Fazil Mustafa Aysel Fikrəti yubileyi münasibətilə təbrik edib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, yazıçı və pedaqoq Aysel Fikrəti əlamətdar yubileyi münasibətilə təbrik edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın ictimai, pedaqoji və ədəbi fəaliyyətinin önəmli məqamlarına diqqət çəkilib:

“Hörmətli Aysel xanım,

Sizi əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Siz uzun illər boyu Azərbaycan mədəniyyət və təhsil mühitində fəal iştirak edən, pedaqoji və ədəbi-ictimai fəaliyyəti ilə seçilən aydınlarımızdansınız. 1997-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında teatr dramaturgiyası ixtisası üzrə müəllim kimi fəaliyyət göstərərək, bu sahədə “Kino və teatr dramaturgiyası” fənninin ilk müəllimi kimi təqdirəlayiq xidmətlər göstərmisiniz. 20 ildən artıq pedaqoji fəaliyyətiniz gənc nəslin estetik və yaradıcı düşüncəsinin formalaşmasına dəyərli töhfədir.

2023-cü ildən Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi vəzifəsində fəaliyyət göstərməyiniz, eyni zamanda pedaqoji işinizi davam etdirməyiniz Sizin çoxşaxəli və məsuliyyətli fəaliyyətinizin bariz göstəricisidir.

Sizin ədəbi yaradıcılığınız da ictimai və pedaqoji fəaliyyətinizlə vəhdət təşkil edir. “Bir buludam”, “Ən doğma yad”, “İtirilmiş gülüş”, “Özgə evi”, “İz”, “Kaktus çiçəyi”, “Göylərin adamı”, “Qəmin tərifi”, “Zəvvar”, “İspan kafesi” və digər əsərləriniz oxucular tərəfindən maraqla qarşılanmışdır. Əsərləriniz əsasında hazırlanmış tamaşalar, film və radiotamaşalar yaradıcılığınızın təsir dairəsini bir daha təsdiq edir.

Eyni zamanda, İncəsənət Gimnaziyasında “Balaca Yazarlar Birliyi”nin yaradılması və rəhbərliyi, eləcə də müxtəlif kitab və antologiyaların tərtibində iştirakınız gənc istedadların üzə çıxarılması yönündə apardığınız məqsədyönlü fəaliyyətin mühüm göstəricisidir.

 

Siz 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2014-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2018-ci ildən isə Qırğızıstan Beynəlxalq Yazarlar Birliyinin üzvüsünüz. Müxtəlif dərgilərdə və platformalarda çıxışlarınız Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edir.

Bu əlamətdar gündə Sizə yeni yaradıcılıq uğurları, iş avandlığı və daim oxucu sevgisi arzulayıram.

Qələminiz iti, sözünüz təsirli, yolunuz daim açıq olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.