Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Akademik Bəkir Nəbiyev!

Azərbaycan elminin görkəmli siması.

Ədəbiyyatşümaslığımıza böyük töhfələr vermiş dəyərli şəxsiyyət.

Həyatı ağır məhrumiyyətlərlə başlayıb, amma əsla sınmayıb, həmişə mübarizlik göstərib.

Həyat və fəaliyyətinə nəzər yetirək.

Axı bu gün onun anadan olmasının 96-cı ildönümüdür.

 

Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulub. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olub.

Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.

1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə, Komidə "cəzasını" çəkərkən atası işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub. Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub.

Namaz qılar, Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib. Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləyib. Sonra Ağdaş şəhərində 3 nömrəli yeddiillik məktəbdə və Yeniarx kəndində müəllimlik edib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olub. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunub. Akademiyanın Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru olub.

14 il Akademiyada Ədəbiyyat, Dil və İncəsənət Bölməsinə rəhbərlik edib. Azərbaycan Mədəniyyət Fondunun, Azərbaycan Ədəbiyyat Fondunun sədri olub. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlayıb. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləyib.

ADU-nun aspiranturasına daxil olub, "F. Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri,  Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi kimi çalışıb.

Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru, Azərbaycan Ədəbiyyat Fondunun sədri işləyib. AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub. "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur.

1987-ci ildən "Azərbaycan MEA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası)" jurnalının baş redaktoru olub. Ali məktəblərdə mühazirələr oxuyub. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olub. 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi. AMEA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olub.

AMEA partiya komitəsinin katibi,  Azərbaycan KP Bakı şəhər komitəsinin plenum üzvü, 26 Bakı komissarı rayon komitəsinin büro üzvü seçilib. Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının, SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, "Xəbərlər" (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyət fondunun sədri kimi fəaliyyət göstərib.

Ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, C. Cabbarlı adına "Azərbaycanfılm" studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, "Vətən" cəmiyyəti idarə heyətinin, respublika "Bilik" cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərib.

50 kitabı, 700-ə yaxın məqalə və resenziyası cari ədəbi prosesin, klassik irsin, ədəbi tənqidin, poeziyada sənətkarlıq məsələlərinin, qarşılıqlı ədəbi əlaqələrin, bədii tərcümələrin tədqiqinə həsr edilib. "Firidun bəy Köçərli" kitabı böyük ədəbiyyat tarixçimiz və tənqidçimiz haqqında ilk monoqrafiyasıdır. Azərbaycan bədii fikrinin İkinci dünya müharibəsi ilə ilgili zəngin qaynaqları ilk dəfə "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" kitabında sistemə salınıb geniş təhlil edilib.

Qarşılıqlı ədəbi əlaqələr, bədii yaradıcılığın spesifik xüsusiyyətləri, ədəbiyyatda xəlqilik, poeziyada fərdi üslub məsələləri bir alim və tənqidçi kimi "Tənqid və ədəbi proses", "Roman və müasir qəhrəman", "Özümüzdən başlayaq", "Çətin yollarda", "Xəzan vurmasın" və s. kitablarında ardıcıl surətdə qoyulub araşdırılan, klassik irsin və canlı ədəbi prosesin zəngin faktları əsasında ümumiləşdirilən problemlərdəndir.

Akademik Bəkir Nəbiyevin çoxyönlü səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Hələ uzaq 1957-ci ildə 27 yaşlı gənc ikən Moskva şəhərində Gənclərin və Tələbələrin VI Ümumdünya festivalında uğurlu iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə dövlət təltifləri "hesabını açan" Bəkir Nəbiyev, sonrakı illərdə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.

"Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasına görə Azərbaycan SSR Dövlət Mükafatı, ədəbiyyat sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı, "Xalqlar dostluğu" ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əməkdar elm xadimi fəxri adı, ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni və nəhayət, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" (kollektiv) əsərinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub

Rəhbərliyi altında 25 gənc ədəbiyyatşünas doktorluq və namizədlik dissertasiyaları hazırlamış, müvəffəqiyyətlə müdafiə edib. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədilə 4 aprel 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adı veilmişdir. Ağdaş şəhərində ümumi təhsil müəssisəsi Bəkir Nəbiyevin adını daşıyır. 15 mart 2012-ci ildə Bəkir Nəbiyev Bakı şəhərində vəfat edib.

 

Əsərləri

- Əhməd Cavad: ("Sındırılan qələmlər" silsiləsindən)

- Ölümsüzlüyün sirri: (Ədəbiyyat tarixinə və çağdaş ədəbi prosesə dair məqalələr)

- Didərgin şair : (Almaz İldırımın yaradıcılıq yolu)

- Müasirlik və sənətkarlıq uğrunda: (ədəbi-tənqidi məqalələr)

- Görkəmli tənqidçi və ədəbiyyatşünas: (F. Köçərlinin həyat və yaradıcılığı)

- Ədəbi düşüncələr

- Tənqid və ədəbi proses

- Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı

- Təzə izlər sorağında: (məqalələr)

- Söz ürəkdən gələndə: (Ədəbi tənqidi məqalələr)

- Roman və müasir qəhrəman

- Şəhriyar kəlamının vüsəti

- Amerika görüşləri

- Xalq mənəviyyatının güzgüsü: "Kitabi-Dədə Qorqud"

- Çətin yollarda: (Ədəbiyyatımıza dair araşdırmalar)

- Əhməd Cavad

- El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov

- Hərənin öz yolu var…: Məqalə, məruzə, rəy və xatirələr

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

Cümə axşamı, 20 Avqust 2026 18:22

Aktotı Raimkulova şəhid ailəsini ziyarət edib

19 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova I Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin atası Niyaz Ağayevin 80 illik yubileyi münasibətilə şəhid ailəsini ziyarət edib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, səmimi görüş zamanı professor Aktotı Raimkulova Niyaz Ağayevi əlamətdar yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Görüşdə şəhid Ziya Ağayevin əziz xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın və fədakarlığın gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.

Qeyd edək ki, Ziya Ağayev 1994-cü il aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Onun adı və şərəfli ömür yolu doğmaları ilə yanaşı, Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

 

 

 

 

Cümə axşamı, 20 Avqust 2026 18:06

VAQİF SƏMƏDOĞLU, “Atıram özümü...”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

“Atıram özümü...”

 

Atıram özümü

vərəq-vərəq günlərimin arasına

Quruyuram çiçək-çiçək,

kəpənək-kəpənək.

Tənha, tək...

Köhnə univermağın

anbarında tozlanan

tünd-yaşıl patefonlartək,

ququşka səsi tək,

mən də

 tək,

 tək,

 tək...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

 

 

 

Sizlərə tanınmış makedoniyalı yazıçı, teatr tənqidçisi, kommunikasiya üzrə fəlsəfə doktoru, “Literary Elements” ədəbi jurnalının baş redaktoru, “Perun Artis” İncəsənət və Multikulturalizm Assosiasiyasının prezidenti, Kosovo IWA Bogdani, Monteneqro Tərcüməçilər Assosiasiyası və Xorvatiya Ədəbiyyat Assosiasiyasının “Ədəbi Lələk” mükafatlarının laureatı Saşo Oqnenovskinin ədəbi mülahizələrini təqdim edirik.

 

Hazırladı: Kənan Məmmədli,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

1.

Teatr tənqidçisi tamaşanı dəyərləndirmək üçün hansı meyarlardan istifadə etməlidir?

 

Teatr simbiotik bir sənətdir və konkret tamaşa üçün meyar müəyyənləşdirmək onunla bir növ münasibət qurmaq deməkdir. Bu, yalnız zövq deyil, yalnız tamaşanı bəyənmək və ya “mənim tipimdir” demək deyil, bu – onun bütün seqmentlərini (aktyorluq, rejissorluq, dramaturgiya, vizual və səs elementləri) təhlil etməkdir.

