Super User
İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti” fəaliyyətə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, cəmiyyətin rəhbəri Rövşən Namazov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, hazırladığı tədris materialları və yaratdığı mədəniyyət mərkəzləri xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, yeni fəaliyyətə başlayan “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti” də dil kursları, mədəni tədbirlər və gənclərin inkişafına yönəlmiş layihə və təşəbbüslər vasitəsilə Batumidə yaşayan azərbaycanlıların bir araya gəlməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və milli şüurun güclənməsinə töhfə verəcək.
Rövşən Namazov vurğulayıb ki, cəmiyyətin fəaliyyəti yalnız ana dilinin və milli-mədəni irsin yaşadılması ilə məhdudlaşmayacaq. Təşkilat, eyni zamanda Batumidə yaşayan soydaşlarımızın sosial-iqtisadi və ictimai həyatda fəal iştirakına, Gürcüstanın çoxmədəniyyətli mühitinə uğurla inteqrasiyasına dəstək göstərəcək.
Cəmiyyətin yaxın dövr üçün hazırladığı fəaliyyət proqramına ana dili ilə yanaşı, gürcü və xarici dillərin tədrisi, Azərbaycanın tarixi və mədəniyyətini tanıdan sərgilərin, ədəbi-bədii gecələrin və milli bayramlara həsr olunan tədbirlərin təşkili daxildir. Bununla yanaşı, regionda yaşayan ehtiyac sahibi soydaşlarımıza və Batumidə təhsil alan azərbaycanlı tələbələrə sosial və mənəvi dəstəyin göstərilməsi də nəzərdə tutulur.
Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mədəni-humanitar sahədə daha da inkişafına töhfə verəcək. “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti”nin fəaliyyəti regionda mədəni dialoqun genişlənməsinə və iki xalq arasında əsrlərə söykənən dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
Beynəlxalq Qəribə Musiqi Günü, Ukraynanın müstəqilliyi və kartof çipsi
Beynəlxalq Qəribə Musiqi Günü, Ukraynanın müstVaris
“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoruBaş redaktoru
24 avqust gününə düşən tarixi hadisələrdən ən maraqlılarını sizlər üçün seçdim. Yəqin ki Ukraynada olanınız tapılar. Kartof çipsini də sevirsiniz. Musiqi zövqünüzdə qəribəliklər də var. Pluton barədə isə bilməsəniz belə bu gün biləcəksiniz.
Haydı, getdik.
Ukraynanın müstəqilliyi günü
Bizə dost və qardaş olan, bizim həll edilmiş Qarabağ probleminə rəğmən analoji Krım, Donbass, Luqansk problemi olan, üstəlik Rusiya ilə müharibəyə sürüklənən Ukraynanın müstəqillik günüdür, dostlarımızı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirik, “müstəqilliyiniz daimi və əbədi olsun” deyirik.
Ukraynanın dövlətçilik tarixi 9-cu əsrdən – Kiyev dövlətinin qurulmasından hesablanır. Sonradan bu dövlət süqut edib, xırda knyazlıqlara parçalanıb, bir də 17-ci əsrdə Ukraynada növbəti güclü dövlət qurulub, Kazak-Getman dövləti adında. 18-ci əsrin sonundan Rusiya işğalına məruz qalaraq Ukrayna Rusiya İmperiyasının tabeçiliyində olub, 1917-ci ildə bolşevik inqilabı zamanı rusların başları özlərinə qarışanda ukrainlər də bizim kimi fürsətdən yararlanıb müstəqil dövlət qurublar, amma 1920-ci ildə Rusiya bu dəfə Sovet İttifaqı adı altında Ukraynanı ilhaq edib. Bir də 1991-ci ildə - avqustun 24-də Qorbaçovun dağıtdığı SSRİ-nin uçqunları altından müstəqil Ukrayna da çıxıb.
Biz inanırıq ki, tarix hər şeyi öz yerinə qoyacaq, necə ki, bizim Dağlıq Qarabağımız azad olundu, eləcə də gürcülərin Abxaziyası, Cənubi Osetiyası, moldovanların Pridnestrovyesi, eləcə də ukrainlərin Krımı, Donbası, Luqanskı azad olacaq, öz qanuni sahiblərinə qayıdacaq.
