“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Aybəniz Əliyarın özüylə söhbəti və şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Aybəniz ƏLİYAR
özüylə söhbəti...
AY danışır
(sevgi, xəyal və susqun davam edən bir həyatın hekayəsi)
Ağrıdan sonra ümiddən danışmaq insanın içində bir pəncərə açmaq kimidir. Ümid qəribə bir şeydir. Bəzən insanın heç nəyi qalmır – nə gücü, nə də səbri. Amma yenə də içində balaca bir işıq qalır. O işıq ümiddir.
Ümid bəzən belə olur: qaranlıq gecədə səhərin gələcəyini bilmək.
İnsanın yenə də yaxşı insanlara rast gələcəyinə inanmaq.
Ürək qırılsa belə, yenə də sevginin mümkün olduğuna inanmaq.
Mən şair olduğum üçün bunu, bəlkə, daha yaxşı hiss edirəm:
Ümid çox vaxt səssiz olur, amma insanı ayaqda saxlayan elə odur.
Şeir və hisslər – İnsan niyə yazır? Hisslər haradan gəlir? Bəzən şeir insanı xilas edir, yoxsa daha da həssas edir?
Kaş kilər və taleyin yolu – Həyatda “kaş ki”lər olmasaydı, insan yenə də eyni insan olardımı?
Dünya və insanlar – Niyə müharibələr olur, niyə insanlar bir-birini incidir, halbuki hamı, sadəcə, sakit yaşamaq istəyir?
İnsanın içindəki ikinci səs – Bəzən insan özünə ən doğru sualları verən yeganə varlıqdır. Özünə sual verərdim: “Sən, həqiqətən, kim olmaq istəyirsən?”
Ümid – Hər şeyə baxmayaraq, insan niyə yenə də ümid edir?
İnsan qəlbinin ən dərin yerində gizlənən söz hansıdır ki, hələ heç kim onu yazmayıb?
Əgər sən özünlə söhbət etsəydin, özünə hansı sualı verərdin?
Əgər cavabını artıq bilirsənsə, o sualı özünə verməyin çox da mənası yoxdur. Amma bəzən insan cavabını bildiyini düşündüyü sualları da yenə özünə verir. Çünki cavab dəyişmiş ola bilər. İnsan dəyişmiş ola bilər.
Ya da cavab eyni qalsa belə, onu yenidən demək insanı sakitləşdirir.
Şairlərdə isə bu daha çox olur. Bəzən şair sualı cavab üçün yox, hissin səsini eşitmək üçün verir. Bu dəfə içindəki hisslərin səsi sənə hansı hekayəni danışacaq, bir dinləsənə...
***
Şəhərin kənarında köhnə bir ev var idi. O evin pəncərələri həmişə açıq qalardı. Sanki içəridə yaşayan qadın hər an kiminsə gələcəyini gözləyirdi.
Onun adı indi çox az adamın yadında qalmışdı. Bir zamanlar şeir yazardı, məktublar yazardı, uzun-uzadı dəftərlər doldurardı. Amma zaman keçdikcə insanlar onun adını unutdu, yazdıqları isə saralmış kağızların içində qaldı.
O qadın gəncliyini bir sözə qurban vermişdi: Xəyal.
Bu, bəlkə də, bir insanın adı idi. Bəlkə də, yox.
Amma o qadın hər dəfə həmin sözü deyəndə sanki bir adamı çağırırdı.
– Xəyal...
Bu söz onun dilində dua kimi səslənirdi.
Gənc vaxtlarında o, sevginin insanı xilas etdiyinə inanırdı. Bir gün gələcək, qapı döyüləcək, illərlə gözlədiyi adam qarşısında dayanacaqdı.
O illər keçdi.
Ümid əvvəlcə səsli idi. Sonra pıçıltıya çevrildi. Sonda isə susdu.
Qadın bir gün başa düşdü ki, Xəyal, bəlkə də, heç vaxt gəlməyəcək.
Amma qəribədir – o sevgini ürəyindən çıxarmağa da qıymadı.
