Super User
Məşhur parodist, aktyor və… corabsatan
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onu daha çox parodiyalarına və komik səhnələrinə görə xatırlayırıq. Halbuki, ciddi obrazları da az deyil. Azərbaycan aktyoru Allahverdi Yolçuyev. Hazırda Ermənistan adlanan Qərbi Azərbaycan kökənli bir şəxs.
Allahverdi Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. Təbii ki, elə uşaqlıqdan ayrı-seçkiliyi görüb, ermənilərin azərbaycanlılara həqarətinin şahidi olub. Teatra, kinoya uşaqlıqdan marağı böyük olub. Amma Ermənistanda irəliləməyi mümkünsüz sanıb da Bakıya üz tutub.
M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsində oxuyub 1979-cu ildə oranı bitirib. Sənət müəllimləri-SSRİ xalq artisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova olublar.
1978–1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət institunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub.
Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib.
Müxtəlif telekanallarda yüzlərlə filmlər, cizgi filmləri səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır. Hal hazırda dublyaj fəaliyyəti ilə məşğuldur.
- İncəsənət istitutunun tədris teatrında oynadığı rolları:
Arximed (Arximed), Mağara sakinləri(Monotamaşa), Poçt şöbəsində xəyal (yoldaştək), C. Məmmədquluzadə (Felytonlar), Ü. Hacıbəyov əsasında tamaşa.
- 1979–1981 H. Ərəblinski adına Sumqayıt Dövlət dram teatrında oynadığı rolları:
İ. Coşqun Meşədə - döyüş (ayı rolu) N. Həsənzadə - Bütün şərq bilsin (əsgər rolu), Y. Əzimzadə - Həsrədin(təlxək rolu), M. İbrahimov - Yaşlı adam(Qardaşxan rolu), R. Əlizadə - Doğmalar (Kərim)
- 1985–1987 Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında çalışdığı zaman oynadığı rolları:
Ü. Hacıbəyov - O olmasın bu olsun (tələbə), R. Əhmədzadə - Sizinlə gülə-gülə, R. Əhmədzadə - 92 dəqiqəlik gülüş, S. Ələsgərov - Olmadı elə oldu belə
Filmoqrafiya
- Anar-Üzeyir ömrü - su alan
- İ. Əziz-QAZ - polis rəisi
- Xoca - masabəyi
- Sovqat
- Gizlənpaç
- 21 sual
- Dələduzlar
Seriallar
- Ağabəyovlar
- Fatimə
- Səadət
- Qayınana
2025-ci ildə maddi çətinliklər səbəbindən aktyor corab satmağı ilə gündəmə gəlib. Daha sonra Musiqili Komediya Teatrında işlə təmin olunub.
Allah xeyirli ömür nəsib etsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Azərbaycan maarifçiliyi və özbək cədidçiliyində milli özünüdərk
Atilla Süleymanlı Nazim oğlu,
Özbəkistan Respublikası, Termez Dövlət Universitetinin Ədəbiyyat (Özbək ədəbiyyatşünaslığı) fakültəsinin doktorantı.
“Ədəbiyyat və incəsənət” üçün
AZƏRBAYCAN MAARİFÇİLİYİ VƏ ÖZBƏK CƏDİDÇİLİYİNDƏ
MİLLİ ÖZÜNÜDƏRK İDEYASININ GENEZİSİ
GİRİŞ:
XIX əsrin sonu – XX əsrin əvvəllərində türk-müsəlman dünyasında baş verən qlobal ictimai-siyasi kataklizmlər, milli maarifçilik ideyalarının sistemli şəkildə güclənməsi və yeni dünyagörüşünün formalaşması ədəbiyyatın estetik funksiyasını kökündən dəyişdirmişdir. Bu dalğa Türküstan coğrafiyasında cədidçilik hərəkatını yalnız bir təhsil və ibtidai maarifçilik dalğası kimi deyil, həm də milli özünüdərk düşüncəsinin fundamental ideoloji və mədəni platforması kimi meydana çıxarmışdır. Müasir özbək poeziyasında milli özünüdərk ideyasının təşəkkülü məhz bu genişmiqyaslı intellektual hərəkatla sıx bağlıdır. Çünki cədidçilik özbək xalqının milli kimliyinin yenidən dərk olunmasına, milli dilin, tarixin və mədəni irsin qorunmasına yönəlmişdi. Professor Bahadur Kərimin təbirincə desək, “cədidlərin burjua, feodal düşüncəli və ya xain insanlar kimi yozulduğu dövrlər olub. Lakin onlar bizim atalarımız və babalarımızdır. Onlar bizim üçün maarifçiliyi təbliğ etdilər.” [Umaraliyev, 2020] Azərbaycan ədəbiyyatşünaslığında irəli sürülən müasir konsepsiyaya əsasən, XIX əsrin sonu-XX əsrin əvvəllərində formalaşan maarifçi-demokratik hərəkat və cədidçilik meylləri türk xalqlarının ədəbiyyatında milli məfkurənin və sənətkar məsuliyyətinin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir.
Bu kontekstdə elmi-nəzəri ümumiləşdirmələr tələb edir ki, milli özünüdərk anlayışı sosiomədəni təbəddülatlar fonunda sadəcə etnik mənsubiyyət şüuru kimi deyil, fəlsəfi-estetik bir sistem kimi araşdırılsın. Cədid ədəbiyyatı bədii mətni ictimai təkamülün subyektinə çevirərək, klassik Şərq poetikası ilə Qərb tipli modernizm arasında keçid mərhələsi yaratmışdır. Müasir komparativistikanın (müqayisəli ədəbiyyatşünaslığın) metodoloji prinsipləri əsasında yanaşdıqda, həm Azərbaycan maarifçi-demokratik düşüncəsi, həm də özbək cədidçiliyi eyni tarixi-mədəni zərurətdən doğmuş və oxşar ideya-estetik prinsiplər əsasında inkişaf etmişdir. Professor Zaman Əsgərlinin yazdığı kimi, “Azərbaycan maarifçi demokratları ağılın qüvvəsinə yüksək qiymət verirdi” [XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi, 2023]. Hər iki hərəkatın əsas məqsədi cəmiyyətin mənəvi oyanışına nail olmaq, milli şüurun formalaşmasını sürətləndirmək və ədəbiyyatı ictimai tərəqqinin mühüm vasitəsinə çevirmək idi. Cədidçi mütəfəkkirlər milli tərəqqinin əsas şərtini xalqın maariflənməsində, ana dilinin inkişafında, milli tarixə və mədəni irsə yeni münasibətin formalaşdırılmasında görürdülər. Onların əsərlərində milli özünüdərk anlayışı yalnız etnik mənsubiyyət hissi kimi deyil, xalqın mənəvi bütövlüyünü, tarixi yaddaşını və gələcək inkişafını müəyyən edən fundamental dəyər kimi təqdim olunurdu. Məhz buna görə də cədidçilik hərəkatı özbək milli intibahının ideoloji təməlini yaratmış, sonrakı ədəbi nəslin, xüsusilə Erkin Vahidovun formalaşdığı ədəbi-estetik mühitin ideya və mənəvi əsaslarını təşkil edərək, estetik dünyagörüşünə ciddi təsir göstərmişdir.
ƏSAS MƏTN
Nəzəri baxımdan bu proses tarixi zərurətdən doğan (deterministik) bir qanunauyğunluq təşkil edir. Müstəmləkəçilik şəraitində boğulan milli kimlik, ədəbiyyat vasitəsilə özünü qoruma mexanizmi formalaşdırır. Bu mexanizmin işləmə prinsipləri həm Bakı-Tiflis ədəbi mühitində, həm də Daşkənd-Səmərqənd-Buxara xəttində paralellik nümayiş etdirir. Bu yanaşma öz mahiyyəti etibarilə Azərbaycan maarifçilərinin – Mirzə Fətəli Axundzadə (1812-1878), Həsən bəy Zərdabi (1842-1907), Firidun bəy Köçərli (1863-1920), Cəlil Məmmədquluzadə (1866-1932), Üzeyir bəy Hacıbəyli (1885-1945) və digər görkəmli ziyalıların yaradıcılığında aparıcı mövqe tutan milli dil, maarif, milli birlik və mənəvi azadlıq ideyaları bilavasitə sintez olunur. Bu baxımdan Azərbaycan maarifçiliyi ilə özbək cədidçilik hərəkatı arasında müşahidə olunan ideya-estetik yaxınlıqlar ümumtürk intibah düşüncəsinin vahid tarixi inkişaf xəttini nümayiş etdirir. Çünki hər iki mühitdə milli şüurun oyanışı ilk növbədə ana dilinin qorunması, milli məktəbin yaradılması, maarifçiliyin genişləndirilməsi, milli mətbuatın inkişafı və tarixi yaddaşın bərpası istiqamətində aparılan ardıcıl mübarizə ilə müşayiət olunmuşdir. Bu proseslər fərqli ictimai-siyasi şəraitdə baş versə də, onların ifadə vasitələri və inkişaf istiqamətləri bənzər fəlsəfəyə söykənirdi. Cədidçilik ədəbiyyatı klassik Şərq irsinə yaradıcı münasibət, milli dilə bağlılıq, azadlıq ideyası və ictimai məsuliyyət hissi ilə səciyyələnirdi. Ədəbiyyat cəmiyyətin mənəvi oyanışının vasitəsi kimi dəyərləndirilir, sənətkar isə xalqın milli taleyinə cavabdeh ziyalı mövqeyində təqdim olunurdu. Bu bədii fəlsəfə sistemli və bir-birini doğuran təkamül zənciri kimi inkişaf edirdi: nəzəriyyədən (Əbdürrauf Fitrət (1885-1938) poeziyaya (Əbdülhəmid Çolpan (1897-1938), poeziyadan epik nəsrin tarixi fəzasına (Abdulla Qədiri (1894-1938), oradan isə poetik müqavimətə (Osman Nasir (1912-1944) və klassik irsin yaradıcı sintezinə (Maqsud Şeyxzadə (1908-1967) doğru uzanan bu möhkəm bağlar milli özünüdərk konsepsiyasını tam bütövləşdirirdi.
