Super User

Super User

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bir səhər Günəş hər kəsin evinin üzərindən doğaraq ən uca zirvədən özünü yerə atmaq qərarına gəldi. İstəyirdi ki, içindəki sevgini, istiliyi, mərhəməti yer üzərinə yaysın. Artıq Günəş qərar vermişdi. Hər kəsin evinə damdan yox, pəncərədən düşəcəkdi...

 

O günlərdə mən çox tək idim. Tanışım çox, dostum az idi. Eyni dildə danışıb bir-birimizi başa düşmədiyimiz insanlarla sarmaş-dolaş yaşayırdıq. Danışdıqca azalır, azaldıqca yox olurduq.

Həmin Günlərdə Günəş yerə enməyə qərar versə də, mən də göylərə daşınmağa qərar vermişdim. Birimiz aşağı, birimiz yuxarı. Amma və lakin Günəş məndən cəld tərpənib məni bir neçə saniyə qabaqlamışdı.

Elə qanad açırdım ki uçam, birdən hər yer nura boyandı. Dünya boyda işıq saçan o nur balacalaşıb… lap balacalaşıb körpə barmağına dönərək əllərimi tutdu… O gündən mənim həyatım sadəcə bu əllərin istisi ilə qızınıb ruhum yerdə aramlıq tapdı.

İndi o Günəşin 11 yaşı olacaq. O mənim həyatımın Günəşidir. O mənim ömrümün Günəşdiri. O mənim qəlbimin aynasıdır. Biz onunla sözlə yox, hisslə danışır, bir-birimizi elə anlayır, bir-birimizi elə sevirik ki. Heç kəsin mənə deyə bilmədiyi sözü o mənə deyir, o məni ovsunlayır, o məni sakitləşdirir, o məni mən edir.

Nə yaxşı ki, varımsan Günəşim. Daima qəlbimi işıqlandırdığın üçün sonsuz təşəkkürlər səni yaradana.

Doğum günün mübarək, qızım!

 

“Ədəbiyyat və incəsənət”

 

(21.08.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Bizdə əməkdar artist olmaq – işin heç yarısı da sayılmır. Manşetlərə düşmək, dövlət tədbirlərində təmsil olunmaq, haqqında söz danışılmaq üçün gərək hökmən xalq artisti olasan. Xüsusən də musiqi sahəsində.

 

Bu gün sizlərə Azərbaycan Respublikasının əməkdar artisti Tahir Atakişiyev barədə danışacağam. Bu gün onun doğum günüdür, demək, haqqında danışılmasını ən azı haqq eləyibdir.

Tahir Atakişiyev 21 avqust 1927-ci ildə Göyçayda anadan olub. 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirib və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirib.

Moskva Konservatoriyası nəinki ittifaqın, dünyanın ən aparıcı musiqi üzrə təhsil ocağı sayılırdı, o mühitə düşmək özlüyündə irəliləyiş və inkişaf idi. Beləcə, Tahir Atakişiyev skripka virtuozu oldu, ifası hədsiz bəyənildi.

Bakıya dönüşündə o, sırf musiqi xadimi kimi fəaliyyət göstərməyi seçmədi, pedaqoqikaya üstünlük verdi. Əslində, bununla o, Azərbaycan incəsənətini dahi bir skripkaçıdan məhrum etmiş oldu.

Beləliklə, Tahir Atakişiyev 1952-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının "Simli alətlər" kafedrasında dərs dedi. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru oldu.

Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazdı. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olundu. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var.

Onu da deyim ki, Tahir Atakişiyev Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin qardaşıdır.

Bu fədakar insan 30 noyabr 2012-ci il tarixində, 85 yaşında vəfat etdi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət””

 

III Ya

 

Çərkəzlərin  müstəqil dövlət qurmaq yolunda cəsarətli addımı Çar  I Nikolayı qəzəbləndirdi və orduya bir daha hücum əmri verdi

“Qafqazı parçala, hökm sür”  siyasətini davam etdirən rus ordusu 1800-cü ildə 30 min əsgərlə Kabardanın şərqini, İnquşetiyanı və Gürcüstanı işğal etdi. Bu işğal ruslara qarşı birlikdə mübarizə aparan çeçenləri və çərkəzləri bir-birindən ayırdı. Gürcüstanın işğalından sonra çərkəzlər,  kabardinlər, osetinlər və çeçenlər ruslara qarşı birlikdə hərəkət etməyə başladı. İmperator I Aleksandr isə Kabarda çərkəzlərinin Rusiya İmperiyasına qarşı müqavimətini qırmaq üçün  onların  ata yurdlarından  köçürülməsi haqqında fərman imzaladı. 15 min rus əsgəri 1805-ci ildə Kabardaya girərək bütün çərkəz qalalarını, kəndlərini və qəsəbələrini yandırmağa, günahsız mülki vətəndaşları qətlə yetirməyə başladı. 1823-cü ilə qədər davam edən bu hücumlar nəticəsində Kabarda bölgəsi tamamilə işğal edilərkən, savaşdan əvvəl 350 min olan Kabarda əhalisi  sonra 37 minə qədər endi. Çərkəzlərdən boşalan kəndlərə və qəsəbələrə isə ruslar və kazaklar yerləşdirildi. Bu amansız qırğınlardan sonra müqaviməti qırılan Kabarda bölgəsi 1823-cü ildən etibarən bütünlüklə Çar Rusyasının təbəliyi altına keçdi.

 

Çərkəz ordusunun 30 minə çatan əsgəri qüvvəsi qarşısında ağır itkilər verən ruslar geri çəkilmək məcburiyyətində qaldı

Şərqi Çərkəzistanın ələ keçirilməsindən sonra  sıra Qərbi Çərkəzistana gəlmişdi. Kabardanın başına gələnlərin eynisini yaşamaq istəməyən Qərbi Çərkəzistan Rusiyanın düşməni olan Osmanlı İmperiyasından və İngiltərədən yardım istədi. 1823-cü ildə 200 Osmanlı və ingilis gəmisi Çərkəzistan sahillərinə gələrək Milli müqavimət hərəkatının qəhrəmanlarına hərbi yardım çatdırdı. Bu yardımlarla daha da güclənən Canpolat Boletiqnun  komandanlığındakı  çərkəz ordusu rus hərbi birləşmələrinə hücum etməyə başladı. Çərkəz ordusunun 30 minə çatan əsgəri qüvvəsi qarşısında ağır itkilər verən ruslar geri çəkilmək məcburiyyətində qalarkən, Besleney bölgəsi təkrar çərkəzlərin əlinə keçdi. Bu yeni taxta çıxan İmperator I Nikolayı qəzəbləndirdi.

 

Qanlı hücumlar Canpolat və İsmayıl Bərzəq tərəfindən dəf edildi

Şimali Qafqazın əldən çıxmaması üçün 1826-cı ildə bölgəyə ehtiyat qüvvələr göndərilərək Qafqazdakı rus ordusunun sayı 70 minə çatdırıldı. Çərkəz kəndlərinə böyük hücum təşkil edildi. Son dərəcə qanlı keçən bu hücumlar çərkəz liderlər Canpolat və İsmayıl Bərzəq tərəfindən dəf edilərkən iki tərəf də olduqca ağır itkilər verdi. 1827-ci ildə İsmayıl Bərzəq tərəfindən Çərkəz Konfederasiyası quruldu.  Bütün çərkəz boyları bir bayraq altında birləşdilər. Əslində bu konfederasiya Calabatico-Şupago tərəfindən qurulsa da, onun liderliyi bir çox qüvvələr tərəfindən qəbul edilməyincə yerinə İsmayıl Bərzəq keçdi. Çərkəzlərin  müstəqil dövlət qurmaq yolunda  cəsarətli addımı Çar  I Nikolayı qəzəbləndirdi və orduya bir daha hücum əmri verdi. Kuban çayını keçən rus ordusu donanmanın yardımı ilə Zane, Natuhay və Şapsığ bölgələrini ələ keçirərək xalqı buralardan sürgün etdi.

 

“Ədirnə müqaviləsi”nə görə, Osmanlı İmperiyası Çərkəzistan üzərindəki bütün haqlarını itirdi

Eyni ildə başlayan Osmanlı-Rus müharibəsi 1829-cu il sentyabrın 14 -də rusların üstünlüyü ilə  başa çataraq iki tərəf arasında “Ədirnə müqaviləsi” imzalandı. Müqaviləyə görə, Osmanlı İmperiyası Çərkəzistan üzərindəki bütün haqlarını itirməklə yanaşı,  bu torpaqların Rusiyaya ilhaq edilməsini tanıdı. İsmayıl Bərzəq Osmanlı İmperiyasının çərkəzlərə əsla arxa çevirməyəcəyinə inandığı üçün xəbərin doğruluğunu araşdırmaq məqsədilə Osmanlı İmperiyasına nümayəndə heyəti göndərdi. Lakin bu heyət İstanbula çatar - çatmaz rusların istəyi ilə tutulan zaman çərkəzlər tək  qaldıqlarını anladılar.

 

Polkovnik Qriqori Zas İmperator tərəfindən geniş səlahiyyətlərlə Kuban hərbi xəttinin komandanı təyin edildi

1830-cu ildən əvvəl ruslar Kuban çayı üzərindən çərkəz torpaqlarına hücumlarını davam etdirsə də, sərhədlərdə hər hansı bir dəyişiklik baş vermirdi. 1831-ci ildə I Nikolay Biceduq qəbiləsinin yox edilməsini, torpaqlarının işğal edilərək kazaklarla doldurulmasını əmr etdi. Hərəkətə keçən rus ordusu bütün kəndləri yandırdı, əhalinin böyük bir qismini  qətlə yetirdi, sağ qalanları isə müxtəlif yerlərə sürgünə göndərdi. Amansız qırğında 23 min çərkəz həyatını itirdi. Az bir qism insan sağ qalaraq digər çərkəz kəndlərinə sığındı.

Belə bir ağır dönəmdə, “1833-cü ildə polkovnik Qriqori Zas İmperator tərəfindən geniş səlahiyyətlərlə Kuban hərbi xəttinin komandanı təyin edildi. Polkovnik Zas çərkəzləri ruslardan və digər  xalqlardan daha aşağı görən irqçi kimi yerli əhalinin nifrətini qazandı.” Bu qorxulu zabit çərkəzləri idarə etməyin tək yolunu onları kütləvi şəkildə öldürməkdə, yaxud təyziq göstərərək didərgin salmaqda görürdü.  “1833-cü ilin avqustunda vəzifəyə başlayan polkovnik Zas  başladığı qırğın dolu əməliyyatlarda yalnız iki il içində Abzah, Besleney, Şapsığ və Çemquy bölgələrindəki çərkəz əhalisinin yarısından çoxu məhv edildi. Bu hücuma cavab verən İsmayıl Bərzəq komandanlığındakı çərkəz ordusu isə Kerç boğazına doğru hücuma keçərək Natuhay və Zane bölgəsini ruslardan təmizlədi.”

 

İmam Şamil Çərkəz ordusuna komandanlıq üçün etibarlı sərkərdəsi Məhəmməd Əmin bəyi Çərkəzistana göndərdi

 

Son illərdə donanmasından olduqca çox istifadə etməyə başlayan rus ordusu dənizdən Çərkəzistan sahillərinə desant əməliyyatı təşkil edərək sahil zolağını ələ keçirməyə başladı. Paytaxt Soçinin də bu desant əməliyyatlarında rusların əlinə keçməsindən sonra  Anapa konfederasiyanın yeni paytaxtı oldu. Həmçinin İsmayıl Bərzəq özünü uğursuz hesab edərək Çərkəzistanın liderliyindən istefa verdi və yerinə 1839-cu ildə Havduqo Mənsur keçdi.

1848-ci ildə isə Çərkəzistanın müqaviməti sürətlə davam edərkən Çeçenistan müqavimətinin lideri İmam Şamil Çərkəz ordusuna  komandanlıq etməsi üçün  etibarlı sərkərdəsi Məhəmməd Əmin bəyi Çərkəzistana göndərdi. Xalq tərəfindən liderliyi dərhal qəbul edilən Məhəmməd Əmin bəy 1849-cu il ərzində rus mövqelərinə yüzdən çox hücum təşkil etdi. Bu hücumlarda ona yaxın yüksək rütbəli rus zabiti həyatını itirməklə kifayətlənmədi, ruslar bəzi mövqeləridən geri çəkilmək məcburiyyətində qaldı. Bu ərəfədə Məhəmməd Əmin bəy Çərkəzistanın hökmdarı kimi tanımayan Osmanlı İmperiyası onun yerinə keçmiş çərkəz sərkərdəsi Səfər Zanıqonu Çərkəzistana  yeni lider olaraq təyin etdi. Məhəmməd Əmin bəy bu mövzunu şəxsən Sultan Əbdülməcidlə müzakirə etmək üçün İstanbula yola düşdü.  Fikir mübadiləsindən sonra o, Padşah tərəfindən Osmanlı təbəəsi olması şərti ilə müqavimətin ikinci lideri olaraq tanındı və Çərkəzistana geri döndü. Lakin bir müddət sonra iki lider arasında hakimiyyət uğrunda mübarizə baş qaldırdı və çərkəz müqavimət hərəkatı bu  prosesdən çıxılmaz  duruma düşdü.

