“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə İlqar Rəsulun 2 hekayəsi
təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
İLQAR RƏSUL
“HAVA LİMANI”
Anası dedi, axşam saat səkkizdə gəl məni apar hava limanına. O, – yaxşı, ana, gələrəm, – deyib, getdi. Evləndi, oğlu oldu, xanımı onu atıb başqası ilə getdi, uşağı tək böyütdü, əsgərə yola saldı, işinin başına qayıtdı, bütün günü yeni layihələr üzərində çalışdı. Axşama doğru işdən çıxdı, saat səkkizdə gedib anasını hava limanına apardı. Özünə bilet alıb evə gəldi. Oğlu əsgərlikdən qayıtmışdı. Sevindi. Məclis düzəldib, qohumlu-qardaşlı əlamətdar hadisəni qeyd elədilər. Axşam qonaqlar dağılışandan sonra, oturub ikilikdə çay içəndə oğluna dedi ki, sabah günorta saat üçdə gəlib məni hava limanına apararsan...
Oğul, – yaxşı, ata, gələrəm, – deyib, getdi. Ali məktəbə qəbul olundu, oxuyub yaxşı cərrah oldu, məşhur klinikada işə düzəldi, həkim qızla evləndi. Səhəri günorta saat üçdə getdi gördü atası geyinib qapıda gözləyir. Kişini evə qaytardı, oturub çay içdilər, çoxlu söhbət elədilər. Oğul atasını hava limanına aparmadı. Sabah axşama doğru gələcəyəm, – deyib, getdi öz evinə, xanımının yanına. Övladı olmurdu deyə, xanımı ilə ikisi idi evdə. Heç vaxt axşamlar qadını tək qoymurdu. Səhəri xanımını götürüb dünyanın məşhur məbədlərinə, ziyarətgahlarına apardı. Birlikdə dua etdilər, Tanrıdan övlad dilədilər. Həkim idilər deyə, anlayırdılar ki, tibb onlara övlad verə bilməyəcək. Ona görə üz tutmuşdular göylərə...
Axşam saat səkkizdə gedib atasını hava limanına apardı. Özünə sabah günorta saat üçə bilet alıb evə gəldi. Xanımından xahiş etdi ki, sabah onu hava limanına aparsın. Gecə səhərəcən çoxlu ağır əməliyyat edib xeyli adamın biletini əlində qoydu. Təqaüdə çıxıb günorta saat üçə yaxın evə gəldi. Gördü masada qatlanmış kağız var. Açıb oxudu. Xanımı yazmışdı ki, məni bağışla, saat üçdə hava limanında olmalı idim, səni gözləyə bilmədim...
Maşına oturub hava limanına sürdü. Düşüb təngnəfəs uçuş zolağı görünən yerə qaçdı. Gecikmişdi. Səma bomboş idi. Biletini dəyişib axşam saat səkkizə aldı. Qayıdıb evini, maşını satdı, bankdakı pullarını da çıxartdı. Özünə beş-üç manat saxlayıb, qalanını “Valideyn himayəsindən məhrum olmuş uşaqlar fondu”na keçirtdi. Ödənişin qəbzinə baxıb sevindi, gözləri yaşardı, bir anlıq ona elə gəldi ki, çoxlu uşağı var. Hər yaşda çoxlu oğlan və qız. Hamısının da adını bilir. Tez-tələsik bir neçəsinin adını pıçıldadı öz-özünə. Atasının, xanımının, bir də qızı olarsa, qoyacağı ad idi dodaqlarının arasından xəfifcə çıxıb uçuşan adlar. Bankdan çıxıb şəhərdə gəzindi. Parka gedib uşaq vaxtı atasının onu yellətdiyi yelləncəyə oturdu. Gözlərini yumdu, dabanları ilə təkrar-təkrar yeri itələyib özünü göyə qaldırdı. Külək qulaqlarını batıranda sürücüdən pəncərəni bağlamağı xahiş etdi. Küçənin səsi şüşənin arxasında qalanda gözlərini açdı. Bayırda hava qaralmışdı. Qolunda saat səkkizə doğru gedirdi. Onu hava limanına aparan kimsəsi olmadığına təəssüfləndi. Bankın qəbzi ilə gözlərinin yaşını yığıb cibinə qoydu. Arxanı göstərən güzgüdə özünə baxdı. Xanımı ilə atası yanında oturmuşdular. Güzgüdən ona əl edib gülümsünürdülər. Eybi yox – düşündü – yola salan olmadısa da, qarşılayan olacaq. Üzünə təbəssüm qondu. Sürücünün səsini eşitdi: çatmışıq. Taksidən enib ətrafa göz gəzdirdi. Hava limanı saysız-hesabsız işığa qərq olmuşdu...
