
Super User
GAP Antologiyasında Səid Muğanlının “Sevirəm səni...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Səid Muğanlıdır.
Səid Muğanlı
Tehran
SEVİRƏM SƏNİ
MÜFRƏDİ-MÜƏNNƏSİ-QAYİB
...Və bir də ki,
Mənə bağışla bu eşqin kasıblığını!
Və qes əla haza...
Eşq ucuzlamış üstü örtülü qaysarada
Ağızlara daranmış alfabet analar
Sevgi aclığı etmiş İsanın anası Məryəm
Musanın öküzü mələmiş yaşıl muğan qəzetində
Xəlic şıxları bahalatdı nefti sevgi qarşısında
Və bir şair sevgi almağa pulu çatmadı
Və birdə ki, mənə bağışla bu kasıblığı
Və qes əla haza...
Suyum süzülə-süzülə netdə satıram şeirlərimi
Bazar ağzında yeralma çörək...
Daha satılmır kitablarımız,
Əlfaaaaaaaaaaaaaaatihə
Can üstədir bu şeir...
Əlmərhumol-məğfurol-şair Köpəyoğlu
Borc ödəmir şeir kitabçaları
Son şamı da habelə!
Dar ağaclarını da!..
Bağışla mənə
Bağışla mənə dar ağaclarını
Bağışla mənə bu eşqin kasıblığını
Və qes əla haza...
Sənə vurulmuşam
Sənə vurulmuşam İsanın anası Məryəm-cimmm!
Dul qalacaqmı bu şeircik?
Hansı siğə lazımdı bu felin qurtarmasına?
Sevirəm səni müfrədi-müənnəsi-qayib
Qəbeltoltəz?..
Və qes əla haza...
(Kəlb astan ələhqərol-mozneb)
Və qes əla haza...
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
İrili-xırdalı yüzlərcə rol, film və tamaşaların unudulmaz siması
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aktyorlarımız arasında populyar, sevilən olanlar hazırda elə də çox deyil. Hamı bu sənətə can alır, hamı film və tamaşalarda rol alr. Amma elə bil, hamı da sanki bir-birinin eynidir. Fərqlilik, özünəməxsusluq qeybə çəkilibdir. Amma haqqında danışacağım Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyorumuz Ramiz Məlik məhz birincilərdəndir. Sevilib, bəyənilib, izlənilib. Və bügünkü doğum günündə haqqında danışılmasını da həqq edən sənətkardır.
Azərbaycan teatr və kino aktyoru Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilməyib. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
İkinci Fəxri Xiyabanda dəfn olunub. 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olub.
14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Teatr səhnəsindəki rolları
1. Marsel ("Hamlet", Uilyam Şekspir)
2. Aqşin ("Od gəlini", Cəfər Cabbarlı)
3. Barat ("Almaz", Cəfər Cabbarlı)
4. Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev)
5. Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev)
6. Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev)
7. Teymur ("Yastı təpə", Əkrəm Əylisli)
8. Valter ("Yad adam", L. Frank)
9. Arif ("İblis", Hüseyn Cavid)
Filmoqrafiya
- 1001-ci qastrol
- Ad günü
- Axırıncı aşırım
- Araqarışdıran
- Aşkarsızlıq şəraitində...
- Atillanın atlıları
- Babək
- Bakıda küləklər əsir
- Bəyaz həyat
- Cəza
- Bir anın həqiqəti
- Bir cənub şəhərində
- Bircəciyim
- Dağıdılmış körpülər
- Dağlarda döyüş
- Dəfn edilməmiş ölülər
Ramiz Məlik 14 Dekabr 2023-cü il tarixində 80 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Qoca dirijorun sonuncu konserti - ƏLİSƏFDƏR HÜSEYNOV
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əlisəftər Hüseynovun hekayəsi təqdim edilir.
(“Sənət haqqında hekayələr” silsiləsindən maestro Niyazinin unudulmaz xatirəsinə)
Axşamın alaqaranlığında dənizin kənarında yaşlı bir kişi ağır addımlarla qayalığa doğru gedirdi. Nəzərləri uzaqlara dikilmişdi – üfüqdən də uzaqlara. Saçları küləkdə oynaşır, uzun qara plaşı gah ayaqlarına, gah qayaların sərt üzünə toxunurdu. Əllərində heç nə yox idi, amma barmaqları nə isə axtarırmış kimi arada qəribə bir tərzdə titrəyirdi.
Zamanında böyük səhnələrdə konsertlər vermiş, gurultulu alqışların sahibi olmuşdu. Əlləri, barmaqları ilə orkestrə həyat verər, musiqiyə ruh qatardı. İndi isə səssizliklə dostlaşmısdı. Qocalmışdı, illərdir dirijorluq etmirdi. Amma arxada qalan illərin musiqi dolu havası ruhuna hopmuşdu. Beləcə, musiqi onu, o da musiqini yaşadırdı. Nisgilini tez-tez ürəyində təkrarladığı bir cümlə ilə ovundurdu: “Qulaq eşidər, amma ruh duymasa, musiqi ölər.”
Qayaların üstünə qalxdı. Hər axşam buraya gələrdi. Dənizin daim dəyişən səsi elə bil onun üçün itirdiyi orkestrin səsini əvəz edirdi. Dalğaların çırpıntısında, quşların sükutunda nəsə bir sehr duyurdu…
Oturdu. Ətrafa göz gəzdirdi. Qaranlıq ağır-ağır sahili örtürdü. Günəş batmaq üzrəydi. Uzaqda bir göyərçin qanad çaldı. Və o an – sükutu pozan yüngül addım səsləri eşidildi.
Qoca yavaşca arxaya çevrildi.
Qayanın o biri başında gənc bir qız dayanmışdı. Cavan, lakin qəribə dərəcədə sadə görkəmi vardı. Əlində dəftər tutmuşdu, nəzərlərləri dənizə dikilmişdi, saçları küləklə oynayıdı.
-Salam, - qız dedi. Səsi nə incəydi, nə də qətiyyətli. Sadəcə səmimi idi.
- Salam, - qoca başını tərpədərək cavab verdi.
Qısa sükutdan sonra ilk dillənən qız oldu:
-Sizi burda bir neçə dəfə görmüşəm. Hər dəfə eyni saatda, eyni yerdə. Elə bil kimisə gözləyirsiniz. Bəlkə gələcəyinizi, qarşıdakı günləri?
Qoca gülümsədi. Dodaqlarına acı bir təbəssüm qondu.
- Yox, səssizlikdən, sükutdan başqa gözləyəsi bir şey qalmayıb. Nə keçmişi, nə də gələcəyi dartıb indiyə gətirməzsən. Amma bəzən insan keçmişin səsini eşidib təskinlik tapa bilir...
Qız bir az yaxınlaşdı. O da qayanın üstündə oturdu. Susdu. Sonra birdən içinin lap dərinliyindən gələn sözləri sanki boğazında sıxa- sıxa soruşdu:
- Siz... bir vaxtlar dirijor olmusunuz... elə deyilmi?
Qoca ona baxdı. Dənizdən gələn meh sanki bir anlıq kəsildi.
-Bunu haradan bildiniz?
-Bilmirəm... Bəlkə əllərinizdən və baxışlarınızdan. Onlardan musiqi axır sanki. Musiqi dinləyən yox, musiqini danışdıran, dirildən birinə oxşayırsınız.
Qoca bu dəfə səmimi güldü. Bir damla yaş gözünə doldu, amma aşağı axmadı
Qız başını aşağı salıb bir anlıq susdu. Dəftərini qucağında sıxdı. Sanki içində saxladığı sözləri indicə deməsə, onlar birdəfəlik küsüb gedəcəkdilər.
-Bilirsiniz, - dedi, - məncə, bəzi insanlar bu dünyaya musiqi yaratmaq üçün gəlirlər. Amma yalnız notlarla yox... Əlləri ilə küləyi, baxışları ilə günəşi, nəfəsi ilə dənizi səsləndirən insanlar da var.
Qoca dirijor gözlərini ona zillədi. Qızın dedikləri onu qətiyyən təəcübləndirmədi Bu ifadələrdə səmimi bir ruh duyulurdu.
-Siz də, deyəsən, şairəsinin - qoca dedi. - Səhv etmirəm ki?
Qız gülümsədi:
-Şair, şairə çox gurultulu səslənir. Mən özümün ən vacib, ən gözəl şeirimi yazmaq istəyirdim. Amma alınmadı…
-Niyə ki? - qoca soruşdu.
Qız qəribə cavab verdi:
-Çünki bu dünyaňın ən gözəl şeiri elə sükutun özü, onun səsi imiş….
Araya sükut çökdü. Və qəribədir ki, bu sükutu hər ikisinin eyni vaxtda çəkdiyi yüngül “ah” pozdu.
- Bəlkə bir az qəribə səslənəcək... - qız dilləndi. - Siz mənim bir xahişimi yerinə yetirə bilərsinizmi?
Qoca başını azca yana əydi. Qız gözlərini üfüqə dikdi.
-Baxın, bu axşam nə qədər gözəldir. Günəş batır, külək dənizin saçlarını darayır. Az sonra Ay çıxacaq. Dalğalar sanki insan kimi nəfəs alır. Mən istəyirəm... istəyirəm ki, siz bütün bu səslərə dirijorluq edəsiniz.
Qoca bir anlıq donub qaldı. Sanki zaman dayandı. Sonra astaca nəfəs aldı. Əllərini dizlərinin üstünə qoydu. Barmaqları azacıq titrədi.
- Mən... uzun zamandır heç nəyə dirijorluq etməmişəm. Nə orkestr var, nə səhnə, nə də dinləyici...
Qız gülümsədi.
- Əvəzində təbiət var. Və mən varam.
Qoca baxışlarını dənizə çevirdi. Bir neçə an düşündü. Sonra birdən ayağa qalxdı. Plaşını sığalladı. Əllərini arxada çarpazlayıb bir neçə addım atdı və qayaların başına çıxdı. Gözləri batan günəşdə, qolları havada idi. Sanki gözə ğorünməyan böyük bir orkestrin önündə dayanmışdı.
Qız dəftərini örtdü. Gözlərini qocanın siluetinə dikdi.
Qoca yavaş-yavaş əllərini qaldırdı. Batmaqda olan Günəşin son şüaları bir andaca onun barmaqları ilə oynadı. O, əllərini aşağı endirdikcə dəniz sakitləşdi. Sonra kəskin bir hərəkətlə sağ əlini havada yellədi – dalğalar daşlara daha güclü çırpıldı. Sol əli ilə bir yaylıq kimi küləyə işarə etdi – külək dənizin səthində dalğacıq yaratdı. Elə bil ətrafdakı hər şey onun əmrində idi. Və ya o, onların içində itib, onların dilini danışmağa başlamışdı...
Qız göz yaşlarını gizlətmədi. Əlini ürəyinə qoydu. Bu sükutun içində sanki musiqi var idi – dinləmək üçün təkcə qulaq yox, qəlb gərək idi.
Sonra... göydə Ay göründü. Qoca barmaqları ilə Ayın çıxışını yavaş-yavaş müşayiət etdi. Əlləri onun rəqsini idarə edirdi. Və... bu, təkcə gözəl bir tamaşa deyildi. Bu – bir vidalaşma, bir doğuluş, bir möcüzə idi...
Qoca dirijorun əlləri getdikcə daha geniş hərəkət etməyə başladı. Bəzən havada görünməz xətlər çəkir, bəzən barmaqları ilə sanki səmanı cilalayırdı. Onun hər jestində bir əmr yox, bir yalvarış vardı – sanki musiqiyə çevrilmək istəyən dünyanın ruhu ilə dərdləşirdi.
