Super User
Tbilisidə Mirvarid Dilbazinin 114-cü ildönümü qeyd olunub
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbir M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı və muzeyin dəstəyi ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə,tədbirdə çıxış edənlər Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən, zəngin yaradıcılıq irsindən və onun əsərlərinin bu gün də öz aktuallığını qorumasından bəhs ediblər. Qeyd olunub ki, Xalq şairinin poeziyası milli-mənəvi dəyərlərin, vətənpərvərlik və humanizm ideyalarının təbliğində mühüm rol oynayır.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Mirvarid Dilbazinin irsi təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır. O vurğulayıb ki, şairənin yaradıcılığının təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr milli-mədəni irsimizin qorunmasına mühüm töhfə verir.
Tədbir çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə yenidən nəşr olunmuş "Bənövşələr üstə göz yaşı" kitabının təqdimatı da keçirilib. Bildirilib ki, nəşr müxtəlif dövlət qurumlarına, kitabxanalara və elm-mədəniyyət ocaqlarına hədiyyə ediləcək, beləliklə oxucuların istifadəsinə təqdim olunacaq.
Xatirə tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Mirvarid Dilbazinin zəngin ədəbi irsinin yaşadılması istiqamətində mühüm mədəni hadisə kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Daha çoxunu gözləyirdik
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həqiqətən də bu aktyordan daha çoxunu gözləyirdik. Bir-iki filmə çəkildi, tərifləndi, sonra da kölgəyə çəkildi. Öncə KVN-də parlamışdı. Amma heç orada da gözə dəymədi sonradan.
İlham Qasımov 20 avqust 1977-ci ildə Bakı şəhərində dünyaya gəlib. 261 saylı məktəbdə oxuyub. Məktəbdə oxuyarkən İlham müxtəlif səhnəciklər hazırlayıb və çıxış edirmiş. Məktəbi bitirəndən sonra İlham Azərbaycan Texniki Universitetinə daxil olub. Universitet illərində də sənətə maraq göstərən İlham "Azərbaycan Dövlət İqtisad Universiteti"nin KVN komandasında (Biz biznesdənik) çıxış edib və komandayla 1994 və 1995-ci ildə Azərbaycan çempionu olub.
Yaradıcılığına "Bakılı oğlanlar" ŞHK komandasında əvvəlcə aktyor, sonralar isə ssenari müəllifi və rejissor qismində davam edib. Gənc yaşında 1994-cü ilin mayında "Yuxu" filmində Əliabbas rolunda çəkilib. İlhamə Quliyevanın "İncitmə qəlbimi" klipində rejissorluq edib. Aparıcı qismində isə ABA TV-də "Məhəbbət Üçbucağı", "Music ball", "Nərdivan" verilişlərində çıxış edib.
Daha sonra Space telekanalında "Piramida", "Zəfər Zəngi" və "Auksion" verilişlərini aparıb. 2001–2006-cı illərdə "Planet Parni iz Baku" KVN teatrının üzvü olub. "Məhəllə 1" və "Məhəllə 2" filmlərində Ruslan (Rusik) obrazını canlandırıb. Bir çox baxımlı verilişlərin müəllifi və rejissoru olub.
Hazırda İlham Qasımov reklam çəkilişləri və kommersiya filmləri istehsalı ilə məşğul olan şirkətin rəhbəridir. Özü isə son zamanlar ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərir. 2015-ci ildə Tural Sevdimalı və DJ Fateh-lə birgə rejissorluğunu elədiyi Oğlan evi kinokomediyası ekranlara çıxıb.
2016-cı ildə isə filmin 2-ci hissəsi [[Oğlan evi 2] təqdim olunub. 2017-ci ildə İranla Azərbaycanın müştərək istehsalı olan qurluşçu rejissor Babək Şirinsefat baş prodüser isə İlham Qasımov olan "Tayson" kinokomediyası ekranlara çıxıb. 02 may 2025-ci il tarixində İlham Qasımov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şuraya üzv təyin edilib
Filmoqrafiya
- Yuxu
- Məhəllə
- Məhəllə 2 Moskvada
- Xəyallar gündəliyi
- Oğlan evi
- Oğlan evi 2
- Tayson
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
31-ci AFS Gənclər Assambleyası başa çatıb
2026-cı ilin 12–14 avqust tarixində İsveçrənin Cenevrə şəhərində keçirilən və müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS (American Field Service) Gənclər Assambleyası (AFS Youth Assembly) uğurla başa çatıb.
Assambleyaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADG-nin Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan 5 üzvü qatılıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir çərçivəsində gənclər dayanıqlı inkişaf, qlobal vətəndaşlıq, liderlik, gənclərin qərar qəbuletmə proseslərində rolu, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlər mövzularında keçirilən panel müzakirələrində, təlim sessiyalarında və interaktiv proqramlarda fəal iştirak ediblər.
ADG nümayəndələri müxtəlif ölkələrdən olan iştirakçılarla səmərəli görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə edib, Azərbaycanın diaspor gənclərinin fəaliyyəti, ölkəmizin multikultural dəyərləri və dövlət gənclər siyasəti barədə ətraflı məlumat veriblər.
Tədbirin son günü – 14 avqust tarixində keçirilən “Mədəniyyət Günü”("Culture Day") proqramı iştirakçı ölkələrin mədəni irsinin tanıdıldığı ən yaddaqalan tədbirlərdən biri olub. ADG nümayəndələri Azərbaycanın zəngin tarixi, milli-mədəni dəyərləri, adət-ənənələri və milli mətbəxini beynəlxalq auditoriyaya yüksək səviyyədə təqdim ediblər. Azərbaycan guşəsi iştirakçıların böyük marağı ilə qarşılanıb, milli atributlarımız və mədəni irsimiz haqqında geniş məlumat verilib.
