Super User

Super User

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rəfail İncəyurd

Birinci şeir:

Nəyi gözləyirsən?

 

Nə gəlhagəl, nə köçhaköç?

Olanları bildinmi heç?

Canım, zaman səni bivec

sandı, nəyi gözləyirsən?

 

Aylar, illər əsim-əsim,

Döndü sözüm, dondu səsim.

Ay səbrinə quzu kəsim,

Sondu, nəyi gözləyirsən?

 

Hanı sevgi dolu qucaq?

Dərdimizi kimə açaq?

Dədəm Qorqud çatan ocaq

söndü, nəyi gözləyirsən?

 

Dur, xoş gəlsin gələn səhər,

Dursun dözməyib çökənlər.

Turana qılınc çəkənlər

sındı, nəyi gözləyirsən?

 

Haqq nahaqqı əyə bilmir,

Könlüm səni öyə bilmir.

Tanrım, bəndən deyə bilmir,

Sən de: nəyi gözləyirsən?

 

 

Qalib Rəhimli

Birinci baxış:

 

Mən bu dəfə Rafail İncəyurdun bu şeirinə tamam fərqli formada yanaşdım. Şeir məni çox tutdu və şairin sualları qarşısında sanki aciz qaldım. Şeir zahirdə sual formasında qurulsa da, mahiyyətcə ittiham, silkələmə və oyatma fəryadıdır. Şair oxucuya yox, zamana, cəmiyyətə və insanın öz vicdanına səslənir. Şeirin ana xəttini “Nəyi gözləyirsən?” ritorik sualı təşkil edir. Bu sual hər bənddə təkrarlandıqca cavab axtarmır, əksinə, susqunluğu ifşa edir.

Burada gözləmə ümidsizlik deyil, tənbəl razılaşmadır, taleyə boyun əyməkdir. Birinci bənddəki “Nə gəlhagəl, nə köçhaköç?” ifadəsi durğunluğun fəlsəfəsidir. Hərəkət yoxdur, dəyişiklik yoxdur, həyat sanki donub. Zamanı “bivec” sanması isə insanın öz məsuliyyətini itirməsinin simvoludur. Şair deyir: zaman səni saymadı, çünki sən özünü saymadın. İkinci bənddə sözün donması, səsin susması artıq yaradıcılıq və ruhun iflasıdır. “Ay səbrinə quzu kəsim” misrası ironiya ilə yüklənib. Bu, səbrin müqəddəsləşdirilməsinə açıq etirazdır. Şair səbrə deyil, hərəkətə qurban istəyir.

Üçüncü bənd milli yaddaşın ən ağrılı nöqtəsinə toxunur: “Dədəm Qorqud çatan ocaq söndü”. Burada söhbət təkcə ailə ocağından getmir. Xalqın ruh ocağı, birliyinin istisi sönüb. Sevgi dolu qucaq tapılmırsa, dərd danışılacaq ünvan da yoxdur. Dördüncü bənd şeirin ideoloji zirvəsidir. Şair artıq gözləməyə yox, qalxmağa çağırır. “Gələn səhər” ümidin metaforasıdır. Turana qılınc çəkənlərin sınması isə açıq mesajdır: birliyin qarşısında zor diz çökür. Burada tarixi yaddaş gələcək üçün səfərbər edilir. Son bənd isə ilahi və insani məsuliyyətin sərhədində dayanır. Tanrı “bəndən” deyə bilmirsə, deməli, insan bəndə olmasını itirib. Və şair son hökmü oxucuya verir: Sən de – nəyi gözləyirsən?

Və sonda deməliyəm ki, bu şeir çağırışdır, xəbərdarlıqdır, vicdan güzgüsüdür. Rafail İncəyurd burada oxucuya sığınacaq vermir, onu rahat buraxmır. Şeir bitir, amma sual qalır. Və bu sual hər kəsin içində bir az da ucadan səslənir.

Yolun açıq olsun böyük şair.

 

 

Rəfail İncəyurd

İkinci şeir:

Durum

 

Proloq

Yenə duyğuların ağrısı tutub,

Deyəsən bu gecə şeir doğacaq.

Qarışıq fikirdən hamilə ürək

Doğsa da, əcaib bir şey doğacaq...

*

Dostlar, ömrü-günü yola verib biz,

Tutalğac elədik xoşluqlarını.

Bu gün-sabah dedik, gəldi sabahlar,

Doldura bilmədik boşluqlarını.

 

İtdi xəyalların o tərəfində

Biz deyən olmadı, olmayacaq da.

Yönəldə bilmədik ömrün gücünü

Batdı “bəlkə”lərin künc-bucağında.

 

Bizə qəfəs oldu bizim tərbiyə,

Bəlkə, ağıllanıb günah eləyək?

Təmiz ad nə verib indiyə kimi,

Bəlkə, üz döndərib onu bələyək?

 

Başımız dəydikcə əhlət daşına

Qəflət yuxusundan oyanmalıydıq.

Qaçıb xəyalların bəyaz rəngindən

Zamanın rənginə boyanmalıydıq.

 

Axı, biz görürdük məmləkətlərin

Qulu nə gündədi, şahı nə gündə.

“Malades” deyirdik ağ yalanlara

İndi nə gözləyək onun təkində?

 

Üstəlik bir yandan dəyişir aləm

Yaş üstə yaş gəlir, ömür ballaşır.

Üstəlik yad nəfəs gətirir hər gün,

Dünya ayrı səmtə qloballaşır.

 

İnsana dərd olub çox bilmişliyi,

Üstünə yeriyir zəka tank kimi.

Özünü məhv edir özünün elmi,

Başına çırpılır bumeranq kimi.

 

Nə günə qoydular gör bu dünyanı,

Yalanı, doğrunu di gəl ayırd et.

Vallah səviyyəsiz kütlənin bir gün

Evini yıxacaq süni intellekt.

 

Süni mayalanma dədəlik edir,

Həqiqi erkəklər axtalanıbdı.

Papağın üstündən baş qaşıyırlar,

Zövqlər də dəyişib saxtalanıbdı.

 

Bulanıq dənizin harasındasa

Duru haqq adası tapılmır axı.

Adam öz içinə köçə bilmirsə,

Adam öz hissinə qapılmır axı.

 

Kimsə əla deyir bu dəhşətlərə,

Bu dərdi sinirmək bizlik olmadı.

Vaxtın qapısında o tərəfləri

Göstərib sevdirən gözlük olmadı.

 

...Yuxuya yalvaraq, yuxuda, bəlkə

Biz görən keçmişlə baxışıb gedək.

Kəndin ortası da dəyişib daha –

Yaddaşı qorumaq naminə bəlkə,

Kəndin ucqarına yığışıb gedək?

 

PS

Bilirəm ağrısı dinəcək yenə,

Ürəyim əyninə ümid geyəcək.

Bürünüb səhərin bəyaz nuruna,

Yenə varlığına “şükür” deyəcək.

