Super User

Super User

Cümə, 21 Avqust 2026 13:35

Komedik rolları gözəl oynayırdı...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəzi aktyorlar var ki gözə girməzlər, sakitcə ömürlərini sənətə həsr edərlər. Elə Məhərrəm Qurbanov kimi. Bu gün anım günüdür, bizim də borcumuz xatırlamaqdır.

 

Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S. Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E. Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E. Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O. Rəcəbov "Əlin cibində olsun"da oğlan, R. Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu rollarını ifa edib.

E. Sabitoğlu "Bankir adaxlı"da cangüdən, sərxoş ər, S. Fərəcov "Bir günlük siğə"də Parnok, O. Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim, M. F. Axundov "Kimyagər" tamaşasında Ağa Zaman , İ. Gözəlova "Min bir gecə" tamaşasında Padşah, Elçin " Baladadaşın toy hamamı" Əmirqulu, Ekzüperinin "Balaca şəhzadə" tamaşasında Əyyaş və s. obrazları özünəməxsuz ustalıqla oynayıb.

"Ay Yay Yay" serialında polis rəisi obrazını, "Kolxoz 85" serialında Şiraslan obrazını, "Anam, bacım, rus gəlin " serialında Fazil obrazını, "İmtahan" sürialında Eldar obrazını və "Niyə ?!" serialında Evro Kamandar onrazını canlandırıb.

Məhərrəm Qurbanov 19 avqust 2019-cu il tarixində ağır beyin kötüyü insultu keçirib, gecə ilə xəstəxanaya çatdırılıb, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Məhərrəm Qurbanovun vəziyyəti daha da ağırlaşmış, 21 avqust 2019-cu il tarixində vəfat edib.

 

Filmoqrafiya

- Qız qalası (film, 2000)

- Ərazi (film, 2005)

- Qəmbər Hüseynli (film, 2007)

- Ayrılıq imiş (film, 2008)

- 3 bacı (film, 2012–2014)  (rol: böyrəyi alan həkim; təzə qonşu)

- Kolxoz 85 (teleserial, 2014 Şiraslan obrazı)

- Axırıncı yol (film, 2016)

- 28 iyun (teleserial, 2016)

- Ər quyusu (film, 2016, Əlövsət obrazı)

- İmtahan (teleserial, 2017, Eldar obrazı)

- 11 b Bilik günü (film 2017, Lenin obrazı)

- Anam bacım rus gəlin (teleserial, 2018, Fazil obrazı)

- Ay yay yay (teleserial, 2018 Polis obrazı)

- Niyə? (teleserial, 2018 Evro Kamandar obrazı)

- Son nəfəsədək (film, 2018)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun görkəmli nümayəndəsi, rejissor Eldar Quliyevin tanınmış yazıçı Natiq Rəsulzadə ilə birgə ssenarisi əsasında 1999-cu ildə ərsəyə gətirdiyi "Nə gözəldir bu dünya..." bədii filmi, milli kinomuzun ən dərin, qat-qat mənalara malik fəlsəfi-alleqorik əsərlərindən biridir. İlkin çəkiliş titri "Bu gözəl, gözəl, gözəl dünya" olan bu ekran işi, janr etibarilə dram, faciəvi komediya (traqikomediya) və məhəbbət elementlərini ustalıqla özündə birləşdirir.

 

Film, sovet imperiyasının süqutundan sonra postsovet məkanında və müstəqilliyini yeni qazanmış Azərbaycanda baş verən köklü sosioloji, psixoloji və mənəvi aşınmaları fərqli bir prizmadan, ruhi xəstəxana divarları arasından cəmiyyətə proyeksiya edir.

 

Filmin süjet xətti və əsas məzmunu

Hadisələr ölkənin qəfil bazar iqtisadiyyatına keçid etdiyi, köhnə dəyərlərin sarsıldığı, maddiyyatın ön plana çıxdığı 1990-cı illərin xaotik mühitində cərəyan edir.

Böyük böhran və qərar: Ölkədəki maliyyə qıtlığı səbəbindən dövlət təminatında olan ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Nə pul, nə yemək, nə də tibbi təchizat tapmaq mümkündür. Çıxılmaz vəziyyətdə qalan baş həkim xəstəxananı bağlamaq və bütün ruhi xəstələri evlərinə, normal insanların yaşadığı real dünyaya buraxmaq məcburiyyətində qalır.

Acı həqiqətlə qarşılaşma: Xəstəxananın divarlarını tərk edib cəmiyyətin içine qarışan dəli adlandırılan bu insanlar dəhşətli bir mənzərə ilə üzləşirlər. Çöldəki dünya, yəni azadlıq, dırnaqarası normal insanların qurduğu cəmiyyət rüşvətxorluq, yalan, amansızlıq, mənəviyyatsızlıq və soyğunçuluqla doludur. İnsanlar pul və güc naminə hər bir müqəddəs dəyəri tapdalayırlar.