 

İki lider arasındakı hakimiyyət davası Çərkəz Vətəndaş müharibəsinin başlamasına səbəb oldu

Osmanlı ilə Rusiya arasında  1853-cü ildə  Krım müharibəsinin başlanmasından  sonra  çərkəzlər Rusiyaya qarşı hücumlarını artırdı. Lakin Məhəmməd Əmin bəy və Səfər bəyin  arasındakı anlaşılmazlıq Krım müharibəsi zamanı daha da gücləndi. “Nəticədə iki lider arasındakı hakimiyyət davası 1855-ci ildə Çərkəz Vətəndaş müharibəsinin başlamasına səbəb oldu. İki il sürən vətəndaş müharibəsini Səfər bəy qazandıqdan sonra Məhəmməd Əmin bəy 1857-ci ildə İstanbula mühacirət etdi. İstanbulda tutularaq Şama sürgün edilsə də, həmin ildə yenidən Çərkəzistana geri  döndü.

Yenidən Çərkəzistanın lideri olmaq üçün səy göstərsə də, uğurlu nəticə əldə edə bilmədi. Bu qarışıqlıq mühitindən istifadə edən ruslar Zane, Natuhay, Şapsığ, Abzah, Çemquy, Besleney və Memhı bölgələrini işğal etməyə nail oldu.  Bölgələrdəki mülki insanların əksəriyəti ya qətlə yetirildi, ya da ölüm yürüşünə məcbur edilərək sürgün olundu”.

 

“Paris müqaviləsi” ilə Çərkəzistan rəsmi olaraq rus torpağı kimi tanındı

Bu dəhşətli hadisələrdən, Krım müharibəsindən sonra 1856-cı ildə imzalanan “Paris müqaviləsi” ilə Çərkəzistan rəsmi olaraq rus torpağı kimi tanındı. Hər nə qədər çərkəzlər bu qərarı tanımayıb müqavimətlərinə davam etsələr də, bir daha Osmanlı İmperiyasından yardım ala bilmədilər. “Paris müqaviləsi”ndən sonra Çərkəzistanı ilhaq etmək üçün təxminən yüz minlik rus ordusu  onun sərhədinə yığıldı. Sərkərdə Bərzəqin rəhbərliyi altında toplanan Çərkəz Konqresi isə təslim olub öldürülmək əvəzinə ruslara qarşı savaşıb cəbhədə şəhid olmaq qərarı aldı. Bundan sonra baş verən qanlı savaşlarda qazanan tərəf şübhəsiz ki, ruslar oldu. Çərkəzlərin tarixi torpaqları Çar Rusyasının nəzarətinə keçməyə başladı.

 

Milyon yarımdan çox  çərkəz Osmanlı torpaqlarına sürgün edildi

1864-cü ilin martında Soçi yaxınlığında mühasirəyə alınan son 20 minlik çərkəz ordusu ilə 50 minlik rus ordusu arasında tarixi savaş baş verdi. Daha dəhşətlisi, kədərlisi isə odur ki,  bir gün  ərzində davam edən döyüşdən sonra çərkəz ordusundan bir nəfər belə sağ qalmadı. 153 illik müharibədən sonra Çərkəzlərin tarixi torpaqlarını bütünlüklə işğal edən Çar Rusyası sağ qalan çərkəzləri Osmanlı İmperiyasına doğru sürgünə məcbur etdi. Sankt - Peterburq və Osmanlı arxivlərinə, Nuri - Osmaniyə kitabxanasında qorunan rəsmi bəlgələrə,  XIX əsrin hərb tarixçisi Berje Adın, general İvan Drazdovun, Çar Rusyasının Trapezundaki konsulu Aleksandr Moşinin, amerikalı məhşur tarixçi Custin Makkatinin,  İngilis hərb tarixçisi Villiam Eduard David Allenin bir-birindən qiymətli əsərlərinə istinad edərək deyə bilərik ki, 1864-1879-cu illər arasında təxminən milyon yarım çərkəz Osmanlı torpaqlarına sürgün edilib, onların yarısı Qara dəniz sahillərində xəstəlik və aclıqdan həyatını itirib. 153 il  davam edən Rus-Çərkəz müharibəsində 250 min rus əsgər və zabiti, 1 milyondan çox çərkəz ölümün ağuşuna atılıb.  Əldə olunan məlumatlardan o da bəlli olur ki,  bu gün Rusiya Federasiyasında 700 mindən,  Türküstanda 280 mindən, Türkiyə Cümhuriyyətində isə 3 milyondan, Qaraçay-Çərkəz Respublikasında isə 60 mindən çox çərkəz yaşayır.

 

Soyqrımın tanınması üçün bir çox ölkələrin parlamentlərində qərarların qəbul edilməsinə nail olan çərkəzlər tarixi dövlətlərini də bərpa edəcəklərinə inanırlar

Çərkəzlərin tarixində ən faciəli və dönüş nöqtələrindən biri XIX əsrin ortalarında baş verən Böyük Qafqaz müharibələri və sonrakı sürgünlərdir. Rusiya İmperiyası ilə aparılan uzunmüddətli mübarizə və müharibələr çərkəzlərin azadlıq istəyini . istiqlal havasını sındırmasa da, 1864-cü ildə Qafqaz müharibəsinin bitməsi çərkəzlərin məğlubiyyəti və kütləvi deportasiyası ilə nəticələndi. Onların böyük bir hissəsi Osmanlı İmperiyasının müxtəlif vilayətlərinə, Orta Şərq və Balkan ölkələrinə köçürüldü. Sürgün nəticəsində çərkəzlərin sayı xeyli azaldı, minlərlə insan həyatını itirdi və çərkəz mühacirəti formalaşdı. Türkiyə Cümhuriyyətində, İordaniya, Suriya, İraq, İsrail, Misir, Almaniya, Fransa və Amerika Birləşmiş Ştatlarında məskunlaşan çərkəzlər  bu gün də tarixi torpaqlarına, Şimali Qafqaza dönəcəkləri ümidi ilə yaşayır və bu istiqamətdə mübarizə aparırlar.  Çərkəz soyqrımının tanınması üçün bir çox ölkələrin parlamentlərində qərarların qəbul edilməsinə nail olan çərkəzlər əvvəl – axır Ata yurdlarında tarixi dövlətlərini də bərpa edəcəklərinə inanırlar.

 

Qılınc və qalxanla ifa olunan rəqsləri, Çərkəzlərin mücadilə ruhunu, mücahid  taleyini özündə ehtiva edir

Sonsuz Vətən sevgisi və zəngin mədəniyyəti ilə tanınan Çərkəzlər həm də dəyərlərin əyarı olan  adət-ənənələrə, folklora, musiqiyə və rəqslərə malikdir. Çərkəzlərin milli geyimləri, ənənəvi mərasimləri, toy və yas adətləri, qonaqpərvərlikləri,  “Adxə” adlanan  qaydaları  onların mədəni özünəməxsusluğunu qoruyub saxlayır. Dünyanın məhşur salonlarını heyrətləndirən çərkəz rəqsləri və musiqisi Qafqaz folklorunda mühüm yer tutmaqla yanaşı, onu yaradan millətin qüdrətini, əzəmətini bəşəriyyətə sübut edir. Musiqi alətləri, qılınc və qalxanla ifa olunan rəqsləri, onların milli mənlik və milli kimlik uğrunda mücadilə ruhunu, mücahid  taleyini özündə ehtiva edir. Qüdrətli tarixi, zəngin mədəniyyəti ilə nümunəyə çevrilən çərkəzlər həm də, milli mətbəxi ilə kimliyini qoruyur, əski gələnəklərini, süfrə mədəniyyətini nəsildən - nəsilə ötürür. Haluva, pastırma, xasy adlanan şorbası , qozlu yeməkləri və pendiri, ağartı məhsulları, süfrələrinin bəzəyi olan ət və xəmir yeməkləri ilə də çərkəzlər öncüllüklərini qoruyub saxlayıırlar.  

Osmanlının Şimali Qafqazda möhkəmlənməsindən sonra  müsəlmanlığı bir din olaraq qəbul ediblər

Qədim zamanlardan, əski çağlardan politeist - çoxtanrılığı inanc sisteminə malik olan çərkəzlər Sultan III Muradın zamanına, islamın bölgədə yayılmasına qədər xristian dininə stayiş etsələr də,  Osmanlının Şimali Qafqazda möhkəmlənməsindən sonra  müsəlmanlığı bir din olaraq qəbul edib. İslam dininin sünni məshəbinə xidmət edən çərkəzlərin həyatında bu gün də, dini bayramlar, mərasimlər və adət-ənənələr mühüm yer tutur.

 

Çərkəzlərin etnik kimliyi, dili, adət-ənənələri və milli mənəvi-dəyərləri dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir

Qədim tarixə, zəngin mədəni irsə və mürəkkəb taleyə malik Qafqaz xalqlarından olan  çərkəzlərin etnik kimliyi, dili, adət-ənənələri və milli mənəvi-dəyərləri dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Sürgünün və mühacirətin acıları  çərkəzləri müxtəlif ölkələrə yayıb, bir-birindən ayrı salsa da, onlar milli birliyini və mədəniyyətini qoruyub saxlamaqda davam edirlər.   Qloballaşmanın insan ruhuna hakim kəsildiyi, bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda savaşların tüğyan etdiyi bir dövrdə çərkəz liderlərinin qeyd etdiyi kimi onların “Ən mühüm vəzifəsi milli kimliklərini, dillərini və tarixi yaddaşlarının qorunması, gələcək nəsillərə ötürülməsi və dünya xalqları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi,  mühacirətdə assimilyasiya proseslərinin qarşısının alınması, tarixi ədalətsizliyin tanınması və sürgün xatirəsinin əbədiləşdirilməsi,  bir çox ölkələrdə çərkəzlərin tarixi və hüquqları ilə bağlı müxtəlif layihələrin, elmi simpoziumların beynəlxalq forumların keçirilməsi, eyni zamanda, çərkəz gənclərinin sosial şəbəkələrdə və virtual platformalarda milli birliyin qorunması üçün fəal mübarizə aparmasıdır”.

 

Azərbaycan yer üzünə səpələnən çərkəzlərin hüzur bulduğu ölkələrdəndir

Statistik göstəricilərdən bəlli olur ki, hazırda dünyada 5 milyondan çox çərkəz yaşasa da, Azərbaycan həm də yer üzünə səpələnən çərkəzlərin hüzur bulduğu ölkələrdəndir. Çərkəzlərin Azərbaycanla münasibətləri tarixi və mədəni köklərə  bağlıdır. Ölkəmizdə yaşayan çərkəz icması  multikultural dəyərlərə söykənən  Azərbaycanın tolerantlıq ənənələrindən çıxış edərək digər xalqlarla dostluq və qardaşlıq münasibətlərində olduğu kimi, həm də, onlarla qohumluq bağlarına malikdir. Azərbaycan folklorunda, musiqisində və mətbəxində çərkəz təsiri özünü göstərdiyi kimi çərkəzlərin dəyərlərinin qorunmasında, onların cəmiyyətə bütünlüklə inteqrasiyasında dövlətin dəstəyi və qayğısı da daima hiss olunmaqdadır.

Şəkildə: Milyon yarımdan çox  çərkəz Osmanlı torpaqlarına sürgün edildi

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Unudulmaz sumqayıtlılar” rubrikasında bu gün sizlərdən filoloq, Azərbaycan radiosunun əməkdaşı, şair, “Cığırdaş” gənclik mərkəzinin qurucusu, “168 saat” qəzetinin ilk təsisçilərindən biri, əslən Laçından olan, Sumqayıtda dünyaya göz açmış və cəmi 33 il ömür sürmüş, doxsanıncı illərdə qəfil ürək tutmasından vəfat etmiş Xaliq Oğuzu xatırlamağı rica edəcək.

 

Xaliq Oğuz dogma Sumqayıtı çox sevirdi, onun rifahı naminə çox işlər görürdü. Yeniyetmə və gənclərin maariflənməsi, Qarabağ probleminin ortaya çıxdığı ilk illərdə milli vətənpərvərlik ruhunun qaldırılması, ədəbiyyatımızın inkişafı naminə külüng döyənlərdən idi.

Xaliq Oğuzun xatirəsi doğmalarının, dostlarının, tanışlarının, oxucularının yaddaşında daim yaşayacaqdır.

Bu gün sizlərə onun şeirlərini təqdim edəcəyik.

 

 

Ağrıma ürəyim, ağrıma belə

 

Kiməsə ümidəm, kiməsə dayaq,

Kiməsə bir quru təsəlliyəm mən.

Hardasa şöləsi zəif bir çıraq,

Hardasa lap günəş məsəlliyəm mən.

Çağırır ardınca neçə yol, cığır,

Əlçatmaz zirvələr səsləyir məni.

Bir ana mən gedən yollara çıxır,

Bir gözəl nigaran gözləyir məni.

Nə ömür yarıdır, nə mənzil hələ.

Ağrıma ürəyim, ağrıma belə.

 

Yenə təbiətin bahar çağıdır,

Şeirlər cücərir çölün düzündə.

Torpağın donunu nəğmə dağıdır,

Ümidlər göyərir pöhrə gözündə.

Qartallar qıy çəkir zirvə taxtına,

Gədiklər bürünür dumana, çənə.

Sevənlər tələsir vədə vaxtına,

Kövrək bulaqlar da dil açıb mənə

Deyir, qələmini tez ol al ələ.

Ağrıma ürəyim, ağrıma belə.

 

Yanımda-yörəmdə doğmam dayanıb,

Məni xəbər alır yaxın da, yad da.