31-ci AFS Gənclər Assambleyasında iştirak Azərbaycan diaspor gənclərinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq gənclər platformalarında tanıdılması baxımından mühüm nəticələrlə yadda qalıb. Tədbir çərçivəsində qazanılan təcrübə və qurulan əlaqələrin gələcək layihələrdə və beynəlxalq təşəbbüslərdə səmərəli şəkildə istifadə olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan bu iştirak diaspor gənclərinin beynəlxalq səviyyədə fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və Azərbaycanın dünya miqyasında layiqincə təmsil olunmasına verilən töhfənin növbəti uğurlu nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
“Maraqlı söhbətlər”də himnləri sözsüz olan dövlətlər
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Hansı dövlətlərin himnin sözləri yoxdur? Sual maraqlıdır deyilmi? Gəlin cavabına diqqət kəsək.
Dünyada dövlət himninin rəsmi sözləri olmayan cəmi 4 ölkə var: İspaniya, Bosniya və Herseqovina, Kosovo və San-Marino. Bu ölkələrin himnləri yalnız instrumental musiqidən ibarətdir.
İlk üç dövlətdə bu vəziyyətin yaranmasının əsas səbəbi etnik, linqvistik (dil) və siyasi parçalanmalardır. Çoxmillətli və ya daxili münaqişələr yaşamış ölkələrdə bütün tərəfləri məmnun edəcək və vahid milli kimliyi əks etdirəcək ortaq bir mətn tapmaq demək olar ki, qeyri-mümkündür. Siyasi liderlər yeni sözlərin ölkəni birləşdirmək əvəzinə, daha da parçalayacağından ehtiyat edirlər.
İstisna təşkil edən dövlət San-Marinodur. Bu ölkə digər üçündən fərqli olaraq etnik problem yaşamır. San-Marinonun himni 10-cu əsrə aid monastır xor musiqisinə əsaslanır və 1894-cü ildə rəsmi status alıb. İtalyan şair C. Karduççi tərəfindən qeyri-rəsmi sözlər yazılsa da, ölkə hökuməti heç vaxt hər hansı bir mətni rəsmi olaraq təsdiqləməyib və musiqinin sadəliyini qorumağa üstünlük verib.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Unudulmazlığın zirvəsi: Vətən Müharibəsi Şəhidi Rəhman Bayramov
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və otuz illik yurd həsrətinə son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm Zəfəri bizə bəxş edən, canını müqəddəs torpaq bəxşişi kimi Vətənə fəda edən igidlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rəhman Dilcan oğlu Bayramovdur. O, ad günündən cəmi bir ay sonra başlayan böyük azadlıq savaşında ön cəbhəyə atılaraq adını əbədiyyətə həkk etdirmişdir.
Həyatı və erkən illəri
Rəhman Bayramov 20 avqust 1993-cü ildə Gəncə şəhərində ziyalı və zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Uşaqlıq illərindən nizam-intizamı, dürüstlüyü və vətənə bağlılığı ilə yaşıdlarından seçilən Rəhman, 2001–2012-ci illərdə Göygöl rayonunun 8 Mart qəsəbə tam orta məktəbində təhsil almışdır.
Məktəbi bitirdikdən sonra, 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Orduda xidmət etdiyi müddətdə silahların sirrinə dərindən yiyələnmiş, nümunəvi əsgər və sadiq silahdaş kimi komandir heyətinin rəğbətini qazanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra mülki həyata qayıtmış, ailə qurmuş və iki övlad atası olmuşdur. O, övladlarını vətənpərvər ruhda böyütməyi hər şeydən üstün tuturdu.
İldırım sürətli hücum: Vətən müharibəsi və döyüş yolu
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatları Rəhmanın daxilindəki vətən sevgisini yenidən alovlandırdı. Sentyabrın 29-da elan olunmuş qismən səfərbərlik çağırışına tərəddüd etmədən qoşulan Rəhman, böyük qürurla ön cəbhəyə yollandı.
Onun döyüş yolu Vətən müharibəsinin ən gərgin və strateji əməliyyatlarının keçirildiyi cənub cəbhəsindən başladı:
Füzuli uğrunda döyüşlər:
Rəhman düşmənin illərlə qurduğu keçilməz "Ohanyan müdafiə xətti"nin yarılmasında rəşadət nümayiş etdirdi.
Cəbrayıl əməliyyatı:
Rayonun kəndlərinin bir-birinin ardınca azad edilməsində ön sıralarda vuruşaraq fədakarlıq göstərdi.
Xocavənd sıldırımları:
Müharibənin son günlərində, relyefi və iqlim şəraiti olduqca ağır olan Xocavənd meşələrində düşmən qüvvələrinin tamamilə təmizlənməsi əməliyyatlarında fəal iştirak etdi.
Əbədiyyətə ucalma və son mənzil
Müharibənin başa çatmasına və tarixi bəyanatın imzalanmasına cəmi bir neçə saat qalmış — 9 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində qarşıya qoyulmuş mühüm döyüş tapşırığını yerinə yetirərkən Rəhman Bayramov qəhrəmancasına şəhid oldu.
Uzun sürən axtarışlar və rəsmi prosedurlardan sonra, şəhidimizin nəşi dekabr ayında doğma şəhərinə gətirildi. 28 dekabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında, böyük xalq izdihamı, göz yaşları və hərbi yaylım atəşləri müşayiəti ilə torpağa tapşırıldı.
Ölməzliyin rəsmi sənədi: dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə və canı bahasına yerinə yetirdiyinə görə əsgər Rəhman Dilcan oğlu Bayramov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif edilmişdir:
"Vətən uğrunda" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
Rəhman Bayramov və onun kimi minlərlə şəhidimizin qanı baha başa gələn bu müqəddəs Zəfər sayəsində bu gün Qarabağ azaddır. Onun canından əziz tutduğu iki övladı indi qalib bir ölkənin vətəndaşı olaraq böyüyür. Ruhun şad olsun, millətin unudulmaz qəhrəmanı!
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Bu gün Xan Şuşinskinin 125 illik yubileyidir
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Musiqi tariximizə bu ad qızıl hərflərlə yazılıb – Xan Şuşinski. Onun barəsində bilgimiz isə zəifdir. Halbuki adını, ifasını eşitmişiksə, haqqında da bilməliyik. Axı bu gün həm də onun doğum günüdür.
Azərbaycan SSR xalq artisti Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada dünyaya göz açıb. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.
Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni bir çalarlar aşılayıb.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında olub. Bundan sonrakı illərdə o, böyük məşhurluğa sahib olub və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.