Əbdürrauf Fitrət və Mirzə Fətəli Axundzadə yaradıcılığı – Milli düşüncənin bədii-estetik müstəvidən çıxaraq ardıcıl bir ictimai-mədəni inkişaf konsepsiyasına çevrilməsində ilk ciddi elmi-nəzəri bünövrə Əbdürrauf Fitrətin adı ilə bağlıdır. XX əsrin əvvəllərində Türküstan coğrafiyasında baş qaldıran cədidçilik hərəkatının nəzəri və bədii banilərindən biri kimi Əbdürrauf Fitrət xüsusi çəkiyə malikdir. Özbəkistanın tanınmış fitrətşünas alimi, professor Həmidulla Baltabayev sənətkarın bu tarixi-estetik missiyasını yüksək qiymətləndirərək vurğulayır ki, “Fitrətin elmi-bədii irsi özbək cədid ədəbiyyatında milli özünüdərkin estetik qanunauyğunluqlarını müəyyən edən əsas hərəkətverici qüvvədir. Onun yaradıcılığındakı milli intibah və hürriyyət ideyaları sadəcə siyasi şüarlar deyil, xalqın tarixi yaddaşıni və bədii təfəkkürünü kökündən yeniləyən, onu öz mənəvi köklərinə qaytaran fəlsəfi bir sistemdir” [Boltaboyev, 1996: 42]. Müəllifin bu konseptual qənaəti göstərir ki, XX əsr özbək milli oyanış hərəkatının ideya-estetik əsaslarının formalaşmasında Əbdürrauf Fitrətin xidmətləri xüsusi yer tutur. O, yalnız ədəbi fəaliyyətlə kifayətlənməmiş, milli maarifçilik, ana dilinin inkişafı, milli dövlətçilik düşüncəsi və müasir təhsil sisteminin yaradılması istiqamətində ardıcıl elmi və ictimai fəaliyyət göstərmişdir.
Əbdürrauf Fitrətin bu fəaliyyəti Azərbaycan ictimai fikrində milli özünüdərk konsepsiyasının əsasını qoyan Mirzə Fətəli Axundzadənin yaradıcılığı ilə birbaşa tipoloji səsləşmə və yaxınlıq təşkil edir. Axundzadə milli özünüdərk ideyasını yeni dövr Azərbaycan ictimai fikrinin əsas istiqamətlərindən birinə çevirmişdir. Onun "Kəmalüddövlə məktubları", "Aldanmış kəvakib", eləcə də məşhur komediyalarında cəmiyyətin geriliyi, dini fanatizm, savadsızlıq və köhnəlmiş ictimai münasibətlər kəskin tənqid edilir, xalqın tərəqqisinin yalnız elm, maarif və milli düşüncənin inkişafı yolu ilə mümkün olduğu əsaslandırılır. Axundzadənin ana dilini milli varlığın başlıca dayağı hesab etməsi, milli teatrın və yeni ədəbi dilın formalaşmasını xalqın mədəni inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirməsi, Fitrətin yaradıcılıq fəlsəfəsi ilə eyni məfkurəvi hədəfə xidmət edirdi. Fitrətin də "Munazara", "Ailə", "Hind üsyançıları", "Əbülfəzxan" və digər əsərlərində milli azadlıq, maarifçilik, şəxsiyyətin mənəvi azadlığı və xalqın tarixi məsuliyyəti ideyaları ardıcıl şəkildə inkişaf etdirilir.
Əbdürrauf Fitrət cəmiyyətin tərəqqisini ilk növbədə milli şüurun oyanması, ana dilinə və milli mədəniyyətə bağlılığın möhkəmlənməsi ilə əlaqələndirirdi. Onun fikrincə, milli dirçəliş yalnız siyasi dəyişikliklə deyil, insanın mənəvi kamilləşməsi və milli kimliyini dərk etməsi ilə mümkündür. Hər iki mütəfəkkirin qurduğu bu nəzəri-mədəni platforma həm Azərbaycan ədəbi fikrinin gələk istiqamətini müəyyən etmiş, həm də Erkin Vahidov yaradıcılığında müşahidə olunan milli kimlik, ana dili və tarixi yaddaş konsepsiyasının ideya qaynaqlarını təmin etmişdir. Nəzəri varislik prinsipi baxımından yanaşdıqda, M.F.Axundzadənin islahatçı maarifçiliyi və Ə.Fitrətin cədidçilik idealları, XX əsrin ikinci yarısında Erkin Vahidovun yaradıcılıq platformasında milli oyanışın estetik qaynağı kimi çıxış etmişdir. Təsadüfi deyil ki, hələ yaradıcılığının ilk illərində maarifçi babalarının "elm, fənn və vətən fədakarlığı" fəlsəfəsini mənimsəyən gənc Erkin Vahidov, özünün 1957-ci ildə qələmə aldığı məşhur "Kiçik Ay sözü" şeirində xalqın intellektual tərəqqisini və maariflənməsini sənətkarın ən ali fəaliyyət hədəfi kimi poetikləşdirmişdir. Şair bu lirik manifestində yazırdı:
Mayli, umrim abadiy emas,
Mayli, yashay faqat bir nafas,
Lekin meni oyga qilib teng,
Shu’lalardan yasab koshona,
Quyosh sari uzatgan xalqning
Boshi uzra bo‘lay parvona.
Mayli, so‘ng o‘t chirmashsin tanga,
Mayli, meni quchsin alanga.
Faqat bo‘lib Dankoning qalbi,
Fazolardan nur sochay fanga.
Ona-Vatan! Bir o‘g‘ling kabi
Fido etay jonimni sanga! [Vahidov, 2000: b.7].
Erkin Vahidovun bu misraları fundamental şəkildə sübut edir ki, Axundzadə və Fitrət tərəfindən əsası qoyulan cəmiyyəti elm və fənn vasitəsilə qaranlıqdan çıxarmaq dalğası, Vahidovun yaradıcılığında canını millətin tərəqqisi yolunda məşələ çevirən "Danko qəlbi" estetik simvolu ilə birləşərək mürəkkəb bir məfkurəvi invariant halını almışdır."
Əbdülhəmid Çolpan və Cəlil Məmmədquluzadə fenomeni –Əbdürrauf Fitrətin elmi-nəzəri şəkildə formalaşdırdığı milli oyanış konsepsiyası Əbdülhəmid Çolpanın yaradıcılığında lirikanın əsas estetik istiqamətlərindən birinə, milli ruhun poetik manifestinə çevrilir. Cədid ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Əbdülhəmid Çolpanın yaradıcılığı milli azadlıq arzusu, ana dilinə məhəbbət, vətən sevgisi və insanın mənəvi müstəqilliyi ideyalarının yüksək poetik ifadəsi ilə seçilir. O, milli kimliyi yalnız etnik mənsubiyyət kimi deyil, xalqın mənəvi bütövlüyünü müəyyən edən mədəni və tarixi dəyər kimi qiymətləndirirdi. Türküstan cədidlərinin bədii təfəkkür sistemində Əbdülhəmid Çolpan irsi milli kimliyin poetik nüvəsidir. Özbək ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Azad Şərəfiddinov şairin bu estetik missiyasını yüksək qiymətləndirərək yazır ki, “Əbdülhəmid Çolpanı anlamaq söz sənətinin daxili qanunlarını dərindən dərk etmək, onların şairin yaradıcılığında necə təzahür etdiyini anlamaq deməkdir. Əbdülhəmid Çolpanı anlamaq onun ümumbəşəri ideyalarına və uca insani hisslərinə yiyələnmək deməkdir” [Sharafiddinov, 2004: 61]. Müəllifin bu konseptual yanaşmasından da aydın olur ki, Əbdülhəmid Çolpanı dərk etmək həm də milli ruhun bədii sirlərinə bələd olmaq deməkdir.
Bu batini poetik prinsiplər öz estetik mahiyyəti baxımından XX əsr Azərbaycan ədəbiyyatında milli özünüdərk ideyasının inkişafında müstəsna rol oynamış Cəlil Məmmədquluzadə yaradıcılığı ilə bütöv bir vəhdət və tipoloji tamamlayıcılıq təşkil edir. Hər iki sənətkar milli cəmiyyətin mənəvi problemlərini bədii söz vasitəsilə ümumiləşdirərək xalqı öz taleyi haqqında düşünməyə, qəfildən oyanmağa çağırmışdır. Əbdülhəmid Çolpan bu mənəvi dirçəlişi özbək dilinin daxili intonasiya imkanlarından yararlanaraq "Oyanış", "Bulaqlar" silsilələrində və məşhur "Gecə və gündüz" romanında romantik-poetik lirika vasitəsilə, fərdi duyğuların deyil, ümummilli ideyanın təcəssümü kimi təqdim edirdi. Cəlil Məmmədquluzadə isə "Molla Nəsrəddin" jurnalı ətrafında yaratdığı ədəbi mühitlə xalqın sosial-mədəni problemlərini, milli geriliyi və mənəvi əsarəti satirik-estetik üsullarla ifşaya çəkirdi. Onun "Poçt qutusu", "Ölülər", "Danabaş kəndinin əhvalatları" kimi əsərlərində milli şüurun inkişafına mane olan amillər yüksək bədii ustalıqla ümumiləşdirilirdi. Fərqli bədii ifadə üsullarına baxmayaraq, hər iki sənətkarda ana dili xalqın mənəvi azadlığının əsas göstəricisi və müdafiə qalası kimi təqdim olunur. Çolpan üçün azadlıq daxili azadlıq və ana dilinin qorunması demək idisə, Mirzə Cəlil yaradıcılığında da dil milli varlığın nüvəsi idi. Bu mənəvi vəhdət xətti sonralar Erkin Vahidovun "Söz lətafəti" əsərində sözün və ana dilinin milli kimliyin daşıyıcısı kimi dəyərləndirilməsi ilə birbaşa tipoloji yaxınlıq təşkil edərək yenidən dirçəlmişdir. Çolpanın lirik partlayışını və Mirzə Cəlil realizminin ana dilinə bağlılıq fəlsəfəsini estetik varislik prinsipləri ilə öz təfəkküründə birləşdirən Erkin Vahidov, hələ yaradıcılığının ilk illərindən etibarən dili və milli mədəniyyəti sönməyən bir "bulaq" arxetipi kimi qəbul etmişdir. Şair özünün 1958-ci ildə qələmə aldığı monumental "Bulaq" şeirində dilin və vətən sevgisinin bədii söz sənəti ilə üzvi vəhdətini sənətkar məsuliyyəti kontekstində belə tərənnüm edirdi:
Bu Ona Yer bag'ridan
U she'r kabi qaynaydi.
Suvning kumush o'yinidan
Issiq va quyoshli edi.
Men to'yib ichdim, go'yo suv bilan
Dilga singdi qishloq sevgisi.