O sevgini öldürmədi. Sadəcə, içində basdırdı. İnsanlar onu görüb deyirdilər:
– Çox sakit qadındır. – Heç kim bilmirdi ki, o sakitliyin altında bütöv bir gənclik yatır. Bir qadının ən işıqlı illəri, ən saf ümidləri xəyala çevrilib. Bəzən axşamlar o qadın pəncərənin qarşısında oturur, uzağa baxırdı. İndi o artıq heç kimi gözləmirdi. Amma gözləri yenə də yollarda qalırdı. Bəlkə də, bu, vərdiş idi.
Bəlkə də, sevginin son forması. Bir dəfə köhnə dəftərlərindən birini açdı. Orada cavan qızın yazdığı cümlələr vardı: "Bir gün Xəyal gələcək".
Qadın uzun-uzadı o cümləyə baxdı. Sonra qələmi götürüb aşağısına bir söz yazdı: "Gəlmədi". Amma dəftəri bağlayanda qəribə bir şey oldu. Onun üzündə kədər yox idi. Çünki insan bəzən başa düşür ki, bəzi sevgilər yaşanmaq üçün yox, insanı dəyişmək üçün gəlir. O qadın artıq əvvəlki qız deyildi.
Sevgi onu yandırmışdı, amma eyni zamanda böyütmüşdü. İndi o yaşayırdı. Sakit, ağır, amma dözümlü. İçində bir qəbir vardı – orada Xəyal yatırdı. Amma həmin qəbrin üstündə bir ağac bitmişdi. O ağacın adı isə Həyat idi.
“Xəyal…Uzaqdan Sevilən Adam”
Mən indi bunu sakitcə deyə bilirəm.
Vaxt var idi, bu sözləri demək üçün insanın içi parçalanmalı idi.
Mən onu uzaqdan sevmişəm. Sevgim onun özünə yox, onun uzaqdan görünən kölgəsinə idi. Mən o kölgənin içinə öz xəyallarımı doldurmuşdum. Mən onun yerinə düşünürdüm. Mən onun yerinə hiss edirdim. Mən onun içində olmayan dünyanı öz içimdən ona verirdim. O isə… sadəcə, yaşayırdı.
Bəzən bir insanı yaxından tanıyanda sanki bir evə girirsən. Qapını açırsan, otaqları gəzirsən və birdən anlayırsan ki, ev demək olar ki, boşdur.
Mən də bir gün o evin içində dayandım. Divarlar vardı. Amma həyat yox idi.
O an başa düşdüm ki, mən bir insanı yox, öz xəyalımı sevmişəm.
Xəyal… Adı nə qədər doğru imiş.
Mən onu yenə də uzaqdan xatırlaya bilirəm.
Çünki bəzi adamlar yaxınlıq üçün deyil, uzaqdan sevilmək üçün yaranır.
...və şeirləri
KƏND ADAMLARI
Mövsümlər ötüşər, fəsillər dönər,
Çaylar aşıb-daşar, sellər sevinər.
Zümzümə üstündə bulaqlar dinər,
Gülər gözlərindən kənd adamları.
Bənövşə boyunlu kənd qızlarına,
Elçilər tez düşər, bu da bir adət.
Cehiz tədarükü eyləyər ana,
İsməti ən gözəl cehizdir, əlbət.
Sevgisinə inan, qəlbinə sığın,
Hissinə həmdəm ol, qoynunda qarı,
Kəndin təmizliyin, kəndin saflığın,
Daşıyar üstündə kənd oğulları.
Payızda köç edən quşlar da bir gün,
Dönər yuvasına bir yaz səhəri.
Bəzəyər kənd evin yenə toy-düyün,
Artar obaların barı-bəhəri.
Nənələr anaya, analar qıza,
Cehiz eyləyərlər həyanı, arı.
Oğullar düşməni gətirər dizə,
Dönər al bayrağa ata vüqarı.
***
Yenə ürəyimi çəkib tarıma,
Asıram divardan şəkil əvəzi.
Divarlar tab etmir duyğularıma,
Bir yerdə asılıb qalmaqdan bezir.
Bu şəhər hamını yuxuya verib,
Mən təzə gəlmişəm, təzə elçiyəm.
Məni bu şəhərə Tanrı göndərib,
Sözün elçisiyəm, sözə elçiyəm.
Ayağım altından yer qaçar olub,
Hər şey var əlimin qabarlarında.