Qız ayağa qalxdı. Bir neçə addım irəlilədi, qayaların yanına gəldi. Artıq nə sükut, nə də rüzgar onu qorxudurdu. Gözləri parlayırdı – ilk dəfə bu qədər canlı, bu qədər işıqlı.
-Siz... siz bu axşam həqiqətən də möcüzəli musiqi yaratdınız, - pıçiltı ilə dedi. - Mən bunu duydum... ürəyimlə.
Qoca asta-asta başını çevirdi. Gülümsədi. Gözlərində qəribə bir dərinlik vardı – illərin yaratdığı hüzün, anidən tapılan azadlıq kimi.
-Musiqi həmişə’ hər yerdə var, -dedi. -Sadəcə onu duya biləcək ürək lazımdır...
Qız bir addım da yaxınlaşdı. Əlini uzatdı. Qoca tərəddüdsüz onun əlini tutdu.
Və o an...
...bir yüngüllük gəldi. Elə bil qayalar artıq sərt, ayaqlar artıq yerə bağlı deyildi, hava isə su kimi çalxalanırdı. Əvvəlcə plaşın ətəyi yüngülcə yelləndi. Sonra saçlar, sonra barmaqlar... və sonra – onların özləri.
Dənizin, Ayın və həzin küləyin müşayiəti ilə onlar səssizcə, yavaş-yavaş qalxmağa başladılar. Sanki qəribə bir musiqi onları öz qanadlarına alıb səmaya qaldırırdı. Dirijor əllərini son dəfə yellədi – havada səsssiz bir musiqi səsləndi. Qız baxışlarını göydən ayırmadı.
Və... bir an sonra onlar Ay işığının içində əridilər.
Arxada dəniz yenidən çırpıldı. Ay daha parlaq oldu. Külək qızın dəftərini kimi uçurub qayaların üstünə qoydu. Və susdu.
Qayaların başında, qaranlığın içində, dənizdən bir qədər yuxarıda – artıq heç kim yox idi.
Yalnız bir köhnə dirijor çubuğu sakitcə daşın üstünə düşdü.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Cibdəki konfet o illərdə qaldı - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Mənuşağ olandahər şeybirazbaşqacüridi.
Küçələr səssiz, amma ruhlu idi. İnsanlar az danışırdı, amma bircə baxışla çox şeyi başa salırdılar. Babalar var idi, nənələr var idi... Saçları ağ, əlləri qırış-qırış, gözləri yorğun, amma içi dolu insanlar. Hərəsi bir həyat yaşamış, çox şey görmüş, amma heç nəyi üzə vurmayan adamlardı onlar.
Onların cibində bir sirr vardı. Həmişə sağ cibdən çıxan bir konfet...
Heç vaxt gözləmədiyim anda, heç tanımadığım bir baba, bir nənə, sakitcə əlini cibinə atar, bir konfet çıxarar və uzadardı.
Adımı bilməzdi, kim olduğumu bilməzdi. Amma bircə o hərəkətiylə mənə bir hiss ötürərdi:
“Vacibsən. Var olmağın yetər. Paylaşmağa dəyərsən.”
Mən o konfetləri heç vaxt sadəcə şirniyyat kimi qəbul etmədim.
Bəzən çantamda günlərlə saxlayardım.
Əriməsin deyə günəşə qoymazdım.
O konfet mənə uşaqlığın bir hissəsi idi. Sanki bir gün yox olsa, uşaq olduğum sübutunu itirəcəkdim.
O insanlar mənim doğma nənəm, babam deyildi. Bəlkə onların nəvəsi başqa şəhərdə idi, bəlkə də ümumiyyətlə yox idi. Amma o anlarda, o konfet verəndə biz doğma olurduq.
Heç danışmadan bir münasibət qurulurdu aramızda. Sözsüz, səssiz, amma səmimi.
İndi böyümüşəm. Böyüdükcə adam daha çox şey görür, amma daha az hiss edir.
İndi babalar var — telefona baxan. Nənələr var — yadlaşmış.
Ciblər boşdu. Sözlər süni. Baxışlar ötəri. Küçədə kimsə kimsəyə gülümsəyəndə belə, insanlar şübhə ilə baxır: “Niyə baxdı?” deyə.
Heç kimin cibində konfet yoxdur artıq. Kimsə kimsə üçün o qədər də maraqlı deyil.
Bəzən dayanacaqda dayananda, içimdəki o uşaq yenidən başını qaldırır. İnsanlara baxır, əllərinə baxır. Bəlkə bu dəfə? Bəlkə yenə kimsə əlini cibinə atacaq? Amma yox. İndi cibdən ya telefon çıxır, ya da açar dəstəsi.
Konfetlərin yeri indi marketdədi — plastik, soyuq, sevincsiz.
Amma mən o günləri unutmuram. Cibdən uzanan o kiçik konfetlər, böyük bir sevgidən xəbər verirdi.
Onlar qayğı idi, sevgi idi, xatırlanmaq idi.
O günlərdə xoşbəxtlik var idi — sadə, lakin saf bir xoşbəxtlik.
İndi isə biz xoşbəxtliyi axtarırıq, amma harada olduğunu unutmuşuq.
Yəqin mənim xoşbəxtliyim o cibdə qaldı.
Və yəqin ki, o konfetlər — uşaqlığın içində gizlənmiş, bir də heç tapılmayacaq qədər saf idilər.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Çıxış edir diktor Rafiq Hüseynov
Sovet dönəmində televiziyalar tək xəbər daşıyıcıları deyildi, ideoloji işin də əsas ruporu idilər. Və televiziya diktorları hər bir evdə doğmalaşmışdı, sevimli ailə üzvünə çevrilmişdi.
Xüsusən Azərbaycan Televiziyasının iki ən nüfuzlu, ən popular diktoru məşhur idilər, ölkə boyu hər bir ailədə tanınırdılar, küçədə hamı onları barmaqla göstərirdi, yaxınlaşır, ünsiyyət qururdular. Roza Cəlilova və Rafiq Hüseynov.
Azərbaycan SSR xalq artisti, Azərbaycan Televiziyasının aparıcısı Rafiq Hüseynov 1946-cı ildə - avqustun 3-də Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.
Onun səsi fərqli idi, cəlbedici idi. Bir vaxtlar SSRİ-nin ən məşhur diktoru lan Levitanın səsinə bənzədirdilər onun səsini.
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olub. Daha sonra Səbinə Hüseynli ilə ailə həyatı qurub. Bu izdivacdan Leyli Hüseynli dünyaya gəlib.
Filmoqrafiya
1. Şəki
2. Ölü zona
3. Fəryad
4. Ailə
5. Kədərimiz... Vüqarımız...
6. Nəsrulla Nəsrullayev
7. Narahat adam
8. Biz qayıdacağıq
9. Top həm düşər, həm qalxar
10. Gün keçdi
Son dönəmdə Rafiq Hüseynov bir yeni imicdə də özünü sınadı, 13-cü ilin gəlişində AzTV-nin efirində yeni il proqramında mahnı ifa etdi. Xırıltılı səslə ifa etdiyi şansn mahnısı çox sevildi, ona yaraşdı, musiqimizə yaraşdı.
Görkəmli sənətkar 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində vəfat edib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
BİRİ İKİSİNDƏ – Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Ədəbi tənqid mövzusunda Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi təqdim ediləcək. Məqaləni dilimizə Qismət Rüstəmov çevirib.
TƏNQİD
Adam KİRŞ
QLOBAL ROMAN: XXI ƏSRDƏ DÜNYANI YAZMAQ
“Dünya ədəbiyyatı” kimi get-gedə daha populyar və heyrətamiz şəkildə mübahisəli şəklə düşən bir anlayışla bağlı yazmaq istəyən hamı üçün oturuşmuş bir qayda var: Höteylə başlamaq. “Weltliteratur” – yəni “dünya ədəbiyyatı” ifadəsini ilk dəfə 1827-ci ildə tələbəsi Ekkermanla söhbətdə Höte istifadə edib. Onun mövzuyla bağlı dedikləri azdır, amma yenə də bütöv bir disiplinin özülünü formalaşdırıb: “Tamamilə əmin oldum ki, özünü hər yerdə və bütün zamanlarda yüzlərlə insanda aşkara çıxaran şeir bəşəriyyətin universal mülküdür… Milli ədəbiyyat artıq tamamilə mənasını itirmiş termindir; artıq dünya ədəbiyyatı dövrü gəlir və hamı onun yaxınlaşmasını sürətləndirmək üçün əlindən gələni etməlidir”.
Hötenin verdiyi proqnozun zaman içində dəfələrlə öz təsdiqini tapmasına kimin şübhəsi ola bilər? “Dünya ədəbiyyatı əsri”ndə – XXI yüzillikdə (ötən iki əsrlə müqayisədə) bütün dillərdə və mədəniyyətlərdə yazılmış monumental kitabları əldə etmək heç vaxt bu qədər asan olmamışdı. İstər “Bilqamış” dastanını, istər “Genjinin hekayəti”ni, istər “Tibet Ölülər kitabı”nı, istər “Hərb və sülh”ü – hətta Hötenin öz əsərlərini – oxumaq istəsəniz, hamısı mausunuzun bir düymə uzaqlığındadır. Üstəlik, yaşayan yazıçılar da heç bir dövrdə dünyanın hər tərəfindəki çağdaşlarının əsərləriylə bağlı bu qədər detallı, aktual informasiyaya sahib olmayıblar. Bu gün mütaliə həvəskarı hər hansı amerikalı oxucu öz ölkəsinin yazıçıları qədər Haruki Murakami, Elena Ferrante, ya da Roberto Bolanonun əsərlərindən də xəbərdardır. Texnologiya, mədəniyyət və iqtisadiyyat sahəsindəki bütün irəliləyişlər göstərir ki, bu birləşmə get-gedə daha da artacaq. Əgər sivilizasiya miqyasında bir fəlakət olmasa, ədəbiyyatın artıq dar milli baxış bucağına geri qayıdacağını düşünmək mümkün deyil.
Ancaq “Dünya ədəbiyyatı”, həqiqətən, həll olunmuş məsələ olsaydı, Hötenin sözləri vicdan əzabı kimi hələ də qarşımıza çıxmazdı. Əslində, onun ifadələri və anlayışları haqqında nə qədər çox düşünürüksə, o qədər çox yeni sual ortaya çıxır. “Dünya ədəbiyyatı əsri”, sadəcə, bizimki kimi, bir xeyli kitabın, xüsusilə də klassiklərin oxunmaq üçün əl altında hazır olduğu bir əsrmi deməkdir? Yoxsa Höte daha artığına (milli köklərin artıq problem olmadığı, həqiqi mənada kosmopolit bir ədəbiyyata) ümid edirdi? İnsanlar fərqli dillərdə danışdığı müddətcə belə bir şey mümkün ola bilərmi? Fərqli dillər mövcud olduqca oxucular tərcümələrə (dünyanın ən populyar ikinci dili olan ingiliscəyə edilən tərcümələrə) məcbur qalacaqlar. Yaxşı bəs tərcümə keçərli şərh formasıdır, yoxsa aydınlaşdırdığından daha artığını zülmətə qərq edir? İngilis dilinin hegemonluğu ədəbiyyatın və mədəniyyətlərin müxtəlifliyini təhdid edirmi? Bununla yanaşı, bir səhifədəki sözlərin birəbir mənalarından başqa, bir kitabın milli və yerli konteksti mətnin orijinal dildəki oxucu kütləsi üçün hansı mənaya gəlirsə, xarici oxucular üçün də eyni mənaya gələcək şəkildə “tərcümə” oluna bilərmi? Höte milli ədəbiyyatların yersiz olduğuna inanırdı; yaxşı bəs bir kitab tezcə qlobal ola bilərmi? Həqiqi mənada qlobal ədəbiyyat fərqliliklərin tamamilə aradan götürülməsinə bağlı deyilmi?