Tashnaligim kondi-yu, o'q-dorilar
Yurak harorati yana ko'tarildi. [Vahidov, 2000: b.7].
Erkin Vahidovun bu sətirləri sosiomədəni müstəvidə sübut edir ki, Çolpan lirikasından və "Molla Nəsrəddin" məktəbindən süzülüb gələn oyanış fəlsəfəsi, Vahidov poeziyasında dilin və vətən torpağının sənətkar ruhunu coşduran "estetik qaynar nöqtə" səviyyəsinə yüksəlməsinə mühüm nəzəri və metodoloji zəmin hazırlamışdır.
Abdulla Qədiri və Firidun bəy Köçərli missiyası – Milli şüurun və özünüdərkin inkişafı prosesi fərdi lirik pafosdan sonra bütöv bir millətin keçmişini və dövlətçilik təfəkkürünü geniş şəkildə canlandırmaq zərurəti ilə qarşılaşdıqda, Abdulla Qədirinin yaradıcılığında fundamental epik səviyyəyə – roman janrına keçid etdi. Özbək realist romanının banisi hesab olunan Qədiri milli özünüdərk konsepsiyasını tarixi roman müstəvisində yeni estetik zirvəyə yüksəltdü. Özbək ədəbiyyatında yeni bədii təfəkkürün formalaşması prosesi, şübhəsiz ki, onun fundamental janr islahatları ilə bağlıdır. Müəllif özünün şah əsəri olan “Ötən günlər” romanının ilk nəşrinə yazdığı ön sözdə bu addımı yeni bir bədii təcrübə kimi qiymətləndirərək qeyd edirdi: “Yazmaq istədiyim bu “Ötən günlər” yeni dövr romançılığı ile tanış olmaq yolunda kiçik bir təcrübə, daha doğrusu bir həvəsdir. Məlumdur ki, yeniləşdirmə ilk dövrlərdə bir çox əskikliklər ilə meydana gəlir; o bu sahədə olan insanların köməyi ilə yavaş-yavaş düzələrək, təkamülə, inkişafa doğru gedir. Bu təbii haldır. Bu fikir ilə həvəsimdə cəsarətləndim, həvəskarlıqdan meydana gələ biləcək nöqsan və xətalardan ürkmədim” [Qədiri, 2023 : 15].
Bu böyük bədii hadisə təkcə Özbəkistan mühiti ilə məhdudlaşmamış, eyni milli ağrını və tarixi yaddaş intibahını paylaşan Azərbaycan ədəbi fikrinin də diqqət mərkəzində olmuşdur. Əsəri 1928-ci ildə ilk dəfə Azərbaycan dilinə çevirən və yeni əlifba ilə nəşr etdirən görkəmli alim Xalid Səid Xocayev ön sözdə romanın həm özbək, həm də ümumi türk mədəniyyəti üçün açdığı yeni üfüqləri belə xarakterizə edirdi: “Özbək ədəbiyyatı tarixində də birinci olaraq həyati, tarixi bir romanın yazılması ilə özbək ictimaiyyətini, özbək xalqının yaşayışını bədii ədəbiyyatda canlandırmaq arzusu doğdu. Azərbaycan dilinə bu əsərin tərcümə və yeni əlifba ilə nəşr edilməsi ilə indiyə qədər özbək ədəbiyyatında görülməmiş yeni bir dövr açmış olur... Əsərin qiyməti keçmiş xanlar dövründəki qanlı faciələri, baş kəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. Müəllif bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. Roman özbək bədii ədəbiyyatının birinci romanlarından sayılır; əsərdə bir tərəfdən özbək həyatını, qadın və qızların yaşayışını, onların yumşaq təbiətləri, sədaqət və şirin ədaları təsvir edilərkən, ikinci tərəfdən də onların kişilərin boyunduruğu altında qul kimi ömür sürdükləri, ailə içindəki mübarizələri bədii şəkildə göstərilir.” [Qədiri, 2023: 12-13] Xalid Səid Xocayev bu təhlili bədii mətnin milli ruhunu və sosiokulturoloq aspektlərini üzə çıxarmaq baxımından müasir komparativistika üçün də aktual nəzəri-metodoloji əhəmiyyət daşıyır.
Abdulla Qədirinin "Ötən günlər", "Mehrabdan əqrəb" və "Abid ketman" əsərlərində tarixi hadisələr sadəcə keçmişin təsviri deyil, xalqın milli şüurunun formalaşmasını izah edən bədii-fəlsəfi model kimi təqdim olunurdu. O, milli dövlətçilik ənənələrini, ailə institutunu və mənəvi dəyərləri bir-biri ilə əlaqələndirərək milli kimliyin bütöv konsepsiyasını yaradırdı. Bu nöqtədə digər mühüm bir tipoloji bağ Azərbaycan ədəbiyyatşünaslığının banisi Firidun bəy Köçərlinin fəaliyyəti ilə meydana çıxır. Abdulla Qədiri özbək xalqının keçmişini bədii təxəyyül və tarixi roman vasitəsilə canlandıraraq milli şüura xidmət edirdisə, Firidun bəy Köçərli çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsəri ilə milli ədəbi irsi sistemli şəkildə öyrənir və milli yaddaşın elmi-nəzəri əsaslarını qururdu. Burada digər mühüm bir tipoloji bağ Firidun bəy Köçərlinin fəaliyyəti ilə üzə çıxır. Qədiri özbək xalqının keçmişini bədii təxəyyül və tarixi roman vasitəsilə canlandıraraq milli şüura xidmət edirdisə, Firidun bəy Köçərli çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsəri ilə ədəbi irsi sistemləşdirir, milli yaddaşın elmi-nəzəri əsaslarını qururdu. F.Köçərli ədəbiyyatı və ədəbi irsi millətin varlıq pasportu, yaddaş aynası hesab edərək yazırdı: “Ərbabi-daniş və kamala mə'lumdur ki, hər bir millətin şə’n və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi də onun ədəbiyyatıdır. Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır ki, onun maddi və mə'nəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir. Ədibi-fazil və şairi-qabil millətin maarif xadimləridir. Milləti haqq və səvaba irşad edən, şöhrət və hörmətə yetirən onlardır. Öz asar və əş'arı ilə onlar millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və tamami mə'nəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama qaldırırlar.” [Köçərli, 2005 : 44]Göründüyü kimi, hər iki ziyalının fəaliyyəti və konseptual fəlsəfəsi sübut edirdi ki, ədəbiyyat və tarixi yaddaş keçmişə sadəcə nostalgik bir baxış deyil, gələcəyin milli inkişaf modelidir. Köçərlinin irəli sürdüyü “ədəbiyyatın millətin aineyi-həqiqətnüması (həqiqəti göstərən aynası)” olması tezisi, Abdulla Qədirinin epik nəsrdə reallaşdırdığı missiya ilə tam üst-üstə düşür. Bu model sonralar Erkin Vahidovun fəlsəfi poeziyasında Qədirinin epik yaddaşının və Köçərlinin mənəvi irs nəzəriyyəsinin poetik sözlə ümumiləşdirilməsinə xidmət edəcəkdi. Belə ki, Abdulla Qədirinin "Ötən günlər" romanında bədii boyalarla canlandırdığı keçmiş Türkistan xanlıqlarının daxili çarpışmalarını, xalqın çəkdiyi tarixi məhrumiyyətləri və mənəvi aşınmaları Erkin Vahidov özünün məşhur "Özbəyim" qəsidəsində fundamental bir epik-poetik lay səviyyəsinə qaldırmışdır. Firidun bəy Köçərlinin ədəbiyyatı millətin "istiqbalı üçün nicat və səadət yolu" elan edən fəlsəfəsinə uyğun olaraq, Vahidov keçmişin qanlı faciələrindən dərs çıxarmağı gələcəyin yeganə tərəqqi modeli hesab edir və Azərbaycan dilində böyük lirik pafosla səslənən bu misralarında yazırdı:
O‘zbegim deb keng jahonga
Ne uchun madh etmayin!
O‘zligim bilmoqqa davrim
Berdi imkon, o‘zbegim.
Men buyuk yurt o‘g‘lidurman,
Men bashar farzandiman,
Lekin avval senga bo‘lsam
Sodiq o‘g‘lon, o‘zbegim.
Menga Pushkin bir jahonu
Menga Bayron bir jahon,
Lek Navoiydek bobom bor,
Ko‘ksim osmon, o‘zbegim.
Qayga bormay, boshda do‘ppim,
G‘oz yurarman gerdayib,
Olam uzra nomi ketgan
O‘zbekiston, o‘zbegim.
Bu qasidam senga, xalqim,
Oq sutu tuz hurmati,
Erkin o‘g‘lingman, qabul et,
O‘zbegim, jon o‘zbegim.[Vahidov, 2000: b.106-107].
Erkin Vahidovun bu sətirləri vizual və nəzəri cəhətdən sübut edir ki, Qədirinin romançılıq sənəti ilə açdığı epik tarixi cığır və Köçərlinin ədəbiyyat tarixinə verdiyi milli mənəviyyat pasportu missiyası, Vahidov poeziyasında keçmişin qaranlıq zülmətindən milli istiqlala doğru uzanan unikal bir mənəvi-fəlsəfi təkamül zənciri formalaşdırmışdır."
Osman Nasir və Həsən bəy Zərdabi paraleli – Milli özünüdərk ideyasının tarixi təkamülü totalitar rejimlərin basqıları və sərtsenzura şəraitində sənətkardan daha yüksək bir vətəndaşlıq mövqeyi və mənəvi dirəniş tələb edirdi. Cədidçilik hərəkatının gətirdiyi milli istiqlal idealları XX əsrin 30-cu illərində Osman Nasir kimi alovlu şairlərin üsyankar poeziyasında özünün bədii-estetik zirvəsinə çatmışdır.
Agar barg kabi yiqilsam,
Bog'im meni unutmaydi.
Ismimni hurmat bilan eslaydi.
Gullardan haykal quradi.
She'rlarim aks-sado berishda davom etadi.
Hayotimning davomi.
Kelajagimning himoyachisi.
