Super User
Məşhurları tanıyaq və həyatlarını öyrənək! - Vilyam Petti
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Təqvimdə yüzlərlə irili-xırdalı əlamətdar günlər var. Özü də, dünya miqyaslı baxış zamanı seçim etmək, kimlərin adını çəkib kimləri çəkməmək həmişə çətinlik törədir. 26 may tarixində bax bu sətir diqqətimi çəkdi: İngilis iqtisadçısı Vilyam Pettinin doğum günüdür. Həm də ona görə ki, bu məşhur ad və soyad mənə tanış idi.
Vilyam Petti 26 may 1623-cü ildə xırda sənətkar ailəsində doğulmuş, Leyden, Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icad etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçilmişdir.
Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.
Vilyam Pettinin əsərləri içərisində 1662-ci ildə nəşr olunmuş "Vergilər və rüsumlar haqqında traktat" kitabı xüsusi qeyd olunur. Sonrakı illərdə alimin "Siyasi hesab"(1690), "Mütəfəkkirin dastanı(1691), "İrlandiyanın siyasi anatomiyası" (1691), "Pulların müxtəlifliyi"(1695), kitabları nəşr olunmuşdur. Onun iqtisad elminə daha böyük töhfəsi isə milli sərvətin və vergiqoyma üçün lazımi bazanın müəyyən edilməsi yolu ilə milli gəlirin qiymətləndirilməsinə xidmət edən "Siyasi hesab" adlı əsəridir.
Məşhurları tanıyaq və həyatlarını öyrənək!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Hamımızın sevimlisi- Ofeliya xanımın yubileyidir
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki: - "Mən Fəxri xiyabanı istəmirəm, məni Novxanıda- Validin yanında dəfn edərlər. Kim məni ziyarət etmək istəsə, oraya gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər."
O, 1941-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirib. 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Daha sonra indiki BDU-nun Filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. 1991-ci ildən xalq artistidir. 2002-ci ildən prezidentin fərdi təqaüdünü alır. O, tanınmış aktyor Möhsün Sənaninin oğlu televiziya redaktoru, ssenarist, mərhum Valid Sənaninin həyat yoldaşı olub...
"Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Mənim 18 yaşım vardı. Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu “uşaq qız” artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idi. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Masnın üstünə töküb dedi ki, bunlar Ofanındı, təki bir kəlmə “hə” desin. Mən isə Validi sevirdim. Valid mənim üçün bir dünya xəzinə idi...”
Bəli, bu dəfə sizə Ofeliya Sənanidən danışıram. O, Ofeliya xanımdan ki, onu hamımız sevirdik. O vaxt biz onun səsinə, simasına, abır-həyasına, mədəniyyətinə vurulmuşduq. Budur, Ofeliya xanımın nə az, nə çox 85 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“At üstidegi Türk bolmazsa, yük bolur”
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində zamanlar içrə bir türk insanının formalaşmasında rol oynayan sadiq dost – köhlən at barədə danışacağıq.
Türkün harayı göyü dələn ox səslərində, yerə damğa vuran nal izlərində gizlidir. Əsrlər boyu çölləri yurd, atı qanad bilən bir millətin ruhu, yəhər üzərində təcəssüm edib. Çünki Türk at üstündə doğulub, at üstündə böyüyüb, at üstündə tarix yazıb. Lakin bu gün o atın belində əyləşməyən Türk — öz ruhundan, irsindən, yolundan qopan bir kölgəyə çevrilir. O zaman nə at yol gedə bilir, nə də insan yol tapır. Çünki at üstündəki Türk olmazsa, o at da yük olur, insan da…
Bu sadə, lakin dərin mənalı ifadə bir millətin kimliyini, gücünü, varoluş fəlsəfəsini izah edir. At burada təkcə bir nəqliyyat vasitəsi deyil – o, azadlığın, sürətin, iradənin, mənəviyyatın timsalıdır. Türk isə bu simvolla bütövləşən ruhdur. Onu yəhərdən salan təkcə müasirlik deyil, həm də unutqanlıq, kökdən uzaq düşməkdir.
Sən əgər at üstündə deyilsənsə, yəni kimliyinin şüurunda deyilsənsə, tarixini daşıya bilməzsən. Belində nə silah olar, nə bayraq, nə də ideya. Sənə yalnız yük qalar – yad ideologiyaların, süni dəyərlərin, məqsədsiz yolların yükü.
Ona görə də Türk üçün at sadəcə keçmiş deyil – bu gün də onun duruşudur, sabah da onun ümididir. Tarix boyu at belində sərkərdə olmuş ulu babalarımız, əgər yəhərə minməsəydilər, bəlkə də torpaq da, namus da, kimlik də çoxdan itmişdi. Çünki Türk, ayaqda qalmaq üçün yerdə yox, göydə olmalıydı – atın belindəki o uca göydə.
Bu gün yəhər, bəlkə də bir kompüterin klaviaturasıdır, bəlkə bir elmi tribunal, bir sinif otağı, bir ekran arxasındakı doğru söz… Amma fəlsəfə dəyişmir: Türk oturursa, düşünmək üçün oturmalıdır; dayanırsa, irəli sıçrayış üçün dayanmalıdır. Əks halda, zaman onu da, onun atasını da yükə çevirər.
At üstündəki Türk – bu ifadə bir çağırışdır. Kimliyini tanı, kökünə dön, ayağa qalx. Atın yəhəri səni gözləyir. Əgər minməzsənsə, min illərin sənə verdiyi miras da yük olar.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Qlobal qarışıqlar dönəmində ümid yayan şəhər… – BAKI
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
(“…WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir” – Azərbaycan Prezidenti İlham Əliyev / https://president.az/az/articles/view/72502)
Kim şəhər qurursa, əslində, daha mədəni gələcək qurur. Kim şəhəri qoruyursa, o şəhərin sakinləri timsalında bütün ölkənin və daha üstünü – insanlığın yaddaşını qoruyur. Kim şəhəri yaşadırsa, sivilizasiyanın nəfəsini yaşadır. – Bəli, XXI yüzildə dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə, hərbi imkanlarla və ya enerji resursları ilə ölçülmür. Dünyanın yeni siyasi və mədəni xəritəsində şəhərlər də artıq ayrıca geopolitik aktora çevrilməkdədir.
Məhz buna görə, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi sıradan beynəlxalq tədbir sayılmamalıdır. Bu Forum, əslində, Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi yeni inkişaf baxışının, yeni urban düşüncəsinin və yeni siyasi-mədəni məsuliyyət fəlsəfəsinin nümayişi idi.
Prezident İlham Əliyevin Forumun yekunları ilə bağlı paylaşımı bir neçə önəmli məqamı açıq şəkildə ortaya qoydu: Azərbaycan artıq qlobal təşəbbüslər verən ölkəyə çevrilib. COP29-dan sonra ölkəmizin WUF13 kimi ikinci nəhəng beynəlxalq tədbirə ev sahibliyi etməsi, dövlətin artan beynəlxalq nüfuzunun, təşkilati gücünün və siyasi güvən kapitalının göstəricisidir. COP29-dan öncələrdə olduğu kimi, WUF13-dən sonra da bənzəti tədbirlər olacaq, əlbət.
Budur, təxminən 60 min iştirakçının qatıldığı WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Bu artıq statistikanın ötəsi – Bakının dünya ideyalarının toplaşdığı məkana çevrilməsinin göstəricisidir. Dünən enerji təhlükəsizliyinin müzakirə olunduğu şəhər, bugün urban gələcəyin platformuna çevrilirsə, bu, coğrafiyanın – necə deyərlər, xoşməramla – taleyə çevrilməsi kimi də yorumlana bilər.
Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti oldu. Bu, çox önəmli siyasi-detaldır. Çünki urbanistika memarların, mühəndislərin və texniki mütəxəssislərin qapalı sahəsi olmaqdan çıxıb; şəhərlərin taleyi artıq dövlət başçılarının, hökumətlərin və beynəlxalq qərarvericilərin strateji gündəliyinə çevrilib.
Bugün şəhər məsələsi iqlim təhlükəsizliyi, insan ləyaqəti, mədəni irsin qorunması, miqrasiya və sosial sabitlik, hətta geopolitik təhlükəsizlik məsələsidir.
Bax, buna görə, WUF13 çərçivəsində qəbul olunan “BAKI Fəaliyyətə Çağırış” sənədi və Sədrin Xülasəsi texniki sənədlər olmaqdan daha artıq – gələcəyin şəhərinin açıqlaması, duyurusu kimi dəyərləndirilə bilər.
Azərbaycan üçün bu Forumun ayrıca mənəvi və tarixi anlamı vardır.
Çünki Azərbaycan urbanizasiya haqqında nəzəri danışan ölkə kimi tanınmır – Azərbaycan dağıdılmış şəhərləri yenidən ayağa qaldıran ölkədir.
Urbisid… kultursid… ekosid… – Bax, bunlar bizim üçün abstrakt anlayışlar deyil. Qarabağ və Zəngəzurun gündoğarında 30 il boyunca şəhərlərin sistemli şəkildə dağıdılması, tarixi irsin silinməsi, təbiətin ağır zədə görməsi insanlığa qarşı yönəlmiş genişmiqyaslı vandalizm idi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması, əlbəttə, təsadüfi deyildi.
Biz indi həmin torpaqlarda yalnız ev tikmirik; biz yeni həyat ritmi qurur, yeni şəhər fəlsəfəsi yaradır, savaşsonrası inkişaf modelini formalaşdırırıq.