1943-cü ildə birbaşa Azərbaycan SSR Xalq Artisti adına layiq görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert verib. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.
Əsərləri
- Şuşinski X. Yaxşı adamın hekayəti
- Şuşinski X. Nəğmələr susmur
- Şuşinski X. Səs, söz və ifaçılıq
Filmoqrafiya
1. Bakı bağları. Buzovna
2. Biz qayıdacağıq
3. Havalansın Xanın səsi
4. Muğamat var olan yerdə...
5. Muğamlar
6. O olmasın, bu olsun
7. Özgə ömür
8. Prima
9. Qızıl fonddan seçmələr
10. Səs
Mükafatlar
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı
Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.
Xan Şuşinski 18 mart 1979-cu ildə 77 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
AJB jurnalistikamızın ağsaqqalı Fazil Güneyi təbrik edir.
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Jurnalistikamızın inkişaf yolunda əlbəttə ki Sovet dönəmindən sonrakı ilk müstəqil qəzetlərin və agentliklərin yaranması epoxası əsaslı rol oynayır. Həmin dövrdə parlayan adlar sırasında Fazil Güneyin də adı vardır. 20 avqust günü onun doğum günüdür, bu münasibətlə Azərbaycan Jurnalistlər Birliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb Fazil Güney barədə bilgilər əldə etdik.
Fazil Güney 20 avqust 1945-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində doğulub. 1963–1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində ali təhsil alıb. 1967–1968-ci illərdə Əlcazair Universitetində təcrübəçi, 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunun müdavimi, 1985-ci ildə MEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin dissertantı olub. Ərəb filologiyası üzrə fəlsəfə doktorudur.
1961–1963-cü illərdə Cəbrayıl rayonlararası regional "Kolxozçu" (indiki Xudəfərin) qəzetinin və 1964–1966-cı illərdə isə Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin əməkdaşı olub. 1968–1970-ci illərdə Sovet Ordusunda və 1970–1973-cü illərdə Suriya Ərəb Respublikasında hərbi tərcüməçi işləyib.
1975–1977-ci illərdə "İnşaatçı" qəzeti və "Kirpi" satirik jurnalının əməkdaşı kimi fəaliyyət göstərib. 1977–1978-ci illərdə İraq Respublikasında SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi, 1979–1985-ci və 1987–1990-cı illərdə "Kirpi" satirik jurnalının əməkdaşı olub. 1986–1987-ci illərdə Liviya Cəməhiriyyəsində SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləyib.
1991–ci ildə Azərbaycanda ilk müstəqil informasiya agentliyinin yaradılması da onun adı ilə bağlıdır. Ta ki 2023-cü ilədək Fazil Güney AssA-İradə adlandırdığı bu informasiya agentliyinin təsisçisi və baş direktoru ampluasında qalmışdır.
1997–2012-ci illərdə Azərbaycanın mətbuat tarixində ilk ingilisdilli qəzetin təsisçisi və baş redaktoru da o olmuşdur. Söhbət "Azernews" qəzetindən gedir. 2013-cü ildən Fazil Güney ingilisdilli "Azeri Observer" jurnalının baş direktoru, 2014-cü ildən isə İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyası İB-nin sədridir. 2003–2013-cü illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının üzvü olub.
Misir, Səudiyyə Ərəbistanı, Livan, Türkiyə və Şimali Kiprə səfər etmiş Azərbaycan jurnalistlərinin nümayəndə heyətinə başçılıq edib. Azərbaycan Respublikasının sabiq Prezidenti, Ümummilli lider Heydər Əliyevin Türkiyə və İrana rəsmi səfərlərində jurnalist heyətinin tərkibində olub.
Sudanda (1995) keçirilmiş İslam ölkələri qurultayında, Mərakeşdə (2015) keçirilmiş İslam Ölkələri Gəncləri Forumunda Azərbaycanı təmsil edib.
Jurnalistikadakı uğurları ilə yanaşı Fazil Güney bədii ədəbiyyatla da məşğul olmuş, kitablar yazmışdır. O, "Ulduz sövdəsi" pamfletlər toplusunun (1989), Qarabağ Müharibəsindən bəhs edən 3 hissəli "Qara Qan" tarixi roman-trilogiyasının (2002–2022), "Yalanın gerçəkliyi" (2014), hekayə, povest və esselər toplusunun, ABŞ-da ingiliscə nəşr olunmuş "Reality in Lie" (2013) povest və hekayələr kitabının müəllifidir.
"Müasir Suriya romanı" (2005) və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" (2011) elmi monoqrafiyalarının, "Dilmanc" bədii-publisistik memuar əsərinin, publisistik, elmi və digər janrlarda yazılmış yüzlərlə məqalələrin, hekayə və esselərin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir.
21 iyul 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
O ki qaldı təbrikə, ömrünün 81-ci ildönümünə qədəm qoyan Fazil müəllimi Azərbaycan Jurnalistlər Birliyi səmimi qəlbdən təbrik edir, ona cansağlığı, tükənməz həyat eşqi və səmərəli fəaliyyətinə davam arzulayır. “Ədəbiyyat və incəsənət” portalı adından biz də bu səmimi təbrikə qoşuluruq.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Türk dünyasının ədəbi irsi ilə bağlı görüş keçirilib
18 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı türk xalqlarının zəngin ədəbi və mədəni irsinin qorunması, öyrənilməsi və təbliği, eləcə də türk dünyasının ortaq mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Professor Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən gənc istedadlı alimlərin, tədqiqatçıların və yazıçıların dəstəklənməsinə, həmçinin türk dünyasında elmi və ədəbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş fəaliyyətlər barədə məlumat verib.
Tərəflər, həmçinin əməkdaşlığın perspektivlərini və türk xalqlarının zəngin ədəbi irsinin tədqiqi, qorunması və təbliği istiqamətində mümkün birgə layihələri müzakirə ediblər.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
LİRİKA DƏFTƏRİ - “Gözümü açandan qaçaqaçdayam...”, Əvəz Qurbanlının şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Lirika dəftəri rubrikasında sizlər üçün Əvəz Qurbanlının şeirlərini dərc edir.