Kartof çipsləri günü
Uşaqların və pivəsevərlərin böyük bayramı. 1853-cü ilin bugünündə ilk kartof çipsləri hazırlanıb. Təsadüfən yaranan bu ərzaq bu gün dünyada ən çox tələb olunan qəlyanaltı hesab edilir. Nyu-York yaxınlığındakı Saratoqa-Sprints kurortunda şef-aşbaz Corc Krum o dövrdə ABŞ-ın ən varlı adamlarından biri olan Kornelus Vanderbiltin “Bu nə qalın doğranmış kartofdur, mənə verirsən? Mənə kartofu nazik qızardıb ver” şikayətinin müqabilində kartofu o qədər nazik kəsib qızardıb ki. Süfrəyə ilk çips plastinkalarını qoyanda aşbaz dəmiryolu maqnatını nazik kartof istəyinə görə sadəcə utandırmaq istəyib, amma əksi olub, maqnat “bəh-bəh” deyərək çipsi ləzzətlə yeyib. O gündən bu günə çips istehsalı dünyanı bürüyüb. Ən tanınmış çips brendi bu gün bizim marketləri də bəzəyən Pringles, Lays brendləridir. Əlbəttə, bizim yerli sənaye də çips istehsalına əl atıb, hər nədir, onlar da çips istehsal edirlər.
Kartof çipsləri barədə, onun ziyanı barədə də nəsə deməyimi istəyirsiniz, məndən “həm cibə, həm mədəyə ziyandır” kəlmələrini qoparıb uşaqlarınıza çips almamaq üçün bəhanə gəzirsiniz, amma mən bu gün bunu edə bilməyəcəyəm. Kişinin bayramıdır, mərdimazarçılığımız elə bu günə qalıb?
Beynəlxalq qəribə musiqi günü
Nyu-York musiqiçisi Patrik Qrant tərəfindən təsis olunan bu gününü məğzi insanları indiyədək dinləmədikləri, yaxud dinləyib dəyər vermədikləri musiqiləri dinləyib qiymətləndirməyə çağırmaqdır. Məsələn, bizim Azərbaycanda necə etmək olar? Bəzi rayon camaatı aşıq musiqisinə alüdədir, meyxana dinləmir, bu musiqini “düşüklük” adlandırır, bəzi abşeronlularsa əksinə, meyxananı sevir, aşıq musiqisinə “çuşkalıq” deyə şəbədə qoşur. Təklif edirəm, bir gün bunlar zövqlərində dəyişiklik edib əks cəbhənin bəyəndiyini dinləsinlər. Bu qədər bəsit. Daha qlobal anlamda isə, gəlin, xaricilərə muğam yollayaq, xalq mahnılarımızı yollayaq, qoy ləzzət alsınlar, özümüzsə kəntri, xard-rok, blüz dinləyək. Kiminçünsə adi olan kiminçünsə qəribə səslənir, amma qəribəliyin özü yeni təəssürat deməkdir.
NATO-nun və Ərəfatın doğuluşu, Plutonunsa ölümü
Bu gün Vezuvi günüdür, eramızın 79-cu ilində bu İtaliya vulkanı ən dağıdıcı şəkildə püskürüb. Plutonun statusunun kiçildilməsi günüdür bu gün həm də (Allah, sən özün saxla). Uruqvayda qeyd edilən günə baxın, Nostalgiya gecəsi. Əlbəttə ki, ABŞ-da üstü ərikli piroq günüdür. (Beləsini indiyədək bişirməyən xanımlarımız bişirə bilərlər). 1995-ci ilin bu günündə Windovs 95 istismara buraxılıb. 1968-də Fransa ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1949-da NATO yaranıb. 1572-də Varfolomey gecəsi baş verib (Fransa Krallığında qutenotlar qətliama məruz qalıblar). 1929-da Yasir Ərəfat doğulub, qoy onu da deyim.
Plutonun statusu niyə kiçildilib, onu demədim axı, 2006-cı ilin bu günündə yazıq Plutonu daha Günəş sistemi planeti yox, cırtdan planetlərdən biri saymağa başlayıblar.
Nə olursa olsun, təki siz kiçilməyin.
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
Kitab karvanı Oğuza gəlir
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunda gənclərin mütaliəyə marağının artırılması, kitab oxuma vərdişlərinin təşviqi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Kitab Karvanı Oğuza gəlir” adlı tədbir keçirilib.
Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və təşkilatçılığı ilə keçirilən tədbir Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan tədbir zamanı müxtəlif mövzularda kitabların təqdimatı keçirilib, iştirakçılara mütaliənin əhəmiyyəti barədə məlumat verilib. Gənclər və rayon sakinləri kitablarla tanış olub, mütaliə ilə bağlı fikir və təəssüratlarını bölüşüblər.
Sənətkarların əl işlərindən ibarət təşkil olunmuş sərgi zamanı isə iştirakçılar müxtəlif sənət nümunələri ilə tanış olub, əl işlərinə böyük maraq göstəriblər.
Tədbirin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın artırılması, onların dünyagörüşünün zənginləşdirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
“Kitab Karvanı” layihəsi çərçivəsində keçirilən tədbir iştirakçılarda böyük maraq doğurub və kitabın insan həyatında, xüsusilə gənclərin intellektual inkişafında mühüm roluna diqqət çəkilib.
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
“Maraqlı söhbətlər”də yəhudi testi
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Keçən əsrin 20-ci illəri. Gənc bir yəhudi Nyu-Yorkdakı məşhur bir ravvinin (yəhudi ruhanisi) yanına gəlib Talmudu (yəhudilərin müqəddəs kitabı) öyrənmək istədiyini bildirir.
-Arameycə bilirsən?-deyə ravvin soruşur.
-Yox.
-Bəs ivriti?
-Yox.
-Bəs uşaq vaxtı Tövrəti oxumusan?
-Xeyr, rabbi. Amma siz narahat olmayın. Mən Berkli universitetinin filosofluq fakültəsini bitirmişəm. Bu yaxınlarda isə Sokratın filosofiyasında məntiqlə bağlı dissertasiya müdafiə etmişəm. Bu elmi daha da dərindən bilmək üçün Talmudu da öyrənmək istəyirəm.
-Sən Talmudu öyrənməyə hazır deyilsən. Bu, dünyada insanların yazdığı ən qədim kitablardan biridir. İndi ki sən öyrənməyə belə israr edirsən, onda mən məntiq testi təşkil edəcəyəm. Əğər bacarsan, mən səninlə məşğul olaram.
Cavan razılaşır.
Ravvin davam edir:
-İki nəfər binanın bacasından düşür. Çıxanlardan birinin üzü təmiz, digərinki isə kirlilidir. Bunlardan hansı birisi yuyunmağa gedər?
Gənc filosofun təəccübdən gözü bərələ qalır:
-Bu məntiq testidir?
Ravvin başı ilə təsdiqləyir.
-Əlbəttə ki üzü çirkli olan yuyunmağa gedər- deyə gənc filosof cavab verir.
-Düz deyil. Məntiqlə düşün: üzü kirli olan üzü təmiz olana baxıb fikirləşəcək ki, onun da üzü təmizdir. Üzü təmiz olan isə üzü kirli olana baxıb, fikirləşəcək ki, üzü kirlidir və gedib yuyunacaq.
-Çox hiyləgərcəsinə düşünülüb- deyə cavabdan heyran qalan gənc deyir. Nə olar, məni bir dəfə də sınayın.
-Yaxşı, cavan oğlan. İki nəfər binanın bacasından düşür. Çıxanlardan birinin üzü təmiz, digərinki isə kirlidir. Bunlardan hansı birisi yuyunmağa gedər?
-Biz axı bunu aydınlaşdırdıq. Əlbəttə ki, üzü təmiz olan.
-Düz deyil. Hər ikisi yuyunmağa gedəcək. Məntiqlə düşün: üzü təmiz olan üzü kirli olana baxıb fikirləşəcək ki, onun da üzü kirlidir və yuyunmağa gedəcək. Üzü kirli olan isə yuyunmağa gedənə baxıb, başa düşəcək ki, onun üzü kirlidir və o da yuyunmağa gedəcək.
- Bu haqda düşünməmişdim, -deyə gənc dillənir. Heyranedici cavabdır. Mən məntiqdə səhv elədim. Xahiş edirəm, bir də məni yoxlayın.
-Yaxşı. İki nəfər binanın bacasından düşür. Çıxanlardan birinin üzü təmiz, digərinki isə kirlidir. Bunlardan hansı birisi yuyunmağa gedər?
-Bayaq aydınlaşdırdıq da. Hər ikisi.
-Düz deyil. Yuyunmağa heç biri getməyəcək. Məntiqlə düşün: Üzü kirli olan üzü təmiz olana baxıb, düşünəcək ki, onun da üzü təmizdir və yuyunmağa getməyəcək. Üzü təmiz olan da baxıb görəndə ki, üzü kirli olan yuyunmağa getmir, başa düşəcək ki, onun üzü təmizdir və yuyunmağa getməyəcək.
