
Super User
Azərbaycanın ilk repçisi Anar Nağılbazın bu gün anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Anar Cəbiyev idi, sonradan özünə Nağılbaz təxəllüsü götürdü, rəsmən ölkənin ilk repşisi hesab edilir. Tanındı, sevildi. Sonra səhvlər buraxdı, bu səhvlərdən biri də onun həyatını bitirdi. Bu gün onun anım günüdür. Məncə, bu gün onu çox adam xatırlayacaq. Ən azından, əzizləri, dostları, üstəlik, minlərlə dinləyicisi, pərəstişkarı.
Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Bakıda millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib. Ailənin sonuncu övladı və evin son beşiyi olub. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.
Musiqiyə, yeni musiqi cərəyanlarına hələ uşaqlıqdan marağı olub. 1988-ci ildən hip-hopa maraq göstərməyə başlayıb. 1990-cı ildə Krımda, SSRİ-nin qabaqcıl məktəblilərinin dincəldiyi Artek pioner düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa edib. Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib.
14 yaşından məqalələr də yazıb, 1990–1992-ci illərdə "Kirpi" jurnalının, 1993–1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. Reper kimi ilk səhnə çıxışı 1991-ci ilin iyulun 28-də Azərbaycan Dövlət Mahnı Teatrında olub. Özünün sözlərinə görə, ilk çıxışları cəmiyyət tərəfindən qarışıqlı qarşılanıb:
"Səhnəyə ilk dəfə rep gətirdim. Bu, insanlar tərəfindən gözəl qarşılansa da, bəzi mental dəyərləri qabardan insanlar da var. Hətta Əmircan Mədəniyyət sarayında bizi pomidor atəşinə tutublar. Çünki sizin dediyiniz kimi bu, ilk sayılan repə qarşı vətəndaşların bir-birinə uymayan fərqli mövqeləri idi."
1992-ci ildə "Canlı klip şou" rep bəstəsini ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısıyla populyarlıq qazanıb. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Bakı Dövlət Sirkində çıxıb. Azərbaycan KİV-ləri Anar Nağılbazı "Azərbaycan repinin atası" kimi işıqlandırıb.
1997-ci ildə ilk albomu işıq üzü görüb. Həmin ildə "Bakı oğrusu" bədii filmini çəkib. 2012-ci il iyulun 2-də Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.
Sonra həyatını sındıran o hadisə olub. Təfərrüatına varmayacağam. Özünü müdafiə etməkdə aciz qalıb. Tədricən, sbu depressiv, məyus, məğlub halı səhhətində də əks olunub. Serrozdan əziyyət çəkib...
Anar Nağılbaz 2018-ci il avqustun 4-də işdən evə qayıdandan sonra vəziyyəti pisləşib. Ailəsi ona təcili yardım maşını çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib. Cəmi 42 yaşında.
Azərbaycan mətbuatında repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi nəticəsində daxili qanaxma kimi qeyd olunub.
Sənətçi Masazır qəbiristanlığında torpağa tapşırılıb.
Diskoqrafiya
1. Sənə nə var, alə mən nə bilirəm (Remix)
2. Dovşan və canavar
3. Sadə qız və dəli (feat. Eka)
4. Hakimə məktub
5. Xatirə
6. Hacı Məmməd (Remix)
7. Son görüş
8. Alo-alo"
9. Leyla və Məcnun
10. Eh, deyəcəksən ki...(Remix)
11. Əlibala dolana bilir (Remix)
12. Bahar gəlir, əzizim
13. Qəribə həyat
14. Gəl gülüm - Come baby
Filmoqrafiya
- Bakı oğrusu — Anar
Həyat bax beləcə qəddardır. Ucaldır da, ucalıqdan yerə çırpır da.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
ANAR, “O gecənin səhəri”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR
O GECƏNİN SƏHƏRİ
Hekayə
37-ci il gecəsi.
Bakının sakit küçələrindən biri.
Küçənin ağzında iki böyük ev qarşı-qarşıya durub – ütü kimi ağır iki ev.
Evlərdən o tərəfə balaca bir bağ var.
Torpaq suyu hopduran kimi, küçə də gündüz səslərini – danışıq, addım, təkər səslərini elə bil canına çəkib udub.
Bağ boşalıb, gülüşsüzləşib: skamyanın zolaqları yazı – ləkəsiz mil-mil dəftər vərəqlərinə oxşayır.
Tək bircə skamyada – üstünə qırıq qanad kimi ağac budağı sallanmış skamyada – iki nəfər bir-birinə qısılıb; oğlan qızın saçını sığallayır.
Bağ, küçə, evlər qaranlığa qərq olub. Yalnız sağ əldəki dördmərtəbənin bir pəncərəsindən gecəyə zəif işıq süzülür.
Hamı yatıb. Amma hamı səksəkəli yatıb.
Gecə təxminən saat iki radələrində küçənin səssizliyi xırçıltıyla iki bölündü – dördmərtəbəli binanın qabağında maşın dayandı.
Yeyin gələn və qəfil dayanan maşından paslı tormoz səsi ev sakinlərinin yuxularını sanki bıçaqla kəsib atdı.
Heç kəs yatağından durmadı. Heç kəs eyvana çıxmadı. Heç kəs pəncərəyə yanaşmadı.
