İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Mixail Yuryeviç Lermontov (Михаил Юрьевич Лермонтов) — rus ədəbiyyatının görkəmli şairi, yazıçısı, dramaturqu və rəssamı olub. O, XIX əsr rus romantizminin ən mühüm nümayəndələrindən biri sayılır. Lermontovun əsərlərində azadlıq arzusu, tənhalıq, insanın daxili mübarizəsi, məhəbbət, ədalətsizlik və cəmiyyətlə ziddiyyət kimi mövzular geniş yer tutur.
Lermontov15 oktyabr 1814-cü ildə zadəgan ailəsində dünyaya gəlib. Anasını erkən yaşlarında itirib, nənəsi Yelizaveta Arsenyevanın himayəsində böyüyüb. Uşaqlıq illərində yaşadığı ailə çətinlikləri və tənhalıq onun xarakterinə, dünyagörüşünə və gələcək yaradıcılığına təsir göstərib. O, gənc yaşlarından ədəbiyyata, tarixə, rəssamlığa və musiqiyə maraq göstərib. Təhsil aldığı dövrdə şeir yazmağa başlamış, rus və Avropa ədəbiyyatını dərindən öyrənib.
Lermontovun yaradıcılığında romantizm mühüm yer tutur. Onun qəhrəmanları çox vaxt azadlıq axtaran, öz dövrünün qaydaları ilə barışmayan, daxilən narahat və tənha insanlardır. 1837-ci ildə böyük rus şairi Aleksandr Puşkinin ölümünə həsr etdiyi “Şairin ölümü” (СмертьПоэта) şeiri ona geniş şöhrət qazandırdı. Əsərdə Puşkinin faciəli ölümü ilə yanaşı, cəmiyyətin mənəvi məsuliyyəti də tənqid edilirdi.
Bu, şeir Lermontovun hakim dairələrlə münasibətlərinin gərginləşməsinə və Qafqaza sürgün edilməsinə səbəb olub.
Qafqaz onun həyatında və yaradıcılığında xüsusi yer tuturdu. Bu bölgənin dağları, təbiəti, insanları və azadlıq ruhu onun şeirlərində və nəsr əsərlərində əksini tapıb.
Ən məşhur əsərləri
1. “Zəmanəmizinqəhrəmanı” (Герой нашего времени, 1840)
Lermontovun ən məşhur romanıdır. Əsərin baş qəhrəmanı Qriqori Peçorin mürəkkəb xarakterli, ziddiyyətli və öz dövrü ilə mənəvi münaqişə yaşayan bir insandır. Roman insan psixologiyasını dərindən araşdırması ilə seçilir.
2. “Demon” (Демон)
Şairin ən tanınmış romantik poemalarından biridir. Əsərdə tənhalıq, məhəbbət, üsyan və insanla mənəvi qüvvələr arasındakı ziddiyyətlər təsvir olunur.
3. “Mtsıri” (Мцыри)
Azadlığa can atan gənc bir insanın faciəvi taleyindən bəhs edən poemadır. Əsərin əsas mövzuları azadlıq, vətən həsrəti və insan ruhunun mübarizəsidir.
4. “Şairin ölümü” (СмертьПоэта)
Aleksandr Puşkinin ölümündən sonra yazılmış təsirli şeirdir. Şair bu əsərində böyük sənətkarın faciəsinə və cəmiyyətin məsuliyyətinə diqqət çəkir.
5. “Borodino” (Бородино)
1812-ci il Borodino döyüşünə həsr olunmuş şeirdir. Əsərdə rus əsgərlərinin qəhrəmanlığı, vətən sevgisi və döyüş ruhu əks olunur.
Lermontovun digər tanınmış əsərləri arasında “Yelkən” (Парус), “Xəncər” (Кинжал), “Buludlar” (Тучи) və “Tacir Kalaşnikov haqqında nəğmə” (ПесняпроцаряИванаВасильевича, молодогоопричникаиудалогокупцаКалашникова) də vardır
Ölümü
Lermontovun həyatı faciəli şəkildə sona çatıb. 1841-ci ildə Pyatiqorsk şəhərində Nikolay Martınovla arasında yaranan münaqişə duelə səbəb olub. Şair həmin dueldə, cəmi 26 yaşında həyatını itirib. Onun vaxtsız ölümü rus ədəbiyyatı üçün böyük itki hesab olunur.
Lermontovun ədəbiyyatda yeri
Mixail Lermontov qısa ömür sürməsinə baxmayaraq, dünya ədəbiyyatında silinməz iz qoyub. O, insanın daxili aləmini, tənhalığını, azadlıq arzusunu və cəmiyyətlə mübarizəsini böyük ustalıqla qələmə alıb. Onun əsərləri bu gün də oxucuları düşündürür. Lermontovun yaradıcılığının əsas gücü insan ruhunun mürəkkəbliyini və azad yaşamaq istəyini ifadə etməsindədir. O, yalnız öz dövrünün deyil, sonrakı nəsillərin də düşüncələrinə təsir göstərmiş böyük sənətkarlardan biridir.
“Ədəbiyyat və incəsənət”
(15.10.2026)