Beləliklə, ilk baxışdan ancaq ədəbiyyatla bağlı görünən suallar qloballaşma dövrünün ən böyük, ən təcili məsələləriylə iç-içə keçir. Dünya ədəbiyyatının mümkünlüyü ehtimalı (xüsusilə də geniş yayılmış modern analiz və açıqlama tərzi kimi romanın “qlobal” olub-olmaması sualı) qlobal şüurun mümkünlüyü ilə bağlı sualdan başqa bir şey deyil. Cavab onsuz da sualın içində varmış kimi görünür: bəşəriyyəti planetar miqyasda bir fakt olaraq düşünməyə başlamışıq deyə, analoji olaraq, tam əhatəli bir ədəbiyyat tələb edirik. Roman XXI əsrdəki insanların təcrübələri haqqında düşünməyə, ya da nələrsə ifadə etməyə başladığı ölçüdə onsuz da immanent şəkildə qloballaşmış olur. Qlobal romanlar bu qatı aşkara çıxaran romanlardır.
Əlbəttə, bu o demək deyil ki, qlobal roman şəhərin, bölgənin, ya da millətin romanını keçərsizləşdirib. Qlobal roman digər bədii ədəbiyyat növlərindən ayrı və ya onlara qarşı bir tərz kimi yox, təcrübənin şərh olunmasına istiqamət verən bir baxış bucağı kimi mövcuddur. Beləcə, qlobal olanın (bir məkanın aradan götürülməsi vasitəsilə yox, o məkanın vird etdiyi bir mövzu kimi) yaşayış formasına de fakto sadiq qalmış oluruq. Burada yaşanmış həyat, dərin və əksərən sarsıdıcı bağlantılarıyla yanaşı, başqa yerdə və hər yerdə yaşanmış həyatla təcrübədən keçirilir. Yerli olan dünya çapında bir fenomenin parçası kimi görünə bildiyi qədər hörmət və dəyər qazanır.
Həqiqətən də, qlobal roman artıq ədəbiyyatın ümumi şəkildə bəşəriyyəti ifadə edərkən istifadə etdiyi ən önəmli vasitədir. Nəsillər boyu tənqidi şübhənin mövzusu olan insan təbiətiylə bağlı söz demək ehtirası yazıçılar arasında bu gün də cücərib boy atmaqdadır. Aradakı fərq budur: XVIII əsrdəki bir romançı (Ceyn Ostinin sevincək şəkildə “bu, universal şəkildə qəbul edilmiş bir həqiqətdir” dediyi kimi) sadəliklə insan təbiətinin birliyini sorğu-sualsız qəbul edərkən, XXI əsrin romançısı yerli təcrübəni beynəlxalq, hətta kosmik bir arxa fona yerləşdirərək bu birliyi dramatikləşdirməlidir. Ancaq fərqli əsrlərdə yaşamış hər iki romançı da bizim növümüzün təbiəti və taleyi haqqında iddialar ortaya atıb, atmaqdadır. Bu gün bu iddiaların daha çox pessimist olması – qəddarlıq, özgələşmə və istismar kimi mövzulara fokuslanması – qlobal roman yazmağın, əslində, ədəbiyyatın dünyanı təmsil etmək gücündə olmaq həqiqətinə kölgə salmamalıdır.
İddia xeyli yüksək olduğu üçündür ki, dünya ədəbiyyatı haqqında akademik çevrələrdə və jurnallarda aparılan mübahisələr də bir xeyli ehtiraslı, bir xeyli də tənqididir. Əslində, əksər yazıçıların mövzuya yanaşmasını Emili Apterin yaxın vaxtlarda çapdan çıxmış kitabının adıyla icmallaşdıra bilərik: dünya ədəbiyyatına qarşı. Dünya ədəbiyyatına qarşı olmaq, peşəsi sərhədləri aşan araşdırmalar etməli olan bir ədəbiyyat müəllimi üçün, az qala, tamamilə imkansız şeydir. Şübhəsiz, dünya ədəbiyyatı, bütün intellektualların mövcud olmaq üçün bağlı olduqları liberal dəyərlərin (fərqliliklərə tolerant yanaşmaq, qarşılıqlı anlayış və azad fikir alış-verişi kimi dəyərlərin) mükəmməl təzahürüdür.
Əlbəttə, Apter özü də bunların heç birinə qarşı deyil: “Dünya ədəbiyyatının bədii əsərlər külliyyatını lokallıqdan xilas etməsini və qəribə koqnitiv mənzərələr təklif etmək üçün əlçatmaz dil qatlarından ən yaxşı formada qopub gələn tərcümə tərzini qəbul edirəm.” Daha sadə şəkildə desək, sərhədlərdən o taydakını oxumaq zehnimizi açır və bizə yeni düşünmə, hissetmə formalarına çatmaq imkanı verir. Ancaq Apter tezcə“Dünya ədəbiyyatındakı mədəni ekvivalentliyin və bir-birinin yerinə qoyulabilmə düşüncəsinin reflektiv olaraq təsdiqlənməsi, ya da ticari “kimliklər” kimi özəl məhsullar bazarında satılan, milli və etnik olaraq damğalanmış “müxtəlifliklər”in təqdir edilməsi istiqamətindəki meyillərlə” bağlı şikayət etməyə başlayır.
Dünya ədəbiyyatına yönəldilmiş ən məşhur ittihamlardan biri budur: dünya ədəbiyyatı özgəliyi ədəbi bir məhsul halına gətirərək fərqliliklə həqiqi üzləşmə imkanına mane olur. Beləcə, dünya ədəbiyyatı başlanğıcdakı tərcümə günahını ikiqat artırır; o tərcümə günahı ki, onu lap əvvəldən ögey kimi görən dilin özünü aradan çıxararaq ögeyi doğmalaşdırmaqdadır. “Etnik damğalı” ədəbiyyatı götürək: deyək ki, Hindistan, ya da Latın Amerika romanının bizə nə verəcəyini bildiyimizi düşünürük; bu halda ancaq əvvəldən beynimizə yerləşdirdiyimiz obraza uyğun gələn kitabları axtarırıq (ya da naşirlər o cür kitabları çap edir). Onda qəliz və maraqlı kitablar tərcümə edilməmiş qalacaq, yəni oxunmayacaq. Daha da təhlükəlisi – dünya çapında yazıçılar əsərlərini qlobal bazarın tələblərinə uyğun formada yazmağa başladıqca sözügedən kitablar artıq yazılmayacaq. Beləcə, ədəbiyyat tək bir mədəniyyət içində hər şeyin bir-birinin yerinə qoyulduğu bir vəziyyətə yaxınlaşacaq, eynilə “Starbucks” qəhvəsinin Stokholmda hansı dadı verirsə, Los Ancelesdə də həmin dadı verməsi kimi, məsələn, isveçli romançı Stiq Larssonun xeyli populyar olan “Əjdaha tatulu qız” romanı sanki Hollivud filminin ssenarisiymiş kimi oxunacaq (yeri gəlmişkən, bu roman axırda Hollivud filmi oldu).
Qloballaşmış ədəbiyyatla bağlı bu estetik tənqidin bir nümunəsini ədəbiyyat dərgisi “n+1”-in xeyli müzakirələrə səbəb olan 2013-cü il tarixli “Dünya ədəbiyyatı” adlı baş məqaləsində görürük; burda artıq məsələyə kəskin siyasi tənqid də əlavə olunub. “n+1” jurnalının redaktorları sözügedən nömrədə dünya ədəbiyyatının mövcud inkişafını birbaşa bütün yaxşı insanların qarşı çıxmalı olduğunu düşündükləri iqtisadi sistem olan “qlobal kapitalizm”lə əlaqələndirirlər. Prestijli mükafatları alıb unversitet kürsülərini işğal edən, bu sistemdən qidalanan yazıçılar bu haqsız sistemdən gəlir qazananlardır:“Dünya ədəbiyyatı… onu ən çox görməzdən gələn qlobal elitanın arabir öz-özünə verdiyi icazənin içiboş qəlibinə çevrilib”. Bu məqalədə dünya ədəbiyyatı dünyanın şöhrətli və zəngin simalarının “öz çətinliklərini həll etmiş kimi görünərək bəşəriyyətin dəhşətli problemlərini” müzakirə etmək üçün bir yerə yığışdığı Davos Sammitinə bənzədilib. Doğurdan da, Dünya Ədəbiyyatının sözügedən jurnalın redaktorları tərəfindən immanent olaraq deqradasiyaya uğramış saydıqları Frankfurt Kitab Yarmarkası, trans-milli böyük naşirlər, beynəlxalq ədəbiyyat festivalları, Nobel Mükafatı kimi öz qurumları var.
Çağdaş “Dünya ədəbiyyatı”na və onun qabaqcıl simalarına (“n+1” jurnalının redaktorları, Mohsin Həmid, Çimamanda Nqozi Adiçiye ilə yanaşı, Salman Rüşdi və Con Maksvel Kutzeye kimi müəlliflərin adlarını çəkirlər) qarşı bu düşmən yanaşma, sözügedən ədəbiyyatı ədəbi və siyasi cəhətdən yetərsiz, qarşılıqlı şəkildə bir-birini təsdiq edən bir şey kimi görməkdədir. Bu gün alqışlanan o “dünya” ədəbiyyatı mücərrəddir və köklərindən qopub: “Xarakter xüsusiyyəti baxımından hədsiz psixoloji, ancaq əsərlərin kəmiyyəti qədər sosial və coğrafi olan” romanlarda “birbaşa Yu-niversallıq (EU-niversality) hakimdir”. Bu romanlarda modernizmin gətirdiyi forma qəlizliyi qədər məkanın və mədəniyyətin məxsusiliyi də itib. Bunlarla yanaşı, “n+1” redaktorlarının keçərli bir ədəbi layihə üçün vazkeçilməz bir şey kimi gördükləri siyasi gündəm də yoxa çıxır: redaktorlar “inqilabi solun proqramatik internasionalist ədəbiyyatı”nın rəğbət görməməsinə görə məyusdurlar. Onlar həm ədəbi, həm də siyasi baxımdan, “birbaşa qlobal” olanı “çətin internasionalizm”in düşməni sayır, “hakim zövqlərə, yazı formalarına və siyasətlərə qarşı bütövlükdə müxalif olmaq” çağırışı edirlər.
Bu düşüncə tərzi 1930-cu illərlə1940-cı illərin yüksək intelegensiyasının xarakterik xüsusiyyəti olan, modernist estetika ilə siyasətin birliyinə bəslənən nostalgiya forması kimi görünə bilər. Bu yanaşmada modernizm layihəsinin iki qütbünü bir yerdə tutmaq istiqamətindəki iradi cəhd elə “Dünya ədəbiyyatı”nın görməzdən gəldiyi şeydir. Ciddi ədəbiyyat, az qala, heç vaxt populyar olmayıb; ki bu da onu sosialist siyasətin heç də məmnun qalmadığı yaxın dostu edir. Bəlkə də, buna görə böyük modernistlər sosializmdən çox faşizmə simpatiya bəsləyiblər. Ədəbiyyatın həm siyasi olaraq fəzilətli, həm də estetik olaraq gözəl ola biləcəyi və olmalı olduğu fikri, redaktorların sosializm haqqında dedikləri kimi, “indiyə qədər elə də tarixi reallaşma imkanı tapmamış” ideallardan biridir.