Çarpayılarında uzanmış adamlar qulaqlarını bir nöqtəyə zillədilər.
Dördmərtəbəli evin birinci mərtəbəsində bir nömrəli mənzildə sinli ər-arvad yaşayırdı.
Bəşir kişi domkom idi.
Arvadının adı Züleyxa idi.
Züleyxa yuxuda kəndlərini görürdü. Komalarının bacasından ağappaq tüstü qalxırdı. Kimsə bərkdən çığırdı: Ay qız, Züleyxa, apar bu qab-qacağı pak elə gətir, harda qaldın, ay qız? Züleyxa yaxınlaşıb çağıranı tanıdı – anası idi.
Domkom Bəşir yuxuda çay içirdi. Pürrəngi çay armudu stəkanda ləzzətlə buğlanırdı.
Maşın dayanışı ikisini də birdən oyatdı. Dinləməyə başladılar: maşının qapıları açıldı.
Züleyxa pıçıltıyla:
– Allah, sən özün xətadan saxla, – dedi. İndicə gördüyü yuxunu yada salmaq və yozmaq istədi: su – aydınlıqdı, anası...
Maşının qapısı çırpıldı.
Züleyxa:
– Allah, sən özün xətadan saxla, – dedi.
Addım səsləri eşidildi. Addım səslərinə görə Bəşir gələnlərin neçə nəfər olduğunu təyin etməyə çalışırdı: üç, ya dörd.
Binanın giriş qapısı açıldı.
Addımlar lap yaxında eşidilirdi – Bəşirgilin qapısının ağzında.
“Görəsən, bu gecə kim getdi?” – Bəşir bu barədə düşünürdü.
Addım səsləri onların qapısından ötdü.
Bəşirin qapısıyla üzbəüz iki nömrəli mənzildə qoca dul bir arvad – Zəhra qarı yaşayırdı. Onun iki otağı vardı. Kişisi rəhmətə gedəndən bəri otaqlarının birini kirayə vermişdi.
Zəhra xalanın qulağı bir az ağır eşidirdi, özü də bərk yatırdı. Qulağının dibində top da atsaydılar, oyanmazdı. İndi də oyanmadı.
Kirayənişini Səkinə adlı makinaçı idi. Səkinə otuz iki yaşlı, mülayim xasiyyətli, sifəti çirkin, başıaşağı bir qız idi.
Maşın qapıda dayanan kimi o, dərhal oyandı. Nigarançılıqla dinləməyə başladı. Addım səsləri onların mənzilinə yanaşdığı müddətdə Səkinənin başından əlli iki min fikir keçdi. Fikirlər onun beynində civə kimi xırda-xırda bölünüb dığırlanır, yenə qayıdıb toplanır, yenə parçalanır, yenə birləşirdi... Yaxşı, bircə hərfin üstündə ola bilməz, Əhmədovdan başqa heç kəs bilmir, Əhmədov heç belə şey edər? Yox-yox, düzdü, söz mühüm sözdü, gərək elə belə sözdə çaşaydım, andıra qalmış “z” hərfi gərək elə “p” hərfinin yanında olaydı. Yox, inanmıram, Əhmədov elə şey etməz. Amma adamdı, bilmək olmaz, bəlkə öz canının qorxusundan... yox, qorxaq adam deyil, yaxşı, axı kabinetdə ikimiz idik. Kim bilə bilərdi, bəlkə məndən ürküb? Mən də gərək elə belə sözdə səhv eləyəydim, yəni kimin ağlına gələ bilərdi ki, bir hərflə belə məna dəyişər, indi necə isbat eləyəsən ki, qəsdən yox, təsadüfən belə çıxıb, axı niyə qəsdən eləyim?! Balaca adamam, kimlə nə işim var, yüz varaq şey yazıram, bir hərf, əşi yox, Əhmədov kişi adamdır, məni tez-tez danlasa da, elə namərdlik eləməz, yox, yox, ola bilməz, inanmıram, amma nə deyəsən, yox axı...
Səkinə başının altından özü tikdiyi naxışlı dəsmalını çıxarıb alnından soyuq təri sildi, addım səsləri pilləkənlərdən eşidilirdi.
İkinci mərtəbədə üç nömrəli mənzil Surxayın mənzili idi. Surxay subay bir memar idi. Küçəyə süzülən işıq onun pəncərəsindən süzülürdü. Surxay işləyirdi. O, yeni məktəb binası layihəsini qurtarıb sabah təhvil verməli idi. Odur ki, bütün gecəni işləyirdi.
Surxayın başı layihəyə elə qarışmışdı ki, heç nədən xəbəri yoxdu. O nə qapılarında dayanan maşının tormoz xırçıltısını, nə də addım səslərini eşitmişdi. İndi addımlar lap onun qapısının ağzında səslənəndə də eşitmədi, addım səsləri ötüb keçdi. Dörd nömrəli mənzilə tərəf yönəldi.
Dörd nömrəli mənzildə yaşayan Qurban kişi köhnə firqəçi idi.
Son üç ay ərzində hər gecə Qurban kişi çarpayının yanına iki dəst təmiz alt paltarı, diş tozu, dişsilən və üç parça sabun qoyurdu – hələ lap cavanlıqdan dostları ona vasvası deyirdilər.