Gənc ümidsiz halda deyir:
-İnanın ki, Talmudu öyrənə bilərəm. Başqa bir şey soruşun.
-Yaxşı. İki nəfər binanın bacasından...
-Aman Allah! Heç biri yuyunmağa getməyəcək!
-Düz deyil. İndi əmin oldun ki,Sokratın məntiqi biliyi də Talmudu öyrədəcək qədər deyil. De görüm,necə ola bilər ki,iki adam binanın bacasından eyni borudan düşsünlər,birinin üzü təmiz,diğərinki isə kirli olsun? Bunu başa düşmürsünüz? Sualın özü də mənasızdır. Əgər siz həyatınızı belə mənasız suallara cavab verməyə sərf etsəniz,verdiyiniz cavab da mənasız və cəfəngiyyat olacaq.
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Vətən müharibəsi şəhidi Gizir Cahan Saleh oğlu Məmmədzadə
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın otuz illik işğaldan azad edilməsi uğrunda canından keçən və müqəddəs Şuşa əməliyyatında qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin giziri Cahan Məmmədzadədir. O, həm Şanlı Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində ön cəbhədə rəşadətlə vuruşmuş peşəkar bir hərbçi idi.
Həyatı və hərbi peşəyə gəlişi
Cahan Məmmədzadə 24 avqust 1994-cü ildə Sumqayıt şəhərində Saleh kişinin ocağında dünyaya göz açmışdır. Ailəsi sonradan İsmayıllı rayonuna köçdüyü üçün Cahan 2000–2011-ci illərdə İsmayıllı rayonunun Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. Məktəb illərindən hərb sənətinə, zabit formasına böyük heyranlıq bəsləyən Cahan, vətənpərvərliyi və dürüstliyi ilə seçilirdi.
2012–2014-cü illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətini Qazax rayonunda yerləşən hərbi hissədə uğurla başa vurmuşdur. Lakin mülki həyata qayıtdıqdan sonra da daxilindəki hərb eşqi onu rahat buraxmamışdır. O, ömrünü peşəkar olaraq orduya həsr etmək qərarına gəlir. 2014-cü ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Motoatıcı tağım komandirinin müavini" ixtisası üzrə "Gizir hazırlığı kursu"na daxil olur və 2015-ci ildə kursu müvəffəqiyyətlə bitirərək "Gizir" hərbi rütbəsi ilə ön xətt hərbi hissələrində peşəkar xidmətə başlayır.
Aprel döyüşlərindən vətən müharibəsinə
Gizir Cahan Məmmədzadə hələ Vətən müharibəsindən öncə də cəbhə təcrübəsinə malik cəsur bir döyüşçü idi. O, 2016-cı il aprelin 2-dən 5-nə qədər cəbhə xəttində baş verən və tarixə Şanlı Aprel döyüşləri kimi düşən irimiqyaslı hərbi toqquşmalarda fəal iştirak etmiş, düşmən təxribatlarının qarşısının alınmasında rəşadət nümayiş etdirmişdir.
27 sentyabr 2020-ci ildə II Qarabağ savaşı başladığı ilk saatlardan etibarən Cahan öz bölməsi ilə birlikdə hücum əməliyyatlarına qatıldı. Onun keçdiyi döyüş yolu müharibənin həlledici nöqtələrindən keçdi:
Füzuli və Cəbrayıl cəbhəsi: Düşmənin illərlə möhkəmləndirdiyi və keçilməz hesab etdiyi müdafiə xətlərinin yarılmasında, bir çox kəndlərin azad olunmasında sarsıdıcı zərbələr endirdi.
Şuşa əməliyyatı: Noyabr ayının əvvəllərində müharibənin taleyini həll edən əfsanəvi Şuşa əməliyyatına daxil oldu. Sıldırım qayaları piyada aşaraq Şuşaya sızan xüsusi qrupların tərkibində şəhər daxilindəki küçə döyüşlərində qorxu bilmədən vuruşdu.
Şəhadəti və son mənzili
Ailənin yeganə oğul övladı olan Cahan Məmmədzadə nişanlı idi və müharibədən sonra toyuna hazırlaşırdı. Lakin Vətən sevgisi hər şeydən üstün gəldi. Bacısı və yaxınlarının xatirələrinə görə, o, hələ müharibəyə gedərkən anasına fəxrlə "Səni şəhid anası edəcəyəm" demişdi.