Doqquz şəhərin və yüzlərlə kəndin sıfırdan yenidən qurulması milli layihə olmaqdan daha irəli çıxaraq, beynəlxalq miqyasda öyrənilən modelə çevrilməyi haqq edir. Forum iştirakçılarının, beynəlxalq ictimaiyyətin bu prosesi özəlliklə vurğulaması da bir göstəricidir.
Deyilənlərdən savayı, daha hansı önəmli məqamlar vardır?
Geniş anlamda desək, Azərbaycan dağıntının içindən yalnız daş-beton yox, məna da inşa edir.
Bəli, şəhər yaddaşdır, kimlikdir, nəfəsdir, insanın özünü aid hiss etdiyi mənəvi coğrafiyadır.
WUF13 çərçivəsində təmiz hava, dayanıqlı inkişaf, mədəni irsin qorunması, kiçik ada dövlətlərinin problemləri kimi mövzuların müzakirəsi də göstərdi ki, dünya yeni urban mərhələyə daxil olur. Bu mərhələdə şəhər həm də ekoloji vicdan, humanitar məsuliyyət və mədəni harmoniyanın daşıyıcısı olmalıdır.
Qlobal qarışıqların (qeyri-müəyyənliklərin) artdığı bir dönəmdə Bakının verdiyi yaxud Bakıdan verilən ismarıc isə apaydındır:
İnsanlıq yalnız birlikdə yaşaya bilər.
Şəhərlər yalnız birlikdə qurtula bilər.
Gələcək yalnız ortaq məsuliyyətlə qurula bilər.
Xəzərin qıyısındakı ən böyük şəhər (və yeganə paytaxt!) olan Bakı bu gün qlobal dialoq məkanı, şəhər diplomatiyasının yeni ünvanı, savaşsonrası dirçəliş modeli və gündoğarla günbatarın qovuşduğu sivilizasiya körpüsüdür.
Əgər bir paytaxt dünyanı özündə birləşdirə bilirsə, deməli o şəhər artıq xəritədəki nöqtə olmaqdan çıxıb zamanın döyünən ürəyinə çevrilib. – Vurğun necə deyirdi? –
“…Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim Ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.”
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Romantizmin ifrat xəyalpərəstliyini həyatın bəzəksiz təsvirləri ilə əvəzləyən realizm daha önəmli deyilmi?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gözəl bahar günündə Adilə Nəzər öz doğum gününü qeyd edir.
Çox maraqlı xanımdır Adilə Nəzər. Fikirləri, poeziyası, eləcə də həyat tərzi onun sonradan şair olduğundan deyil, əzəldən şair doğulduğundan xəbər verir. Yox, yox, onun poeziyasından danışmaq fikrində deyiləm. Bir kübar xanım kimi, ona xas olan müsbət xüsusiyyətləri sizinlə də bölüşmək istəyirəm. Daha doğrusu, yubileyinə söz ehtiyatımın ən gözəl rənglərindən istifdə edib portretini cızmağa səy göstərəcəyəm.
Dünyaya qəribə yanaşması var, söyləyir ki: “Bu dünyanı düşünəndə görürsən ki, o, içində lazımlı əşyalar olan bir ev kimidir. Göy dam kimi ucaldılıb, Yer sərgi kimi yayılıb, ulduzlar çıraq kimi öz yerlərində yerləşdirilib, təbii sərvətlər xəzinə kimi gizlədilib, qalan hər şey insanın istifadəsi üçün hazır vəziyyətə gətirilib.”
Düşüncə və intellektual fəaliyyətlərdə çox aktivdir. Onun fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmır, ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir insan və hər bir fikir öyrəniləsi bir nümunədir. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışır. Tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür. Bu mövzular ətrafında dərin mülahizələr yürüdür. Onun üçün həyat fəlsəfəsi hər zaman dəyişkən və inkişafda olan bir prosesdir. Çünki o, hər yeni təcrübədən ibrət götürməyə və öyrəndiklərini həyatında tətbiq etməyə çalışır...
Deyir ki:- “Mənə görə, elmi yaradıcılıqla bədii yaradıcılığın arasında fərqdən çox, əlaqə var. Hər iki sahənin sirri ayrı-ayrı alimlərin, dühaların maraq dünyasına girib onların sirrini açmaqdan, onları kəşf etməkdən başlayır. Bu araşdırmalar inkişaf faktoruna çevrilir və insanın öz fikirləri meydana gəlir. Yəni o sirli dünyanın içinə girdikcə dünya içində dünya yaranır. Mən bəzi şeirlərimi elmi araşdırmalarımla eyni dövrdə yazmışam. Bütün elmlərin açarı fəlsəfədir. Dünyanı dərk etmədə, kainatın, varlığın, həqiqətin ölçüsünü aramadaykən, bir də görürsən, hardasa tarazlıq pozulur. Nizam yox ha, tarazlıq. Bax, o tarazlıq pozulanda insanın hissləri qabarır, hisslər duyğulara çevrilir, sözə dönür və beləcə şeir yaranır. İlham deyilən o pəri heç də göydən, bacadan, havadan şeir gətirmir, şeir insanın daxilində, ruhunda bəzən saatlarca, bəzən günlərcə çəkilən sancıdan doğan ilahi bir ehtiyac, ağılın təcrübəsindən, həyatın müşahidələrindən yaranan, təhtəlşüurda gizlənən düşüncələrin duyğuya, duyğunun sözə olan sədaqətidir. Ərəb əsilli şair Cəbran Xəlilin fikrinin söylədiyi kimi, alimliklə şairlik arasında incə bir xətt var, alim bir addım o xətti şair tərəfə keçəndə dahi olur, şair bir addım alim tərəfə keçəndə müdrik. Mən bu xəttin hər tərəfinə düşməyə çalışır, nə qədər nail oluramsa, onu oxucular deyə bilərlər...”
O, 1970-ci il may ayının 26-da Naxçıvan MR-in Şərur rayonundakı Şəhriyar kəndində dünyaya gəlib. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr dərəcələrinə yiyələnib. AMEA-nən Dilçilik İnstitutunda "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Hal-hazırda Təhsil İnstitutunun elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. “Kitab Evi” İctimai Birliyinin sədridir. Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. On kitab, o cümlədən, yeddi şeirlər, bir Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti, iki monoqrafiya, qırx elmi, iyirmi beş publisistik məqalənin müəllifidir...
Saf sevgidən doğulub. Saf sevgidən doğulan bütün insanlar kimi, Allah ondan da səxavətini əsirgəməyib. Çoxşaxəli və məzmunlu xanımdır. Hər hansı bir mövzuya maraq göstərdisə, bütün diqqətini ona verir. Bu da onun dərrakəsinin, eləcə də təfəkkürünün nə qədər dərin olduğunu göstərir...
“Fəlsəfədə iki cür bilik var: rasional bilik və irrasional bilik- oxuyub qazandıqların və oxumadan İlahidən verilənlər. Rasional biliyin olmayanda irrasional biliyi- İlahidən gələnləri sözə çevirib deyə bilmək çətin olur, bu hər adama qismət olmur. Bu alimliyin şairlikdə müsbət tərəfidir. Mənfi tərəfi isə budur ki, bəzən elə şeirlər yaranır ki, orada poetiklik ikinci plana keçir. Oxucu o şeiri tənqid də edə, “poeziya nümunəsi deyil” də deyə bilər. Hər şeir də poeziya nümunəsi olacaq deyə bir şey yoxdur. Məgər klassiklərimizin şüar etdiyimiz nəsihətamiz fikirləri bizə şeirlə gəlib çatmayıbmı?”- söyləyir...
Ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Söhbət etməyi və yeni insanlar tanımağı asanlıqla bacarır. Onun sosial çevrəsi çox genişdir və o, hər bir insandan öyrənəcək bir şey olduğunu düşünür. Onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzini genişləndirir və dərinləşdirir...
Deyir ki:- “Romantizmin ifrat emosionallığını və xəyalpərəstliyini həyatın canlı, bəzəksiz təsvirləri ilə əvəzləyən realizm, ədəbi cərəyan kimi, Azərbaycan ədəbiyyatında da XIX əsrdən başlayaraq özünü göstərdi. Öz həyatiliyi ilə realizm əsasən bədii nəsri və dramaturgiyanı ağuşuna alsa da, onun forma və məzmun təzahürləri və inikas qanunları poeziyadan da yan keçmədi. Vaqif, Vidadi, Seyid Əzim Şirvani, Qasımbəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları XIX əsr və ondan əvvəlki dövr Azərbaycan poeziyasında bu janrın imkanlarından bəhrələnərək milli quruluşumuzun bir sıra mənfi xüsusiyyətlərini tənqid atəşinə tutdular.”
Zəka və düşüncə tərzi fərqlidir. Yüksək intellektual qabiliyyətə malikdir. Hadisələri məntiqli analiz edən və tez qərar verən insandır. Sürətli düşünmə qabiliyyəti ona həyatın müxtəlif sahələrində uğur qazanmağa şərait yaradır. O, öz problemlərini kreativ və gözlənilməz yollarla həll etməyi bacarır...
“Ortabab sağlamlığımızı daha da pozan, sonra dərmanını “axtaranlar” - “həkimlər” gündən-günə çoxalırlar. Ondan sonra biz vətəndaş yox, kimlərinsə “müştərisi” oluruq. Sağlamlığı pozulmuş, lakin mütləq dərhal ölməməli və heç vaxt sağalmamalı olan müştərilər. Axı, biz sağalsaq və ya ölsək dərmanları kim alacaq, faizlər necə gələcək?! Və sair və ilaxır...”- söyləyir.
Cəsarətli adamdır. Hər bir şəraitə uyğunlaşma qabiliyyəti çox yüksəkdir. O, sosial və ictimai dəyişiklikləri qəbul edə və yeni şəraitə tez öyrəşə bilir. Bu xüsusiyyəti ona həyatın sürətlə dəyişən tələbləri ilə ayaqlaşmağa və müxtəlif həyat şəraitlərində uğur qazanmağa imkan verir...
