Super User
Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Sovet ədəbiyyatının müstəqillik dönəminə adlayan ən adlı-sanlı şairlərindən, eləcə də ən sonunculardan biri idi Fikrət Qoca. 5 il öncə dünyasını dəyişdi. Bu gün isə onun 91-cı doğum günüdür. Ruhu şad olsun!
Mütləq ondan başlayım ki, bir çox şeirlərinə musiqi bəstələnib. Bunlardan bəziləri illərdir ki, hit mahnılar olaraq qalırlar. "Anacan dostum evlənir", "Könlüm", "Günay", “Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və əlbəttə ki, Polad Bülbüloğlunun ifa etdiyi "Gəl ey səhər" mahnıları ölməzlik statusu qazanan mahnılardır.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Kitabları
1. Qağayı
2. Hamıya borcluyam
3. Yatmadığım gecələrdə
4. Günlərin bir günü
5. Gül ömrü
6. İnsan xasiyyəti
7. Ömürdən səhifələr
8. Mavi dünyanın adamları
9. Taleyin ağır taleyi
Filmoqrafiya
- Uşaqlığın son gecəsi
- Mürafiə vəkillərinin hekayəti
- Qayınana
- Romeo mənim qonşumdur
- Qonşu qonşu olsa...
Mükafatları
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Xalq şairi
"Humay" mükafatı
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Fikrət Qoca 5 may 2021-ci ildə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Sükutun ən uca nöqtəsi: Tofiq Bakıxanov əbədiyyətə qovuşdu
Aysel Kərim,
musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının Mətbuat katibi.
“Ədəbiyyat və incəsənət”
Azərbaycan musiqi dünyasının göylərindən parlaq bir ulduz axdı... Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, Xalq artisti, professor Tofiq Bakıxanov 2026-cı il avqustun 23-də, ömrünün 96-cı ilində əbədiyyətin işıqlı dünyasına qovuşdu. Bir əsrə yaxın ömür yolunu yalnız səsə, ahəngə və milli ruhun təntənəsinə həsr etmiş böyük bir sənətkarın fiziki gedişi mədəniyyətimiz üçün əvəzolunmaz və dərin bir kədərdir.
Nəslin şərəfli davamçısı və təhsil illəri
Tofiq Bakıxanov təkcə görkəmli bəstəkar və virtuoz violinoçu deyil, köklü Bakıxanovlar nəslinin alicənablıq ruhunu, zərif ziyalılığını və fədakar sənət sevgisini özündə cəmləşdirən bütöv bir salnamə idi. O, 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.
İncəsənət mühitində böyüyən Tofiq Bakıxanov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə ilk peşəkar təhsilini alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə ali təhsilə yiyələnib: 1953-cü ildə Aleksandr Amitonun sinfindən skripkaçı, 1957-ci ildə isə dahi Qara Qarayevin sinfindən bəstəkar kimi məzun olub.
"Tofiq Bakıxanovun simfoniyalarında, baletlərində və incə ruhlu kamera əsərlərində döyünən qəlb, əslində Azərbaycan torpağının, bu xalqın tarixi yaddaşının və mənəvi köklərinin səsidir."
Zəngin yaradıcılıq irsi və ifaçılıq məktəbi
Tələbəlik illərindən etibarən zəngin ifaçılıq fəaliyyətinə başlayan ustad sənətkar Azərbaycan Dövlət Simfonik Orkestrində və Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi çıxış edərək dinləyicilərin rəğbətini qazanıb. Onun yaradıcılığındakı zəriflik, milli ladlarımızla Qərb klassikasının harmoniyası milli musiqimizə yeni nəfəs gətirib.
Ustadın geniş yaradıcılıq palitrası:
Kamera və Konsert Musiqisi:
Skripka, viola, violonçel, fleyta və fortepiano üçün 20-dən artıq sonata, trio, kvartet, kvintetlər və müxtəlif alətlər üçün 26 orkestr konserti.
Musiqili Komediyalar:
Bəstəkar Nəriman Məmmədovla birgə: "Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsirVokal İrsi: 100-ə qədər unudulmaz myaradıcılıq fəaliyyətini beynəlxalq miqyasda da uğurla təmsil edən Tofiq Bakıxanov Fransa və Şimali Kipr Türk Cümhuriyyətində festival və tədbirlərdə iştirak etmiş, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri ilə Azərbaycan mədəniyyətini layiqincə tərənnüm etmişdir.
Pedaqoji fəaliyyət və dövlət qayğısı
Görkəmli bəstəkar bəstəkarlıq və ifaçılıqla yanaşı, yarım əsrdən çox bir müddətdə Bakı Musiqi Akademiyasında pedaqoq və professor kimi çalışaraq gənc musiqiçi nəsillərin yetişdirilməsinə müstəsna töhfələr verib.