 Mən yaxşı olmayan tamaşa haqqında heç vaxt resenziya yazmıram. Mən yalnız bütövlükdə məni həyəcanlandıran, təsirli və sənətkarlıqla ifadə olunmuş tamaşalar barədə yazıram. Teatr həm də mesajdır, əsasən də bir öhdəlikdir. Buna görə də teatr tənqidçiləri kimi bizim borcumuz onun mənasını dərk etməkdir.

 

2.

Müasir uşaqlar üçün hansı nağıllar daha çox lazımdır?

 

Təəssüf ki, müasir uşaqlar daha çox vizual hekayəçilik formalarının təsiri altındadır. Klassik nağıllar onlar üçün artıq o qədər də tanış deyil. Müasir qəhrəmanlar və mənfi obrazlar, əsasən, müxtəlif medianın təsiri ilə yaradılmış hibrid varlıqlardır.

Mənim fikrimcə, uşaqlar mütləq oxumağa qayıtmalıdırlar, çünki bu, onların sosial dəyərləri düzgün qavramasının yeganə yoludur. Nağıllarda müsbət və mənfi obrazlar insan həyatına fəlsəfi yanaşmanın məhsuludur və biz onları nağıl kimi qəbul edirik. Kitabı vizual mediadan ayırmaq mexanizmi uşaqların mənəvi həyatında ədəbiyyatın rolunu düzgün başa düşməsi üçün həlledici şərtdir.

 

3.

Uşaq ədəbiyyatında fantaziyadan daha vacib elementlər varmı?

 

Mənim üçün fantaziya hər zaman ən vacib amildir. O, istedadla sıx bağlıdır və uşaqların ədəbiyyatı anlama prosesində çox lazımlıdır. Oxu vərdişi, qəhrəmanları və hekayəni dərk etmək – uşağın ədəbiyyatla münasibətində ən böyük tərkib hissələrdir.

 

4.

Hansı milli ədəbiyyat onun yaradıcılığına daha çox təsir göstərib?

 

Klassik nümunələr ədəbiyyatın rolunu, xüsusən də yazmağın səbəblərini anlamaqda inanılmaz dərəcədə önəmlidir. Mən, həmçinin müasir ədəbiyyatdan da ilham alıram.

Sevimli yazıçım Uilyam Folknerdir – onun üslubuna, dünyagörüşünə və həyata münasibətinə heyranam.

Əlbəttə, mən heç vaxt onun kimi yazmağa çalışmaram, öz hiss etdiyim kimi yazaram, amma onun hekayələrinin dərinliyi və qəhrəmanları mənim üçün əvəzsizdir.

 

5.

Qlobal məsələlər necə təsvir edilməli – birbaşa, simvolik, yoxsa mənəvi şəkildə?

 

Deyərdim ki, birbaşa. Realist hekayə yazsam da, xüsusilə roman üzərində işləyəndə simvolları hekayənin anlarında tapıram.Simvollar hər yerdədir, sadəcə onları tanıyıb sənət əsərində ifadə etmək lazımdır.

Hekayənin anlarını simvollara çevirmək müəllifin intim həyatına çox yaxın bir prosesdir. Buna görə də, əslində, birbaşa, simvolik və mənəvi təsvirlər ədəbi əsər yaranarkən çox vaxt bir-birinə qarışır.

 

6.

Şairin ruhu nə vaxt qırılır? O, hansı ağrını başqalarından gizlədir?

 

Şairin ağrısı çox gizli və şəxsi olur. Oxucu şairin misralarını oxuyaraq öz ağrısını tanıyır. Şeir həmişə intim bir aktdır, hətta fəlsəfi mövzulu olanlar belə. Onların oxucunun ruhuna çatmaq üçün öz yolu var.

 

7.

Yazıçını başqalarından fərqli edən nədir? Bu fərq hədiyyədir, yoxsa yük?

 

Yazıçılar dünyanı adi insanlardan tamamilə başqa bir bucaqdan görürlər. Onların emosiyaları fantaziyaya və ilhama əsaslanır.

Burada istedad çox önəmlidir, çünki məhz istedad yazıçıya dünyanın proseslərinə tamam başqa cür baxmaq gücü verir. Ona görə də yazıçılar oxunur – çünki onlar başqalarından tamamilə fərqlidirlər. Bu, digər sənət növlərində də belədir: rəssamlar, bəstəkarlar, aktyorlar və s.

 

8.

Tez-tez deyirlər ki, sənətkarlar başqalarından daha çox əzab çəkirlər. Bu belədir?

 

 Xeyr, əzab həmişə ilhamla bağlı olmur. Hər birimiz müxtəlif səbəblərdən əzab çəkirik və hər kəs bu ağrının mahiyyətini sənət əsərinə çevirmir. Sənətkar üçün əzab vacib ola bilər, amma bu, sadəcə insan təcrübəsi adlanır.

 

9.

“Yazmaq – ağrını sözlərə çevirməkdir” ?

 

Yazıçılar hər şeyi sözlərə çevirirlər. Müxtəlif yanaşmalar janrların müxtəlifliyindən doğur. Yaxşı roman, şeir və ya dram yazmaq üçün həmişə əzab çəkmək lazım deyil. Bəzən sadəcə keçmişdəki bir anı, yaxud həyat təcrübəsini oyadaraq yaxşı əsər yaradırsan. Komediyalar buna ən yaxşı nümunədir: komediya şüurun məhsuludur, faciə isə emosional bir məsələdir. Hər ikisi ağrı ilə bağlıdır, həm də deyil. Hamısı dünyaya yanaşma tərzindən asılıdır.

 

10.

Yazıçının yaxınlaşmağa cürət etmədiyi mövzular olurmu?

 

Mən qorxmuram, sadəcə bəzi mövzular var ki, onlar barədə heç vaxt yazmaram. Bu, maraqlarınızdan və şəxsi bağlılığınızdan asılıdır.  Mənim fikrimcə, müəllif mütləq cəmiyyətin problemlərinə bağlı olmalıdır. O, insanlığın səsi olmalıdır. Tərcümə olunanda və oxunanda müəllif (digər sənətkarlar kimi) insanın travmalarına və faciələrinə münasibət formalaşdırmalıdır.

 

11.

Makedoniyada ədəbiyyata, şair və yazıçıların roluna münasibət necədir? Oxu mədəniyyəti nə vəziyyətdədir?

 

— Makedoniya ədəbiyyatı keçid dövrünün ölkəsi olan Makedoniyanın reallığından ilham alır. Təəssüf ki, Makedoniya ədəbiyyatı çox tərcümə olunmur. Məncə, ölkəmdə tərcüməyə layiq çoxlu yazıçılar var. Poeziyaya və digər janrlara həsr olunmuş ədəbi festivallar keçirilsə də və bu, bizim yazıçılara dünyadakı həmkarları ilə müqayisə imkanı versə də, əlbəttə ki, dövlət qurumlarının dəstəyi ilə bu proses daha da inkişaf etdirilməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

 

Cümə axşamı, 20 Avqust 2026 17:13

Ona Azərbaycanın Levitanı deyirdilər

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovet dönəmində hər sahədə trenddə olan adlar olub. Diktorluq sahəsində isə ən məşhur isim Levitan olub ki, 2-ci dünya müharibəsində faşistlərin hücumu zamanı onun müharibə elanı verdiyi səs öz tembrinə, yaratdığı həyəcan və yaşatdığı misilsiz qorxu və kədər səbəbindən günü bu gün də dinlənməkdədir.

Azərbaycanın da öz Levitanı olub – Aydın Qaradağlı.

 

Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunub. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib.

1955-ci ildə Gültəkin Cabbarlı (Azərbaycan SSR əməkdar artisti)  ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül (Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi) adlı qızları, 1966-cı ildə isə Vüqar (Azərbaycan Respublikasının əməkdar jurnalisti) adlı oğlu anadan olub.