Bu qədər gözəl xüsusiyyətlərin arasında o qədər heyrətləndim ki, heç bilmirəm, söhbətim necə alındı. SÖZ politramı yığışdırıb qələm-fırçama sakitlik verirəm. Kənara yeriyib sizə qoşuluram. Görəsən, şair, alim Adilə Nəzərin portretini çəkə bildinmi?
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Aysel Nəsirzadənin imza günü böyük maraqla qarşılandı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Mayın 23-də VI Türk Dünyası Ədəbiyyat Festivalı çərçivəsində Aysel Nəsirzadənin “Gerisi nağıl” kitabının imza günü keçirildi.
Açıq səma altında təşkil olunan festival çərçivəsində baş tutan imza saatı oxucuların böyük marağına səbəb oldu. Tədbirə xeyli sayda oxucu qatıldı, kitablar imzalandı, oxucular müəlliflə xatirə şəkilləri çəkdirdilər.
Qeyd edək ki, “Gerisi nağıl” Aysel Nəsirzadənin sayca 5-ci kitabıdır. Müəllifin indiyədək nəşr olunan kitablarından dördü Azərbaycanda, biri isə Türkiyədə çap olunub. Yazıçı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus imzası ilə seçilir.
Tədbirdə yazarın dostları və həmkarları da iştirak edərək onu bu əlamətdar gündə tək qoymadılar.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“İslamiyyə” mehmanxanası və ya Hacı Mustafa Rəsulovun yanan və yenidən yaradılan mülkü
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Bakı tarixi daimi keşməkeşlər, dəyişikliklər, inkişaflarla rəngarəngdir. O, həm də sirli şəhərdir. Onun sirri qədimliyi ilə müasirliyin arasında ilahi bir harmoniyanın olmasındadır. Yüzillər boyu bu şəhər tikilib, dağılıb, yenidən tikilib. Bu gün isə şəhərlər arasında öz yeri, öz sözü və öz xüsusi ab-havası olan Bakı yeni layihələr, konstruksiyalarla tikilən binaları ilə göz oxşasa da, köhnə, doğma evləri, mehmanxanaları, karvansara və hamamları ilə çox sevilir. Və bu şəhərdə elə simalar doğulub, yaşayıb-yaradıb, tikib-qurub ki, onların adı çox hallanmasa da, qoyduqları iz şəhərin daşlarında, küçələrində, köhnə binaların divarlarında yaşayır. Bu simalardan biri də Hacı Mustafa Rəsulovdur.
Kim idi Hacı Mustafa Rəsulov?
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft bumu yaşayarkən, şəhər yalnız sənaye mərkəzinə deyil, həm də zəngin tacirlərin, milyonçuların şəhərinə çevrilmişdi. Hacı Mustafa Rəsulov da həmin dövrün varlı və nüfuzlu şəxslərindən biri idi. O, neft mədənlərinin sahibi olmaqla yanaşı, Xəzər dənizində üzən ticarət gəmiləri ilə tanınırdı. Bakı limanında onun adı daha çox gəmiçilik fəaliyyəti ilə hallanırdı – Rəsulov təkcə torpaqda deyil, suda da sərvət qazanmışdı.
Eyni zamanda, o, şəhər həyatında da fəal rol oynayırdı. Hacı Zeynalabdin Tağıyev kimi məşhur şəxsiyyətlərlə birlikdə ictimai təşəbbüslərdə iştirak etmiş, müxtəlif qurumlarda məsul vəzifələr daşımışdı. Cümhuriyyət dövründə Cəmiyyətin ilk iclasında səs çoxluğu ilə Hacı Zeynalabdin Tağıyev sədr, İsrafil Hacıyev müavin, Hacı Mustafa Rəsulov xəzinədar, Əhməd bəy Ağayev katib, İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədzadə isə İdarə Heyətinin üzvü seçilmişdilər. Bu, onun yalnız tacir deyil, həm də ictimai nüfuz sahibi olduğunu göstərir.
Rəsulovun fəaliyyəti bununla da bitmirdi. Şəhərdə karvansaralar, mehmanxanalar, ticarət obyektləri, bağlar və villalar ona məxsus idi. O dövr üçün bu qədər geniş sahibkarlıq şəbəkəsi qurmaq həm zənginlik, həm də ciddi təşkilatçılıq bacarığı tələb edirdi. Hətta köhnə məscidlərin bərpasına və abadlaşdırılmasına da vəsait ayırması onun xeyriyyəçilik ruhundan xəbər verir. 1892-ci ildə işə düşən konka yolunu da səhmdarlar şirkəti işlətmək üçün Hacı Mustafa Rəsulova icarəyə verir.
“İslamiyyə” mülkü – dövrünün iqtisadi və sosial həyatının mərkəzi
Rəsulovun adını yaşadan ən mühüm abidələrdən biri də onun sifarişi ilə tikilmiş məşhur bina – “İslamiyyə” karvansarasıdır (mahmanxana).
1884–1885-ci illərdə memarlar Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən inşa edilən bu bina o, dövrün iqtisadi və sosial həyatının mərkəzlərindən biri idi.
Birinci mərtəbədə sıralanan dükanlar və anbarlar şəhərin ticarət ritmini formalaşdırırdı. Yuxarı mərtəbədə yerləşən “İslamiyyə” mehmanxanası isə uzaqdan gələn tacirlərin, səyyahların dayanacaq nöqtəsi idi. 60 otaqlı bu mehmanxana Bakının o dövrdə necə beynəlxalq ticarət qovşağına çevrildiyini açıq şəkildə göstərirdi.
Binanın fasadlarının uzunluğu, yerləşdiyi küçələrə açılan genişliyi onun memarlıq baxımından da əzəmətli olduğunu sübut edir.
Yanğın, itki və susan divarlar
1918-ci ilin faciəli hadisələri – Mart soyqırımı – Bakının bir çox tarixi tikililəri kimi bu binanı da amansızcasına məhv etdi.
Alovlar “İslamiyyə”nin divarlarını udarkən, bina ilə yanaşı, bir dövrün xatirələri yanırdı. Bir zamanlar həyatla dolu olan otaqlar, səslərlə yaşayan dəhlizlər, ticarətin qaynadığı dükanlar – hamısı külə döndü. Geriyə isə yalnız tüstü izləri qalmış yarımdağılmış divarlar qaldı. Bu, maddi itkidən çox, Bakının yaddaşına vurulan ağır zərbə idi.

Yenidən doğuluş və bu gün
Sonrakı illərdə bina bərpa olundu, dəyişdi, zamanla yeni funksiyalar qazandı. 1930-cu illərdə burada pasaj yaradıldı, daha sonra musiqi məktəbi fəaliyyət göstərdi.
Bu gün isə bina yenə yaşayır – aşağı mərtəbəsində dükanlar, yuxarı mərtəbəsində isə müasir həyatın izlərini daşıyan məkanlar yerləşir. Amma diqqətlə baxanda, onun divarlarında hələ də keçmişin kölgəsini görmək mümkündür.
Müasir dünyanın keçmişdən qalan parçası
Hacı Mustafa Rəsulov haqqında məlumatlar azdır. Onun həyatı sanki tarix kitablarının kənarında qalıb. Amma insanların xatirəsində, daşın, divarın, küçənin yaddaşında qalıb, tikdirdiyi bina isə müasir dünyamızın bir parçası olaraq həyatını davam edir. Onun birinci mərtəbəsində ticarət obyektləri fəaliyyət göstərir. Tavanına çəkilmiş və Bakını əks etdirən zövqlü rəsmlər isə buradan keçənlərin gözünü oxşayır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
7-Cİ DƏRC
Hərbiçinin sədaqəti, ordudan çox vicdanına xidmət edir
Yeddinci hissə
Pəncərənin önünə yaxınlaşaraq ətrafı seyr etməyə başladım. Şəhərin ritmik axını, insanların tələskən addımları, harasa yetişmək istəyən maşınların düzülüşü – hamısı bir həyat hekayəsinin parçaları kimi görünürdü. Fikirlərim bu mənzərənin içində axıb gedirdi ki, qəfil qapının astaca döyüldüyünü eşitdim.
- Buyurun.
Qapı açıldı və içəri orta yaşlarında bir gənc oğlan daxil oldu.
Onun, xoş aurası diqqətimi çəkdi. Uzun boyu, geniş çiyinləri və tünd rəngli kostyumu ilə gecənin qaranlığından çıxmış sirli bir obrazı xatırladırdı.
Gözlərim üz cizgilərinə ilişib qaldı. O, sanki bir hekayə idi. Gözlərində danışılmamış sözlər vardı. Unudulmuş xatirələr, susqun qışqırıqlar, bəlkə də, çoxdan bitmiş bir sevdanın kölgəsi. İçəri addımlayarkən hərəkətləri ölçülü, inamlı və təmkinli idi. Salam verdi, mən isə ona oturması üçün işarə etdim.
- Salam, xoş gəlmisiniz. Buyurun, özünüzü təqdim edin.
O, susdu. Elə bil fikirlərini toplamaq üçün vaxt qazanmaq istəyirdi. Sonra başını dik tutaraq gözlərimin içinə baxaraq danışmağa başladı:
- Mən, Əli Camaloğlu. Açığını desəm, hələ də, burada olduğuma və sizinlə üz-üzə oturduğuma inana bilmirəm.
- Niyə ki? Burada qeyri-adi nə var?