 

 

Qalib Rəhimli

İkinci baxış:

 

Bu şeirin çağırır adamı, ustad. Oxumağa yox, sənin və könlündən qopan bu harayın yanında dayanmağa çağırır. Mən də elə bu cür yanaşacam, Rafail İncəyurdun bu şeri ilə üz-üzə yox, çiyin-çiyinə dura-dura danışacam. İlk olaraq deyim ki, bu vaxtın şeiri, şairin daxili mühakiməsidir. Bu klassik anlamda şeir yox, vaxtla aparılan ağır bir söhbətdir, yükdür “Proloq”da şair deməyə başlayır, amma artıq bilirik ki, doğulacaq şeir adi olmayacaq:

“Qarışıq fikirdən hamilə ürək

Doğsa da, əcaib bir şey doğacaq...”

Bu misralar yaradıcılıq prosesinin romantik təsviri deyil. Bu, əzabın estetikasıdır. Şeir burda sevincdən yox, ağrıdan doğulur. Və şair bunu gizlətmir, əksinə, etiraf edir: bu gecə gələn söz rahat söz olmayacaq. Şeirin ən güclü tərəflərindən biri onun “mən”dən qaçıb “biz”ə sığınmasıdır. Rafail İncəyurd özünü oxucudan ayırmır, ittihamı bölüşür:

“Tutalğac elədik xoşluqlarını.”

“Doldura bilmədik boşluqlarını.”

Burada nə pafos var, nə də üstün mövqedən danışıq. Bu, bir nəslin özünə verdiyi hökmdür. “Bu gün-sabah”ların içində itib gedən ömür, “bəlkə”lərin künc-bucağında batmış iradə, bunlar təkcə fərdi peşmanlıq deyil, kollektiv vicdan ağrısıdır. Şeirin ən cəsarətli yerlərindən biri də budur:

“Bizə qəfəs oldu bizim tərbiyə,”

Bu misra sanki uzun illər toxunulmaz sayılan bir anlayışı silkələyir. Şair demir ki, tərbiyə pisdir. Deyir ki, donmuş, düşünməyən, qorxudan yoğrulmuş tərbiyə qəfəsə çevrilib.

Və ardınca gələn sual artıq təkcə poetik yox, fəlsəfidir:

“Təmiz ad nə verib indiyə kimi?”

Bu sualın cavabı yoxdur. Elə gücü də bundadır. Zamanın rəngi və dünyanın saxtalaşması şairi çox düşündürür və şeir getdikcə fərdi ağrıdan çıxıb dünya miqyaslı bir narahatlığa çevrilir:

“Üstəlik yad nəfəs gətirir hər gün,

Dünya ayrı səmtə qloballaşır.”

Burada qloballaşma tərif deyil, nəfəs kəsən yadlıqdır. “Süni mayalanma dədəlik edir”, “həqiqi erkəklər axtalanıbdı”. Bu misralar oxucuya rahatlıq vermək üçün yazılmayıb. Bunlar zamanın sinirinə toxunan ifadələrdir. Şair risk edir, çəkinmir, çünki dərdi estetika yox, həqiqətdir. Duru haqq adasının yoxluğu isə daha cəsarətli deyimdir.

“Bulanıq dənizin harasındasa

Duru haqq adası tapılmır axı.”

Baxın, bu şeirin fəlsəfi zirvəsidir. Dünya bulanıqdır, dənizdir, dalğadır. Amma insanın ən böyük faciəsi budur:

“Adam öz içinə köçə bilmirsə,”

Yəni məsələ təkcə dünyada haqqın itməsində deyil, insanın öz içində də yer tapa bilməməsindədir. Şeirin sonunda belə şair mübarizədən qaçmır, amma yorulduğunu etiraf edir. Yuxu reallıqdan qaçış yox, keçmişlə üzləşmək cəhdidir. Yuxu və kənd son sığınacaqdır. “Kəndin ucqarına yığışmaq” ideyası isə nostalgiya deyil, yaddaşı qorumaq instinktidir. Şeirdəki PS isə ümidin inadkarlığıdı məncə. Və nəhayət:

“Yenə varlığına “şükür” deyəcək.”

Bax, bu misra bütün şeirin açarıdır. Bu şeir qaranlıqdır, amma ümidsiz deyil. Ağrı keçicidir, ümid inadkardır. Şair bunu bilir və bu həqiqəti çatdırır oxucusuna.

Hesab edirəm şair Rafail İncəyurd bu şeirdə şair kimi yox, zamanın şahidi kimi danışıb. Bir də deyirəm bu şeir oxunmur. Bu şeir yaşanır.Beləcə mən də duyduqlarımla böyük şairin yanında durdum. Sadəcə, ağrının sözə çevrildiyi yerə işıq salmağa çalışdım.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

 

Çərşənbə axşamı, 03 Fevral 2026 12:00

Əgər Məcnun bu gün yaşasaydı...

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Dünən axşam "Gənc tamaşaçılar teatrı"nda "Leyli və Məcnun" tamaşasına baxdıqdan sonra, teatrın qaranlıq salonundan çıxarkən, sevgilim qoluma girdi və soruşdu ki, "Harun, səncə, Məcnun bizim dövrümüzdə yaşasaydı, necə olardı?" Sevgilimgilin evinə qədər yol boyu susdum...

 

O gecə yataqda uzandım və sual başımın içində dönürdü. Səhər oyanıb, ilk dəfə olaraq bu sözləri yazdım: O, heç kim tərəfindən tanınmazdı. Çünki bu dövr dəliliyi deyil, hisslərini gizlədə bilməməyi cəzalandırır. Məcnun bu gün səhrada deyil, ofis binalarının arasında, metro qatarlarının içində yaşayardı. Ən qorxuncu olan da budur, onun ağrısı heç bir epik şeirdə deyil, gündəlik həyatın sakit əzabında gizlənərdi. O, Leylini itirməzdi, onu heç vaxt tam əldə edə bilməzdi. Mesajları cavabsız, sözləri "sonra"lara qalardı. Məcnun başa düşərdi ki, bu dövrdə insanı öldürən ayrılıq deyil, heç bitməyən bir qeyri-müəyyənlikdir.

Ona eşq deyilməzdi. Ona diaqnoz qoyardılar. Onun sevgisini təhlil edər, kateqoriyalara bölər, amma heç vaxt duymazdılar. Çünki bizim dövrümüz hər şeyi ölçür, amma heç nəyi başa düşmür.

 Əgər Məcnun bu dövrdə yaşasaydı, onu heç kim tanımazdı. Çünki bu dövr dəli olanları yox, hisslərini gizlədə bilməyənləri cəzalandırır. O, səhrada çılpaq ayaqla gəzməzdi. O, şəhərin içində, işə gedən insanların arasında, qulaqcıqsız, başı aşağı gəzərdi. Və bu, daha qorxulu olardı.

Məcnun bu dövrdə sevgi üçün yox, yaşamaq üçün izah verməli olardı. "Niyə belə düşünürsən?", "Niyə buraxmırsan?"  "Niyə hamı kimi deyilsən?"  sualları onun gündəlik çörəyi olardı. Çünki müasir insan üçün problem ağrı deyil, problemin izahıdır. Əgər dərdini sübut edə bilmirsənsə, deməli, o yoxdur.

O, Leylini itirməzdi. Əslində, onu heç vaxt tam əldə etməzdi. Mesajlar yarımçıq qalardı, səs yazıları dinlənməzdi, "sonra danışarıq" lar heç vaxt "sonra" ya çevrilməzdi. Və Məcnun anlayardı ki, bu dövrdə insanı öldürən ayrılıq deyil, davam edən qeyri-müəyyənlikdir.

