Nail Zeyniyev,
“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi
Kitabxanaçı haqqında iki fərqli təsəvvür var. Bir tərəfdə kitablarla yaşayan, oxumağı həyatının əsasına çevirən insan obrazı dayanır. Digər tərəfdə isə daha çox texniki işlərlə məşğul olan, rəfləri düzən, sənədləşmə aparan işçi. Həqiqət bu iki təsəvvürün arasında yerləşir və çox vaxt şəraitə görə dəyişir.
Ən çox yayılan yanlış fikir budur ki, kitabxanada işləmək bol-bol kitab oxumaq deməkdir. Əslində isə kitabxanada olmaqla kitab oxumaq eyni şey deyil. Kitabxanaçı gün ərzində kitablarla işləyir, amma bu o demək deyil ki, onları rahat şəkildə oxumağa vaxt tapır. İşin böyük hissəsi görünməyən tərəfdə keçir: kataloqlaşdırma, fondun qorunması, oxucu sorğularına cavab, sənədləşmə. Bu işlərin içində sərbəst mütaliə üçün geniş imkan qalmır.
Buna baxmayaraq, kitabxanaçı oxumalıdır. Bu artıq seçim yox, peşənin tələbidir. Oxucuya kitab tövsiyə etmək üçün o kitabı tanımaq lazımdır. Fondu bilmək, yeni gələn nəşrləri dəyərləndirmək, oxucunun marağına uyğun istiqamət göstərmək — bunların hamısı mütaliə tələb edir. Sadəcə bu oxumaq çox vaxt şəxsi zövqdən yox, peşə məsuliyyətindən doğur.
Bu peşənin ən güclü tərəfi oxucu ilə birbaşa əlaqədir. Kitabxanaçı insanın nə axtardığını, hansı suallarla gəldiyini, hansı mövzuda çətinlik çəkdiyini görür. Bu, nadir bir təcrübədir. Amma bu təcrübəni düzgün istifadə etmək üçün onun arxasında real oxu təcrübəsi dayanmalıdır.
Tövsiyə vermək sadə iş deyil. Düzgün seçilmiş kitab insanın dünyagörüşünü dəyişə bilər. Əksinə, yerində olmayan bir tövsiyə oxucunu kitabdan uzaqlaşdıra bilər. Ona görə kitabxanaçının oxuması şəxsi maraqdan çox, peşə etikası məsələsidir. Oxumayan kitabxanaçı istiqamət göstərməkdə çətinlik çəkir və bu da oxucuya birbaşa təsir edir.
Bu gün vəziyyət birmənalı deyil. Oxuyan kitabxanaçılar var və onların fərqi dərhal hiss olunur. Onların tövsiyələri daha dəqiq olur, söhbətləri daha canlı olur, oxucu ilə qurduğu əlaqə daha səmimi alınır. Amma eyni zamanda bu sahəyə təsadüfən gələn, mütaliəyə ciddi yanaşmayan insanlar da var. Bu isə ümumi səviyyəyə təsirsiz ötüşmür.
Burada təhsilin rolu böyükdür. Əgər kitabxanaçılıq ixtisası yalnız texniki biliklər üzərində qurulsa, nəticədə peşə də texniki xarakter alacaq. Amma mərkəzdə oxu mədəniyyəti, ədəbiyyatla canlı əlaqə dayansa, kitabxanaçı da fərqli formalaşacaq. Bu fərq sonradan oxucuya ötürülür.
Yəni kitabxanaçıların hamısı eyni deyil. Bəziləri oxuyur, bəziləri yox. Amma oxuyan kitabxanaçı ilə oxumayan kitabxanaçı arasındakı fərq gizli qalmır. Bir dəfə həqiqətən oxuyan birinin tövsiyəsini alan oxucu bunu asanlıqla unutmur. Çünki o tövsiyədə təkcə kitab adı yox, o kitabı anlayan birinin baxışı olur.
“Ədəbiyyat və İncəsənət”
(01.04.2026)


