“Tələbə yaradıcılığı”nda Nuray Fərzəliyevanın essesi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Tələbə yaradıcılığı” rubrikasında bu gün Ağdam Dövlət Sosial- İqtisad Kollecinin 3-cü kurs tələbəsi Nuray Fərzəliyevanın “Yazılmayanlar” adlı essesi təqdim edilir.

 

Bu gün yenə yazmaq istədim.

Yenə alınmadı.

 

Bilmirəm nə vaxtdan belə oldu, sanki içimdə sözlər var, amma mənə aid deyillər. Elə bil kiminsə yad fikirlərini daşıyıram, amma onları dilə gətirə bilmirəm. Qələmi götürürəm, bir-iki cümlə yazıram, sonra dayanıram. Çünki hiss etdiyim şeylər sözlərdən böyükdür. Onları yazmaq, kiçiltmək kimi gəlir mənə. Bəlkə də problem elə bundadır.

Bəlkə də bəzi hisslər yazılmaq üçünyox, sadəcə yaşanmaq üçündür. Amma yaşamaq da asan deyil. İçimdə dayanmadan danışan bir mən” var. Heç susmur. Sanki gecə-gündüz mənimlə mübahisə edir, suallar verir, cavabları yarımçıq qoyur. Bəzən kimsə mənimlə danışanda belə onu dinləyə bilmirəm. Baxıram, başımı tərpədirəm, amma əslində tam başqa yerdəyəm. Öz içimdə.

 

Bu düşünmək deyil artıq.

Bu - batmaqdır.

 

Hər şeyi eyni anda düşünmək keçmişi, gələcəyi, deyilənləri, deyilməyənləri və ən çox da deyə bilmədiklərimi. Deyə bilmədiklərim içimdə böyüyür, ağırlaşır, yer tutur. Elə yer tutur ki, nəfəs almağa belə yer qalmır bəzən. İnsan ən çox da inciməyə haqqı olmayanlardan inciyəndə dəyişir. Elə sakit, elə səssiz dəyişir ki, heç kim fərq etməz. Mən də fərq etmədim. Sadəcə bir gün özümü əvvəlki kimi hiss etmədiyimi anladım. Əvvəllər hər şey daha sadə idi sanki. Gülmək daha asan, inanmaq daha təmiz idi. İndi isə hər şeyin arxasında bir ehtiyat, bir qorxu var. Sanki içimdə bir şey qırılıb və mən onu necə düzəldəcəyimi bilmirəm.

 

Deyirlər, incimə.

Deyirlər, güclü ol.

Deyirlər, boş ver.

 

Amma heç kim demir ki, insan necə “boş versin” içində daşıdığı şeyi. Mən insan olmağı sevirəm. Həqiqətən sevirəm. Hiss etmək sevmək, mərhəmət hissi, bir uşağın cümləsi ilə gününün dəyişməsi - bunlar gözəldi. Hətta bəzən incimək də gözəldi. Çünki demək ki, hələ də hiss edirəm. Hələ də daşlaşmamışam.

 

Amma bu boşluq

Bu heç getməyən hiss…

 

Onu sevmirəm. Adını qoya bilmirəm. Nədir bu? Darıxmaq? Yorğunluq? Yoxluq? Yarım qalmaq? Bilmirəm. Sadəcə var. Daim var. Sanki içimdə bir yer boşdur və nə etsəm dolmur. Nə ilə doldurmağa çalışsam, bir müddət təsir edir, sonra yenə eyni hiss. Yenə eyni ağırlıq. Bəzən elə olur ki, hər şey qaydasındadır. Heç bir problem yoxdur. Amma içimdə yenə də nəsə çatmır. Elə bir şeyki, nə olduğunu bilmədiyim üçün tapa da bilmirəm. Ən çətini də budur. Bilə-bilə acı çəkmək deyil bu. Bilmədən acı çəkməkdir. Və ən qəribəsi, mən buna öyrəşirəm. Gün keçir, mən bu boşluqla yaşamağa alışırmış kimi oluram. Onu daşıyıram, onunla gülürəm, onunla danışır, onunla susuram. Heç kim anlamır. Bəlkə də anlamalı deyil. Amma mən anlayıram. Və bu bəzən yetərli olmur.

 

Mən insan olmağı sevirəm…

Amma bu hisslərin məni belə yormasını sevmirəm.

 

Mən yaşamağı sevirəm…

Amma içimdə bu qədər səssiz qırılma ilə yaşamağı sevmirəm.

 

Və bəlkə də bu yazdıqlarım əslində heç yazılmayanlardır. Çünki ən dərin hisslər hələ də içimdədir. Hələ də adını qoymadığım, hələ də deyə bilmədiyim şəkildə. Bəlkə bir gün yaza bilərəm. Bəlkə bir gün bu boşluq dolmaz, mən onunla barışaram. Amma bu gün sadəcə yazmağa çalışdım. Və yenə tam alınmadı.

 

Dostum, bəlkə də biz heç vaxt tam izah olunmayacağıq. Bəlkə də heç kim bizi tam anlamayacaq,tta özümüz belə. Amma yenə də burdayıq. Yarımçıq qalan cümlələrimizlə, deyilməyən sözlərimizlə, içimizdə yığılıb ağırlaşan o hisslərlə… burdayıq.Ssəssiz, amma yox olmadan. Bəlkə də kifayət edən elə budur, çünki hər şeyin bir adı olmaq məcburiyyətində deyil. Hər hiss izah olunmaq üçün yaranmır. Bəziləri sadəcə var olur. Və biz o ağırlığın içində itməyi yox, qalmağı öyrənirik. Bəlkə heç nə dəyişməyəcək. Bəlkə o boşluq həmişə bir az bizimlə qalacaq. Amma bir gün o hissin içində itib yox olmağı dayandıracağıq. Onu daşıyaraq, amma onun altında əzilmədən.

O vaxta qədər isə susmaq da bir yazıdır. Yazılmayanlar da danışır.

 

Və biz hələ də o səssizliyin səsində özümüzü və səssizliyin səsini anlamağa çalışacayıq.

 

Ədəbiyyat və incəsənət

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.