YOLAM – YOLÇULARDAN BEZƏN ŞAİRƏM
Mən dövrün sözünü deməyə gəldim –
Bu gizli hikməti sezən şairəm.
Mən yolçu deyiləm, yollardan bezəm,
Yolam – yolçulardan bezən şairəm.
Çox gördüm canını yol üzən şair,
Küsüb bu dünyadan əl üzən şair.
Sən ey söz bağından gül üzən şair,
Mən söz dənizində üzən şairəm.
Ruzimi verən var əl bəhrəsindən,
Yoxdu umacağım Yer kürəsindən.
Minnət götürmərəm el süfrəsindən,
Heybəsi çiynində gəzən şairəm.
Əyrilər düzümün qabağındadı,
Min qoşun sözümün qabağındadı.
Dar qəbrim gözümün qabağındadı,
Gen səbrim ondandı – dözən şairəm.
Kimi istəyirlər, alqışlasınlar,
Kimi istəyirlər, qarğışlasınlar.
Qoy məni yamanlar bağışlasınlar,
Nəfsi yaxşılıqla əzən şairəm.
Məni küsdüyümlə barışdırmayın,
Yanaşı qoymayın, yarışdırmayın.
Başqa şairlərlə qarışdırmayın,
Mən yazan deyiləm, düzən şairəm.
Elə bir cihaz qur, tərəzi burax:
Məndə cövhəri tut, ərəzi burax.
A kişi, gördüyün Əvəzi burax,
Özümü özümdən süzən şairəm...
KÖRPÜ MƏSƏLƏSİ...
Sən də mən yaşdasan, özünü dartma,
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
“Çuval dağarcığa tay” məsələsi?..
Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər –
Nəydi o... “payızda say” məsələsi...
Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu “torpaqdan pay” məsələsi...
Deyirlər, yaltaqlıq toxumu artıb,
Azımı çoxalıb, çoxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb –
Körpü məsələsi, çay məsələsi...
GİZLƏDİRƏM
Görməmiş deyiləm, gözə soxulam,
Göz-gözə gələndə göz gizlədirəm.
Qorxuram itirəm, bir sifətim var,
Demə, həyalıyam, üz gizlədirəm.
Hər sözü, incimə, sap eləmirəm,
Kitablar yığılır, çap eləmirəm.
Hər bekar qulağa səpələmirəm,
Biganə görəndə tez gizlədirəm.
Atılır ünvana, dəyir hədəfə,
Enir dərinliyə, çatır sədəfə.
Özümdən böyükdü iyirmi dəfə,
Beş göstərirəmsə, yüz gizlədirəm.
Təbin ürəyində döyünə gərək,
Sirri verməyəsən beyinə gərək.
Əhli olmayanın nəyinə gərək?
Əcəb eləyirəm, düz gizlədirəm.
Durub öz ölçünü əynimə biçmə,
Min dəfə seçdiyim sözləri seçmə.
Sözümün yanından kor kimi keçmə,
Mən sözün içində söz gizlədirəm...
ÖPÜRƏM, “ABİ...”
Gözümü açandan qaçaqaçdayam,
Ömrümü yollara səpirəm, abi!
Bəlkə də, bir yana çıxmadım özüm
Baxma kimlərəsə ləpirəm, abi...
Dərdimi dillərdən yan gəzdirirəm,
Dilimdə bir ovuc qan gəzdirirəm.
Bir-iki xurmaya can gəzdirirəm,
Mən ki nə dərvişəm, nə pirəm, abi!
Hayana üz tutum? Nə umacam ki?
Elə bağlanmayıb qapım-bacam ki...
Yaxşılıq görməyə elə acam ki,
Görəndə gözümə təpirəm, abi...
Yalan otururlar, yalan dururlar,
Haqqı büt başına dolandırırlar.
Elə ürəyimi bulandırırlar,
Az qalır hər şeyə tüpürəm, abi!
Harda dolaşıq var, rastıma çıxır,
Çözürəm, bir ucu sistemə çıxır.
Zibil qalaqlanıb üstümə çıxır,
Bilmirəm, hansını süpürəm, abi!..
...Dünənin işləri sabaha qalıb,
Ümid nə gədaya, nə şaha qalıb.
Sən get yat, mənimki Allaha qalıb,
Gecən xeyrə qalsın... öpürəm, abi...
BASABAS
Burda bu təzə hamamı,
köhnə libası kim qoyub?
Bapbalaca adamlara
bu boyda tası kim qoyub?
Mən bu şəhəri seçməzdim,
bu şəhər məni seçsə də...
Mən bu küçədən keçməzdim,
bu küçə məndən keçsə də...
Ey tak-tuk oyaq səsləri!
Ey tək-tük ayaq səsləri!
Bu üç adamlıq küçədə,
Bu üç addımlıq küçədə
Bu basabası kim qoyub?!
“Ədəbiyyat və incəsənət”
(19.08.2026)
Xarıbülbülün kölgəsində sözün yurdu Ankaradan Bakıya, Qazaxa, Ağdama və Şuşaya səyahət gündəliyi
Kazım Kazım Arıcan,
Ankara Sosial Elmlər Universitetinin rektoru, professor.
“Ədəbiyyat və incəsənət”
BİRİNCİ HİSSƏ
Bir yol fəlsəfəsi
Bəzi səfərlər bir şəhərdən başqa bir şəhərə çatmaq üçün edilmir. İnsan zahirdə yolları, hava limanlarını, sərhədləri və dağ aşırımlarını keçir, amma əslində öz yaddaşının dərinliklərinə doğru yol alır. Bəzən bir uçuş iki paytaxt arasındakı məsafəni qısaltmaqdan daha çox, iki tarixi təcrübəni eyni düşüncədə bir araya gətirir. Bəzən isə bir avtomobil yolu yalnız coğrafiyanı deyil, əsrlərdir bir-birini səsləyən sözləri, nəğmələri, ağrıları və ümidləri də bir-birinə bağlayır.