Qəribədir ki, qloballaşmanın xeyli tənqidçisi kimi, qlobal ədəbiyyata yönəlmiş bu hücum da radikallar qədər mühafizəkarlardan da dəstək görə bilir. 2015-ci ildə yazdığı bir məqalədə Amerikalı yazıçı Maykl Lind belə deyir: “Əgər qlobal oxucunun sayı göstərici olacaqsa, onda “çağdaş dünya ədəbiyyatı”nın əsas əsərləri də Larssonun detektiv silsilələri, ya da Corc R.R. Martinin “Game of Thrones” (Taxt-tac oyunları) silsiləsi tipində romanlar olacaq.” Bu, Lindin “populyar kültür… formasındakı dünya ədəbiyyatı” dediyi şeydir və Hötenin nəzərdə tutduğu şeyin kabus kimi tərsinə çevrilmiş halını təmsil etməkdədir: bu, düşünüldüyü və deyildiyi kimi, ən yaxşı yox, minimum müştərəklikdir.
Bunun əvəzinə Lind açıqca, elitist bir “qlobal klassisizm” modelinin yenidən qurulmasını təklif edir. Belə bir ədəbiyyatın qlobal keyfiyyəti, mədəniyyətlər-üstü populyarlığına görə yox, dilinə, ya da milli köklərinə baxmadan, keçmişin ən yaxşı modellərinin kosmopolit formada mənimsənilməsində olacaq. Orta əsrlərdə yaşamış iranlı şair Hafizin şeirlərinin modelində almanca nəzm əsərləri yazmış Hötenin özü bu cür kosmopolitliyin ən yaxşı örnəyidir. Əgər belə bir ədəbiyyat geniş oxucu kütləsi qazanarsa, lap əla. Onsuz da Lind də Hötenin şeiri yüz milyonların yox, “yüzlərlə insanın” sahibləndiyi bir şey kimi gördüyünə işarə vurur.
Fəqət qəfil dönüş edən Lind bu qlobal klassisizm idealını yazıçıların və oxucuların ədəbi ənənəylə bağlarını qoparan bir sənət hərəkatı olan modernizmə qarşı bir silah kimi istifadə etməyə başlayır. Qlobal klassisizm, demək olar ki, Ezra Paund, ya da Ceyms Coys kimi yazıçıların radikal yenilikçi klassisizmlərinin əleyhinə olaraq forma baxımından mühafizəkar olacaq. Bu klassisizm “qlobal populyar kültürdən daha dərin və saf olan həqiqi bir dünya ədəbiyyatı” yaradacaq. Beləcə, qlobal ədəbiyyata qarşı olan hücum mədəni bir restavrasiya siyasətinə, yazıçıların ədəbi qaynaqlarını böyük şirkətlərin rəqabətindən qoruduqları intellektual bir proteksionizmə yol aça bilər.
Romançı və tərcüməçi Tim Parks da dünya ədəbiyyatı oyunundakı qaliblərin adi kitablar olduğunu iddia edir. Ancaq Parks 2010-cu ildə “New York Review of Books” üçün yazdığı və çəkinmədən “Yavan yeni qlobal roman” adlandırdığı məqaləsində tənqid hədəfini üslubdan mətnin özünə çevirir. Parksın fikrincə, dünya ədəbiyyatı təkcə böyük kitablar külliyyatının adı deyil, o eyni zamanda yazıçıların uğuru “milli olmaqdan daha çox beynəlxalq bir fenomen” olaraq təsvir etdikləri bir bazar dinamikasıdır. Belə davam edir: “O andan etibarən yazıçı öz oxucu kütləsini milli yox, beynəlxalq olaraq qavrayır və yazısının təbiəti məcburi şəkildə dəyişir. Xüsusilə də beynəlxalq qavrayışa mane olacaq şeylərin çıxdaş edilməsi istiqamətində meyillər ortaya çıxır”. Tərcüməsi qeyri-mümkün olan qarışıq söz oyunlarıyla yanaşı, lokal bənzətmələr və göndərmələr yoxa çıxır. Bu cür sadələşdirmələrə qarşı çıxan Apter isə “tərcümə olunmazlığın” normal işləyən dünya ədəbiyyatı çarxına soxulmuş çomaq olduğunu deyir: “Tərcümə olunmazlıq yayıma və qlobal miqyasdakı dünya ədəbiyyatı cəhdlərinə tuşlanmış bir səsi batırmaq həmləsidir”.
Parks şikayət edir ki, “dünya ədəbiyyatı” yazıçıları “tezcə “ədəbi” olaraq tanınan, "son dərəcə anlaşılan məcazlar”dan istifadə etməyə təşviq edir (Salman Rüşdü və Orxan Pamukun “şişirdilmiş fantaziya vasitələri”ni misal göstərir; buna xeyli başqa örnək də əlavə oluna bilər). Qlobal roman, əgər belə bir şey varsa, məcburi olaraq sulandırılmış və köklərindən qopmuş bir növdür; reallıqla yox, öz mövzu ilə texnikasının təkrarıyla bağlıdır. Hötenin əksinə, bu yanaşmaya görə, “milli ədəbiyyat” həmişə hər hansı bədii əsərin ən mənalı konteksti olaraq qalacaq. Həyat lokal şəkildə – konkret bir dilə və məkana bağlı, konkret bir cəmiyyətin adət-ənənələrinə və dəyərlərinə görə yaşandıqca – qlobal ədəbiyyat ancaq bu məxsusilikdən çıxarılmış mücərrədlik ola bilər. Bu, ənənəvi olaraq, sosial reallıqla çox yaxından maraqlanan bir növ kimi roman nümunəsində xüsusilə zərərlidir. Parks tezislərini “Yeni bir Ceyn Ostin “Nobel”i unuda bilər” şəklində bitirir.
Bu cür pessimizmin güclü və maraqlı başqa bir ifadəsi Yapon romançı Minae Mizumuranın “The Fall of Language in the Age of English” (İngilis dili əsrində dilin süqutu) kitabında var. Mizumuranın ilk dəfə 2008-ci ildə çap edilən kitab uzunluğundakı essesi oxucuların onun güclü ifadələrlə çağdaş yapon ədəbiyyatına və yapon təhsil sisteminə qarşı aşağılayıcı münasibətinə reaksiya verməsindən sonra Yaponiyada böyük müzakirələrə səbəb oldu. Ancaq Mizumuranın mövzunu işlədiyi çərçivə xeyli lokal olmaqla yanaşı, (o, modern yapon romançılığının qaynaqları haqqında uzun yazılar yazan bir müəllifdir) ümumən fikirləri XXI əsrdəki hər hansı milli ədəbiyyata tətbiq oluna bilər.
Mizumuranın fikrincə, milli ədəbiyyat fikri uzun ədəbiyyat tarixi içində, sadəcə, qısa bir mötərizəyə çevrilə bilər. Xeyli yerdə savad ikidilli olmağı şərtləndirir: bir yazıçının danışdığı dil kitab yazmaq üçün istifadə etdiyi dil deyil. Bu, latın dilinin beynəlxalq fəlsəfə və elm dili olduğu orta əsrlər Avropası üçün olduğu qədər, şeir və dini əsərlərin həmişə Çin dilində yazıldığı orta əsrlər Yaponiyası üçün də eyni dərəcədə doğrudur. Bir yazıçının ana diliylə xüsusi, hətta ruhani bağı olması fikri İntibah sonrası Avropanın icadıdır və ordan Yaponiya da daxil olmaqla, bütün dünya mədəniyyətlərinə yayılıb.
Gəl gör ki, biznes dünyasında, elm və akademik çevrələrdə hakim dilin ingiliscə olduğu (dünyanın hər yerindəki təhsilli insanların, eynilə bir vaxtlar latınca, ya da çincə nümunəsində olduğu kimi, indi ikinci dil kimi ingiliscə də bilməsinin tələb edildiyi) bir gələcəyə doğru gedərkən Mizumura köhnə modelə qayıtmağımızdan qorxur. Belə bir proqnoz verir: “İkidillilər öz ölkələrinin ədəbiyyatını ingilisdilli yazılı ədəbiyyat (xüsusilə də universal külliyyat olaraq inkişaf etməkdə olan ingilis klassikləri) qədər ciddiyə almayacaqlar”. Bu, heç şübhəsiz, diqqətəlayiq yaradıcı əsərlər yazmağın bir vasitəsi kimi milli ədəbiyyatın sonu demək olacaq. Dünya ədəbiyyatı zəfər qazanacaqdır; amma bu zəfərin bədəli ana dilinin zənginliyi və onun mümkün etdiyi bütün intellektual dəyərlər olacaq.
Bu yanaşmaya görə, qloballaşma sadəcə ingilis dilinin imperializmi əvəzinə işlədilən başqa bir sözdür; necə ki latın dili Romanın süqutundan sonra üstünlüyünü qoruyub, ingilis dili də ABŞ-ın hegemoniyasından daha uzun ömürlü ola bilər. Bunun nəticəsində bütün digər dillərdə yazan yazıçılar özlərini provinsial hiss edir: “Yapon xalqı bir məqamda, fərqində belə olmadan, təkcə qərb dillərinin keçərli olması fikrinə məhkum oldu. Qərbli olmayan xeyli ölkənin insanları da öz dilləriylə bağlı oxşar özgəsiləşmə içindədirlər”. – deyir Mizumura. İngilis dilinin bu yüksəlişi özüylə bərabər haradasa təsadüfi formada ingilis ədəbiyyatının da yüksəlişini gətirməkdədir. Həqiqətən də, Mizumuranın iddia etdiyinə görə, fransız ədəbiyyatı belə artıq bu və ya digər formada mütəxəssislərin sahəsidir: dünya Şekspiri oxuyur, Rasini yox. Özü də qərbli olmayan bir dildə yazan Mizumura bu diaqnozuyla ümidsizliyə düşüb və gedişatı dəyişdirəcək nələrinsə ola biləcəyindən əmin deyil.
Mizumura milli ədəbiyyatların prestiji, güc dinamikası və bu anlayışların yazıçılara etdiyi psixoloji təzyiqi analiz edərkən, fransız ədəbiyyat nəzəriyyəçisi Paskal Kazanovaya çox şey borcludur. Kazanovanın “The World Republic of Letters” (Dünya Ədəbiyyatı Respublikası) kitabı, əslində, fransız dilində 1999-cu ildə, ingilis dilində isə beş il sonra yayımlanmış və dünya ədəbiyyatıyla bağlı müzakirələrdə, az qala, Höte qədər adı çəkilmişdi. Bu kitab ədəbiyyat haqqında yeni bir düşüncə forması təklif edir: Ədəbiyyat klassik kitabların istehsalı olmaqla yanaşı, oxucusu vasitəsilə, nəşriyyatlar və jurnallar kimi, bu fikri dəstəkləyən qurumların inkişafı yoluyla millətlər tərəfindən toplanan simvolik sərmayə formasıdır. Kazanovaya görə, digər qaynaqlar kimi, ədəbi avtoritet sahibi olmaq da millətlər arasında şiddətli rəqabət mövzusudur; o bunu “iyerarxiyalar və müxtəlif şiddət növləri istehsal edən iqtisadiyyat”la müqayisə edir.