Gizir Cahan Məmmədzadə 7 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən ən ağır, qanlı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Onun nəşi doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Təzəkənd kənd qəbiristanlığında böyük izdihamla, hərbi ehtiram qaydalarına uyğun olaraq torpağa tapşırıldı. Hazırda kənddə onun xatirəsinə ucaldılmış xüsusi bir ev-muzeyi fəaliyyət göstərir.
Dövlət təltifləri
Göstərdiyi rəşadətə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu canı bahasına şərəflə yerinə yetirdiyinə görə gizir Cahan Saleh oğlu Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif edilmişdir:
"Vətən uğrunda" medalı
"Hərbi xidmətlərə görə" medalı
"Şuşanın azad olunmasına görə" medalı
Cahan Məmmədzadə kimi igidlərin canı və qanı bahasına bu gün Şuşada və azad Qarabağda üçrəngli bayrağımız dalğalanır. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad olsun, Vətən fədaisi!
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
Füzulidə Uluqbəy məktəbi: siyasətüstü bir rəmz
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Azərbaycan–Özbəkistan münasibətlərində mənim üçün ən təsirli hadisələrdən biri Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsidir. Çün burada söhbət yalnız məktəb binasından getmir.
Füzuli Qarabağ Zəfərinin, qayıdışın, dirçəlişin özünəxas coğrafiyasıdır. Uluqbəy isə Türk-İslam dirçəlişinin, elmin, göyüzünün, zəkanın adıdır.
Özbəkistanın Qarabağ torpağında məktəb tikməsi sanki tarixə ünvanlanan üfüqötəli bir cümlədir:
“Sənin yarana biganə deyilik; sənin gələcəyində də varıq”!
Füzulidə fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb iki ölkənin təhsil işbirliyinin ən parlaq örnəklərindən, eyni zamanda qardaşlıq münasibətlərinin təzahürlərindən biridir.
Bəlkə də siyasi bəlgələr onilliklərin tarixini yazır, məktəblər isə yüzilliklərin…
Çünki anlaşmanı dövlət adamı oxuyur, məktəbdə isə gələcək nəsil böyüyür…
Tanrı necə haqdır!
“Özbəkistanı ilə Azərbaycanı yüzillərin sınağından keçmiş ortaq tarix, eyni kökdən gələn dil və mədəniyyət, zəngin mənəvi irs, eləcə də sarsılmaz qardaşlıq bağları birləşdirir. Bizim qardaş uluslarımızın münasibətləri dövlətlərarası işbirliyi örnəyi olmaqla birgə, həm də könülləri birləşdirən mənəvi yaxınlığın parlaq təcəssümüdür.
Bu gün Özbəkistan ilə Azərbaycan arasında ictimai-siyasi, sosial-iqtisadi, ədəbi-mədəni, elm-sənət bağları davamlı şəkildə inkişaf edir, qarşılıqlı güvən və sayğı əsasında yeni məzmun qazanır. Dövlətlərimiz bölgədə, bütün dünyada barışın, anlaşmanın, sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə birgə töhfə verir.” – Bu anlamlı sözlər qardaş ölkənin ünlü yazıçı-dramaturqu, ictimsi xadim Qoşqar Narqabilindir (Qo’chqor Norqabil).
Gəncəli Nizami Daşkənddədirsə, Əlişir Nəvai Bakıda olacaq, əlbət!
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması, Bakının mərkəzində beş hektarlıq “Özbəkistan” parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri”, ədəbi nəşrlər, elmi konfranslar… – bunların hər biri özlüyündə tədbirdir, birlikdə baxıldıqda isə ortaq mədəni məkanın yenidən qurulması prosesidir.
Şuşa ilə Xivənin qardaşlaşması özəl anlam daşıyır.
Şuşa – Qafqazdakı türk mədəniyyətinin uca qalalarından biri,
Xivə – Mərkəzi Asiyanın qədim türk-islam mədəniyyətinin canlı yaddaşıdır.
Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Füzuli–Gülüstan və digər şəhərlər arasında qurulan tərəfdaşlıq bağları dövlətlərarası münasibətləri paytaxtların çərçivəsindən çıxararaq ulusların gündəlik yaşamına daşıyır.