Maşın dayanan kimi Qurban kişi gözlərini açdı. O hələ yuxulamamışdı. Axır vaxtlar pis yatırdı. Amma sakit və toxtaq idi.
Addım səsləri pillə-pillə qalxanda Qurban kişi: “Deməli, 37-ci il aprelin 14-ü”, – deyə düşündü.
İnsan ömrünün bir neçə ən vacib günü olur – yaddaşında həkk olunan günlər, doğulduğu gün, ilk sevgi günü, ata-analıq günü, əzizinin matəm günü, böyük ümidinin doğulduğu gün – yaddaşında həkk olunan günlər, bir də bir gün – yaddaşda həkk olunmayan, yaddaşın sönən günü – ölüm günü – insan ömrünün ən vacib günləri.
Addım səsləri Qurban kişinin qapısına tərəf yaxınlaşdı.
Qurban kişi: “14 aprel” deyə bu rəqəmi təkrar edir və nədənsə ömrünün ən vacib günlərini yaddaşında canlandırırdı.
7 dekabr. 1903-cü il. İlk gizli tələbə yığıncağı. 18 avqust. 1904-cü il. İlk tələbə nümayişi.
28 aprel. 1920-ci il. Bakı. İnqilab səhəri.
22 fevral. 10 sentyabr. 8 iyul.
Çar sürgünləri.
İnqilab illəri.
Vətəndaş müharibəsi.
5 oktyabr. Filankəslə son ciddi toqquşma.
O gündən bəri keçən yeddi ay ərzində Qurban kişi ömrünün bir vacib gününü, daha doğrusu, bir vacib gecəsini də gözləmişdi. Hər gecə gözləmişdi. Bu gecəni gözləmişdi.
“Deməli, 14 aprel gecəsi”.
İndi artıq Qurban kişi bu tarix haqqında yox, başqa bir tarix haqqında düşünürdü. O bilirdi ki, bu gecə ömrünün vacib tarixlərindən biri olsa da, son vacib tarix deyil. O bilirdi ki, ömrünün bir vacib günü – bir vacib səhəri də var. Doğruya, ədalətə açılan səhər. Bu səhər haçan açılacaq? Hansı gün? Hansı ay? Hansı il?
Addım səsləri Qurban kişinin qapısına dirəndi.
Qurban kişi qapıya durmaq üçün çarpayısında dirəkləndi, ayağını sallayıb qaranlıqda gecə məstini axtardı. Yalın ayaq döşəməyə toxunub üşüdü, əsasıyla yol axtaran kor kimi qaranlıqda vurnuxub məsti tapdı.
Qurban kişi sağ ayağını məstə keçirdi, sol ayağını keçirmədi, hərəkətsizləşib qaldı, pillə-pillə uzaqlaşan addım səslərinə təəccüblə qulaq verdi.
Üçüncü mərtəbədə iki mənzil vardı.
Beş nömrəli mənzil iki həftə bundan qabaq boşalmışdı. Orda Fərəc adlı bir bəstəkar yaşayırdı. Hələ mənzilə heç kəs köçməmişdi.
Altı nömrəli mənzildə isə Cavanşir adlı bir nəfər, onun arvadı Tavus və altı yaşlı qızı Rəna yaşayırdı.
Maşın döngəni burulan kimi Tavusun belində gəzən əl – Cavanşirin sağ əli – hərəkətsizləşib dondu. Bir az sonra Cavanşir arvadından aralanıb dik atıldı. Tavus da gərginləşib susdu. Dinləməyə başladılar.
Balaca Rəna mışıl-mışıl yatırdı: yuxusunda böyük, işıqlı, mavi rəngli pəncərə görürdü – pərdəsiz bir pəncərə. Kimsə ona say öyrədirdi: bir, iki, üç, dörd, beş.
Bir, iki, üç, dörd, beş. Bir, iki, üç, dörd, beş.
Maşın dayanıb addım səsləri binada eşidilən kimi Cavanşir Tavusa yalnız bircə kəlmə söz dedi:
– Qurban.
Yəqin, bunu deməyə onun əsası vardı. İki həftə bundan qabaq beləcə maşın səsi gələndə də Cavanşir arvadına bircə kəlmə söz demişdi:
– Fərəc.
Mətləbdən təzə agah olanda Tavus bir müddət qaş-qabağını salladı. Cavanşir “Sən arvadsan, – dedi. – kişi işinə qarışma”. İki gündən sonra Tavusun qaş-qabağı açıldı. “Mənim nə işimə, – deyə fikirləşdi. – Kişidi, özü bilər”. Həm də bu, müəyyən dərəcədə arxayınçılıq demək idi. Onlar barışan gecə Cavanşir arvadının boynunu öpə-öpə pıçıldayırdı: “Mən heç nə uydurmuram, artırmıram, soruşanda, bax, bu iki qulağımla eşitdiyimi deyirəm”.
Addım səsləri Qurbanın qapısından ötüb pilləkənləri qarmaqlayanda yataq ər-arvadı dalamağa başladı. Cavanşir əlini çarpayının yanından asdığı pencəyinin cibinə atdı, titrəyən barmaqlarıyla damağına papiros apardı. Yandırmadı, quruyub qaldı, dinlədi, pusdu, diqqətlə, diqqətlə dinlədi.