O, gecələr yatmazdı. Amma bunun adı eşq olmazdı. Buna "overthinking" , "emosional asılılıq" , " travma" deyərdilər. Ona diaqnoz qoyardılar, amma mənasını soruşmazdılar. Çünki bu dövr hər şeyi ölçür, amma heç nəyi başa düşmür.

Məcnun bir gün güzgüyə baxıb özünü tanımazdı. Çünki bu dünya insana yavaş-yavaş öyrədir ki, sən olmaq istədiyin deyil, dözə bildiyin qədərsən. O isə dözmək üçün yaradılmamışdı. O, ya tam sevərdi, ya da heç. Və bu "tamlıq" bu dövrdə təhlükəlidir.

Ətrafındakılar ona "özünü seç"  deyərdi. Amma o bilirdi ki, bəzi insanlar özlərini seçəndə içlərindəki ən vacib şeyi öldürürlər. O, rahat yaşaya bilərdi. Amma yaşamaqla var olmaq arasındakı fərqi bilirdi. Və bu bilik onu tək qoyurdu.

Məcnun bu dövrdə tək qalardı, amma yalnızlıqdan deyil, uyğunsuzluqdan. O, sürətli münasibətlər dünyasında yavaş sevərdi. Keçici hisslər içində qalıcı ağrı daşıyardı. Hamı "keçdi"  deyəndə, o "qalır" dı. Və qalmaq bu dövrdə ən böyük günahdır.

Bəlkə də bir gün o da susardı. Paylaşmazdı, danışmazdı, izah etməzdi. Amma bu sağalmaq olmazdı. Bu, sadəcə yorulmaq olardı. Çünki bəzi insanlar sağalmır, sadəcə daha az görünürlər.

Əgər Məcnun bu gün yaşasaydı, onu xilas edən olmazdı. Çünki bu dövr xilas etmir. Bu dövr uyğunlaşdırır. O isə uyğunlaşmaq istəməzdi. O, öz dərdi ilə yaşamağa razı idi. Çünki bəzi ağrılar insanın son qalasıdır.

Və bəlkə də ən qorxulusu budur:

Məcnun bu dövrdə ölməzdi. Sadəcə yavaş-yavaş silinərdi....

Teatr pərdəsi enəndə hamı ayağa qalxır. Rəvayət bitir. Amma bizim Məcnunun pərdəsi heç enmir. O, hər gün yenidən qalxır, eyni geyimi geyinir, eyni küçələrdən keçir və sakitcə soruşur: "Bu gün, Leyli?" Cavab həmişə eynidir, bir səssizlik. Amma o, susmağı öyrənmir. Sadəcə, artıq gözləməyi dayandırır. Çünki gözləmək də bir növ ümiddir. O isə ümidi də itirib. Bəlkə də, bir gün o küçədən keçəndə, qarşıdakı binaın şüşəsində öz əksini görüb dayanar. İçəridə işləyən, telefonu ilə məşğul olan, "normal" insanların silsiləsində özünü seçə bilməz. Orada heç kim yoxdur. Yalnız boş bir yer, sakit bir nöqtə.

  Və bəlkə də həqiqi faciə budur. Məcnun bu dövrdə ölmür. O, sadəcə, bir gün güzgüdə özünə baxmağı dayandırır. Və heç kəs də fərqinə varmır....

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Çərşənbə axşamı, 03 Fevral 2026 17:11

Sosial media dilimizi kasıblaşdırır?

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Sosial media dövründə dil məsələsi ən çox müzakirə olunan mövzulardandır. Linguistlər, müəllimlər, valideynlər narahatdır: gənclər düzgün yazmır, lüğət ehtiyatı azalır, qrammatik səhvlər çoxalır. Amma məsələ həqiqətən dilimizin kasıblaşmasındadır, yoxsa sadəcə dəyişməsində?

 

Instagram, Facebook, Twitter, TikTok - bu platformalar ünsiyyət tərzini kökündən dəyişib. Qısa mesajlar, emoji, stiker, gif bütün bunlar yeni ünsiyyət dilidir. Əvvəllər məktub yazılardı - uzun, ətraflı, qrammatik cəhətdən düzgün. Sonra SMS gəldi - 160 simvol məhdudiyyəti qısaltmalar yaratdı ("salam" əvəzinə "slm"). İndi isə sosial media orada heç bir məhdudiyyət yoxdur, amma yenə də qısa yazılır.

Niyə? Çünki fikri sürətli çatdırmaq lazımdır. İnsanların diqqət müddəti qısalıb, uzun mətn oxumaq istəmirlər. Ona görə mesajlar qısa, cümlələr natamam, düşüncələr parçalanıb. Tədqiqatlar göstərir ki, gənclərin aktiv lüğət ehtiyatı əvvəlki nəsillərlə müqayisədə azalıb. Onlar daha az söz işlədir, təkrar edir, sinonimlərdən istifadə etmir. Sosial mediada eyni sözlər dövriyyədədir: "super", "əla", "yaxşı", "pis". Duyğuları ifadə etmək üçün daha çox emoji işlənir. "Sevinirəm" əvəzinə gülən üz emojisi, "kədərliyəm" əvəzinə ağlayan üz.

Amma bu, həqiqətən problem yaradırmı? Dilin əsas funksiyası ünsiyyətdir. Əgər emoji fikri çatdırırsa, niyə söz işlətməlisən? Sosial mediada qrammatika ikinci plandadır. Vergül qoyulmur, nöqtə yoxdur, böyük-kiçik hərf fərqi edilmir. Mətn adətən kiçik hərflə, fasilə olmadan, bir axında yazılır.

"salam necəsən yaxşısanmı görüşəkmi sabah" - belə cümlə sosial mediada normaldır. Punktuasiya, cümlə strukturu, formallıq olaraq heç nə yoxdur. Amma mesaj anlaşılır. Müəllimlər narahatdır ki, bu vərdiş məktəb tapşırıqlarına, imtahanlara keçir. Gənclər elə sosial mediada yazdıqları kimi inşa yazır, test cavablarında vergül qoymur.

Sosial mediada eyni zamanda ingilis sözləri dominant rol oynayır. "Like", "share", "comment", "follow", "story", "reels" - bu sözlər artıq Azərbaycan dilinin tərkibinə keçib. Gənclər danışanda: "Mən storydə paylaşdım, sən like etdinmi? Commentində yazmışam, follow elə məni." Bu cümlə tam anlaşılır, amma yarısı ingilis sözüdür. Bu, dil kasıblaşmasıdırmı? Yoxsa təbii dil inkişafıdır? Tarix göstərir ki, dillər həmişə başqa dillərdən söz alıb. Ərəb, fars, rus sözləri də eynilə belə gəlib Azərbaycan dilinə.

Burdan onu görürük ki, sosial media öz dilini yaradıb. Qısaltmalar, yarı ifadələr hər biri virtual məkanda dominant olan dil kodlarıdır.

"vibe", "mood" kimi bu sözlər gənclərin hər gün işlətdiyi ifadələrdir. Valideynlər, yaşlı nəsil bunları başa düşmür. Nəsillər arası ünsiyyət çətinləşir.

