İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Biz ədəbiyyatımızı necə bilirik? Şairlərimiz barədə nə qədər məlumatlıyıq? Məsələn, çar imperiyası isitlası dövrü yazarlarımızı yaxşımı tanıyırıq? Balacaağa adlı şair necə, ağlınızda varmı?
Balacaağa adı ilə el arasında çağırılan Həsənəliağa xan Qaradaği 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olub. 8–9 yaşa çatdıqda Şuşaya gələn əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdıb. Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirib. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutub, tək yaşamağa başlayıb.
Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlib. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədib, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinalda mənimsəməyə kömək edib. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayıb.
1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan "Vətən dili" dərsliyində Həsənəliağa Xan Qaradağskinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri özünə yer tapıb. Bu həmin "Vətən dili" dərsliyidir ki, 40 ilə yaxın bir dövrdə Azərbaycan uşaqlarının əsas dərs vəsaiti olub.
Həsənəli ağa Xan-Qaradağskinin bizə gəlib çatan şeiriyyatı sırasında 50-dən çox qəzəl, müxəmməslər, növhələr, onlarla məktub vardır. "Məclisi-fəramuşan" poetik məclisinin ən fəal iştirakçılarından biri Həsənəliağa olub. Şair kimi təxəllüsü Qaradağidir. Əsərləri əsasən Azərbaycan dilindədir. Bununla yanaşı fars dilində yazmış olduğu bir neçə qəzəl müəllifidir.
Həsənəliağa gözəl xəttat olub. Bir misal olaraq onu qeyd etmək olar ki, o, Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərini şikəstə-nəstəliq xətti ilə köçürərək bu qiymətli tarixi abidəni günlərimizə gəlib çatmasına xidmət göstərib.
1929-cu ildə Həsənəliağa Xan Qaradağski xəstələnib, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edib və hörmətlə şəhər qəbiristanlığında (Böyük qəbiristanlığın şəhərə ən yaxın hissəsində) dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)