2026-cı il 15 iyul, çərşənbə günü Esenboğa hava limanından havaya qalxan təyyarə bizi Ankaradan Bakıya apararkən təqvimdə adi bir yay gününün tarixi yazılmırdı. Türkiyənin yaxın tarixinin ən ağır, ən ağrılı, eyni zamanda ən mənalı gecələrindən birinin – 15 İyul hadisələrinin onuncu ildönümündə Türk dünyasının başqa bir müqəddəs diyarına doğru yola çıxırdıq.Təyyarə göy üzünə yüksəldikcə Ankara kiçilir, şəhər yolları və binaları ilə birlikdə yer üzünün cizgilərinə qarışırdı. Lakin bəzi tarixlər var ki, onlardan uzaqlaşdıqca kiçilməz, əksinə insanın düşüncəsində daha da böyüyər.
15 İyul təkcə qarşısı alınmış hərbi çevriliş cəhdinin adı deyil. Həmin gecə Vətənin mücərrəd bir anlayış deyil, lazım gəldikdə insanın öz bədəni ilə qoruduğu mənəvi əmanət olduğu bir daha sübut edildi. Meydanlara axışan insanların ortaq iradəsində dövlətlə millət arasındakı bağın yalnız hüquqi mətnlərlə deyil, fədakarlıqla qurulduğu aydın görünürdü. Ankaradan havaya qalxarkən düşüncələrimdə həmin gecə Türkiyənin meydanlarında ucalan milli iradə ilə Qarabağın dağlarında illərlə yaşadılan Vətən həsrəti arasında görünməz, lakin olduqca güclü bir bağ yaranmışdı. İki ayrı tarix, iki fərqli mübarizə və iki müxtəlif coğrafiya eyni kökdə qovuşurdu: Yurdu mülkiyyət deyil, əmanət bilmək şüurunda. Çünki Vətən təkcə üzərində yaşadığımız torpaq deyil. Vətən uğrunda bədəl ödənilmiş xatirədir. Vətən torpağa düşənlərin adını unutmayacaq qədər vicdanlı olmaqdır. Vətən keçmişin ağrılarını gələcəyin məsuliyyətinə çevirmək iradəsidir. Bir millətin varlığını davam etdirməsi yalnız hərbi gücü, iqtisadi imkanları və ya sahib olduğu dövlət institutları ilə izah oluna bilməz. Millətlər özləri haqqında danışdıqları həqiqi hekayələrlə yaşayırlar. Şəhidlərini, ağrılarını, dastanlarını və mənəvi dəyərlərini xatırladıqları qədər gələcəyə doğru addımlayırlar. Unutmaq yalnız keçmişi itirmək deyil, həm də gələcəyə istiqamət verəcək mənanı itirməkdir. Bir millət danışmağı dayandıranda deyil, öz hekayəsini danışmağı dayandıranda kiçilməyə başlayır. Təyyarədə yanımda Türkiyə Yazıçılar Birliyinin Başqanı, prof.doktor Məhəmməd Enes Kala əyləşmişdi. Birlikdə çıxdığımız bu səfər sadəcə rəsmi proqramda iştirak etmək məqsədi daşımırdı. Bu, sözün, şeirin və qardaşlığın ortaq coğrafiyasında həyata keçirilən mədəni bir yürüş idi. Türkiyə Yazıçılar Birliyinin gənc şairlərlə birlikdə bu proqramda iştirak etməsi illərdir müdafiə etdiyi dil, ədəbiyyat, yaddaş və sivilizasiya idealının təbii davamı idi. Çünki yazıçı təşkilatlarının vəzifəsi yalnız çap olunan kitabları və ədəbi şəxsiyyətləri gündəmdə saxlamaq deyil. Əsl missiya dili millətin ortaq vicdanı kimi qorumaq və gənc nəslin öz sözünü deyə biləcəyi mədəni mühiti formalaşdırmaqdır. Təyyarənin pəncərəsindən buludların arasından süzülən işığa baxarkən Anadolu ilə Azərbaycan arasındakı məsafənin coğrafiyada ölçülə bilən, könüllərdə isə demək olar ki, hiss olunmayan qədər yaxın olduğunu düşündüm. Bəzi ölkələr bir-birinə yalnız sərhədlərlə deyil, sözlərlə qonşudur. Türkiyə ilə Azərbaycan arasındakı yaxınlıq da məhz belədir. Eyni sözün iki fərqli tələffüzü, eyni türkünün iki ayrı avazı, eyni həsrətin iki sahili kimiyik. Biz ayrı-ayrı çaylar deyil, eyni suyun bir-birinə baxan iki sahiliyik.
Saat təxminən 15:30-da Bakıya çatdıqda bizi sadəcə yeni bir şəhər deyil, doğma bir dil, tanış bir səs və qədim bir qardaşlıq qarşıladı. Xəzərdən əsən külək sərinliyi və duz qoxusunu üzümüzə toxundurarkən insan özünü yad bir ölkədə deyil, uzun illərdir görmədiyi qardaşının evində hiss edirdi. Bəzi qarşılanmalar pasport nəzarətindən çox əvvəl, hələ səmada başlayır.
Oşdan Şuşaya daşınan məşəl
Bu səfəri mənalı edən cəhətlərdən biri də iştirak etdiyimiz proqramın təsadüfi yaranmış bir tədbir olmaması idi. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı altında, ənənəvi Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan "Türk Dünyası Gənc Şairlər Festivalı" bu il ikinci dəfə keçirilirdi. İlk məşəl ötən il Qırğızıstanın qədim Oş şəhərində yandırılmış, bu il isə həmin alov "Sözlərin Hekayəsi" əsas mövzusu ilə Azərbaycanın mədəniyyət və poeziya paytaxtı Şuşaya gətirilmişdi. Beləliklə, tədbir birdəfəlik mədəni proqram olmaqdan çıxaraq ildən-ilə kök salan bir ənənəyə çevrilmək yolunda ikinci addımını atırdı. Bir məşəlin bir şəhərdən digərinə daşınması sadəcə logistik seçim deyil. Türk dünyasının müxtəlif coğrafiyalarını növbə ilə ev sahibliyinə dəvət etmək bu böyük mədəniyyət məkanında heç bir yerin yalnız "mərkəz", heç bir yerin isə yalnız "kənar" olmadığını göstərən mənalı bir iradənin ifadəsidir. Oşdan Şuşaya uzanan bu xətt Türk dünyasının xəritəsini yalnız sərhədlər üzərindən deyil, sözün dolaşdığı yollar üzərindən yenidən oxumağa çağırırdı.