M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyub. 1964-cü ildə Azərbaycan SSR əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülüb. Dövlət Radiosunun Baş rejissor, Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışıb.

Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin ifası səs yazması qorunub saxlanılır.

 

Görkəmli diktor 1980-ci ilin 28 yanvar tarixində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

Murad Vəlixanov, 

“Ədəbiyyat və İncəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Hər bir dövlətin keçmişini və bu günlərə gələrkən nələr yaşadığını əks etdirən müəyyən tarixi sübutlar mövcuddur. Bu gün paytaxtımızda və civar bölgələrdə yerləşən tarixi abidələrimiz barədə danışmaq istəyirəm. 

O abidələr barədə ki, onları təkrar-təkrar görür, amma haqqında məlumatlanmağı nədənsə lazım bilmirik.

Halbuki hər bir vətəndaş öz yurdunun torpağının, daçının tarixini bilməlidir.

Bu gün Şirvanşahlar sarayı 

barədə danışacağıq.

 

 

Şirvanşahlar sarayı 

 

XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir. 

 

Növbəti söhbətimiz Bakının simvollarından olan məşhur Atəşgah barədə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

 

 

Kazım Kazım Arıcan,  

Ankara Sosial Elmlər Universitetinin rektoru, professor.

“Ədəbiyyat və incəsənət”

 

İKİNCİ HİSSƏ

 

Kitab bir dayaqdır

Proqram çərçivəsində “Kitab dayanağı” guşəsinin açılışı da mənəvi məna baxımından olduqca zəngin idi.

Dayaq insanın söykəndiyi, güc aldığı və ayaqda qalmasını təmin edən əsasdır. Kitab da insan və cəmiyyət üçün məhz belə bir dayaqdır.

Şəhərlər dağıla bilər. Tikililər məhv edilə bilər. Siyasi quruluşlar dəyişə bilər. Lakin kitab bir millətin düşüncəsini və həyat təcrübəsini zamanın fövqünə daşıyır.

Bir cəmiyyət öz kitablarını, poeziyasını, tarixini və mütəfəkkirlərini yaşatdığı qədər mövcudluğunu qoruyur. Bununla belə, kitabın əsl dəyəri yalnız rəflərdə dayanmasında deyil. Oxunmayan kitab qapalı bir yaddaşdır. Kitabın gənclərlə görüşməsi, ictimai həyata qarışması, müzakirə olunması və yenidən şərh edilməsi zəruridir.

Bir şəhərin yenidən qurulmasında kitabxanaların, kitab guşələrinin, poeziya məclislərinin və incəsənət məkanlarının yer alması buna görə həyati əhəmiyyət daşıyır. Maddi bərpa mədəni dirçəlişlə tamamlanmadıqda şəhər sadəcə binalar toplusu olaraq qalır. Divarları olur, lakin səsi olmur.

Şuşanın həqiqi dirçəlişi də yalnız daşlarının bərpası ilə deyil, tarix boyu daşıdığı poeziya, musiqi və fikir yaratmaq qüdrətinin yenidən canlandırılması ilə mümkün olacaqdır.

 

Ağdamda sözün sabahı

17 iyul günortadan sonra Ağdam Muğam Mərkəzində keçirilən “Sözün Sabahı – Türk Dünyası Gənc Şairlər Festivalı” səfərin ən mənalı dayanacaqlarından biri oldu.

Başlıqdakı “sabah” sözü təkcə günün müəyyən bir vaxtını deyil, həm də yeni başlanğıcı ifadə edirdi. Gənc şairlər türk dünyası sözünün sabahıdır. Onlar köklü bir irsi qəbul edərkən onu sadəcə təkrarlamaqla kifayətlənməməli, yeni dövrün dili ilə yenidən qurmalıdırlar.

Festivalda Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Səlim Babullaoğlu, Türkiyə Yazarlar Birliyinin başqanı prof.doktor Məhəmməd Enes Kala və mən çıxış etdik. Qırğızıstan, Özbəkistan və Türkmənistanın yazıçılar birlikləri və mədəniyyət qurumlarından gələn nümayəndələrin iştirakı ilə zal qardaş coğrafiyalardan yüksələn gənc səslərlə dolmuşdu.

Sultan Raev çıxışında fiziki sərhədlərin poeziyanın və incəsənətin birləşdirici gücü qarşısında nə qədər keçici olduğunu vurğuladı. Yunus Əmrədən Molla Pənah Vaqifə, Abaydan Məxtumquluya qədər uzanan ədəbi irsin türk dünyasının ən möhkəm mənəvi bağlarından biri olduğunu qeyd etdi. Ötən il Qırğızıstanın Oş şəhərində başlanan festivalın Şuşadakı ikinci mərhələsi ilə davamlı ənənəyə çevrilməsi salonda xüsusi həyəcan yaratdı.

Öz çıxışımda Türkiyədən, mənəvi coğrafiyamızın iki böyük dayağı olan Hacı Bayram Vəli və Yunus Əmrənin yurdundan Şuşaya könül dolusu salamlar gətirdiyimi söylədim. Türk xalqlarının tarixinin bir mənada poeziya tarixi olduğunu, müharibələrin, zəfərlərin, matəmlərin, toyların və şənliklərin bu coğrafiyada şeirlə yaddaşa həkk edildiyini vurğuladım.

Molla Pənah Vaqif, Nizami Gəncəvi, Şəhriyar, Bəxtiyar Vahabzadə, Əhməd Cavad və Hüseyn Cavidlə yanaşı, Qazaxıstandan Qırğızıstana, Özbəkistandan Türkmənistana qədər uzanan geniş coğrafiyanın böyük söz ustalarını xatırladaraq gənc şairlərə belə müraciət etdim:

İngilis mədəniyyət dünyası Şekspiri daim yenidən oxuyur, şərh edir və dünyaya tanıdır. Türk dünyasının gəncliyi də öz köklərindəki ulu çinarları yenidən kəşf etməli, onları dərindən mənimsəməli və onların yol göstəriciliyi ilə qlobal miqyasda yeni əsərlər yaratmalıdır.

Poeziyanın sərhədləri və qitələri aşan gücünü göstərmək üçün yaxın vaxtlarda İngiltərə və Şotlandiyaya etdiyim səfərdən bir xatirəni də gənc şairlərlə bölüşdüm.

Məşhur musiqiçi Erik Kleptonun yaşadığı böyük sevgi ağrısı dövründə ona hədiyyə edilən Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən dərin təsirləndiyi, musiqi tarixinin unudulmaz nümunələrindən olan “Layla” mahnısının yaranmasında bu qədim eşq hekayəsinin mühüm ilham mənbəyi olduğu məlumdur. Şərqin əsrlər əvvəl söylədiyi bir sevgi hekayəsinin sonralar Qərbli bir sənətkarın ruhunda yenidən səslənməsi həqiqi sözün sərhəd tanımadığını göstərir.

Bu nümunədən çıxış edərək gənc şairlərə dedim ki, yazacaqları şeirlər İngiltərədən Yaponiyaya, Amerikadan Çinə qədər dünyanın müxtəlif guşələrində yaşayan insanların öz ruhlarından bir parça tapa biləcəkləri ümumbəşəri dərinliyə malik olmalıdır. Çünki böyük əsər doğulduğu torpağa sədaqətli qalmaqla yanaşı, bütün bəşəriyyətə səslənə bilən əsərdir.

Türkiyə Yazarlar Birliyinin koordinasiyası ilə ölkəmizi təmsil edən gənc şairlərin bu festivalda iştirak etməsi bizim üçün xüsusi məna daşıyırdı. Gənc bir şairin başqa bir türk ölkəsində öz ana dilində şeir oxuması siyasi və mədəni sərhədlərin fövqündə ortaq duyğu məkanı yaradır.