Bu şiddət fiziki deyil, mənəvidir. Bu, balaca ölkə və dil qrupundakı yazıçıların paytaxtdakı zövqü təyin edənlərin hökmlərinə tabe olması, ədəbi periferiyaya sürüklənməsi deməkdir. Kazanovaya görə, bu gün həmin periferiya, əsasən, əsrlərlə ədəbiyyat qalaktikasının mərkəzi olmuş Parisdir. Kazanovanın ən maraqlı fikirləri “periferik” yerlərin yazıçıları və bu yazıçıların qarşı-qarşıya qaldıqları, içində olduqlarını düşündükləri əyalətçilikdən xilasolma və “paytaxtda” şöhrət qazanmaq cəhdləri haqqında dedikləridir. Onun fikrincə, dünya ədəbiyyatında bir yer sahibi olmaq ədəbi texnika baxımından avanqardın gerisində qalmış xeyli milli ədəbiyyatın əyalətçi dövriyyəsindən qurtulmaq və ənənəvi olaraq, Parisin içindən keçən “ədəbiyyatın Qrinviç meridianı”na qatılmaq deməkdir. “Ədəbi həyatın fasiləsiz şəkildə yenidən müəyyənləşdirilən indiki zamanı, legitimlik qazanmaq istəyən yazıçıların əsərlərini ona baxaraq tənzimləməyə məcbur olduqları universal bir sənət saatıdır” – deyir Kazanova. Burdakı legitimlik həmin legitimliyi vermək iqtidarında olan metropolitan oxucuların və tənqidçilərin gözündəki legitimlikdir.
Kazanovanın yeni dünya ədəbiyyatı modeli ilk baxışda harmonik görünən səthin altındakı daimi davam edən iqtidar savaşlarını ortaya çıxarmağa çalışır. Bu mənada, Kazanovanın kitabı, Harold Blumun “The Anxiety of İnfluence” (Təsirlənmə əndişəsi) kitabında yazıçıların psixologiyasına fərdi şəkildə tətbiq etdiyi şeyi daha sistemli şəklində dünya ədəbiyyatına tətbiq edir. Kazanovanın yanaşmasındakı açar məqam – ədəbi rəqabətin nə qədər milli və dilin kimliyi müstəvisinə söykənsə də – siyasi rəqabətdən nisbi şəkildə azad olması fikridir. Yəni bir ölkə (XX əsrdəki Fransa kimi) geopolitik gücünü aşan bir ədəbi sərmayə toplaya bilər və əksinə, periferiyadakı bir yazıçı (İrlandiyadan Coys və Çexoslavakiyadan Kafka kimi) beynəlxalq bir sima halına gələrək ölkənin siyasi kimliyini kölgədə qoya bilər. Əslində, ədəbi fəzanı əmələ gətirən faktiki dominantlığı və tabeçilik münasibətlərini (zorla içinə dürtüldükləri üçün) qavrayanlar təkcə ədəbi periferiyadan olan yazıçılardır. Bu cür “dominantlıq… onu qəbul edənlərin tanıdığı şeydir” – necə ki ingilisdilli dünyada yaşamağa alışmış Amerikalı bir oxucu ingilis dilinin Mizumura kimi bir yapon yazıçıda yaratdığı narahatçılığı əsla təxmin edə bilməz, bu dominantlıq da “mərkəzdəki sakinlər tərəfindən” qətiyyən hiss edilməz.
Kazanova modern dünyada (İntibahdan II Dünya müharibəsinə qədər) beynəlxalq ədəbi fəzanı formalaşdıran qarışıq mexanizmləri detallarına qədər analiz etdikdən sonra XXI əsrin çox fərqli ola biləcəyini deyir. Hər şeydən əvvəl Paris dünya ədəbiyyatındakı yerini itirib. Xeyli yazıçı hələ də fransız dilinə tərcümə olunmaqla dünyanın diqqətini çəksə də, artıq Paris yerinə, London və ya Nyu-Yorkdakı mərkəzlərə baş vurmaq mümkündür. Ancaq bundan da vacibi Kazanovanın (başqalarında gördüyümüz kimi) “hər hansı yanlış anlaşılma riski olmadan mənimsənilməsi mümkün olan, millilikdən arınmış məzmuna” söykənən yeni bir “dünya ədəbiyyatı”nın yüksəlişi kimi adlandırdığı şeydir.
Eynilə “n+1” jurnalının redaktorları kimi, Kazanova da bu yeni qlobal ədəbiyyatı daha qədim “həqiqi ədəbi internasionalizm” modelinin qarşısına qoyur. Dünya Ədəbiyyatı Respublikası əvvəllər yeniliklər və rəqabət nəticəsində əmələ gələn bir şey ikən, bu gün ona “test edilmiş estetik formullara əsasən yazılmış və mümkün qədər geniş oxucu kütləsinə xitab edəcək şəkildə yazılmış məhsullardan” əmələ gələn bir “dünya modeli”ni dəstəkləyən “beynəlxalq ticarət qurumları” sahiblik edir. Bu şikayətlərin içində XX əsrin ortalarında Frankfurt Məktəbi nümayəndələrinin “insanları axmaqlaşdırıb itaətə məcbur edən kütləvi bazar malı kitç məhsullar istehsal edir” deyərək Amerikan kültür sənayesinə tuşladıqları tənqidlərin də əks-sədası eşidilir. Teodor Adorno kimi, çağdaş dünyanın ədəbiyyat tənqidçiləri də estetik orjinallığın və çətinliyin itməsindən, şirkətlərin qazanc və nəzarət siyasətinə görə zövqün deqradasiyasından giley-güzar edirlər. Kazanova nümunəsində bu giley “bütöv şəkildə ədəbiyyat dünyasının müstəqilliyi üçün ciddi təhlükə olan… böyük miqyaslı amerikan (ya da amerikanlaşmış) ədəbi istehsalata” qarşı fransız və Avropa dəyərlərinin (tarixi baxımdan yaxşı bildiyimiz) müdafiəsinə çevrilir.
Deməli, nəzəriyyədə “dünya ədəbiyyatı”, az qala, məyusluq və adilik kimi görünür. Bəs yaxşı reallıq tənqidçilərin ümidlərinə və proqnozlarına uyğun gəlirmi? Bu suala bircə yolla, empirik olaraq, kitabların özlərinə baxaraq cavab vermək mümkündür. Növbəti fəsillərdə XXI əsrdə dünyanın hər yerindən oxucuları olan, dünya ədəbiyyatı panteonunda qabaqcıl simalar kimi qəbul edilən yazıçıların (Orxan Pamuk, Haruki Murakami, Roberto Bolano, Çimamanda Nqozi Adiçiye, Mohsin Həmid, Marqaret Etvud, Mişel Uelbek və Elena Ferrante) yazdığı səkkiz romanı analiz edəcəyik. Siyahı nə qədər məcburi şəkildə məhdud olsa da, təmsil xüsusiyyətinə əsasən tərtib edilib. Bu günün dünya ədəbiyyatıyla bağlı digər araşdırmalar başqa əsərləri də nəzərə ala bilər; amma heç biri bu yazıçıların əsərlərini nəzərə almadan işə başlaya bilməz. Bu yazıçılar altı dili və beş qitəni əhatə edir, təhkiyə strategiyaları ilə yazı üslubları da xeyli müxtəlifdir. Onları birləşdirən bir şey varsa, o da, bəlkə, çağdaşlıqları və “qlobal” romançı olmaq kimi bir statusa sahib olmaqlarıdır.
Fəqət elə bu səbəbdən də onları bir yerdə oxumaq qlobal ədəbiyyat deyərkən nəyi nəzərdə tutduğumuzu başa düşməyə kömək olacaq. Və bu cür oxunuş tənqidçilərin və nəzəriyyəçilərin təsvir etdiyi tablodan daha ümidverici bir mənzərə təklif edir. Görüldüyü kimi, bu günün qlobal romanları qloballaşmanın passiv məhsulları və qurbanları deyil; əksinə onlar dünya sisteminin bir parçası olaraq öz yerlərinin fərqindədirlər. Qloballıq bu yazıçıların alın yazısı deyil, əksinə analiz etməyi özlərinə vəzifə seçdikləri və fürsət bildikləri temadır. Çox fərqli formalarda bu yazıçıların hər biri sərhədləri aşaraq yazmağın nə demək olduğu sualına cavab verməyə çalışırlar. Bir mədəniyyətdə oturuşan bir yazıçı öz həqiqətlərini başqa yerlərdəki oxuculara necə çatdıra bilər? İnsan və kainatla bağlı ümumiləşdirmələr etmək mümkünmüdür? Referans kimi bütün dünyanı götürmək ədəbiyyatı yoxsullaşdır, yoxsa zənginləşdirir? Köç, terrorizm, ətraf mühitin çirklənməsi və cinsi istismar da daxil olmaqla, çağdaş qlobal problemlər bədii ədəbiyyatın mərcəyindən necə görünür?
Bu cür qarşılaşdırmalı analizdən çıxan şey qlobal romanın vahid bir tərz olmadığıdır. Bütün qlobal romanların konkret ortaq formal xüsusiyyətlərə sahib olduğunu demək mümkün deyil. Əksinə, qloballığı, ən yaxşısından hər növ hekayənin nəql olunduğu və bu hekayələrin təhkiyə formalarına müxtəlif yollarla təsir edən bir vasitə, bir mühit kimi düşünmək olar. Qlobal roman bəşəriyyəti növ səviyyəsində görən bir roman ola bilər; buna görə də problemləri və təkamülü ancaq planet miqyasında baş tuta bilər; ya da qlobal roman bircə bölgənin miqyasından hərəkət edərək ən məhdud həyatların belə dünya çapındakı hərəkətlərdən necə təsirləndiyini göstərə bilər. Qlobal roman xeyli yerdə yaşayan insanlar üçün ortaq bir həyat tərzini təsvir edərək XXI əsrdə şəhər həyatının yer dəyişdirə bildiyini vurğulayır; ya da müxtəlifliklərin vacibliyini və sərhədlərin o biri tayındakılarla ünsiyyətin zəruriliyinə diqqət çəkir. Qlobal roman görünüş və davranış kimi ənənəvi işarələrlə də bağlı ola bilər, coğrafi sərhədləri aşmış görünən, təsviri çətin kosmik intuisiyalarla da.
Bütün bu fərqli yanaşmaları birləşdirən şey təkcə çağdaş təcrübənin yox, çağdaş fantaziyanın da qlobal miqyasdakı israrıdır. Əgər özümüzü dünya vətəndaşı olaraq görürüksə, onda romanın da (“indi yaşadığımız həyat tərzi”nin hər dəfə yeni təkrarını kəşf etməsi kimi) bu kosmopolitliyi ehtiva etməsini nəzərə almalıyıq. XXI əsrin ehtiraslı romançıları ticari, ya da tənqidi mükafatlarını çoxaltmağa yönəlmiş sinik arzulara görə yox, artıq fərdi həyatlar planetin hər yerini göstərən lövhələrin altında yaşandığı və anlaşıldığı üçün özlərini qlobal romanlar yazarkən tapacaqlar. Bu prosesdə bu cür yazıçılar, həqiqətən də, tənqidi düşüncənin tərəddüd etmədən işarə vurduğu təmsil və homogenləşmə kimi problemlərlə rastlaşacaqlar. Ancaq bu problemlər məcburi şəkildə insanı acizliyə sürükləməz, məharətli romançı üçün bunlar həyəcanlı və məhsuldarlığa təşviq edən şeylərdir. Qlobal romanı XXI əsrdəki formasıyla analiz etmək insanlıq baxımından olmasa da, ən azından bədii ədəbiyyatın bəşəriyyətin özünə güzgü tutmasına imkan yaratmaq baxımından ümidverici olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Öz içində bir payız meşəsi kimi qurumaq... - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Həmişəki kimi, hər şeyin qaydasında olduğu bir gün deyildi. Amma mənim üçün artıq "qayda" dediyimiz o söz də çoxdan ölünün yadigarıydı, qəbiristanlıqdakı köhnə məzar daşları kimi. İçimdə bir sükut vardı, amma sükutun özü belə çoxdan bağırırdı. Kənardan baxanda sadəcə yorğun görünürdüm. Bəlkə də ac, bəlkə də yuxusuz. Amma əslində mən öz içimdə bir payız meşəsi kimi quruyurdum.