Bakıda ilk dayanacaq
Bakıya gəldikdən sonra ilk ziyarətimizi Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri prof.doktor Birol Akgünə etdik. Səfirliklər yalnız dövlətlərin rəsmi nümayəndəlikləri deyil. Bəzən onlar bir ölkənin başqa bir coğrafiyadakı yaddaşı, səsi və könül qapısıdır. İçəri daxil olarkən insan protokolun deyil, mənsubiyyət hissinin astanasından keçdiyini duyur. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə diplomatiya klassik məzmununu çoxdan aşır. Buradakı əlaqələri yalnız siyasi və iqtisadi əməkdaşlıqla izah etmək mümkün deyil. Ortaq tarix, ortaq dil, mədəniyyət və taleyin birliyi rəsmi münasibətlərin altında daha qədim və daha möhkəm təməl yaradır. "Bir millət, iki dövlət" ifadəsi də buna görə sadəcə ritorik bir şüar deyil. Bu, tarixi və mədəni həqiqətin sadə, lakin qüdrətli ifadəsidir. Bu prinsip 15 iyun 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə hüquqi çərçivə də qazanmışdır. Səfirimizlə görüşümüz zamanı Türk dünyasında universitetlərin, yazıçı təşkilatlarının və mədəniyyət qurumlarının üzərinə düşən məsuliyyətlər barədə fikir mübadiləsi apardıq. Dövlətlər arasındakı münasibətlər müqavilələrlə möhkəmlənir, xalqlar arasındakı qardaşlıq isə ədəbiyyat, incəsənət, təhsil və insanların birbaşa ünsiyyəti ilə dərinləşir. Müqavilə imza tələb edir, qardaşlıq isə səbir, zəhmət və zaman. Məhz buna görə Vaqif Poeziya Günləri kimi tədbirlərə yalnız mədəni proqram kimi baxmaq doğru olmaz. Bu görüşlər Türk dünyasının ortaq yaddaşını və gələcək təsəvvürünü bəsləyən mühüm mədəni platformalardır. Bir şeir festivalında yan-yana gələn gənclər bəlkə də həmin an fərqinə varmadan gələcəyin mədəni diplomatiyasını qururlar. Bu gün eyni səhnədə şeir söyləyən gənc şairlər sabah ölkələri arasında könül körpüləri salacaq qələmlərə çevrilə bilərlər. Bakıda baş tutan ilk görüş səfərin mənəvi çərçivəsini də müəyyənləşdirdi. Qarşıdakı günlərdə biz təkcə şeir dinləməyəcək, sözün dövlətlər, şəhərlər, insanlar və nəsillər arasında necə körpü qurduğuna da şahid olacaqdıq.
Bakıdan Qazaxa: Coğrafiyanın içindən yaddaşa
Bakıdan Qazaxa uzanan avtomobil yolu boyunca Azərbaycanın coğrafiyası sanki səhifə-səhifə gözlərimiz önündə açılırdı. Yolun hər iki tərəfində uzanan bozqırlar, təpələr, kəndlər və uzaq dağlar torpağın sadəcə maddi bir məkan olmadığını bir daha xatırladırdı.
Hər bir coğrafiya üzərində yaşayan insanın xarakterinə nəsə bəxş edir. Bozqır səbir öyrədir. Dağ müqaviməti. Yol isə gözləməyi. Bəzən bu üç xüsusiyyət eyni insanın ruhunda birləşir.
Qazax Azərbaycan poeziyasının və aşıq sənətinin mühüm mərkəzlərindən biridir. Bura eyni zamanda Molla Pənah Vaqifin doğulduğu diyardır. Vaqif Yuxarı Salahlıda dünyaya göz açmış, buradan Şuşaya uzanan həyat yolunda həm Qarabağ xanlığının dövlət ağlına, həm də Azərbaycan poeziyasının yeniləyici səsinə çevrilmişdir.
Qazaxa yaxınlaşdıqca onun həyatını düşünürdüm. Bir kənd uşağının mədrəsə yolu ilə elmə üz tutması, ərəb və fars dillərini öyrənməsi, astronomiyadan ədəbiyyata qədər uzanan geniş bilik dünyası qurması və nəhayət Qarabağ xanlığının baş vəziri səviyyəsinə yüksəlməsi təkcə şəxsi uğur hekayəsi deyildi.
Vaqifin həyatı biliyin insanı haradan götürüb hara apara biləcəyinin tarixi nümunələrindən biridir: bozqırda başlayan bir ömrün sarayın dilinə, oradan isə yenidən xalqın könlünə qayıdışının hekayəsi.
Lakin onu həqiqətən böyük edən cəhət saraya yüksəldikdən sonra xalqdan uzaq düşməməsi idi. Sarayda dövlət dili ilə danışmış, şeirlərini isə xalqın dili ilə söyləmişdir. Böyük siyasi məsələlərlə məşğul olarkən belə, eşqin, təbiətin, insan simasının və gündəlik həyatın poeziyasını yaratmışdır.
Onun timsalında bozqırla saray, xalqla ziyalı təbəqə, şifahi mədəniyyətlə klassik poeziya bir-birinə yaxınlaşmışdır. İki ayrı dünya bir qələmdə barışmışdır.
Bu səbəbdən Qazaxdan Şuşaya uzanan yol eyni zamanda Vaqifin həyat yoludur. Bir şairin doğulduğu məkandan poeziya və dövlət adamlığı baxımından kamala çatdığı şəhərə doğru irəliləmək onun bioqrafiyasını coğrafiyanın üzərində sətir-sətir oxumaq kimi idi.
Şairlər bağında bir axşam
16 iyul axşamı Qazaxdakı proqram Şairlər Bağında, Molla Pənah Vaqif abidəsinin önündə başladı. Gün batımının işığı heykəlin və ətrafdakı ağacların üzərinə düşərkən tarixin bəzən bir məkanda necə sıxlaşdığını, demək olar ki, toxunula biləcək qədər canlı hala gəldiyini hiss edirdim.