“Bəlkə səhv salıblar, – deyə düşündü, – yaxşı, bilmirlər məgər ki, bu mərtəbədə yalnız iki mənzil var?! Beşinci boşdu, altı da ki, mənimkidi...”
– Bura bax, Tavus, sən artıq-əskik danışıb eləməmisən ki...
– Nə deyirsən, ay Cavanşir.
– Axı sənin o podruqaların ağızlarını Allah yoluna qoyub ax-vayı danışmağa pərgardılar.
– Ay Cavanşir, iki ay bundan qabaq səninlə danışdıq, qurtardıq. Ondan sonra heç biri buraya ayaq basmayıb, mən də ki, onların üzünü görməmişəm. Özün ki məndən yaxşı bilirsən, bütün tanışlarla, qohumlarla salam-kəlamı kəsmişik. Heç kəslə durub-oturmuruq.
Addım səsləri beşinci mənzilin qabağından ötdü.
– Ay Cavanşir, – Tavusun səsi əsirdi. Bilmirdi desin, deməsin. Axır qərara gəldi, hər halda Cavanşir bilsə yaxşıdır. – Bilirsən, Rəna köpəyin qızı yenə o havanı oxuyurdu.
– Nə? – Cavanşir yerindən dik atıldı.
Sonsuz, dul bəstəkar Fərəc nədənsə bütün mehrini balaca Rənaya salmışdı. Təzə yazdığı məzəli uşaq mahnılarını ona öyrədirdi.
Srağagün Cavanşir qəzetlərə baxıb dünyanın işlərindən xəbərdar olurdu, birdən ilan çalmış kimi sıçradı: dünyanın işlərindən bixəbər olan Rəna balaca gəlinciyini yatızdırır, layla çalır, xalq düşməni Fərəcin yazdığı mahnını zümzümə edirdi.
Cavanşir özünü elə itirdi ki, qızına, ya arvadına bir şey izah etməmişdən qabaq o biri otağa atılıb Rənaya bir-iki şapalaq çəkdi, handan-hana sakitləşəndən sonra Tavusa dedi ki, bir də küçüyünün dilindən belə şey eşitsəm, özündən küs.
Addım səsləri Cavanşirin qapısına yapışdı.
Tavus nəfəsi kəsilə-kəsilə:
– Dünən gördüm yenə oxuyur, – dedi. – Yapışdım qulağından, deyir, ana, mən yadımdan çıxarmışdım, indi oxuyuram görüm hamısı yadımdan çıxıb, yoxsa yox.
Bu sözləri deyib Tavus əcaib bir iş etdi – gülümsündü.
Bu il, bu gecə, bu dəm bu mənzildə gülüş Cavanşirə ən ağır xəyanət idi. O, Tavusun qolundan tutub:
– Sus görüm, – dedi və söydü.
Addım səsləri onların qapısından qopub aralandı. Cavanşir əsəbi hərəkətlə papirosunu odladı.
– Ay-hay, kül ağlıma, – dedi və güldü. – Tamam yadımdan çıxıb. Axı yuxarıda bir mərtəbə də var.
– Dördüncü mərtəbədə, – deyə Tavus ağlamsındı. Söyüşü hələ də onun qulağını yandırırdı.
“Dördüncü mərtəbə! – deyə Cavanşir düşündü. – Dördüncü mərtəbə? Kim ola? Kapitan? Neftçi?”
Dördüncü mərtəbədə iki mənzil vardı.
Yeddi nömrəli mənzildə Salayev yaşayırdı. O, Həştərxana gedib-gələn gəminin kapitanı idi. Həftədə üç gün evdə olurdu. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə – dörd gün dənizdə.
“Bu gün cümədir, – deyə Cavanşir fikirləşdi. – Deməli, neftçi Zeynallı? İşə bax. Kim deyərdi. Forsu adamı yıxırdı. Axır vaxtlar heç salam-zad da almırdı”.
Cavanşir qulağını şəkləyib dinləməyə başladı.
Addım səsləri yeddi nömrəli mənzilin qabağından ötüb səkkiz nömrəli mənzilin qarşısında susdu.
Sonra səkkiz nömrəli mənzilin qapısı döyüldü. Bərkdən döyüldü. Bütün ev eşitdi.
Altı nömrəli mənzildə Cavanşir düşünürdü: “Deməli belə. Vətəndaş Murad Zeynallı. Forsuva ki! Üç böyük işıqlı otaq da boşaldı. Görəsən, kim köçəcək? Amma heç Zeynallının bazburutundan deyərdin ki, işləri yaşdı?”
5 nömrəli mənzildə... 5 nömrəli mənzilin qapısı möhürlənmişdi.
4 nömrəli mənzildə Qurban kişi var-gəl edir, düşünür, düşünürdü. “Bəlkə, birtəhər eləyib Moskvaya gedim, məktubu şəxsən özüm aparım. Görək...”
3 nömrəli mənzildə Surxay işləyirdi.
2 nömrəli mənzildə Səkinə için-için ağlayırdı. Zəhra qarı yatmışdı. Yuxu görmürdü.
1 nömrəli mənzildə domkom Bəşir arvadına öyüd-nəsihət verirdi:
– Arvad, boş-boş danışma, – deyirdi. – Təqsirsiz heç kəsi aparmazlar. Görəsən, nə qələt eləyib. – Sonra o, dərindən ah çəkib əlavə etdi: – Eh! Süleymana qalmayan dünya, kimə qalacaqsan?
