VAQİF SƏMƏDOĞLU, “Yusif həyata yaraşan adam idi” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU, “YUSİF HƏYATA YARAŞAN ADAM İDİ”

(Yusif Səmədoğlunun vəfatı münasibətilə yazılanlar)

 

Dünən – avqustun 16-da beşə on dəqiqə qalmış Səməd Vurğun ailəsi ikinci dəfə çat verdi, ikinci çat. Və Səməd Vurğun ailəsi təxminən yarı bölündü: anam, bacım və mən həyatın ömür deyilən bölümündə qaldıq. Yusif isə bir azdan atama qovuşacaq – 40 illik fasilədən sonra. Ancaq xoşbəxtlikdən Yusifin öz Yusif Səmədoğlu ailəsi də var. Böyük ailədir, onlar yarılansalar da, bütöv qalırlar. Yusifi sonsuz məhəbbətlə, dəlicəsinə sevən mənim bacım – həyat yoldaşı Nəmidə bacım qalır. Yusifi həm ata məhəbbətiylə sevən, həm də atanın ərköyün, nadinc övladları qədər sevən iki gözəl qızı – Mehriban, Humay qalır, Yusifin kürəkənləri qalır. Yusif yazıçı idi. Yusifin qələm yoldaşları, – mən qardaş olmaqdan başqa da Yusifin qələm yoldaşıyam, ədəbiyyatda əqidə dostuyam, – biz qalırıq. Və nəhayət, Yusifin özünün ədəbi irsi qalır. Biz, əlbəttə ki, o ədəbi irsi sahmana salıb, səliqəyə gətirib üzə çıxaracağıq, oxuculara çatdıracağıq. Yusifin qələm dostlarına, Yusifi sevənlərə, oxuculara təşəkkür eləyirəm. Onlara təsəlli verirəm. Yusif Səmədoğlu xalq hərəkatının fəal iştirakçılarından olub. Mən onun bu hərəkatdakı yoldaşlarına, dostlarına təşəkkür edirəm, təsəlli verirəm.

Yusif sevincə, gözəlliyə yaraşan adam idi – həyata yaraşan adam idi. Mən bu saat zərrə qədər də tərəddüd eləmədən Yusiflə yerimi dəyişərdim. Amma həyatın hökmüdür: hər kəsin öz alın yazısı var. Alın yazılarımız başqa-başqadır. Tanrı Yusifi apardı. İndi mən də qardaşımı Tanrıya bağışlayıram...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.