Bax, bu, olduqca vacibdir.
Çünki Türk dünyası yalnız Zirvə toplantılarında birləşməməlidir.
Universitet universitetlə, şəhər şəhərlə, yazıçı yazıçı ilə, müəllim müəllimlə, gənc gənclə görüşməlidir.
Türk dünyasının siyasi inteqrasiyasının arxasında ictimai-mədəni inteqrasiya dayanmasa, böyük ideya tam dərinlik qazana bilərmi?
“Turana qılıcdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”! (H.Cavid)
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
Tanınmış maarifçı Məhəmməd Ağaoğlunun 130 illiyi
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Görün sizə kimdən danışacam. 20-ci əsrdə Azərbaycan mühacir ziyalıları pleyadasında xüsusi yeri olan Məhəmməd Ağaoğludan.
O, 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində, ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirərək elə həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Orada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyadıb, 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahət edib. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçən Məhəmməd bəy AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışıb: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılıb. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi onun Türkiyəyə mühacirət etməsini şərtləndirib, o, İstanbul Universitetinə daxil olub. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alan Məhəmməd bəy 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin islam incəsənəti bölməsinə müdirlik edib, elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin direktoru vəzifəsinə təyin edilib. Sonra tale yelləri onu Amerikaya atıb. O, Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil eləyib, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət Detroyt “İslam incəsənəti qalereyası”nı yaradıb. O, Miçiqan Universitetində müəllim, professor olub. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaradıb. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini məhz o təmsil edib.
Geniş erudisiyalı şərqşünas alim kimi tanınan Məhəmməd Ağaoğlu ana dilindən başqa ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilirmiş. Doqquz dil bilmək sizə zarafat gəlməsin. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət edirmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırıbmış. Məhəmməd bəy həm də “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır.
Ziyası bütün şərqi bürüyən böyük azərbaycanlı - Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vəfat etmişdir. Azərbaycanı dünyaya tanıdan, amma Azərbaycanda əsla tanınmayan Məhəmməd bəyə Allahdan rəhmət diləyir, bizlərə də xalq olaraq bu unutqanlıqdan qurtulmağı arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
190 saylı məktəbdə məktəbli filarmoniyası
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəstəkar deyir: 1967–1974-cü illərdə Bakının 190 saylı məktəbində məktəbli filarmoniyası yaratdıq. Filarmoniyanın nəzdində uşaq opera studiyası təşkil etdik. "Tülkü həccə gedir (opera)" komik-alleqorik opera-nağılını da o vaxt yazdım. Bu əsər balaca aktyorların ifasında böyük uğur qazandı. Onu da deyim ki, 60–70-ci illərdə respublikamızda çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilirdi. Həmin tədbirlərdən bir çoxunda birləşmiş xor repertuarını işləmişəm.
Hansı bəstəkar?
Rəşid Şəfəq. O, 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb.
Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb. Sonra peşəkar bəstəkarlıq fəaliyyəti başlayıb.
Rəşid Şəfəq 1920–1970-ci illərdə müxtəlif bəstəkarlar tərəfindən yazılan uşaq mahnılarının da bir qismini xor üçün işləyib. "Beynəlxalq uşaq ili " (1979) münasibətilə "Göyərçinik biz" adlı mahnılar toplusu çap etdirib. Daha sonra uşaqlar və yeniyetmələr üçün "Məktəblinin musiqi aləmi" (1986) adlı kitabı işıq üzü görüb. Kitaba ön sözü böyük bəstəkar Fikrət Əmirov yazıb.
İki il sonra (1988) xor almanaxı şəklində "Məktəbli mahnıları" adlı yeni əsəri çap olunub. Bu xor məcmuəsinə o dövrün görkəmli bəstəkarı D. B. Kabalevski ön söz yazıb.
Bəstəkar qeyd edir ki, əsərləri keçmiş SSRİ-nin musiqi nəşrlərində dərc olunub:
— 1985-ci ilin yayında Moskvada idim. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 100 illik yubileyinə hazırlıq gedirdi. Bu münasibətlə onun "Ey Vətən" mahnısını qadın xoru üçün işləmişdim. Şair V. Dubrovinlə mətni rus dilinə tərcümə etdik. "Ey Vətən" xor əsəri "Sovetskaya muzıka" və "Muzıkalnaya jizn" jurnallarında çap olundu.