O, dodaqlarının kənarına xəfif bir təbəssüm yaydı, lakin bu, sevinc dolu bir təbəssüm deyildi. Daha çox içində bir sirr daşıyan, bu sirri açmaq üçün tərəddüd edən bir insanın ifadəsi idi.
- Əslində, təbii ki, heç nə yoxdur, amma mənim pəncərəmdən baxsaq var. Bilirsiniz, mən çox danışan biri deyiləm. Kənardan sakit və təmkinli görünürəm, amma…
Cümləsini yarımçıq qoydu. “Amma” dedi və sanki içində nə isə qopdu. Ardını gətirmək istəmədi. Gözlərini bir anlıq endirdi, sonra yenidən baxışlarını mənə yönəltdi.
Onun üzü ifadəli və kəskin idi. Sanki bir heykəl kimi sərt cizgilərlə yonulmuşdu. Geniş alnı qırışmış, baxışları isə bir ovçunun hədəfə kilidlənmiş gözləri kimi dərin və ölçülüb-biçilmişdi. Üz dərisi mükəmməl deyildi – bəlkə də həyatın sərt zərbələrinin kiçik izlərini daşıyırdı. Lakin bu izlər onu daha da yaraşıqlı göstərirdi. Sükutla içində saxladığı bu hekayəni onun öz dilindən eşitmək üçün irəli əyilib soruşdum:
- Bəli, Əli bəy, amma nə?
O, içindəki divarları aşıb özünü toplamaq üçün, dərindən nəfəs aldı.
- Amma bu dəfə, bu stereotipləri yıxmaq üçün buradayam.
- Çox gözəl. – dedim maraqla. – O zaman sizi diqqətlə dinləyirəm…
- Səma boz buludlarla örtülmüşdü. Artıq neçə gündür ki, yağış yağırdı, amma döyüş meydanında su belə qanı yumağa yetmirdi. Şuşa şəhərinə yaxın ətraf ərazilərinin birində döyüşürdük. Mən, dostum Kamranla irəliləyirdim. Yer titrəyirdi, hər tərəfdə güllə səsləri eşidilirdi. Ancaq biz bir-birimizin yanından ayrılmırdıq. Birdən… Partlayış... Hər şey bir anda dəyişdi. Gözlərimin qarşısında Kamranın bədəni havaya qalxıb bir az kənara düşdü. Torpaq qana boyandı. Şok içində qaçıb onun yanına çökdüm:
- Kamran! Qardaş, döz!
Kamranın nəfəsi qısılmışdı. Gözləri yavaş-yavaş bulanırdı. Onun başını qucağıma aldım. Əllərim əsə-əsə yarasını sıxıb qanaxmanı dayandırmaq istədim, amma dayanmırdı.
- Əli… Mən gedirəm… – Kamranın səsi zəif və titrək idi.
- Yox! Sən getmirsən! Səni aparacağam, qurtaracağam! – desəm də göz yaşlarımı saxlaya bilmirdim.
Mənimlə Kamranın dostluğu, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə başladı. Hər ikimiz on üç yaşında, hələ uşaqlıq dövrünü geridə qoymamış, amma böyük arzuların yükünü çiyinlərimizdə daşıyırdıq.
İlk gündən yataqxanada çarpayılarımız yan-yana düşmüşdü. Bu, təsadüf kimi görünə bilərdi, amma zamanla anladıq ki, bu, taleyin bizim üçün qurduğu yolun başlanğıcı idi.
Kamran, sakit və düşüncəli bir uşaq idi. Mən isə daha şən və ünsiyyətcil idim. İlk vaxtlar mən Kamranın az danışmasını qəribə qarşılayırdım, amma bir gecə, hər kəs yatandan sonra, pıçıltı ilə başlayan bir söhbət, bizim dostluğumuzun təməlini qoydu.
Kamran atasından danışdı. Atası Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Döyüş yoldaşlarının dediyinə görə, son nəfəsində yalnız bir şey istəyib: “Oğluma deyin, böyüyəndə hərbçi olsun. Mənim yolumu davam etdirsin.”
Bu sözlər Kamran üçün yalnız bir vəsiyyət deyildi. Bu, onun həyatının məqsədi idi. Atasının arzusunu yerinə yetirmək üçün hər şeyə hazır idi. O, həm də evin tək oğlu idi. Anası üçün həm dayaq, həm də ümid idi. Liseydə oxuduğu vaxtlarda, aldığı təqaüdün ən son qəpiyinədək anasına göndərirdi. Mən bunu biləndə, Kamrana daha çox hörmət etməyə başladım.
İllər keçdi, biz birlikdə oxuduq, birlikdə böyüdük. Hər ikimiz zabit olduq, çiyin-çiyinə döyüşdük. Döyüş zamanı, çətin əməliyyatlardan birinə gedərkən Kamran gülümsəyərək mənə belə dedi:
“Xatırlayırsan, akademiyaya gələndə demişdim ki, mən tək deyiləm. Atam həmişə yanımdadır. Mən onun yolundayam.”
- Mən, Kamranın necə qürurla danışdığını görüb gülümsədim:
- İnşallah, bu savaş bitəndə, sən ananın yanına qayıdacaqsan, qardaş. Anan səni gözləyir, – demişdim. Amma tale bizim arzumuzu yarımçıq qoydu. Kamran döyüş meydanında minaya düşdü. Onu qucaqlayıb bağırırdım:
- Səbr elə, qardaş! Sən atanın arzusunu yerinə yetirdin! Sən qalib oldun!
Kamranın dodaqları titrədi, gülümsəməyə çalışdı.
- Qarabağ azaddır, Əli…? Biz qalib gəldik…?
Son nəfəs, son baxış.
Kamranın gözləri açıq qaldı, amma artıq içində həyat yox idi. Mən bir anlıq dünya ilə əlaqəmi itirdim. Qulaqlarımda ancaq Kamranın son sözləri səslənirdi. Onu bərk-bərk qucaqladım. Dostumun cansız bədənindən ayrıla bilmirdim. Ancaq artıq hər şey bitmişdi. Onun açıq qalmış gözlərinə baxır, bəlkə də hər an nəfəs alacağına ümid edirdim. Amma reallıq soyuq və amansız idi. Mən yerimdən tərpənə bilmirdim. Hələ də Kamranın başını dizlərimdə tutmuşdum.
- Komandir! Tərpənməyin! – yaxınlıqdakı döyüşçülərdən biri qışqırdı.
Ancaq gec idi. Birdən sağ ayağımın altından gələn qorxunc səs məni gerçəkliyə qaytardı. “Tıqq.” Partlayış oldu.
Sanki ürəyim dayandı. Güclü ağrı, bütün bədənimi bürüdü. Hər tərəfə qan sıçradı. O anda gözlərim qaraldı, səs-küylər uzaqlaşdı…. Mən minaya düşmüşdüm.
Ayılanda gözlərimi açmağa gücüm çatmırdı. Qulaqlarım uğuldayırdı. Yavaş-yavaş ətrafı dərk etməyə başladım. Kimsə adımı çəkirdi:
- Əli… Əli…
Bu səs… Kamran?
Dərhal gözlərimi açdım. Boz divarlar, dezinfeksiya qoxusu, ağrı içində olan əsgərlərin iniltisi… Mən hospitalda idim. Ayağıma baxmaq istədim, amma bacarmadım. Ağrı elə bil bütün bədənimə yayılmışdı. Tibb bacısı yanıma yaxınlaşdı:
- Oyandınız? Ağrınız çoxdur?
- Mən… Ayağım?.. – səsim güclə çıxırdı.
- Narahat olmayın, amputasiya etməyə ehtiyac qalmadı, amma ciddi zədələnib. Uzun müddət müalicə lazımdır.
Mən başımı geri atdım, tavana baxdım. Ölməmişdim. Amma Kamran… Kamran yox idi…
Gecələr yata bilmir, hər dəfə gözlərimi yumanda Kamranı görürdüm. Elə bil o yanımdakı yataqda uzanıb mənimlə pıçıltı ilə danışırdı:
“Əli, biz qalib gəldik?”
“Biz qalib gəldik, Kamran… Amma sən yoxsan…”
O, elə həmin uşaq təbəssümü ilə gülümsəyirdi.
“Mən həmişə buradayam, qardaş. Sən tək deyilsən.”
Gözlərimi açdım. Palata qaranlıq idi. Tər içində idim. Ürəyim yerindən çıxacaq kimi döyünürdü. Kamran yanımda yox idi, amma onun səsi hələ də qulaqlarımda cingildəyirdi.
Gündüzlər də eyni şey təkrarlanırdı. Hər dəfə əsgərlərlə danışanda, kimsə adımı çəkəndə, elə bil Kamranın səsini eşidirdim. Hər addımımda onun sözləri qulaqlarımda səslənirdi:
“Biz qalib gəldik, Əli…?!”
Bütün bunlar mənim üçün bir cəza idi, yoxsa bir vəsiyyət? Bilmirdim… Müharibə bitdi, Qarabağ azad oldu, amma mənim üçün hər şey dəyişdi. O gün, orada, təkcə dostumu yox, bir parçamı da itirmişdim.
Əli danışdıqca, sanki həmin anları yenidən yaşayırmış kimi titrəyirdi. Səsi get-gedə boğuq çıxırdı. Onun bu halı məni narahat etdi. Sözünü bölüb mövzunu bir qədər dəyişmək qərarına gəldim.
- Bağışlayın, Əli bəy… Mən sizi başa düşməyə çalışıram. Amma bir şey mənə çox maraqlıdır. Siz özünüz necə oldu ki, hərbçi olmağa qərar verdiniz?