Dördüncü mərtəbədə 8 nömrəli mənzilin qapısı açıldı, içəri girdilər. Bir qədər sonra addım səsləri eşidildi.
Addım səsləri mərtəbə-mərtəbə endi. Binanın çöl qapısı açıldı, bağlandı. Maşın işə salındı. Maşın hərəkətə gəldi. Maşın səsi uzaqlaşıb itdi.
Küçənin sükutu sanki səsləri canına çəkib hopdurdu.
Qaranlığa qərq olmuş binada yalnız bircə pəncərədən gecəyə işıq süzülürdü.
Bağda – üstünə qırıq qanad kimi ağac budağı əyilmiş skamyada – oğlan qızın dodaqlarından öpürdü.
Səhər tezdən domkom Bəşir fırça və rəng dolu vedrə götürüb dəhlizə çıxdı.
Dəhlizdə qara bir lövhə üstündə ağ hərflərlə ev sakinlərinin ad-familləri yazılmışdı. Yalnız 5 nömrəsinin qarşısındakı famil qaralanıb oxunulmaz olmuşdu. Domkom Bəşir onu iki həftə bundan qabaq qaralamışdı.
Bu səhər də domkom Bəşir qara vedrəsini və fırçasını götürüb dəhlizə çıxdı.
Saat yeddi idi.
İşə tələsən ev sakinləri Səkinə, Cavanşir, Tavus dəhlizdə rastlaşdılar. Bir an ayaq saxlayıb domkom Bəşirə baxdılar. Səkinə üşüdü, örpəyini boynuna bir də doladı.
Bəşir kişi fırçanı qaldırıb “Zeynallı” familinə yaxınlaşdırdı.
Birdən...
Cavanşir və Tavus diksindilər.
Səkinə örpəyinin saçaqlarından yapışdı.
Domkom Bəşir durduğu yerdə mat-məəttəl donub qaldı.
Dəhlizin çöl qapısından boz sement döşəməyə çəpəki işıq düşürdü. Qapının açıq qanadından küçənin bir hissəsi, qarşıdakı evin pəncərəsi, pəncərənin məhəccərinə düzülmüş yaşıl səmənilər görünürdü.
Ancaq dəhlizdəkiləri mat-məəttəl qoyan başqa şey idi.
Qapıda 8 nömrəli mənzilin sakini neftçi Murad Zeynallı dayanmışdı.
Murad domkom Bəşirə, lövhəyə, fırçaya, vedrəyə baxdı və dərhal hər şeyi başa düşdü, ancaq qapıdan çəkilmədi.
Cavanşir:
– Bəs... siz... dünən gecə... maşın... – deyə dolaşıq kəkələdi.
Bəşirin arvadı Züleyxa da qapıya çıxdı. O da təəccüblə Murada və dəhlizdəkilərə baxdı.
Yuxarı mərtəbədən pillələri tez-tez düşən bir adamın addım səsləri eşidildi. Surxayın qoltuğundakı layihə kağızları boru şəklində burulmuşdu.
Murad güləndə ağzı qulaqlarının dibinə gedirdi, dümağ sağlam dişləri görünürdü. Murad:
– Bədniyyət olmayın, – dedi. – Təcili yardım maşını idi. Fəridəni doğum evinə apardıq. Bu gecə oğlum oldu.
Tavus əlini alnına çırpdı, – Aaa, vaxsey, – dedi. – Tamam yadımdan çıxıb. Fəridə axı qarnı burnunda gəzirdi.
Züleyxa:
– Doğrudan a, heç ağlımıza gəlməyib, – dedi. – Allah saxlasın. Boya-başa çatsın. Atasıyla, anasıyla.
Cavanşir nədənsə saraldı. Tələsik papiros çıxardı.
Səkinə nədənsə qızardı. Başını aşağı saldı.
Taqqıltı eşidildi, fırça domkom Bəşirin əlindən sürüşüb yerə düşdü.
Surxay:
– Gözün aydın, təbrik edirik, – dedi və tələsik çıxıb getdi.
***
Bu gecə dünyaya gələn uşaq mən idim.
* * *
Hər ildə müxtəlif günlər olur, sevincli, kədərli günlər.
İş günləri, bayram günləri, matəm günləri.
Amma elə illər var ki, insanların hafizəsinə bir rənglə həkk olunur.
Bizim nəsil anketlərimizdə doğum ilimizi 1937-ci il yazırıq.
Biz böyüyəndə bildik ki, bu, qara il olub, xalq yaddaşında qorxu, nigarançılıq ili kimi qalıb.
Amma bizimçün bu il ömrümüzün ən vacib ilidir.
Günəşi, ağacları, dünyanı ilk dəfə gördüyümüz il.
1964
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Soyuq divarların içində yaşayıb ölmək - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzi divarlar soyuqdur. Onu isidəcək nə bir alov, nə də bir insan nəfəsi qalıb. Onu heç nə isidə bilməz. Çünki təməlində heç bir daş günəş görmədi. Nə bir işıq, nə də bir isti əl ona toxunmadı. Hər yer soyuq, hər tərəf qaranlıq idi. Divarın üstü rənglənsə belə, içində nə bir istilik, nə də bir işıq göründü. O divarlara heç vaxt sevgi dolu bir xatirə, bir həyat izi yazılmadı.