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülmüş, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Əbədi yaşayacaq irs
Bu gün simlərin səsi sussa da, musiqi dünyamız öz mənəvi atasını itirsə də, bu sükut bir son deyil. Tofiq müəllim özündən sonra elə zəngin bir irs, fədakar müəllimlik məktəbi və silinməz iz qoyub getdi ki, zaman onun xatirəsi qarşısında acizdir. Onun ömrü sənətə xidmətin ən ali nümunəsi, yaratdığı əsərlər isə milli musiqi tariximizin ən uca zirvələrindən biri kimi daim yolumuza işıq saçacaq.
Dərin hüznlə başsağlığı
Mədəniyyətimizə üz vermiş bu ağır itki ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə başda olmaqla, İdarə Heyəti və bütün üzvləri mərhumun ailəsinə, doğmalarına, tələbələrinə və bütün xalqımıza dərin hüznlə başsağlığı verir.
Böyük ustadın məkanı cənnət, ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
“Biri ikisində” Seyyidəli Sübhinin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Seyyidəli Sübhinin şeirləri təqdim ediləcək.sizlərə Seyyidəli Sübhinin şeirləri təqdim edilir
Seyyidəli SÜBHİ
İBRAHİMƏ VƏ RƏBBİNƏ
Səndən neçə il əvvəldi,
Sevgini tək Tanrı bildim,
Eşqin mehrabına gəldim,
İbrahim bütün yandırdım.
Bilməzlər kimə ağladım,
Yoluna can adaxladım,
Ruhun ruhumda saxladım,
Şəklin, surətin yandırdım.
Sevdalanmaq da çarmıxdı,
Mıxlandı ürək, vurnuxdu.
Həsrətin tüstüsü yoxdu,
Ona da tütün yandırdım.
Atəşim günlərin deyil,
Yanan peyğəmbərin deyil,
Allah, bu od sərin deyil,
Məni büsbütün yandırdı.
XÜLASƏ
Yandı içimdəki ocağın çöl divarı da,
Ocaq idim, qor oldum.
Ələnəsi külüm qalmır,
Qovruldum, odum, sovruldum.
Qaldırdım yelkəntək cüt avarı da,
Çəkmədim axına, yoruldum.
Əllərim asılı havadan –
Qayığamı dor oldum?!
***
Dərvişdim, dəli bildilər,
Daşlayanlar başın tutdu.
Məni şairlik öldürdü!
Məni şeirlər yaşatdı!
SİRENA
Dayanma!
Piyada keçididir dünya.
Üstünə əcəl maşını gələn gün
Ayaq saxlamaq nə mümkün?!
…Getməliyik
yol-yol, gün-gün…
HƏYAT HAVASI
Qatarın şüşəbəndindən barmaqları
Günəşin şəfəqlərin daraqlayırdı
Əli həyat havasına oynayan, darağı barmaqlı, günəş saçlı qızın…
“Bu oyunun soyuq yerləri də olacaq”, – dedim:
“Əlini günəşin saçlarından çək,
Əllərini öz saçına çək,
İsin
İçin-için…
Təkcə yanğı yox, soyuqluq da var xısın-xısın…
Fürsətdir,
Tapmışkən günəşi
Bir az da, bir az da qızın!”
YORĞUN
Dindi köksümdəki at qaçışları,
Susdu kişnərtisi şahbaz gəncliyin.
Mən elə yoruldum,
“Qan-tər içində
Çərləməkdi” adı belə dincliyin...
Çapıldı, çırpındı, nal saldı ürək,
Düşdü yalınayaq tovdan, təhərdən.
Çatladı, qan qusdu bu köhlən könül,
Ta kimə taxt olar qanlı yəhərdən?!
Daha heç tumara yatmaz bu dəli,
Bədöv yalmanında sovrulan yaltək.
Çox şaha qalmağın, çox şahlanmağın
Cilovu kədərmiş, cəzanı al çək!
Basıb üzəngisin çiyinləndiyin
Dərd altda, qoy, elə çatlasın bağrın!
Qaçaq sevinclərdən vəfalı imiş
Üstünə dördnala yeriyən ağrın.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
“Maraqlı söhbətlər”də arılar öz koloniyalarını necə qoruyur
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Siçan və ya digər iri zərərvericilər arı pətəyinə girdikdə, arılar dərhal reaksiya verərək yuvalarını müdafiə edirlər. Onlar təcavüzkara hərəkəti dayanana qədər birlikdə hücum edirlər. Lakin bundan sonra zorla həll edə bilmədikləri bir problem ortaya çıxır: öldürdükləri siçan böyük olduğundan, onu yuvadan bayıra çıxarmaq çətin olur. Əgər ölmüş siçan orada qalsa, çürüməyə başlayacaq və bütün koloniyanı təhlükəyə ata bilər.
Bəs nə etməli?