Əli bir anlıq keçmişdən qopub indiki zamana qayıtdı. Sakitcə cavab verdi:
- Əmim də, hərbçidir. Uşaqlığım onu hərbi geyimdə görməklə keçib. Biz qonşu idik, əmimgilin evi də bizim evin yaxınlığında idi. İndi isə elə bura yaxın bir ərazidə yaşayır. Hər dəfə onu o uniformada görəndə qürur hissi keçirirdim. Deyirdim ki, “mən də böyüyəndə sənin kimi hərbçi olacağam, əmi!”
Əli danışdıqca xatirələr burulğanına düşürdü. Səsi gah alçaldı, gah da qürurla yüksəldi. Onun sözlərindəki isti duyğular, məni də təsirləndirirdi.
- Əmim hərbi geyimdə olanda gözlərimdə daha da uca görünürdü. O, təkcə mənim deyil, bütün məhəllənin qürur mənbəyi idi. Hər kəs ona hörmət edirdi. O, mərd, xeyirxah bir insan idi. İnsanlar ona etibar edirdi.
Əli bir anlıq susdu, sonra əlavə etdi:
- Bizim həyətdən həmişə uşaq səs-küyü əskik olmazdı. Əmim də, uşaqları çox sevirdi. Onlarla söhbət edər, hərdən şirin zarafatlar edərdi.
- Çox gözəl – dedim. İndi, daha çox maraqlandığım şey, Əlinin keçdiyi çətin yol və onu bu qədər dəyişən hadisələr idi…
- Bura gəlmək öz qərarınız idi, yoxsa sizi məcbur etdilər?
- Bilmirəm…
Əli çiyinlərini çəkdi.
- Deyəsən, məcbur etdilər.
- Çox gözəl. – gülümsədim.
Əli qaşlarını çatdı.
Bu, nəyin gözəl olması idi? O, bir psixoloqa gəlmək istəmirdi, amma indi mən ona “çox gözəl” deyirdim.
- Yəni, bu o deməkdir ki, siz özünüz də, bir çıxış yolu axtarırsınız. Sadəcə, hələ bunu tam qəbul edə bilmirsiniz.
Əli susdu. Düz deyirdim. O, çarəsiz idi.
- Əgər, Kamran burada olsaydı, sizcə, sizə nə deyərdi?
Bu sual Əlini sarsıtdı. Çünki cavabını bilirdi.
“Əli, sən yaşamalısan.”
Amma bu sözləri dilinə gətirə bilmədi.
- Mən onun gözlərimin önündə ölməsinə baxdım. Onu xilas edə bilmədim…
- Amma tək də qoymadınız.
- Nə fərqi var? Axırda yenə öldü.
- Bəs siz?
- Nə mən?
- Siz hələ də sağsınız, Əli bəy.
- Bəli, o gün Kamran getdi, amma mən sağ qaldım. Bəlkə də, bunun bir səbəbi var idi…
- Əgər siz Kamranın yerində olsaydınız və o, sağ qalsaydı, onun bu qədər əzab çəkməsini istəyərdiniz?
Əli, başını yellədi.
- Onda, siz niyə onun ölümündə özünüzü günahlandıraraq əzab verirsiniz?
Bu dəfə cavabı yox idi.
Sonra saata nəzər yetirib seansın sona çatdığını ona bildirdim.
Əli, ayağa qalxıb, ağır addımlarla qapıya doğru getdi. Sanki hər addımı keçmişin qaranlıq səhifələrini çevirmək üçün atırdı. Mən baxışlarımı ondan çəkə bilmirdim.
Qapının bağlanma səsi otaqda qısa səssizlik yaratdı. Bu səs məni illər əvvələ, uşaqlıq illərinə apardı.
Atamı heç vaxt görməsəm də, onun varlığı yalnız anamın danışdıqları, köhnə şəkillərdəki solğun təsviri, bir də ağlımda yaratdığım xəyal idi.
“Qəhrəman idi” – deyirdi anam, həmişə. “Cəsur, mərd bir insan…” Amma mənim üçün bu sözlər kifayət etmirdi. Bir insanın üzünü, səsini, gülüşünü görmədən, əllərinin istiliyini hiss etmədən, onu tam olaraq necə sevmək olardı?
Əlinin baxışları yorğun, amma məğrur idi. Əli gedəndə atamı xatırlamağım təsadüfi deyildi. Sanki onun addımlarında, atamın döyüş meydanında yerə düşən, amma heç vaxt sarsılmayan iradəsini görürdüm.
Atam üçün illərdir darıxırdım. Kaş sağ olaydı… Bir dəfə də olsa, gözlərinə baxa bilsəydim. “Ata” deyib onu qucaqlaya bilsəydim. Onun varlığını hiss etmək, uşaq ikən qorxduğum qaranlıq gecələrdə ona sığınmaq istərdim. Bəlkə də o zaman bu qədər güclü olmağa ehtiyacım olmazdı.
Ürəyimdəki boşluq daha da dərinləşmişdi. Bir daha atamı görməyəcəyimi bilirdim. Amma içimdə qəribə bir inam vardı. Bəlkə də haradasa, uzaq bir yerdə, atam məni izləyirdi… Bəlkə də, Əlinin getdiyi yolda atamın ruhu da addımlayırdı.
İşdən çıxanda hava qaralmışdı. Küçədə soyuq külək əsirdi. Sakit küçələrdən birində addımlayırdım ki, qəfil zibil konteynerinin yanından gələn miyoldama səsi diqqətimi çəkdi. Əvvəlcə qulaq asdım, sonra addımlarımı yavaşlatdım. Bir daha titrək, köməksiz bir pişik səsi gəldi.
Qaranlıq bir küncə baxanda, köhnə karton qutunun içində titrəyən kiçik bir pişik gördüm. Bədəni bir az çirkli idi. Balaca pəncələri donmuş kimi görünürdü. Böyük, qara gözləri ilə birbaşa mənə baxırdı. Sanki mənim şəfqətini hiss edib yalvarırdı. Onu orada qoyub getmək mümkün deyildi. Yavaşca əyilib əlimi uzatdım.
- Balam, sən burada tək qalmısan?
Pişik elə bil səsimə reaksiya verərək bir az da titrədi, amma qaçmadı. Onu yavaşca əlimə götürdüm. Balaca bədəni isti idi, amma yüngülcə əsirdi.
- Sənə bir ad qoymalıyam. – deyə pıçıldadım.
Bir anlıq düşündüm. Sonra gülümsədim.
- Sənin adın, Şans olsun. Ailəmizə şans gətir.
Bilirdim ki, onu evə aparsam, övladlarım çox sevinəcək. Onlar heyvanları çox sevirlər, xüsusilə də pişikləri. Artıq beynimdə uşaqlarının sevinc dolu səsləri canlanmışdı:
- Ana, bu bizim olacaq? Ona nə ad qoyacağıq? Mən baxacağam ona, söz verirəm!
Gülümsədim. Bu kiçik canlı evə sevinc gətirən yeni bir dost idi. Həyatın ən gözəl anları bəzən ən gözlənilməz yerlərdə gizlənirdi.
Pişiyi sinəmə sıxaraq yola davam etdim. Balaca bədəninin istiliyi, içimdə qəribə bir rahatlıq yaradırdı. Həyatın qarmaqarışıq anlarında belə, insanı gülümsədən kiçik möcüzələr olurdu.
(Mayın 29-da sizlərə 8-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Bu gün bir film, başqa gün bir kitab olub mütləq ki, öhdəsindən gələcəyik!
Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Bu gün sizi iki Xan və iki Həsənlə tanış edəcəm.
Bu kitab Sosial şəbəkələrdə tez-tez qarşıma çıxırdı və günlərin birində kitab rəflərininin arasında qarşılaşdım, niyə də olmasın deyib, onunla birlikdə qayıtdım evə...
Kitabı ilk dəfə əlimə alanda məni necə bir romanın gözlədiyindən xəbərsiz, üz qabığını oxudum, "Xan" - bir anlıq keçmişə daldım.
My name is Khan.. Hələ məktəb vaxtı qış aylarının şaxtalı şənbə günlərinin birində sobanın yanına qısılıb Space TV-ni açıb təkrar-təkrar izlədiyim hind filmləri, xüsusilə də "My name is Khan" - "Mənim adım xandır" filmini xatırladım...
Kitabı kənara qoyub, iyirmi dördüncü yaşımda bilmirəm neçənci dəfə izləyəcəyim "My name is Khan" filmini təkrar açdım..
Filmi izlədikcə yeni fikirlər yaranırdı.
Sarı rəngi bu yaşıma kimi heç sevməmişəm.. Şahrux Xanın da oynadığı filmdə Rizvan Xan da sarı rəngi sevmir, ondan qorxurdu (xəstəliyinə görə). Bəlkə də illər öncə uşaq yaddaşıma həkk olunan Xandan qalmışdı mənə sarı rəngi sevməmək.
Uşaq yaddaşı o qədər güclüdür ki, silinməyən, köhnəlməyən mürəkkəblə yazılır ora hər şey...
Filmi izləyənlər xatırlayacaq:
Bu həyatda iki cür insan var:
Həmişə yaxşı işlər görən yaxşı insanlar, Həmişə pis işlər görən pis insanlar.
Kitabı oxuduqda buna bənzər sözlər gördüm, altını çizdim:
Həyatda iki cür insan olur:
Döyənlər və dözənlər.
O heç vaxt döyməyi bacarmadı, dözməyə dözdü və ruhu öldü.
Filmdəki Xan isə heç vaxt pis işlər görməyi bacarmadı. Kitabın dili ilə desəm;
İncidilmisən deyə incitmək ədalət deyil - olardı.