Paradoksal final: Ətrafdakı insanların özlərindən qat-qat daha böyük bir ruhi xəstəlik (mənəvi eybəcərlik) içində boğulduğunu görən xəstələr bu vəhşətə tab gətirə bilmirlər. Onlar anlayırlar ki, xəstəxananın divarları çöldəki dünyadan daha təmiz, daha dürüst və daha təhlükəsizdir. Nəticədə, bütün xəstələr könüllü şəkildə yenidən xəstəxanaya qayıtmağa məcbur olurlar.

 

 

Filmdəki simvolizm və metaforik analiz

Eldar Quliyev bu əsərdə ruhi xəstəxana və dəli məfhumlarından cəmiyyətin güzgüsü kimi istifadə edir:

Həqiqi dəlilik haradadır?: Rejissor tamaşaçıya sarsıdıcı bir sual ünvanlayır: Əsl dəlilər kimdir? Divarların arxasında saf duyğuları ilə yaşayanlar, yoxsa çöldə bir-birini didən, qan udduran sözdə ağıllı insanlar? Film sübut edir ki, mənəviyyatını itirmiş cəmiyyət ruhi xəstəxanadan daha qorxuludur.

Adın ironiyası: "Nə gözəldir bu dünya..." başlığı əslində dərin bir kinayə və sarsıdıcı ironiyadır. Dünyanın vizual gözəlliyi ilə insanların daxili çirkinliyi arasında böyük bir təzad yaradılır.

 

Heyrətamiz aktyor heyəti və ifa ustadlığı

Filmin cılızlıqdan uzaq, fundamental bir sənət əsərinə çevrilməsinin ən böyük səbəblərindən biri Azərbaycan kino sənətinin korifeylərinin burada bir araya gəlməsidir:

Yaşar Nuri (Asim Əliyeviç): Filmin mərkəzi xarakterlərindən birini canlandıraraq, dəyişən sistem fonunda insanın daxili dramını və çarəsizliyini dahi aktyorluq ştrixləri ilə tamaşaçıya ötürür.

Həsənağa Turabov (Müstəntiq): Sərt, lakin daxilən çökmüş sistemin təmsilçisi kimi xarakteri çox qatlı şəkildə təqdim edir.

Rasim Balayev (Mirzəyev): Filmin fəlsəfi yükünü çiyinlərində daşıyan, cəmiyyətin itirdiyi vicdanı və ziyalılığı simvolizə edən unudulmaz bir ifa nümayiş etdirir.

Ayan Mirqasımova (Səbinə) və Elşən Rüstəmov (Emin): Xaosun içində təmiz qalan məhəbbətin, gəncliyin və ümidin dramatik xəttini canlandırırlar.

Köməkçi heyət: Muxtar Maniyev (Kazım), Rafiq Əzimov (Arif) və Rafiq Əliyev (Ramiz) kimi sənətkarlar hər biri kiçik rollarda belə böyük sosioloji tiplər yaratmışlar.

 

Yaradıcı heyətin müstəsna toxunuşu

Musiqi Dünyası: Filmin fəlsəfi ab-havasını tamamlayan, səhnələrin dramatik təsir gücünü artıran ecazkar musiqilərin müəllifi dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevdir. Onun musiqisi filmə xüsusi bir eleqantlıq və dərinlik qatır.

Vizual dil: Operator Yuri Varnovskinin kamerası keçid dövrünün Bakısını, boz və tutqun rəngləri, personajların üzlərindəki psixoloji gərginliyi vizual şeiriyyətə çevirə bilmişdir.

 

"Nə gözəldir bu dünya..." sadə bir dövr filmi deyil, zamanı aşan, insan təbiətinin mənəvi sınaqlarını və sistem dəyişikliklərinin fərd üzərindəki psixoloji fəsadlarını araşdıran fundamental sənət nümunəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Həmid Herisçinin şeirləri ilə tanış olacaqsınız.

         

Həmid HERİSÇİ

MAQNİT QASIRĞASI

 

Deyirdim, bu nə başağrısıdı?

Deyirdin, səbəb

                   maqnit qasırğasıdı.

Deyirdim, baxdığımız filmlərdən o hansıdı?

Deyirdin, qurtar, gecənin yarısıdı...

 

Deyirdim,

Mənlə öpüşsən,

özü də, vəhşi-vəhşi...

Görəcəksən, necə əriyəcək

Dağların,

dodaqların dəmir filizi...

Dəyişəcək həyatının, ən azı,

                              otuz-qırx faizi...

 

Deyirdin, fəqət həyatımıza maqnit qasırğalarının təsiri

Edib bizi

tərs taleyin əsiri....

 

Deyirdim, etsən bunun tərsini, əksini,

Palçıq gölməçələrdə bir başqa cür görünəcək o gün

bizim şəhərin əksi...

 

Deyirdim ki,

Görəcəksən, taksi gözləyir bizi orda,

Qırmızı taksi.

 

Fəqət telefonuna bu vaxt

bir mesaj gələrdi -

çox şəxsi.