Arıların bununla mübarizə aparmaq üçün öz üsulları var: onlar cəsədin üzərini propolis ilə qat-qat örtürlər. Arı saqqızı və ya propolis adlanan bu qətranlı maddə cəsədi pətəyin digər hissələrindən tamamilə təcrid edir. Propolis güclü antibakterial və göbələk əleyhinə xüsusiyyətlərə malik olduğu üçün çürümənin və qoxunun yayılmasının qarşısını almaqla, pətəyi xəstəlikdən qoruyur. Propolislə qat-qat örtülən cəsəd zamanla quruyub mumiyalanır və koloniyanın sağlamlığına zərər vermir. Bu, həşərat dünyasında ən qeyri-adi gigiyena nümunələrindən biridir. Təhlükəni aradan qaldıra bilməmək təslim olmaq demək deyil: arılar sadəcə onu zərərsizləşdirərək pətəkdə nizam və tarazlığı qoruyurlar.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
İlk və son görüşümüz – DAVUD NƏSİBİN XATİRƏSİNƏ
Ramiz Göyüş,
yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət” üçün
Avqustun 25-i Azərbaycan ədəbiyyatı tarixinə şair, tərcüməçi və publisist kimi daxil olmuş Davud Nəsibin doğum günüdür. Yaşasaydı 84 illiyin qeydə edəcəkdi. Düz 23 ildir ki, onun yeni-yeni şeirlərini, publisist yazılarını oxumuruq, duzlu və şirin söhbətlərini eşitmirik.
Kimin yaddaşında necə qalıbsa, elə o boyda, o biçimdə, o görkəmdə, o simada da donub qalıb Davud Nəsib və hələ yaşayacaq onu sevənlərin yaddaşında. Ən azı köç edənədək...
Davud Nəsib ilə ilk tanışlığım telefon vasitəsilə olmuşdu. 2001-ci ilin sentyabr ayı idi. İş telefonum zəng çaldı. Uzun zəng idi. Dəstəyi götürdüm. Xəttin o başında tanımadığım bir səs...
Şirin Qazax ləhcəsində mənimlə hal-əhval tutdu. Sonra isə ərklə özünü təqdim etdi: "Davud Nəsibdi danışan, Eloğlun". Bildirdi ki, mənimlə əlaqə yaratmağı ona Mingəçevirdə yaşayan, mehriban insan, duzlu hekayələr və maraqlı romanlar müəllifi, ümumi tanışımız rəhmətlik Nəsib Bayramoğlu məsləhət bilib. Bir qədər mehriban söhbətdən sonra "Cavanşir" romanının 1-ci cildinin çapdan çıxdığını, bu əsərin, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağını, hazırda Qarabağ savaşının hələ davam etdiyi bir zamanda aktual mövzu olduğunu nəzərə alaraq, onun Mingəçevirdə yayılmasına tövsiyyə etdi. Eyni zamanda öz avtoqrafı ilə mənə "Cavanşir" romanının bir nüsxəsini göndərdiyini bildirdi. Avtoqrafda yazmışdı: "Eloğlu! Oxu gör Qazağın (Kasak) iyini duya bilsən, mənə işarə elə"
Romanın 2-ci cildinin nəşrindən bir müddət keçəndən sonra ona zəng edib hal-əhval tutdum, çox yüksək əhvalı var idi. Sanki uzun illər içində cücərib göyərən arzuları öz bəhrəsini vermişdi.
Onu Mingəçevirə dəvət elədim və dəvəti məmnuniyyətlə qəbul etdi. Bir neçə gündən sonra artıq Mingəçevirdə idi. Eloğlumuz şair-jurnalist rəhmətlik Amil Aveylə gəlmişdi. Mingəçevirdə olduğu müddətdə demək olar ki, bütün 3 günü bir yerdə olduq.
Onun Mingəçevirdə ilk görmək istədiyi yer Mingəçevir su anbarı idi və biz elə birinci gün su anbarının sahilinə getdik. Davud, bir tərəfə çəkilərək xeyli müddət sulara tamaşa etdi. Mənə elə gəlirdi ki, o öz-özündə nəsə danışır, nəyi isə təhlil edir, nəyinsə haqq-hesabını aparır.
Sonradan bildim ki, niyə o, "Cavanşirsiz Məmləkət" romanının son hissəsində və son vərəqində "Özümüz də qənim kəsildik özümüzə: İçərişəhərin, Ordubadın, Şəkinin, Gəncənin, Qəbələnin, Bərdənin, Kasakın (Qazax), Dərbəndin, saymaqla qurtaran deyil, yatmış yeraltı abidələrinin altını üstünə çevirdik. Bəli, bəli, biz! - Mən, sən, o! Sularda qərq elədik daş dilli naxışları, izləri, Mingəçevirdə" sözlərini niyə yana-yana yazmışdı. Davud Nəsib Mingəçevir su anbarının sularına qərq olmuş qədim Samux dərəsi, onun yerüstü, yeraltı abidələri haqqında ürək ağrısı ilə danışır, Samux vadisini Qafqazın Mesapotomiyası adlandırırdı...