“MAMAM”
– Kəs o telefonun səsini, – cərrah əlcəyin qana bulaşmayan tərəfi ilə alnının tərini silib tibb bacısına çəmkirdi.
– Bu kimdir belə dar macalda? – tibb bacısı bir az aralıdakı masanın başında deyinib əlləri əsə-əsə on səkkiz yaşlı əsgərin ciblərini eşələyirdi.
Zəng ara vermirdi. Nəhayət, tapdı. Şalvarın diz cibində idi.
– Bura niyə qoyub bu evi tikilmişin balası telefonu? Demir, düşər, itər o vurhavurda?
– Nə donquldanırsan orada? Demirəm, kəs o telefonun səsini, beynimi deşdi! – cərrah bu dəfə səsini boğmadı, az qala bağıraraq dilləndi.
Tibb bacısı telefonu çıxarıb söndürmək istəyəndə haradasa yaxınlıqda top mərmisi partladı. Telefon qızın əlindən düşdü.
– Kəsəcəksən o zəhrimarın səsini, ya yox?! – cərrah gözlərini qarşısında huşsuz uzanmış zabitin qaraciyərinə sancılmış qəlpədən ayırmadan yenə çəmkirdi.
Qız tələsik telefonu yerdən götürdü. Söndürmək istəyəndə gözləri telefonun ekranına sataşdı: “MAMAM”
– İlahi! – inləyib cərraha baxdı tibb bacısı, – Aliyə xanım, anasıdır zəng edən. Necə söndürüm, axı...
– Onda aç, danış!
– Açım, nə deyim? – qız böyümüş gözlərini başı əməliyyata qarışmış cərraha zillədi.
Cərrah duruxdu, bir anlıq başını qaldırıb qıza baxdı:
– Onda səsini al, ta uzatma, – səsi titrədi qadının, gözlərindən axan yaş zabitin bağırsaqlarına damcıladı. Bu dəfə az qala dirsəyi ilə gözlərinin yaşını, alnının tərini sildi, – Hə, nə oldu? Kəssənə o səsi, əllərim sözümə baxmayacaq, belə getsə!
– Aliyə xanım, nə qədər edirəm, səsi azalmır telefonun, vallah, azalmır!
– Onda apar, at çölə. Ömrümü gödəltdin sən mənim, indi işim yarımçıq qalacaq!.. Hara gedirsən?!
– Telefonu bayıra atmağa!
– Qayıt geri, ağılsız qız. Nəyəsə bük, qoy uşağın yanına!
Tibb bacısı ağlaya-ağlaya geri qayıdıb telefonu ağ mələfəyə bükdü, yandakı masanın üstünə qoydu, ləyəndəki qanlı suyu dəyişdi, əsgərin bədənini silib təmizləyən sanitarlara pambıq, cuna verməkdə davam etdi.
– Kəsin o telefonun səsini, nə olar. Heç olmasa beş dəqiqəlik kəsin, heç olmasa bu zabitin xətrinə, – cərrah artıq ağlayırdı, – barı zəng edənin kim olduğunu deməyəydin, ay zalım qızı, indi ürəyim partlayacaq.
Yaxınlıqda dalbadal iki top mərmisi partladı. Tibb bacısı diksindi, elə bildi, cərrahın ürəyi partladı. “Aliyə xanım”, – deyə qışqırıb geri çevrilərək cərrah masasına doğru cumdu, qadının partlayışı eyninə almadan işini davam etdirdiyini görüb utandığından pörtdü, sanitarların yanına döndü.
– Qədrimi elə bilənsənsə, kəs o telefonun səsini, lütfən, kəs, daha taqətim qalmadı, – cərrah yalvarırmış kimi deyindi öz-özünə.
– Vallah, səsi alınmır telefonun, Aliyə xanım. Səbirli olaq, bəlkə, tezliklə enerjisi bitər, sönər, – tibb bacısı haldan düşmüş vəziyyətdə ləyəndəki suyu təzələdi...
Sanitarlar işi bitirdilər. Tibb bacısı cərraha səsləndi:
– Aliyə xanım, hər şey hazırdır. Bəs telefonu neyləyək?
– Qoyun sinəsinin üstünə! – cərrah zabitin yaralarını bağlamış, qanlı əlcəkləri çıxarmış, gedib açıq qapının çərçivəsinə söykənərək günlərdir o üzündə top-tüfəng səsi ara verməyən Qarabağın dağlarına baxıb ağlayırdı...
Həmin gün yük maşınında arana yollanan bayrağa bükülü tabutların birinin içindən aramsız telefon zəngi eşidilirdi: “MAMAM”.
(Bakı – 05.09.2024)
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