Bu dünya əzəldən sirrə boyanıb,

Nə qədər düyün var möcüzə adda.

Hər canlı işığa, nura can atır,

Yarasa zülmətə sarılıb qalır.

Min illik yol var ki, əlimiz çatır,

Bir addım yol var ki, qırılıb qalır.

Neçə ocaq yanır tüstüsü acı,

Nə qədər yara var yoxdur əlacı.

Ovunmaq da olmur təsəlli ilə.

Ağrıma ürəyim, ağrıma belə.

 

Qoltuq ağacının qoltuqdur yeri,

Kiminsə yükünü daşıyır ancaq.

Mənəm deyənlər var, indi əksəri

Özgə qoltuğunda yaşıyır ancaq.

Qalxsa da zirvəyə caynaqda cücə

Hünər qartalındır, qartala alqış.

Cücədən qartallıq umasan necə,

Zirvə fəth etməyə qartal yaranmış.

Mən də od övladı, Qorqud soyuyam,

Çətin əqidəmdən dönəm, soyuyam.

Neçə ki, bağlıyam vətənə, elə,

Ağrıma ürəyim, ağrıma belə.

 

Qəlbimdə nə qədər arzu-kamım var,

Ülvi istəyim var, xoş məramım var.

Ümidə, gümana sığınmışam mən,

Bu günə, sabaha bir inamım var.

Oğul böyüdürəm vətənə əsgər,

Gəlin həvəsində, toy həvəsində,

Hələ yazılmamış nə qədər əsər

Beləcə dustaqdır döş qəfəsimdə.

Tale də vaxt tapıb qurmağa tələ,

Ağrıma ürəyim, ağrıma belə.

 

 

Deyirlər ki, atam saxlayıb məni

 

Deyirlər ki, atam saxlayıb məni,

Büküb yapıncının ətəklərinə.

Bələyib qəlbinin hərarətinə.

Kiçik yaşlarımdan həsrət qalmışam,

Ana istəyinə, məhəbbətinə.

 

Deyirlər ki, atam saxlayıb məni,

Qəlbinin yağını yedirib mənə,

Gözünün nurunu əmizdiribdir.

Beləcə, o məni anamdan qalan

Şirin xatirə tək əzizləyibdir.

 

Deyirlər ki, atam saxlayıb məni,

Almışam əlindən rahatlığını,

Qovmuşam gözünün yuxusunu da.

Deyrilər, o məndən, tək mənim deyil,

Alıbdır anamın qoxusunu da.

 

Deyirlər ki, atam saxlayıb məni,

Laylayım bir kövrək çoban bayatı,

Yüyrüyüm atamın qolları olub.

Yastığım bir nimdaş motalı papaq,

Beşiyim bənövşə kolları olub.

 

Deyirlər ki, atam saxlayıb məni,

Bəzən gizləyərək öz aclığını,

Sonuncu tikəsin yedirib mənə.

Ancaq dil açanda hər şeydən qabaq,

“Ana” kəlməsini dedirib mənə.

 

Deyirlər ki, atam saxlayıb məni,

Şehlər üz-gözümdən yuxunu yuyub,

Küləklər saçıma sığal veribdir.

Hər novruz bayramı yetişən zaman

Kəndimizdə neçə ana olubsa,

Hamısından mənə sovqat düşübdür,

Hərə bir bağlama qoğal veribdir.

 

Deyirlər ki, atam saxlayıb məni,

Arabir girərək yuxularıma,

Üzünü ömrümdə görəmmədiyim

O gəlin anam da yoxlayıb məni.

Deyirlər ki, atam saxlayıb məni.

 

 

Hər gün görüşünə tələsirəm mən

 

Hər gün görüşünə tələsirəm mən

Adlayıb illərin üstdən harayla.

Hələ də barışmır ürəyim nədən

Taleyin bəxtimə yazdığı payla.

 

İstək bir tərəfə, qismət bir yana

Niyə belə olsun? Niyə? Bilmirəm!

Dünyanın dərdinə mən yana-yana

Kimsəyə dərdimi deyə bilmirəm.

 

Göydə uldularsa həyan olaydı,

Əlim çatmasa da, çataydı ünüm.

Məni bircə nəfər duyan olaydı,

Təsəllim olaydı tək bircə günüm.

 

Bu lal sükutların qulağı karmı?

Dinləyə dərdimi, bilə dərdimi.

Soyuq divarların insafı varmı

Barı bircə dəfə bölə dərdimi.

 

Mənim şeirlərim həsrət qoxuyan,

Hər misram özümə göz dağı olur.

Eh, axı bunları kimdir oxuyan?

Bütün nakamların yazmağı olur.

 

Bütövlük ömrümün naxışı, tacı

Yarımçıq nə varsa, heçdir, hədərdir.

Nakam məhəbbətin tüstüsü acı,

Yandırıb-yaxmağı qəbrə qədərdir.

 

Hər gün görüşünə tələsirəm mən

Adlayıb illərin üstdən harayla.

Ürəyim barışmır heç cürə nədən?

Taleyin bəxtimə yazdığı payla.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)6)

 

 

 

 

 

 

Əfruz İbrahimqızı,

jurnalist.

“Ədəbiyyat və incəsənət”

 

Bu gün savaşlar iqtisadiyyatdan tutmuş diplomatiyaya qədər hər sahəyə daşınıb... Hətta həyat tərzinə çevrilib desək yalan olmaz. Ənənəvi hərbi əməliyyatlar, səngər döyüşləri, zirehli texnika və ya pilotsuz uçuş aparatları ilə yanaşı, informasiya və psixoloji təsir vasitələri də əsas mübarizə alətinə çevrilib. Ən böyük zərbə də  elə birbaşa televiziya ekranlarından, sosial şəbəkələrdən və qərəzli efirlərdən gəlir. Çünki, artıq fiziki sərhəd anlayışının rəqəmsal dünyada aradan qalxdığı reallıqda yaşayırıq.

 

Avqustun 17-də Azərbaycan Baş Prokurorluğunun qəbul etdiyi qərar bu reallığı bir daha göstərdi. Dövlətimizin ərazi bütövlüyünə hücum edən, açıq şəkildə terror və düşmənçilik təbliğatı aparan Rusiya vətəndaşı olan üç şəxs - aparıcı İvan Knyazev, özünü ekspert kimi təqdim edən Semyon Uralov və jurnalist Aleksey Çadayev beynəlxalq axtarışa verildi. Bu çox vacib və qətiyyətli bir addımdır. Bu sadəcə kimisə cəzalandırmaq istəyi deyil, ölkəmizin öz təhlükəsizliyini və informasiya məkanını qorumaq üçün atdığı addımdır.

Bu şəxslər efirlərdən və internet kanallarından Azərbaycanın qanuni addımlarını təhrif edib, separatçılara haqq qazandırmağa və milli ədavət toxumu səpməyə çalışıblar. Azərbaycan Ordusunun öz torpaqlarında apardığı qanuni tədbirləri "təcavüz", qanunsuz silahlıları isə "qəhrəman" kimi göstərmək birbaşa həqiqəti saxtalaşdırmaqdır. Bütün bunların arxasında duran əsas məqsəd isə Cənubi Qafqazda yaratdığımız  yeni sülh mühitini pozmaq, regionda sabitliyin bərqərar olmasına mane olmaq və kənar qüvvələrin bölgədəki təsirini saxlamaqdır.  

Qəribədir, kiminsə torpağında gözümüz yox, iddialı da deyilik.  30 ilin viranlarını abad edib üstəlik də dünyaya sülh diplomatiyası təqdim edən və təqdir görən ölkəyik. Zayed sülh mükafatı qazanmışıq və qazandırmışıq. Yaşıl enerjimizlə dünyanın diqqətini özümüzə çəkmişik. ABŞ, Çin, Yaponiya və digər ölkələrlə çoxşaxəli əlaqələrimiz müsbət dinamikadadır. Dünyaya viran olmuş torpaqlarımızda Ağıllı layihələr tətbiq edərək nümunə olmuşuq. Tarixin sınağından keçən Zəngəzurumuz açılır, biz nail olmuşuq buna... daha sayılası nələrimizin olduğunu “bilənlərin”  “xislət azadlığından“ ustalıqla istifadə edəcəyi yerlərə də göz yumanların şüuraltısından, istismar müddəti  keçmiş barıt iyi gəlir.    Deyir, “sirkə nə qədər tünd olsa öz qabını çatladar”.

 Gələk bəzilərinin bizə edilən bu səhvi  "mətbuat və söz azadlığı" kimi qələmə verməyə çalışmasından. Ancaq beynəlxalq hüquq və tarixi təcrübə isə tamamilə başqa şey deyir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 19 və 20-ci maddələri, habelə BMT Təhlükəsizlik Şurasının 1624 saylı Qətnaməsi açıq şəkildə tələb edir ki, heç bir şəxs, o cümlədən media mənsubları zorakılığa, terrora çağırış və ya kəskin nifrət nitqi yaymaq üçün heç bir imtiyaza və ya toxunulmazlığa malik deyil. Jurnalistlərin məlumatlandırmaq hüququ qanunla qorunsa da, bu hüquq cəmiyyətin təhlükəsizliyini və ictimai asayişi qorumaq naminə zəruri hüquqi çərçivədə tənzimlənir.

Bu sahədə dəqiq və qəti hüquqi meyarları Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsi müəyyən edir. Məsələn tarixdə bənzəri olan nümunələrə nəzər salaq: "Zana Türkiyəyə qarşı" (1997) işində AİHM qərara alıb ki, terror təşkilatına və ya onun əməllərinə hətta dolayısı ilə dəstək verən bəyanatlar gərginlik mühitində zorakılığı alovlandırırsa, bu söz azadlığı sayıla bilməz.  Digər bir insident olan "Sürek Türkiyəyə qarşı" (1999) işində məhkəmə təsbit edib ki, jurnalist və ya media sahibi başqasının yazdığı nifrət nitqini, zorakılıq çağırışını tirajlayırsa, buna görə birbaşa hüquqi məsuliyyət daşıyır. "Leroy Fransaya qarşı" (2008) işində isə terror aktına bəraət qazandıran karikaturanı dərc edən jurnalistin cəzalandırılması hüquqauyğun hesab edilib.

 Daha kəskin bir tarixi nümunə isə Ruanda Beynəlxalq Cinayət Məhkəməsinin məşhur "Media işi"dir (2003). Orada radionun rəhbərləri və jurnalistləri "biz sadəcə mətbuat işçisiyik" desələr də, məhkəmə tarixi bir hökm çıxardı: "Əgər mikrofon və efir vaxtı zorakılığı, terroru və qətliamları təşviq etmək üçün silaha çevrilibsə, onu işlədən jurnalist birbaşa cinayətkardır".  "Min Təpə" (RTLM) radiosu Ruanda soyqırımı zamanı nifrət nitqini kütləvi qırğın alətinə çevirmək üçün xüsusi psixoloji və efir taktikalarından istifadə etmişdir. Onlar da uzunmüddətli azadlıqdan məhrum edildilər. Çünki,  jurnalistika peşəsi zorakılığın təşviq edilməsinə bəraət qazandırmır.

 Bütün bu qəbul  edilmiş  beynəlxalq standartlar və hüquqi normalar göstərir ki, söz azadlığı heç kimə terrora çağırmaq, başqa dövlətin torpağına göz dikmək və nifrət yaymaq hüququ vermir. Azərbaycanın atdığı bu addım bir daha sübut edir ki, ölkəmizin suverenliyinə istər silahla, istərsə də mikrofon və efir vasitəsilə hücum edən hər bir şəxs hüquq qarşısında cavab verəcək və verməlidir.  Çünki, ölkəmiz tarixdə imzaları möhtəşəm olan diplomatların, torpaqda Xarı bülbülə can verən qəhrəman oğulların, elinə- gününə, adına- ucalığına, bir sözlə bütövlüyünə sahib çıxan ali xalqı ilə Azərbaycandır. 

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Kazım Kazım Arıcan,   

Ankara Sosial Elmlər Universitetininrektoru, professor.

“Ədəbiyyat və incəsənət”

 

ÜÇÜNCÜ HİSSƏ

Şuşanın mədəni möcüzəsi

Şuşanı gəzərkən beynimi məşğul edən suallardan biri bu idi: Əhalisi heç vaxt böyük paytaxtlarla müqayisə olunacaq kəmiyyətə çatmayan bir dağ şəhəri necə bu qədər çox şair, bəstəkar, xanəndə, rəssam və mütəfəkkir yetişdirə bilmişdir?

Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Əhməd bəy Ağaoğlu və daha neçə-neçə görkəmli şəxsiyyət bu şəhərin mədəni iqlimində yetişmişdir. Bu halı təsadüflə izah etmək mümkün deyil. Şuşanın mədəni məhsuldarlığı saray mühitinin sənətə və ədəbiyyata marağı, xalqın zəngin şifahi ənənəsi, muğam məktəbi, ədəbi məclislər, müxtəlif icmaların qarşılaşması və şəhərin ticarət yolları ilə əlaqələrinin vəhdətindən yaranmışdır.

Coğrafiya da bu məhsuldarlığın səssiz tərəfdaşlarından biridir. Cıdır düzünün genişliyi, İsa bulağının sərinliyi, Topxana meşəsinin zəngin bitki örtüyü və dağların yaratdığı təbii səslər aləmi şəhərin estetik yaddaşına öz dili ilə töhfə vermişdir.

Burada sənət yalnız insan iradəsinin deyil, coğrafiyanın da əsəridir.