Men abadiy o'lmayman.! [Məmmədli, 2023 : 68]
Osman Nasir özbək poeziyasında azadlıq ideyasının ən parlaq ifadəçilərindən biri kimi tanınır; onun yaradıcılığı romantik pafos, yüksək vətəndaş mövqeyi və milli ləyaqət hissi ilə seçilir. Şair qısa ömür sürməsinə baxmayaraq, özbək poeziyasında azad ruhun və mənəvi müqavimətin poetik simvoluna çevrilmişdir. Tanınmış özbək ədəbiyyatşünası, professor İbrahim Qafurov şairin bu mənəvi missiyasını dəyərləndirərək yazır ki, “Osman Nasir qarşısında bizim heç vaxt ödəyib bitirə bilməyəcəyimiz sonsuz mənəvi borcumuz var. Hər dəfə onun sözündən – şeirləri və dastanlarından bəhrələndikdə, bu borc tarixdən uzanan bir əl kimi insanın çiyinlərindən tutur. Onun poeziyası fırtınalı bədii sədaları ilə bütöv bir nəslin milli yaddaşını və azadlıq şüurunu oyadan mənəvi qüvvədir” [G´afurov, 2024 : kh-davron.uz].
Osman Nasirin "Ürək", "Mehrim", "Səfərbər sətirlər" və digər əsərlərində insan azadlığı, vətən sevgisi, milli qürur və mənəvi ləyaqət aparıcı mövzular olmaqla, insanı totalitar ideologiyanın sərhədlərini aşan yüksək humanist bir şəxsiyyət kimi təqdim edirdi. Bu cür bədii müqavimət və sözün ictimai qüvvəyə çevrilməsi prosesi Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin fəaliyyəti ilə eyni ideya-estetik platformanı paylaşır. Zərdabi milli özünüdərk prosesində ictimai sözün və maarifçiliyin rolunu yeni müstəviyə yüksəltmiş, onun təsis etdiyi "Əkinçi" qəzeti cəmiyyətdə milli şüurun formalaşmasına, ana dilinin inkişafına mühüm təsir göstərmişdir. Zərdabi xalqın tərəqqisinin yalnız savadlanma və milli birlik yolu ilə mümkün olduğunu irəli sürərək maarifçiliyi milli dirçəlişin əsas vasitəsi hesab etmişdir. Onun publisistik irsindəki dil, mədəniyyət və milli həmrəylik məsələləri, Osman Nasirin poeziyada milli ləyaqət və azadlıq ideyalarını romantik pafosla ifadə etməsi ilə birbaşa səsləşir. Hər iki sənətkar üçün sənət və söz xalqın mənəvi yüksəlişinə, totalitar qaranlığa qarşı dirənişinə xidmət edən yaradıcı qüvvə idi. Osman Nasirin repressiya illərində canı bahasına qoruduğu bu milli poetik ruh sonrakı onilliklərdə Erkin Vahidov yaradıcılığında milli özünüdərk konsepsiyanın estetik təməlinə çevrilərək davam etdirilmişdir. Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə formalaşdırdığı "ictimai sözün qorxmazlığı" fəlsəfəsini və Osman Nasirin repressiya girdabında məhv olan üsyankar lirik sədalarını estetik varislik müstəvisində sintez edən Erkin Vahidov, totalitar rejim şəraitində qələmin mənəvi gücünü və sənətkarın dik duruşunu poetik manifest səviyyəsinə qaldırmışdır. Şair rəsmi külliyyatında yer alan, 1967-ci ildə qələmə aldığı monumental "Qələm" şeirində zalım rejimlərin repressiyasına məruz qalsa da baş əyməyən milli təfəkkürün və ictimai sözün sarsılmaz qüvvəsini Azərbaycan akademik orfoqrafiyasına uyğun olaraq böyük vətəndaşlıq pafosu ilə belə tərənnüm edirdi:
Boshini ming kesdilar,
Bosh egmadi aslo kalam.
Yor, diyor mehrini kuylab
Umrimiz bo‘lgay ado.
Men na istisno erurman,
Sen na mustasno, qalam.
Yangrasin Erkin so‘zing,
Aslo tiling lol o‘lmasin.
Dast ko‘tar davron yukini,
Etma qadding yo, qalam.! [Vahidov, 2000: b.75].
Erkin Vahidovun bu misraları fundamental şəkildə sübut edir ki, Zərdabi publisistikasından və Osman Nasir romantizmindən süzülüb gələn milli dirəniş ruhu, Vahidov poeziyasında "başını kəssələr də başını əyməyən" haqq qələmi rəmzi ilə birləşərək, müasir özbək ədəbiyyatında milli özünüdərk ideologiyasının mənəvi qələbəsini şərtləndirən başlıca amillərdən birinə çevrilmişdir."
Maqsud Şeyxzadə və Üzeyir bəy Hacıbəyli koordinatları – Milli özünüdərk konsepsiyasının tam yetkinləşməsi və gələcəyə ötürülməsi üçün klassik irslə müasir bədii təfəkkür arasında möhkəm körpülərin qurulması zəruri idi. Bu tarixi-estetik missiyanı özbək ədəbiyyatında Azərbaycan və özbək xalqlarının ortaq ədəbi-mədəni koordinatlarını formalaşdırmış Maqsud Şeyxzadə unikal şəkildə həyata keçirmişdir. Şeyxzadə yaradıcılığında milli tarix, klassik ədəbiyyat, ümumtürk mədəniyyəti və humanist dəyərlər vahid estetik sistem daxilində təqdim edilir. Totalitar dövrün buxovlarına baxmayaraq, milli təfəkkürün qorunmasında onun rolu müstəsnadır. Görkəmli özbək alimi, akademik Naim Kərimov şairin bu tarixi missiyasını xarakterizə edərək yazır ki, “Maqsud Şeyxzoda ədəbiyyatını dünya xalqlarının ədəbiyyatı ilə birləşdirən "qızıl körpülərimizdən" biridir. Şeyxzadənin yaradıcılığında tarixi yaddaşın dirçəldilməsi milli kimliyin dərk edilməsi və möhkəmləndirilməsi ilə sıx bağlı idi.” [Karimov, 2009 : 5].
Üzeyir bəyin yaradıcılığındakı bu ifşaçılıq pafosu və dramatik konflikt sənətkarın sosiomədəni tərəqqiyə baxışını tam əks etdirir. Şeyxzadənin bədii mətndə qurduğu "qızıl körpü" və klassik irsə qayıdış xətti, Üzeyir Hacıbəylinin musiqili dramaturgiyada etdiyi və köhnəliyi radikal şəkildə ifşaya çəkən bu klassik-müasir sintezlə tamamilə tipoloji tərəfdaşdır...
Maqsud Şeyxzadənin "Mirzə Uluğbəy", "Cəlaləddin Mənquberdi" və digər əsərlərində tarixi şəxsiyyətlər milli yaddaşın canlı daşıyıcıları kimi təqdim olunur, keçmiş müasir milli şüurun formalaşmasına xidmət edən mənəvi məktəb kimi dəyərləndirilirdi. Bu estetik yanaşma Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin mədəniyyət fəlsəfəsi ilə eyni prinsiplər üzərində qurulmuşdur. Hacıbəyli milli özünüdərk ideyasını musiqi, dramaturgiya və publisistika sahəsində yeni estetik məzmunla inkişaf etdirmişdir. Onun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərləri xalq musiqisi ilə klassik Şərq irsini və Avropa mədəniyyətini yaradıcı şəkildə birləşdirərək milli sənətin inkişaf modelini yaratmışdır. Azərbaycan ədəbiyyatşünaslığında və teatr tənqidində də haqlı olaraq qeyd edildiyi kimi, bu komediya təkcə Üzeyir Hacıbəyovun yaradıcılığında deyil, bütün Azərbaycan ədəbiyyatında ən yaxşı komediyalardan biri olmaqla, həm məzmunu, ideyasının dərinliyi, ifşaçılıq qüvvəsi cəhətdən, həm də bədii keyfiyyətləri ilə klassik səviyyəyə qalxır. Burada da müəllif zamanəsi üçün səciyyəvi olan mütərəqqi və mürtəce qüvvələr arasındakı mübarizəni dramatik konfliktin mərkəzinə qoymuşdur. Nə vasitə ilə olursa-olsun pul əldə etmək istəyən, borclu düşmüş Rüstəm bəy, pul tərəfdən işi avand olan dövlətli tacir Məşədi İbad, «millətpərəst» Həsənqulu bəy, «intelligenti» Həsən bəy, qəzetçi Rza bəy, qoçu Əsgər və başqaları köhnəliyi təmsil edirlər [Hacıbəyov, 1985 : 7].
Maqsud Şeyxzadənin bədii mətndə qurduğu "qızıl körpü" və klassik irsə qayıdış xətti, Üzeyir Hacıbəylinin musiqidə etdiyi klassik-müasir sintezlə tamamilə tipoloji tərəfdaşdır. Hər iki sənətkar üçün milli mədəniyyət keçmişin kor-koranə qorunması deyil, gələcəyin mənəvi inkişafını təmin edən yaradıcı enerji mənbəyidir. Bu yanaşma sonrakı dövrdə Erkin Vahidov yaradıcılığında daha geniş nəzəri məzmun qazanaraq, sözün, dilin və xüsusilə Əlişir Nəvai irsinin müasir milli düşüncə ilə əlaqələndirilməsinə, klassik-müasir sintezin bütöv bir estetik konsepsiya səviyyəsinə yüksəlməsinə möhkəm zəmin yaratmışdır. Müasir ədəbiyyatşünaslıqda və komparativist təhlillərdə də təsdiq olunduğu kimi, Erkin Vahidov klassik Şərq irsini müasir poeziyanın estetik koordinatları ilə sintez edərkən Maqsud Şeyxzadənin bədii mətndə, Üzeyir bəy Hacıbəylinin isə professional musiqidə ucaltdığı həmin o konseptual "qızıl körpü" modelini birbaşa mənimsəmişdir. Şair özünün rəsmi divanında yer alan fəlsəfi mülahizələrində, dahi sələflərinin açdığı bu klassik intibah yolunu bədii şəkildə belə ümumiləşdirirdi:
Fuzuliy devonin qo‘limga oldim,
U soldi ko‘nglimga g‘azal mehrini...
Ko‘p zahmat so‘ngida
Anglab yetoldim
Ustoz Alisherning buyuk sehrini.
Uni tanidimu elimni bildim.[Vahidov, 2000: b.215].
Erkin Vahidovun Azərbaycan dilində böyük poetik ehtiramla səslənən bu misraları fundamental şəkildə sübut edir ki, Üzeyir bəyin operada reallaşdırdığı muğam və Avropa musiqisi vəhdəti, Şeyxzadənin dramaturgiyada qurduğu tarixi yaddaş fəlsəfəsi, Vahidov poeziyasında Əlişir Nəvai və Füzuli dühasını dərk etməklə "elini (millətini) tanımaq" düsturuna çevrilmiş, klassik-müasir sintezi milli özünüdərk konsepsiyasının sarsılmaz bir sütunu halına gətirmişdir.