Əlimdən ürək də çar-naçar olub,
Dağılır üstümə divarlarım da.
Zülmətə minvallı yola düzəldim,
Gecə mənim ilə durubdu qəsdə.
Gözümün acısın almağa gəldim,
Başım bu şəhərin dizinin üstə.
Dərdim söz göyərdir, hər an bir buğum,
Ruhum pillə-pillə göyə yüksəlir.
Mənim dərvişanə yuxusuzluğum,
Deyəsən, gecənin xoşuna gəlir.
***
İnsan çox sevəndə duyğusallaşır,
Qəlbində güc artır, gözlərində nur.
Sevinci sayrışan ulduzlar kimi,
Uçub yanağına, üzünə qonur.
Ürəyi fəth edir ağlını yenə,
Fikrinin ümmanı dupduru olur.
Ruhu dönüşdükcə can fitilinə,
Bədəni bir isti mumdan yoğrulur.
İnsan çox sevəndə, lap çox sevəndə
Sanki gerçək olur ruhuna daman.
Döyülən qapıya, çalınan zəngə
Bir ayrı duyğusal olur o zaman.
Məhəbbət – əlçatmaz bir xəyal indi,
Onun xiffətiylə iç-içə döyün.
Məhəbbət – hardasa rast gəldiyindi,
Hardasa yanından ötüb keçdiyin.
Ömrün hər fəslinə tuş gələ bilər,
Baharda gələrsə, nə xoş halına.
Çəmənlər, çiçəklər üzünə gülər,
Quşlar nəğməsini səpər yoluna.
Payızda gələrsə, ürkər, duruxar,
Gecikmiş qonaqdı, qisməti yarı.
Sevməsə darıxar, sevsə darıxar,
Kaşki aşa bilsə "daş divarları".
Ruh ayrı, can ayrı, bədən ayrı yük,
Yükü daşıyana qismətdi sevgi.
Bəzən birgəliyə sevgi deyirik,
Bəzən çəkdiyimiz həsrətdi sevgi.
Bəzən təntənədi, bəzən qınaqdı,
Bəzən çağrılmamış qəfil qonaqdı.
Nə zaman gələrsə, açıqdı qapım,
Nə zaman gələrsə, qapım açıqdı.
***
Mən xoşbəxt imişəm, sən də bəxtəvər,
Dünyanı qolboyun yaşayırmışıq.
Sanki bu dünyaya Günəş hər səhər
Bizim ruhumuzdan doğurmuş işıq.
Yaşıldan yaşıldı, göydən göy idi,
Bəyazdan bəyazdı, sarıdan sarı.
Dünya axı onda belə deyildi,
Dünya qoruyurdu yaşanmışları.
Hər günün bir ətri, bir rəngi vardı,
Nurda islanırdı tül pərvanələr.
Dünyanın nə gözəl ahəngi vardı,
Tükənməz deyildi hər kəs bu qədər.
Bir gün çiçək idi, bir gün gül idi,
Ətri cənnət kimi bihuşdarıydı.
Dünya axı onda belə deyildi,
Dünyada sevgidən hər şey varıydı.
Dağ idi, ələnib ətək oldumu?
Ağacdı, budanıb kötük oldumu?
Belə deyil idi,
deyildi belə...
***
Mən ölsəm, karıxma, özünü tox tut,
Baharla gələnəm, payızla gedən.
Mənli günlərini əlbəəl unut,
San ki, bu dünyada olmamışam mən.
Bax, həyat gözündən ötüb keçməsin,
Pəncərəndə budaq, budaqda sərçə.
Qoy hamı “buz imiş, daş imiş" desin,
Gözlərinə qurban, ağlama bircə.
Yandır qalaq-qalaq şeirlərimi,
Yandırsan, bilirəm, dünya isinər.
Xatırla həmişə bu bir deyimi,
"Hər insan öləndə bir ulduz sönər".
Ağlın nə deyərsə, çıxma sözündən,
Darıxsan, sevgilim, göy üzünə bax.
Bir ulduz sönəcək göyün üzündə,
Demək ki, itirən göylər olacaq.
***
Məni tək buraxmaz indi bu payız,
Yağan yağışların yar edər mənə.