Açılışın məhz burada keçirilməsi təsadüfi deyildi. Çünki Vaqifin poeziyası təkcə ədəbi irs deyil, həm də Azərbaycan türkcəsinin xalqla qurduğu yaxınlığın rəmzidir. Onun şeirlərindəki aydınlıq, danışıq dilini poeziyaya gətirməsi və həyatın konkret gözəlliklərini ön plana çıxarması Azərbaycan ədəbiyyatında mühüm dönüş yaratmışdır.
Barat Vüsalın aparıcılığı ilə keçirilən proqramda İlqar Fəhmi, Mustafa Rasimoğlu və Saqif Qaratorpağın çıxışları Qazaxın ədəbi yaddaşını və Vaqifin poeziya ənənəsindəki yerini yenidən gündəmə gətirdi. Daha sonra aşıqlar və sənət adamları səhnəyə çıxdılar.
Aşıq Samir Cəlaloğlu, Aşıq Vüqar Kamandaroğlu və Ramal Balacanovun ifaları sözün yazıdan əvvəlki həyatını xatırladırdı.
Aşıq yalnız şeir söyləyən insan deyil. O, yaddaşı daşıyan, yaşananı sözə çevirən və toplumun ortaq duyğusunu səsləndirən şəxsdir. Sazın tellərində təkcə musiqi deyil, köçlərin, ayrılıqların, sevgilərin, müharibələrin və qovuşmaların səsi yaşayır.
Bir aşığı dinləyərkən poeziyanın niyə əvvəlcə şifahi sənət olduğunu daha yaxşı anlayırsan. Yazı sözü qeydə alır, səs isə ona ruh verir. Misra kitabda məna kimi görünür, aşığın dilində isə nəfəsə, vurğuya, zamana və xatirəyə çevrilir.
Qazaxdakı gecədə eşitdiyimiz hər bir hava türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan ortaq söz damarına bağlanırdı. Anadoludakı aşıqla Qarabağdakı aşıq adları və havaları fərqli olsa da, eyni böyük ənənənin davamçıları idilər.
Qarsdan Ərzuruma, Sivasdan Qazaxa, Təbrizdən Şuşaya qədər uzanan bu xətt siyasi sərhədlərin fövqündə yaşayan, xəritələrin tam göstərə bilmədiyi bir mədəniyyət coğrafiyasıdır.
Həmin gecə Qazaxda sözün vətəninin sərhədlərlə müəyyənləşdirilə bilməyəcəyini bir daha hiss etdim.
Şuşaya yüksəldikcə
Şuşaya doğru yol almaq yalnız yüksəkliklərə doğru irəl iləmək deyildi. Tarixin daha sıx, xatirələrin isə daha ağır olduğu bir məkana yaxınlaşırdıq.
Qarabağın dağ yollarında coğrafiya sərtləşdikcə mənzərə böyüyür, insanın daxilindəki sükut dərinləşirdi. Sanki hər döngə əvvəlki cümlədən daha ağır bir cümləyə açılırdı.
Bəzi şəhərlər düzənlikdə yayılır. Bəziləri isə dağın çiynində bir iradə kimi dayanır. Şuşa ikinci növdəndir.
Onun mövqeyi təkcə coğrafi xüsusiyyət deyil. Qayalar və sıldırım uçurumlar üzərində qurulmuş bu şəhər tarix boyu həm qorunmaq iradəsinin, həm də mədəni yüksəlişin rəmzi olmuşdur. Pənahəli xanın saldığı qala-şəhər qısa müddətdə Qarabağ xanlığının siyasi mərkəzinə, daha sonra isə poeziyanın, musiqinin, düşüncənin və incəsənətin qeyri-adi dərəcədə inkişaf etdiyi mədəniyyət şəhərinə çevrilmişdir.
Şuşanın tarixini oxumaq yalnız müharibələri, mühasirələri və siyasi dəyişiklikləri izləmək demək deyil. Ən heyrətamiz məqam belə sərt tarix içində bu qədər incə sənət aləminin yaranmasıdır.
İnsan istər-istəməz özündən soruşur: Daim təhlükə altında yaşamış bir şəhər necə bu qədər şair, bəstəkar, xanəndə, rəssam və mütəfəkkir yetişdirə bilmişdir?
Bəlkə də cavab məhz bu kövrəklik hissində gizlidir. Həyatın faniliyini dərindən dərk edən cəmiyyətlər gözəlliyi daha böyük diqqətlə qoruyurlar. Ölümün yaxın hiss edildiyi yerdə poeziya dəbdəbə deyil, varoluş ehtiyacıdır. Müharibənin kölgəsində yüksələn musiqi isə sadəcə əyləncə deyil, insan qala bilməyin yoludur.İnsan bəzən itirməmək üçün deyil, özünü unutmamaq üçün oxuyur. Şuşa daşın sərtliyi ilə sözün incəliyinin qovuşduğu şəhərdir.
Otuz illik həsrət, qırx dörd günlük savaş
Şuşanın qapılarından içəri daxil olmamışdan əvvəl onu bugünkü vəziyyətinə gətirən yaxın tarixi xatırlamaq lazımdır. Çünki bu şəhəri yalnız daşları, çiçəkləri və şairləri ilə təsvir etmək hekayənin yarısını natamam qoymaq olardı.
1992-ci ilin yazında Şuşanın işğal olunması təkcə bir torpaq sahəsinin əldən çıxması deyildi. Bütöv bir mədəniyyət şəhəri susdurulmuş, məscidləri, abidələri, evləri və meydanları uzun bir sükuta məhkum edilmişdi. Qarabağdan köçməyə məcbur qalan insanlar üçün bu yalnız yurd itkisi deyil, uşaqlığın, qonşuluğun və gündəlik həyatın bütün xatirələrinin geridə qalması demək idi.