Türk dünyası təkcə tarixi və ya geosiyasi anlayış deyil. Onu gerçək edən ortaq sözlər, türkülər, dastanlar, ağılar, nağıllar və şeirlərdir.

Birliyi yalnız qurumlar yaratmır. Onu ortaq məna dünyası yaradır. Gənc Şairlər Festivalı da məhz buna görə gələcəyə qoyulmuş böyük mədəniyyət sərmayəsidir. Eyni səhnədə şeir oxuyan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın gəncləri ortaq türk ədəbi məkanının ilk təməllərini qoyurlar.

Siyasətin yaratdığı bağlar şəraitə görə dəyişə bilər. İncəsənətin yaratdığı bağlar isə insanın qəlbində yaşayır.

 

Ağdam: Dağıntılar içindən yüksələn səs

Ağdama çatdığınız zaman şəhər anlayışı haqqında yenidən düşünməyə başlayırsınız. Çünki bəzi şəhərlər canlılığı ilə, bəziləri isə itirdikləri ilə danışır.

Ağdamın yaxın tarixi müharibənin və dağıntının bir şəhərin üzərində necə dərin izlər buraxa biləcəyini göstərir. Lakin belə ağır bir yaddaşın ortasında Muğam Mərkəzində gənc şairlərin şeir səsləndirməsi adi bir mədəni tədbir deyildi. Bu, dağıntıya qarşı həyatın, sükuta qarşı sözün, unutqanlığa qarşı isə yaddaşın bəyanı idi.

Bir şəhər dağılanda təkcə binalar uçmur. Uşaqlıqlar, qonşuluqlar, küçələrin səsləri, toylar, yaslar, bağçalar, pəncərələr və gündəlik həyatın kiçik detalları da dağılır.

Bu səbəbdən yenidənqurma yalnız beton və daş məsələsi deyil.

Şəhər yenidən qurularkən onun xatirələri də bərpa olunmalıdır.

Ağdam Muğam Mərkəzində poeziyanın və musiqinin yüksəlməsi bu baxımdan olduqca güclü bir rəmz idi. Muğam Azərbaycan mədəniyyətində insan ruhunun bütün hallarını özündə daşıyan böyük bir səs sistemidir. Sevinc, kədər, ayrılıq, məhəbbət, qürbət və qovuşma eyni muğamın ahəngində bir-birinə toxunur.

Muğamın yenidən səsləndiyi şəhər təkcə bərpa olunmur, həm də öz səsini və yaddaşını yenidən tapır.

 

Sözün baxışı

Proqram çərçivəsində keçirilən “Sözün baxışı – yazıçılarla görüş” mövzusu üzərində ayrıca düşünmək lazım idi. Çünki söz təkcə eşidilən deyil, həm də baxış, dünyanı dərk etmə və varlığı anlama tərzidir.

Hər bir həqiqi yazıçı həyata fərqli bir pəncərədən baxır. Buna görə də yazıçıların görüşü sadəcə şəxsi tanışlıq deyil, müxtəlif dünyagörüşlərinin qarşılaşmasıdır.

Türk dünyası ədəbiyyatları uzun illər siyasi sərhədlər və əlifba fərqləri səbəbindən bir-birini kifayət qədər tanıya bilməmişdir. Eyni kökdən qidalanan dillər müxtəlif yazı sistemlərinə və fərqli mədəni mühitlərə yönəlmişdir.

Bunun nəticəsində Türkiyədəki bir oxucu müasir qazax, qırğız, özbək, türkmən və ya Azərbaycan ədəbiyyatını məhdud şəkildə tanıyır. Digər türk coğrafiyalarında isə Türkiyədəki müasir ədəbi proseslər kifayət qədər izlənilmir.

Bu məsafənin aradan qalxması üçün tərcümə fəaliyyəti, ortaq nəşrlər, yazıçı görüşləri və gənc ədəbiyyatçıların mübadilə proqramları böyük əhəmiyyət daşıyır. Biz bir-birimizi yalnız rəsmi mərasimlərdə deyil, kitablarımız vasitəsilə də tanımalıyıq. Türk dünyasının ortaq gələcəyi bir-birinin şeirini oxuya bilən nəsillər tərəfindən qurulacaqdır.



Natəvanın evi önündə

Şuşa tədbirinin ən mənalı məkanlarından biri Xurşidbanu Natəvanın evinin ətrafı idi. Natəvan təkcə qüdrətli şair deyil, həm də sənətə himayədarlığı, xeyriyyəçiliyi və mədəni rəhbərliyi ilə seçilən müstəsna bir şəxsiyyətdir.

Qarabağ xanları nəslindən gəlməsinə baxmayaraq, onu tarixdə əbədiləşdirən əsas amil sahib olduğu titul deyil, sözə və cəmiyyətə verdiyi töhfələrdir. “Məclisi-Üns” ətrafında şairləri bir araya gətirməsi, Şuşaya su çəkilməsinə öncüllük etməsi və xalqın həyatına toxunan xidmətləri sənətin yalnız fərdi ifadə vasitəsi olmadığını göstərir.

Natəvanın həyatında poeziya ilə məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır.

Bir şairin şəhərə su gətirməsi mədəniyyət baxımından son dərəcə güclü bir rəmzdir. O, yalnız məcaz aləmində susuzluqdan bəhs etməmiş, şəhərin həqiqi susuzluğuna da çarə olmuşdur.

Şeir də su kimidir. Həyat verir. Təmizləyir. Qurumuş könüllərə yol tapır. Natəvanın poeziyasındakı hüzn yalnız şəxsi itkilərlə məhdudlaşmır. Bir ananın ağrısı, insanın faniliyi və həyatın kövrəkliyi onun misralarında ümumbəşəri insani duyğuya çevrilir.

Evinin qarşısında nümayiş etdirilən “Şuşa hekayələri” tamaşası məkanın yaddaşını sənət vasitəsilə yenidən canlandırırdı. Tarixi bir evin önündə teatr izləmək, sanki vaxtilə burada yaşamış insanların səslərinin bu günə qarışmasını xatırladırdı.

Məkan sənətin gücü ilə yenidən danışmağa başlayırdı.

 

 

Şuşa gecələri

Gecə Qarabağ Otelinin qarşısında keçirilən yazıçı görüşü və onun ardınca gənc şairlərin iştirakı ilə təşkil olunan “Şuşa gecələri – interaktiv şeir saatı” rəsmi proqramın sərhədlərini aşaraq səmimi bir ədəbi mühit yaratdı.

Bəlkə də şeirin əsl təbiəti elə budur. Şeir protokola sığmır. O, rəsmi səhnədə başlayır, lakin gecənin irəliləyən saatlarında bir meydanda, söhbət məclisində və ya dost çevrəsində öz həqiqi həyatına qovuşur.

Gənclərin növbə ilə şeir oxuması, bir-birinin misralarına cavab verməsi və müxtəlif ləhcələrin eyni gecədə yanaşı səslənməsi türk dilinin geniş coğrafiyasını göstərirdi.

Sözlər dəyişir, səslər fərqlənir, amma duyğular doğma qalırdı.

Qazax şairinin bozqırı təsvir edərkən işlətdiyi obraz Anadoludakı bir türkünü xatırlada bilir, azərbaycanlı şairin Qarabağ həsrəti isə başqa bir coğrafiyanın yurd sevgisinə toxuna bilirdi.

Ortaqlıq hər zaman sözlərin tamamilə eyni olmasında deyil. Bəzən fərqli sözlərin eyni ürək halını daşımasındadır.

Şuşa gecəsində anladım ki, Türk dünyası təkcə ortaq keçmişin adı deyil. O, həm də bir-birimizin gələcəyinə qulaq asmaq iradəsidir.

