Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Azərbaycan ədəbiyyatının beynəlxalq arenada tanıdılması istiqamətində növbəti mühüm uğur əldə olunub. Azərbaycanlı yazıçı, publisist və ədəbiyyatşünas alim Prof.Dr. Təranə Turan Rəhimli Argentinada fəaliyyət göstərən Beynəlxalq Yazıçılar İşçi Qrupunun (Grupo Internacional de Trabajo de Escritores) Azərbaycan üzrə səfiri təyin edilib.
Bizimlə söhbətində Təranə xanım qeyd etdi ki, təyinat haqqında qərar təşkilatın direktoru və təsisçisi, beynəlxalq mədəniyyət layihələrinin rəhbəri, Prof.Dr. Mirta Liliana Ramirez tərəfindən imzalanmış sertifikatla rəsmiləşdirilib. Sertifikata əsasən, Təranə Turan Rəhimli Beynəlxalq Yazıçılar İşçi Qrupunun Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyət göstərəcək, təşkilatın həyata keçirdiyi beynəlxalq layihələri ölkəmizdə təmsil və təşviq edəcək.
Sənəddə qeyd olunur ki, yeni səfirə Argentinadan idarə olunan layihələr üzərində müstəqil işləmək, onları Azərbaycanda tətbiq etmək və inkişaf etdirmək səlahiyyəti verilib. Eyni zamanda, o, təşkilatın “Birgə Məktublar Üçün” layihəsi çərçivəsində fəaliyyət göstərən 71 saylı Baş Qərargahın rəhbəri kimi də çalışacaq.
Beynəlxalq Yazıçılar İşçi Qrupu dünyanın müxtəlif ölkələrindən yazıçıları, şairləri, rəssamları və digər mədəniyyət nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Təşkilatın əsas məqsədləri sırasında dünya yazarları və sənətçiləri arasında əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və qlobal mədəni mühitin formalaşdırılmasına töhfə vermək dayanır.
Səfirlik sertifikatında təşkilatın fəaliyyət istiqamətləri də öz əksini tapıb. Buraya dünya yazıçı və sənətçilərinin ümumi rifahı naminə çalışmaq, bütün layihələrdə pulsuz iştirak, redaktə və yayım prinsiplərini qorumaq, yeni mədəniyyət nümayəndələrinin yetişdirilməsini dəstəkləmək, beynəlxalq əməkdaşlıq mühitini genişləndirmək və daha savadlı qlobal cəmiyyətin formalaşmasına töhfə vermək kimi məqsədlər daxildir.
Bu təyinat Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələrinin genişlənməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilir. Təranə Turan Rəhimlinin yeni vəzifəsi ölkəmizin ədəbi və mədəni potensialının beynəlxalq müstəvidə daha geniş tanıdılmasına, Azərbaycan yazarlarının xarici ölkələrdə təbliğinə və beynəlxalq ədəbi əməkdaşlığın güclənməsinə yeni imkanlar yaradacaq.
Təranə Turan Rəhimli ona göstərilən yüksək etimada görə Beynəlxalq Yazıçılar İşçi Qrupunun sədri, professor Mirta Liliana Ramirezə təşəkkürünü bildirib və bu məsuliyyətli missiyanın Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına xidmət edəcəyini vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Yazıçılar İşçi Qrupu Argentinanın Çako əyalətində fəaliyyət göstərir və müxtəlif beynəlxalq ədəbi, mədəni və maarifləndirici layihələr vasitəsilə dünyanın fərqli ölkələrindən olan müəllifləri və sənət adamlarını ortaq platformada birləşdirir. Bu platformada Azərbaycanın təmsil olunması ölkəmizin beynəlxalq mədəni əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