Mənim adım Xan və mən terrorçu deyiləm
Filmdə Xan bu cümləni ABŞ prezidenti ilə görüşüb ona demək üçün nə qədər yollar aşmışdı. Ama o bacarmışdı, o əngəlli idi bəlkə də, ama qəlbi əngəlli deyildi, sevgidən yoğrulduğu uşaq ruhu əngəlli deyildi, inanırdı.
Kitabın dili ilə desəm, sanki uşaqkən öz dünyanın Allahı olursan, böyüdükcə özgə dünyaların qulu.
Cib telefonları arılara zərərlidir deyib cib telefonu işlətməyən Xan deyərdi:
"Namaz yerə və insanlara görə deyil, inanca görə görülən işdir."
Xan bizə göstərdi ki, İnanc əngəl tanımır.
Filmi bitirdim, kitabı bitirdim, təkrardan müəllifin adını bir neçə dəfə oxudum:
Xan Həsən (Orxan Həsənli), azadlıq, Həsən... Bu ad mənə hardansa "azadlıq" pıçıldayır. Xatırladım nəhayət ki...
Sizdən uzaqlardan tanıdığım Marat (Qəhrəmanov) adlı bir gəncin yazısını (Həyatın səssiz başlanğıcı ) xatırladım, oxumağınızı istəyəcəm.
"I Fəsil: Yolun Başlanğıcı
Dərbəndin sərin, dağlı havası və mənzərəli küçələri, hər zaman Həsənin həyatına fərqli bir ruh qatmışdı. Burada yaşamaq, Həsənə sadəlik və sükunət verir, amma onun içində hələ də bir arzunun alovu yanırdı. Valideynləri olmadığı üçün bütün dünyası yalnız bir nəfərdən ibarət idi - babası. Həsən, kiçik yaşlarından etibarən, babası ilə yaşadı və dünyasını yalnız onunla paylaşdı. Həyatın bütün çətinliklərini babası ilə birgə çəkdi. Babası Həsəni sevdiyi qədər ona həyat dərsləri verməkdən də heç vaxt yorulmadı. Dərbəndin sərt həyat şəraitində, Həsən çox erkən yaşlardan etibarən əl əməyinin dəyərini dərk etməyə başladı. Babası ona təkcə əkinçilik öyrətmirdi, həm də hər bir çətinliyə necə tab gətirmək və hər zaman düzgün addımlar atmağı əmr edirdi. Babasının öyrətdiyi dərslər, həyatın hər anını düşünərək yaşamağa və qarşımıza çıxan hər maneəni dəf etməyə əsaslanırdı. Babası, Həsənin hər zaman düzgün yolu seçməsini istəyir və ona daim izah edirdi ki, “Həyat, bir döyüşdür, amma bu döyüşdə qalib olmağın yeganə yolu doğru olanı etməkdir.”
Bir gün Həsən, babasının ona bir şey göstərmək istədiyini bildi. Babası ona idmanla bağlı yeni bir dünyadan söz açmışdı. Uşaq yaşlarından babası ona döyüş sənətini, özünü müdafiə etməyi öyrədirdi. Bu, sadəcə idman deyildi; bu, Həsənə həyatın ən dərin anlamını, gücünü və dayanıqlılığını öyrətmək idi. Babası ona döyüş mövzusunda dərslər verməyə başladı. O, Həsənə yalnız fiziki olaraq güclü olmağı deyil, eyni zamanda daxili gücünü necə tapmağı öyrədirdi. Bir gün, babası Həsənə deyir: “Sənə bu döyüşçülük yollarını öyrədirəm, çünki həyat heç vaxt bizə asan olmayacaq. Amma bu bacarıqlar sənin həyatınla bağlı hər hansı bir çətinliyi dəf etməyinə kömək edəcək.” Həsən, döyüş sənəti və idmanla tanış olduqca, özünü daha da güclü hiss etməyə başladı. Babası ona yalnız özünü qorumağı deyil, həm də insanlara yardım etməyin vacibliyini öyrədirdi. Dərbəndin çətin dünyasında, Həsən başa düşdü ki, yalnız güclü olmaq kifayət etmir, həm də insanlara yardım etməyi öyrənmək lazımdır. Bu biliklər ona həm döyüşdə, həm də gündəlik həyatında faydalı oldu.
Bir neçə il sonra, Djerninskdə bir idman yarışması keçiriləcəyi xəbəri yayıldı. Bu, Həsən üçün böyük bir fürsət idi. O, bu yarışa qatılmaq üçün hər şeyini etməyə hazır idi. Babası ona yarışa qatılmaq üçün dəstək olmağa qərar verdi, amma onlara bu yol asan olmayacaqdı. Həsən, yarışa qatılmaq üçün kifayət qədər pulu olan bir ailəyə sahib deyildi. Amma babası, oğlu üçün hər şeyi qurban verməyə hazır idi. Babası öz sevimli əşyalarını, hətta kəndin o kiçik evindəki bəzi məişət əşyalarını satmağa razı oldu. “Yarışa qatılmaq istəyirsənsə, buna dəyər,” deyə babası ona məsləhət verdi. “Çətinliklərə dözərək bu yolda irəliləməlisən.” Həsən bu dəstəyi heç zaman unutmadı. Yarışa qatılmaq üçün verilən bu qərar, yalnız idmançılığa deyil, həm də həyatda öz yolunu tapmağa dair bir simvolik addım idi. Babası ona güc verdikcə, Həsən daha çox çalışır, döyüş sənətini və özünü müdafiə etmə bacarıqlarını daha dərindən öyrənirdi. Yarış günü gəldi və Həsən özünü çətin bir döyüşə hazır hiss edirdi. O, hər gün öyrəndikləri ilə özünü təkmilləşdirmişdi. Babasının verdiyi dərslər və ona etdiyi fədakarlıq Həsənin həyatında mühüm rol oynayacaqdı. Dərbəndin kənd yolları boyunca, Həsən yarışa gedərkən, babasının hər kəlməsi qulağında səslənirdi. Yarışa qatıldıqda, Həsən yalnız idmançı olaraq deyil, həm də özünün ən yaxşı versiyasını tapmış bir insan olaraq orada idi. Yarışın sonunda, gözlənilməz bir nəticə ilə Həsən çempion oldu. Bu qalibiyyət yalnız onun fiziki gücünün təcəssümü deyildi, həm də babasının öyrətdiyi həyat dərslərinin ən böyük göstəricisi idi. Həsən qalibiyyətini babasına ithaf etdi. O, hər zaman ona göstərdiyi yolda getməyə və hər çətinliyə qarşı dözərək irəliləməyə söz verdi.
Çempionluğun sevinci Dərbəndin dar küçələrində, daş binaların arasında uzun sürmədi. Həsən bir neçə gün evdə istirahət etdikdən sonra qəribə bir halsızlıq hiss etməyə başladı. Əvvəlcə buna əhəmiyyət vermədi. Babası ilə səhər idmanına çıxmaq istədi, lakin bir neçə addımdan sonra nəfəsi çatmadı. Gözlərində yüngül qaralma oldu. Babası onun üzünə diqqətlə baxdı, amma Həsən hər şeyin qaydasında olduğunu söylədi. Lakin günlər keçdikcə bu halsızlıq, boğulma hissi, səbəbsiz yorğunluq daha da şiddətlənirdi. Axşamlar Həsən bədənində qəribə ağrılar hiss edir, ürəyi tez-tez döyünürdü. Sanki içində bir şey susqun şəkildə onu zəiflədir, amma hələ tam adını qoymurdu. O, bu ağrının, halsızlığın, gecə gələn titrətmələrin nə olduğunu bilmirdi, ya da bilmək istəmirdi. Babası isə hər şeyi hiss edirdi. Lakin onu qorumaq üçün səssiz qalırdı. Həsənin gözlərinin içində bir qorxu vardı, sanki öz bədəninə yadlaşmışdı. Və bu yadlıq onu yavaş-yavaş öz dünyasından uzaqlaşdırırdı. Nəhayət, bir gün Həsən artıq idmana gedə bilmədi. Babası ona dərmanlar aldı, təbiblərlə danışdı, amma heç kim konkret bir diaqnoz qoya bilmədi. Hamı deyirdi: “Çox gəncdi, bu ancaq yorğunluqdur.” Amma bu yorğunluq keçmirdi. Bir axşam babası Həsənin otağına daxil olanda onu stolun arxasında oturmuş, köhnə yarış medallarına baxarkən gördü. Həsən sakitcə dedi: Baba, mən çempion oldum. Amma indi… içimdə sanki görünməyən bir döyüş var. Mənimlə döyüşən bir şey var, adı yox, amma hiss edirəm. Babası yanağını Həsənin saçına söykədi və pıçıldadı: Oğlum sən bu döyüşü də udacaqsan. Çünki sən nəinki güclüsən, sən mənim ümidimsən. Həsən başını yellədi. Gülümsədi. Amma gözlərində bir dərinlik vardı. Artıq bu yolun əvvəlində durduğunu bilirdi - səssiz, çətin və görünməyən bir mübarizə başlayırdı.