Hər hekayə soyuq, hər oyanış bir zülmət idi. Sanki hər gün bir qaranlığa açılıb, bir qaranlıqda yox olurdu. Hər şey tünd idi. Sarıya həsrət idi o divarlar. Çünki o divarlar sevginin nə olduğunu bilmirdi. Heç zaman nə onu görmüş, nə də hiss etmişdilər. Soyuq divarlara heç vaxt xoşbəxtlik qoxusu hopmamışdı. Orada sadəcə əzab vardı.
Sevgi bütün duyğuları özündə birləşdirə bilər, amma sevginin olmadığı yerdə təkcə bir duyğu qalır — əzab. İndi o divarlar sadəcə əzab çəkir. Onun kölgəsindəki hər şey susur, çünki sevgi çoxdan tərk edib onları. Sevgini görməyənlər heç vaxt sevgi verə bilmir. O duyğu heç vaxt onların içində yaşaya bilmir, çünki kökü belə olmur.
Sevgi bir toxumdur. Əkilmədiyi torpaqda heç vaxt yaşaya bilməz. Soyuq divarlarda var olub da yaşaya bilməyənlər kimi, sevgi də doğulmadığı yerdə ölməyə məhkumdur.
Bəziləri üçün həyat heç vaxt sarı olmur. Bəziləri həmişə soyuq divarların içində yaşayıb ölür. Və bu da bir gerçəkdir.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
3 ölkəyə töhfəsi olan dirijor qadın
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün haqqında danışacağım sənətçi dirijor qadındır, razılaşın ki, belələrinin çox az halda görmək olur. Dahi Niyazidən başlamış biz dirijor çubuğunu ancaq kişilərin əllərində görürük.
Azərbaycan SSR əməkdar incəsənət xadimi Ləman Atakişiyeva dirijor və d xormeysterir.
Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbində alıb, 1951-ci ildə buranı bitirib. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolova sinfini bitirib. 1955-ci ilin mayında A. Yurlov tərəfindən təşkil olunan II mahnı bayramının baş dirijoru təyin olunub.
1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlayıb və 1961-ci ildə baş müəllim vəzifəsinə keçib. Həmin il konservatoriyanın nəzdində yeni yaradılan opera studiyasında işləməyə başlayıb və 12 il ərzində studiyanın xoruna rəhbərlik edib.
Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında davam edib, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. 1976-cı ildə yaradılan Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilib. Kollektivlə birlikdə çox sayda qastrol səfərlərində olub, çox saylı konsertlərlə çıxış edib.
Ləman Atakişiyeva 1981-ci ildə Atatürk adına İstanbul Opera və Balet Teatrına baş xormeyster vəzifəsinə dəvət olunub və üç sezon ərzində burada 10-dan artıq rus və qərb bəstəkarlarının əsərlərini hazırlayıb. O, türk bəstəkarı Adnan Sayqunun "Dastan" adlanan və Atatürkə həsr olunan irimiqyaslı vokal-simfonik əsəri üzərində də işləyib.
Bakıya qayıtdıqdan sonra pedaqoji fəaliyyətilə yanaşı bir il ərzində Azərbaycan Dövlət opera və balet teatrında baş xormeyster vəzifəsində işləyib. Sonralar yalnız pedaqoji fəaliyyətlə məşğul olub.
1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib. 2001-ci ildə Rusiyanın Xor Sənəti Akademiyasının dəvətilə Moskva şəhərinə köçüb və orada 2010-cu ilə qədər çalışaraq bir çox xormeyster hazırlayıb.
Beləcə, 3 ölkənin musiqi sənətinə böyük töhfələr verib.
Xanım sənətkar 2015-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Teatr rəssamları kulis arxasında qalırlar
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də teatr rəssamları həmişə kulis arxasında qalırlar. Teatr terminologiyası ilə desək, onılar “zakulisye” əməkdaşlarıdır. Halbuki teatr tamaçasının uğur qazanmasında rəssam tərtibatı əhəmiyyətli rol oynayır. Azərbaycan SSR əməkdar incəsənət xadimi, teatr rəssamı Bəhram Əfəndiyevin yaradıcılığı buna əyani sübutdur.
Bəhram Əfəndiyev 25 avqust 1910-cu ildə ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulub. Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib, Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb.
1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə bağlı təhsilini yarımçıq qoyub. Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib.
Qazax Dövlət Dram Teatrının direktoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, Göyçay sənət artelində texniki rəhbət, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib.
Gördüyünüz kimi fərqli coğrafiyalar, amma məhsuldar və qənaətbəxş iş.
Bəhram Əfəndiyev 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Rəssam çox yaşamayıb, cəmi 56 il ömür dürüb. 1966-cı ilin 3 avqustunda dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Vaqif Səmədoğlunun “Əlimi uzatdım sevincə sarı” şeiri və Orxan Fikrətoğlu
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, "Ədəbiyyat və incəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük. Geniş izləyici auditoriyası olan və bəyənilən " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı heç vaxt unudulmayan, adı poeziyasevərlərin yaddaşına həkk olan mərhum şairimiz Fikrət Sadığın oğlu Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğludur.