Bəzən fikirləşirəm ki, insanın ağlını itirməsi səs-küylə olmur. Heç kim ağlını itirdiyi gün bağırmır. Sadəcə bir gün səhər durursan və görürsən ki, hamı səninlə eyni dildə danışır, amma sən artıq başa düşmürsən. Bəlkə də, dəli olmaq sadəcə artıq hamının “normal” dediyi şeyin içində nəfəs ala bilməməkdir. Və mən… nəfəs ala bilmirdim. Hər şey sanki mistik bir zarafatın içində idi. Sanki bir varlıq adı yoxdur, üzü yoxdur, amma məni kənardan izləyir və hər səhər oyandığımda, bir az daha çox hissimi götürüb, özü ilə aparırdı.
Elə buna görə də bu əhvalatı danışmaq istədim, dostum. Bəlkə kiminsə içindəki o səssizliyə toxunar. Bəlkə də, bir gün sənin başına da gələcək. Amma onda artıq gec olacaq. Çünki insan dəli olacağını bilməz. Sadəcə bir gün ayaqqabısını tərsinə geyinib güzgüyə baxar və gülümsəyər. Mənim kimi...
Heç susuzluğdan dəli olmuş adamın əhvalatını eşitmisən? O vaxt susuzluq idi, indi isə deyəsən pulsuzluq. Çox ironik deyilmi? Şəhriyar deyir ki, "dəlilər, hər nə etsə olur əhv". Görəsən bunlar da əhv olunar? Amma bəzən insan dəli olmur, ağıllı görünməkdən yorulur.
Bilirsən?! Mən həmin gün oradaydım. O istini, o qum dənəciklərini hiss edirdim. Taa ki, adam başına qum töküb özünü Tanrı hesab edənə kimi. Gəl əvvəlindən danışım sənə.
Bir zamanlar, zamanın harasında olduğu bilinməyən bir adam var idi. Bu adam, yalanla dolu dünyadan usanıb, doğrunun, daha doğrusunu desək, həqiqətin, yəni Tanrının izinə düşmüşdü. Beləcə yola çıxdı. Ayağının altı çatlamış yollar, susqun dağlar, təkcə öz əks-sədasını eşidən dərələr, yaşadığı anı unudan şəlalələrdən keçdi. Təbiət susurdu, sanki hər şey onu müşahidə edir, amma heç nə demirdi. Və nəhayət, hər şeyin bitdiyi yerdə, səhrada tapdı özünü.
Günəş beyninə zurna çalırdı. Susuzluq dilini qurutmuşdu, dodaqları parçalanmış, gözləri yuxusuzluqla bəyazlamışdı. Əlini göyə qaldırıb dedi:
-Ey Tanrı, sənin üçün gəldim... Məni eşit. Mənim bu səhrada nəyim var? Məni ölməyə tərk etmə...
Saatlar keçdi. Günəş dəyişmədi. Qum dəyişmədi. Tanrı, heç dəyişmədi. Adam bezdi. Göz yaşını itirmiş gözlərlə, bu dəfə başqa bir istiqamətə baxaraq, qürurunu da, imanını da udaraq dedi:
- Ey Şeytan, su ver mənə.
Elə o an, səhranın quru bağrından bir bulaq fışqırdı. Buz kimi. Adam içdi, içdi, doydu. Qarnı doymamış qəlbi doydu. Və elə bu an... Tozların arasından bir siluet çıxdı. Uzunboylu, ağ geyimli, nurlu üzlü bir gənc.
- Mənə itaət elə, - dedi gənc.
-Sən kimsən?
-Mənəm... Şeytan.
Adam güldü sonra dondu. Sonra dilləndi:
-Bəs sən qırmızı rəngli olmurdun? Buynuzun, quyruğun olmalıydı. Bizə deyilənlər beləydi axı...
Şeytan gülümsədi:
- Qələmi veriblər zatından xəbərsizlərin əlinə, nə gəldi yazıblar ora...
Adam oturdu bir qum təpəsinin üstünə, ağ geyimli “şeytan" qarşısında. Bir anlıq düşündü. "Nədir bu? Allahla telefon xəttimiz niyə bir tərəfli işləyir? Niyə zəng çatmır?"
Sonra baxdı şeytanın səliqəli geyiminə. Bəyaz köynəyi də var idi, ayaqqabısı da tozsuz idi. Çox güman hansısa İtaliya brendindən alıb. Hətta bəlkə influnserdi, kim bilir, Instagram'da milyon izləyicisi var. "Cəhənnəmdən bir də story atsaydı, bəlkə də inandırıcı olardı" — düşündü adam.
- Bəs niyə sənə itaət etməliyəm? - soruşdu.
Şeytan başını tərpətdi, elə bil illərlə bu sualı gözləmişdi:
-Çünki sən o qədər susuzsan ki, artıq nə içdiyin önəmli deyil. Sadəcə boğazından keçsin deyə dua edirsən. Mənə də dua elədin. Və mən eşitdim. Sənə lazım olan tək şey, cavab idi, kimdən gəldiyi yox...
Adam susdu. Hiss etdi ki, bəlkə də problem şeytanda deyil. Bəlkə də şeytan sadəcə "müştəri məmnuniyyətini" yaxşı idarə edir. Allah isə... çox güman tətilə çıxıb. Ya da eyni anda milyon adamla danışdığı üçün, bizə növbə çatmır.
Sonda şeytan bir təbəssüm atdı:
-Məni niyə bu qədər yanlış çəkiblər? Bilmirəm. Amma sənin Tanrınının niyə danışmadığını sən də bilmirsən. Belə baxanda, ikimiz də eyni dərəcədə müəmmayıq.
Adam başını aşağı saldı, ayaqları altında əriyən qum kimi. Və bir nəticəyə gəldi. Bəlkə də, Tanrı susur... çünki “reallıq” adlı bu cəhənnəmin müəllifi elə özü deyil?
Adam su içib doymuşdu, amma doymayan bir şey vardı, cavab. Bu dəfə su boğazından keçəndə sanki içində bir şey qopdu. Elə bil Allah susmadı, sadəcə öz içindəki Nitşe demişkən "Allah öldü". O öləndə isə, səhranın ortasında nə bir səs, nə bir rəhmət, sadəcə ağlına hakim olan vəhşi bir sükut qaldı.
Şeytan isə qarşısında oturmuşdu. O ağ geyimi ilə sanki mələk libasında gəlmişdi. Nə də olsa mələk idi bir vaxtlar. Ya da sadəcə bütün "düzgün" təsvirlərə lağ edirdi.
-Bura səhradır, - dedi Şeytan, -hər şeyin ən səmimi olduğu yerdir. Burada maskalar yanır, inanclar çürüyür. Bura Allahın belə unutduğu ərazidir. Mən isə burdayam. Niyə? Çünki səni kimsə eşitməyəndə ilk kim cavab verirsə, sən onun olduğunu düşünürsən.
Adam artıq inamla yox, qorxu ilə baxırdı.
-Deməli, səni çağıranda gəlirsən? - dedi adam.
- Mənə dua edənin əvvəl adını soruşmuram, -cavab verdi şeytan, - Mən kimə xidmət etdiyimi seçmirəm, kim istəyirsə, ona danışıram.
Qum təpələrinin arxasında səs gəldi. Qaranlıq çökməyə başlamışdı. Gecə, sanki ətrafı udmurdu, adamın içini yavaş-yavaş əritməyə başlamışdı. Duman qalxırdı. Amma bu duman, təbiətin deyil — sanki zamanın öz nəfəsi idi.
Şeytan əlini uzatdı. Amma bu əl kömək əli deyildi. Bu, bağlayan bir əl idi. Tələyə çevrilmiş, qurtuluş kimi görünən, amma günahın sükutla təqdim edilmiş forması idi.
- İtaət et, - dedi o yenə.
Adam qaranlığa baxdı. Ürəyində bir səs var idi: "Tanrı haradadır?"
O səs cavab vermədi. Elə bil, Tanrı onu yox, yalnızlığını yaratmışdı. Və o yalnızlıq indi onun ilahisi idi.nBəlkə də Tanrı heç vaxt göydə deyildi. Bəlkə də Tanrı, adamın sonuncu göz yaşında idi. O da quruyanda Tanrı getmişdi. Quru gözlərə göylər cavab verməzdi. Çünki yalvarmaq da bir nemətdir, ona da möhlət verilməz.
Və sonda adam soruşdu:
- Bəs Tanrı indi haradadır?
Şeytan bir az susdu. Sonra sakitcə dedi:
- Harada onu sonuncu dəfə axtardınsa, bax orada qalıb. Sən isə gəlib mənə çatdın. Bu artıq sənin taleyin deyil -seçimindir.
Adam yenə də o bulaqdan içdi. Amma su qarnına deyil, zehininə axdı. Elə bil suyun içində sükut həll olmuşdu və indi o, Allahın heç nə deməyən səsini içirdi. Hər qurtumda daha da çox səssizlik dolurdu içərisinə. Səhrada susmaq normaldır. Amma adamın içində bir "nə üçün?" səsi vardı və bu səs cavabsız qaldıqca böyüyürdü. Sanki bir virus kimi ağlını gəmirirdi.
Şeytan artıq qarşısında deyildi. Yox olmuşdu. Yalnızlıqdır əslində ən böyük iblis. O da səhranın mərkəzində taxt qurmuşdu. Adam gözlərini yumdu. Elə bil gözü özü idi. Qaranlıq içində daha da qaranlıq. Birdən bir səs eşitdi. Öz səsi idi. Amma səsi deyildi, səsini düşünən beyninin səsi idi.
- Tanrı səni eşitmədi, çünki sən çox səssiz dua elədin. Duanı qışqıraydın, bəlkə eşidərdi…
- Ya da, bəlkə, Tanrı qulaqlarını bağlayıb. Təkamül prosesində bu funksiyanı itirib...
-Bilirsən nədir? Tanrı var idi, amma çox danışdılar, qorxutdular, qəlibə saldılar. O da bezdi. Tərbiyəli varlıqdır, çıxıb getdi.
Bu səs artdı. Beynində tonlarla fərqli versiya danışmağa başladı. Hamısı tanrısal idi. Amma heç biri Tanrı deyildi. Gecə daha da qaranlıqlaşdı. Göy üzü yox oldu. Səhranın üzü yox oldu. Adam öz içində idi artıq. Bir səhra içində başqa bir səhraya düşmüşdü. Bu dəfə şüurunun səhrası. Qum yox idi, amma hər düşüncə bir dənə qum qədər kəsici idi. O, gülməyə başladı. Yavaş, uzun, sərt bir gülüş. Özünə gülürdü. Dua etdiyi əllərinə, sükuta, suya, şeytana, şeytanın Prada geyiminə... Hətta Tanrıya da gülürdü. Gülüşü boğazında ilişdi və o, göz yaşları tökərək öz dəliliyinin içində boğulmağa başladı.