Üç gün çox sürətlə keçdi. Bir tərəfdən o, yeni nəşr etdirdiyi "Cavanşir" və "Cavanşirsiz Məmləkət" romanlarının bədii dəyərindən, onun aktuallığından, gələcək nəsillər üçün əhəmiyyətindən həvəslə danışır, arada duzlu-məzəli söhbətlərə keçir, Xalq şairi Hüseyn Arifin dillər əzbəri olan lətifələrindən söhbət açır, şeir söyləyir, bəzən də bir tərəfə çəkilərək xəyallara dalırdı.
Davud, xalq qəhrəmanı Cavanşir haqqında elə maraqla danışdırdı, sanki onunla bir zamanda yaşamış, qəhrəmanlıqlarının şahidi olmuşdu. Mənə elə gəlirdi ki, Davud öz içində bir Cavanşir obrazı yaratmışdı və tarixi şəxsiyyət olan Cavanşirdən başqa bir də Davudun yaratdığı Cavanşir var idi...
... Cavanşir barədə gələcək planlarından danışır, böyük Vətənimizin bir hissəsi olan Qazaxda at belində abidə ucaldılmasının zəruri olduğunu bildirir, gələcəkdə yazdığı romanlar əsasında bir kinossenari yazacağını və Cavanşir barədə tarixi-bədii film çəkəcəyi barədə həvəslə danışırdı.
Sən demə, bu görüş mənim Davud Nəsiblə ilk və son görüşüm imiş...
***
Davud Nəsib poeziyaya hələ çox gənc yaşlarında - 14 yaşı olanda yazdığı və Qazax rayonunda çıxan "Qalibiyyət bayrağı" qəzetində çap olunan "Mənim doğma çayım, mənim Kür çayım" şeiri ilə gəlib. Onun yaradıcılığına diqqət yetirərkən "ata" mövzusunda yazdığı şeirlər və poemalar istisna olmaqla, adama elə gəlir ki, Davud Nəsib heç uşaq olmayıb və ya uşaqlıq dövrünü yaşamayıb, elə birdən-birə böyük olub. Bu baxımdan Davud Nəsib poeziyası sanki yaşa dolmuş, püxtələşmiş bir şairin poeziyasıdır:
Mən odla, ocaqla alışmamışam,
Qəlbimin odundan alışıram mən.
Dərdimi heç kimə danışmamışam,
Dərdi dərd bilənə danışıram mən.
Davudun şeirlərində Vətənə, elə, obaya, doğma insanlara bağlılıq çox güclüdür. Bu bağlılığı onun yaradıcılığında çox tez-tez duyulur. Belə olmasaydı:
Vətən məhəbbətli, Vətən ünvanlı,
Bir ürək döyünür, köksümün altda -
kimi gözəl misralar yaranmazdı.
Doğma insanlara, ataya, anaya, qardaşa, övlada, qohumlara münasibət, böyük, kiçik yerini, insanların, xüsusən doğma insanların qədir-qiymətini bilmək Davudun genetik yaddaşından, onun tərbiyəsindən, xarakterindən irəli gəlir və bu hisslər onun yaradıcılığından qabarıq keçir.
Və nəhayət bir neçə cümlə Davudun ata mövzusuna həsr etdiyi şeirlər barədə fikirlərimi bölüşmək istərdim. Davudun həyatı haqqında bir qədər məlumatlı olanlar bilirlər ki, o atasını görməyib. Davud hələ dünyaya gəlməmiş atası müharibəyə getmişdi.
Ata həsrətini dünyaya göz açdığı gündən hiss edən Davud böyüdükcə bu nisgili də onun bərabər böyümüş və sonradan onun yaradıcılığında bir mövzuya çevrilmişdir. Fikrimcə, bu mövzu Davudun yaradıcılığında ən çox müraciət olunan mövzudur. Mənim qənaətimcə, Ata həsrətli şeirləri ilə Davud Nəsib poeziyamıza bir "Ata müqəddəsliyi" mövzusu gətirmişdir:
Bilməyənlər qoy bilsin...
...Qoy hamıya deyilsin.
Ata dəlisiyəm mən,
Ata vurğunuyam mən.
Bu dərddən Davud xəstə,
Eşitsin, bilsin hamı.
Mən ölsəm, qəbrim üstə,
Salın yada laylamı:
Çalın mənim mahnımı,
Çalın ata laylamı.
(“Ata laylası”)
Ruhun şad olsun, Davud Nəsib!
Hər zaman xatirimizdəsən.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Azərbaycan və Özbəkistanın təşəbbüsləri Türk dünyasının mədəni birliyini gücləndirir
23 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlayıb.Səfər çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev Prezident İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında müstəsna xidmətlərinə görə Prezident Şavkat Mirziyoyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.
