“Biri ikisində” - Dövrün aparıcı ədəbi simaları - Məhəmmədhüseyn Şəhriyar Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

Pərvanə Məmmədli

Dövrün aparıcı ədəbi simaları - Məhəmmədhüseyn Şəhriyar (1906-1988) – görkəmli şair, mütəfəkkir

 

Bildiyimiz kimi, Azərbaycan yazarları öz ana dil və ədəbiyyatı ilə bərabər, fars dili və ədəbiyyatını da təbliğ etmiş, bir çox əsrlər boyu fars dilində dəyərli ədəbi əsərlər yaratmışlar. Nəticədə fars ədəbiyyatında “Azərbaycan səbgi" kimi bir ədəbi üslub da meydana gəlmişdi. Bu da bəllidir ki, İranda Azərbaycan şairləri uzun müddət başlıca olaraq farsca yazmaq məcburiyyətində qalmışlar. Bu dildə yazıb sənət zirvəsinə yetən şairlər çox olmuşdur. Bununla belə, öz doğma dilini unutmayanlar və ya uzun müddət yad dildə yaratdıqdan sonra yenidən öz kimliyinə qayıdıb milli-mənəvi irsini zənginləşdirən şairlər də az deyildi.  Onlardan biri də Azərbaycan xalqının ölməz şairiSeyid Məhəmmədhüseyn Behcəti Təbrizi Şəhriyar idi.

Vahid milli şeir ənənəmiz Cənubda yazılı ədəbiyyatın aparıcı istiqamətinə çevrilə bilmirdi. Şəhriyarın “Heydərbabaya salam”ı və doğma dildə yazdığı digər şeirlər Cənubda milli ədəbiyyatın, milli düşüncənin intibahına səbəb olmuşdur.

Əsrin ən böyük şairi ənənəvi fars şeirinin ustadı  sayılan  M.Şəhriyar doğma Azərbaycan türkcəsində “Heydərbabaya salam” kimi çox qiymətli bir əsər yaratdı.  “Elinin dərdini farsca söyləyən” ölməz Şəhriyar ötən əsrin 50-ci illərində ana dilində yazdığı əsərləri ilə uzun illər yasaqlanmış Azərbaycan türkcəsinə sanki yenidən can verib yaşatdı:

 

Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?

Qardaş deyə, bir ömr soraqlaşmaq olurmuş?

Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?

Bunlar belə ki, ərz elədim, gəldi və oldu!

Mən hər nə məhal fərz elədim, gəldi və oldu!

 

Biz ayrılalı qərndi qardaşlarımızdan,

Leşlər kimi ayrı düşəli başlanmızdan,

Üzmüş əli qafqazlı qarındaşlarımızdan.

Gör mən nə hal ollam bu qızıl gülləri tapsam,

Rüstəm Əliyevtək gülü, bülbülləri tapsam.

 

Qardaş! Gözüm axtarmada, qoy bir səni tapsın,

Eşqim tilisim dağlan Fərhad kimı çapsın,

Düşmən var isə, əmcəyini təndirə yapsın,

Həsrət qalalı biz sizə bir qəm yarımdır,

Ağlar gözümün şahidi şerim, setarımdır.

 

Oğraş qaşalan Həlmə, gözü qaşdan ayırmış,

Cəllad qəməsiylə bədəni başdan ayırmış,

Candan ciyəri, qardaşı qardaşdan ayırmış,

Bir millətə dünya boyu bir faciə doğmuş,

Biz ellərin ol qəhrəman ehsasını boğmuş.

 

Yatsın yava gözlər, hələlik bəxti oyatdım,

El arxama çatdıqda bu gün arzuma çatdım.

Qardaş, səni tapdıqda qəmi, qüssəni atdım,

Sanki Bakını, Gəncəni verdin mənə, qardaş,

Tapdım elimi, arxamı, qurban sənə, qardaş...

 

Bir gün olu ki, fatihə biz sağ-sola verrik,

Dünya hamı bir millət olub, qol-qola verrik,

Düşmən də məhəbbət tapa, bizlər yola verrik.

Qardaş üzünə həsrət olub çəkməm o gün ah,

Xalqı oda yandırmağa bir tək qalı Allah.

 

Şəhriyarın “Heydərbabaya salam”ı və doğma dildə yazdığı digər şeirlər Cənubda milli ədəbiyyatın, milli düşüncənin intibahına səbəb oldu. Şəhriyar bu poeması, ümumiyyətlə, doğma dildə yazdığı əsərlərlə Azərbaycanda yeni ədəbi cərəyan, məktəb yaratdı. Bununla tək Azərbaycanda deyil, bir çox Şərq ölkələrində bu ruhda, bu səpkidə yeni-yeni əsərlərin yazılmasına səbəb oldu.