 

İsa bulağı: Suyun yaddaşı

İsa bulağı Şuşanın ruhunu anlamaq üçün kiçik, lakin son dərəcə mühüm açardır.

Şəhərdən kənarda, meşələrlə örtülü dağlıq ərazidə yerləşən bu bulağın adını, rəvayətə görə, onu tapan İsa adlı kəndlidən aldığı söylənilir. Sərinliyi, saflığı və ətrafında qurulan məclislərlə İsa bulağı zaman keçdikcə sadəcə su mənbəyi deyil, Şuşanın mədəni həyatının əsas görüş yerlərindən birinə çevrilmişdir.

Burada xanəndələr, sazəndələr, şairlər və şəhər sakinləri bir araya gələr, suyun təravəti sözün və musiqinin təravəti ilə qovuşardı.

Bir bulağın ətrafında məclis qurulması təbiətlə mədəniyyətin necə vəhdət təşkil etdiyini göstərir. Su yalnız susuzluğu yatırmır, insanları bir araya gətirərək xatirələr yaradır.

İşğal illərinin dağıntılarından İsa bulağı da öz “pay”ını aldı. Şuşa azad edildikdən sonra bulağın bərpası və suyunun yenidən axıdılması adi abadlıq işi olmaqdan qat-qat böyük məna daşıyır.

Çünki bir xalq üçün su yalnız həyatın deyil, yaddaşın da mənbəyidir.

Vaxtilə dağın qoynunda gizlənən su damarının bu gün yenidən axması Şuşanın yalnız daşlarının deyil, ən incə yaddaş qatlarının da dirçəldildiyinin əlamətlərindən biridir.

Natəvanın şəhərə su gətirmək təşəbbüsü ilə İsa bulağının hekayəsi arasında da səssiz bir qohumluq vardır. Biri xan qızı olaraq şəhərin susuzluğuna çarə olmuş, digəri isə sadə bir insan kimi dağın qoynunda su axtarışına çıxmışdır.

Hər ikisi göstərir ki, Şuşada su yalnız təbiətin neməti deyil, insanların bir-birinə qoyub getdiyi mənəvi əmanətdir.

 

Tarixin dərin qatları

Qarabağın mədəni tarixi Qarabağ xanlığının yaranmasından xeyli əvvələ gedib çıxır. Bölgənin yaylaqları, otlaqları və keçidləri əsrlər boyu müxtəlif siyasi və mədəni hərəkətliliklərin şahidi olmuşdur.

Əmir Teymurun 1399–1400-cü ilin qışını Qarabağda keçirməsi də bölgənin strateji və coğrafi əhəmiyyətini göstərən tarixi nümunələrdən biridir. Bununla belə, həmin tarixi hadisələr və  bugünkü Şuşanın mədəni quruluşu ilə əlaqə qurarkən ehtiyatlı olmaq lazımdır.

Şuşa bu gün tanıdığımız qala-şəhər kimliyini XVIII əsrin ortalarında Pənahəli xanın dövründə qazanmışdır. Lakin onun salındığı coğrafiyanın daha qədim ticarət, köç, hərbi hərəkətlilik və mədəni mübadilə yolları üzərində yerləşdiyi aydındır. Deməli, Şuşa boş bir ərazidə deyil, müxtəlif tarixi qatların toplandığı canlı bir coğrafiyada qurulmuşdur.

Ancaq şəhərin misilsiz mədəni məhsuldarlığını izah edən əsas amil yalnız keçmişdən qalan irs deyil, həm də sonrakı dövrlərdə formalaşmış ədəbi və musiqi məclisləridir.

Məclisi-Üns və Məclisi-Fəramuşan yalnız şeir oxunan toplantılar deyildi. Bunlar tənqidin, söhbətin, qarşılıqlı öyrənmənin və estetik meyarların formalaşdığı mədəni institutlar idi. Böyük sənətkarlar çox vaxt təkbaşına deyil, güclü mədəni mühit daxilində yetişirlər. İstedad fərdi xüsusiyyətdir, onu inkişaf etdirən iqlim isə cəmiyyətin yaratdığı mühitdir.

Bu gün universitetlərin, mədəniyyət mərkəzlərinin və yazıçı təşkilatlarının həmin məclis ənənəsindən öyrənəcəyi mühüm dərslər vardır. Türk dünyasının yeni şairlərini, mütəfəkkirlərini və sənətkarlarını yetişdirmək istəyiriksə, yalnız müsabiqə və mərasimlərlə kifayətlənə bilmərik.

Gənclərin müntəzəm şəkildə bir araya gələ biləcəyi, bir-birini tənqid edəcəyi, klassik mətnləri oxuyacağı və müasir dünya ilə əlaqə quracağı davamlı mühitlər yaratmalıyıq.

Şuşa keçmişdə məhz bunu bacarmışdı.

Əhməd bəy Ağaoğlunun şəhəri

Şuşanın mədəni irsi yalnız şeir və musiqi ilə məhdudlaşmır. Bu şəhər həm də müasir türk düşüncəsinin görkəmli simalarından olan Əhməd bəy Ağaoğlunu yetişdirmişdir.

Şuşada doğulan Ağaoğlunun həyatı Qafqazdan Parisə, Bakıdan İstanbula və Ankaraya uzanan böyük bir fikir yolçuluğudur. O, türk dünyasının modernləşmə, azadlıq, hüquq, milliyyətçilik, təhsil və qadın hüquqları məsələləri üzərində düşünən ən mühüm ziyalılarından biridir.

Onun həyatı türk dünyasının intellektual inkişafının diqqətəlayiq nümunələrindən biridir. Şuşalı bir mütəfəkkir Türkiyənin siyasi və intellektual həyatına mühüm təsir göstərmiş, ailəsi də hüquq, siyasət və ictimai mübarizə sahələrində mühüm rol oynamışdır.

Bu nümunə göstərir ki, türk dünyasının mədəni əlaqələri yeni yaranmış hadisə deyil. Sərhədlər, siyasi rejimlər və əlifbalar dəyişsə də, fikirlər və insanlar coğrafiyalar arasında hərəkət etməyə davam etmişdir.

Bu gün görülməsi vacib olan iş bu intellektual dövriyyəni daha institusional və davamlı hala gətirməkdir. Universitetlər arasında ortaq proqramların yaradılması, tələbə və alim mübadilələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat mərkəzlərinin qurulması və türk dünyası klassiklərinin qarşılıqlı tərcüməsi ortaq düşüncə məkanının inkişafına mühüm töhfə verəcəkdir.

Şuşanın keçmişi bizə yalnız qürur duyacağımız şəxsiyyətləri təqdim etmir. O, eyni zamanda gələcəkdə nələri etməli olduğumuzu da öyrədir.

Şuşa yenidən Türk dünyasının Məclisi ola bilərmi?

Şuşada keçirdiyim günlər ərzində beynimdən çıxmayan düşüncələrdən biri də bu şəhərin yenidən böyük bir türk dünyası məclisinə çevrilə bilməsi ehtimalı idi.

Bir zamanlar Məclisi-Üns və Məclisi-Fəramuşanda şairləri qəbul edən Şuşa bu gün bir tərəfdən Vaqif Poeziya Günlərində gənc qələm sahiblərini bir araya gətirir, digər tərəfdən isə türk dünyasının siyasi və mədəni toplantılarına ev sahibliyi edir.

Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı kimi ön plana çıxması və Türk Dövlətləri Təşkilatının liderlər səviyyəsində keçirilən görüşlərinə ev sahibliyi etməsi göstərir ki, bu şəhər yalnız keçmişin xatirəsi deyil. Şuşa yenidən siyasətin, mədəniyyətin, incəsənətin və düşüncənin qovuşduğu rəmzi mərkəzə çevrilir.

Bu baxımdan şəhər haqqında zaman-zaman işlədilən “Türk dünyasının Davosu” bənzətməsi müəyyən mənada anlaşılandır. Lakin Şuşanın əsl gücü başqa bir şəhərə bənzəməsində deyil, öz tarixi kimliyini yenidən bərpa edə bilməsindədir.

Davosu əhəmiyyətli edən cəhət orada dünyanın gələcəyinin müzakirə edilməsidir. Şuşanı fərqləndirə biləcək xüsusiyyət isə gələcəyin yalnız siyasət və iqtisadiyyat prizmasından deyil, həm də yaddaş, poeziya, mədəniyyət və sivilizasiya baxımından müzakirə olunmasıdır.

Əgər bir tərəfdə dövlət xadimləri siyasi və iqtisadi gələcəyi dəyərləndirir, digər tərəfdə isə gənc şairlər dilin və milli yaddaşın gələcəyini müzakirə edirlərsə, deməli, şəhər yenidən tarixi missiyasına yaxınlaşır.

Lakin bir şəhərin zirvə görüşlərinin keçirildiyi mərkəzə çevrilməsi qədər, burada yaranan ideyaların davamlı institutlara çevrilməsi də mühüm əhəmiyyət daşıyır. Şuşanın əsl qüdrəti yalnız toplantılara ev sahibliyi etməsində deyil, həmin toplantılar başa çatdıqdan sonra da fikir, sənət və mədəniyyət istehsal etməyə davam etməsində özünü göstərəcəkdir.

Şəhər, yaddaş və əxlaq

Şuşada və Ağdamda keçirdiyim günlər ərzində şəhər anlayışı haqqında yenidən düşündüm. Şəhər yalnız insanların yaşadığı məkan deyil. O, insanların özlərini və dünyanı mənalandırdıqları ortaq yaddaş məkanıdır.

Məscidlər, evlər, qəbiristanlıqlar, meydanlar, məktəblər, çeşmələr və teatrlar sadəcə memarlıq nümunələri deyildir. Onlar cəmiyyətin yaddaşını daşıyan nişanələrdir. Buna görə də bir şəhəri dağıtmaq yalnız binaları məhv etmək demək deyil. Bu, xatirələri, mənsubiyyət hissini və keçmişlə gələcək arasındakı əlaqəni zədələmək deməkdir.

Lakin bir şəhəri yenidən qurmaq da yalnız yeni binalar inşa etməkdən ibarət deyil. Şəhərin ruhunu, insan münasibətlərini, mədəni həyatını və ədalət duyğusunu da yenidən bərpa etmək lazımdır.

Şuşanın tarixi abidələrinin bərpası və mədəni tədbirlərin yenidən canlandırılması olduqca mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, şəhər keçmişdə malik olduğu çoxqatlı mədəni məhsuldarlığa layiq şəkildə yaşayan elm, incəsənət və fikir mərkəzinə çevrilməlidir.

Şuşa yalnız keçmişin muzeyi olmamalıdır. O, yeni şeirlərin, bəstələrin, ideyaların və elmi araşdırmaların doğulduğu canlı bir şəhər olmalıdır. Çünki şəhər yalnız keçmişi xatırladığı üçün deyil, yeni xatirələr yarada bildiyi üçün yaşayır.

Türk dünyası bir xatirə deyil, məsuliyyətdir

Bu səfər mənə türk dünyası anlayışı haqqında da yenidən düşünmək imkanı verdi. Türk dünyasından danışmaq yalnız ortaq mənşədən, dildən və ya tarixdə qurulmuş dövlətlərdən bəhs etmək demək deyil. Ortaqlıq məsuliyyət yaradır.

Eyni dil ailəsinə mənsub olmaq bir-birimizi avtomatik olaraq tanıdığımız anlamına gəlmir. Bir-birimizi tanımaq üçün oxumaq, dinləmək, tərcümə etmək, səyahət etmək və birlikdə yaratmaq lazımdır.

Ortaq tarix vurğusu mühümdür. Lakin ortaq gələcək təsəvvürü olmadan bu, natamam qalır. Türk dünyasının gələcəyi yalnız iqtisadi və siyasi əməkdaşlıqlar üzərində qurula bilməz. Dil, mədəniyyət, təhsil, elm, ədəbiyyat və incəsənət sahəsindəki əlaqələr bu quruluşun ruhunu təşkil edəcəkdir.

Poeziya festivalları, yazıçı görüşləri və mədəniyyət paytaxtı layihələri mühüm başlanğıclardır. Lakin bunların davamlı institutlara, ortaq nəşrlərə və uzunmüddətli gənclik proqramlarına çevrilməsi vacibdir. Oşdan Şuşaya gətirilən festival məşəli bu istiqamətdə atılmış konkret addımlardan biridir. Əsas məsələ bu addımın üçüncü, dördüncü və onuncu illərdə də eyni qətiyyətlə davam etdirilməsidir.

Gənc şairlərin bir-birinin ölkələrində qonaq edilməsi, ortaq poeziya antologiyalarının hazırlanması, türk dillərinin ləhcələri arasında tərcümə emalatxanalarının yaradılması və universitetlərdə türk dünyası ədəbiyyatlarının qarşılıqlı şəkildə tədris olunması həyata keçirilə biləcək konkret addımlardır. Çünki qardaşlıq yalnız deyilən bir söz deyil. O, zəhmət və davamlı əmək tələb edən münasibət formasıdır.