Səfər proqramında 1947-ci ildən dahi şair Nizami Gəncəvinin adını daşıyan (şairin 800 illik yubileyi münasibətilə) Milli Pedaqoji Universitetin yeni kampusunun açılış mərasimi xüsusi yer tutub. Dövlət başçıları, həmçinin Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş muzey ekspozisiyası ilə tanış olub və Yangi Toshkentdə (Yeni Daşkənddə) “Azərbaycan” parkının təməlini qoyublar.
Səfər zamanı, həmçinin ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələr nəzərdən keçirilib və yeni layihələrə start verilib.
Türk dövlətləri başçılarının ortaq mədəni irsin beynəlxalq səviyyədə təbliğinə dair tapşırıqlarına uyğun olaraq, 2012-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılanTürk Mədəniyyəti və İrsi Fondu çoxsaylı mədəni layihələr həyata keçirir. Bu layihələr sırasında təqdimatı yaxın zamanda keçiriləcək Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş nəşr də yer alır.
Qeyd edək ki, 2025-ci ilin may ayında Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv dövlət kimi qoşulması barədə qərar qəbul edilib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
.
Səngərdə yazılan qardaşlıq dastanı: "Dağ II" filminin ətraflı analizi
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Türkiyə kinosunun hərb-vətənpərvərlik janrında çəkilmiş ən uğurlu və monumental əsərlərindən biri, rejissor və ssenarist Alper Çağların 2016-cı ildə ərsəyə gətirdiyi "Dağ II" (bəzi ölkələrdə "The Mountain II" adı ilə tanınır) bədii filmidir. 2012-ci ildə çəkilən "Dağ" filminin davamı olan bu ekran işi, sadə bir hərbi aksiyon olmaqdan uzaq, hərb sənətinin psixoloji çətinliklərini, fədakarlığı və "fırtına gətirən" xüsusi təyinatlıların daxili dünyasını vizual poeziyaya çevirən bir şahəsərdir. Film yayımlandığı il Türkiyədə ən çox izlənilən kino layihəsi olmuşdur.
Filmin süjet xətti və əsas məzmunu
İlk filmdə çətin şəraitdə sağ qalmağı bacaran iki dost — Oğuz və Bəkir artıq keçmiş xatirələri geridə qoyaraq Türkiyə Silahlı Qüvvələrinin ən elit bölmələrindən biri olan Xüsusi Qüvvətlər Komandirliyinə (Bordo Berelilər) qatılırlar. Onlar altı il davam edən ağır, tükədici hərbi və psixoloji sınaqlardan keçərək rəsmən xüsusi təyinatlı zabit olurlar.
Təhlükəli missiya: Filmin əsas süjeti İraqın şimalında, terror qruplaşmalarının cövlan etdiyi təhlükəli bir bölgədə qurulur. "Fırtına Gətirən" (Fırtına Getiren) adlı yeddi nəfərlik xüsusi kəşfiyyat timinə mühüm tapşırıq verilir: İŞİD tərəfindən qaçırılan və edam təhlükəsi ilə üz-üzə qalan müxalif türk jurnalist Ceyda Balabanı xilas etmək.
Vicdan və əmr arasında: Jurnalisti uğurla xilas edən tim, geri çəkilmə xəttində İraq türkmənlərinin yaşadığı kiçik və müdafiəsiz bir kəndə gəlib çıxır. Çox keçmədən məlum olur ki, yüzlərlə ağır silahlanmış terrorçu bu kənddəki dinc sakinləri qətlə yetirmək üçün irəliləyir.
Ölüm-dirim savaşı: Komandir Veysəl Gökmusa və onun əsgərləri hərbi əmrlərə görə jurnalisti dərhal təhlükəsiz bölgəyə çatdırmalıdırlar. Lakin türk əsgərinin vicdanı günahsız uşaqların və qadınların qırılmasına icazə vermir. Yeddi nəfərlik tim əmri pozaraq kənddə qalır və yüzlərlə terrorçuya qarşı qeyri-bərabər, hər qarış üçün can qoyulan tarixi bir müdafiə savaşına başlayır.
Filmdəki struktur, realizm və aktyor heyəti
Alper Çağlar filmi iki fərqli xronoloji xətlə idarə edir. Bir tərəfdən İraqdakı gərgin və qanlı mühasirə döyüşləri göstərilərkən, digər tərəfdən geriyə dönüşlər (flashback) vasitəsilə əsgərlərin Bordo Bereli olmaq üçün keçdikləri dözülməz təlimlər və şəxsi həyatlarındakı dramlar nümayiş etdirilir. Bu, personajların hər birini tamaşaçıya dərindən tanıdan "cılızlıqdan uzaq" bir ssenari strukturudur.