 

Ancaq bunun tam əksi, tərsi

baş verirdi həmişə,

Səni dəvət edirdilər axmaq bir televerilişə.

 

Deyirdin,

uzaq planetlərdəki maqnit qasırğalarının təsiridi

əsir saxlayır bizi...

 

 

ANTİŞEİR: BU AXŞAM ÖLÜRÜM…

 

“Bu axşam ölürüm, məni kimsə tutamaz,
Sən məni tutamazsan, ulduzlar tutamaz...”
Səninçün ağlamaz,
Qılmaz namaz, yerə atmaz canamaz
Parisdəki Monparnas!
Gecikəcəkmi bu dəfə də
Hamletin dostu Fortinbras?

Sussaz
bir az,
son sözlərim dodaqlarım üzərinə
Qan kimi sıçramaz! 

…Gör nə günlərə qaldın, öz bəlandır,
Çək, Balaş.
“Bu axşam ölürüm,
kimsə məni tutamaz”.
Hətta uşaqlıqda gördüyüm
Kino qəhrəmanı Fantomas
məni sabaha saxlamaz.

Bu kimyəvi parçalanmadan
ayrılan qaz,
Hətta “Qazprom” qaz anbarlarına belə sığmaz!!!

…Öz bəlandır, çək, Balaş!
“Bu axşam ölürüm, kimsə məni tutamaz”.

Polislərin gözyaşardıcı qazı olmasa,
bu insanlar heç ağlamaz!

…Gör nə günlərə qaldın, öz bəlandır,
Çək, Balaş!

Boynumu bir iti ülgüc imzalayar-imzalamaz,
Əfv fərmanımı oxuyacaq
Stiven Kinq kimi, Jül Vern kimi
bir başqa yazıçı-fantast!
“Bu axşam ölürüm,
kimsə məni tutamaz...”

Bu kimyəvi parçalardan ayrılan yüngül qaz

Mənim balonumu doldursa,
Şarım havaya qalxmaz!

“Bu axşam ölürüm,
kimsə məni tutamaz”.
TRT AVAZ
məni tirajlamaz.

Məni sizlər kopiyalamaz.

“Bu axşam ölürüm, kimsə məni tutamaz”.
Gecikəcək bu dəfə də
Hamletin dostu Fortinbras...

 

 

DİRİLMƏ


         Mövludu diriltdim şeirin cadusuyla:

“Qoy bura tökdüyün zibil
Ölənlərinin ehsanı olsun!
Qoy təzə taxma dişlərim
Çənəmdə yaxşıca bir oturuşsun!
Lənətlərim lap öldürücü olacaq!”
Kimdi?
Hansı yerimdi?
Hansı dissertasiyasız alimdi,
Radio FM-di,
Hansı ölümdü, hansı filmdi,
Kor mexanizmdi,
Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?
Sonra  azca fərqli incə hüsnxətlə,
Azca ləzzətlə
öz diş həkiminin telefonunu
Bu lənətinə reklam kimi artıran?
Kimdi o?
Deyirsiz, müasir Dədəm Qorquddu?
Yox eyyy...
Yetim Mövluddu.
Bir də gördün, yediyi xəngəl-qurutu
Unutdu!
Çayını tam soyutdu.
Son tikəni diri uddu...
Sonra hamını qorxutdu
Öz yalançı, ani ölümüylə.
Qəfil dirilib, qara kömürlə
Lənətlərini həkk etdi kirli divarlara.
Bir gün tiryəki artıq düşdü, necə deyərlər.
Doğrudan öldü.
Öləndə siqareti hələ də tüstülüydü.

Restorandaydıq…
“Sahibi cümlələrinin axırını yedi”, –
dedi, kəkələdi
qorxa-qorxa,
Görəndə qapıya necə yaxınlaşır
Qara “Volqa”:
“Aparın meyidini, burda qalmasın sizin sovxa!”
Müşahidə videokameralarını aldatmaqdan ötrü
Bildirmədik, Mövlud ölüdü.
Əlləri çiynimizdə,
göz vura-vura bir-birimizə
Mövludu da qoşub yalançı söhbətimizə
Çıxdıq restorandan.
Qəfil, Mövludu tanıyanlardan
Biri salam verdi Mövluda...
Aktyor dramatizmi lazımdı burda.
Nəsə dedim burnumda.
Tər vardı ey, vücudumda.
Day ilişmədik itə-qurda.
Güvənib Mövludun cibindəki xırda-mırdaya
Mindik qara taksiyə.
Getdik bütün yolların əksinə, tam tərsinə.
Axır, çiynini silkələdim,
Mövludu tək onun eşidə biləcək ahənglə səslədim:
“Ay yetim,
Dirildin?
Taksi pulunu indi necə, mənmi ödəyim?”

 

 

ƏLEYHİQAZ TƏLƏBİ

 

"Halal+" şirkətinin tikdiyi çoxmərtəbəli lyuks binada bütün pəncərələrin ğözü kordur.

Göydələn dörd ildir ətraf sakinləri öz qatı zülmətiylə qorxudur.