Bu dövrdə gənc olmaq, söz sahibi olmaqdırŞuşada gənc şairləri dinləyərkən təkcə türk dünyasının deyil, yaşadığımız dövrün gəncliyi haqqında da düşünməyə bilmədim. Bugünün gənci tarixdə heç vaxt yaşanmamış bir təcrübə ilə böyüyür: hər an hər yerdən axan məlumatlar, saniyələr içində yaranıb yoxa çıxan görüntülər, bir ekrandan digərinə sıçrayan diqqət... Bəlkə də dövrümüzün ən qiymətli və eyni zamanda ən çox təhlükə altında olan sərvəti artıq təkcə neft və ya kapital deyil, diqqətdir. Bir misranı əzbərləmək üçün lazım olan sükut çox vaxt növbəti bildirişin səs-küyü içində itib gedir.

Süni intellektin sürətlə həyatımıza daxil olduğu, maşınların bir neçə saniyə ərzində mətn və misralar yarada bildiyi bir dövrdə gənclərə verilməli olan sual da dəyişmişdir: Şeir hələ də nəyə lazımdır?

Mənim qənaətimcə, bu sualın cavabı heç bir dövrdə bugünkü qədər aydın olmamışdır. Hər şeyin sürətlə istehsal edilib eyni sürətlə istehlak olunduğu bir zamanda insanın dayanıb bir misra üzərində uzun-uzadı düşünməsi, sözü ölçüb-biçməsi, hissi ən doğru ifadə edəcək sözü səbir və diqqətlə axtarması dövrümüzün ən mühüm müqavimət formalarından birinə çevrilmişdir.

Texnika sözləri bir araya gətirə bilər. Lakin sözün arxasındakı yaşanmış həyatı, ödənilən bədəli, həsrəti, vicdanı və çəkilmiş ağrını yalnız insan daşıyır. Məhz buna görə də şeir bu dövrdə əvvəlkindən daha az deyil, daha çox zəruridir.

Gənclərin vəzifəsi təkcə keçmişin keşiyində durmaq və ya yalnız gələcəyin memarı olmaq deyil. Onlar keçmişlə gələcək arasında körpü salmalıdırlar. Vaqifin, Natəvanın, Şəhriyarın və Aşıq Ələsgərin qoyub getdiyi mənəvi əmanəti öz dövrlərinin dili, öz zamanlarının imkanları ilə, lakin eyni sədaqət və məsuliyyət hissi ilə yaşatmalıdırlar.

Bu gün gəncin əlində təkcə qələm yoxdur; ekran, rəqəmsal arxiv, sosial media və süni intellekt də var. Əsas məsələ bu vasitələri rədd etmək deyil, onları sözün və poeziyanın xidmətinə yönəldə bilməkdir.

Necə ki, Aşıq Ələsgərin sazı bir yaddaş daşıyıcısına çevrilmişdi, sabahın gənc şairi də səs yazısı, rəqəmsal arxiv və ya qısa video vasitəsilə həmin yaddaşı yaşada bilər. Vasitə dəyişə bilər, lakin əmanətin mahiyyəti dəyişməməlidir.

Şuşada gördüyüm gənclərin baxışlarında bu şüurun cücərdiyini hiss etdim. Onlar anlayırdılar ki, bu dövrdə gənc olmaq sürətin və diqqətsizliyin axınına qapılmaq deyil. Həmin axının içində dayanmağı, dərinləşməyi və söz söyləməyi bacarmaqdır.

Gələcək nəsillərə buraxılacaq ən böyük miras bəlkə də məhz budur:

Sürətin içində ləngiməyi bacarmaq.Səs-küyün içində dinləyə bilmək. Unutqanlığın hökm sürdüyü bir dövrdə xatırlaya bilmək.

Dönüş yolunda

İyulun 19-da Bakıdan Ankaraya qayıtmağa hazırlaşarkən bir neçə gün əvvəl başlayan bu səfərin artıq eyni insan tərəfindən başa çatdırılmadığını hiss edirdim.

Səyahət insana yalnız yeni məkanlar göstərmir. O, insanın bildiyini düşündüyü anlayışların mənasını yenidən doldurur.

Şuşada "vətən" sözü mənim üçün başqa bir ağırlıq qazandı. Ağdamda şəhərin yalnız binalardan ibarət olmadığını gördüm. Qazaxda şifahi mədəniyyətin və aşıq sənətinin nə qədər canlı olduğunu hiss etdim. Vaqifin məzarı önündə isə şeirin hakimiyyətdən daha uzunömürlü olduğunu düşündüm.

Gənc şairləri dinləyərkən gördüm ki, türk dünyasının gələcəyi yalnız siyasətçilərin qərarlarında deyil, qələm tutan gənclərin xəyallarında da formalaşır. Xarıbülbülə baxarkən isə zərifliklə müqavimətin bir-birindən ayrı olmadığını anladım.

Dönüş yolunda insanın yaddaşında bəzi mənzərələr qalır: Şuşa qalasının gecə işıqları, küləkdə dalğalanan Azərbaycan bayrağı, Vaqifin məqbərəsi, Natəvanın evinin önü, Ağdamda yüksələn şeir səsləri, Qazaxdakı aşıqların sazı və Vaqifin hüzurunda medallarını alan gənc şairlərin qürurlu baxışları...

Lakin görüntülərdən daha qalıcı olan səfərin insana bəxş etdiyi düşüncələrdir. Bu səfər mənə bir daha göstərdi ki, millətlərin həqiqi sərhədləri xəritələrdə deyil, yaddaşlarında başlayır. Yaddaşını qoruyan millət məkanını itirsə belə, geri dönüş yolunu tapa bilər. Dilini və sözünü itirən millət isə öz torpağında yaşasa belə, evinə yadlaşır.

Sözün hekayəsi davam edir

Molla Pənah Vaqifin doğulduğu Qazaxdan onun şair və dövlət xadimi kimi yetişdiyi Şuşaya, oradan isə dağıntılar içindən yenidən səsini ucaldan Ağdama uzanan bu səfər əslində sözün yolçuluğu idi. Bir mənada isə ötən il Qırğızıstanın Oş şəhərində alışdırılan məşəlin Qarabağa gətirilməsinin hekayəsi idi.

Bu söz bəzən aşığın sazında, bəzən gənc şairin həyəcanında, bəzən məqbərənin sükutunda, bəzən də müharibə görmüş qalanın daşlarında qarşımıza çıxdı.

Vaqifin şeiri xalqın dilinə qarışdığı üçün əsrləri aşdı. Natəvanın sözü ağrını gözəlliyə və məsuliyyətə çevirdiyi üçün yaşadı. Şəhriyarın "Heydərbabaya Salam"ı şəxsi həsrəti bütün insanlığın ortaq hissinə çevirdiyi üçün sərhədləri keçdi. Aşıq Ələsgərin sazı dağların və yaylaqların səsini insan qəlbinə daşıdığı üçün unudulmadı. Səməd Vurğunun vətən poeziyası isə bir xalqın özünü tanıdığı aynalardan birinə çevrildi.

Bu gün növbə gənc şairlərindir. Onların vəzifəsi keçmişi təkrarlamaq deyil, keçmişin ruhunu anlayaraq yeni zamanın sözünü yaratmaqdır. Ənənə külü qorumaq deyil, odu gələcəyə daşımaqdır.

Türk dünyası ədəbiyyatının gələcəyi də bu odu daşıyacaq gənc qələmlərin cəsarətindən, biliyindən, dil şüurundan və səmimiyyətindən asılıdır. Şuşadan ayrılarkən beynimdə belə bir fikir vardı: Bir şəhər yalnız geri qaytarıldığı zaman xilas olmuş sayılmaz. O, şeiri yenidən səslənəndə, musiqisi yenidən ucalanda, uşaqları küçələrində yenidən güldükdə və insanları keçmişin ağrılarını gələcəyin ədalətinə çevirə bildikdə həqiqətən dirçəlir.

Bu gün Şuşa təkcə daşlarını deyil, sözünü də yenidən qurur. Ağdam yalnız binalarını deyil, öz səsini də yenidən tapır. Qazax Vaqifin doğulduğu torpaq kimi sözün qaynağını xatırladır. Bakı isə Xəzərin sahilində bütün bu yaddaşı gələcəyə daşıyır.

Ankaraya qayıdarkən artıq bilirdim ki, bu yolçuluq başa çatmamışdı. Çünki sözün hekayəsi onu eşidən hər bir insanın daxilində yenidən başlayır. Bəlkə də üçüncü dayanacaq kimi türk dünyasının başqa bir şəhərində bu məşəl yenidən alovlanacaq. Lakin harada yanmasından asılı olmayaraq, onun alovunun qaynağı eyni mədəniyyət ocağı olacaq.

Biz Şuşadan ayrıldıq, amma Şuşa içimizdə qaldı.

Qalanın daşlarında tarix, xarıbülbülün ləçəklərində zəriflik, gənc şairlərin səsində gələcək, Vaqifin məzarı başında isə zamanın fövqünə yüksələn bir həqiqət vardı:

Saraylar dağılar.Sərhədlər dəyişər.Zaman hökmdarları unudar. Lakin xalqın dilinə qarışmış həqiqi söz əsrlərin içindən keçərək yaşamağa davam edər. İnsan bəzən bir səfərdən gördüyü şəhərlərlə deyil, qəlbində yaşamağa davam edən bir misra ilə qayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

 

 

 

 

 

 

 

Cümə, 21 Avqust 2026 15:36

Şuşanın rəssamı

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şərqin məfəniyyət paytaxtı Şuşa.

Buradan tək musiqiçilərmi çıxır? Xeyir. İndi bir rəssam barədə danışacağam. Əmir Hacıyev barədə.

 

O, 17 may 1899-cu ildə Şuşada anadan olub. Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlayıb, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1920-ci illərin ikinci yarısından Əmir Hacıyev "Azərbaycan Qadını (jurnal)", "Həmkarlar İttifaqı" kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayıb.

 Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul olub. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. "Xavər" (Mehdi Hüseyn) (1930), "Nəhənglər Ölkəsi" (Mirzə İbrahimov) (1932), "Leyli və Məcnun" (Füzuli) (1953) "Poçt Qutusu" (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir.

Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun "Qaraca qız" (1924), Əbülhəsən Ələkbərzadənin "Yüksəliş" (1931), Yusif Vəzir Çəmənzəminlinin "Qızlar Bulağı" (1934), Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" (1938), Nizami Gəncəvinin "Yeddi gözəl" (1941), Füzulinin "Leyli və Məcnun" (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur.

1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayıb. Hacıyev eyni zamanda bir sıra bəzək və süjet xalçalar üçün eskizlər vermiş, miniatür silsilələrə ("Azərbaycan", 1961; "Şuşa", "Şamaxı", "Bakı", 1964) müəlliflik edib. 1943-cü ildə rəssama Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir. 1945-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Görkəmli rəssam 21 avqust 1972-ci ildə Bakı şəhərində vəfat edib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Sevginin görünməyən sərhədi

 

Valideyn olmaq insanın həyatında ən böyük məsuliyyətlərdən biridir. Çünki valideyn yalnız bir uşağın bu gününü deyil, sabahını da düşünür. Onun necə böyüyəcəyini, hansı insan olacağını, hansı seçimləri edəcəyini, həyatın çətinlikləri qarşısında necə dayanacağını düşünür. Bu qayğı bəzən o qədər güclü olur ki, valideyn övladının həyatında getdikcə daha çox yer tutmağa başlayır. Əvvəlcə bu, sadəcə qayğıdır: "Haradasan?", "Kimlə gedirsən?", "Nə vaxt qayıdacaqsan?" Sonra suallar artır, qərarlar valideyn tərəfindən verilməyə başlayır, uşağın seçimləri nəzarət altına alınır. Bir müddət sonra isə valideynin sevgisi ilə nəzarəti arasındakı sərhəd görünməz hala gəlir.

Ən çətin sual da məhz burada ortaya çıxır: Valideyn övladını qoruyur, yoxsa onun yerinə yaşamağa başlayır?

Uşağın həyatına müdaxilə etmək ilə ona yol göstərmək eyni şey deyil. Valideynin məsuliyyəti övladını bütün təhlükələrdən uzaqlaşdırmaq deyil. Çünki həyatın bütün təhlükələrini aradan qaldırmaq mümkün deyil. Əsl məsuliyyət uşağa təhlükələri tanımağı, qərar verməyi və səhvlərindən nəticə çıxarmağı öyrətməkdir.

Uşağı hər çətinlikdən qorumağa çalışan valideyn bəzən fərqinə varmadan onu həyatın özündən qoruyur. Halbuki insan güclənmək üçün müəyyən çətinliklərdən keçməlidir. Uşaq yıxılmadan ayağa qalxmağı, səhv etmədən düzgün qərar verməyi, itirmədən dəyər bilməyi həmişə öyrənə bilmir.

 

Valideynin qorxusu uşağın həyatına çevriləndə

 

Valideynin ən böyük hisslərindən biri qorxudur. Övladının başına nəsə gəlməsindən, yanlış insanlarla qarşılaşmasından, səhv seçim etməsindən, uğursuzluğa düçar olmasından qorxur. Bu qorxu çox vaxt sevgidən doğur. Lakin sevginin içindəki qorxu idarə olunmadıqda münasibətlərdə nəzarətə çevrilə bilər.

"Çünki sənin yaxşılığını istəyirəm" cümləsi valideyn tərəfindən səmimi şəkildə deyilir. Amma həmin cümlənin arxasınca uşağın bütün seçimləri məhdudlaşdırılırsa, burada artıq yalnız qayğıdan danışmaq çətinləşir.

