Tələbə yaradıcılığı – NDU-dan Aytac Quliyevanın essesi Featured

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün söz Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi Aytac Quliyevanındır. O, sizlərə “Həyat həssas qəlblər üçün cəhənnəmdir” adlı essesini təqdim edir.

 

 

AYTAC QULİYEVA

“HƏYAT HƏSSAS QƏLBLƏR ÜÇÜN CƏHƏNNƏMDİR”

 

Bəzən insana elə gəlir ki, dünya çox böyükdür. Küçələr, şəhərlər, insanlar… Hamısı bir-birinə qarışıb. Amma illər keçdikcə anlayırsan ki, dünya əslində çox balaca bir yerdir. Çünki hara gedirsənsə get, insanların içində eyni soyuqluq yaşayır. Sadəcə üzlər dəyişir, ağrılar yox.

İnsanlar qəribədir. Sən onların bir “necəsən?” sualına saatlarla sevindiyin halda, onlar sənin susqunluğunu günlərlə görməməzlikdən gələ bilir. Sən birinin səsinin tonundakı yorğunluğu hiss edib gecə yata bilmirsən, amma onlar sənin gözünün içində ölən bir şeyi görüb yenə mövzunu dəyişirlər. Və zamanla anlayırsan ki, bu dünyada ən ağır şey tək qalmaq deyil. Ən ağır şey yanlış insanların yanında özünü tənha hiss etməkdir.

Bir vaxtlar insanlara inanırdıq. Elə bilirdik ki, kiminsə qəlbi bizimki kimi ola bilər. Elə bilirdik ki, hamı gecələr öz vicdanı ilə danışır. Sonra böyüdük. Və böyümək dedikləri şeyin əslində yavaş-yavaş çirklənmək olduğunu gördük.

Bir insan sənə ən gözəl sözləri deyib, eyni anda səni ən dərin yerindən yaralaya bilərmiş. İnsan həm “yanındayam” deyib, həm də səni ən çətin günündə tək qoya bilərmiş. Ən pisi də odur ki, bunu edəndən sonra həyatlarına heç nə olmamış kimi davam edə bilirlər. Sanki birinin içini dağıtmaq onlar üçün stəkanı yerə salmaq qədər adi bir şeydir.

Biz isə fərqliydik. Hər şeyi çox düşündük. “Birdən qəlbi qırılar” deyə susduq. “Birdən pis olar” deyə özümüzdən keçdik. Öz ehtiyaclarımızı boğazımızda düyün edib başqalarının rahatlığına çevirdik. İnsanların içindəki qaranlığı görməmək üçün gözümüzü yumduq. Çünki qəbul etmək istəmirdik… Bəzi insanlar doğrudan da sevgini bilmir.

Bu dünya ən çox yaxşı insanları yorur. Çünki onlar həyatı ağılla yox, ürəklə yaşayırlar. Ürəklə yaşamaq isə bu dövrdə silahsız döyüşə girmək kimidir. Sən kiminsə dərdinə görə gecəni səhərə qədər oyaq qala bilərsən, amma həmin insan sənin yoxluğunu bir həftəyə unuda bilər. Bax, insanı məhv edən şey də budur -sevginin qarşılıqsız qalması yox, səmimiyyətin ucuz adamlarda israf olması.

Zaman keçdikcə içində qəribə bir soyuma başlayır. Artıq heç kimə əvvəlki kimi bağlana bilmirsən. Çünki bilirsən ki, insanlar dəyişmir, sadəcə əvvəl gizlətdiklərini sonra göstərirlər. Hər kəsin içində bir eqo, bir vecsizlik, bir qəddarlıq yatır. Sadəcə şərait lazımdır ortaya çıxması üçün.

Ən qəribəsi də odur ki, bu dünyada ən çox sevən insanlar ən çox aldanan insanlar olur. Çünki onlar hər kəsi özləri kimi bilir. Öz qəlblərində xəyanət olmadığı üçün başqasının da edə biləcəyinə inanmırlar. Sonra bir gün gəlir, ən güvəndikləri insanın belə yadlaşdığını görürlər. Bax o an insanın içində bir şey qırılır. Və o qırılan şey bir daha əvvəlki kimi olmur.

İnsanlar sevgini də yanlış anlayıb. Çoxu sevmir əslində. Sadəcə tək qalmaqdan qorxur. Ona görə “səni sevirəm” deyirlər. Çünki bəzi insanlar üçün sevgi bir liman deyil, sadəcə boşluqlarını dolduracaq bir vasitədir. Sən onları həyatının mərkəzinə qoyursan, onlar isə səni darıxanda açdığı bir mahnı kimi istifadə edir.

Sonra bir gün aynaya baxırsan və özünü tanımırsan. Bir vaxtlar içində dünyaları daşıyan o insan gedib. Yerində isə hər şeyə gec reaksiya verən, heç nəyə tam sevinə bilməyən biri qalıb. Çünki insan çox incidikdən sonra artıq hiss etməyə də yorulur.

Və həyat sənə ən acı şeyi öyrədir: İnsanları xilas etməyə çalışdıqca, özünü itirirsən.

Sən kimlərinsə yarasını sarımaq üçün öz əllərini qanatdın. Kimlərinsə getməməsi üçün özündən vaz keçdin. Kimlərinsə səni anlaması üçün özünü didib tökdün. Amma sonunda başa düşdün ki, insanlar ən çox özlərini sevirlər. Sən onlar üçün gecələr ağlayanda, onlar bəlkə də rahat yata bilirdilər.

Nə qəribədir… İnsan bir vaxtlar uğrunda öldüyü şeylərdən sonra sağ qalmağa davam edir.

Amma əvvəlki insan kimi yox. Daha səssiz. Daha yorğun. Daha inamsız.

Və bəlkə də böyümək dedikləri şey budur: İnsanların sevgisizliyinə alışmaq. Onların vecsizliyini normal qəbul etmək. Və bir gün heç kimə içini tam açmamağı öyrənmək…

Çünki bu dünyada bəzi qapılar var — bir dəfə yanlış insanın üzünə açdınsa, ömrünün qalan hissəsi içəri dolan soyuğu qovmaqla keçəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.