Həm rejissor, həm aktyor, həm müğənni, həm pedaqoq Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rejissorluq, aktyorluq, müğənnilik və pedaqogika sahələrində 20 il ərzində böyük nailiyyətlər əldə edən Roza Allahverdiyeva hazırda yeni-yeni layihələr üzərində çalışır və aktrisa kimi müxtəlif seriallarda maraqlı xarakterlər, obrazlarla fəaliyyətini davam etdirir.

Bu gün onun doğum günüdür...

 

Roza Allahverdiyeva 27 mart 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olub. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib

2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olub, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış edib. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərib.

Bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil edib, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olub. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş verib.

2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülüb. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s. adlı müxtəlif süjetli kliplərin ssenari müəllifi və rejissoru olub. “Tı i ya” adlı kompozisiyanı isə Rusiyanın Xalq artistləri Yalla qrupu ilə bərabər duet şəklində ifa edib. Aktrisa kimi Roza Zərgər qızı Allahverdiyeva kino və televiziya rejissorlarının diqqət mərkəzində olub.

2000-ci illərin ortalarında etibarən bir çox seriallarda müxtəlif xarakterli Azərbaycan qadını obrazlarını ifa edib: “Susmuş vicdan” (rol –Zəhra), “Tək olanda qorxma” (rol-Zeynəb), “Qisas” (rol- Kəmalə), “100 kağız” (rol- opera müğənnisi), “Azərbaycansayağı boşanma” (rol- Sara xatun), İctimai TV-də “Oxşarabad” musiqili komediyası (rol- evdə qalmış qız), “Şou-biznesin sonu” (rol- dəli yazıçı), “Bizim restoran”(hal-hazırda İctimai televiziyada hər şənbə yayımlanır. –Gulya xanım).

Roza Allahverdiyeva dəfələrlə cəbhə bölgəsində olub, həm populyar aktrisa, həm də sevilən müğənni kimi əsgərlərimizin qarşısında maraqlı konsert nömrələri və səhnəciklərlə çıxış edib. Beləliklə, hərbi heyət qarşısında 20-yə qədər proqramla çıxış edib. 2015-ci ildə Avropa oyunları şərəfinə 18 bölgədə 18 medalçımızın şərəfinə tamaşa konsertlə çıxış edib. 20- yə qədər klip, 6 albom buraxan ifaçı-aktrisa 2014-cü ildən də müxtəlif telekanallarda (İctimai TV, Lider TV, ATV) yayımlanan “Bakı vaxtı ilə” verilişinin aparıcısı və müəllifidir.

Verilişin məzmunu Azərbaycan mədəniyyət xadimlərinin həyat və yaradıclıqlarını əhatə edir və bir çox televiziya layihələrinin müəllifidir. Yaradıcılığının daha bir şaxəsini nümayiş etdirən Roza Zərgər qızı Allahverdiyeva həm də bir neçə bioqrafik romanın müəllifidir. Onun “Sibir çiçəyi” adlı avtobioqrafik romanı 2018-ci ildə “Kaysın Kuliyev” adına ordenə layiq görülüb. Həmin gecədə Nəriman Həsənzadə, Fikrət Qoca, Sona Vəliyeva ilə bərabər mükafatlandırılıb.

2018-ci ilin fevral ayının 9-da Dhüseyn Kasiyenovun təşkil etdiyi Türksoyun Türkdilli xalqların mədəniyyət əlaqələrinin inkişafına görə Azərbaycanın görkəmli incəsənət xadimləri ilə Fərhad Bədirbəyli, Rauf Abdullayev, Çingiz Fərzəliyevlə birgə medalla təltif olunub. Bununla yanaşı, Lermontov adına Yazıçılar İttifaqının fəxri üzvüdür. Moskvada yerləşən Qafqaz Biznesinin Təhsili Elmi İctimai Akademiyasının akademiki adına layiq görülüb. Bu günə kimi tədbirlərdə təşkil və iştirakına görə 678 fəxri diplomlara layiq görülüb

O, həm də bacarıqlı pedaqoqdur. Bakı Xoreoqrafiya Akademiyasında İncəsənət fakültəsində Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır. Fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir.

 

Videoqrafiya

1. Talelər

2. Heç kim

3. Səninlə barışmaq

4. Mənimlə mənsiz

5. Səninlə

6. İstanbul qızı

7. Qəlbdən sevən

8. Atəş

9. Qəmli nağıl

10. Hər gün

11. Tək həqiqət

12. Zəfərə doğru

13. Mənə öyrət

 

Rejissoru olduğu tamaşalar

“İki yetimin taleyi”

“Sərgüzəşti-vəziri-xani-Lənkəran”

“Aydın”

“Solğun çiçəklər”

“Haray”

“Ölülər” və s.

 

Müəllifi olduğu kitablar

"Sibir çiçəyi"

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.