NƏTİCƏ
Cədidçilikdən Erkin Vahidova uzanan varislilik xəttinin elmi-nəzəri ümumiləşdirilməsi – Beləliklə, Əbdürrauf Fitrətdən başlayaraq Əbdülhəmid Çolpan, Abdulla Qədiri, Osman Nasir və Maqsud Şeyxzadənin yaradıcılığında milli özünüdərk ideyası müxtəlif janr və bədii formalar vasitəsilə ardıcıl və sistemli bir inkişaf yolu keçmişdir. Bu sənətkarların hər biri milli kimliyin, ana dilinin, tarixi yaddaşın və mənəvi azadlığın qorunmasını öz yaradıcılığının aparıcı ideya-estetik istiqamətinə çevirmişdir. Komparativist təhlillər göstərir ki, cədidçilik hərəkatı sadəcə lokal xarakterli tarixi-mədəni bir hadisə deyil, bütövlükdə müasir özbək poeziyasında milli özünüdərk ideyasının genezisini fəlsəfi və struktur baxımdan müəyyənləşdirən başlıca mərhələdir. Bu zəngin ədəbi ənənənin ortaq ideoloji və estetik zəmini sonrakı dövrdə Azərbaycan və özbək ədəbiyyatları arasında müqayisəli-tipoloji yaxınlıqların elmi müstəvidə öyrənilməsi baxımından xüsusi aktuallıq kəsb edir. Azərbaycan ədəbiyyatşünaslığında cədidçilik hərəkatı və onun görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı aparılmış fundamental tədqiqat və monoqrafiyalar, özbək milli özünüdərk ənənəsinin makro-aspektdən dəyərləndirilməsi üçün geniş elmi baza yaratmışdır.
Nəzəri baxımdan çıxarılan ən mühüm konseptual ümumiləşdirmə budur ki, milli dirçəliş prosesi mədəniyyətlərin bir-birini qarşılıqlı surətdə stimullaşdırması sayəsində sürətlənir. Azərbaycan maarifçiliyinin – Mirzə Fətəli Axundzadə təfəkkürünün, Həsən bəy Zərdabi publisistikasının, Cəlil Məmmədquluzadə realizminin, Firidun bəy Köçərli mənbəşünaslığının və Üzeyir bəy Hacıbəyli fəlsəfəsinin Türküstan mühitinə təsiri təbii bir məfkurəvi cərəyan idi. Bu ideya axını özbək intellektualları tərəfindən mexaniki surətdə təqlid edilməmiş; öz yerli mühitlərinin – Teymurilər dövrü dövlətçilik yaddaşının, klassik çağatay dili normalarının, folklor bünövrəsinin və klassik Şərq poetikasının süzgəcindən keçirilərək spesifik bir estetik makro-sistemə çevrilmişdir.
Məhz bu mürəkkəb mənəvi-estetik və sintetik zəmin üzərində yetişən Erkin Vahidovun yaradıcılığını bu tarixi-metodoloji kontekstdən kənarda dəyərləndirmək elmi cəhətdən qeyri-mümkündür. Tədqiqat prosesində şərhlərə cəlb etdiyimiz "Kiçik Ay sözü", "Bulaq", "Qələm", “Günəşin yeri (dastandan fəsillər)” şeirləri və monumental "Özbəyim" qəsidəsi əyani şəkildə nümayiş etdirir ki, XX əsrin ikinci yarısında özbək poeziyasında milli özünüdərk ideyası əvvəlki dövrlərlə müqayisədə keyfiyyətcə yeni bədii-estetik mərhələyə qədəm qoymuşdur. Erkin Vahidov cədidçilikdən və Azərbaycan maarifçiliyindən süzülüb gələn milli düşüncə ənənəsini varislik prinsipi ilə davam etdirərək onu müasir dövrün qlobal ictimai-mədəni reallıqları ilə uzlaşdırmışdır. Şair sələflərinin irəli sürdükləri ideyaları sadəcə deklarativ formada təkrarlamamış, onları fəlsəfi ümumiləşdirmə səviyyəsinə yüksəldərək ümumtürk mədəni düşüncəsi və ümumbəşəri humanist dəyərlərlə əlaqələndirən orijinal bir poetik struktur yaratmışdır.
Tədqiqatın gəldiyi son elmi nəticə ondan ibarətdir ki, milli kimlik mövzusu bu ədəbiyyatlarda müvəqqəti bir konyunktura və ya siyasi tendensiya deyil, sənətin əbədi yaşama qanunudur. Erkin Vahidovun timsalında bu ideya artıq regional sərhədləri aşaraq, bütövlükdə müasir türk xalqları ədəbiyyatında milli intellektual inkişaf xəttinin yeni tarixi mərhələdə zirvə nöqtəsinə yüksəlməsi kimi qiymətləndirilməyə tam elmi, nəzəri və metodoloji əsaslar verir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT / REFERENCES
Abdulla Qədiri. (2023). Ötən günlər (özbəklərin həyatından tarixi roman) (X. Səid, Çev.; H. Zeynallı, Red.; A. Ülvi, Yenidən çapa haz. və ön söz müəl.). Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. (Orijinal əsər 1928-1929-cu illərdə nəşr edilmişdir).
Boltaboyev, H. (1996). Abdurauf Fitrat – adabiyotshunos. Toshkent: Fan.
G’afurov, I. (2024, iyul 8). Qismatning ovozi (Usmon Nosir ilhomlari). Xurshid Davron kutubxonasi. kh-davron.uz
Hacıbəyov, Ü. (1985). Seçilmiş əsərləri. Bakı: Yazıçı.
Karimov, N. (1991). Cho‘lpon (Ma'rifiy roman). Toshkent: Sharq.
Karimov, N. (2009). Maqsud Shayxzoda (maarifiy-biografik roman). Toshkent: Sharq.
Köçərli, F. b. (2005). Azərbaycan ədəbiyyatı (İki cilddə, I cild). Bakı: Avrasiya Press.
Məmmədli, P. (2023). Osman Nasir. A. Ülvi (Red. və Ön söz müəl.), Ədəbi portretlər (özbək şair və yazıçıları haqqında məqalələr) daxilində (s. 65-80). Bakı: Nurlar.
Sharafiddinov, O. (2004). Ijodni anglash baxti. Toshkent: O‘zbekiston milliy ensiklopediyasi.
Umaraliyev, I. (2020, dekabr 18). «Aytganlari amallariga to'g'ri edi». Professor Bahodir Karim - jadid ziyolilari haqida. Kun.uz. kun.uz
Vohidov, E. (2000). Saylanma. I jild: Ishq savdosi (She'rlar va dostonlar). Toshkent: Sharq.
XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi. (2023, aprel 2). 525-ci qəzet. 525.az
Xülasə
Məqalədə XIX əsrin sonu – XX əsrin əvvəllərində türk-müsəlman coğrafiyasında baş verən qlobal ictimai-siyasi və mədəni kataklizmlər fonunda özbək cədid ədəbiyyatı ilə Azərbaycan maarifçi-demokratik düşüncəsinin ideya-estetik əsasları müqayisəli-tipoloji aspektdən geniş şəkildə tədqiq olunur. Tədqiqat işi müasir müqayisəli ədəbiyyatşünaslığın metodoloji prinsipləri əsasında, sənətkarların fəaliyyətini ayrı-ayrı elementlər kimi deyil, vahid və ardıcıl məfkurəvi təkamül zənciri kimi nəzərdən keçirir. Bu çərçivədə, milli özünüdərk və mənəvi oyanış anlayışları fəlsəfi-estetik sistem səviyyəsində təhlil edilir. Mətndə Əbdürrauf Fitrət və Mirzə Fətəli Axundzadənin nəzəri-islahatçı baxışları, Əbdülhəmid Çolpan və Cəlil Məmmədquluzadənin bədii-ictimai yaradıcılığındakı milli oyanış pafosu, Abdulla Qədiri və Firidun bəy Köçərli irsindəki epik və elmi tarixi yaddaşın bərpası məsələləri, eləcə də Osman Nasir, Həsən bəy Zərdabi, Maqsud Şeyxzadə və Üzeyir Hacıbəylinin milli mədəniyyət kontekstindəki xidmətləri “canbir qəlb” prinsipi ilə üzvi şəkildə qarşılaşdırılır və onların funksional bərabərliyi əsaslandırılır. Araşdırmada hər iki mühitdə ana dilinin statusunun qorunması, milli məktəb və mətbuatın inkişafı, totalitar senzura şəraitində sənətkarın vətəndaşlıq mövqeyi və göstərdiyi mənəvi dirəniş elmi-nəzəri ümumiləşdirmələrə cəlb olunur.
Sonda cədidçilik və maarifçilik ənənələrinin XX əsrin ikinci yarısında özbək poeziyasının görkəmli nümayəndəsi Erkin Vahidovun yaradıcılığında milli özünüdərk konsepsiyasının fundamental estetik təməlinə çevrilmesi, regional sərhədləri aşaraq ümumtürk mədəni düşüncəsinin yeni tarixi mərhələdə zirvə nöqtəsinə yüksəlməsi varislik prinsipi baxımından elmi şəkildə ümumiləşdirilir və əldə olunan nəticələr konseptual şəkildə şərh edilir.
Açar sözlər: milli özünüdərk, Azərbaycan maarifçiliyi, müqayisəli ədəbiyyatşünaslıq, cədidçilik, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan, Erkin Vahidov.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Kitab mağazasındakı əhvalat
Sərtyel,
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu üzrə növbətçisi
“Gülüş klubu”nun devizi dəyişməz olaraq qalır: “Hərdən güldürürük, hərdən də düşündürürük”.
Bu gün menyuda kəlmlar, lətifələr vardır.
***
Bir nəfər kitab mağazasına girib satıcıdan soruşur:
-Bağışlayın, sizdə “Bir saata necə varlanmaq olar” kitabı var?
Satici cavab verir:
-Var. Ancaq kitab “Cinayət məcəlləsi” kitabı ilə birgə satılır.
C.
Deyimlər
Ana qızına: “Oğlanların mesajlarında hərf səhfi axtarmayan rəfiqələrin çoxdan ərə gediblər. Sənsə otur evdə, qarı. Gözlə ki nə vaxt savadlı tapacaqsan.