Lakin otuz ilə yaxın davam edən bu ayrılıq qayıdış inamını söndürə bilmədi. 2020-ci ilin payızında qırx dörd gün davam edən Vətən müharibəsi itirilmiş torpaqların geri qaytarılmasından daha böyük məna daşıyırdı. Bu, sınanmış qürurun, möhkəmlənmiş qardaşlığın və illərlə yaşadılan ümidin yenidən dirçəlişi idi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi təkcə Qarabağ üçün deyil, uzun illər doğma yurduna qayıtmağı gözləyən insanlar üçün də tarixi dönüş nöqtəsinə çevrildi. Ardınca 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipini rəsmi sənəddə konkret şəkildə təsbit etdi. Şuşanın türk dünyasının mədəni mərkəzlərindən biri kimi önə çıxarılması da şəhərin təkcə Azərbaycanın deyil, bütün türk coğrafiyasının ortaq irsi kimi qəbul edilməsini daha da möhkəmləndirdi.
Bu gün Şuşa küçələrində gəzərkən insan uzun sürən sükutla qırx dörd günlük mübarizə arasındakı məsafəni addım-addım qət etdiyini hiss edir.
Qala daşdan tikilsə də, onun üzərində daşıdığı hekayə ətə-qana bürünmüş səbrin hekayəsidir.
Şuşaya ilk baxış
Şuşa qalasına çatdığımız zaman insanın diqqətini ilk növbədə daş divarlar, qala sədləri və dağ mənzərəsi cəlb edirdi. Lakin bir müddət sonra görünənin arxasındakı məna yavaş-yavaş aydınlaşmağa başladı.
Gündüz çəkilmiş bir fotoda arxa planda ucalan qala və qırmızı rəngli "Şuşa" yazısı ilk baxışda sadəcə bir səyahət xatirəsi təsiri bağışlayırdı. Ancaq kadra diqqətlə baxdıqda oradakı tikilinin təkcə bir qala olmadığı aydın olurdu. Həmin daşların içində əsrlər boyu davam edən müdafiələrin, mühasirələrin, ayrılıqların və qayıdışların izi yaşayırdı.
Daş səssizcə tarix danışırdı.
Axşam düşdükdə isə həmin qala tamam başqa bir ruh qazanırdı. Qaranlıqda işıqlandırılan divarlar, üzərində dalğalanan Azərbaycan bayrağı və ön plandakı xarıbülbül çiçəkləri yaddaşın estetik obrazına çevrilirdi.
Xarıbülbül Qarabağın, xüsusilə də Şuşanın ən güclü rəmzlərindən biridir. Bu çiçəyin formasında sanki qanadlarını açmış, boynu bükülü bir bülbül görünür. Onun Şuşa torpağı ilə bağlılığı haqqında söylənilən rəvayətlər zaman keçdikcə bu zərif çiçəyi həsrətin və yurda sədaqətin simvoluna çevirmişdir.
Bir çiçəyin bu qədər dərin tarixi və emosional məna daşıması mədəniyyətin təbiətə necə ruh bəxş etdiyini göstərir.
Xarıbülbül sadəcə bitki deyil. O, həsrətin, müqavimətin, itkinin və yenidən qovuşmanın rəmzidir. Onun zərif görünüşü ilə Şuşanın sərt daşları arasındakı təzad şəhərin bütün ruhunu ifadə edir: daş qədər möhkəm, çiçək qədər həssas.
Şuşanı yalnız fəth və zəfər dili ilə oxumaq natamam olar. Bu şəhər eyni zamanda ayrılıqların, dağıntıların, yarımçıq qalmış talelərin və yenidən qurulan ümidlərin şəhəridir. Bir məkanın həqiqi yaddaşına sahib çıxmaq təkcə öz sevincimizi deyil, orada yaşanmış bütün insani ağrıları da görə bilməyi tələb edir.
Çünki mədəniyyətin ən ali vəzifəsi zəfərdən danışarkən insanı unutmamaqdır.
Vaqifin hüzurunda
17 iyul səhəri Vaqif Poeziya Günlərinin rəsmi açılışı Molla Pənah Vaqif Muzey-Məqbərə Kompleksində keçirildi.
Bir şairin məzarı başında Poeziya Günlərinin açılması keçmişlə bu gün arasında qurula biləcək ən möhkəm körpülərdən biri idi. Məzar insana faniliyi xatırladır, şairin məzarı isə sözün ölməzliyini göstərir.
Vaqifin cismi torpağa tapşırılmış, yaşadığı xanlıq tarixə qovuşmuş, xidmət etdiyi siyasi quruluş isə artıq keçmişdə qalmışdı. Lakin onun poeziyası əsrlər keçsə də yaşamaqda davam edirdi.
Bu, poeziyanın siyasi hakimiyyət qarşısındakı səssiz üstünlüyüdür.
Vaqifin yaşadığı dövrdə xanların orduları, xəzinələri və fərmanları vardı. Şairin əlində isə yalnız söz vardı. O gün güclü görünən hakimiyyətlər tarix səhnəsindən silindi, amma şairin sözü yaşamaqda davam etdi.
Qılınc paslanır.
Həqiqi söz isə paslanmır.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev və TÜRKSOY-un baş katibi Sultan Raevin çıxışları Vaqifin təkcə Azərbaycan ədəbiyyatındakı deyil, bütövlükdə türk dünyasının ortaq mədəni irsində tutduğu mühüm yeri də nümayiş etdirirdi.
Mərasimdən sonra Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş "Sözün ovçusu – Könlüm keçər Qarabağdan" adlı kompozisiya nümayiş etdirildi.
Səməd Vurğunun poeziyasında vətən yalnız üzərində yaşanılan torpaq deyil, insanın ruhunu formalaşdıran ana varlıqdır. Onun "Azərbaycan" şeirində ifadə olunan mənsubiyyət duyğusu müasir Azərbaycan ədəbiyyatında vətən anlayışının ən qüdrətli ifadələrindən birinə çevrilmişdir.
Vaqifdən Səməd Vurğuna uzanan xətt göstərir ki, poeziyanın formaları dəyişsə də, millətin varlıq şüuru yaşayır. Vaqif xalqın dilini poeziyaya gətirmiş, Səməd Vurğun isə həmin dilin müasir vətən duyğusunu yüksək lirizmlə ifadə etmişdir.
Fərqli əsrlərdə yaşamış bu iki şair eyni ocağın alovuna nəfəs vermişdir.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(19.08.2026)