 

Sözün və sazın aşığı

18 iyul tarixindəki proqram Qarabağ Otelinin qarşısında keçirilən “Sözün Aşığı – Sazın Aşığı” tədbiri ilə başladı. Proqramın Aşıq Ələsgərin vəfatının yüz illiyinə həsr olunması Türk dünyasının böyük ustad aşığa göstərilən ehtiramının ifadəsi idi.

Aşıq Ələsgərin şeiri xalq dilinin necə yüksək estetik qüdrətə çata bildiyini nümayiş etdirir. Onun misralarında dağ, yaylaq, sevda və insan gözəlliyi təkcə təsvir olunmur, canlı bir duyğu aləminə çevrilir.

Aşıqlıq ənənəsi Türk mədəniyyətinin ən qədim və ən davamlı damarlarından biridir. Aşıq bir tərəfdən şair, bir tərəfdən musiqiçi, digər tərəfdən tarixçi və mənəvi dəyərlərin daşıyıcısıdır. O, xalqın yaşadığı hadisələri yaddaşa həkk edir, cəmiyyətin dəyərlərini qoruyur və nəsillər arasında yaddaş körpüsü yaradır.

Müasir dünyada bilik əsasən yazılı və rəqəmsal arxivlərdə qorunur. Halbuki əsrlər boyu türk xalqlarının yaddaşını məhz aşıqlar yaşatmışdır. Bir kənddən digərinə gedən saz şairi yalnız mahnı aparmırdı; o, həm də xəbər, hekayə, mənəviyyat və ortaq mənsubiyyət hissini daşıyırdı.Sazın teli coğrafiyalar arasında qurulmuş görünməz bir rabitə xətti idi.

Şuşada Aşıq Ələsgərin anılması göstərirdi ki, bu ənənə keçmişdə qalmış sadə folklor nümunəsi deyil, bu günün mədəni həyatı üçün də canlı və aktual bir dəyərdir.


Xaqani: Göyə ucalan söz

Mehmandarlar Evində keçirilən ““Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani”  adlı elmi konfrans Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr olunmuşdu.

Xaqani Qafqazın və geniş İslam ədəbiyyatının ən böyük şairlərindən biridir. Onun poeziyası klassik ədəbiyyatın rəmzi zənginliyini, fikri dərinliyini və bəlağət qüdrətini təcəssüm etdirir.

Molla Pənah Vaqifin xalq dilinə yaxınlaşan poeziyası ilə Xaqaninin yüksək klassik üslubu ilk baxışda iki fərqli ədəbi dünyaya aid görünür. Lakin onların hər ikisi eyni böyük mədəniyyət məkanının fərqli imkanlarını nümayiş etdirir.

Ədəbiyyat yalnız sadə və ya yalnız ağır, yalnız xalq ruhuna yaxın və ya yalnız klassik olduqda zənginləşmir. Əsl zənginlik müxtəlif ifadə tərzlərinin eyni mədəniyyət daxilində bir-birini tamamlaması ilə yaranır.

Xaqani dilin nə qədər yüksələ biləcəyini göstərir. Vaqif isə şeirin xalqa yaxınlaşarkən necə qüdrətli qala bildiyini. Biri göylərə yüksələn sözün, digəri isə yer üzünə enən şeirin ustasıdır. Türk və İslam ədəbiyyatlarının gələcəyi bu iki istiqaməti bir-birinə qarşı qoymaqda deyil, onların arasında yaradıcı körpülər qurmaqda gizlidir.

 

Şəhriyar və geri qayıdılmayan zaman

Natəvanın evinin önündə keçirilən “Sözün həsrəti – Heydərbabaya salam” adlı musiqili ədəbi kompozisiya Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illiyinə həsr edilmişdi.

Şəhriyarın “Heydərbabaya salam” poeması türk dünyası ədəbiyyatında vətən, uşaqlıq və həsrət hissinin ən qüdrətli ifadələrindən biridir. Bu əsərin böyüklüyü yalnız forması və dili ilə deyil, insanın itirdiyi zamana duyduğu həsrəti ümumbəşəri hissə çevirməsindədir.

Heydərbaba bir dağın adıdır. Lakin şeirdə o, uşaqlığın, yurdun, məsumiyyətin və geri qayıdılması mümkün olmayan zamanın rəmzinə çevrilir. İnsan doğulduğu yer olduğu üçün deyil, dünyanı ilk dəfə orada tanıdığı, səsləri, qoxuları və insan simalarını ilk dəfə orada öyrəndiyi üçün vətənini sevir. Vətən insan yaddaşında dünyanın ilk surətidir.

Bu səbəbdən Şəhriyarın poeziyası Təbrizi və ümumiyyətlə Azərbaycan coğrafiyasını aşaraq bütün insanlığa səslənir. Çünki hər kəsin daxilində bir Heydərbaba vardır: uşaqlığın geridə qaldığı, qayıdılsa belə əvvəlki kimi tapılmayacaq bir məkan.

Bu şeirin Şuşada, Natəvanın evinin önündə yad edilməsi həsrətin müxtəlif tarixlərini eyni məkanda qovuşdururdu. Şəhriyarın uşaqlıq həsrəti ilə Şuşanın uzun ayrılıq yaddaşı bir-birinə toxunurdu.

Həsrət bəzən insanı yaralayan hiss kimi qəbul edilir. Halbuki o, eyni zamanda aidiyyətin də sübutudur. İnsan yalnız həqiqətən bağlı olduğu şey üçün darıxar.

 

Sözün zəfəri

Festivalın bağlanış konserti “Sözün zəfəri – Zəfərin sədası” adlanırdı. Bu ifadə proqram boyu deyilən şeir, yaddaş və yenidən doğuluş mövzularını bir araya gətirirdi.

Zəfər anlayışı mədəni və əxlaqi dərinliklə dərk edilməlidir. Hərbi uğur bir torpağın hakimiyyətini dəyişə bilər. Lakin əsl böyük zəfər həmin torpaqda yenidən həyat, hüquq, mədəniyyət və ədalət qura bilməkdir.

Bir şəhər geri qaytarıla bilər, lakin onun ruhunu yenidən dirçəltmək uzun və diqqətli zəhmət tələb edir.

Sözün zəfəri məhz burada başlayır.

Bu düşüncəni konkretləşdirən ən gözəl səhnələrdən biri Molla Pənah Vaqifin Məqbərəsinin önündə keçirilən mükafatlandırma mərasimi idi. Beynəlxalq münsiflər heyətinin qərarı ilə altı qardaş ölkədən gələn gənc şairlər medal və sertifikatlarını Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un Baş katibi Sultan Raevin əlindən aldılar.

Türkiyəni Emre Dəmir, Melike Yavuzay və Ümit Çiçəkçi təmsil edirdi. Onlarla yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan gələn gənc şairlər də Vaqifin hüzurunda sözün ortaq gələcəyini təmsil edirdilər.

Bu gənclərin bir qismi bu gün hələ geniş ictimaiyyət tərəfindən tanınmaya bilər. Lakin sabah onların adları türk dünyası ədəbiyyatı tarixində yer ala bilər. Bir zamanlar susdurulmuş şeirin yenidən oxunması, dağıdılmış abidələrin ayağa qaldırılması, tərk edilmiş meydanlarda gənclərin şeir söyləməsi və xarabalıqlar arasından musiqinin yüksəlməsi göstərir ki, mədəniyyət tamamilə məhv edilə bilməz.

Ancaq sözün həqiqi zəfəri qəzəbi böyütmək deyil, yaddaşı ədalət və insanlıq şüuru ilə qorumağı bacarmaqdır.

Keçmişin ağrıları unudulmamalıdır. Lakin gələcəyin dili yalnız ağrı və intiqam hissi üzərində qurula bilməz.

Şuşanın, eləcə də ümumi olaraq Qarabağın gələcəyi tarixi yaddaşa sədaqətlə yanaşı, hüquq, mədəniyyət, sülh və insan ləyaqətinə əsaslanan həyatın qurulmasından asılıdır.