Ruhum qara qələm, könlüm ağ kağız,
Dünyanı yenə də dar edər mənə.
Xəyal düzəltmişəm uzaq kölgədən,
Bu qədər tənhayam, təkəm, bir düşün.
Əridər qəlbimin buzun, bəlkə də,
Nə bilmək olar ki, taleyin işin.
Ağac da yaşayır yarpaq çəkəni,
Canından, qanından yoğrulmuş məgər.
Bilirəm, bu payız tək qoymaz məni,
İlham ağacımın yarpağın döyər.
İndi xatirən də yadigar kimi,
Salıb itirmişəm bilib-bilmədən.
İçimdə bir dolu bulud var kimi,
Dünyada tək-tənha dolanıram mən.
***
İnsafa gəlmədim, dinə gəlmədim,
Bəlkə, inanmırdım peşiman ollam.
Necə qazanmışdım səni, bilmədim,
İndi itirmişəm, yanıb-yaxıllam.
Özünü qərq etdi sükuta keçmiş,
Sanki vaxtdan kənar fırlanırıq biz.
Demə, xəbərsizəm, atəşkəs imiş,
Demə, dala qalıb müharibəmiz.
Sən də boynuna al, bilmirsən düzün,
Daha aramızda sərhədlər yanıb.
Əlimdəki silah döndərib üzün,
İndi sənə deyil, mənə tuşlanıb.
Nə qədər günah var, boynuma mindir,
İtirən mənəmsə, günahkar da mən.
Axtarsam, tapmaram, bilirəm indi,
Axtarsan, bəlkə sən tapa bilərsən.
***
Ömrümə yolları eylədim kəmər,
Sevgidən pay umdum, arzudan nəmər.
Hələ nəfəsi tər, ağzı südəmər
Bir eşqi özümə yoldaş götürdüm.
Mənlə iməklədi, böyüdü mənlə,
Gəldi yaz ömrümə güllə, çəmənlə.
Getdi payızımda saçımda dənlə,
Yerinə bir qucaq xəzan gətirdim.
Bu dərdi adlaya bilmədim yenə,
Dizini qatlaya bilmədim yenə,
Tapıb arıtlaya bilmədim yenə,
Qəmin ürəyimə salıb itirdim.
Sevgi bitməsə də, ömür bitərmiş,
Qalanı-qalmazı ağır kədərmiş.
Bu ömür, demək ki, bura qədərmiş,
Eşqi bitirdimsə, ömrü bitirdim.
İNFARKT SAATI
Bəzən bir an çəkir, bəzən bir ömür,
Dinməzcə əlləşir canıyla insan.
Bəzən diri-diri hisslərin gömür,
Bəzən də ölümə can verir asan.
Sükutla sınayar susan səbrini,
Səbir ağla yemdir, ürəyə təpər.
Yaş ötər, ötdükcə bir köpük kimi,
Bu ölüm qorxusu şişər, böyüyər.
Şişirdər ürəyi belə çək-çevir,
Ürəyin hər gecə qurar bir divan.
Hər kəs toparlanar bir sayaq, bir cür,
Narahat qalarsan doğmalarından.
Zəngli saatların dünyaya asi,
Susdurar özündə əbədi nə var.
Üç balan – üç yorğun pişik balası,
Gecənin bağrını cırmaqlayarlar.
Düşünə bilməzsən, nə baş verər, nə?
Qızların ağlının ucundan keçər.
Biri darağını çəkər telinə,
Biri paltarından qoxunu içər.
Üzülüb qırılar, qalar yarıda,
Tanrı yazdığıdır... belə yozular.
Oğlunun əsgərlik məktubları da,
"Ana" kəlməsindən məhrum yazılar.
***
Vətən, bir bu balanı gör,
Daş olum, al qalana hör.
Mənə tapılmasa bir yer,
Öldüm, ya qaldım, fərqi yox...
Sevirəm, dilimdə deyil...
Sevməmək əlimdə deyil.
Gözlərim zülümdə deyil,
Boşaldı, doldu, fərqiyox...
Dərdinibilə bilmədim,
Bir çarə qılabilmədim.
Şəhidinolabilmədim,
Şahidinoldum, fərqiyox...
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