Uşağın dostunu valideyn seçir, geyimini valideyn müəyyənləşdirir, hansı dərnəyə gedəcəyinə valideyn qərar verir, hansı ixtisası seçəcəyini valideyn deyir, hətta gələcəkdə kimlə ailə qurmasının daha doğru olduğunu da valideyn müəyyənləşdirmək istəyir. Uşaq isə bütün bunların içində öz həyatının sahibi olmaqdan getdikcə uzaqlaşır.

Bəzən valideyn uşağın həyatını onun yerinə yaşamağa başlayır. Övladının hansı peşəni seçəcəyini onun qabiliyyətindən çox, valideynin arzusu müəyyən edir. Uşağın hansı universitetə qəbul olacağı ailənin sosial gözləntiləri ilə ölçülür. Hətta bəzi ailələrdə uşağın uğuru onun öz xoşbəxtliyi ilə deyil, valideynin cəmiyyət qarşısında necə görünməsi ilə əlaqələndirilir.

Belə vəziyyətdə uşaq bir müddət valideyninin istədiyi kimi yaşaya bilər. Amma insanın daxilində öz seçiminə ehtiyac daim yaşayır. Gec-tez həmin ehtiyac özünü göstərir. Bəzən etirazla, bəzən ailədən uzaqlaşmaqla, bəzən də insanın öz həyatından narazılığı ilə.

 

"Mən sənin üçün daha yaxşı bilirəm"

 

Valideynin təcrübəsi böyük üstünlükdür. O, həyatda uşağın hələ qarşılaşmadığı çoxlu hadisələr görüb. Buna görə onun məsləhəti qiymətlidir. Lakin təcrübə heç vaxt başqa insanın həyatının tam sahibi olmaq hüququ vermir.

"Mən sənin üçün daha yaxşı bilirəm" düşüncəsi müəyyən yaşa qədər uşağın təhlükəsizliyi üçün faydalı ola bilər. Kiçik yaşlı uşaq həqiqətən də bir çox qərarları böyüklərin köməyinə ehtiyac duyaraq verir. Amma uşaq böyüdükcə onun məsuliyyət sahəsi də genişlənməlidir.

Valideyn bunu vaxtında qəbul etmədikdə münasibətlərdə problem yaranır. Çünki uşaq böyüyür, amma valideynin gözündə hələ də qərar vermək iqtidarında olmayan bir uşaq olaraq qalır.

On səkkiz, iyirmi və ya iyirmi beş yaşına çatmış insanın hər qərarını valideynin verməsi artıq tərbiyə deyil, asılılıq yaradan bir münasibət formasıdır. İnsan müstəqil qərar verməyi öyrənmədikdə, həyatın qarşısında özünü aciz hiss edə bilər.

Valideynin "Mən sənin üçün qərar verirəm" yanaşması əvəzinə "Sən nə düşünürsən, mən də öz fikrimi deyim" deməsi münasibətin mahiyyətini dəyişir. Burada valideyn öz rolundan imtina etmir. Sadəcə, övladına şəxsiyyət kimi yanaşmağa başlayır.

 

Uşağın yerinə yaşamaq mümkün deyil

 

Valideyn övladının ağrısını azaltmaq, onun səhvlərini önləmək istəyir. Bu, çox insani bir arzudur. Ancaq heç bir valideyn övladının yerinə yaşaya bilməz.

Uşağın yerinə imtahan verə bilməz. Onun yerinə dostluq qura bilməz. Onun yerinə sevə bilməz, seçim edə bilməz, peşman ola bilməz. Hətta valideyn ən doğru hesab etdiyi yolu göstərsə belə, övlad həmin yolu öz təcrübəsindən keçməlidir.

Bəzən valideynin ən böyük fədakarlığı müdaxilə etmək deyil, geri çəkilməyi bacarmaqdır.

Bu geri çəkilmək laqeydlik deyil. Əksinə, uşağın böyüdüyünü qəbul etməkdir. Onun öz ayaqları üzərində dayanmasına imkan verməkdir. Lazım gələndə yanında olmaq, amma hər addımını onun yerinə atmağa çalışmamaqdır.

 

Səhv etməkdən qorunan uşaq həyatı necə öyrənəcək?

 

Uşağın səhv etməsinə imkan vermək valideyn üçün asan deyil. Xüsusilə valideyn həmin səhvin nəticəsini əvvəlcədən görürsə, müdaxilə etmək istəyir. Lakin hər səhvin qarşısını almaq uşağı məsuliyyətli etmir.

Əgər uşaq hər dəfə qərar verərkən arxasında valideyninin hazır həllini görürsə, zamanla öz qərarlarına güvənməyi öyrənmir. O, daim kiminsə "doğru" cavabını gözləyir.

Halbuki uşağın bəzi səhvləri onun ən yaxşı müəllimi ola bilər.

Dost seçimində yanılmaq ona insanları tanımağı öyrədə bilər. Uğursuz bir qərar məsuliyyətin nə olduğunu göstərə bilər. Çətin bir təcrübə insanın öz gücünü kəşf etməsinə səbəb ola bilər.

 

Əlbəttə, burada söhbət uşağı təhlükənin qarşısında tək qoymaqdan getmir. Valideyn təhlükəli vəziyyətlərdə müdaxilə etməlidir. Amma hər narahatlıq təhlükə deyil. Hər səhv fəlakət deyil. Hər uğursuzluq da həyatın sonu deyil.

Valideyn bəzən övladının yıxılmasına imkan verməlidir ki, o, necə ayağa qalxacağını öyrənsin.

 

Valideynin arzusu, yoxsa uşağın həyatı?

 

Valideynlərin övladları ilə bağlı arzuları olur. Biri uşağını həkim görmək istəyir, digəri hüquqşünas, başqa biri müəllim, mühəndis və ya sənətçi. Bu arzuların arxasında çox vaxt sevgi dayanır. Valideyn övladının sabit və yaxşı gələcəyini istəyir.

Amma uşağın istəyi ilə valideynin arzusu toqquşduqda əsas sual ortaya çıxır: Kimin həyatı yaşanır?

Uşağın istedadı və marağı nəzərə alınmadan yalnız valideynin arzusunun həyata keçirilməsi sonradan ciddi narazılıq yarada bilər. İnsan sevmədiyi bir peşədə uğurlu olsa belə, daxilən xoşbəxt olmaya bilər.

Valideynin vəzifəsi uşağın həyatını əvvəlcədən yazmaq deyil. Onun hansı istiqamətə meyilli olduğunu görmək, bacarıqlarını tanımaq və doğru seçimlər etməsi üçün ona dəstək olmaqdır.

Bəzən uşağın seçdiyi yol valideynə qəribə görünə bilər. Çünki hər nəsil öz dövrünün ölçüləri ilə düşünür. Valideynin uşaqlığında uğurlu hesab edilən peşə bugünkü dünyada əvvəlki əhəmiyyətini itirmiş ola bilər. Eyni şəkildə bu gün yaranan yeni peşələr valideyn üçün anlaşılmaz görünə bilər.

Burada qadağa deyil, araşdırma lazımdır.

 

Uşağın şəxsi sərhədləri

 

Uşağın ailədə böyüməsi onun şəxsi məkanının olmaması demək deyil. Uşaq da müəyyən yaşdan etibarən şəxsi sərhədlərinin olduğunu hiss etməlidir.

Onun otağına icazəsiz daxil olmaq, şəxsi əşyalarını səbəbsiz yoxlamaq, dostluqlarını alçaltmaq, yazışmalarını daim nəzarətdə saxlamaq və hər addımını sorğu-sual etmək valideynə nəzarət hissi verə bilər. Lakin uşağın daxilində "Mənə güvənmirlər" düşüncəsini gücləndirir.

 

Etibar bir anda yaranmır. Uşağın davranışları ilə formalaşır. Amma etibarın formalaşması üçün uşağa da müəyyən qədər etibar etmək lazımdır.

Valideynin məqsədi uşağın bütün sirlərini bilmək deyil. Əsas məqsəd odur ki, uşaq sirrini paylaşmaq istədikdə qarşısında onu mühakimə etməyəcək bir valideyn tapsın.

Bu, nəzarətdən daha güclü qoruma üsuludur.

 

Yeniyetmənin qapısını döymək

 

Yeniyetməlik dövründə valideynlə övlad arasındakı məsafə daha çox hiss olunur. Uşaq öz otağına çəkilir, dostlarına daha çox vaxt ayırır, əvvəl danışdığı məsələləri artıq valideyni ilə bölüşmək istəmir. Valideyn bunu bəzən şəxsi təhqir kimi qəbul edir.

Halbuki yeniyetmənin özünə məxsus dünya yaratmaq istəyi təbiidir. O, artıq uşaqlıqdan çıxır və öz kimliyini axtarır.

Bu dövrdə valideynin qapını döyməsi sadəcə fiziki bir hərəkət deyil. Bu, "Sənin şəxsi məkanına hörmət edirəm" mesajıdır.

Əgər valideyn bu mərhələdə təzyiqi artırsa, uşaq daha çox qapanır. Əgər valideyn tamamilə geri çəkilsə, uşaq özünü tənha hiss edə bilər. Ən doğru yol məsafə ilə yaxınlıq arasında tarazlıq yaratmaqdır.

 

"Sənə güvənirəm" deməyin məsuliyyəti

 

Uşağa güvənmək yalnız gözəl bir cümlə deyil. Güvən məsuliyyət də tələb edir.

"Sənə güvənirəm" deyən valideyn uşağın qərarlarının nəticələrini də qəbul etməsinə imkan verməlidir. Əgər hər dəfə uşaq səhv etdikdə valideyn məsuliyyəti öz üzərinə götürürsə, güvən söz olaraq qalır.

Həqiqi güvən belədir: "Bu qərarı sən verdin, nəticəsini birlikdə düşünək. Səhv etmisənsə, onu düzəltməyin yolunu da birlikdə tapaq."

Bu yanaşma uşağa iki vacib hiss verir: azadlıq və məsuliyyət.

Azadlıq məsuliyyətsiz olduqda nəzarətsizliyə, məsuliyyət azadlıqsız olduqda isə təzyiqə çevrilir. Sağlam tərbiyə bu ikisini bir-birini tamamlayan dəyərlər kimi görür.

 

Valideyn nə vaxt geri çəkilməlidir?

 

Bəlkə də valideynliyin ən çətin suallarından biri budur: "Mən nə vaxt müdaxilə etməli, nə vaxt kənarda dayanmalıyam?"

Bunun hazır cavabı yoxdur. Hər uşaq, hər yaş və hər vəziyyət fərqlidir. Amma bir meyar var: Valideynin müdaxiləsi uşağın təhlükəsizliyi, sağlamlığı və əsas hüquqları ilə bağlıdırsa, müdaxilə zəruri ola bilər. Sadəcə valideynin şəxsi zövqü, qorxusu və ya cəmiyyətin nə deyəcəyi ilə bağlıdırsa, bir qədər geri çəkilib düşünmək faydalıdır.

Çünki bəzən valideyn uşağı təhlükədən deyil, öz narahatlığından qorumağa çalışır.

"Qonşular nə deyər?", "Qohumlar necə baxar?", "Filankəsin uşağı belə deyil" kimi düşüncələr uşağın həyatını müəyyən etməməlidir. Uşağın həyatının əsas məqsədi cəmiyyətin gözləntilərini təmin etmək deyil. O, öz potensialını reallaşdırmağı və məsuliyyətli insan olmağı öyrənməlidir.

 

Valideyn övladının dostu olmalıdırmı?

 

Son illərdə valideyn-övlad münasibətlərində "dost olmaq" ifadəsi çox işlədilir. Əslində valideynin uşağı ilə səmimi münasibət qurması çox vacibdir. Amma valideynin rolunu tamamilə dost roluna çevirmək də doğru deyil.

Uşağın dostlara, valideynə və müəllimə ehtiyacı fərqlidir. Valideyn həm sevən insan, həm də sərhəd qoyan, yol göstərən və lazım gəldikdə "yox" deməyi bacaran şəxsdir.

Əsas məsələ uşağın valideyndən qorxmaması, amma onun məsuliyyətini də dərk etməsidir. Valideyn "sənin dostunam" deyərək hər davranışı qəbul etməməli, "mən sənin valideyninəm" deyərək də uşağın bütün qərarlarını öz əlində saxlamamalıdır.

Ən sağlam münasibət səmimiyyətlə məsuliyyətin bir yerdə olduğu münasibətdir.

 

Bir gün uşaq böyüyəcək

 

Valideynlərin bəzən unutduğu bir həqiqət var: Uşaq bir gün böyüyəcək.

Bu gün əlindən tutub məktəbə apardığı övlad sabah öz yolunu seçəcək. Bu gün onun geyimini seçən valideyn sabah onun həyat yoldaşı, peşəsi və yaşayacağı şəhər barədə qərar verə bilməyəcək. Çünki həyatın müəyyən mərhələsindən sonra insanın yerinə qərar vermək mümkün deyil.

O gün gələndə iki nəticədən biri ortaya çıxır.

Ya uşaq öz qərarlarını verə bilən, məsuliyyət daşıyan və həyatının sahibinə çevrilmiş bir insan olur, ya da hər addımında valideyninin təsdiqini gözləyən, səhv etməkdən qorxan və müstəqillik qarşısında çətinlik çəkən bir yetkinə çevrilir.

Bu nəticənin böyük hissəsi uşaqlıq illərində formalaşır.

Ona görə valideyn uşağın əlindən tutmaqla yanaşı, bir gün həmin əli buraxmağı da öyrənməlidir.