Babası Həsənin vəziyyətinin dəyişdiyini gördükcə narahatlığı artırdı. Axır ki, bir səhər onu şəhərin tanınmış təbibinə apardı. Dərbəndin qədim küçələrindən birində yerləşən bu təbib illərlə insanlara şəfa vermişdi. Onun otağında əski kitablardan gələn qoxu, qapının arxasında susqun gözləyən insanların sükutu vardı. Təbib Həsəni diqqətlə müayinə etdi. Qulağını sinəsinə qoydu, nəbzini saydı, gözlərinin içinə baxdı. Sonra yavaşca ayağa qalxıb pəncərəyə tərəf getdi. Bir neçə saniyə sükut oldu. Həsən və babası baxışdılar. Sonra təbib astaca dedi: Onun ürəyi zəifdir , çox zəif. Hərəkətə, ağır idmana davam gətirə bilməz. Bu yaşda belə bir zəiflik, bu bir xəbərdarlıqdır. Babası elə bil bu sözləri eşitmək istəmədi. İnanmadı. Həsənin çempion olduğu yarış gözlərinin önündə canlandı. Qalib gələn, meydanda hər kəsi heyrətləndirən o oğlan necə olur ki, indi ürəyi zəif ola bilərdi? Yox… baba pıçıltı ilə dedi, siz səhv edirsiniz. O çempion oldu. O, səhər tezdən qaçır, daş daşıyır, döyüşür.Təbib ağır-ağır başını yellədi: İdman bəzən zahiri gücü artırır. Amma daxildə nələr baş verir, onu hərəkət göstərmir. Onun ürəyi bu ritmi daşıya bilməz. Davam etsə, həyatı üçün təhlükə ola bilər. Həsən bir söz demədi. Sanki ürəyində nəsə sınmışdı. O ana qədər yaşadığı bütün zəfərlər, babasının qürurlu baxışları, gecəyarısı məşqlər… hamısı o otaqda bir küncə çəkildi. Sanki təbib yalnız onun bədənini deyil, xəyallarını da müayinə etmişdi və qadağa qoymuşdu. Yolboyu ikisi də danışmadılar. Dərbəndin səssiz küçələrindən keçib evlərinə qayıtdılar. Həsən evə girəndə artıq fərqli bir insana çevrilmişdi. O gün bir çempionun içində başqa bir döyüş başladı - bu dəfə meydanda deyil, öz bədənində və ruhunda.
Axşamüstü Həsən evin bir küncündə oturmuşdu. Sükut içində idi. Adətən məşq saatında, baba ilə yumruq kölgələri vurduğu saatda indi susqunluq hökm sürürdü. Babası pəncərədən ona baxdı. Onun başını aşağı salması, sanki dünya ilə əlaqəsini kəsməsi ürəyini ağrıdırdı. Dərhal qərar verdi. Həsən, bu gün qonağımız olacaq, dedi mehriban səslə. Keçmiş dostum, Saşa dayın gəlir. Həsən təəccüblə başını qaldırdı. Babasının sözündə qəribə bir sevinc vardı. Axşam qapı döyüldü. Açanda qarşılarda iri cüssəli, bir az sərxoş, amma üzündə uşaq kimi təbəssüm olan şalvarı tamam yırtılmış bir kişi dayandı. Oho, mənim qəhrəman dostum! - deyə Saşa baba ilə qucaqlaşdı. Bəs bu kiçik oğlan kimdir? Gözlərin içində alov var, lap mənim cavanlığım kimi! Həsən gülümsədi. Saşanın səsi, davranışı, sanki bir teatr tamaşası idi. Divana oturan kimi cibindən bir neçə şokolad çıxardı, birini Həsənə uzatdı: Bu, çempionlar üçündür, qadağalı deyil, ha-ha! Babası gülümsədi. Saşa danışdıqca ev sanki işıqlanırdı. Müxtəlif əhvalatlar danışırdı: birində ayı ilə dalaşmışdı, digərində təsadüfən toya girib şərab oğurlamışdı. Həsən qəhqəhə çəkdi. Gecə boyunca gülməkdən yoruldu. Saşa getdikdən sonra baba Həsənin çiyninə əlini qoydu: Gördün, oğlum? Gülmək gücdür. Bəzən dərmanlardan da güclü olur. Həsən başını yellədi. O gecə yatağına uzananda qəlbində bir parça işıq vardı. Həyat bəzən qəfil səssizləşə bilərdi, amma bəzən də Saşa kimi gülərək qapını döydü.
Daha bir müddət sonra hər şey asta-asta düzəlməyə başladı. Həsən artıq əvvəlki kimi kefsiz deyildi. Saşa dayının gülməli əhvalatları, babasının sevgi dolu baxışları və Dərbəndin sükut içindəki gözəlliyi onu yenidən həyata bağlayırdı.
Hər səhər erkən durur, babası ilə evin qarşısındakı kiçik həyəti süpürür, sonra birlikdə bir fincan çay içirdilər. O günlərdə həyat, bir zamanlar itirdikləri ahəngini geri qaytarırdı. Babası onu yenə idmanla məşğul olmağa təşviq etsə də, artıq diqqətli idi - ağır məşqlər yox idi, yalnız yüngül hərəkətlər, nəfəs məşqləri və ruhunu möhkəmləndirəcək söhbətlər. Bəzən dəniz sahilinə gedirdilər. Baba oğluna ucsuz-bucaqsız suya baxmağı öyrədirdi “Dəniz kimi ol, oğlum. Dərin, səssiz və dözüm dolu.” Həsən bu sözləri içində daşıyırdı. Bəzən də babası səhər tezdən qayıqçı dostlarına kömək edirdi, Həsən də yanında olurdu. Onun gücü azalsa da, ruhu gündən - günə bərpa olunurdu. Xəstəliklə bağlı qorxular, içində səssizcə yaşasa da, onu boğmurdu artıq. O bilirdi ki, babasının sevgisi, Saşa dayının zarafatları və Dərbəndin sükutu onu bir növ yaşadırdı. Bir gün babası dedi: Həyat, oğlum, heç vaxt təkcə ağrıdan ibarət deyil. Bəzən sən ağrıya dözə-dözə güclənirsən. Unutma, sən tək deyilsən. Həsən başını aşağı salıb gülümsədi. Daxilində bir işıq yandı. Həyat davam edirdi.
Babası çox işləyirdi. Günün böyük hissəsini dəniz kənarındakı taxta emalatxanasında keçirər, axşama doğru yorğun halda evə qayıdardı. Bu, Həsənin qürur duyduğu bir hal olsa da, içində gizli bir boşluq da yaranmışdı. Uşaq olsa da, bəzən özünü tək hiss edirdi. Babasının gözlərindəki yorğunluq, əlindəki qabarlar, çiyinlərindəki yük - hamısı Həsənin gözündən yayınmırdı. Amma bir şeyi də anlayırdı: onun arzuları var idi. O, güclü olmaq, babasının yükünü yüngülləşdirmək istəyirdi. Bir gün babası işlədiyi vaxt Həsən evin arxa həyətinə keçdi. Orada köhnə idman əşyalarını tapdı, bir vaxtlar babasının istifadə etdiyi, torlu boks əlcəkləri, yüngül bir sandıq. Onları təmizlədi, düzəltdi və gizli - gizli məşq etməyə başladı. Hər səhər babasından əvvəl oyanırdı. Sükut içində yumruqlarını havaya atır, qaçış edirdi. Nəfəsi daralsa da, ürəyi döysə də, dayanmırdı. Qərar vermişdi: bir gün babasına layiq bir oğul olacaq. Hər damla tər, onun içindəki sükunəti gücə çevirirdi. Axşamlar babası gələndə, o heç nə demirdi. Sadəcə yemək yeyər, gülümsəyər və “Yorğunam, baba” deyərdi. Amma içində bir ümid alovlanırdı. Bir dəfə Saşa dayı qəfil evə gəldi və Həsəni tək məşq edərkən gördü. Gözlərini qıyaraq ona baxdı, sonra yumşaq səslə: Sən birinə bənzəyirsən, Həsən... Kiçik vaxtlarımda gördüyüm özümə. Amma ehtiyatlı ol, ürəyini dinlə, sadəcə əzələlərini yox. Bu sözlər Həsənin qulağında səssizcə əks-səda verdi. Amma o artıq dönmək istəmirdi. Bu məşqlər, bu gizli zəhmət onun öz azadlığı idi.
Qonşuları Şaşa dayı əslində bir az qəribə, bir az da gülməli adam idi. Sərxoş olsa da, könül adamı idi. Dərbəndin dar küçələrində onu tanımayan yox idi. Uşaqdan böyüyə hamı ona ya gülər, ya da salam verərdi. Gözləri yorğun, qəlbi isə dolu idi. Şaşa dayı həyatda çox şey görmüşdü və hərdən deyərdi: “Mənim həyatım bir butulkanın dibinə sığışan xatirələrdən ibarətdir.”
