1 Aprel- gülüş, yoxsa aldatma günü? Featured

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur. Bu günün mahiyyəti ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bu barədə ən geniş yayılmış məlumatlardan biri də müsəlman qırğını ilə bağlıdır...

 

XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, - deyir.

Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara "mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, – deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında “Hiylə - aldatma” günü kimi qeyd olunur.

Başqa bir rəvayət isə Fransa kralı ilə bağlıdır. 1564-cü ildə Fransa kralı IX Çarlz ilin 1 yanvar tarixini ilin başlanğıc günü təyin etdi. Bundan əvvəl Avropada ilin ilk günü 25 mart idi. Bu xəbəri eşidənlər etiraz məqsədi ilə köhnə adətlərinə davam edərək aprel ayında şənliklər keçirdilər. Başqaları isə onları aprel axmaqları adlandırdı, 1 aprelə axmaqlar günü adını verdilər.

Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Hindistanda martın 31-i "Gülüş günü" kimi tarixə düşüb.

Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan Yəhuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSR-dən xatirə qalıb. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.

 

Aprelin 1-nin gülüş günü olmasının Azərbaycanın tanınmış qəzetçisi və yazıçısı, millət vəkili Aqil Abbasa xüsusi aidiyyatı var. Belə ki, Azərbaycanda ən çox lətifə bilən, ən yaxşı duzlu-məzəli söhbətlər edən şəxs məhz Aqil Abbasdır. Və üstəlik, o, aprelin 1-də dünyaya gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.