Filmin aktyor heyəti öz personajları ilə tam vəhdət təşkil edir:
Çağlar Ertuğrul (Oğuz) və Ufuk Bayraktar (Bəkir): İki tam fərqli xarakterin qardaşlıq bağını və döyüş meydanındakı simbiozunu mükəmməl şəkildə canlandırırlar.
Murat Serezli (Polkovnik-leytenant Veysəl Gökmusa): Timin atası və komandiri rolunda, hərbi nizam-intizamla insani dəyərləri birləşdirən obrazı dahi ştrixlərlə ifa edir. Onun əsgərlərə etdiyi motivasiya nitqləri filmin ən təsirli səhnələrindəndir.
Ahu Türkpençe (Ceyda Balaban): Əvvəlcə orduya və müharibəyə tənqidi yanaşan, lakin hadisələrin gedişində türk əsgərinin fədakarlığını gözləri ilə görən müstəqil jurnalist xarakterini uğurla canlandırır.
Hərbi realizm və dövlət dəstəyi
"Dağ II" filmini digər sıradan hərbi filmlərdən ayıran ən böyük xüsusiyyət onun çəkilişlərində tətbiq olunan çılpaq realizmdir. Türkiyə Silahlı Qüvvələri filmin ssenarisini yüksək qiymətləndirərək çəkilişlərə görünməmiş dərəcədə real hərbi dəstək vermişdir.
Filmdə istifadə olunan bütün silahlar, zirehli maşınlar, hərbi helikopterlər və digər texnikalar tamamilə realdır və ordu tərəfindən təmin edilmişdir.
Aktyorlar çəkilişlərdən öncə həqiqi xüsusi təyinatlı komandirlər tərəfindən real hərbi düşərgələrdə ağır fiziki təlimlərə cəlb olunmuşlar. Bu səbəbdən səngər döyüşləri, taktiki irəliləyişlər və silahdan istifadə formaları hərbi dəqiqliklə ekrana köçürülmüşdür.
Filmin ideoloji və fəlsəfi yükü
Film sadəcə quru vətənpərvərlik şüarları üzərində qurulmayıb. Alper Çağlar əsgərlərin qorxularını, daxili sarsıntılarını, fiziki ağrılarını gizlətmir. Filmin əsas fəlsəfəsi "Bir ölər, min dirilərik" və "Tək bir günahsız can üçün dünyanı qarşısına almaq" ideyası üzərində ucalır. Kəndin müdafiəsi səhnəsində divara asılan bayrağın mənası və tim üzvlərinin bir-biri üçün canından keçməsi tamaşaçını sarsıdan dramatik fəlsəfəni formalaşdırır.
"Dağ II" Türkiyə kino tarixində həm texniki keyfiyyəti (səs effektləri, operator işi), həm də milli ruhun düzgün, dərin və təsirli şəkildə işlənməsi baxımından özünə əbədi və toxunulmaz bir yer qazanmış fundamental sənət nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
İki savaşın şanlı əsgəri: vətən müharibəsi şəhidi İbrahim Lələyev
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, həm 2016-cı ilin Şanlı Aprel döyüşlərində, həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsində ön cəbhədə rəşadətlə vuruşmuş İbrahim Həzrətqulu oğlu Lələyev, xalqımızın yaddaşına silinməz iz qoymuş vətən fədailərindəndir. O, öz ad günündən cəmi bir ay sonra başlayan böyük azadlıq savaşında könüllü olaraq ön xəttə atılmış və cənub cəbhəsinin azadlıq xəritəsini qanı ilə cızan qəhrəmanlardan biri olmuşdur.
Həyatı, erkən illəri və hərbi xidməti
İbrahim Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində zəhmətkeş və vətənpərvər bir ailədə dünyaya göz açmışdır.
Təhsili:
2002–2014-cü illərdə doğulduğu kənddə yerləşən Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil almışdır. Məktəb illərindən dürüstliyi, səmimiliyi və vətənə olan dərin bağlılığı ilə müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanmışdır.
İlk hərbi xidməti və aprel döyüşləri: 6 iyul 2015-ci ildə Masallı Rayon Səfərbərlik Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, xidmətini Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin Qazax rayonunun Kəmərli kəndində yerləşən hərbi hissəsində keçirmişdir. Xidmət etdiyi dövrdə 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan Şanlı Aprel döyüşlərində fəal iştirak etmiş, cəbhənin gərgin nöqtələrində düşmən həmlələrinin qarşısının alınmasında ilk döyüş təcrübəsini qazanmışdır. 2 yanvar 2017-ci ildə xidmətini uğurla başa vuraraq tərxis olunmuşdur.
Mülki həyatı:
Hərbi xidmətdən sonra Bakı şəhərinə gələn İbrahim, "20 Yanvar" metro stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən kiçik bir köşkdə satıcı kimi çalışırdı. İş yoldaşlarının xatırladığına görə, o, son dərəcə mehriban, qayğıkeş və alıcılarla xoş ünsiyyət quran, təmizqəlbli bir gənc idi.