Rəşid Şəfəq 80-ciillərdə tanınmış rus şairiS. Marşakınpoemaları əsasında "Səfehsiçanbalası", "Ağıllı siçanbalası" nağıllarını musiqidilinə çevirərəkmaraqlı uşaqoperaları yaradıb. Bəstəkarın Moskvada nəşr olunan "Ana yurdumuz" mahnılar almanaxında xor və solistlər üçün nəğmələri, "Cəngavərlər" vokal-xor silsiləsindən miniatürləri keçmiş SSRİ miqyasında geniş yayılıb
Bəstəkarın əsərləri SSRİ-nin Mərkəzi Teleradiosunun uşaq xorunun, keçmiş sovet respublikalarının, eləcə də Türkiyə, Bolqarıstan, Almaniya və s. ölkələrin uşaq xor kollektivlərinin repertuarında özünə layiqli yer tutub. Onun mahnıları "Qaya" vokal kvarteti, "Sevil" vokal-instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları tərəfindən radio, televiziya efirində səsləndirilib.
Uşaq xor kollektivlərinin, o cümlədən AzTV-nin "Bənövşə" uşaq xorunun, "Qız qalası" uşaq xor kapellasının, "Mələklər", "Bəri bax" vokal ansambllarının ifasında mahnıları bu gün də səslənməkdədir. Rəşid Şəfəqin yaradıcılığı çoxşaxəlidir
Onun uşaqlar üçün yazdığı əsərlərindən "Səfeh siçan balası" uşaq opera-nağılı, "Baş tutmayan hiylə" uşaq musiqili nağıl-komediyasını, "Tülkü, Tülkü, Tünbəki…" komik folklor nağıl-operasını, "Bayquşların söhbəti" uşaq nağıl-operasını, üçpərdəli operanı, həmçinin kamera-instrumental və vokal-xor əsərlərindən "Balaca Elnurun musiqi albomu", "Cəngavərlər" vokal-xor silsiləsi, "Anamın bayramı" vokal-xor silsiləsi, "Azərbaycan avazları" və s. əsərlərini göstərmək olar.
Bəstəkar mətbuatda maraqlı yazılarla da çıxış edir. Görkəmli musiqi xadimləri haqqında onlarca məqalə və resenziyaları dövri mətbuatda dərc olunub. Bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) 2017-ci il avqust ayının 24-də ömrünün 78-ci ilində Bakıda vəfat edib.
Əsərləri
Uşaq operaları
- "Səfeh siçan balası" (1985) — S. Marşakın əsəri əsasında
- "Ağıllı siçan balası" (?) — S. Marşakın əsəri əsasında
- "Tülkü həccə gedir (opera)" (1970) — A. Şaiqin eyniadlı poeması əsasında
Operettaları
- "Baş tutmayan hiylə" (1990) — libretto Ə. Səmədlinindir
- "Min bir gecə (operetta)" (1979)
- "Cırtdan" (?) — Azərbaycan xalq nağılı əsasında
Uşaq müzikli
- "Qiymətlərin sərgüzəşti" (1991) — libretto Hikmət Ziyanındır
- "Ağ Div, Qara Div…" (1995) — "Cırtdan" xalq nağılı əsasında
- "Bir saatlıq xəlifə" (2000) — Abdulla Şaiqin "Min bir gecə" nağılının motivləri əsasında
- "Yağmurcuğun macəraları" (2003) — rus nağılları əsasında
Kamera-instrumental və vokal-xor əsərləri
- "Balaca Elnurun musiqi albomu"
- "Balaca Camalın musiqi albomu"
- "Uşaq və gənclər üçün musiqi"
- "Cəngavərlər" vokal-xor silsiləsi
- "Anamın bayramı" vokal-xor silsiləsi
- "Azərbaycan avazları"
Kitablar
- "Göyərçinik biz!" (1979)
- "Pioner və məktəbli mahnıları" (1988)
- "Məktəblinin musiqi aləmi" uşaq ensiklopediyası (1986)
- "Uşaq mahnıları" antologiyası (2005)
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)
Cəlil Xəlilov Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib
Avqust ayının 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevayanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Mehriban xanıma təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, təbrik məktubunda yazılıb:
“Hörmətli Mehriban xanım!
