Harmoniya yaradan əllər: Elnarə Kərimova Featured

Dünyaxanım  Ağalarqızı, “Ədəbiyyat və incəsənət” üçün   

 

 

 (Portret cizgiləri)

 

Azərbaycan Allah tərəfindən xüsusi olaraq seçilmiş bir ölkədir. Niyə? Çünki, bu qədər fitri istedada malik olan bir ölkə başqa necə ola bilərdi axı!? Torpağından ya suyundan, ya əsrarəngiz təbiətindənmi yazsam, ya bu Vətənin alimləri, yazıçıları, şairləri,  rejissorları, aktyorları, rəssamları,  musiqiçiləri, rəqqasları, idmançıları və daha nə qədər sadalamadığım işinin əsl peşəkarları olan istedadlar haqqındamı yazım? Yazmaq, tanıtmaq   istədiyim neçə  gözəl sənətkarlarımız var ki, əfsuslar olsun, onların bir çoxları layiqincə mətbuatda, mediada, televiziyada  ışıqlandırılmır. Səbəbi nədir deyə bilmərəm...

 

 

Musiqinin ən eycəzkar, ən sehirli bir sahəsi var. Çoxsəsli xor.  Musiqi qəlbə tək ona yazılan sözlər ilə deyil, səslərin biri-birinə toxunuşu ilə danışır və xor da bu toxunuşun sanki ən poetik formasıdır. Xor, insan səslərinin həmahəng birləşməsindən, hər kəsin “mən” yox “biz” olduğu prinsipdən və bu birlikdən  ərsəyə gələn kollektiv bir ifaçılıq sənətidir.  Xoru idarə edən isə onun dirijoru, xora istiqmət verəni, müəyyən ritm altında eynilə qəlb atışlarına bənzər şəkildə xorun ürək kimi bir olub döyünməsini təmin edən, vahid bir  varlığa çevirən biridir. O, musiqini duyan, onunla danışan, eyni zamanda ona yön verən və rəhbərlik edəndir.    Ölkəmizdə xor ifaçılığının, xor sənətinin professional əsası  dahi Üzeyir bəy Hacıbəyovun sayəsində qoyulub. Bütün müsəlman şərqində ilk opera yazan Üzeyir bəy bütün operanlarında xor partiyaları yazıb. Daha sonra neçə-neçə bəstəkarlarımız hər zaman öz  yaradıcılığında xor musiqisinə xüsusi yer vermişlər. Xor və dirijor məktəbimiz hər zaman özünəməxsusluğu, peşəkarlığı ilə başqa ölkələrdən seçilmişdi.

Bu yazımda sizi dəyərli  musiqiçimiz, bizi Azərbaycanın hüdudlarından kənarda da  öz uğurları ilə sevindirən və qururlandıran ,  önəmli işləri ilə seçilən  Elnarə xanım Kərimova ilə tanış etməyi və qısa da olsa onun barəsində yazmağı özümə  borc bilirəm.

Elnarə Kərimova 1962-ci ildə dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Kollecində Xor dirijorluğu  üzrə təhsil alıb, 1988-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını bitirdikdən sonra isə cəmi 26 yaşında olarkən Azərbaycan Dövlət Xor Kapellasına baş dirijor təyin edilmişdir. Xor kapellası ilə çıxış etdiyi beynəlxalq səfərlər çərçivəsində 1991-ci ildə Orta Asiyanın bir neçə paytaxtında maestro Hikmət Şimşək ilə birlikdə Ahmet Adnan Sayğunun “Yunus Emre Oratoriyası”nı səsləndirmiş,  1992-ci ildə qardaş Türkiyənin paytaxtı Ankaradan iş təklifi alan Elnarə xanım Ankara Dövlət Radiosu çoxsəsli xorunun dirijoru, 1994–1998-ci illər arası əvvəlcə Hacettepe Dövlət Konservatoriyasında, daha sonra isə Bilkent Universitetində müəllim kimi fəaliyyət göstərmişdi.. 1999-cu ildən etibarən “Orfeon” çoxsəsli kamera xorunu qurur və bu günə kimi bu xorla işləməyə davam edir. Bu kollektivlə İngiltərə və Kanadada birincilik, Avstriyada keçirilən Xor Festivalında  isə dörd gümüş medal qazanmış, həmçinin Azərbaycan, Belçika, Pakistan, İsrail, Yaponiya və Çində konsertlər vermişdir.  2009-cu ilin sentyabrında TÜRKSOY-un təşkil etdiyi beynəlxalq layihə çərçivəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının xor səhnələrinin hazırlığı  üzərində işləmişdir. Sözsüz ki, bu illər ərzində isə Azərbaycanla bağlarını qoparmamışdır. Sözü düşəndə də deyir ki, “ Azərbaycan ana Vətənimdir. O cənnətməkan məmləkəti unutmaq olarmı?”