Mənzillər satılmır.

Yalnız qapıdakı gözətçi daxmasından ətrafa nur damır az- az.

 

Demək həyatın dıbində,

kasıbların cibində,

Arvadların asılqan ipində,

Kənd pirində,

İnsanlardan yalnız birində

ümüdə oxşar nəsə qalıb

Az-maz.

 

Striptizdəki kimi, 

Təbrizdəki kimi eynən-

-Son cindanı, əskini soyunmaq Olmaz!

 

Vaxtilə oxşar mənzərələrlə

Süqut etmişdi qədim Bizans.

 

Vaxtiylıə, Makedonyalı İskəndərin qılıncından

bu cür canını qurtarmışdı

sonuncu fars...

 

Bizim bu tərs taleyə qarşi

İxtira edilsəydi

Kaş

Tam yeni əleyhiqaz!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Son günlər “İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini gündəmə gətirib. İranda fəaliyyət göstərən millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıb.

Türk tənqidçilər hesab edirlər ki, “Xəzər” adının “Kaspi” və ya “Mazandaran” adları ilə əvəzlənməsi cəhdi türk tarixinin izlərinin silinməsi cəhdləri ilə bağlıdır. Bildirilir ki, daha əvvəl də fars millətçiləri xəzərləri “işğalçı və anti-İran xalqı” adlandıraraq onların adının dənizdən silinməsini tələb ediblər. Qeyd edək ki, “Xəzər” adı tarixdə mövcud olmuş türkmənşəli Xəzər xalqının adı ilə bağlıdır və İranda rəsmi sənədlərdə əsasən “Xəzər dənizi” ifadəsindən istifadə olunur.

 

Mövzu ilə əlaqədar “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən  AMEA-nın şöbə müdiri, türkoloq -alim Faiq Ələkbərli qeyd edib ki, Xəzər dənizinin adının dəyişdirilməsi İrançılar və şovvinistlər tərəfindən zaman-zaman ortaya atılır:

“Məlumdur ki, Xəzər dənizi adlanan bu dənizin onlarla adı vardır ki, bunların da böyük əksəriyyəti türk adı, türk mahiyyəti daşıyır. Hətta buranı zaman-zaman “Türk dənizi” də adlandırıblar. Ona görə də bu dənizin adının digər adlarla əvəzlənməsi heç bir zaman özünü doğrulda bilməz. Çünki Xəzər dənizinin ətrafında, demək olar ki, 90 faiz türk xalqları yaşayır. Eyni zamanda Xəzər dənizinin cənub tərəfində də yenə türklərdir. Yəni hazırda İran İslam Respublikasına aid olan ərazidə də yenə Türkmən Səhra, Astarabad, Qacar, Əfşar türkləridir. Eyni zamanda şimal tərəfdə, yəni quzey tərəfdə də Dərbənd türkləri, tatarlar və digər türk xalqları yaşayır. Vaxtilə burada Azərbaycan dövlətinin yaranması və Xəzərlər dövləti adlanması təsadüf deyildir. Əslində indiki Xəzər dövləti həm də Xəzərlər dövlətinin varisidir. Çünki Xəzərlər dövlətinin torpaqları, demək olar ki, Azərbaycanın əksəriyyətini özündə əks etdirirdi. Və Xəzərlər dövləti o zaman bir türk dövləti kimi, həm də bir Azərbaycan dövləti idi”

Müsahibimiz əlavə edib:

“Çox təəssüf olsun ki, sovetlər dönəmində Xəzərlər dövləti Azərbaycan dövlətçilik tarixindən kənarda saxlanılmışdır. O ki qaldı Kaspi... Əslində Kaspi sözü də Xəzər sözü ilə  bağlıdır. Yenə də biz görürük ki, Kazbek dağı,   Kazaxıstan-  hamısı Xəzər sözü ilə eynilik təşkil edir.  Sadəcə olaraq,  oradakı "Pi" şəkilçisi yunancadır. Oğuz ərlərinin ölkəsi anlamındadır. Yunanlarda və ya bəzi slavyan xalqlarında Kaspi adlansa da, əslində o da türk xalqını, yəni məhz  xazları, o Oğuzları  bildirməkdədir. Ancaq təbii ki, yenə də görürük ki, burada dominantlıq Xəzər sözünə bağlıdır və Xəzər sözü minillər boyu burada türk adı kimi, türk dövləti adı kimi öz adını burada, necə deyərlər, möhkəmləşdirmişdir və bunu heç bir şey dəyişə bilməz”.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, dəyərli izləyicilərimiz, xoş gördük.

Bilirəm ki, aranızda klassik şeir janrlarını sevənlər çoxdu.

Bu gün Sizə " Bir şair və şeir" rubrikasında ritmləri qəlb ritmləri kimi gözəl olan qəzəl təqdim edəcəyik.

Beləliklə, qonağımız hər zaman gənclərə dəstək olan, yol göstərən, sadəliyi ilə sevilən şair Gündüz Sevindikdir.