 

Sevmək bəzən geri çəkilməyi bacarmaqdır

 

Valideynin övladına göstərə biləcəyi ən böyük sevgi onu daim öz yanında saxlamaq deyil. Bəzən ən böyük sevgi onun öz ayaqları üzərində dayanmasına imkan verməkdir.

Uşağı qorumaq lazımdır, amma onun həyatını qorxu ilə idarə etmək yox. Ona məsləhət vermək lazımdır, amma onun yerinə qərar vermək yox. Səhvlərindən qorumaq lazımdır, amma hər səhvin qarşısını almaq yox. Yanında olmaq lazımdır, amma həyatını onun yerinə yaşamaq yox.

Valideynlik bir gün uşağın əlindən tutmaqla başlayır. Sonra ona yeriməyi öyrədirik. Ardınca qaçmağı, yıxıldıqda qalxmağı, yolunu seçməyi öyrədirik. Amma bir mərhələ gəlir ki, artıq onun əlini buraxmaq lazımdır.

Əgər həmin gün gəldikdə biz hələ də əlini möhkəm saxlayırıqsa, onu qoruduğumuzu düşünərkən əslində yolunu daralda bilərik.

Uşaq valideyninin davamı deyil. O, ayrıca bir insandır. Onun öz xarakteri, arzuları, qorxuları, istedadları və həyat yolu var. Valideynin vəzifəsi həmin yolu onun yerinə seçmək deyil, övladının öz yolunu tapmasına işıq tutmaqdır.

Bəlkə də yaxşı valideynin ən böyük uğuru övladının daim ona ehtiyac duyması deyil. Ən böyük uğur odur ki, bir gün övladı öz həyatının qarşısında tək dayananda belə, daxilində valideynindən aldığı gücü hiss etsin.

Çünki əsl sevgi uşağı özünə bağlamaq deyil, onu həyata hazırlamaqdır.

Və bəlkə də valideynlik haqqında ən doğru cümlə budur: Övladının həyatına işıq ol, onun yerinə yol getmə.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə “Nobel mükafatı laureatları” silsiləsindən Tomas Eliot barədə yazını təqdim ediləcək. Müəllif İlham Abbasovdur.

 

1923-сü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, ingilisdilli irland şairi Uilyam Yeytsin. Vəfatından sonra bu sənətkarı bütün dünyada ingilis dilində yazan şairlərin ən yaxşısı sayırdılar. Bu iki görkəmli şairi birləşdirən əsas cəhət onların hər ikisinin bədii yaradıcılığının ilk növbədə lirik poeziya əsasında formalaşması idi. O bu günə qədər də dünyada ən çox çap olunan və ən çox oxunan şairlərdən biridir. Şeirləri dünyanın, demək olar, bütün mədəni xalqlarının dillərinə tərcümə olunub.

 

 Söhbət 1948-ci ildə “müasir poeziyanı dəyərli novatorluqla zənginləşdirdiyinə görə” ədəbiyyat üzrə 43-cü Nobel mükafatına layiq görülmüş ingilis şairi Tomas Eliotdan gedir. Mükafata namizədliyi müzakirə olunanda İsveç Akademiyasının üzvü Andres Esterlinq onun yaradıcılığını xarakterizə edərək demişdi: “Tomas Eliotun şeirləri insanların yaddaşına almaz  itiliyi və sərtliyi ilə həkk olunur”. Özü isə mükafata layiq görülməsinə belə reaksiya vermişdi: “Mən şairlərə Nobel mükafatı verilməsini poeziyanın ümumbəşəri dəyərinin daha bir təsdiqi hesab edirəm. Mənə verilən mükafatı şəxsi xidmətlərimin qiymətləndirilməsindən daha çox, poeziyanın əhəmiyyətinin rəmzi etirafı kimi qəbul edirəm”.

Onun mükafata layiq görülməsi haqqında Nobel Komitəsinin qərarında ingilis şairi kimi göstərilsə də, Tomas Sternz Eliot 1888-сi il sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Sent-Luis şəhərində zəngin sənayeçi ailəsində dünyaya gəlmişdi. Atası Henri sahibkar, anası Şarlotta yazıçı idi. Görkəmli adamların bədii bioqrafiyalarının müəllifi kimi tanınmışdı. Tomas yeddi uşaqlı ailənin sonbeşiyi idi.

T.Eliot mükəmməl təhsil almış, Harvard Universitetini magistr diplomu ilə bitirmişdi. Yeniyetməlik çağlarından bədii yaradıcılığa meyil salan gələcək şair qədim Şərq mədəniyyətinə maraq göstərərək ilk şeirlərini böyük fars şairi Ömər Xəyyamın rübailərini təqlid edərək yazmışdı. Həmin qələm təcrübələrini 1909-1910-cu illərdə Harvardda nəşr olunan “Harvrad vəkili” jurnalında dərc etdirdikdən sonra təhsilini davam etdirmək üçün Avropaya gedən Tomas 1910-1911-сi illərdə Fransada Sorbonna Universitetində fəlsəfə ixtisası üzrə təhsil alır, o cümlədən 1927-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, görkəmli Fransa filosofu Anri Berqsonun mühazirələrini dinləyir, fransız dili və ədəbiyyatı üzrə məşğələlərə gedir. Ədəbiyyata gəldiyi ilk dövrdə o zaman Avropada aparıcı rol oynayan simvolizm ədəbi cərəyanı və simvolist yazıçıların yaradıcılığı ilə maraqlanır.Lap erkən yaşlarında dünyanın ən nüfuzlu universitetlərindən ikisinin diplomunu qazanan və dərin biliklərə yiyələnən gənc yazıçı ABŞ-yə qayıtdıqdan sonra poetik yaradıcılıqla paralel, elmi araşdırmalarla da məşğul olur. Onun tədqiqat işləri ədəbi yaradıcılığın fəlsəfi problemlərinin öyrənilməsinə həsr olunmuşdu. İlkin olaraq görkəmli ingilis filosofu Frensis Bredli haqqında dissertasiya üzərində işləyir.

Həmin illərdə T.Eliot qədim Şərq mədəniyyətinə marağını davam etdirərək qədim hind – sanskrit dilini və ədəbiyyatını öyrənməyə cəhd edir, həmçinin buddizmlə ciddi şəkildə maraqlanır. Elmi tədqiqatlarına görə Harvard Universitetindən aldığı təqaüdü Almaniya elmi dairələrində bu ölkənin klassik fəlsəfəsini (Kant, Hegel, Şellinq, Feyerbax, Nitsşe) əsaslı şəkildə öyrənməyə sərf edir. Onu Harvard Universitetində professor kürsüsünə dəvət etsələr də, poetik yaradıcılıq yolunu davam etdirməyə üstünlük verərək, bu yüksək etimaddan imtina edir. 1915-ci ildə universitetin nəşriyyatında ilk şeir kitabını nəşr etdirir. Bir neçə il burada nəşr olunan ədəbi jurnalın baş redaktorunun müavini vəzifəsində çalışır. Əsasən ümidsizlik və ruh düşkünlüyü ovqatına köklənən lirik şeirlərini müxtəlif ədəbi nəşrlərdə dərc etdirərək bir şair kimi tanınmağa başlayır. Onu ilk dəfə məşhurlaşdıran “Alfred Pruforkun məhəbbət nəğməsi” (1917) poemasında gənc şairin bədii istedadının tam mənada üzə çıxması oldu. Mütəxəssislər bu əsəri XX əsr Amerika poeziyasının başlanğıc nöqtəsi sayırlar.

Maraqlıdır ki, ədəbi tənqiddə həmişə ingilisdilli poeziyanın klassiki olaraq  dəyərləndirilən şairin əsərlərinin ingilis ədəbiyyatında nə kimi yer tutduğuna heç zaman bu cüt konkret qiymət verilməyib. O, Birinci Dünya müharibəsi başlayandan İngiltərəyə köçür və ömrünün qalan hissəsini bu ölkədə yaşayır. T.Eliotun əcdadları XVII əsrdə İngiltərədən Amerikaya köçmüşdülər. Şair ABŞ-də doğulduğu, böyüdüyü, təhsil aldığı üçün özünü amerikalı sayırdı. Amma xarakterinə, mental xüsusiyyətlərinə, həyat və düşüncə tərzinə görə T.Eliot amerikan yox, məhz ingilis idi. Hələ tələbəlik illərindən yoldaşları onun ləhcəsindən və vətəndaşlığından başqa hər şeydə amerikan yox, məhz ingilis olduğunu vurğulayırdılar. Və bu mənada, onun lap əvvəldən ingilis şairi kimi ad çıxarması da anlaşılan idi. Buna görə də şairin yetkinlik çağında – 39 yaşında ABŞ vətəndaşlığı ilə yanaşı, Britaniya vətəndaşlığını da qəbul etmək fikrinə düşməsi onu yaxşı tanıyanlardan heç kəsi təəccübləndirmədi. 1927-ci ildə əksər amerikalılar kimi doğuluşdan xristianlığın protestant məzhəbinə mənsub olan T.Eliot İngiltərə üçün daha səciyyəvi sayılan anqlikan təriqətinin qaydalarına uyğun olaraq, xaç suyuna çəkilmə mərasimini yenidən keçir və yeni məzhəbi ilə Britaniya təbəəliyini qəbul edir. Həyatında baş vermiş bu mühüm hadisələr barədə düşüncələr şairin 1930-cu ildə yazdığı “Küllük içində” poemasında öz əksini tapır.

Bədii yaradıcılığında əsas diqqəti, əvvəldə qeyd etdiyimiz kimi, insanın keçirdiyi mənəvi böhran və mənəvi dəyərlərin itirilməsi mövzusuna həsr olunmuş lirik poeziyaya verən şair 30-cu illərdən başlayaraq qələmini dramaturgiyada da sınamağa başlayır. Onun dram əsərləri sırasında ilk teatr uğuru qazanan dini mövzuda yazdığı “Kilsədə qətl” (1934) pyesi ABŞ və Avropanın bir çox nüfuzlu teatrlarında tamaşaya qoyulur. Bundan sonra qələmə aldığı “Ailənin birləşməsi” (1939), “Axşam kokteyli” (1950), “Şəxsi katib” (1954), “Yaşlı dövlət xadimi” (1954) pyeslərini oxucu və tamaşaçılar rəğbətlə qarşılaslar da, bu əsərlər birinci pyes qədər yüksək qiymət qazana bilmir.

Epik növdə yazdığı poetik əsərlərin sırasını “Bəhrəsiz torpaq “ (1922) poeması ilə qoyan T.Eliot 40-cı illərdə poeziya yaradıcılığını əsasən bu janrda yazılmış əsərlərlə davam etdirir. Ədəbi tənqidin mükəmməl əsər kimi qiymətləndirdiyi “İst Koker” (1940), “Byornt Norton” (1941), “Balaca Ciddinq” (1942), “Dörd kvartet” (1943) və s. poemalarının hər biri müəllifin insan mənəviyyatı və zaman haqqında düşüncələrini əks etdirir. Xüsusən “Dörd kvartet” poemasını vurğulamaq lazımdır. Bu əsərin çapından sonra T.Eliot ən nüfuzlu ingilisdilli şair kimi məşhurlaşır və onun şeirlərini çağdaş modernist poeziyanın ən yaxşı nümunələri kimi qiymətləndirirlər.

T.Eliot 1915-ci ildə Viven Heyvud adlı balerina qadınla ailə qurur, lakin tezliklə  ruhi xəstəlikdən əziyyət çəkdiyi məlum olan xanım ömrünün qalan hissəsini psixiatrik xəstəxanada keçirməli olur.

T.Eliot 1922-ci ildə özünün ən dəyərli poetik əsərini – “Bəhrəsiz torpaq” poemasını nəşr etdirir. Bu əsərdə o, mənəvi dəyərlərdən uzaqlaşmış müair gəncliyi “itirilmiş nəsil” adlandırır. Maraqlıdır ki, ötən onilliklər ərzində dünyanın müxtəlif yerlərində, müxtəlif xalqların mədəniyyətində (o cümlədən bizdə) gənc nəsil haqqında bu ifadəni dönə-dönə işlədiblər. 1925-ci ildə şair özünün ən məşhur əsərlərindən biri olan və “ingilisdilli poeziyanın ən dəyərli nümunəsi” adlandırılan “İçiboş adamlar” şeirini yazır və burada həmin mövzunu uğurla davam etdirir.

T.Eliot 1925-ci ildən başlayaraq 1965-ci ilə (ömrünün sonuna) qədər bütün Avropada tanınan “Faber and Faber” nəşriyyatında redaktor vəzifəsində çalışmış, sonralar isə onun direktoru olmuşdu.

Peşəkar yaradıcılıq yolu 1905-1965-ci illəri əhatə edən T.Eliot bütün dünyada şair, dramaturq, novellaçı, esseist, ssenariçi, jurnalist kimi tanınsa da, poeziya ilə yanaşı, əsas yaradıcılıq fəaliyyəti ədəbi tənqidlə bağlı idi. O, görkəmli tənqidçi kimi nüfuz qazanmışdı. 1910-cu ildə ədəbi-tənqidi esselərindən ibarət “Müqəddəs meşə” adlı ilk elmi kitabı nəşr olunur. Bu kitabda o, ingilisdilli çağdaş poeziyanın Con Donn, Endrü Marvell, Con Vebster kimi nümayəndələrinin yaradıcılığını xüsusilə yüksək qiymətləndirir.