Amma gənclər öz aralarında rahat ünsiyyət qurur bu dillə. Onlar üçün bu, kimlik məsələsidir. "Biz fərqliyik, öz dilimiz var" mesajı verir.

Əsas problem dil deyil, düşüncədir. Qısa mesajlar, qısa videolar, qısa diqqət bunlar düşüncəni də qısaldır. Mürəkkəb fikir ifadə etmək çətinləşir. Nuansları, incəlikləri, dərinliyi göstərmək üçün yer yoxdur. Nəticədə düşüncə sadələşir, primitivləşir. Aristotel deyirdi: "Dil düşüncənin evidir." Əgər dil sadələşirsə, düşüncə də sadələşir. Bu, real təhlükədir. Sosial media insanları oxumaqdan uzaqlaşdırır. Niyə kitab oxuyasan, əgər Instagram-da qısa videolar var?

Oxu azaldıqda, lüğət ehtiyatı təbii şəkildə azalır. Çünki lüğət ehtiyatının əsas mənbəyi oxumaqdır. Kitab, məqalə, esse oxuyan insan yeni sözlərlə tanış olur, ifadə tərzi zənginləşir. Sosial mediada isə hər gün eyni tip məzmun, eyni sözlər, eyni ifadələr təkrar olunur. Nəticədə dil dövriyyəsi dəyişir daha az söz işlənir, daha tez-tez təkrarlanır. Əvvəllər insanlar məktub yazardı, gündəlik tutardı, qeydlər aparardı. Uzun mətn yazmaq bacarığı var idi. İndi bu bacarıq itir.

Tələbələr inşa yazmaqda çətinlik çəkir. 500 sözlük mətn yazmalısan o da bir problemə çevrilir. Çünki gündəlik həyatda 10-15 sözlük mesajlar yazırlar, daha çox yox. Struktur qurmaq, ardıcıllıqla fikir ifadə etmək, arqument gətirmək bunlar itən bacarıqlara çevrilib. Sosial mediada kontekst yoxdur. Qısa mesaj, qısa video nəticəsində heç nə izah edilmir. Nəticədə anlaşılmazlıq, yanlış başa düşmə çoxalır. Twitter-də 280 simvolla mürəkkəb fikir ifadə etmək olmur. İnstagram story-də 15 saniyəyə dərin mövzu sığdırmaq mümkün deyil. Nəticədə hər şey səthiləşir. Amma obyektiv olmaq lazımdır ki,  sosial medianın dil üçün müsbət tərəfləri də var:

Yazı bacarığının yayılması: əvvəllər hamı yazmırdı, indi hamı yazır

Yaradıcılıqda yeni ifadələr icad etmək də yaradıcılıqdır

Çoxdillilik: insanlar bir neçə dildə ünsiyyət qurur, bu da zənginlikdir

Sürətli məlumat mübadiləsi: qısa formalar informasiyanı tez yayır

Maraqlıdır ki, bir çox peşəkar yazıçı, jurnalist, şair sosial mediada aktiv fəaliyyət göstərir. Onlar burada öz üslublarını tapıb.

Twitter-də mikro-esse, Instagram-da qısa nəsr, Facebook-da uzun post - bunlar da ədəbiyyatdır. Yeni format, amma yenə yaradıcılıq.

Deməli, sosial media əsl dilçini məhv etmir. Sadəcə laqeyd olanı daha da laqeyd edir. Sosial media dilimizi kasıblaşdırırmı? Cavab birmənalı deyil.

Bəli, kasıblaşdırır - əgər insan yalnız sosial mediadan istifadə edirsə, kitab oxumur, məqalə yazmır, düşünmür.

Xeyr, kasıblaşdırmır - əgər insan sosial medianı alət kimi işlədir, eyni zamanda oxuyur, yazır, inkişaf edir.

Problem alətdə deyil, istifadə tərzindədir. Bıçaq da öldürə bilər, çörək də kəsə bilər. Sosial media da belədir eyni qaydada kasıblaşdıra da bilər, zənginləşdirə də. Əsas məsələ: biz sosial medianı necə işlədirik? Passiv istehlakçıyıq, yoxsa aktiv istifadəçi? Yalnız scroll edirik, yoxsa düşünüb yazırıq?

Cavab hər kəsin öz seçimindədir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Çərşənbə axşamı, 03 Fevral 2026 17:28

Xalq rəssamı Hüseynqulu Əliyevin doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan təsviri sənətinin və heykəltəraşlığın inkişafında özünəməxsus mühüm xidmətləri olan görkəmli xalq rəssamı, professor Hüseynqulu Əliyevin doğum günüdür.

 

O, 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olub. 1971–1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977–1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil alıb. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləyib.

AMEA-nın prezidenti İsa Həbibbəyli Hüseynqulu Əliyev haqqında yazır:

“Xalq rəssamı Hüseynqulu Əliyevin rəsm əsərlərində təsvir edilən nar dənələri və təbiət təsvirlərindən kompozisiya yaratmaq bacarığı ana xətləri ilə Toğrul Nərimanbəyov məktəbinin onun sənətində yaşayan izləridir. Lakin göründüyü kimi, dünya şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun bədii sənətində onun möhürünə, imzasına çevrilmiş nar kompozisiyaları serialı Hüseynqulu Əliyevin rəsmlərində nar dənələri fraqmentləri formatında davam etdirilmişdir.

Bundan başqa, böyük müəlliminin rəsm əsərlərindəki nar çiçəklərini Hüseynqulu Əliyev daha çox payız ləçəkləri ilə əvəz etmişdir. Mənsub olduğu məktəbin açıq parlaq rənglərini Hüseynqulu Əliyev ala tünd rəng çalarları ilə yeniləşdirmişdir. Hüseynqulu Əliyevin rəsmlərindəki ala və tünd rənglərin harmoniyası onun fikirlərini ifadə edən əsas bədii vasitələrdir.

 Doğrudur, rəssamın təsvirlərində ağ-ala, işıqlı rənglər tünd rənglərlə müqayisədə üstünlük təşkil edir və onun ifadə etmək istədiyi, almaq üçün səy göstərdiyi effekti mənalandırmaq baxımından daha funksionaldır. Hüseynqulu Əliyevin mövzu dairəsi geniş və rəngarəngdir.

O, siyasi portretlərdən tutmuş, dövlət müstəqilliyi ideallarına, Azərbaycan xalqının başına gətirilmiş soyqırım həqiqətlərinə, müasirlərimizin həyatına, təbiət mənzərələrinə qədər demək olar ki, xalqımız və ölkəmiz üçün əhəmiyyətli olan əsas mövzularda fırçasını böyük uğurla sınaqdan çıxarmışdır.

 Mövzusundan asılı olmayaraq Hüseynqulu Əliyevin bütün rəsmlərində, hətta portretlərində də müəyyən kompozisiya vardır. Bütün hallarda o, insanı və təbiəti mühitinin səciyyəvi detalları və dinamikası ilə birlikdə təsvir edir.

 Xalq rəssamının mahir fırçası ilə yaratdığı “Ümummilli lider” portretində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini dünyada tanıtmaq uğrunda apardığı mübarizə istedadla seçilmiş detallarla ifadə olunmuşdur.