 

       ***

Çox naz eləyər, bülbül üçün - bir gülə qalsa,

Yüz nalə çəkər bir gül üçün - bülbülə qalsa.

 

"Dünya belə qalmaz" dedi şairlər əzəldən,

Dünyagirə yox fərqi ki, dünya belə qalsa...

 

Min dərdə salar naşını bir xırda çətinlik,

Arif tapar, iş yoldan azıb müşkülə qalsa.

 

Dərd əhlinə dərman arama, dərd ilə xoşdur

Eşq əhlinə öz dərdi, gülüm, silsilə qalsa...

 

Bu zülm(ü)dü gər, laləyə sarmaşsa tikanlar,

İnsan bezər o yerdə ki, nadan ilə qalsa.

 

Gündüz, sözü ariflərə ünvanla ki, billah

Olmaz qəzəlin qiyməti kor cahilə qalsa!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun hələ kiçik yaşında ifa etdiyi “Qarabağ şikəstəsi” bütun Qarabağda insanları heyrətə gətirib. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlib və onu bağrına basıb. Beləcə o, Ağdam musiqi məktəbinin tələbəsi olub. Özü də Seyid Şuşinskinin sinifində…

Söhbət kimdən gedir?

 

Mürşüd Məmmədovdan. O, 21 avqust 1929-cu ildə Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi.

Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazanıb. Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərilib. Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçüb.

Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərib. Qısa zaman ərzində onun şöhrəti, adı-sanı Şəkiyə və ətraf rayonlara yayılıb. 1955-ci ildə Bakıda keçirilən Respublika xalq yaradıcılığı festivalının qalibi olub. Bundan sonra Seyid Şuşinski ona Bakıya köçməyi tövsiyə edib. Nəhayət, Mürşüd Məmmədov Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən "AzKonsert"in solisti olub.

1956-cı ildə ailəsini köçürüb gətirən M.Məmmədovun Kömürçü bazarının yanındakı evi sənət məbədgahına çevrilib. Əliağa Vahid, Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Hacı Məmmədov, Ramiz Quliyev, Habil Əliyev, Əbülfət Əliyev, İldırım Həsənov, Arif Babayev, İslam Rzayev və digər sənət adamları bu evə toplaşar və sənət barədə maraqlı söhbətlər edərdilər.

Mürşüd Məmmədov xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün müəllimi Seyid Şuşinskidən səmərəli istifadə edib və ən ləyaqətli tələbəsi olub. Seyid Şuşinski onun bu istedadını görərək, davamçısı olaraq görüb və müəllimi Cabbar Qaryağdıoğlundan qalan "Qızıl Qavalı"nı tələbəsi Mürşüdə hədiyyə edib.

 1958-ci ildə Moskvada keçirilən ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub. Ömrünün son illərində Muğam məktəbində dərs deyib. Gənclərə muğamlarımızın sirlərini öyrədib. O, ömrünün 30 ilindən çoxunu xanəndəlik sənətinə həsr edmişdir. Mürşüd öz müəllimi kimi, sevdiyi sənətinin qədrini bilib.

Qəlbinin çövrək duygularını milli musiqimiz olan muğamlarımıza verib. Mürşüd Məmmədov "Rast", "Segah zabul", "Qatar", "Bayatı Şiraz", "Mənsuriyyə", "Qarabağ Şikəstəsi" kimi muğamların gözəl ifaçısı olub. İfa etdiyi muğamlar hal-hazırda Azərbaycan Respublikasınin Qızıl fondunda və UNESCO-nun dəstəyi ilə yaradılan Qarabağ Xanəndələri Albomunda yer almaqdadır 26 aprel 1996cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir vaxtlar yaşadığımız SSRİ dövləti 2-ci dünya müharibəsində faşist Almaniyası üzərindəki qələbədə həlledici rol oynayıb. Amma Sovet Ordusu hədsiz istismar, sərt tabeçilik şəraitində fəaliyyət göstərib, qadağaların həddi-hüdudu olmayıb. Təsəvvür edin ki, bu orduda əsir düşmək belə qadağan edilibmiş.

Gəlin İlham Cəmiloğlunun köməyi ilə müharibədə almanlara əsir düşən 80 generalın taleyi ilə tanıç olaq.

 

16 avqust 1941-ci ildə Dövlət Müdafiə Komitəsində imzalanan 270 nömrəli əmr müharibə dövründə əsir düşən hərbçilərin karyerasında ciddi problemlər yaradıb. “Əsir düşmək və silahların təhvil verilməsi ilə bağlı hərbi qulluqçuların məsuliyyəti” başlıqlı əmri İosif Stalin, Vyaçeslav Molotov, Semyon Budyonnı, Kliment Voroşilov, Semyon Timoşenko, Boris Şapoşnikov və Georgi Jukov imzalayıblar.