“Orfeon” xorunun Azərbaycanda istər İctimai Televiziya, istər ayrı-ayrı  konsert salonlarında uğurlu və maraqlı çıxışlarını çox gözəl xatırlayıram. Onu da qeyd edim ki, bu xorun üzvləri ayrı-ayrı ixtisasların sahibidirlər. Aralarında həkim, müəllim və başqa sahələrdən olan insanların musiqi təhsillərinin olmamaları, onların  peşəkar səviyyədə xor ifaçısı olmaqlarına mane olmur. Mən deyərdim ki, professional xor kapellasından geridə qalmayan hətta səviyyə, üslub və xor sinxronluğu, musiqi həssasiyəti ilə onlarla eyni pillədədirlər. Bu gözəl xoru görüb onlarla tanış olduqdan sonra 2010-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycanda da gənclərdən ibarət çoxsəsli kamera xoru yaratmaq üçün Elnarə xanım Kərimovaya müraciət etdilər və Elnarə xanım qısa bir müddətdə  600  gəncə tək-tək qulaq asıb,  dinlədikdən sonra bir qisim seçilən gənclərdən ibarət “ Buta” Kamera Xorunu yaratdı. Tək Azərbaycanda deyil həmçinin Avropada, İtalyada musiqi festivalında iştirak etdi “Buta” kollektivi. Cüzeppe Verdi adına Milan Konservatoriyasının səhnəsində uğurla ölkəmizi təmsil etdilər.  Muğam Mərkəzinin dəstəyi ilə bir diskləri də işıq üzü gördü. Müslüm Maqamayev adına   Azərbaycanın Dövlət Filarmoniyasının səhnəsindəki çıxışlarını isə şəxsən izləmək və dinləmək mənə də nəsib oldu. Bu gənclərin və sözsüz ki, dirijorun ərsəyə gətirdikləri iş olduqca gözəl idi. Xorun ömrü  əfsus ki, uzun olmadı. Bildiyim qədər maddi səbəblərə bağlı olaraq “Buta” Xor kollektivi fəaliyyətini dayandırdı. Düzdü bir kollektivin ayaqda durması, var olması üçün müəyyən vəsait gərəkdir. Bu, səhnə geyimləri, aylıq məvaciblər, lazım gəldikdə bəstəkarlara yeni əsərlər üçün verilməli olan qonorar və sairədir. Ancaq keyfiyyətli iş sözsüz ki, hər bir sahədə maddi dəstək tələb edir. Və buna da dövlətimizin və Mədəniyyət Nazirliyinin çox şükürlər olsun ki, gücü yetər.  Hamı kimi mən də “Buta” Xorunun Dövlət Kamera Xoru kimi, dövlət statusu alacağına çox inanır və ümid edirdim. Nə yalan deyim, hələ də ümidimi itirmirəm. Yəqin ki, Mədəniyyət Nazirliyi bu haqda çox ciddi düşünəcək. Axı xor kollektivi yaratmaq elə də asan iş deyil. Həm də xor millətin birlik simvolikasıdır. Dünyanın ən aparıcı ölkələri öz xor kollekrivləri ilə  çox məşhurdurlar. Onlar xor kollektivlərinə daha böyük üstünlük verirlər.

Elnarə xanım həmçinin YARAT mərkəzinin təşkilatçılığı ilə 2022-ci ildə ustad dərsləri ilə Azərbaycan  musiqiçiləri ilə görüşmüş və onları xor musiqisinin ecazkarlığı ilə yaxından tanış etmişdir. 2018-ci ilin sentyabrında isə Elnara xanım Kərimova Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xalq Artisti” fəxri adına layiq görülmüşdür. Həm Azərbaycan, həm Türkiyədə davam edən uğurlu fəlaliyyətində Elnarə xanım Kərimovaya bol-bol uğurlar arzu edirəm. Yaşayın, yaradın, gənclərimizə daima xor musiqisinin gözəlliyini aşılayın. Çalışın ki, Azərbaycan xoru da dünyada öz sözünü layiuqincə deyə bilsin. Əgər 44 günlük Vətən müharivəsi ilə və tarixi  qələbəmizlə biz, dünya xalqlarını mat qoya bildiksə, deməli, biz öz xorumuzla da dünya xalqlarını mat qoyub, necə bir yumruq olduğumuzu sübut edə bilərik. Axı Azərbaycan xalqı dünyanın ən qədim mədəniyyəti olan xalqlarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.