Başı üzərində dalğalanan dövlət bayrağımızın və addımlamaqda olan yer kürəsinin təsviri ümummilli liderin mübariz ruhunu və dünya şöhrətini çox dolğun şəkildə mənalandırır. “Akademik Zərifə xanım Əliyevanın portreti” adlı rəsm əsərində alim-ana təbəssümü ilə interyerdə yer almış tər çiçəklər bir-birini tamamlayır.

 Cəlil Məmmədquluzadənin portretini Nəriman Nərimanovla birlikdə təqdim etmək şəxsiyyəti zəmanəsi və tarixi simaları ilə əlaqədə təsvir etmək baxımından mükəmməl alınmışdır.

Xalq rəssamının Azərbaycan romantizminin banisi Hüseyn Cavidə həsr etdiyi rəsm əsərini “Hüseyn Cavidin kompozisiyalı obrazı” adlandırması onun özünün də portret rəsmlərinin kompozisiya zəminində yaratdığının fərqində olduğunu göstərir.

Fikrimizcə, müxtəlif janrlarda çəkilmiş rəsm əsərlərində kompozisiya yaratmaq istiqaməti Hüseynqulu Əliyev sənətinin fərdi özünəməxsusluğunun səciyyəvi xüsusiyyətlərindən biridir.

Xalq rəssamı Hüseynqulu Əliyevin mənzərə janrında çəkdiyi rəsm əsərləri də özünəməxsus rəng çalarlarına və kompozisiya elementlərinə görə təsviri sənətin fərqli səhifələri təəssüratı yaradır. Peyzaj rəsmlərində müşahidə olunan əlavə bir cəhətdə rəssamın realist təsvirlərində romantika elementlərinin olmasıdır.

Yağlı boya ilə çəkilmiş “Naxçıvanda bahar” rəsmində təbiət gözəlliklərinin fonda təsvir edilmiş qürurlu dağların timsalında canlandırılması, hətta yaşıl çəmənlikdə sanki yel qanadlı ağ atların diqqət mərkəzinə çəkilməsi cizgilərdəki reallıqlara romantik görkəm verir.

Natürmort silsiləsi Hüseynqulu Əliyevin peyzaj rəsmlərinin üzvi tərkib hissəsidir. Natürmort rəsmlərindəki təsvirlər sanki onun çəkdiyi mənzərələrdən seçilib ayrılmış və bir qədər böyüdülmüş tablolardır. Bundan başqa, Hüseynqulu Əliyev natürmort əsərlərində də kompozisiyaya meylli sənətkar missiyasını həyata keçirir.

 

 “Dolça ilə natürmort”, “Limonla güllər”, “Şərab ilə balıq”, “Alma ilə yasəmənlər”, “Meyvələrlə qızılgüllər”, “Küpə ilə natürmort”, “Xalça ilə natürmort” və nəhayət, “Venera ilə natürmort” rəsmlərinin adlarındakı “ilə” qoşması natürmortla kompozisiyanın digər tərəf müqabilini bir-biri ilə əlaqələndirən əlamətdir.

Fikrimcə, peyzaj janrında çəkilmiş “Torpaq və adamlar” tablosu xalq rəssamı Hüseynqulu Əliyev sənətinin rənglərini və mahiyyətini tam şəkildə ifadə edən ümumiləşdirilmiş rəsm əsəridir. Hüseynqulu Əliyevin yaradıcılığı başdan-başa doğma torpağın adamlarına və gözəlliklərinə həsr olunmuşdur.

O, Azərbaycan torpağını, yaşayıb-yaratdığı Naxçıvan diyarının gözəlliklərini ilhamla və istedadla rəsm etmişdir. Rəsm əsərlərində ifadə edilən qürurlu, ilhamlı adamlardan biri də Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyevin özüdür.”

 

Hüseynqulu Əliyev 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləyir. Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiridir. Hüseynqulu Əliyev "Koroğlu" və "Bəhruz Kəngərli" heykəllərini (Naxçıvan şəhəri), "Ana abidəsi"ni (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri) hazırlayıb.

Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var. C.Məmmədquluzadənin portreti, "C.Məmmədquluzadə və H.Cavid", "C.Məmmədquluzadə oğlu Midhətlə", "C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti", "Qurbanəli bəy" hekayəsi mövzusunda barelyef, "Saqqallı uşaq", "Konsulun arvadı"  əsərlərinə illüstrasiyalar  və sair əsərləri yaradıb.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün "Ölülər" tamaşasının geyim eskizlərini çəkib. Teatr dekorasiyası sənəti sahəsində də fəaliyyət göstərib. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-2011-ci illərdə Naxçıvan Rəssamlar Birliyinin sədri olub.

1988-ci ildə "Naxçıvan SSR əməkdar incəsənət xadimi", 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb.

 

Kitablar

- Təsviri sənət nəzəriyyəsi(dərs vəsaiti - həmmüəllif Ləman Məmmədova)

- Heykəltəraşlıq və rəssamlıqda insan gözəlliyinin təcəssümü (monoqrafiya - həmmüəllif Ləman Məmmədova)

- İncəsənət tarixi fənninin tədrisi prosesində tələbələrin müstəqil işlərinin təşkili məsələləri (dərs vəsaiti - həmmüəllif Ləman Məmmədova)

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Çərşənbə axşamı, 03 Fevral 2026 10:03

Həmişə qəddar rollarda oynayan aktyor - Hamlet Xanızadə

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bəlkə də özü belə istəyib, bəlkə də, taleyi belə gətirib. O, həmişə qəddar rollarda oynayıb…

 

Bu gün Azərbaycan teatr və kino aktyoru, kino sənətində öz imzasını qoyan sənətkar, əməkdar artist Hamlet Xanızadənin doğum günüdür.

O, 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Burada orta təhsil alıb və atası Bəbir kişi heç onu aktyor görmək istəməyib. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəlib.

 Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olub. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli olub.

İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlib. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim edib. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer alıb. Bilmirəm ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən sevib.

Bir çox tamaşalarda oynayıb. Tərəf-müqabilləri də ki, Azərbaycan teatr səhnəsinin "ulduz"ları olub — Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı. Teatr onun üçün həm də məktəb olub. Hamlet Xanızadə burada püxtələşib, tamaşaçıların qəlbinə yol tapıb. Onu seviblər, alqışlayıblar.

Onun haqqında düşünəndə ilkin olaraq yada Topal Teymur obrazı düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun oynadığı Topal Teymurun qəddar görkəmi uzun zaman tamaşaçıların yaddaşından silinməyib Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib. "Nəsimi" filmində Yusif Vəliyevin oynadığı Topal Teymurla H. Xanızadənin qəhrəmanını müqayisə edəndə oxşar əlamətlər olduğunu aydın hiss etmək olur.

 

"Dəli yığıncağı", "İblis", "Ölülər" və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə oynadığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi. Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktoru böyük sənətkar məharəti ilə yaradıb.

Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynayıb. Kinoya 70-ci illərdə gəlib. Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını xatırlayırsınızmı? Gəray bəyin "vuran əli" olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarıb. Hamlet qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırıb. Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənib.