Əmrə əsasən, komandirlərin sona qədər döyüşməsi onların vəzifə borcu sayılıb və düşmənə əsir düşmək “qadağan” edilib. Daha sonra qeyd olunub ki, əsir düşən komandirlər fərari sayılaraq heç bir məhkəmə olmadan yerində güllələnməyə məhkumdurlar.

Qeyd edək ki, II Dünya müharibəsi zamanı SSRİ tərəfindən 5 milyon 740 min nəfər hərbçi almanlara əsir düşüb. Onlardan təxminən 1 milyona yaxını əsir düşərgələrində saxlanılıb. Almanların statistikasına görə, müharibə ərəfəsində 2 milyondan artıq sovet əsiri müxtəlif səbəblərdən ölüblər. 818 min nəfər nasistlərlə əməkdaşlığa razılıq verib. Əsirlərdən 473 min nəfəri Almaniya və Polşada olan düşərgələrdə işgəncə və güllələnmə ilə məhv edilib. 67 min nəfər sovet hərbçisi əsirlikdən qaçmağa nail olub.

Müharibə dövründə SSRİ üçün ən narahat məqamlardan biri generalların əsir düşməsi sayılıb. İosif Stalini və ümumilikdə Dövlət Müdafiə Komitəsini narahat edən məsələ generalların almanlara satılması, onlarla əməkdaşlığa razılıq verməsi olub. 2020-ci ilin son araşdırmalarına görə, sovet-alman müharibəsi zamanı 80 general almanlara əsir düşüb. Bəzi tarixçilərin qənaətlərinə görə, əsir düşən generallar SSRİ-yə qayıtdıqdan sonra, yaxud da yaşadıqları xarici dövlətlərdə Stalinin göstərişi ilə öldürülüb. Amma rəsmi statistikada bu cür faktlar özünü doğrultmayıb.

Əsir düşmüş 80 generaldan üçünün taleyi bu günə qədər məlum deyil. Generallardan 6 nəfəri əsir düşərgələrindən qaçmağa müvəffəq olub. 27 əsir general düşərgələrdə ölüb. Əsir düşən generallardan 22 nəfəri müharibə ərəfəsində və müharibədən sonrakı illərdə yenidən xidmətlərini davam etdiriblər, onların bütün hüquqları bərpa olunub.

22 nəfər əsir general isə SSRİ Hərbi Kollegiyasının qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər. Onlardan 5 nəfəri asılmaqla edam edilib, 13 nəfəri güllələnib, 2 nəfəri həbsxanada ölüb, 2 nəfəri isə cəzalarını başa vurduqdan sonra SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət edərək bəraət alıblar.

Faktlardan göründüyü kimi, Stalinin əsir düşmüş 80 general haqqında ümumi qərarı, yaxud da şifahi göstərişi olmayıb. Yalnız 22 nəfər sovet qanunlarına uyğun olaraq cəzalandırılıb.

Stalinin vəfatından sonra bir sıra yüksək rütbəli hərbçilər yuxarıda qeyd etdiyimiz 270 nömrəli əmr haqqında tənqidi fikirlər söyləyiblər. Onlar belə bir əmrin silahlı qüvvələrin bütün komandirlərinə və döyüş bölgələrinə tətbiq edilməsini düzgün saymayıblar, belə əsaslandırıblar ki, müharibə dövründə döyüş şəraiti istənilən anda dəyişə bilər, kəşfiyyatın qeyri-dəqiq məlumatı, yaxud da digər səbəblərdən bütöv bir hərbi hissə mühasirəyə düşə və əsir götürülə bilər.

Bu haqda tənqidi fikirləri daha çox Nikita Xruşovun tərəfdarı olan və onun komandasında təmsil olunan yüksək vəzifəli hərbçilər söyləyiblər. N.Xruşov isə onlara böyük həvəslə dəstək verib, Stalini hədəf seçərək məsələyə münasibətini aşağıdakı kimi bildirib:

“Əlbəttə, yalnız Stalin belə bir əmr verə bilərdi. Döyüş taktikasından xəbəri olmayan, bir dəfə də olsun ayağı cəbhə bölgəsinə dəyməyən marşaldan daha nə gözləmək olardı. Biz bu məsələni dəfələrlə qaldırmışdıq. Çünki biz cəbhədəydik, real vəziyyəti bilirdik. O isə öz dediyindən dönmürdü. Son nəticə isə göz qabağındadır…”

270 nömrəli əmrə imza atanlardan biri Georgi Jukov isə bu tənqidləri çox ağır qəbul edib. O, 1956-cı ildə Mərkəzi Komitənin geniş tərkibli iclasında sözügedən məsələyə sərt və ciddi münasibət bildirib:

“Dəfələrlə 270 nömrəli əmr haqqında fikirlər söylənilir, tənqid olunur. Əsas səbəb isə o göstərilir ki, əmri imzalayan Stalin hərbi sahədə qeyri-peşəkar olub. Amma siz də yaxşı bilirsiniz ki, bu əmri təkcə Stalin imzalamayıb. Bir daha bəyan edirəm ki, həmin əmri imzalayanlardan biri də mən olmuşam. Həmin əmr imzalanmasaydı, fərari komandirlərin sayı-hesabı olmayacaqdı və biz məğlubiyyətə doğru gedəcəkdik. Bəli, məhz həmin əmrin hesabına indi siz Kremldəki kabinetlərinizdə qalib ölkənin məmurları kimi rahat əyləşirsiniz…”