Şeir burada böyük məsuliyyət daşıya bilər. Çünki şeir insanı birtərəfli kimliklərdən çıxarır, başqasının ağrısını duymağa, öz zəfərinə kənardan baxmağa və tarixin mürəkkəbliyini dərk etməyə imkan verir.

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

Cümə axşamı, 20 Avqust 2026 16:06

Az tanınmışlardan İslam Ağayev

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Az tanınmışlar” rubrikasında bu dəfə sizlərə ədəbiyyat sahəsində külüng döyən, həm ədəbiyyatşünaslıqda, həm bədii yaradıcılıqda ortaya işlər qoyan bir şəxs barədə danışacağıq. Adı çoxunuza tanış gəlməyəcək, amma əməlləri ən azı xatırlanmalıdır.

 

İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olub. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində alıb. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1957–1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləyib. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilib.

1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya — bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə edib.

Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilib. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir.

1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir

 

Elmi əsərləri

- Azərbaycan kitabı (1870 – 1920-ci illərdə nəşr olunmuş Azərbaycan çap kitabının biblioqrafiyası). (Müəlliflərdən biri)

- Satirik "Zənbur" jurnalı

- Cəlil Məmmədquluzadə (həyatı və yaradıcılığı) (Müəlliflərdən biri)

- "Molla Nəsrəddin"in poetikasi"

- ""Molla Nəsrəddin"in tarixi hünəri"

- Əliqulu Qəmgüsar (həyatı və yaradıcılığı)

- Əli Razi Şamçızadə (həyatı və yaradıcılığı, əsərlərindən seçmələr)

- Azərbaycan Xalq Cumhuriyyəti (Müəlliflərdən biri)

- Əlabbas Müznib (həyatı, yaradıcılığı, mübarizəsi)

- XX əsrin əvvəllərində Azərbaycan şeri

 

"Arzu" adli ilk şeri 1953-cü ilin 17 iyununda Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetində çıxıb. Sonrakı illərdə "Gənclik nəğmələri" (1957), "Tər çiçəklər" (1959), "Duyğular" (1960) adlı ədəbi almanaxlarda hekayələri dərc edilib. İslam Ağayev 1958–1960-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində və "Bakı" axşam qəzetində rəsmi ştatdankənar müxbir olub.

O, 20-ci əsrin sonlarından başlayaraq bədii yaradıcılıqla müntəzəm məşğul olub, azyaşlı uşaqlar üçün "Tez böyümək istəyirəm" (1977) və "Dostunu yaxşı tanı" (1981) adlı hekayə kitablarını, mənsur şerlərindən ibarət "Ayrılıq düşüncələri" (1995), "Salam olsun" (1997), "Sirli dünya" (2000), "Tale çiçəkləri" (2002),"Xəzan yarpaqları" (2007) kitablarını çap etdirib. Bu illərdə onun "Azərbaycan gəncləri", "Ədəbiyyat qəzeti" və "Kredo" qəzetlərində bir sıra hekayə bə şeirləri çıxıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

Cümə axşamı, 20 Avqust 2026 15:34

HEKAYƏ SAATİ Ülviyyə Heydərovanın hekayəsi ilə

“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlərə yeni nəslin istedadlı dramaturqu  Ülviyyə Heydərovanın “Pələng” adlı hekaəysi təqdim edilir. Yəqin ki, onun “Pələng” monotamaşasından da xəbəriniz var.

 

Ülviyyə HEYDƏROVA

PƏLƏNG 

Ustadım Ramiz Fətəliyevə ithaf edirəm

 

Onlar xaltamın ipini çəkib məni küçəyə atdılar. Yemək qabımı da arxamca vızıldatdılar. Dəmir qab diyirlənib qonşu darvazanın yanındakı dibçəyə dəydi. Küçədə heç kim yox idi. Maşınlar da gözə dəymirdi. Qaba sarı yüyürdüm, pəncəmlə özümə sarı çəkib yalamağa başladım. O həmişə cürbəcür sümüklərlə dolu olardı. İlk dəfə idi ki, çil-çilli qabın öz dadına baxdım. Soyuq dəmir dilimi dondursa da, məhəl qoymadım. Onu daha bərk-bərk yalamağa başladım. Dilimə bir tam gəldi. Dad o qədər şirin idi, heç sümükləri gəmirəndə o ləzzəti almamışdım. Amma bu dadı heç cür xatırlaya bilmədim.        

Qabı ağzımdan buraxıb yanımda saxladım. Sağa-sola baxdım. Neçə vaxtdı küçəyə tək çıxmamışdım. Canımdan ani titrətmə keçdi. İlk təsəlli quyruğumdan gəldi. Özünü həmişəki kimi üzümə sürtdü. O, bu dəfə tam fərqli idi. Məni sığallamaq əvəzinə qıdıqladı. Elə bildi, ona baş əyəcəm, dilimi çıxardıb təşəkkür edəcəm. Əlacım olsaydı, onu dibindən qopardar, hirsimi üstünə tökərdim. Hətta ona tərəf qanrılıb cəhd də elədim. Alınmadı. Yupyumşaq quyruğum o dəqiqə belimə qısıldı. Nədənsə ona yazığım gəldi.    

Darvazaya boylandım. Daş hasarın suvağı qurumaq üzrə idi. Əvvəl də burada hasar vardı. Amma bir az köhnə, həm də qısa idi. O gələn kimi hasarı sökdürüb yenidən ucaltdı. Xanım dedi: "Bu ki xalis Çin səddidir. Burdan quş da uça bilməz". Quş adını eşidən kimi səmaya boylandım. Bir dəstə quşun göy üzündə rəqs etdiyini gördüm. Quşlar elə bil buludlarla oynaşırdı.

Bu dəfə də başımı yuxarı qaldırdım. Hava tutqun idi. Göy üzü dolub dayanmışdı. Elə bil ağlamaq istəyirdi, lap gözlərim kimi. Göz yaşlarım hirsimə məhəl qoymadı. Damcılarım ağzımın suyuna qarışdı. Çaqqal kimi ulamaq istədim. Amma qorxdum. Onun kimi ulasaydım, tək məni qovanları deyil, qonşuları da ürküdə bilərdim. İçimdə zingildədim. Deyəsən, səsimi yalnız ürəyim eşitdi.

Dəmir boşqabımı ağzıma alıb yola baxdım. Hara gedəcəyimi bilmədim. Heç kimin diqqətini çəkməmək üçün başımı aşağı salıb özümü ayaqlarımın ixtiyarına verdim. Yol boyu onu düşündüm. Xanımın əri məni qovulduğum evə gətirəndə körpə idim. Qıvırcıq tüklərim vardı. O məni çirkli qutunun içindən ehtiyatla çıxarıb xanıma uzatdı. Qadının iri gözləri heyrətdən bərəldi.

– Ay, bu nə şirindir! – dedi.

– Buna nə ad qoyaq? Bir az ehtiyatlı ol! Səni dişləyər.

– Səndən bərk dişləməz, yəqin?!

Təəccübləndim. İnsan insanı niyə dişləsin? Xırda dişlərimi xanıma göstərməyə utandım.

– Gəl adını "Pələng" qoyaq, – deyəndə xanımın əri məni əlindən buraxdı.

Xanım "Pələng" adını eşidən kimi ürəkdən güldü. O qədər güldü ki, gözlərindən səpələnən damcılar üzümə töküldü. Çıxdığım qutuya baxdım. Çox çirkli idi. Özümə söz verdim ki, bir daha ora qayıtmayacam.