Filmlərə tez-tez çəkiblər onu. Hərdən dublyaja, "Mozalan"a da dəvət ediblər. Enerjili insan olub. İşləmək onu heç vaxt yormayıb. Təki ürəyincə olan, daha doğrusu, ona "yaraşan" rollar olsun. İlk dəfə "O qızı tapın" filmində kinorejissor Həsən Seyidbəyli çəkib onu. Oynayıb, özünü təsdiq edib. Sonra isə kinorejissor Kamil Rüstəmbəyov Hamleti "Axırıncı aşırım" filmində çəkib.

Kərbəlayı İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birgə Qarabağlar kəndinə yollanan Talıbov Qəmlonun qəzəbinə düçar olub. Talıbov qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır. Aktyorun Kərbəlayının qəbulunda o qorxunc anlardakı simasını xatırlayırsınızmı. Çox istedadla yaradılıb bu səhnələr. Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası olub.

Amma İmaş ("Arxadan vurulan zərbə") tamam başqa ampluada işlənən bir qəhrəmandır. O, həyatın çətinliklərini görüb başı daşdan-daşa dəyib. Həbsxana həyatı da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə belə onun adı hallanır. Amma Qəmərlinskinin öldürülməsindən onun xəbəri yoxdur. Bacısı da bir tərəfdən onun ovqatını korlayır. Xoşu gəlməyən bir nəsildən olan Fazili sevir.

Bu mürəkkəb hadisələr fonunda onun xarakteri açılır. Hamlet bu epizodları elə istedadla, məharətlə ifa edib ki, tamaşaçı əsl aktyor sənətinin şahidinə çevrilib və onu sevməyə bilməyib. Əyninə sırıqlı geyən bu oğlanın taleyinə heç kəs biganə qala bilməyib. "Axırıncı aşırım"da isə onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.

Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırıb. Hamletin bu filmdəki rolu kinomuzun çox maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi isə "Babək" filmində yaradıb.

 

 Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirib, elə özü sevdiyi kimi.

Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınan "Qətl günü" filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazıdır.

Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş "Yaramaz"da (rejissor V. Mustafayev) zavod direktorunu oynayıb. Bu obrazla aktyor müasir rolların da gözəl ifaçısı olduğunu bir daha təsdiq edir. Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edib.

O, rejissorlarla çox asan dil tapıb. Olduqca səmimi, işgüzar bir insan olub. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olub. Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyib. Özü də həvəslə, yorulmadan işləyib.

1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıdıb və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurub. Həmin il fevralın 3-də. Hətta şəhidlərimizin 40-nı görmək belə ona qismət olmayıb. Hamlet Xanızadə çox həssas insan olub.

Millətin, xalqın qeyrətini çəkən, onun yolunda ölümə belə getməyə hazır olan aktyor 20 Yanvar faciəsinin qurbanı olub. Onu Şəhidlər Xiyabanında dəfn etməyiblər, doğma kəndlərinin qəbiristanlığında torpağa tapşırıblar.

Qızı Aygün xanımın müsahibəsindən: "Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyildi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib."

 

49 il ömür sürən Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib.

 

Filmoqrafiya

1. Axırıncı aşırım

2. Əzablı yollar

3. Nizami

4. Gəmi saatının sirri

5. O qızı tapın

6. Günah

7. Özgə ömür

8. Pirverdinin xoruzu

9. Araqarışdıran

10. Xəstəlik mənbəyi

11. Arxadan vurulan zərbə

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- Azərbaycan SSR dövlət mükafatı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü söhbətimiz Türk dövlətlərində varislik problemi və taxt mübarizələri barədədir.

 

Türk dövlətçilik tarixində varislik məsələsi siyasi sabitliyin qorunması baxımından ən mürəkkəb və həlledici problemlərdən biri olmuşdur. Qədim türk xaqanlıqlarından başlayaraq orta əsr imperiyalarına qədər uzanan bu prosesdə taxtın kimə və hansı qaydalarla keçməsi məsələsi dəqiq hüquqi çərçivəyə salınmamış, daha çox törə, tayfa balansı və hərbi-siyasi güc amilləri ilə müəyyən edilmişdir. Bu vəziyyət tez-tez daxili çəkişmələrə, qardaşlar və qohumlar arasında silahlı mübarizələrə, hətta bəzi hallarda dövlətlərin zəifləməsinə və parçalanmasına səbəb olmuşdur.

Erkən türk xaqanlıqlarında hakimiyyət anlayışı sülalə üzvlərinin hamısına məxsus “ortaq hakimiyyət hüququ” prinsipi üzərində qurulurdu. Xaqan nəslinə mənsub olan hər bir kişi üzv potensial varis hesab edilir, taxt isə ən güclü, nüfuzlu və hərbi dəstəyə malik olan şəxs tərəfindən əldə edilirdi. Bu model bir tərəfdən dövlətin çevik və hərbi cəhətdən güclü liderlə idarə olunmasını təmin etsə də, digər tərəfdən daimi hakimiyyət mübarizəsi riskini artırırdı. Göytürk və Uyğur xaqanlıqlarının tarixində tez-tez baş verən üsyanlar və hakimiyyət dəyişikləri bu sistemin ziddiyyətli mahiyyətini açıq şəkildə göstərir.

Orta əsrlərdə formalaşmış türk-islam dövlətlərində varislik problemi yeni dini-hüquqi çərçivələr daxilində davam etmişdir. Səlcuqlu dövlətində taxtın ailənin böyük oğluna keçməsi prinsipi formal olaraq qəbul edilsə də, əyalətlərin şahzadələr arasında bölüşdürülməsi gələcək taxt mübarizələrinin əsasını qoyurdu. Atabəylik sistemi şahzadələrin idarəçilik təcrübəsi qazanmasına xidmət etsə də, eyni zamanda onların müstəqil hərbi-siyasi güc mərkəzlərinə çevrilməsinə səbəb olurdu. Nəticədə sultanın ölümündən sonra qardaşlar və əmioğlular arasında uzunmüddətli mübarizələr baş verirdi ki, bu da mərkəzi hakimiyyətin zəifləməsinə gətirib çıxarırdı.

Osmanlı dövlətində varislik problemi daha sərt və sistemli həll yolları ilə tənzimlənməyə çalışılmışdır. Erkən dövrdə açıq taxt mübarizələri dövlətin mövcudluğunu ciddi təhlükə altına saldığından, sonralar “nizam-ı aləm” anlayışı çərçivəsində qardaş qırğını qanuniləşdirilmişdir. Bu tədbir siyasi baxımdan dövlətin bütövlüyünü qorumağa yönəlsə də, mənəvi və insani baxımdan ciddi mübahisələr doğurmuşdur. XVII əsrdən etibarən isə şahzadələrin saray daxilində saxlanılması ilə bağlı “kafes sistemi” tətbiq edilmiş, lakin bu da təcrübəsiz və psixoloji cəhətdən zəif sultanların hakimiyyətə gəlməsinə səbəb olmuşdur.

Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərində varislik mübarizələri daha çox tayfa ittifaqları və hərbi elitlərin maraqları ilə sıx bağlı olmuşdur. Xüsusilə Səfəvi dövlətində Qızılbaş tayfalarının siyasi çəkisi şahzadələrin hakimiyyətə gəlməsində həlledici rol oynamış, bu isə tez-tez daxili qarşıdurmalar və üsyanlarla nəticələnmişdir. Varislik məsələsində dini legitimlik, sülalə mənsubiyyəti və hərbi güc arasında tarazlıq yaradılmadıqda dövlətin sabitliyi ciddi şəkildə sarsılmışdır.