-- Salam dəyərli Orxan bəy, xoş gördük. Nitqinizi ekranın bu tayından necə heyranlıqla dinlədiyimi xatırlayıram. Sözə olan sevginiz, sözə olan dəyəriniz bizə məlumdur.Qələminizin gücünə də bələdik, bu gün isə elə bu anın ovqatı üçün "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
Buyurun, əziz Orxan bəy, söz Sizindir.
-- Salam, xoş gördük.
Əslində nəfəs alanda nəfəs aldığını düşünmürsən, yeriyərkən yeridiyini düşünmürsən. Əslində hər hansı bir şeirin də izahı yoxdur. "Niyə bu şeir? " sualının da, məncə, cavabı yoxdur. Sevdiyim şeirlər həddindən artıq çoxdur. Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Fikrət Sadıq və digərlərinin onlarla, yüzlərlə şeirləri var ki, çox bəyənirəm. Bəyəndiyim müəlliflərdən Qul Nəsimi, Dadaloğlu, Qaracaoğlan, Qayıqçı qul Mustafanın adlarını da çəkə bilərəm.
Rubrikanın şərtinə görə bir şeir seçsəm, Vaqif Səmədoğlu yaradıcılığından bu şeiri söyləyərəm, çünki indiki ovqatıma təndir. Mənim bu illərimin ovqatına uyğun Vaqif Səmədoğlunun bu şeirdə yaratdığı ovqatdır.
ƏLİMİ UZATDIM SEVİNCƏ SARI
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçıları ölkəmizdədir
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçıları artıq Azərbaycandadır.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünyanın 61 ölkəsindən gələn 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi yad olunub, abidəsi önünə əklil qoyulub.
Düşərgə iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçılarıAzərbaycan xalqının böyük tarixi qələbəsinin rəmzi sayılan Zəfər abidəsini də ziyarət ediblər.
Gənclərə Azərbaycanın Konstitusiya və suverenlik dəyərləri, müstəqillik tarixi, Qarabağda qazanılan qələbə və bir sıra başqa mövzularla bağlı məlumat verilib. Bildirilib ki, ölkəmizin imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılmasında diaspor gənclərinin xüsusi rola malik olması onların doğru bilgiləndirilməsini zəruri edir.
Qeyd edək ki, avqustun 3-dən 9-na qədər Xankəndidə keçiriləcək Diaspor Gənclərinin VI Yay Düşərgəsinin proqramına faydalı və maraqlı panel iclasları, şəhid ailələri, diplomatlar, sənət adamları və idmançılarla görüşlər, müxtəlif mövzularda təlimlər, əyləncəli oyunlar, musiqili proqramlar, ekskursiyalar daxildir. Bu günə kimi diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində 5 yay düşərgəsi təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Mədəniyyət Nazirliyi Qrant müsabiqəsində layihə qəbulu müddətini uzatdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyrihökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində layihə təkliflərinin qəbulunu açıq elan edib.
Hər müsabiqə çərçivəsində layihələr “Kiçik qrant” (20.000 manatadək) və “Böyük qrant” (50.000 manatadək) kateqoriyaları üzrə qəbul olunur.
Vaxt daralır deyə təkrarən müsabiqə barədə məlumatı paylaşırıq.
İlkin laraq layihə təkliflərinə dair sənədlərin qəbulu 21 iyul – 4 avqust 2025-ci il müddətində elan edilmişdi. Əlbəttə ki, çox qısa müddətdə sanballı layihə düşünüb, sənədlər hazırlayıb müsabiqəyə qoşulmaq çətin idi. Bunu nəzərə alaraq Mədəniyyət Nazirliyi layihə qəbulu müddətini 11 avqust saat 18.00-dək uzatdı. Qərar 31 iyulda keçirilən infossessiyada QHT-lərin təklifi nəzərə alınaraq qəbul edildi.
Beləliklə, sənədlərin qəbulu mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Qeydiyyat üçün müraciət mygrant.culture.az veb-səhifəsindən avtomatik olaraq myculture kabinetinə yönləndirildikdən sonra kabinetdə müracətlər bölməsindən müvafiq müsabiqənin adını seçməklə layihələr təqdim olunmalıdır.
Müsabiqəyə müraciət üçün son tarix 4 avqust 2025-ci il, saat 18:00 müəyyən edilmişdir. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Qrant müsabiqəsi ilə bağlı suallarla
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (tel: 147) müraciət etmək mümkündür.
Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikasının mədəniyyət siyasətinin və prioritet sahələrinin həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, eləcə də mədəni irsin qorunmasında cəmiyyətin və fərdin iştirakçılığının artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet mövzuları əhatə edir:
1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığın qurulması təşəbbüsləri; Azərbaycan mədəniyyətinin rəqəmsal alətlər vasitəsi ilə təbliği üzrə təşəbbüslər; Tarixi və mədəniyyət abidələrin rəqəmsal məlumat bazalarının yaradılmasına dəstək);
2. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İşğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı rəqəmsal resursların yaradılması üzrə təşəbbüslər; Qayıdışa hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırılması);
3. Mədəniyyət sahəsində könüllülük fəaliyyətinin təşkili (Ölkə ərazisində mədəniyyət müəssisələrində könüllülük fəaliyyətinin təşkili; Gənclər arasında davranış mədəniyyətinin təbliği; Könüllülər tərəfindən mədəniyyətin həyat tərzinin ayrılmaz parçası kimi təşviqi; Könüllülərin iştirakı ilə mədəniyyətin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərin təşkili)
4. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək
5. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi (Azərbaycan mədəniyyətinin, eləcə də Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin xarici mediada, sosial şəbəkələrdə, beynəlxalq onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün təşəbbüslər);
6. Beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi (“Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təbliği və təşkili üzrə təşəbbüslər; Azərbaycanının “İqlim naminə Mədəniyyət” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili; Azərbaycanın “Mədəniyyət naminə Sülh” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili);
7. Davranış mədəniyyətinin inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların bilik və bacarıqlarının artırılması).