***
Bu günün işini sabaha qoyanlara: Sabah həmişə olacaq. Amma bir sabah sən olmayacaqsan.
***
Ailənin mahiyyətini anlamayanlara:
Ailə o deyil ki hamı bir yerdə yaşasın. Ailə odur ki hamı bir-biri üçün yaşasın.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
İşğaldan əvvəlki dönəmin Şuşasını onun qədər heç kəs vəsf etməyib
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sizə haqqındadanışacağım rəssam - ElturanAvalovunyaradıcılığını bir kəlmə ilə səciyyələndirsək, o kəlmə belə olar – ŞUŞA.
Elturan Avalov 20 avqust 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib.
Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib.
"Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
1985-ci ildə Moskvada rəssamın Azərbaycanda professional musiqinin banisi Üzeyir Hacıbəylinin 100 illiyinə həsr olunmuş fərdi sərgisi keçirilib. Ekspozisiyada onun 100 qrafika əsəri nümayiş etdirilib. 2003-cü ildə professor adı verilib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Təsviri incəsənət" kafedrasının müdiridir.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin, FECO-nun Azərbaycan qrupunun üzvüdür. Bundan başqa o, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqının da üzvüdür.
Azərbaycanın memarlıq və incəsənət tarixinin problemlərinə dair 60-dan çox elmi kitabça və məqalə dərc etdirib, Bakı, Vilnüs, Daşkənd, Kiyev, Moskva, Kazan, Riqa və Strasburqda onun 500-dən çox qrafika əsəri çap olunub. Azərbaycan klassiklərinin əsərlərinə illüstrasiyalar, xalq mahnılarına qrotesk karikaturalar çəkib.
Realistik üslubda işlədiyi "Hacı Murad", "Bəstəkar Fikrət Əmirov", "Sevil", "Neftçilər" portretləri də əsərləri arasında xüsusi seçilir. Bundan başqa Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarına da rəsmlər çəkib. 2020-ci il oktyabrın 12-də Şuşa qalasının 270 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Elturan Avalovun Şuşa ilə bağlı çəkdiyi qrafik silsilənin virtual sərgisi açılıb.
Kitabları
- "Şuşanın memarlığı"
- "Memarın gözü ilə"
- "Elturan"
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
İntiqam və bağışlama arasında bir cəmiyyət: "Lantouri" filminin dərin analizi
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
İran kinosunun müasir, cəsur və ən səs-küylü rejissorlarından biri olan Reza Dormishianın "Lantouri" (2016) filmi, insanı sarsıdan, real hadisələrə əsaslanan dram-triller ekran işidir.
Berlin Beynəlxalq Film Festivalının "Panorama" bölməsində nümayiş etdirilən bu film, İranda qadınlara qarşı törədilən ən qorxunc cinayətlərdən birini — asid (turşu) hücumlarını və İslam cinayət hüququndakı "qisas" (gözə göz) qanununu radikal bir dildə müzakirəyə çıxarır.
Filmin mövzusu nədir? (Süjet xətti)
Hadisələr Tehranda fəaliyyət göstərən, varlı ailələrin evlərini soyan, insanları qarət edən və uşaq qaçıran "Lantouri" adlı cinayətkar küçə dəstəsinin ətrafında qurulub. Bu dəstənin üzvləri cəmiyyətdəki ədalətsizliklərdən və yoxsulluqdan travma almış gənclərdir.
Eşq və obsesiya: Dəstənin rəhbəri Paşa, cəmiyyətdə insan haqları, xüsusilə də edam və qisas cəzalarına qarşı mübarizə aparan, müstəqil, cəsur jurnalist və aktivist Məryəmə dəlilər kimi aşiq olur.
Cinayət: Paşanın xəstə dərəcədə obsessiv duyğuları və evlilik təklifi Məryəm tərəfindən rədd edilir. Bu rədd cavabını həzm edə bilməyən və vəhşiləşən Paşa, küçənin ortasında Məryəmin üzünə turşu (asid) ataraq onun vizual görünüşünü tamamilə məhv edir və gözlərini kor qoyur.
Böyük paradoks və intiqam: Filmin ən dramatik və fəlsəfi tərəfi bundan sonra başlayır. İllər boyu dövlətin tətbiq etdiyi "gözə göz" qisas qanununa qarşı çıxan, bağışlamağı müdafiə edən Məryəm, bu qorxunc hücumdan sonra daxili bir çevriliş yaşayır. O, qanuni haqqından istifadə edərək Paşanın da gözlərinin asidlə kor edilməsini — yəni şəriət qanununa uyğun rəsmi qisas tələb edir.
Filmin bədii strukturu və üslubu
Rejissor Reza Dormishian filmi klassik dram formatında deyil, yalançı sənədli film (mockumentary) üslubunda çəkib.
Sosioloji sorğu: Ekran işi boyu sosioloqlar, insan haqları müdafiəçiləri, dindar mühafizəkarlar və sıravi vətəndaşlar kameraya baxaraq hadisəni şərh edirlər. Hər bir qrup cinayəti öz pəncərəsindən analiz edir, bu ise izləyicini vahid bir hakim olmaqdan uzaqlaşdırıb cəmiyyətin dərinliyinə endirir.
Klip estetikası və sürət: Filmin ilk yarısı olduqca dinamik, sürətli montajlar və musiqili klip estetikası ilə gənclərin yeraltı həyatını göstərir. İkinci yarı isə xəstəxana və məhkəmə divarları arasında keçən, izlənilməsi psixoloji baxımdan olduqca ağır, çılpaq bir realizmə çevrilir.
Aktyor heyəti
Filmdə İran kinosunun ən parlaq ulduzları yer alıb:
Navid Mohammadzadeh (Paşa) — Həm aşiq, həm də bir canavara çevrilən cinayətkar rolunda göstərdiyi performans tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.
Maryam Palizban (Məryəm) — Qisas və bağışlamaq dilemması arasında qalan aktivist qadın xarakterini canlandırır.
Baran Kosari (Baran) — "Lantouri" dəstəsinin digər fəal və çılğın üzvü rolundadır.
Filmin xülasəsi və tənqidi qiymət
"Lantouri" filmi sadəcə bir cinayət dramı deyil, müasir İran gəncliyinin iqtisadi böhranlar, sinfi fərqlər və totalitar qaydalar qarşısındakı çarəsizliyinin, aqressiyasının sosioloji analizidir. Rejissor tamaşaçıya çox ağır bir sual ünvanlayır: Sizə qarşı edilən ən böyük vəhşilikdən sonra, illərlə müdafiə etdiyiniz humanizm ideyalarına sadiq qala bilərsinizmi, yoxsa içinizdəki intiqam alovuna təslim olarsınız?
Film, xüsusilə tibbi əməliyyat və asid hücumunun nəticələrini göstərən qrafik vizuallarına görə zəif əsəbə malik izləyicilər üçün çətin ekran işi olsa da, İran kinosunun ən cəsur sənədli-bədii incilərindən biri hesab olunur.
Sarsıdıcı final: Məryəmin yekun qərarı
Filmin kulminasiya nöqtəsi və sonluğu, izləyicini mənəvi baxımdan gərgin və ağır bir sınaq qarşısında qoyur. Uzun sürən məhkəmə çəkişmələrindən sonra dövlət orqanları Məryəmin qisas tələbini təmin edir. Tibb işçilərinin və rəsmi şəxslərin iştirakı ilə xəstəxana otağında qisas qanununun icra anı yetişir. Paşa çarpayıya bağlanır və tibbi pipet vasitəsilə onun gözlərinə asid damcıladılması tapşırığı birbaşa zərərçəkmiş kimi Məryəmə verilir.Paşa qorxu və peşmanlıq içində ağlayaraq ölümünü diləyərkən, Məryəm pipeti onun gözlərinə yaxınlaşdırır. Otaqdakı gərginlik pik həddə çatdığı anda, Məryəm illər boyu müdafiə etdiyi prinsiplərə, daxili insanlığına geri dönür və Paşanı bağışladığını elan edir. O, qisas hüququndan imtina edərək cinayətkarın kor edilməsinə icazə vermir. Məryəm bu qərarı ilə Paşaya acıdığı üçün deyil, onunla eyni canavarlıq səviyyəsinə enmək istəmədiyi və içinə düşdüyü sonsuz intiqam zəncirini qırmaq üçün bu addımı atır. Filmin son kadrlarında bu bağışlamanın Paşa üçün əslində ömürlük vicdan əzabına çevrilməsi və cəmiyyətin fərqli təbəqələrinin bu qərara verdiyi ziddiyyətli reaksiyalar göstərilir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Bütün Çərkəzləri bir Bayraq altında birləşdirən, 153 il davam edən Rus-Çərkəz savaşı
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Çərkəzlər – Qafqazın ən qəhrəman xalqlarından biri. Onlar barədə kifayət qədər bilgimiz varmı? Xeyir, yoxdur. Bu xalq uzun illər Qafqazları işğal etmək istəyən çar Rusiyasına qarşı ölüm-dirim savaşı açıb.
Gəlin tarixdəki bəzi məqamlara nəzər yetirək.
Rus İmperatriçası II Yekaterina mühasirədəki çərkəzlərin təslim olmalarını, canlarının bağışlanması üçün xristianlığı qəbul edərək Çar Rusyasına boyun əymələrini tələb etdi. Xristian olmağı qəbul etməyən general Misost Bematiko isə son ana qədər ruslara müqavimət göstərəcəyini açıqladı...
Yer üzünə səpələnən, vardığı məmləkətlərdə qüdrətini, əzəmətini qoruyan, Şimali Qafqazın cəsarət və ləyaqət nümunəsinə çevrilən çərkəzlər Qara dənizin şərq sahilində tarixi torpaqlarında ayrı - ayrı bəyliklərin qurduğu Çərkəz Bəyliyində yaşamışlar. 12 - dən çox müxtəlif boydan ibarət olan Çərkəz Bəyliyi VIII əsrdə Şərqi Roma İmperiyasının təzyiqləri ilə məcburi şəkildə xristianlaşdırılmış, XIII əsrdə isə Moğol işğalları nəticəsində yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1557-ci ildə Temruk İdar xanın dövründə yenidən güclənən çərkəzlər bu dövrdə qonşuları olan Rus Çarlığı ilə isti münasibət qurmuşlar. Hətta Temruk İdar xan qızını rus çarı , knyaz İvan Qroznı ilə evləndirərək iki ölkə arasındakı bağın daha da möhkəmlənməsini təmin edib. Lakin 1635-ci ildə Osmanlı sultanı IV Muradın fərmanı ilə islam dini çərkəzlər arasında sürətlə yayılmağa başlayıb. 1650-ci ildən etibarən çərkəzlərin islamı qəbul etməsi və Osmanlıpərəst siyasət yürütməsi Çərkəz-Rus ittifaqını zəiflədib. Əvvəlcə kiçik sərhəd mübahisələri yaransa da, sonra iki tərəf arasında savaşlar başlayıb.