Beləliklə, türk dövlətlərində varislik problemi yalnız hüquqi və ya sülalə məsələsi deyil, eyni zamanda siyasi mədəniyyətin, hərbi təşkilatlanmanın və sosial strukturun birbaşa göstəricisi olmuşdur. Taxt mübarizələri bir tərəfdən güclü liderlərin önə çıxmasına imkan yaratmış, digər tərəfdən isə bir çox hallarda dövlətlərin zəifləməsinə, parçalanmasına və tarixi səhnədən silinməsinə səbəb olmuşdur. Bu baxımdan varislik problemi türk dövlətçilik tarixində həm davamlılıq, həm də böhran mənbəyi kimi çıxış etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Çərşənbə axşamı, 03 Fevral 2026 13:29

Qərbi Azərbaycan ziyalıları: Cəfər Xəndan

        

Nigar Xanəliyeva, "Ədəbiyyat və İncəsənət"                                                                                                                                                         

                                                                                                                                              

Cəfər Zeynal oğlu Hacıyev (ədəbi mühitdə Cəfər Xəndan kimi tanınır) 8 may 1910-cu ildə İrəvanda anadan olmuş, 10 avqust 1961-ci ildə vəfat etmişdir. Onun doğulduğu yer barədə mənbələrdə müəyyən fərqliliklər mövcuddur: bəzi tədqiqatlarda Uluxanlı mahalının Ağhəmzəli kəndi, digərlərində isə Ağhəmzəliyə bitişik Cəbəçəli kəndi doğum yeri kimi göstərilir. Eyni zamanda, təvəllüd ili ilə bağlı da ziddiyyətli məlumatlara rast gəlinir; bir sıra mənbələr 1910-cu ili, bəziləri isə 1911-ci ili qeyd edir.

 

1918-ci ildə İrəvanda azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdunu tərk edərək Gəncəyə sığınmağa məcbur olmuşdur. Bu ağır dövrdə o, valideynlərini itirmiş, bir müddət bacısı ilə birlikdə uşaq evində yaşamışdır. Təhsil yoluna Gəncə Pedaqoji Texnikumunda başlayan Cəfər Xəndan daha sonra Pedaqoji İnstitutun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsini bitirmişdir. Tələbəlik illərində paralel olaraq işçi fakültəsində müəllim kimi çalışması onun pedaqoji fəaliyyətə erkən başlamasından xəbər verir.

Elm sahəsinə dərin marağı onu aspiranturaya gətirmiş, bundan sonra o, institutda Ədəbiyyat kafedrasında əvvəlcə assistent, daha sonra dosent vəzifələrində çalışmışdır. Zaman keçdikcə Cəfər Xəndanın elmi və təşkilati fəaliyyəti daha da genişlənmişdir. O, M.F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həmçinin Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi kimi məsul vəzifələrdə çalışmışdır.

Bu dövrdə o, pedaqoji və elmi fəaliyyəti ilə yanaşı jurnalistika sahəsində də fəal olmuşdur. Cəfər Xəndan “Ədəbiyyat” qəzetinin məsul katibi, “Gənc işçi” qəzetində isə Ədəbiyyat şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 1939-cu ildə “Proletar inqilabçı şair Sabir” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

 

1941-ci ildə müharibənin başlanması ilə Cəfər Xəndan ordu sıralarına çağırılmış, siyasi rəhbər və hərbi jurnalist kimi müxtəlif cəbhələrdə fəaliyyət göstərmişdir. O, siyasi şöbələrdə təlimatçı kimi çalışmış, “Vətənin şərəfinə”, “Qələbəyə doğru”, “Vətən yolunda” adlı cəbhə qəzetlərində məsul redaktorun müavini olmuşdur. Müharibədən sonra Azərbaycan Dövlət Universitetində (indiki BDU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, “Kommunist” qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri və 1947–1949-cu illərdə universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 1948-ci ildə “1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1949-cu ildə professor elmi adına layiq görülmüşdür.

1950-ci ildə Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru seçilmiş və dörd il bu ali təhsil ocağına rəhbərlik etmişdir. Onun həyatının mühüm mərhələsi universitetlə bağlı olmuş, uzun illər dosent, dekan, rektor və 1952–1961-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.

Cəfər Xəndanın yaradıcılığı 1930-cu ildən etibarən dövri mətbuatda görünməyə başlamış və zəngin, çoxşaxəli xarakter daşımışdır. Poeziya onun yaradıcılığında mühüm yer tutmuşdur. 1936-cı ildə Mikayıl Müşfiqin redaktəsi ilə nəşr olunan “Bəyaz gecələr” adlı ilk şeirlər kitabı bunun bariz nümunəsidir. Sonrakı illərdə “Cəbhə” şeirləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) kitabları çap olunmuşdur.

Cəfər Xəndan həm də klassik irsin tədqiqi və tərcüməsi sahəsində mühüm xidmətlər göstərmiş, Nizami, Xaqani, Ömər Xəyyam, Heyran xanım kimi sənətkarların əsərlərini ilk dəfə Azərbaycan dilinə çevirmişdir. O, ana dilində ilk “Müasir Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifi olmuşdur. 1940-cı ildə nəşr etdirdiyi “Sabir” monoqrafiyası sabirşünaslıqda ilk genişhəcmli elmi tədqiqat kimi xüsusi əhəmiyyət kəsb edir. Alimin Cənubi Azərbaycan ədəbiyyatına dair ikicildlik fundamental əsəri, eləcə də “Azərbaycan ədəbiyyatı tarixi” ilə bağlı tədqiqatları da elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Repressiyadan sonra uzun müddət qadağan edilmiş Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan ilk monoqrafiyanın müəllifi də məhz Cəfər Xəndandır (1956). O, akademik M. Ariflə birgə orta məktəblər üçün “Sovet ədəbiyyatı” dərsliyini (1957) yazmış, bu əsər sonradan dəfələrlə yenidən işlənərək nəşr olunmuşdur.

Cəfər Xəndan əsasən XX əsr və müasir Azərbaycan ədəbiyyatının tədqiqinə üstünlük vermiş, bu sahədə bir sıra mühüm monoqrafiyalar çap etdirmişdir. Onun “Sabir” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Sovet ədəbiyyatı” (I–II hissələr, 1952), “C. Cabbarlının həyat və yaradıcılığı” (1954), “Molla Nəsrəddin” (1956), “Mikayıl Müşfiq” (1956), “Şairin həyatı” (1961) kimi əsərləri Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutur. Alim Sabir mövzusuna yenidən qayıdaraq “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı fundamental tədqiqatını da qələmə almışdır.

Ədəbiyyat nəzəriyyəsi sahəsində də müntəzəm fəaliyyət göstərən Cəfər Xəndan “Bədii ədəbiyyatda tipiklik”, “Ədəbi stil, metod və cərəyan haqqında”, “Ədəbiyyat nəzəriyyəsinin inkişaf yolları haqqında”, “Bədii ədəbiyyatın əsas predmeti” kimi elmi məqalələr yazmışdır. Onun pedaqoji fəaliyyəti xüsusilə diqqətəlayiqdir: o, ömrünün otuz ildən artıq bir hissəsini müəllimlik işinə həsr etmişdir.