Bir gün səhər saatlarında Şaşa dayı təsadüfən Həsəni məşq edərkən gördü. Həsən köhnə bir torun içindəki boks əlcəklərini taxıb, böyük bir ciddiyyətlə zərbələr vururdu. Bədəni tərləmiş, yanaqları qızarmışdı, amma gözlərində qəribə bir parıltı vardı - sanki içindəki nəyisə sübut etmək istəyirdi. Şaşa dayı siqaretini yerə atıb əzdi, sonra yumşaq səslə dedi: Həsən, səndə çempion ruhu var, bala. Dərbənddə gənclər arasında turnir olacaq. Səni ora aparmaq istəyirəm. Orada sənə bənzəyən heç kim yoxdur. Həsən bir anlıq dondu. Çempionat? Bu onun arzusuydu. Amma bir problem vardı - babası. O, Həsənin xəstə olduğunu biləndən sonra idmanı qadağan etmişdi. Həsən isə heç vaxt ona yalan danışmamışdı. Mən babama yalan deyə bilmərəm, dayı - dedi Həsən, səsi titrədi. Şaşa dayı bir qədər susdu, sonra başını yellədi: Mən səndən yalan istəmirəm, Həsən. Sadəcə onun narahat olmaması üçün bir yol tap. Bilirəm, sənin üçün asan deyil. Amma bu turnir sənə yeni bir yol aça bilər. Həsən gecə yata bilmədi. Pəncərədən baxır, babasının emalatxanadan dönməsini gözləyirdi. O an içində bir savaş gedirdi. Bir tərəfdə vicdanı, bir tərəfdə arzusu. Amma bir şeyi bilirdi - babası üçün yaşamaq, onun adına güclü olmaq istəyirdi. Və bu fürsəti qaçırmaq onun üçün xəyanət kimi idi. Səhəri gün Həsən babasına yaxınlaşdı: Baba... Mən Şaşa dayı ilə bir neçə gün gəzintiyə gedə bilərəmmi? Dərbəndin içində bir az dolaşarıq...Baba başını qaldırdı, Həsənin gözlərinə baxdı. Bir anlıq düşünürmüş kimi oldu, sonra qışqırdı: O, əyyaşdan uzaq dur. Sonra Saşa Saşa səni gəbərtəcəm deyərək getdi. Əbasını çiyninə salıb evdən çıxdı. Şaşa gilə getdi. Qapı bağlı idi. Dəhlizə baxdı, heç kim yox idi. Evə tərəf keçdi... və bax o anda gördü: Şaşa həyətin kənarındakı köhnə divarın dibində, yerə sərilmiş köhnə palazın üstündə uzanmışdı. Yanında hürə-hürə susmuş bir qoca it vardı. Saç-saqqalı qarışmışdı, üstü-başı toz içindəydi. Babası yaxınlaşdı, dizlərini yerə qoyub səsini alçaltdı: Şaşa...Heç bir cavab gəlmədi. Saşa yuxuda deyildi, sadəcə dünyanın səssizliyinə gömülmüşdü. Qoca kişi bir qədər sarsıldı. Həsənin baba kimi güvəndiyi dostlardan birinin bu vəziyyətdə olması ağır idi. Barmaqları ilə çiyinindən silkələdi: Ay Şaşa... Dur bir az... danışmalıyıq. Şaşa gözlərini azca araladı, səsi boğuq və yorğun idi:İmkan verin içim... bir tikə araq qalıb. Bu sözləri deyəndə gözləri yaşla dolmuşdu, amma gülümsədi. Hər şeydən, hər kəsdən uzaq biri kimi danışırdı. Həyat ona çox şey borclu deyildi, o da həyatdan çox şey istəməmişdi. Yanındakı qoca it quyruğunu zəifcə tərpətdi, sanki sahibinin qürurunu bölüşürdü. Babası dərindən nəfəs aldı. İçindəki kin yox olmuşdu. Təkcə mərhəmət qalmışdı. Palazı düzəltdi, itin başını sığalladı. Sonra Şaşaya baxıb sakit səslə dedi: Sən düz deyirsən, Şaşa. Həsən içində yanır. Bəlkə də sən bunu məndən əvvəl gördün.Şaşa heç nə demədi. Amma gözlərində bir təşəkkür var idi. Sonra başını geri qoydu və pıçıltı ilə əlavə etdi: Hacı dayı... bu uşaq başqa cür böyüyür... onu sıxma. Babası başı ilə razılaşdı və ayağa qalxıb evə tərəf getdi. Həmin axşam Həsənə heç nə demədi. Sadəcə onu diqqətlə izləyirdi. artıq bilirdi: bəzi yolları təkcə sevgi ilə qorumaq olmur bəzən azadlığa da ehtiyac var."
***
Xan Həsənin adını oxuyanda Maratın yazdığı və davamı ilə hələ də tanış olmadığım hekayəni xatırladım mən..
Necə də unudulmuşdu, unutmuşdum..
Maratın son cümləsini bir neçə dəfə təkrarladım: "bəzi yolları təkcə sevgi ilə qorumaq olmur, bəzən azadlığa da ehtiyac var"
Ama sizi bir şeyə əmin edirəm. Çox yazının içində çox yazı var, o yazıların içində də yazılar var. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Azadsınız - Xan isə kitabında əsəri bitirmədən belə deyirdi.
Əslində Maratın hekayəsi də Xanın hekayəsi də burda bitmir, bir gün bəlkə ardını da oxuyarıq.
Kitabda belə bir cümlə keçirdi; bəşəriyyətə böyük yazıçıların özləri yox, yazdıqları lazım olur.
Bəlkə də haqlı idi Xan! - Rizvan Xan da, Xan Həsən də..
Bir sözlə, əksəriyyət Maratı və Xanı tanımasa da yazıları artıq sirr yox, "hürr"dü...
We shall over come someday – bir gün öhdəsindən gələcəyik! Bəzən insanın gözləri dolar, axı birdən, mənim də gündə neçə dəfə başıma gəlir bu, istəmədən, o zaman Xanın oxuduğu mahnı səslənir qulaqlarımda..
We shall over come someday...
Biz bu gün bir film, başqa gün bir kitab olub mütləq ki, öhdəsindən gələcəyik!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“İrəvanda xan qalmadı” Qərbi Azərbaycan İcmasında təqdim edildi
Mayın 25-də Qərbi Azərbaycan İcmasında yazıçı Varisin “İrəvanda xan qalmadı” adlı sənədli romanının akademik formatda təqdimat-müzakirəsi keçirilib.
Tədbirdə ictimai-siyasi xadimlər, alimlər, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı Qərbi Azərbaycan İcması Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri açaraq bildirib ki, Azərbaycan tarixinin müxtəlif dövrlərində erməni saxtakarlıqları məqsədli şəkildə formalaşdırılıb və uzun illər dünya ictimaiyyətinə yanlış məlumatlar təqdim olunub. O qeyd edib ki, müstəqillik illərində tarixçilərin və tədqiqatçıların fəaliyyəti nəticəsində tarixi həqiqətlər arxiv sənədləri və elmi mənbələr əsasında yenidən üzə çıxarılır, milli yaddaşın qorunması yalnız elmi araşdırmalarla deyil, həm də ədəbiyyat, teatr və incəsənət vasitəsilə həyata keçirilməlidir. Əziz Ələkbərli “İrəvanda xan qalmadı” romanının məhz bu cəhətdən əhəmiyyətli olduğunu vurğulayıb və əsərin səhnələşdirilməsi ilə bağlı təşəbbüslərin də müzakirə olunduğunu bildirib.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında romanın tarixi yaddaşın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, əsərdə tarixi faktlarla bədii təsvir ustalıqla uzlaşdırılıb. H.Babaoğlu romanın İrəvanın qədim yaşayış məskənlərini, etnoqrafik xüsusiyyətlərini, memarlığını və sosial həyatını canlı şəkildə təqdim etdiyini vurğulayıb. Deputat əlavə edib ki, müəllifin dili və təsvir üslubu oxucunu XIX əsr İrəvan mühitinə apararaq hadisələri emosional şəkildə hiss etməyə imkan yaradır.
Tədbirdə QAİ İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, QAİ İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının müşaviri Nazim Mustafa, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, QAİ Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni və digər ziyalılar çıxış edərək əsərin tarixi həqiqətlərin təbliği, Qərbi Azərbaycan mövzusunun ədəbiyyatda yaşadılması və milli-mənəvi yaddaşın qorunması baxımından əhəmiyyətindən danışıblar.
Çıxışlarda bildirilib ki, bu cür əsərlər gənc nəslin tarixə bağlılığının gücləndirilməsi və milli kimlik şüurunun formalaşdırılması baxımından mühüm rol oynayır.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının fəalları Kənan Heydərli və Zəhra Allahverdiyeva əsəri böyük maraqla oxuduqlarını, Qərbi Azərbaycan mövzusunda yazılan bu əsərin gənclərin tarixi həqiqətlər barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratdığını bildiriblər. Vurğulayıblar ki, bu cür təqdimatlar və müzakirələr gənclərin milli tarixə marağını artırır, onların milli yaddaş ruhunda formalaşmasına töhfə verir.
Sonda əsərin müəllifi Varis çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, “İrəvanda xan qalmadı” romanını yazmaqda əsas məqsədi İrəvan xanlığının tarixini, həmin dövrün ictimai-siyasi hadisələrini və milli-mədəni mühitini geniş oxucu auditoriyasına çatdırmaq olub. O vurğulayıb ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir ziyalının mənəvi borcudur.
Qeyd edək ki, Varisin non-fiction janrında qələmə aldığı “İrəvanda xan qalmadı” romanı Azərbaycan ədəbiyyatında indiyədək irihəcmli əsərlərdə geniş şəkildə işıqlandırılmayan bir mövzuya — XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalına həsr olunub.
Əsərdə İrəvan xanlığının timsalında həmin işğalın doğurduğu maddi və mənəvi itkilər, xüsusilə işğaldan sonra xanlığın ərazisində erməni dövlətinin yaradılmasının gətirdiyi faciəli nəticələr iki gəncin — Uluxan və Selcanın dramatik taleyi fonunda təqdim olunur. Maraqlı süjet xətti, məişət hadisələrinin böyük müharibələr və mürəkkəb siyasi proseslərlə paralel şəkildə təsviri oxucunu əsərin sonunadək diqqətdə saxlayır və finala marağı daha da artırır.
Təxminən 1 milyon işarə həcmində Azərbaycan, rus, ingilis, fars və erməni dillərində olan arxiv materiallarından istifadə edilməklə, tarixi reallıqlara əsaslanaraq yazılmış bu roman, tariximizin “ağ ləkələri”nin aradan qaldırılması baxımından da mühüm mənbələrdən biri hesab olunur.
Roman Dövlət sifarişi ilə yazılıb, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Daha sonra “Yazıçı” nəşriyyatında roman təkrar nəşr olunubdur. Romanın xarici ölkələrdə nəşri məsələsi də gündəmdədir.
Romanın siyasi məsləhətçisi Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev, tarixi məsləhətçisi AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)