I Pyotr rus ordusuna Çərkəzistanı talan etmək əmrini verib
Əldə olunan məlumatlardan bəlli olur ki, 1711-ci il mayın 13 - də I Pyotr rus ordusuna Çərkəzistanı talan etmək əmrini verib. 30 minlik rus ordusu hərəkətə keçərək 1711-ci il avqustun 26- da çərkəz torpaqlarına daxil olub, Hatukay və Çemquy qəbilələrinin torpaqlarını işğal edib. Daha sonra Kuban çayının cənubundan Qara dənizə doğru irəliləyərək yolunun üstündəki bütün kəndləri yandırıb külə döndərib, üstəlik Qara dəniz sahilindəki limanları yağmalayıb. Bu işğal zamanı 43 min çərkəz həlak olub, 39 min at, 190 min iribuynuzlu mal-qara və 227 min qoyun ruslar tərəfindən ələ keçirilib. Məhz bu hücumdan sonra 153 il sərasər davam edən Rus-Çərkəz müharibəsi başlayıb.
İmperatriça hökmdarlığının ilk ilində Çərkəzistanı ilhaq etmək məqsədilə sərhəd bölgələrində qalalar tikdirməyə başlayıb
Ruslar bu cür talançı hücumları 1711-dən 1762-ci ilə qədər davam etdirsələr də, əməliyyatlar Çərkəzistanı ilhaq etmək üçün deyil, yalnız talan etmək üçün idi. Çünki I Pyotr hakimiyyəti dövründə heç vaxt Çərkəzistanı işğal etməyi düşünməmişdi. 1762-ci ildə taxta çıxan II Yekaterina ilə birlikdə tərəqqi dövrünə qədəm qoyan Rus İmperiyası Qara dənizi fəth edərək digər dənizlərə çıxış əldə etmək üçün gözünü Çərkəz boylarına dikib. İmperatriça hökmdarlığının ilk ilində Çərkəzistanı sürətlə ilhaq etmək məqsədilə sərhəd bölgələrində qalalar tikdirməyə başlayıb.
General Misost Bematiko Osmanlı və Krımla ittifaq quraraq Rusiyaya müharibə elan edəcəyini açıqladı
1763-cü ildə çar qüvvələri Şərqi Çərkəzistandakı Mozdoka girərək buranı rus qalasına çevirdi. Bu işğal rusların Çərkəzistandakı ilk daimi işğalı kimi tarixə düşdü. 1764-cü ilin yanvarında şərqi çərkəz generalı Misost Bematiko rus səfirlərlə görüşərək Mozdok qalasının dağıdılmasını tələb etdi. Əgər qala dağıdılmazsa, Çərkəzistanın Osmanlı və Krımla ittifaq quraraq Rusiyaya müharibə elan edəcəyini açıqladı. Rusların tələb qarışıq bu təklifi geri çevirməsindən sonra 1765-ci il avqustun 21 –də Kabarda çərkəzləri Mozdokdakı rus qalasını qısa müddətdə ələ keçirdi. Bu uğurlu hücumun çərkəzləri cəsarətləndirməsi ilə general Misost Bematiko rəhbərliyindəki çərkəz ordusu rus torpağı olan Qızılyara hücum etdi.
“Kiçik Qaynarca” müqaviləsi ilə Osmanlı Krım üzərindəki hakimiyyətini itirdi
Iki il sürən bu işğaldan sonra rus ordusu Qızılyarı mühasirəyə aldı. II Yekaterina mühasirədəki çərkəzlərin təslim olmalarını, canlarının bağışlanması üçün xristianlığı qəbul edərək Çar Rusyasına boyun əymələrini tələb etdi. Lakin xristian olmağı qəbul etməyən general Misost Bematiko son ana qədər ruslara qarşı müqavimət göstərəcəyini açıqladı. Onun bu müqaviməti 1768-ci il oktyabrın 18-də Rusiyaya müharibə elan edən Osmanlı sultanı III Mustafanın diqqətini çəkdi və Sultan şəxsən generala məktub göndərdi. Məktubda deyilirdi: “Krım xanlığı ilə birlik olub Qafqazdakı bütün müsəlman xalqları olaraq Rusiya ilə savaşmağa davam edin. Biz Osmanlı olaraq sizə lazımi dəstəyi verəcəyik.”
Giray xandan yardım gələnə qədər ruslar çərkəz ordusunu yaxalayaraq bütünlüklə qılıncdan keçirdi
Bu ittifaqdan xəbər tutan ruslar 20 minlik ordu ilə çərkəzləri Qızılyardan didərgin salmağı bacardı. Ağır itkilər verən general və ordusu Kabardaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Rus ordusunun onları təqib etməsindən əndişəyə düşən general Misost Bematiko Dövlət Giray xandan kömək istədi. Lakin Krım xanlığından yardım gələnə qədər ruslar çərkəz ordusunu yaxalayaraq bütünlüklə qılıncdan keçirdi. Çərkəz təhdidinin ortadan qalxmasından sonra rus ordusu Osmanlı ilə aparılan savaşa hazırlaşaraq 1774-cü ildə müharibədən qalib ayrılmağı bacardı. İmzalanan Kiçik Qaynarca müqaviləsi ilə birlikdə Osmanlı Krım üzərindəki hakimiyyətini itirərkən bölgədəki rus nüfuzu daha da gücləndi.
Çar ordusu müvəqqəti olaraq Çərkəzistandan çəkilmək məcburiyyətində qaldı
Bu kədərli hadisədən sonra, 1776-cı ildə ruslar Kabarda çərkəzlərini şimaldan mühasirəyə almaq üçün Terek çayında iki qala tikdi. Bir il ərzində bu qalalar vasitəsilə Kabardaya edilən hücumlar çərkəzlər tərəfindən dəf edilərkən, qalalar 1777-ci ildə çərkəz ordusu tərəfindən dağıdıldı. Lakin ruslar eyni ildə Mozdokdan Temruka qədər yeni qalalar tikməyə başladı. İki il sürən bu tikintilərdən sonra 1779-cu ildə rus generalı Yakobi Kabardaya böyük bir hücum təşkil etdi. Mükəmməl təşkil olunmuş 20 minlik çərkəz ordusu general Yakobini məğlubiyyətə uğradarkən, rus orduları müvəqqəti olaraq Çərkəzistandan çəkilmək məcburiyyətində qaldı.
Bütün Qafqaz xalqlarını birləşdirən Şeyx Mənsur Rusiyaya qarşı cihad elan etdi
1781-ci ildə isə Osmanlı İmperiyası Çərkəzistanda türk əhalisini yerləşdirmək və ruslarla daha yaxşı mübarizə aparmaq üçün Kuban çayı üzərində qalalar tikməyə başladı. Lakin Osmanlının siyasi məqsədindən xəbərdar olan Rusiya 1782-ci ildə Kubandakı qalaları dağıdaraq, Vladiqafqaza qədər olan torpaqları ələ keçirdi, 1783-cü ildə isə Krımı işğal etdi. Rusların zülmündən qaçan bir çox Krım tatarı Çərkəzistana sığındı. 1784-cü ildə bütün Qafqaz xalqlarını Rusiyaya qarşı birləşdirmək istəyən Çeçenistan imamı Şeyx Mənsur Rusiyaya qarşı cihad elan etdi. Krım tatarları, çərkəzlər və çeçenlərdən ibarət olan bu ittifaq 1786-cı ildə rusları Vladiqafqazdan çıxarmağa nail oldu.
Ruslar Osmanlı və Çərkəzistanla eyni vaxtda savaşaraq Besleney və Hatukay bölgələrini işğal etdi
Beş il, 1787- ci ildən 1792-ci ilə qədər davam edən Osmanlı-Rus müharibəsi zamanı Şeyx Mənsurun komandanlığındakı çərkəzlər ruslara qarşı mühüm hücumlar təşkil etdi. Lakin ruslar Osmanlı və Çərkəzistanla eyni vaxtda savaşaraq Besleney və Hatukay bölgələrini işğal etdi. Bundan sonra Şeyx Mənsurun olduğu Anapa dənizdən mühasirəyə alınaraq yandırılıb talan edildi və Anapa qalası yerlə-yeksan edildi. Qalada yaxalanan Şeyx Mənsur Sankt-Peterburqa aparılaraq ömürlük həbs cəzasına məhkum edildi. 1794-cü ildə ağır həbsxana həyatı onun ömrünə son qoydu.
Şəkildə: Bütün Qafqaz xalqlarını birləşdirən Şeyx Mənsur Rusiyaya qarşı cihad elan etdi
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
“Biri ikisində” Hicran Hüseynova barədə iki rekviyemlə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə jurnalın vaxtsız dünyadan köçmüş əməkdaşı Hicran Hüseynova barədə iki rekviyem təqdim edilir. Müəlliflər Qulu Ağsəs və Təranə Vahiddir.
“ÇAĞIRIR TORPAĞIM, ÇAĞIRIR ANAM...”
QULU AĞSƏS
Hicran bu şeiri səkkizinci sinifdə oxuyanda yazıb. Çörək almağa gedəndə. 1985-ci ildə, hardasa...
Ölümündən beş gün əvvəl bu şeiri xatırlayıb, votsapdan səs atıb xalası qızına. 30 may günü. 4 iyunda Hicran yox idi. 2026-cı ildə, dəqiq...
Hicran çörək almağa gəlməmişdi dünyaya. Şeir, esse, hekayə yazmağa, redaktə etməyə, başqalarının mətnini abıra salmağa təşrif buyurmuşdu. Mən onun yeniyetmə çağını görməmişdim, amma əminəm ki, bu şeiri yazanda da üzündə təbəssüm olub, onu ölümqabağı xatırlayıb, votsapla xalası qızına səsli yollayanda da.
Hicran hər şeyə şükür edirdi: vara, yoxa, aza, çoxa, bəlkə, şükür etməyinə də.
Heç kəsi incitmədi və hamıdan razı getdi. 27 il “Ulduz” jurnalında çalışdı.