O artıq bir insan deyildi. O, dua ilə dəli olmuş bir ibtidai varlıq idi. Gözləri göyə baxırdı, amma göy yox idi. Tanrının yoxluğundan yaratdığı təsəvvüfi bir uçurum idi o. Orada nə mələk, nə şeytan, nə də cavab var idi. Orada sadəcə insan vardı, cavabsız qalmış, həqiqət arxasında dəli olmuş bir insan.
Səhra hələ də susur. Amma bu dəfə, qum təpəsinin üstündə oturan o adam gülümsəyir. Saçları toz içində, gözləri qızarıb, baxışlarında isə qəribə bir işıq var. Öz-özünə pıçıldayır:
- Cavab verməyən Tanrının yerini mən tuturam indi. Mənə dua edin. Mən ən azından eşidirəm...
O, başına bir qum tacı qoyur, əllərini göyə uzadır. Susqunluq içində pıçıltı ilə:
-Bis... ər-Rəhim. Mənim adımla başlayın...
O dəli oldu. Amma bəlkə də bu, ağlın sonuncu mərtəbəsi idi. Axı ağıl cavab axtarır, dəlilik isə cavab verməyə başlayır.
***
Bir dəfə mən də dua etdim. Əlimi göyə uzatdım, amma yuxarı baxmadım. Bilirdim ki, orada da heç nə yoxdur. Sadəcə əlimi uzatdım — bəlkə kiminsə vecinə olar deyə. Olmadı.
Saatlarla dua elədim. Susdum. Ağzım danışırdı, amma içimdə səssizlik var idi. Boşluq belə cavab verirdi, Tanrı isə yox. Axırda başa düşdüm ki, bu bir dialoq deyil. Bu, bir səs yazısına danışmaq kimidir, qarşında heç kim yoxdur, amma sən səmimisən, necəsə inanırsan.
Əslində, hər şeyi qadağa etmişdilər. Fikirləşməyi də. Düşünməyi də. Ən böyük günah, sual vermək imiş. Ən böyük cəza isə cavab gözləmək.
O gün anladım. Mən dəli olmuram. Sadəcə, düzəlmiş bir sistemə uyğun gəlməyən hissələrim var. Mən dua edəndə, əllərim yuxarıda olur. Cavab gəlməyəndə, əllərim aşağı düşür. Amma başım heç vaxt yerə düşmür. Çünki başımın içində bir Tanrı susur. O mənəm.
İndi biri gəlir deyir: "Namaz qıl. Allahla əlaqəyə keç." Dostum, mən "zəng çatmır"bölgəsindəyəm. Siz şəbəkədəsiz, bəlkə də rominqlə danışırsız. Mən isə çoxdan sükutun içində zarıyıb səsimi unudanlardanam. İndi gülürəm. Özümə, keçmişimə, dualarıma. Hətta Allahın özünə. Çünki Tanrı cavab verməyəndə, onun əvəzinə gülməkdən başqa çarəm qalmır.
Gəl bir əhvalat daha danışım sənə…
Deyirlər, bir dəfə bir oğlan olub. Yox, bu "bir zamanlar" nağılı deyil. Bu zaman hələ bitməyib. Oğlan hələ də var. Ola bilər bir az azalmış formada, bir az qaralmış zehnilə, bir az da qaranlıq küçələrin küncündə unudulmuş təbəssümüylə. Amma var. Hər halda, özünə görə bir "varlıq statusu"daşıyır. Hər səhər oyanıb bir stəkan çay içməklə, həyatda olduğunu təsdiqləyir. Sanki çayla ruhun arasında bir gizli anlaşma imzalanıb: "Məni iç, mən səni içimə qaytarım.”
Bu oğlanın həyatı bir zamanlar çox normal görünürdü. Yəni əgər normallıq dediyimiz şey, ruhi partlayışları səliqəli şəkildə içində basdırmaqdırsa, bəli, çox normal. Dostları vardı, ailəsi vardı, gülümsədiyi anlar vardı... Hər şey vardı, bircə özü yox idi.
Bir gün, bu dəqiq nə günü idi, o da xatırlamır güzgüyə baxdı. Dedi: "Mən kiməm?" Cavab gəlmədi. Güzgü susdu. O da susdu. Hər şey orda başladı. Əvvəlcə səslər gəldi. Amma onlar "dəlilik səsləri" deyildi. Onlar daha çox həqiqətin pıçıltısıydı. "Sən bu deyilsən" deyən bir səs vardı içində. "Səni bu sistem doğmadı. Səni bu həyat formalaşdırmadı. Sən yadsan." Əvvəl qorxdu, sonra öyrəşdi. Sonda da sevdi. Çünki insan, onu belə də olsa anlayan bir şeyə bağlanmaq istəyir. Hətta o şey öz ağlının çatlamış qırıntısı olsa belə.
***
İndi deyirsən ki, niyə bu əhvalatı danışdım sənə?
Çünki bəzən həqiqətlərimizi, yalnız nağıl formasında danışa bilirik. Bəzən başqasının adına danışmaq, öz adımıza susmaqdan daha təhlükəsizdir. Və bəzən, sənə deyirəm, insan öz həyatını yalnız "bir əhvalat" kimi təqdim edə bilər, çünki həqiqət olaraq desə, hamı dəlilik sayar.
Bəlkə də dəli olmuşam. Amma səssizəm. İnadla susan, qışqıra bilməyən bir dəliyəm. Ağlımda fırlanan fikirlər artıq mənim deyil. Mən onlara sahib deyiləm, onlar mənə sahibdir. Və bu sahiblik, bu əsarət,mənə bir növ azadlıq verir. İroniyalıdır, düzdür? İnsan, ağlını itirəndə bir növ xilas olur. Çünki artıq başqalarının qaydaları ilə yaşamaq məcburiyyətində deyil.
Məsələn, mən artıq sağlam görünməyə çalışmıram. Sifətimdəkı sarı-qəhvəyi çillərlə, sükutla siqaret çəkərək, divarlara baxaraq yaşayıram. Qaranlıq otaqlarda nəfəs alıram, amma nəfəs almağımın səbəbini unudalı çox olub. Və hərdən güzgüyə baxıb soruşuram: "Sən bu gün də sağsan?" Cavab gözləmirəm. Çünki cavablar məni qorxudur.
Gözüm yollarda deyil artıq. Yollar məni yormağa başlayandan bəri, mənə baxmayan heç bir üfüqdə ümid axtarmıram. Mən sadəcə gedirəm. Deyirlər ki, məqsədsiz insan yoxdur. Mən isə varam. Tək, səssiz və azad. Və əgər bu əhvalatı kimsə eşidərsə, sadəcə bir nağıl kimi yadda saxlasın. Çünki əgər həqiqət olduğunu anlasa... qorxacaq. Və mən elə bu qorxudan bəslənirəm.
…və indi, bu əhvalatı danışmağımın səbəbini bilirsənmi? Hər şeyin mənasız göründüyü bir axşam idi. Dənizdə elə bil ruhumu yuyurdum, amma tərtəmiz etmirdi. Sadəcə bulanıqlığını daha da dərinləşdirirdi. Düşündüm. Bəlkə də, bu hekayə mənim deyil. Bəlkə o dəli mənəm. Və ya daha dəhşətlisi, bəlkə heç o da yoxdu. Sadəcə beynim, içindəki çürük bir uşaq təxəyyülünün təzə qoxusu ilə bu əhvalatı yaratdı. Bir dəfə yox, saysız dəfə. Çünki yaddaşım da bir yalançıdır. Elə özüm kimi. Axı mən həqiqətlə yalanın bir-birini öpdüyü yerdə doğulmuşam. Nə tam o tərəfdənəm, nə bu. Bəlkə də, heç doğulmamışam. Sadəcə yazılmışam. Yazılmış bir varlıq. Bu hekayə də elə mənim doğum aktımdır, təkcə altındakı imza çatışmır.
Yəni, bu əhvalat, bəlkə də, mənim bircə dəfə ağlım başımda olan gecənin hesabatıdır. Yaxud da, ağılım başımda olmayan bütün günlərin cəmi. Amma istənilən halda… əgər sən də oxuyursansa, demək, mən tək deyiləm.
Ya da yox, dostum. Bu ağıl deyil. Bu, kollektiv dəlilikdir.
QEYD: Konkret halda bu yazıdakı fikirlər tək müəllifin fikirləridir və bilavasitə, redaksiya ilə heç bir bağlılığı yoxdur.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
CƏLİL XƏLİLOV: “Heç kim ölkəmizi “abidə müharibəsi”ndə ittiham edə bilməz!”
“Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”. Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyi şərh yanlış və qərəzlidir.
Cəlil Xəlilov deyib: “Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidə müharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət və ehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini ilə yanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bunun isbatıdır.
Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilər tərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiri istiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davam etdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı, hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidə torpaqlarımız işğal altında olanda Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizin razılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizin suveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinki doğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanın guya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimi dəyərləndirilməsi yanlış və qərəzlidir”.
Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanın maraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb:
“Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq və mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, bu istiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilində nəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir. Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənət adamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki, bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinə olan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidə müharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndə ittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir.
Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu gün ölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün “abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalı dönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə də İkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə də olsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübut edir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlı səsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsiz açıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdən başqa heç nəyə yaramır”.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Ən sevdiyi hekayəsi “Parisdə avtomobil qəzası” idi - ELÇİN ƏFƏNDİYEVİN VƏFATINA
Varis, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru
Mədəniyyətimiz dalbadal ağır itkilər verməkdədir. Musiqimizin canlı əfsanəsi Arif Babayev, ardınca da ədəbiyyatımızın korifeyi Elçin Əfəndiyev.
Mən detektiv ədəbiyyatı sevmirəm, uşaqlıqda Artur Konan Doylu, Jorj Simenonu, Aqata Kristini sevə-sevə oxusam da, yaşa dolduqca bu ədəbiyyat janrı mənə cansıxıcı gəlib. Son dönəmlərdə ən yaxşı halda mistika və triller abu-havalı detektivin müasir şəkildəyişməsindən Den Braunu oxumağa səbrim çatıb, bir də polis orqanlarında külüng döyərək real polis əməliyyatlarına istinad edib maraqlı əsərlər ortaya qoyan Fəxrəddin Qurbanoğlunu oxumuşam.
Amma həqiqətən etiraf edirəm, həyatımda oxuduğum ən gözəl detektiv Elçinin “Ox kimi bıçaq” povesti olub, məktəbli ikən onu atamın abunəçisi olduğu “Azərbaycan” jurnalından oxumuşdum. Onu oxumayanlara bir ipucu verim, bu povestin əsasında çəkilmiş filmə yəqin ki, hamınız baxmısınız – “Arxadan vurulan zərbə” – rejissor Arif Babayevin çəkdiyi, Şahmar Ələkbərovun, Adil İsgəndərovun, Yusif Vəliyevin rol aldıqları film milyonların sevimlisinə çevrilib. Bəli, bəli. Həmin Qurd Cəbrayıldan bəhs edən film.
Elçin Əfəndiyev yazıçı kimi romançı idi, dramaturq idi, həyatında bir dəfə detektiv yazmışdı. Onda da əsl şedevr yaratmışdı.