Marşalın bu fikirləri əmr haqda tənqidlərə son qoysa da, sonralar, Jukov vəzifədən uzaqlaşdırıldıqda bu məsələ yenidən bir neçə dəfə gündəmə gəlib və əsir düşmüş hərbçilər qismən bəraət qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Azərbaycan dünya incəsənət xəzinəsinə bir neçə görkəmli rəssam bəxş edib ki, onlardan da biri Xalq rəssamı Mikayıl Abdullayevdir. Bu 21 avqust günü onun anım günüdür. Xatırlayırıq, unutmuruq, gələcək nəsillərin də yaddaşına ötürürük.

 

Mikahyıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirib, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənib.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilib. Sovetlər dönəminin elitar mədəniyyət xadimləri sırasında möhkəm yeri olubdur. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilib. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.

İstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir.

"Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941–45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunub. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir.

Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır.

1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə "Axşam" əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başlayıb. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib.

"Çəltik becərənlər" tiptiki kənd mövzusunun romantikasının mərd azərbaycan qadınının əməksevərliyini inandırıcı tərzdə ifadəsinin bədii təcəssümüdür. Məhz bu xüsusiyyətinə görə "Çəltik becərənlər " əsəri 1974-cü Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Bizim Azərbaycan

2. Mikayıl Abdullayev

3. Günəşlə dolu dünya

4. Qələbənin yolları

5. Salam, Zeynəb!

6. Şeirin xəzrisi

7. Mətbuat fədaisi

8. Rənglə yazılmış tarix

 

Mükafatları

- "SSRİ xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Beynəlxalq Nehru mükafatı

- "İstiqlal" ordeni

- Lenin ordeni

- "Oktyabr inqilabı" ordeni

- "Xalqlar dostluğu " ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Mikayıl Abdullayev 21 avqust 2002-ci ildə 80 yaşında Bakıda dünyadan köçüb. Düz 23 ildir ki, ölkənin mədəniyyət ictimaiyyəti bu gündə onun məzarını ziyarət edir, üstünə tər çiçəklər düzür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Şuşa zirvəsinin ölməz keşikçisi: Şəhid Gizir Sahil Məmişli

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və otuz illik işğal tarixinə son qoyulması uğrunda canından keçən minlərlə cəsur oğlumuzdan biri də Azərbaycan Silahlı Qüvvələrinin giziri Sahil Ağaverdi oğlu Məmişlidir.

 

O, 44 günlük Vətən müharibəsinin başladığı ilk günlərdən etibarən cənub cəbhəsindən Şuşaya qədər uzanan şanlı və sarsıdıcı bir döyüş yolu keçərək adını xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdirmişdir.

 

Həyatı və erkən illəri

Sahil Məmişli 21 avqust 1991-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində ziyalı və vətənpərvər bir ailədə dünyaya göz açmışdır. Uşaqlıq illərindən hərb sənətinə, zabit formasına böyük sevgi bəsləyən Sahil, orta təhsilini doğma Çaylı kəndində başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır.

Vətənə olan bağlılığı və xidmət müddətində göstərdiyi yüksək nizam-intizam onu ömrünü peşəkar olaraq orduya həsr etməyə sövq etdi. Səfərbərlik və xüsusi hazırlıq kurslarını uğurla keçən Sahil, "Gizir" hərbi rütbəsini alaraq Azərbaycan Silahlı Qüvvələrinin ön cəbhə bölmələrində nümunəvi peşəkar xidmətə başladı. O, tabeliyindəki əsgərlərə hər zaman komandirlik etməklə yanaşı, həm də onlara bir qardaş qayğısı göstərirdi.

 

Cənub cəbhəsindən Şuşayadək: şanlı döyüş yolu

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Sahil Məmişlinin illərlə topladığı hərbi təcrübəni və sarsılmaz iradəsini nümayiş etdirmək üçün böyük imtahan oldu. O, müharibənin ilk saatlarından etibarən ön xətdə düşmənin istehkamlarının yarıb keçilməsi əməliyyatlarına daxil oldu.

 

Sahil Məmişlinin rəhbərlik etdiyi bölmə cənub istiqamətində ildırım sürətli hücumlarda fəal iştirak etdi:

Füzuli və Cəbrayıl əməliyyatları:  Düşmənin ağır artilleriya və minaatan atəşləri altında mövqelərin bir-birinin ardınca azad edilməsində misilsiz şücaət göstərdi.

Qubadlı və Zəngilan döyüşləri:  Araz boyu torpaqların təmizlənməsində, strateji yüksəkliklərin nəzarətə götürülməsində şəxsi rəşadət nümayiş etdirdi.