Hər nömrəni son cümləsinədək oxuyurdu.
Hər sözün üstündə əsirdi.
Hər ad günü iş yoldaşlarına hədiyyə alırdı.
Hər ağrıları artanda işdən çıxmaq üçün ərizə yazırdı.
Hər kəsin tayı deyildi: gözütox, qürurlu.
Son paylaşmalarında məndən sitat gətirib: “Təsəlli-xilasetmə kəməridi, onu taxmamış ömür sürmək olmaz”.
30 dekabr 2025-ci ildə redaksiyada Yeni ili qeyd eləmişdik, onu da paylaşıb, Azərbaycan mətbuatının 150 illik yubiley medalını almağını da. Hamısında da gülür.
“Dünya özü boyda sual əvəzliyidi və bütün əvəzlikləri əvəz edir”. Bu da Hicranın son yazdıqlarındandı. Heç kəsin əvəz etmədiyi Hicran Hüseynovanın...
Hicran HÜSEYNOVA
***
Açılır ömrümün səhifələri
hələ oxunmamış bir kitab kimi…
Açılır həyata şux ləçəkləri
hələ qönçə olan bir çiçək kimi…
Bəlkə, ucalacaq göylərə qədər
indi qönçə olan bu şux ləçəklər.
Bəlkə, əziləcək, tapdanacaqdı,
bir anda solacaq, məhv olacaqdı…
Yox, məhv olmayacaq mənim həyatım!
Arzular olacaq mənim qanadım;
oxumaq həvəsi, yazmaq həvəsi,
bütün kainatın qəlbinin səsi.
Çağırır həyata, çağırır inam,
çağırır torpağım, çağırır anam.
İnam… inamdakı qüvvəyə inan,
yaşadır insanı, yaşadır inam.
“YAŞIL ELEGİYA”
TƏRANƏ VAHİD
O gün göy üzü rəngini dəyişdi, yaşıla çaldı, yaşıl buludlar qol-budaq atıb yaşıl-yaşıl talalandı, yamyaşıl yağış yağdı.
Yaşıl damcılar yaşıl otlara çiləndi, yaşıl damcılar torpağı qəhərləndirdi, səni tanıyanlar o gün yaşıl-yaşıl ağladı...
Kimsə: “Yaxşı adamlar Yer üzündən ayrılanda belə olur!” – dedi.
Yaşıl həyat rəngidi, əziz Hicranım, yaxşılığın, mərhəmətin, xeyirxahlığın rəngi. Eynən sənin kimi...
Bunu səndən yaxşı kim bilər ki, gözəlim?! Yoxsa, ilk kitabına “Yaşıl eskiz” adını seçərdinmi?
Sınaqların az olmadı. 14 yaşında anasız qaldın, torpağından ayrıldın, ayrılığın min çalarını yaşadın, özünə “ƏDƏBİYYAT” adlı yamyaşıl bir dünya qurdun. Duyğuların göy qurşağı kimi rəngli, hisslərin aydın, baxışın şəffaf, dilin şirin, niyyətin pak...
Göydə Allaha, yerdə sözə sığındın. Sözdən keçə-keçə yolun “Ulduz”dan keçdi. 27 il işığını “Ulduz”dan əsirgəmədin. İllər boyu ürəyindəki Vətən sevgisi, Qarabağ həsrəti söz-söz göyərdi. “Şuşa” şeirini yazanda Qarabağ hələ azad olmamışdı. Sən Şuşanı xatirə-xatirə gəzirdin:
Hələliksə,
soruşan olsa, deyərsən:
Burdan bir xatirə keçdi,
hicran aldı, apardı...
Şeirlərin, hekayələrin, pritçaların da özünə oxşayır - nurlu, işıqlı, ümidli...
Ən xoşbəxt anında, ən çətin günündə haqqın, həqiqətin yanında oldun, sözün keşiyini çəkdin, halallıqla yaşadın, ləyaqətini, qürurunu son nəfəsinəcən qoruyub-saxladın: sən bunu bacardın!
Son günlərində səndən ötrü üzülənlərə, kədərlənənlərə, xoş söz deyənlərə: “Sağ olun, çox sağ olun!” – deyirmişsən. Həmişə kübar, zərif, şükranlı; elə olduğun kimi.
Hə, o gün yaşıl meh əsdi, bir səs: “Yaxşı adamlar hara getsə, ora özüylə işıq aparır!” – dedi.
Göy üzündəki yaşıl pəncərə açıldı, göy qurşağı Yerəcən endi. Çox sevdiyin yaşıl göy, mavi, ağ, qırmızı, bənövşəyi, sarı rənglər ətrafında qanadlandı, üzünə zərif təbəssüm qondu....
Allah bilir, bir də nə vaxt Yer üzünə yaşıl yağış yağacaq, Allah bilir, bir də nə vaxt Yer üzünə göy qurşağı pənah gətirəcək, Allah bilir, bir də nə vaxt Yer üzünə Hicran təbəssümlü bir qız gələcək...
Bircə bildiyim odur ki, indi sən ordasan, çox yüksəkdə - ULDUZLARIN arasında...
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Bu gün Maestro Niyazinin də doğum günüdür
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Drijor, SSR xalq artisti Niyazi Tağızadə 1912-ci il avqustun 20-də (bəzi mənbələr 7 iyul göstərir) Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən biriydi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.
Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.
İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.
Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.
Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə, onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb.
Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə edib.
Filmoqrafiya
- Almaz
- Arazın o tayında
- Arşın mal alan
- Axşam konserti
- Bəstəkar Müslüm Maqomayev
- Bəxtiyar Vahabzadə
- Bir məhəllədən iki nəfər
- Bir qalanın sirri
- Cazibə qüvvəsi
- Doğma xalqıma
- Əsl dost
- Fətəli xan
- İyirminci bahar
- Kəndlilər
- Kölgələr sürünür
- Liderlik missiyası. 1-ci hissə
- Maestro
- Maestro Niyazi
Təltifləri və mükafatları
1. Sosialist Əməyi Qəhrəmanı
2. "SSRİ xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Ermənistan SSR xalq artisti" fəxri adı
6. "Stalin" mükafatı (2-ci dərəcə) (konsert-ifaçılıq fəaliyyətinə görə)
7. "Stalin" mükafatı (2-ci dərəcə) ("Gülşən" tamaşasına görə)
8. "Lenin" ordeni
9. "Oktyabr inqilabı" ordeni
10. "Qırmızı əmək bayrağı" ordeni
11. "Şərəf nişanı" ordeni
12. "Əmək veteranı" medalı
Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olub. Onların tanışlığının maraqlı tarixçəsi vardır:
Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışıb. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırlıblar və yaxın münasibətləri yaranıb. Niyazi bəy Həcər xanımı burada görüb və bir-birlərinə aşiq olublar.
Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmayıb. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəliblər. Elə belə də ediblər.
Bir müddət Ağdaşda qohumlarıgildə qalıblar. Evliliklərinin ilk illəri əziyyətli keçib. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı olmayıb. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdiriblər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilib. Gənclər harda, necə yaşayacaqlarını bilməyiblər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürüblər.
Niyazi 2 avqust 1984-cü ildə dünyaya gözlərini qapayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
“Bir şair, bir şeir”də Aysel Fikrət, “Mənsiz dünya necədir”
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.
Sizlərlə bir hissimi bölüşüm, əminəm ki, poeziyasevərlərin hər biri o hissi keçirərdi.
Mən şairin yazdığı şeiri ilk görəndə, ilk oxucusu olanda daha çox sevinirəm.
Sanki yenidoğulmuş bir gül-körpə görürəm, hətta qoxusunu da hiss edirəm.
Bu gün isə "Bir şair və bir şeir" rubrikasında Sizə təqdimata ehtiyacı olmayan şairimiz Aysel Fikrət poeziyasından yeni yazılan şeiri təqdim edirik.
Aysel Fikrət
“Mənsiz dünya necədir”
Bu ayrılıq bir yuxu,
oyansam nə olacaq?
Dağılarmı ev-eşik,
Soyuyarmı bu ocaq?
Əllərimdən tutan kimdi,
yad görünür gözləri,
Hər gördüyün yuxunu
unudurmu gözlərin?
Söylə, indi necəsən,
mənsiz dünya necədir?
Günəş şölə salırmı,
o uzaq pəncərənə?
Ayrılıq necə gəldi,
əyninə oturdumu?
Mənim yoxluğum necə,
Yaman düşüb sinənə?
Bir az heç düz olmadı,
aram nəfəs almağın,
Mütləq tənha qalanda
yaşamağın var yolu.
Əgər bir gün ötdüsə,
dərdi yarılamısan.
Bu sevginin xəmiri,
Unutmaqla yoğrulub.
Yox, yaxşısan bəs necə,
rəng- rufun üstündə,
Günü-gündən gözəllik
tökülür üz-gözündən.
Yaman düşübdü sənə
sevgisizlik, dərd-kədər,
Gülə-gülə udursan,
ayrılığı birtəhər.
Baxıb uzaqdan sənə,
Bu anımı qarğadım.
Boş bir xəyalmış ömür,
axır-əvvəl anladım.
Çəkilməyən ah kimi,
salıb itirdim səni,
Sən öz dünyanın qəmi,
mən öz dünyamın qəmi.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)
Tbilisidə Mirvarid Dilbazinin 114-cü ildönümü qeyd olunub
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbir M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı və muzeyin dəstəyi ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə,tədbirdə çıxış edənlər Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən, zəngin yaradıcılıq irsindən və onun əsərlərinin bu gün də öz aktuallığını qorumasından bəhs ediblər. Qeyd olunub ki, Xalq şairinin poeziyası milli-mənəvi dəyərlərin, vətənpərvərlik və humanizm ideyalarının təbliğində mühüm rol oynayır.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Mirvarid Dilbazinin irsi təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır. O vurğulayıb ki, şairənin yaradıcılığının təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr milli-mədəni irsimizin qorunmasına mühüm töhfə verir.
Tədbir çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə yenidən nəşr olunmuş "Bənövşələr üstə göz yaşı" kitabının təqdimatı da keçirilib. Bildirilib ki, nəşr müxtəlif dövlət qurumlarına, kitabxanalara və elm-mədəniyyət ocaqlarına hədiyyə ediləcək, beləliklə oxucuların istifadəsinə təqdim olunacaq.
Xatirə tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Mirvarid Dilbazinin zəngin ədəbi irsinin yaşadılması istiqamətində mühüm mədəni hadisə kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)