Ümumiyyətlə, T.Eliotun ədəbi-tənqidi yaradıcılığına aid olan məqalələr onun nəzəri-estetik görüşlərindən daha çox Avropa ədəbiyyatının müxtəlif dövrlərinə və cərəyanlarına mənsub olan sənətkarların yaradıcılığının praktik cəhətlərini əhatə edirdi. Bu, onunla bağlı idi ki, müəllif özü nəzəriyyəçi olmaqdan daha əvvəl ilk növbədə şair idi. Və bu əsərlər bir sənətkar və mütəfəkkir kimi onun ədəbi kredosunu bədii əsərləri qədər geniş və dərindən əks etdirə bilmirdi. Bununla belə, onun elmi-tənqidi yaradıcılığı qaldırılan məsələlərin səciyyəsinə və həlli  yollarına görə məntiqi və estetik baxımdan bir sistem şəklində dəyərləndirilməlidir. Ədəbi tənqidin bu yeni cərəyanını İngiltərədə “Kembric məktəbi”, Amerikada isə “yeni tənqid” adlandırırdılar.

Bu sistemi xarakterizə edərkən onun banisi T.Eliotun bir ədəbiyyatşünas olaraq ilk əvvəl dövrünün yaradıcılıq tərzində nəzəri və praktik cəhətdən aparıcı rol oynayan formalist inikas üsullarına qarşı çıxdığını, çağdaş yaradıcılıq prosesində klassik ədəbiyyatdan gələn ifadə üsullarının kor-koranə təkrarlanmasını qəbul etmədiyini, yeni, modernist ifadə tərzinin tərəfdarı  olduğunu vurğulamaq lazım gəlir. Bu yanaşma ilk növbədə onun bir şair kimi düşüncə azadlığı və yaradıcılıq sərbəstliyinə üstünlük verməsi, ehkamçılıqdan uzaq olmağa çalışması ilə izah edilə bilər.

Müasir poeziya barədə fikirlərini ifadə edərkən T.Eliot onun klassik poeziyadan daha yüksək məziyyətlərə malik olduğunu vurğulayır. Çünki klassik poeziya insanın duyğu və düşüncələrini bir-birindən təcrid olunmuş şəkildə əks etdirir. O, lirik poeziyada subyektivizmi etalon səviyyəsinə qaldırmağın, obyektiv gerçəkliyin inikasından qaçmağın əleyhinə idi. Onun fikrinə görə, şeirdə duyğuların əks etdirilməsi düşüncələrin ifadə olunması ilə obyektiv tarazlıq şəklində verilməlidir.

Ancaq onun nəzəri görüşləri ilk baxışda görünə biləcəyi qədər də birmənalı deyildi. Bu prinsiplərlə hətta onun öz bədii yaradıcılığına yanaşdıqda belə, cavabı aydın olmayan suallar meydana çıxır. Çünki onun nəzəri-estetik baxışları donuq ehkamlardan uzaq, daim hərəkətdə və inkişafda olan mühakimələr şəklində mövcud idi. Onları canlı ədəbiyyata tətbiq edəndə bu amilləri mütləq nəzərə almaq lazımdır.

O, poeziyanı həm onu yalnız estetik material kimi, götürənlərdən, həm də bədii düşüncəni formal məntiq nümunəsi kimi qəbul edənlərdən qoruyurdu. Onun mövqeyi böyük fransız yazıçısı Qustav Floberin Avropa ədəbiyyatşünaslığında sənətə yanaşma etalonu kimi qəbul edilən fikrinə əsaslanırdı: “Yazıçı əsəri öz duyğularının təzahürü nümunəsinə çevirməməlidir. Müəllif yaratdığı əsərdə özünü Allahın Özünü yaratdığı dünyada əks etdirdiyi kimi ifadə etməlidir”.

İndi incəsənətə bu cür baxış ümumi qəbul edilmiş yanaşma normasıdır. Lakin o zaman bu yanaşma tərzinə görə T.Eliot yaradıcılığı maarifləndirmə və tərbiyə vasitəsi saydığı üçün öz ünvanına sənəti fəlsəfə, yaxud din kimi qiymətləndirənlərin dilindən daim qınaq sözləri, ittihamlar eşitməli olurdu. Opponentləri onun incəsənətdə irəli sürdüyü “fərdisizləşdirmə” prinsipini yanlış olaraq “şəxsiyyətsizləşdirmə” tələbi kimi qələmə verərək inkar edirdilər. Şeirin müəllifin düşüncə prosesindən asılı olmadan “öz-özünə yarandığını”, “mistik vəhy kimi gəldiyini” iddia edənlər T.Eliotun poeziyadan tələb etdiyi duyğu ilə düşüncənin vəhdəti, harmoniyası prinsipini sona qədər anlaya, dərk edə bilmirdilər.

Nəhayətdə T.Eliot bu barədə düşüncələrini “Poeziyanın və tənqidin vəzifələri” kitabında şərh etməli oldu. Şair bu traktatda göstərirdi ki, duyğu və düşüncənin xaotik “sintez”indən incəsənət üçün xilasedici rol oynayan harmonik nizam meydana gələ bilməz. O hesab edirdi ki, poeziya insanın real dünyanı qavramasına hiss olunacaq qədər təsir göstərir. Poeziya bu funksiyanı yalnız insanın düşüncə tərzinin spesifik (obrazlı) bir forması olaraq yerinə yetirə bilər. T.Eliotu dəfələrlə klassik poeziyanı qəbul etməməkdə günahlandıraraq ədəbi ənənələri dəyərləndirməməkdə, onların canlı inkişafını görməməkdə ittiham etmişdilər. Amma nəzərə almaq lazımdır ki, həmin dövrdə Avropa ədəbiyyatı və estetikasında biz başa düşən mənada ənənə anlayışı, ümumiyyətlə, mövcud deyildi. Müasir poeziyanın dəyərləndirilməsi zamanı heç kim Avropa şeir sənətinin Homer, Vergili, Dante, Şekspir, Höte kimi klassik nümayəndələrini, onların bədii və estetik irsini yada salmır, müqayisələr aparmırdı.

Bunu ilk dəfə edən məhz T.Eliot olmuşdu. O da klassik irsi ideallaşdırmadan, apardığı müqayisələrdə yeni-modernist ədəbiyyatın xeyrinə nəticələr çıxararaq fikir bildirmiş, ötən günlərin ideyaları ilə yaşayan klassik ədəbiyyatdan fərqli olaraq, çağdaş poeziyanı canlı, yaşayan, zamanın çağırışlarına cavab verən bir hadisə kimi qiymətləndirmişdi. Eləcə də onun yaradıcılığı – şeirləri, pyesləri və tənqidi məqalələri müasir dünya ədəbiyyatına çox güclü təsir göstərmişdir. Onu da vurğulamaq lazımdır ki, Nobel mükafatına layiq görülmüş yazıçıların çoxundan fərqli olaraq, T.Eliotun yaradıcılığı Azərbaycanda diqqəti daha çox cəlb etmiş, nəşr və tədqiq olunmuşdur. Əvvəlki onilliklərdə olmasa da, müstəqillik dövründə onun ayrı-ayrı lirik şeirləri müxtəlif şairlərin tərcüməsində Azərbaycan mətbuatında dərc edilmiş, “Seçilmiş əsərləri” kitabı ədəbiyyat üzrə Nobel mükafatı laureatları seriyasından 2011-ci ildə Bakıda nəşr olunmuşdur. Kitabın tərcüməçisi, eyni zamanda tərtibçi və ön sözün müəllifi dosent Vahid Ərəbovdur. Ölkəmizdə T.Eliotun elmi-nəzəri yaradıcılığının tədqiqatçılarından biri istedadlı şair Qismət Rüstəmovdur. O, 2020-ci ilin 12 iyulunda “kulis.az” saytında T.Eliotun tənqidçi görüşlərini əks etdirən “Tənqidin sərhədləri” məqaləsini dərc etdirmişdir. Həmin məqalədən Nobel mükafatçısının tənqidçi konsepsiyasını anlamaq üçün gərəkli olan kiçik bir parçanı oxucuların diqqətinə çatdırmaq istərdik: “Hər nəslin öz ədəbi tənqidi formalaşmalıdır; çünki hər yeni nəsil sənətə öz meyarları, öz sənət tələbləriylə birgə gəlir və mədəniyyətin içində sənətə verdiyi əhəmiyyəti bunlara görə müəyyənləşdirir. Bu hökmü verəndə, əminəm ki, zövqdə və dəbdə olan dəyişikliklərdən daha artığına eyham vurmaq istəyirdim: ən azı bunu nəzərdə tuturdum ki, keçmişin şedevrlərini öz perspektivi içində dəyərləndirən hər yeni nəslin davranışları sələflərindən tamam fərqli təsirlər altında formalaşır”. Qismət T.Eliotun yaradıcılığı üzərində çalışmalarını davam etdirərək 2021-ci il yanvarın 20-də “kultur.az” saytında Nobel mükafatçısına həsr etdiyi “T.Eliotun poetikası” adlı araşdırmasını dərc etdirmişdir.

 Azərbaycan filologiyasında T.Eliotun yaradıcılığı ilə bağlı daha ciddi, akademik səciyyəli tədqiqat əsərlərinə də təsadüf etmək mümkündür. 2015-ci ildə Raisa Əlizadə magistr elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poeziyasında mifologizmlər” mövzusunda; 2021-ci ildə isə Nurlana Axundova fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poemalarının poetik xüsusiyyətləri” mövzusunda dissertasiyalar müdafiə etmişlər.

Bunlardan əlavə, professor Asif Hacılı “Yeni tənqid hərəkatı və Tomas Eliot” adlı tədqiqatında; professor Vaqif Sultanlı isə “Azərbaycan ədəbi tənqidi” kitabının “Yazıçı tənqidi” bölümündə T.Eliotun tənqidçilik fəaliyyətini nümunəvi örnək kimi götürərək ədəbi tənqid tarixindəki rolunu yüksək qiymətləndirmişlər.

Nəşr və oxunma sayına görə dünya miqyasında rekordçu olsa da, T.Eliot elitar şair idi, onun şeirləri heç zaman ümumi oxucu kütləsi arasında geniş populyarlıq qazanmamış, həmişə yüksək zövqlu poeziya xiridarlarının maraq dairəsində olmuşdu. Onun yardıcılığı hələ sağlığında yaşadığı ölkələrdə və Avropanın digər dövlətlərində yüksək qiymətləndirilmiş, nüfuzlu mükafatlararla təltif olunmuşdu. O, dünyanın çox prestijli 16 universitetinin fəxri doktoru seçilmiş, Nobel mükafatından əlavə, İngiltərə və Fransanın ali dövlət mükafatlarına, Almaniyanın ədəbiyyat üzrə ən nüfuzlu ödülü sayılan Höte mükafatına layiq görülmüşdü.

T.Eliot 1957-ci ildə 68 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. 1965-ci il yanvarın 4-də Londonda beyninə qan sızmasından vəfat etmiş, öz vəsiyyətinə uyğun olaraq, əcdadlarının vətənində – İngiltərənin Somerset əyalətinin Koker kəndində dəfn olunmuşdur.Vəfatından sonra, demək olar ki, tamam unudulan bir çox Nobel mükafatçılarından fərqli olaraq, onun əsərləri bu gün də bütün dünyada diqqət mərkəzində saxlanılır, böyük sevgi və hörmətlə tərcümə və nəşr olunur, tədqiq edilir.

1993-cü ildən başlayaraq şairin özünün 1953-cü ildə təsis etdiyi "Poetik kitablar Cəmiyyəti" hər il yeni nəşr olunan ən yaxşı şeir kitabının müəllifini Böyük Britaniyanın əsas ədəbi ödülü sayılan Tomas Eliot adına beynəlxalq mükafatla təltif edir.   

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

Cümə, 21 Avqust 2026 14:07

Mən və mənə ağıl öyrədən babam

Sərtyel,

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu üzrə növbətçisi

 

“Gülüş klubu”nun devizi dəyişməz olaraq qalır: “Hərdən güldürürük, hərdən də düşündürürük”.

Bu gün menyuda olmuş hadisə də var, lətifə də, hələ üstəlik, viktorina da.

 

Viktorina

-Növbəti sual. Mamedov Alxas cavab verəcək. Alxas, sən metroda oturmusan. Başının üstündə dörd nəfər dayanıb. Qoca qarı. Hamilə qadın. Ayağı gipsdə olan kişi. Bir də qucağı körpə uşaqlı ana. Sən durub onlardan hansına yer versən, düzgün etmiş olarsan?

-Heç birinə. Birinə yer verib üçünü ayaq üstə saxlasam incimək, küsmək söhbəti ola bilər.

 

Olmuş hadisə

Bir dəfə aqillər aqili kimi tanınan babam mənə dedi:

-Heç kimi dinləyib heç kimə də inanma.

Sonra o yenə bir şeylər danışdı.

Amma mən daha onu nə dinləyir, nə də ona inanırdım...

 

Lətifə

Qadın ərini səsləyir:

-Ay kişi, Ələmdar, apar zibili at.

Kişi deyir:

-Yox e, işim gücüm var.

Belədə qadın deyir:

-Onda gəl yeməyini ye.

Kişi təəccübünü gizlətmir:

-Qəribədir. Haçan sən mənə deyirsən, apar zibili at, aparmıram, dərhal da mənə yemək yedirdirsən

Qadın öz-özünə deyir:

-Görəsən bu zibili aparıb atmayanda mən gözümə soxmalıyam ki?

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

65 -dən səhifə 3114

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.