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə xüsusi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet istiqamətləri əhatə edir:
1. Mədəni və yaradıcı sənayelərin inkişafına dair layihələr
(Mədəni və yaradıcı sənayelərlə bağlı audio-video podkast layihələrinin hazırlanması; Milli yaradıcı sənaye məhsullarının istehsalı (interaktiv tamaşalar, suvenir və əl işləri, geyim kolleksiyaları, foto və audio-video kontent və s.);
2. Mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr
(Mədəni və yaradıcı sənayelər sahəsində innovativ texnologiyaların (süni intellektin, VR, AR, Aİ, Open data, Open APİ) tətbiqi; Mədəni irs (maddi və qeyri-maddi) obyektlərinin rəqəmsallaşdırılması; Mədəni xidmətlərin və yaradıcı məhsulların satışı, eləcə də ixracı üçün rəqəmsal platformaların yaradılması və ya mövcud platformaların inkişaf etdirilməsi);
3. Kino, animasiya və oyun sənayesinin inkişafını təşviq edən layihələr (Mədəniyyətlərarası birgə istehsal layihələrinin həyata keçirilməsi; Filmlərin və multimedia materiallarının dublyajı; Birgə istehsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlim-tədris proqramlarının təşkili);
4. Mədəni və yaradıcı sənayelərin inkişafını təşviq edən yerli və beynəlxalq tədbirlərin təşkilinə dair layihələr (Paytaxt və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən tədbirlərin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi; Ölkə daxilində mədəni və yaradıcı sənayelər üzrə yerli və beynəlxalq tədbirlərin təşkili; (kino, animasiya, cultech, dizayn, oyun sənayesi, musiqi) klasteri üzrə layihələr prioritet sayılır).
Qrant müsabiqəsinin iştirakçılarına dair tələblər:
1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;
2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;
3. “Böyük qrant” kateqoriyası üzrə müraciət edən qeyri-hökumət təşkilatlarının nizamnamə məqsəd və vəzifələri mədəniyyət sahəsində fəaliyyəti əhatə etməli, faktiki fəaliyyətinin ən azı 80%-i mədəniyyət sahəsi ilə bağlı olmalıdır. Eyni zamanda, donor tərəfindən əlavə olaraq, bu kateqoriya üzrə müraciət edən qeyri-hökumət təşkilatından 1 respublika səviyyəli mədəniyyət müəssisəsindən dəstək məktubunun təqdim edilməsi tələb oluna bilər;
4. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
5. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.
Qrant müsabiqəsində iştirak edən qeyri-hökumət təşkilatları aşağıdakı sənədləri təqdim etməlidir:
● Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron surəti;
● Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın əslinin elektron surəti;
● Nizamnamənin əslinin elektron surəti;
● Qeyri-hökumət təşkilatının VÖEN-in surəti
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə dair tələblər:
1. Layihə təklifinin müddəti minimum 3 ay olmaqla, maksimum 6 ayadək müddəti əhatə etməlidir.
2. Azərbaycan Respublikasının ərazisində həyata keçirilən layihələrə üstünlük verilir.
3. Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsində Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin və imkanlarının genişləndirilməsinə yönəlik dayanıqlı layihələrə üstünlük verilir.
4. Beynəlxalq tədbirlərin (və ya fəaliyyətlərin) həyata keçirilməsini nəzərdə tutan layihələrdə beynəlxalq tərəfdaşa dair sənədin əlavə olunmasına üstünlük verilir.
5. Qrant müsabiqəsinə təqdim olunan layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinin qiymətləndirilmə meyarları:
■ Layihənin məqsədinin aydınlığı;
■ Layihənin innovativliyi;
■ Layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
■ Layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
■ QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
■ Layihə üzrə risklərin təhlili;
■ Layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
■ Layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
■ QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
■ Layihədən gözlənilən nəticələr;
■ Təqdim olunan sənədlərin və sənədlərdə məlumatların tələblərə uyğunluğu.
Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:
● Layihənin icra planı
● Layihənin xərclər smetası
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən AzərTAC-a məlumat verilib.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
“Mədəniyyət Nazirliyi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq”, - deyə bildirilib.
“Ədəbiyyat və incəsənət”
(03.08.2025)
Şirvandan çıxan ünlü tarzən
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qarabağlı xanəndələr avaz vuranda qavallarının üstünə bülbüllər qonarmış. Şirvandan da elə bir tarzən çıxıb, tarına çox bülbüllər qonub - Azərbaycan SSR xalq artisti Hacı Məmmədovdan danışıram.
Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləyib, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət edib, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olub.
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
1981-ci il avqustun 2-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.08.2025)