Qadın məni yenidən qucağına alıb başqa otağa apardı. Orada mənim üçün xüsusi hazırlanmış "kiçik ev"in içinə qoydu. Burada nələr yox idi? Cürbəcür oyuncaqlar, toplar, kəndirlər, halqalar. Qabımı da ilk dəfə orda gördüm. Xanım hər səhər həvəslə ora yeməkləri, sümükləri qoyardı. Yeməkləri iştahla yeyərdim.

Bir az böyüyəndən sonra mənə halqaların içində o tərəf-bu tərəfə tullanmağı öyrətdilər. Hər axşam halqalarımla onları əyləndirəndə özüm də sevinirdim. O qədər xoşbəxt idim. Nə yuva qayğısı çəkirdim, nə də sümük. Məni narahat edən bircə adım idi. Kim adımı eşidirdi, "bunun nəyi pələngə oxşayır?" deyərək ağız büzürdü. Bilmədim, bu pələng nə olan şeydi.

Bir dəfə özümü xanımın otağında gördüm. Yanılmıramsa, mən idim. Başımı sağa əydim, o da sağa əydi. Pəncəmi qaldırdım, o da ayağını qaldırdı. Quyruğumu buladım, o da buladı. Yaxına gəlib pəncəmlə oynamaq istəyəndə gördüm ki, nəyəsə dəyirəm. Qorxudan geri çəkildim, qaçıb xanımın qucağına qısıldım.

Böyümüşdüm deyə, daha o mənimlə az maraqlanırdı. Elə özüm də ondan çəkinirdim. Daha çox dişilərə meyil edirdim. İstəyirdim görüşdüyüm birisi olsun. Amma xanımın əri məni görüşə aparmırdı. Cəmi bircə dəfə küçədə dişi gördüm. Onda da xaltamın ipi xanımın əlində idi. Elə hürə-hürə qaldım. Pəncələrimi qaldırıb özümü sağa-sola vursam da, xanım məni yaxına buraxmadı. O dişi isə özünü naza qoymuşdu. Yəqin, görüşdüyü köpəklərin sayı-hesabı yox idi.

– Pələng, sus! Sus, pələng!

Dişinin xaltasını tutan qadın adımı eşidən kimi gülməkdən ürəyi getdi. 

Xanım xaltamı güclə dartıb məni həyətə gətirdi. Həyətdə dişləməyə, tutmağa nəsə axtarsam da, tapa bilmədim. Necə oldusa dişlərimi xanımın qolunda gördüm. Onun bağırtısı aləmi bürüdü. Məni həyətə buraxdı. Xanımın əri üstümə cumdu, məni təpiklədi. Zarıltım həyəti bürüdü. O, üstünü çırpıb xanımı səslədi.

– Rahat ol! Onu it gününə qoydum, – dedi.

"İt günü" sözünü eşidəndə hürməyimi saxladım. Necə yəni it günü? Günlərimi yadıma saldım. Heç də pis yaşamırdım. Nə olub mənə? Bircə dişiylə dostluq etməyə icazəm yox idi. Nədənsə o söz məni yaman tutdu. Düşündüm ki, əgər it günü varsa, demək, adam günü də var. Bəs o zaman adam günü necə olur? Özümü adam yerinə qoymaq istədiyim an xanımın əri mənə həyətin küncündə yuva verdi. Qabımı da yanıma atdı. Böyümüşdüm deyə, oyuncaqlarımı zirzəmidə gizlətmişdilər. Məni gündüzlər çəpərə bağlayır, gecələr isə həyətə buraxırdılar. Həyəti dolaşanda hasarın o üzünü görmək, insan gününü yaşamaq istəyirdim. Darvaza gündə iki dəfə açılsa da, ordan çıxmağa ixtiyarım yox idi.

Xanımın əri bir dəfə məni bir kişiyə göstərdi.

`– Bu da bizim pələng! – dedi.

– Nə, pələng? Bu ki aslan parçasıdır?!

Ondan elə bir gülmək çıxdı, səsinə xanım da eyvanda göründü. Kişi başını yelləyib xanımla salamlaşdı. Xanım da iri gözlərini süzdürdü. Xanımın əri başımı sığallayıb məni yuvama göndərdi. Elə o gündən kişi tez-tez həyətə gəlməyə başladı. Hətta bir dəfə xanımın əri ilə ova çıxanda məni də özləri ilə götürdülər. Gözümü açandan maşına minməmişdim, bu qədər yol getməmişdim. Burnuma qəribə, xoş qoxular gəldi. Nə vaxt idi belə sevinmirdim. Çoxlu ağaclar olan yerə çatanda xanımın əri maşını saxladı. Uzaqdan çaqqal ulayırdı. Kişinin əti ürpəşdi. Çaqqalın ulamağını ilk dəfə orda eşitdim.

– İnanmıram, burda nəsə olsun!

– Bəlkə, göl tərəfə gedək? Orda quşlar çox olur.

Onlar maşınla xeyli yol gedəndən sonra gölə çatdılar. Maşının arxasından tüfənglərini götürəndə mənim də ipimi xaltamdan çıxartdılar. Amma qorxumdan xanımın ərinin yanından ayrılmadım. O, başımı sığalladı. Bir az rahatlandım. Hətta yaxınlıqdakı ağacın dibində sağ ayağımı qaldırdım. Xanımın əri mənə baxıb gülümsədi. Tüfəngi ilə havaya atəş açanda az qaldı ürəyim ağzımdan çıxsın. Qorxudan qaça-qaça gəlib xanımın ərinin ayaqlarına qısıldım. O məni sakitləşdirdi. Sonra kişi iki dəfə atəş açanda gedib maşının içində gizləndim. Onlar mənə o qədər güldülər ki.

– Bu nə pələngdir? Heç it də deyil. Çəpişdi, çəpiş!

Xanımın əri başını aşağı əydi. Hiss etdim ki, utandı. Can şirin şeydi deyə, daha maşından düşmədim. Gözlədim ki, onlar vurduqları quşları gətirsinlər. Axşam evə gələndə xanım həyətdə süfrə açmışdı. Masada nələr yox idi. Gözümə cürbəcür içki şüşələri dəydi. Xanımdan çıxmayan iş, süfrədən ət götürüb qabağıma atdı. Ət o qədər dadlı idi, sümükləri ağzımda əridi. Yuvama keçib insan gününə tamaşa etdim.

O kişi bu həyətə o qədər gəlib-getdi, hətta xanımın əri evdə olmayanda belə gəldi. Gecələri həyətdə gəzdiyimə görə bir dəfə xanımın otağından onun səsini eşitdim.

– Az qalıb, lap az. Axırına çıxacam.

– Elə hər gün söz verib gedirsən. Daha sənə inanmıram.

– Görəcəksən, bu gün, ya sabah! Qulağın xoş xəbər eşidəcək.

Kişi pəncərəyə yaxınlaşanda məni gördü. Əhəmiyyət vermədi. Dilinin ucunda "poşol" dedi. Yuvama qaçdım. Kişi iti addımlarla həyətdən çıxanda xanım ona əl elədi, sonra nazik barmaqlarını dodaqlarına yapışdırıb ona öpüş yolladı. Həmin günü özümü insan yerinə, daha doğrusu, xanımın ərinin yerinə qoydum. Sıxıldım. Yuvamda özümə yer tapa bilmədim.

Xanımın əri gəldi. Əlidolu idi. Hətta birinci mənim yeməyimi verdi, başımı tumarladı. Sonra zənbilləri götürüb pilləkənlə qalxanda ayağı burxuldu. Zənbilləri əlindən buraxıb ürəyini tutdu. Nəfəsi daraldı. Ona yaxınlaşdım. Xanım eşitsin deyə, var gücümlə hürməyə başladım. Xanımsa evin içində yüksək səsdə musiqi dinləyirdi. Xanımın əri yerə yıxıldı. Pilləkənlərlə yuxarı qalxdım, burnumla qapını itələyib içəri girdim. Xanımın üstünə yüyürəndə o qışqırdı. Stul götürüb məni qovmaq istədi. Qəfildən çaqqal kimi uladım. Özüm də bilmədim bu haray, bu güc haradan gəldi. Qadın məni qapıya kimi qovanda ərini gördü. Qışqırdı. Telefonla o kişiyə zəng elədi. Bir az keçəndən sonra kişi xalatlı adamlarla gəldi. Həyət insanlarla dolmağa başladı.