Bax Elçin ədəbiyyatda olduğu kimi, həyatda da belə idi, ağır, təmkinli, hər şeyin yerini və qədərini bilən.
Elçinlə şəxsi tanışlığımızın tarixçəsi də maraqlı olub. 2016-cı il idi, bir gün telefonuma zəng gəldi, zəng vuran söylədi ki, baş nazirin müavini Elçin Əfəndiyev sizinlə danışmaq istəyir.
Həyəcanlandım. Və danışdıq. Sən demə, məzuniyyətə çıxan vədələrdə Elçin müəllim kitab mağazasından 3-4 kitab sifariş veribmiş, kitabları götürəndə satıcı xanım şiddətlə mənim “Metamorfoz” romanımı tövsiyyə edib. O da könülsüz də olsa kitabı götürüb. Və oxuyub, çox bəyənib. Düz 45 dəqiqə danışdıq, mənə sual etdi ki, “sən indiyə qədər hansı papağın altında yatmısan ki, səni tanımamışam?”.
Beləcə yaxınlaşdıq, dostlaşdıq.
Son dəfə mayın 13-də zəng vurmuşdum, doğum gününü təbrik etmək istədim. Telefonunu qızı Günay açdı, dedi, Ankaradayıq, atam əməliyyat olunur.
Ondan əvvəl isə Mədəniyyət Nazirliyi ilə Ədəbiyyat Fondunun birgə layihəsi kimi mənim redaktorluğumla nəşr edilən Azərbaycan Ədəbiyyatı Antologiyasına hekayə verməsi üçün görüşmüşdük. Nəşrin şərtini dedim, yazıçılar ən çox sevdikləri hekayələrini, şairlərsə şeirlərini təqdim etməliydilər. Düşünmədən “Parisdə avtomobil qəzası” hekayəsini təqdim etdi.
Bəli, dünən elə bu saatlarda böyük ədibin ədəbiyyatla vuran ürəyi dayandı. Nəsrimiz daha bir canlı klassikini itirdi.
Böyük ədibimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir və oxuculara da onun ən çox sevdiyi hekayəsini təqdim edirəm.
***
“Parisdə avtomobil qəzası”
Ş ə h r ə b a n u x a n ı m.
Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..
M ü s y ö J o r d a n.
Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.
(M.F.Axundov, «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur»)
I
Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.
Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və hər şey eynilə təkrar olunurdu.
Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, oğru idilər?
Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının furqonuna atdı.
Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuzyuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri yuxuladıb götürüb aparırlar. Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu və ikisi də maşına oturub sürüb getdilər.
Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı, qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var idi.
Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan güllələrin səsinə heç kim yuxudan oyanmayıb?
Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on iki günlüyə Şuşa sanatoriyasına getmişdi.
Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə tərəf getdi.
Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə dinməz-söyləməz və beləcə də ciddi görürdü.
Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın. Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?
Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta qədim çağlardan Kərim müəllimə baxırdı. Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri ilə Kərim müəllimi bayıra yola saldı.
Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçə, bağı süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü birinci adam olurdu.
Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.
Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, yəni Kərim müəllim Zənbil, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər. Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki, müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).
Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi, çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də qağayılar gəlib burda özlərinə yem axtarırdı.
Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.
Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə biriki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.
Salman indi Bakıda deyildi. Parisdə idi.
Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.
Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.
Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən gec gəldi.
Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir hadisə baş verib.
Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada yaşayırdı.
Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim gözlərini bacısının həmişəki kimi pudralanmış boyalanmış səliqəli sifətindən çəkmədən soruşdu:
– Nə olub?
Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:
– Heç nə, – dedi. – Qorxma, keç içəri.
Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.
– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə daha da için-için ağlamağa başladı.
– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.
Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:
– Bəyəm Parisdə maşın-zad yoxdu?
Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.
– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir şeydi.
Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:
– Dalını oxu.
Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:
– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər.
Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri kimi qaragün idi.
Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:
– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.
Züleyxa tələsik dedi:
– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!
Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz rəfiqələrindən utanır.
Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.
Nuridə xanım dedi:
– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.
Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir.
Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla:
– Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.
Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.
Nuridə xanım:
– Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.
II
Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu.
Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi.
Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.
Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi. Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyəmürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı. Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən sonra Züleyxaya çox pis təsir edirdi.
Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.
Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi, nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə də yağış yağır?
Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.
Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.
Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə başlayırdı.
Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri aləminə dala bilmirdi, narahat idi.
Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:
– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...
Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.
Nuridə xanım sözünə davam elədi:
– Şərqiyyə Parisə gedə bilməz...
– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.
Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, Nuridə xanımın xeyrinə olacaq.
Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın eyniliyindən xəbər verirdi.
Kərim müəllim üzünü arvadına tutdu:
– Sən nə deyirsən?
Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun, xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:
– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?
Kərim müəllimin heyrətdən gözləri bərəldi:
– Nə?
– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...
Züleyxa özünü saxlaya bilmədi:
– Sənin bəyəm təzə modalardan başın çıxır?
– Niyə çıxmır?
Kərim müəllim bayaqkı heyrətlə:
– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.
– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...
Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və acıqla dedi:
– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?
Kərim müəllim gözünü arvadından çəkdi.
Doğrudan, görəsən, Parisdə yağış yağır?
Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini bərkdən çıxardı:
– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!
Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə Nuridə xanım danışardı.
Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək, qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi doldurdu, çünki özü öz gözlərində ucalmışdı.
Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma təmkinini pozmadı və sakitcə soruşdu:
– Nə demək istəyirsən?
– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı olardı Fəridə getsin!..
– Kim?
– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana turist səfərinə getmişdi!..
Kərim müəllim heç nə başa düşmədi:
– Fəridə kimdi?
Hamlet daha da bərk qızardı. Züleyxa dedi:
– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da dəyişdirmək istəyir Fəridənin dərdindən...
Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:
– Adını niyə?
– Fəridənin xoşu gəlmir bunun adından!..
Kərim müəllim oğluna baxdı və təkcə:
– Malades! – dedi.
Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?
Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu təzəlikdə bir şirinlik var idi.
Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.
Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri bir dəfə də olsun ağlamayıb.
Görəsən, Parisdə yağış yağır?
Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:
– Görəsən, Salman yazıq...
Kərim müəllim acıqla qızının sözünü kəsdi:
– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?
Sonra da Kərim müəllim qəti sözünü dedi:
– Parisə mən özüm gedəcəyəm!
Hamlet yerindən sıçradı:
– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!
Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə kifayətləndi və:
– Ay-hay!.. – dedi.
Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın gözləri doldu və dodaqları səyriyə-səyriyə:
– Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.
Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:
– Bir var bilmək, bir də var gözünlə görmək.
Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə xanımın ardınca mənzildən çıxdı.
Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla soruşdu:
– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?
Züleyxa:
– Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.
III
Həmin avqust günü axşamçağı idi. Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağızkuğaz işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, Kərim müəllimin xoşuna gəlirdi.
Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, eşşək əti də yeyirlər.
Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi.
Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini ütüləyirdi.
Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı. Kərim müəllim gəlib qapını açdı.
Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.
Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:
– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim Parisə!
Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı:
– Hə, başladı yenə çığırmağa... – dedi.
Züleyxa:
– Etiraz edir də! – dedi.
Kərim müəllim qalın qaşlarını çatdı:
– Nə etiraz? Kimə etiraz edir?
Züleyxa:
– Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin.
Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələmkağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı.
Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.
SON
(Avqust, 1983. Şüvəlan)
***
Ədəbiyyat tariximizə həkk olan imza
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
Elçin Əfəndiyevin vəfatından kədərləndiyimizi bildirir, onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq” – deyirik.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Fazil Mustafa Məmməd Tahiri təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış ictimai xadim və şair Məmməd Tahiri 70 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyqt və incəsənət» portalı xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Məmməd müəllim,
Sizi - Naxçıvan ədəbi-mədəni mühitinin övladı olan tanınmış şairi, pedaqoq və jurnalisti 70 illik yubileyinizlə bağlı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
Siz, ali təhsilinizi Naxçıvan Dövlət Pedaqoji İnstitutunda tamamladıqdan sonra əmək fəaliyyətinizə Saatlı rayonunda müəllim işləməklə başlamısınız. Daha sonra jurnalist təhsili alaraq “Şərq qapısı” qəzetində əmək fəaliyyətinizə davam etmisiniz. 1989-90-cı illərdə “Azərbaycan” qəzetinin Naxçıvan MR üzrə xüsusi müxbiri işləmisiniz. 1999-cu ildən etibarən uzun müddət təhsil sahəsində əmək sərf etmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsində işləmisiniz.
Əlli ildən artıqdır ki, məhsuldar ədəbi yaradıcılıqla məşğul olursunuz. 1972-ci ildə “Şərq qapısı” qəzetində ilk dəfə çap olunduğunuz vaxtdan başlayaraq, mərkəzi mətbuatda, o cümlədən ədəbi qəzet və jurnallarda müntəzəm olaraq çap olunmaqdasınız.
Naxçıvan Dövlət Televiziyasının əməkdaşı olduğunuz vaxtlarda səngərlərdən, ön, qaynar cəbhələrdən operativ verilişlər hazırlayıb, həsrətli gözlərini ekranlardan ayırmayan insanlara təqdim etmisiniz. Bir sıra həmkarlarınız kimi yaddaşlara həkk olunan şeirlərinizi ön cəbhələrdə, səngərlərdə döyüşən əsgər oğullarımızla nəfəs-nəfəsə dayanaraq yazmısınız.
Ədəbiyyata gəldiyiniz gündən bəri bir milli düşüncə sahibi kimi mənsub olduğunuz xalqın arzu və istəklərini, ağrı- acılarını ifadə etməyə çalışmısnınız. Yaradıcılığınız, müraciət etdiyiniz mövzular poeziyanın, ədəbiyyatın əzəli və əbədi mövzularını əhatə etməklə yanaşı, ən müxtəlif əməli fəaliyyət sahələrini, millətə xidmətdə olan ömürləri, unudulmaz ünvanları ehtiva etməkdədir. Məmməd Tahir səmimiyyəti ilə poeziyası, poeziyası ilə səmimiyyəti bir-birini tamamlayaraq vəhdət təşkil edir.
Mövzu-məzmun baxımından rəngarəng olduğu kimi, formaca da çox çalarlı olan sizin şeir və poemalarınızda həm klassik və həm də çağdaş şeir ənənələrinin sintezi ilə qarşılaşırıq, həm qoşma-gəraylı, həm də sərbəst şeir örnəkləri əsərlərinizdə yetərincədir. Sizin poeziyanızda təbiət-insan-Uca Yaradan vəhdətdədir. Təbiət - insan əlaqəsi poeziyanızın əsas elementlərindəndir.
Sizin ”Vətən,məni qınama”, ”Yurdum-and yerim”, ”Yaz nağılı”, ”Yol ver, keçim, dünya səndən”, ”Könlüm came qapısı”, ”Bir azdan günəş doğacaq”, "Könül verdiyim dünya", “Vətən, məni sən qınama” və rus dilində çap olunan “Den koqda ya vernus” şeir kitablarınız sizə çoxsaylı oxucu məhəbbəti qazandırıb. Kitablarınız və müxtəlif janrlarda yazdığınız əsərlər barədə ölkənin nüfuzlu elm və ədəbiyyat xadimlərinin çoxsaylı məqalə və rəyləri dərc edilib.
Ömrünün kamillik zirvəsinə qədəm qoymuş istedadlı şair, səmimi insan və vicdanlı vətəndaş kimi Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, tükənməz ilham və yeni yaradıcılıq uğurları diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)