Vətən müharibəsi və Cəbrayıl səngərləri
27 sentyabr 2020-ci ildə II Qarabağ savaşı başlayan andan etibarən İbrahim Lələyevin daxilindəki vətən sevgisi və Qarabağı azad görmək arzusu onu yenidən orduya bağladı. O, mülki işini dərhal geridə qoyaraq, 29 sentyabr 2020-ci ildə Səfərbərlik çağırışı ilə könüllü olaraq yenidən cəbhəyə yollandı.
Aprel döyüşlərinin təcrübəsinə malik olan əsgər İbrahim Lələyev, Vətən müharibəsinin ən ağır və strateji əməliyyatlarının keçirildiyi cənub cəbhəsinə göndərildi. O, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin işğaldan təmizlənməsi uğrunda gedən şiddətli piyada döyüşlərində iştirak etdi. Ağır artilleriya atəşləri altında qorxu bilmədən irəliləyən İbrahim, düşmənin istehkamlarının məhv edilməsində şəxsi rəşadət nümayiş etdirdi.
Şəhadəti və son mənzili
Əsgər İbrahim Lələyev 10 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində qarşıya qoyulmuş mühüm döyüş tapşırığını canı bahasına yerinə yetirərkən, düşmən qüvvələrinin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid oldu.
Şəhidimizin nəşi doğulduğu Masallı rayonunun Hişkədərə kəndinə gətirildi və elə həmin gün, 10 oktyabr 2020-ci ildə böyük xalq izdihamı, rəsmi dövlət qurumlarının rəhbərləri, hərbçi yoldaşlarının ehtiramı və hərbi yaylım atəşləri müşayiəti ilə kənd qəbiristanlığında torpağa tapşırıldı. Onun şəhadət xəbərindən sonra Bakıda rəhbərlik etdiyi iş yoldaşları onun çalışdığı köşkün önünə əklillər qoyaraq portretini asmış, xatirəsini uca tutmuşdular. Hazırda doğma Hişkədərə kəndində qəhrəmanımızın adını əbədiləşdirən xüsusi bir abidə-bulaq kompleksi fəaliyyət göstərir.
Dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə, vəzifə borcunu canı bahasına yerinə yetirdiyinə görə əsgər İbrahim Həzrətqulu oğlu Lələyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif edilmişdir:
"Vətən uğrunda" medalı - 15.12.2020
"Cəsur döyüşçü" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Qubadlının azad olunmasına görə" medalı - 05.11.2021
İbrahim Lələyev və onun kimi canını sipər edən igidlərin qanı bahasına bu gün Masallıda, Bakıda və azad edilmiş bütün Qarabağ torpaqlarında üçrəngli bayrağımız məğrurcasına dalğalanır. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad olsun, Vətən daşı!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
İşıqlı ömrə ehtiram
İndira Şəmsivari,
dövlət qulluğunun dövlət müşaviri, Sumqayıt şəhərinin ilk qadın müfəttişi.
“Ədəbiyyat və incəsənət”
Xalqımızın müasir ictimai həyatında özünəməxsus yeri olan Mehriban Əliyeva işıqlı ömür sahibidir. Onun fəaliyyəti yalnız tutduğu vəzifə və gördüyü işlərlə deyil, cəmiyyətə bəxş etdikləri mənəvi dəyərlərlə də ölçülür.
Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun formalaşdığı ailə mühiti elmə, təhsilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Bu mühitin onun dünyagörüşünün formalaşmasında mühüm rol oynadığı şübhəsizdir.
Onun həyat yoluna nəzər saldıqda bir xüsusiyyət xüsusilə diqqəti cəlb edir: fəaliyyətinin müxtəlif istiqamətlərində insan amili daim ön planda dayanır. Xeyriyyəçilik, humanitar təşəbbüslər, səhiyyə və təhsil layihələri, mədəni irsin qorunması və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması onun ictimai fəaliyyətinin mühüm istiqamətlərini təşkil edir.
Azərbaycan mədəniyyəti və milli irsi onun fəaliyyətində xüsusi yer tutur. Muğam sənətinin, xalçaçılıq ənənələrinin, qədim musiqi və folklor nümunələrinin, tarixi-mədəni abidələrin qorunması və dünyaya təqdim olunması istiqamətində həyata keçirilən layihələr milli sərvətlərimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti də Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edib.
Mehriban Əliyevanın adı həm də xeyirxahlıq və mərhəmət anlayışları ilə yanaşı çəkilir. Çünki insanlara yardım etmək yalnız maddi dəstək göstərməkdən ibarət deyil. Bəzən bir insanın dərdinə şərik olmaq, bir uşağın gələcəyinə ümid vermək, ehtiyacı olan ailənin qapısını döymək, cəmiyyətin diqqətindən kənarda qalan bir problemin həllinə yol açmaq özü böyük mənəvi missiyadır.
Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirilən çoxsaylı layihələrdə də bu yanaşmanın izlərini görmək mümkündür. Təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və humanitar sahələrdə reallaşdırılan təşəbbüslər cəmiyyətin müxtəlif təbəqələrinə yönəlib. Xüsusilə uşaqların, gənclərin və qayğıya ehtiyacı olan insanların həyatına toxunan layihələr xeyirxahlığın əməli ifadəsinə çevrilib.
Onun fəaliyyətində Azərbaycanın dünyaya təqdim olunması da mühüm yer tutur. Azərbaycan haqqında danışarkən yalnız onun bu günü deyil, minilliklərə söykənən tarixi, zəngin mədəniyyəti, musiqisi, incəsənəti və milli adət-ənənələri də diqqətə çatdırılır. Bu baxımdan mədəni diplomatiya istiqamətində görülən işlər xalqımızın mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edir.
Lakin bir insan haqqında yazarkən yalnız vəzifələrdən və layihələrdən danışmaq kifayət etmir. Şəxsiyyətin əsl qiyməti onun insanlara münasibətində, gördüyü işlərin arxasında dayanan niyyətdə və cəmiyyətin yaddaşında buraxdığı izdə görünür.
Ölkə başçımız cənab İlham Əliyevlə çiyin-çiyinə, uğurla çalışan Mehriban Əliyevanın fəaliyyətinin mahiyyətində də məhz insanlara xidmət ideyası xüsusi yer tutur. Bu, bəzən bir məktəbin qapısının açılması, bəzən xəstə insan üçün ümid işığının yanması, bəzən isə illərin sükutundan sonra milli mədəniyyət nümunəsinin yenidən dünyaya təqdim olunması deməkdir.
26 avqust – Mehriban Əliyevanın doğum günü münasibətilə onun həyat və fəaliyyətinə nəzər salarkən bir ömrün müxtəlif səhifələri qarşısında dayanırıq. Bu səhifələrdə ailə, Vətən, mədəniyyət, insan sevgisi və xeyirxahlıq kimi dəyərlər bir-birini tamamlayır.
Doğum günü insanın həyatında yalnız bir yaşın tamam olması deyil, keçilən yolun, görülən işlərin və qarşıda duran məqsədlərin yenidən düşünülməsi üçün gözəl bir fürsətdir.
Bu əlamətdar gündə Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, mənəvi rahatlıq və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Qoy həyat yolu daim işıqlı olsun. Qoy xeyirxahlıqla atılan hər addım bir insanın sevincinə, bir uşağın təbəssümünə, bir ailənin ümidinə çevrilsin. Qoy Azərbaycan mədəniyyətinin və milli irsinin yaşadılması yolunda görülən işlər gələcək nəsillərin yaddaşında xoş bir iz buraxsın.
Doğum gününüz mübarək olsun, Mehriban xanım!
Yeni yaşınız yeni ümidlərin, gözəl arzuların və nəcib əməllərin başlanğıcı olsun. Ömrünüzə sağlamlıq, qəlbinizə sevinc, həyatınıza daim işıq və xeyirxahlıq hakim olsun!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
“Az tanınmışlar”dan Füzuli Məmmədov
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O cəmi 51 il yaşadı. 1952-ci ilin bu günündə doğulmuşdu, 2009-cu ilin 18 marıtnda dünyasını dəyişdi. Özündən sonra çoxlu irili-xırdalı rolları qaldı. Düzdür, o səhnədə çox parlamadı, amma bütün rollarının öhtəsindən məharətlə gəlməyi var idi.
Füzuli Məmmədov 25 avqust 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1973-cü ildə universiteti bitirib. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olub və 1986-cı ildə oranı bitirib.
1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləyib. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləyib.
1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyib. F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak edib. 18 mart 2009cu ildə vəfat edib.
Əsas rolları
- İki sahibin qulluqçusu (K.Qaldoni) — Trufaldino
- Qış nağılı (V.Şekspir) — Antiqon
- Qəribə həkim (A.Safronov) — Koppuş
- Hacı Qəmbər (N.b.Vəzirov) — Hacı Qəmbər
- Toy (S.Rəhman) — Kərimov
- Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Savalan
- Dəyişmə (Elçin) — keşikçi
- Yolçular (A.Mirzəyev) — sabirabadlı
Filmoqrafiya
- Azadlığa gedən yollar (film, 1990) — Salamov
- Qara "Volqa" (film, 1994) — sahə müvəkkili
- Yük (film, 1995) — xırdavatçı
- Etimad telefonu (film, 2001) — yol polisi
- Olacağa çarə yoxdur (film, 2003)
- Yol yoldaşları (film, 2003)
- Sonuncu şahid (film, 2004)
- Qarabağa gəzinti (film, 2005)
- Koma 0,1 saniyədə (film, 2007)
Mükafatları
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)