İlk dəfə idi ki, həyətdə bu qədər insan görürdüm. Kişilər bir tərəfdə dayanıb papiros çəkirdilər, qadınlar stullarda oturub ağlaşırdılar. Mən də bir küncdə dayanıb uladım. İnsan olmaq istədim. İstəyirdim mənim də bu qədər dostum olsun. Heç olmasa bir gün gözlərimi yumanda başımın üstündə dayanan bir xanım ağlasın. Hərçənd evin xanımı heç ağlamırdı. Dəsmalının arasında gizlətdiyi gözlərinə diqqətlə baxdım. Hətta onun ürəyini belə gördüm. Sevinirdi. Canı qurtarırdı ərindən. Amma başa düşə bilmədim ki, niyə ərini sevmirdi. O ki xanımı sevirdi, hətta onun könlünü xoş eləmək üçün məni hədiyyə etmişdi. Bunu anlamaqdan ötrü, yəqin ki, insan olmalıydım. Mənsə “pələng” adlı məzlum idim.

Vida mərasimində gözüm xanımın "kişi"sinə sataşdı. Ortalıqda canfəşanlıq edirdi. Cənazəni sol çiyninə alanda hətta hönkürdü. O ağlayanda xanım da ona qoşuldu. Həmin an hər ikisinin üstünə cummaq, gəmirmək istədim. Amma bacarmadım. Qorxdum ki, məni ömürlük zəncirləyə bilərlər. Küçələrdə səhərə kimi hürüşən itlərin gününə düşmək istəmirdim.

Qəribədir ki, adamların içində xanımın ərini gördüm. O mənə yaxınlaşanda geriyə çəkildim. Əlləriylə mənə "qorxma, qorxma" – dedi. Dayandım. O, yanımda çömbəlib düz gözlərimin içinə baxdı. Sonra başını səmaya qaldırıb ağzını açdı. İçimdən qəfil haray çıxdı. Bu, nə hürmək idi, nə də ulamaq. Bu, başqa səs idi. Deyəsən, elə xanımın ərinin səsi idi.

Hamı ağlamağını saxlayıb mənə baxdı. Hətta xanım da. Elə bildim məni yuvama dartıb zəncirləyəcəklər. Düşündüyümün əksinə oldu. Məni əzizlədilər. Dedilər "rəhmətliyin sevimli iti də dərdimizə şərikdi". Hətta məni maşına mindirib dəfnə də apardılar.

Dəfndə özümə söz verdim ki, sahibimin qisasını xanımdan, onun "kişi"sindən alacam. Bilmədim bu hünəri hardan tapdım. Bəlkə, pələng adım mənə kömək olmuşdu?!

Dəfndən xeyli sonra xanımın "kişi"si gecələr evdə qalmağa başladı. Onların otaqda gülüşlərini eşidəndə özümə yer tapa bilmədim. Həmin gecə səhərə kimi hürdüm. Elə hürdüm ki, səsimdən öz qulaqlarım batdı. Səhəri günü xanımın kişisi şalvarının qayışını elə yanımdaca çıxarıb məni çırpdı. Ona müqavimət göstərdim. Daha heç kimdən qorxmurdum. Əgər öləcəkdimsə, qoy  köpək kimi ölüm. Kişiyə hücum etdim. Hətta qolundan dişlədim. O, çənəmi sıxıb dişlərimi qolundan ayırdı. Gözlərim elə qızmışdı, kişidən qurtulub xanıma hücum etdim. Amma onu dişləyə bilmədim. Kişi üstümə tor atıb əl-qolumu bağladı.

– Onu öldürmə, amma iti qovan kimi qov!

Xanımın mənə rəhmi gəldi. Niyə ürəyiyumşaqlıq elədi, bilmədim. Bəlkə, gözünün qabağında böyümüşdüm deyə, ürəyi dözmədi. Bəlkə, ikinci dəfə əlini ölümə batırmaq istəmədi.

Xanımın kişisi məni sürüyə-sürüyə darvazanın yanına gətirdi. Sonra ayaq saxladı. Nə düşündüsə yuvama getdi. Çil-çilli qabımı götürüb yanıma gəldi. Darvazanı açıb məni küçəyə itələdi, qabımı da arxamca vızıldatdı...

Ayaqlarım məni qəbiristanlığa gətirdi. Xanımın ərinin yanına. Kimsə onun qəbrinə qızılgüllər qoymuşdu. Qabımı güllərin yanına qoydum. Heç nə tapmadığımdan onu bir daha yaladım. Dadı xatırladım. Bu, anamdan əmdiyim südün dadı idi.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

 

Cümə axşamı, 20 Avqust 2026 15:08

Məşhur parodist, aktyor və… corabsatan

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onu daha çox parodiyalarına və komik səhnələrinə görə xatırlayırıq. Halbuki, ciddi obrazları da az deyil. Azərbaycan aktyoru Allahverdi Yolçuyev. Hazırda Ermənistan adlanan Qərbi Azərbaycan kökənli bir şəxs.

 

Allahverdi Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. Təbii ki, elə uşaqlıqdan ayrı-seçkiliyi görüb, ermənilərin azərbaycanlılara həqarətinin şahidi olub. Teatra, kinoya uşaqlıqdan marağı böyük olub. Amma Ermənistanda irəliləməyi mümkünsüz sanıb da Bakıya üz tutub.

M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsində oxuyub 1979-cu ildə oranı bitirib. Sənət müəllimləri-SSRİ xalq artisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova olublar.

1978–1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət institunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub.

Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib.

Müxtəlif telekanallarda yüzlərlə filmlər, cizgi filmləri səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır. Hal hazırda dublyaj fəaliyyəti ilə məşğuldur.

 

- İncəsənət istitutunun tədris teatrında oynadığı rolları:

 Arximed (Arximed), Mağara sakinləri(Monotamaşa), Poçt şöbəsində xəyal (yoldaştək), C. Məmmədquluzadə (Felytonlar), Ü. Hacıbəyov əsasında tamaşa.

 

- 1979–1981 H. Ərəblinski adına Sumqayıt Dövlət dram teatrında oynadığı rolları:

İ. Coşqun Meşədə - döyüş (ayı rolu) N. Həsənzadə - Bütün şərq bilsin (əsgər rolu), Y. Əzimzadə - Həsrədin(təlxək rolu), M. İbrahimov - Yaşlı adam(Qardaşxan rolu), R. Əlizadə - Doğmalar (Kərim)

 

- 1985–1987 Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında çalışdığı zaman oynadığı rolları:

 Ü. Hacıbəyov - O olmasın bu olsun (tələbə), R. Əhmədzadə -  Sizinlə gülə-gülə,  R. Əhmədzadə - 92 dəqiqəlik gülüş,  S. Ələsgərov - Olmadı elə oldu belə

 

Filmoqrafiya

- Anar-Üzeyir ömrü - su alan

- İ. Əziz-QAZ - polis rəisi

- Xoca - masabəyi

- Sovqat

- Gizlənpaç

- 21 sual

- Dələduzlar

 

Seriallar

- Ağabəyovlar

- Fatimə

- Səadət

- Qayınana

 

2025-ci ildə maddi çətinliklər səbəbindən aktyor corab satmağı ilə gündəmə gəlib. Daha sonra Musiqili Komediya Teatrında işlə təmin olunub.

Allah xeyirli ömür nəsib etsin! Amin!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

67 -dən səhifə 3114

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.