Şuşa uğrunda tarixi döyüşlər:  Noyabr ayının əvvəllərində müharibənin taleyini həll edən əfsanəvi Şuşa əməliyyatına qatıldı. Sıldırım qayaları piyada aşaraq şəhərə daxil olan xilaskarların cərgəsində yer aldı.

 

Şəhadəti

Tarixi qələbənin elan olunmasından və üçrəngli bayrağımızın Şuşada tam dalğalanmasından cəmi bir gün sonra — 11 noyabr 2020-ci ildə Şuşa ətrafında qalan düşmən qalıqlarının tamamilə zərərsizləşdirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən gərgin döyüş tapşırığını yerinə yetirərkən gizir Sahil Məmişli qəhrəmancasına şəhid oldu.

Şəhidimizin nəşi doğulduğu Biləsuvar rayonunun Çaylı kənd qəbiristanlığında böyük izdihamla, dövlət rəsmilərinin, hərbçi yoldaşlarının iştirakı və hərbi yaylım atəşləri müşayiəti ilə torpağa tapşırıldı.

 

Dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə və canı bahasına yerinə yetirdiyinə görə gizir Sahil Ağaverdi oğlu Məmişli ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif olunmuşdur:

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətən uğrunda" medalı

"Cəsur döyüşçü" medalı

"Şuşanın azad olunmasına görə" medalı

 

Sahil Məmişli və onun kimi minlərlə şəhidimizin qanı baha başa gələn bu müqəddəs Zəfər sayəsində bu gün sərhədlərimiz tam bərpa olunub və bayrağımız azad Qarabağda qürurla dalğalanır. Onun əziz xatirəsi Biləsuvar sakinlərinin və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad olsun, millətin unudulmaz qəhrəmanı!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Cümə, 21 Avqust 2026 08:33

Ad gününüz mübarək, Rəşad Məcid!

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

...Doğrudur, heçnədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kreativ”, 'icad" və bunlara bənzər kəlmələr yaranmayıb ki...

Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla nə dostluq, nə də yoldaşlıq etmişəm, həyatda cəmi bir neçə dəfə üz-üzə gəlmişik. Salam-əleykum- vəssalam. Rəşad Məcidi deyirəm. Özünəməxsus xarakterilə ön plana çıxan Rəşad Məcidi...

 

...Heç vaxt ona işim düşməyib, yəqin ki, heç düşməyəcək də... Amma belə adamlar haqqında söz demək, fikir formalaşdırmaq vacibdir. Onun yardımsevər olması, insanlara kömək etmək arzusu, adamları sevindirmək istəyi məni onun haqqında düşündüklərimi sizinlə bölüşmək sevdasına saldı. Yaşı altmışı keçsə də, onun davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsli olması ürəyimcədir...

Ola bilər ki, kimsə onu eqoist, təkəbbürlü adam kimi tanıyır. Əslində o, təkəbbürlü yox, məğrur adamlardandır. Mehriban davranışı göz qabağındadır. Heç vaxt dəstəyini görməsəm də, fəqət yaxşı bilirəm ki, səxavətli adamdır. O, gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan heç də əliaçıq adamlardan fərqlənmir. Bir sıra adamların düşündüyü kimi, nə böyük var-dövləti var, nə də səltənəti. Sıradan, orta statistik bir vətəndaşdır...

Çox çalışqan və əzmkardır. Həm özünü, həm də ətrafdakı insanları yaşatmaq üçün səy göstərir. Yəqin ki, Allah da onun saf niyyətini görüb hər işində yardımçı olur, uğur qazandırır...

O, özünü cəmiyyətə çoxdan sübut etməyi bacarıb. İllər ötəcək, nə vaxtsa vəzifədən gedəndən sonra da, nüfuz və hörmətindən bir zərrə belə azalmayacaq. 525-ci qəzet, Mətbuat Şurası və s. xidmətləri yaddaşlarda qalacaq. Bəli, mənim tanıdığım Rəşad Məcid zəmanəmizin yaxşı adamlarından biridir. Gözəl övladlar böyüdüb, nəvələrinin də əsl vətəndaş kimi yetişməsinə səy göstərir. Əqidəsinə, meyyarlarına sadiqdir. Milli-mənəvi dəyərlərimizin təəssübkeşidir. Hansı vəzifəyə yüksəlməsindən asılı olmayaraq sadəliyini, səmimiyyətini qoruyub saxlaya bilir. İnsanlara yuxarıdan aşağı baxmağı xoşlamır...

...Yeri gəlmişkən, “Rəşad” kəlməsi ərəb mənşəli olub- "doğru yolla gedən", "düşüncəli" və "fərasətli" mənalarını verir. “Məcid” sözünün mənası isə "şan-şöhrətli" deməkdir. Beləliklə, Rəşad Məcid imzasının açılışı- Doğru yolla gedən şan-şöhrətli adam- anlamını daşıyır...

Avqustun 21-i Rəşad Məcidin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

66 -dən səhifə 3114

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.