə qurban edirsə, bu addım adi bir seçim deyildi — bu, bir insanın, bir qadının, bir Kəlbəcər övladının öz şərəfini, namusunu və qadın müqəddəsliyini hər şeydən üstün tutmasının ən uca nümunəsidir.

Onun adı illərlə Kəlbəcərin yaddaşında bir işıq kimi yaşayır və yaşayacaqdır.  Zərnişan anamızın xatirəsinə həmin yerdə abidə ucaldılacağı gün uzaqda deyil. Bu, həm bir şəhidin ruhuna ehtiram, həm də Kəlbəcərin mənəvi dirçəlişidir.

Bu arzu bu gün daha böyük mənalar daşıyır. Çünki Zərnişan Cəmalova kimi qadınlar bizim azadlıq və ləyaqət rəmzimizdir. Onun şücaəti azad edilmiş torpaqlarımıza qayıdan hər kəlbəcərliyə bir nəsihət kimidir: “Bu torpaq namusla qorundu, namusla da yaşadılmalıdır.”

O abidə ucalanda, Tərtər çayının sükutuna bir qadının cəsarət səsi qarışacaq. Kəlbəcər camaatı üçün bunun mənəvi çəkisi sözlə deyiləcək qədər sadə deyil. Bu, həm şəhidin ruhuna borcun ödənməsi, həm də xalqın yaddaşının yenidən bərpasıdır. Zərnişan anamızın adı o abidənin üzəri ilə yanaşı, hər birimizin ürəyində yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.