Sizi doğum gününüz münasibəti ilə bütün veteranlar və şəxsən öz adımdan təbrik edir, Sizə xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin xalqımızın sosial rifahının yaxşılaşması, respublikamızın çiçəklənməsi, ölkəmizin inkişafı, mənəvi-mədəni dəyərlərimizin təbliği istiqamətində atdığınız addımlar, ortaya qoyduğunuz əzm və fədakarlıq cəmiyyətimizin bütün təbəqələri kimi veteranlar tərəfindən də alqışlanmaqda, sevgi və məmnunluqla izlənməkdədir.
Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, eləcə də, həssas kateqoriyadan olan digər vətəndaşlarımıza olan mütəmadi dəstəyiniz, həssas və qayğıkeş münasibətiniz cəmiyyətimizin hər bir fərdi üçün örnək təşkil edir. İstər ölkə daxilində, istərsə də respublikamızın hüdudlarından kənarda həyata keçirdiyiniz humanitar aksiyalar Sizin necə böyük və nəcib qəlbə malik olduğunuzu göstərir. Bütün bu xeyirxah əməlləriniz sayəsində bütün dünya Sizin simanızda Azərbaycan qadınının nəcibliyinə, humanizminə, ülviliyinə həsəd aparır. Sadəcə veteranlara göstərdiyiniz qayğı və diqqətə görə deyil, həm də Azərbaycan qadını adına layiq həyata keçirdiyiniz saysız-hesabsız xeyirxah əməllərinizə görə Sizə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk.
Dəyərli Mehriban xanım!
Sizi xalqımıza sevdirən əsas xüsusiyyətlərinizdən biri də Azərbaycan Respublikasının Prezidenti - Müzəffər Ali Baş Komandana verdiyiniz böyük dəstəkdir. Biz bu dəstəyi həm 44 günlük Vətən müahribəsində, həm də post-müharibə dönəmində aydın şəkildə müşahidə etdik. Siz öz əməlləriniz, cəsarət və iradənizlə sübut etdiniz ki, Ali Baş Komandanın ən sadiq silahdaşısınız və ona sonadək dəstək olmaqda davam edəcəksiniz.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda tarixi və mədəni abidələrimizin bərpasındakı fəaliyyətiniz bütün dünyada heyranlıqla izlənilməkdədir.
Hörmətli Mehriban xanım!
Sizi bir daha dögum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, zəngin və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, biz veterenlar bundan sonra da Prezident İlham Əliyevin və Sizin həyata keçirdiyiniz siyasəti dəstəkləməkdə davam edəcəyik”.
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)
O Günəşin 4,6 milyard, bu Günəşinsə 11 yaşı var
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Bir səhər Günəş hər kəsin evinin üzərindən doğaraq ən uca zirvədən özünü yerə atmaq qərarına gəldi. İstəyirdi ki, içindəki sevgini, istiliyi, mərhəməti yer üzərinə yaysın. Artıq Günəş qərar vermişdi. Hər kəsin evinə damdan yox, pəncərədən düşəcəkdi...
O günlərdə mən çox tək idim. Tanışım çox, dostum az idi. Eyni dildə danışıb bir-birimizi başa düşmədiyimiz insanlarla sarmaş-dolaş yaşayırdıq. Danışdıqca azalır, azaldıqca yox olurduq.
Həmin Günlərdə Günəş yerə enməyə qərar versə də, mən də göylərə daşınmağa qərar vermişdim. Birimiz aşağı, birimiz yuxarı. Amma və lakin Günəş məndən cəld tərpənib məni bir neçə saniyə qabaqlamışdı.
Elə qanad açırdım ki uçam, birdən hər yer nura boyandı. Dünya boyda işıq saçan o nur balacalaşıb… lap balacalaşıb körpə barmağına dönərək əllərimi tutdu… O gündən mənim həyatım sadəcə bu əllərin istisi ilə qızınıb ruhum yerdə aramlıq tapdı.
İndi o Günəşin 11 yaşı olacaq. O mənim həyatımın Günəşidir. O mənim ömrümün Günəşdiri. O mənim qəlbimin aynasıdır. Biz onunla sözlə yox, hisslə danışır, bir-birimizi elə anlayır, bir-birimizi elə sevirik ki. Heç kəsin mənə deyə bilmədiyi sözü o mənə deyir, o məni ovsunlayır, o məni sakitləşdirir, o məni mən edir.
Nə yaxşı ki, varımsan Günəşim. Daima qəlbimi işıqlandırdığın üçün sonsuz təşəkkürlər səni yaradana.
Doğum günün mübarək, qızım!
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


