İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan klassik poeziyasında ən böyük sevgi şairi Məhəmməd Füzuli olub, müasir poeziyasında isə Nüsrət Kəsəmənli. Bunu mən demirəm, bunu ədəbiyyatşünaslıq deyir, bunu ədəbi cameə deyir, bunu oxucular deyir.
Böyük sevgi şairinin bu gün anım günüdür.
Nüsrət Kəsəmənli 29 dekabr 1945-ci ildə Qazax mahalında - Ağstafa rayonunda anadan olub. Orta məktəbi rayonda bitirəndən sonra Bakıya – ali təhsil almağa gəlib, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenari müəllifıdir.
Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.
Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub (1985-ci ildən). Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.
Qeyd etdik, Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılara şeirlər yazıb. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb – vüsal və həsrət, sədaqət və xəyanət, qovuşma və ayrılıq, sevmək və nifrət etmək – təzadlar dünyasını bircə-bircə fəth edib.
Kitabları:
1. Sevirsənsə, B., 1971;
2. Gözlərimin qarası, B., 1975;
3. Özümə bənzədiyim günlər, 1979;
4. Gümüş yuxular, B., 1981;
5. Təklikdə danışaq, B., 1983.
Məşhur şeirləri
1. Daha nağıllara inanmıram mən
2. Biri vardı, biri yox…
3. Səni unutsam…
4. Vətən alov etsin odunu sənin
5. Mənsiz qalacaqdır bu dünya bir gün
6. Oğru olmaq istəyirəm
7. Ağacın altında kölgə
8. Qoyunlar yeyəcək canavarları…
Filmoqrafiya
1. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
2. Azərbaycana səyahət (film, 1988)
3. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
4. Doğma sahillər (film, 1989)
5. Dünyada yeganə (film, 1989)
Şair xəstəliyinin şiddətlənməsi səbəbindən İrana – müalicəyə yollanıb, elə oradaca ömrü yarıda qırılıb. 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.
***
Və günah olar, bu gün ustad şairdən bir şeir oxumasaq.
NÜSRƏT KƏSƏMƏNLİ,
GECİKDİ BU YAĞIŞ…
Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz köhnə yurd yeri,
Torpağı nəmlidir,
daşı nəmlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qəmlidir,
daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi doludur xatirələrin
Dindirsən
təəssüf, hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə, qoy uyusun qəmli arzular
Yaxandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki, dünəni selləmə yağış,
Bayılmış dünənə çiləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdir...
Daha oyanışa güman ki, yoxdur,
De, nəyə gərəkdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı...
Vaxtında yağmadı,
nur çiləmədi.
Buludlar qarala-qarala qaldı...
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi...
Hər kəsin bahar dünyası açan çiçəklərin sulanması, hərarətli iç dünyasının sərinlənməsi, göz yaşlarının yuyulması, qəmin-kədərin axıb getməsi səbəbindən yağışa tamarzıdır. Yetər ki o yağış gecikməsin…
Allah sənə rəhmət eləsin, Nüsrət Kəsəmənli.
“Ədəbiyyat və incəsənət”
(15.10.2026)


