Həkim, bəstəkar, alim – bir sözlə, dəyərli insan Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Sən həm həkim olasan, insanlara şəfa verəsən, həm bəstəkar olasan, həm mahnılar, həm də irihəcmli musiqi əssərləri yazasan, həm də alim olasan, elmin keşiyində durasan...

 

Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942–1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkib. O, meylini kamançaya salıb.

Qızı Gülbəniz xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış. Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəldib. O, 1947-ci ildə respublika üzrə keçirilən kənd bədii özfəaliyyət olimpiadasında iştirak edib, burada onun "Sovet xalqı" kantatası ifa edilib, Fəxri Fərmanla təltif olunub.

Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı olmayıb. O, 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsində S. M. Kirov adına Mədəniyyət evinin bədii rəhbəri olub, 50–60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak edib və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunub.

Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirib. O daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb.

Hacıbaba Həsənovun xalq ruhunda yazdığı "Tarçalan oğlan", "Xatirələr", "Eşqimin növrağı", "Yağma yağış", "Unuda bilmirəm", "Təmiz eşqin" və s. mahnıları dillər əzbəridir. Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyublar. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.

Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olub, 12 noyabr 1959-cu ildə oranı bitirib. Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməyib. O, psixologiya üzrə elmlər namizədi olsa da, uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs deyib.

Hacıbaba Həsənov fəal şəxsiyyət olub. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin "Təhsil" müəllimlər ansamblının da üzvü olub. Bu ansamblda kamança çalıb. "Təhsil" ansamblının repertuarında onun mahnıları xüsusi yer tutub. O, bir bəstəkar kimi şairlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Novruz Gəncəli, Arif Cəfərov və başqaları ilə sənət dostluğu edib.

Hacıbaba Həsənov duyub hiss etdiyi, onu təsirləndirən ovqatdan ilhamlanıb yazıb. Buna görə də mahnıları sevilib. Onun ünvanı bəlli mahnıları da vardır. 1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə "Bənövşə" mahnısını yazıb. Bu mahnı o zaman Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunub.

Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazıb. Onun dörd hissədən ibarət "Gənclik" süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur". Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarıb. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.

Hacıbaba Həsənov operetta janrında da qələmini sınayıb. O, dramaturq Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah" komediyasına musiqi bəstələyib. Vaxtilə Xalq artisti Məlik Dadaşovun "Qaravəlli" xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın "şirin və lirik melodiyaları" (A. Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

2022-ci ildə pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilovun H. Həsənov haqqında yazdığı "Hacıbaba Həsənovun musiqi dünyası" kitabı işıq üzü görüb.

 

Tələbəsi Natiq Səfiyev "Müəllimim" adlı məqaləsində Hacıbaba Həsənovu yad edərək yazır:

"Hacıbaba Həsənov mənim müəllimim olub. APİ-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ibtidai sinifdə tədris edilən bütün fənlər üzrə dərslər keçirilirdi. Hesab, təbiətşünaslıq, bədən tərbiyəsi, əmək dərsləri ilə yanaşı, musiqi və nəğmədən də məşğələlərimiz olurdu.

 

Burada hörmətli bəstəkarlarımız Şəfiqə Axundova və Hacıbaba Həsənov musiqi və nəğmə dərslərini tədris edirdilər.  Bu məşğələləri biz səbirsizliklə gözləyərdik. O vaxt Hacıbaba Həsənovun mahnıları sevimli müğənnilərimiz tərəfindən həvəslə oxunurdu. Hacıbaba Həsənov çox sadə, diqqətcil, mehriban bir insan idi. O, hər kəslə elə davranırdı ki, onu öz yaxının və doğman hesab edirdin.

O vaxt onun populyar mahnıları olan "Tarçalan oğlan", "Xatirələr", "Unuda bilmirəm", "Eşqimin növrağı"nı sevə-sevə oxuyurduq. Az-çox səsim olduğundan o mənə deyərdi: "Natiq, sən mütləq oxumalısan, sənin gözəl səsin var". Çox təəssüflənirəm ki, hörmətli müəllimimin sözlərinə qulaq asmadım. O, dərsləri elə maraqlı keçirdi ki, 90 dəqiqənin nə vaxt gəlib ötdüyünü belə hiss etməzdik"

 

Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə vəfat edib və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.