 “Heydərbabaya salam” poeması haqqında ilk elmi məqalə hesab edilən, 1955-ci ildə “Azərbaycan” dərgisində çap olunmuş “Ədəbi bir hadisə” adlı məqalənin müəllifi Məmməd Əmin Rəsulzadədir.

Bu da  diqqətçəkicidir ki, mütərcim Məhəmməd Nəqi Nasirülfüqəran (Azərpuya) bu  əsəri  Firdovsinin  “Şahnamə”si ilə müqayisə edib. Onun fikrincə, “Aralarında min illik bir məsafə olsa da, iki söz ustadı – Şəhriyar və Firdovsi arasında bir çox ümumi cəhətlər vardır. Firdovsi islamdan əvvəlki İran əsatir və dastanlarından, Şəhriyar da öz xalqının folklorundan bəhrələnib ilham almış və ölməz abidələr yaratmışlar. Firdovsi “Şahnamə”ni ərəb istilası nəticəsində fars dili və mədəniyyətinin tənəzzülə uğradığı bir zamanda yazıb onlara ikinci həyat bəxş etmişdir. Şəhriyar da Azərbaycan dili və mədəniyyəti ilə ağılsız şəkildə rəftar edildiyi bir zamanda “Heydərbabaya salam”ı qələmə almışdır. Həm Firdovsi, həm də Şəhriyar kənd mühitində böyümüş, kənddən pərvazlanıb söz sənətinin zirvəsinə ucalmışlar”.

Böyük şairin irsi daim tədqiqatçıların diqqət mərkəzində olub. Ə.Atəș, Q.Beqdeli, H.Billuri, Ə.Əbülfəzl, C.Əlizadə, H.Məmmədzadə, Ə.Kavianpur, K.Məşrutəçi Sönməz, İ.Həbbibəyli, T.Kərimli, T.Əhmədov, B.Nəbiyev, E.Quliyev, E.Fuad, M.Məhəmmədi,  G.Baxşəliyeva, İ.Qəribli, N.Əlizadə, S.Şıxıyeva, M.Məhəmmədhüseyn, Z.Mənuçöhr, H.Münzəvi, F.Nüsrətullah, N.Rizvan, S.Əmirov, Y.Şeyda, R.Məmmədova, H.Şahbazi, P. Məmmədli, N.Muradov, A. Əliqızı, L. Mirzəyeva, A.Həsənova və b. alimlər şairin həyat və yaradıcılığını araşdırmış, monoqrafiya, kitab və məqalələr yazmışlar.

Bakıda 1950-ci illərin ortalarından başlayaraq əvvəl dövri ədəbi mətbuatda, sonralar isə müxtəlif antologiyalarda və ayrıca kitablar kimi davamlı olaraq çap olunub: “Seçilmiş əsərləri” (1966), “Aman ayrılıq” (1981), “Divani-türki” (1993), “Şəhriyarın divanı” (2003), “Seçilmiş əsərləri” (2000), “Seçilmiş əsərləri” (2004), “Seçilmiş əsərləri” (2005).

“Heydərbabaya salam” yaradıcı gənclərdə yurda olan məhəbbəti və bu əsərin köməyi ilə onlarda türk dilində yazmaq meylini gücləndirirdi. Beləliklə, “Heydərbabaya salam” əsəri Azərbaycan türkcəsinin assimilyasiyaya müqavimətini güclü şəkildə nümayiş etdirdi və İranda türkdilli ədəbiyyatın daha da inkişafına təkan verdi.

Şəhriyarın Güney Azərbaycan poeziyasının inkişafındakı rolu müasirləri arasında heç kəslə müqayisə edilməyəcək dərəcədə güclü idi və inqilabdan sonra da Şəhriyar ədəbi mühitin ən nüfuzlu simalarından biri oldu.

Şəhriyarın poetik gücü ondadır ki, o həm sadə xalq dilində, həm də klassik ənənələrə bağlı şəkildə yazırdı. Beləcə, həm kəndli, həm ziyalı oxucu üçün eyni dərəcədə doğma idi. Onun poeziyası Cənubda milli duyğunu diri saxladı, Quzeydə isə bütövlük arzularını alovlandırdı.

Ustad Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.