Cəfər Xəndan eyni zamanda fəal ictimai xadim olmuş, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı və Azərbaycan KP MK-nın üzvü seçilmişdir. O, xidmətlərinə görə “Qırmızı Ulduz” (1942), “Qırmızı Əmək Bayrağı” (1946), “Şərəf nişanı” ordenləri, eləcə də “Qafqazın müdafiəsinə görə” və “Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

2 fevral 2026-cı il tarixdə “Səhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlərə uyğun olaraq Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncliyi Günü münasibətilə tədbir keçirilib.

 

Beyləqan rayon Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayon üzrə mədəniyyət müəssisələrinin, Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, rayonun tam orta ümumtəhsil məktəblərinin müəllimləri və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər bu əlamətdar günün dövlət səviyyəsində qeyd olunmasının gələcəyimiz olan gənclərə Ulu öndər Heydər Əliyev tərəfindən bəxş edilməsindən, bu əlamətdar günün müasir tariximizdə ən əhəmiyyətli tədbirlərdən biri olaraq gənclərin bir araya gəlməsindəki mühüm rolundan, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən də gənclərə daim diqqət və qayğı göstərməsindən, göstərilən qayğı nəticəsində gənclərin  cəmiyyətin, dövlətin  ictimai-siyasi, sosial-iqtisadi və təşkilati-hüquqi həyatında yaxından iştirak etməsindən geniş bəhs ediblər.

Bədii hissə ilə davam etdirilən tədbirdə Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbinin hazırladığı bir-birindən şən musiqilər və rəngarəng rəqslər təqdim edilib.

Sonda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Dövlət gənclər siyasətinin həyata keçirilməsindəki fəaliyyətinə və rayonun mədəni həyatında fəal iştirakına görə ‎bir qrup gəncə MİHİ-nin Beyləqan rayon Komitəsi tərəfindən Fəxri-Fərmanlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

İmişli rayonunun Heydər Əliyev Mərkəzində “2 fevral – Gəncləri günü” münasibətilə tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun fəal gəncləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.    

     Giriş nitqi ilə çıxış edən icra başçısı Müstəqil Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə ürəkdən təbrik edərək, onlara xoşbəxt gənclik, möhkəm sağlamlıq və uğurlu gələcək arzulayıb. Qeyd edib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli və aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. İcra başçısı həmçinin vurğulayıb ki, Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyaclarının həlli, eləcə də gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlar dövlətin bu sahəyə göstərdiyi böyük diqqətin nəticəsidir. Azərbaycanda gəncliyə dövlət qayğısının gələcəyə hesablanmış bir siyasət olduğunu və bu siyasətin sağlam, intellektual nəslin formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Digər çıxış edənlər ölkədə və İmişli rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıblar.

    Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də elm sahələrində fərqlənən bir qrup fəal gəncə Fəxri Fərman təqdim olunub, sonda isə xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Çərşənbə axşamı, 03 Fevral 2026 11:28

Kitabulla, Cinayət, Türmə... Ad deyil, ömürlük cəzadır

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bir uşağın adı onun ilk vizit kartıdır. Amma bu kart bəzən ömürlük damğaya çevrilir.

 

 Müəllim sinifdə səslənir:

– Cinayət, lövhəyə çıx.

Sinifdə bir anlıq sükut olur. Uşaq yerə baxır, ayaqları soyuq döşəməyə yapışır, içindən keçir: “Niyə məni belə çağırırlar? Mən nə etdim ki?” Bəziləri gülür, bəziləri pıçıldayır: “Onsuz da belə olacaq…”

Müəllim əyilir, gözünü uşağın üzünə dikir:

– Türmə, sən cavab ver.

Uşaq susur. Cavab gəlmir, qəlbi sıxılır. O, hələ heç öyrənməyib ki, ad onun üçün bir yük ola bilər.

Evə qayıdır. Ana qapının ağzında səslənir:

– Cinayət, gəl yeməyə!

Uşaq masaya oturur, boş qablar kimi hələ də susur. Qonşu pəncərədən baxır, pıçıldayır:

“Bu nə gündür belə?”

Uşaq başını əyir, sanki dünya onun üzərinə yığılıb. Bazarın ortasında bir qadın çağırır:

– Türmə, buraya gəl!

Gülüşlər səslənir, amma uşağın qulaqlarında yalnız damğalar, pıçıldayan sözlər qalır.

Kitabulla, Külək, İstifa, Şam, Göyərçin… bəziləri bir az yüngüldür, amma yenə də fərqlilik və lağ obyektinə çevrilmə riski var. Ronaldo, Aprel, Çaydagül, Başxanım, Ramzes, Nərbala, Toyxanım, Lənkəran, Ciyərxan… və ən ağırları: Cinayət, Türmə. Bunlar artıq uşağa qoyulan ad deyil. Bunlar onun həyatına yapışmış damğadır.

Həmin şəxs iş müsahibəsinə gedir. CV-də adı oxunur:

Ad: Cinayət…

Müsahibəçi qısa bir anlıq susur. Gülümsəyir, amma içdən “problemli tip” damğası vurulub. Uşaq isə bilir: Bu, onun günahı deyil, amma sosial dünyası artıq onu mühakimə edir.

Uşaq adını seçməyib, amma ad onunla yaşayır. Onun bir günahı olmasa da özünü daim günahkar hiss edir. Səbəb isə kimdir? Valideyn...

Məktəbdə sinif yoldaşlarının gülüş obyektinə çevrilir, bəzən susur, bəzən aqressivləşir, bəzən də utanır. Psixoloqlar deyir: uşağın adı onun sosial uyğunlaşmasına və psixikasına birbaşa təsir göstərir. Hər gün çağırıldığı sözlər, gülüşlər, pıçıldananlar – hamısı içində iz buraxır, özünə inamını sınayır, ruhunu yavaş-yavaş formalaşdırır.

Və bir gün o böyüyəcək, soruşacaq:

– Mənim adımı seçəndə, gələcəyimi düşündünüzmü? Məktəbdə çağıranda necə səslənəcəyimi düşündünüzmü? Bu adla yaşamağın nə demək olduğunu heç təsəvvür etdinizmi?

Ad sadəcə söz deyil. Ad təəssüratdır, etikettir, bir ömrün damğasıdır. Uşaq adı oyuncaq deyil, trend deyil, şou deyil. Uşaq eksperiment sahəsi deyil. Ad qoyursansa, taleyə toxunursan. Bir sözlə, ya qoruyursan, ya da yaralı qoyursan.

Hər gün evdən çıxanda, sinifdən qayıdanda, iş müsahibəsində bu adlar onunla gedir. Ona görə də valideynlər uşaqlarına ad qoyarkən düşünməlidirlər ki, gələcəkdə bu ad həmin insanın sosial çevrəsinə mane olmayacaq və onun psixologiyasına mənfi təsir göstərməyəcək. Çünki uşaq adını seçmir, amma cəmiyyət onu o adla mühakimə edir və uşağın gələcəyinə damğa vurur.

Uşağın adı onun dünyaya açdığı ilk pəncərədir. Və hər pəncərə aydın, işıqlı olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

 

 

Fatimə Məmmədova

61 -dən səhifə 2748

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.