Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1986-cı ildə avqustun 21-də gecə Kamerundakı Nyos gölü ətrafında yaşayan kəndin sakinləri həmişə olduğu kimi uzanıb yatırlar. Amma səhər onlardan heç kim oyanmayır...
Burada nə bir partlayış, nə bir zəlzələ, nə bir sunami baş vemişdi. İnsanlar sadəcə yatmaq üçün uzandıqları hər yerdə – çarpayıda, qapılarının ağzında, çığırlarda ölmüş vəziyyətdə olurlar. Həmin gecə insanlarla birlikdə mal-qara, quşlar, həşəratlar da sağ qalmayır. Daha sonra məlum olur ki, Nyos gölünün 25 kilometr radiusundakı bütün canlılar, o cümlədən təxminən 1746 yerli sakin və 155 turist və 3500-dən çox mal-qara həmin gecə səssizcə ölmüşdür.
Sonradan bunun səbəbi müəyyənləşir – səbəb Nyos gölündən karbon qazının püskürməsi olmuşdur. Həmin gecə sanki butulkanın ağzı "açılır" və gölün dərinliklərdən təxminən 1,6 milyon ton karbon qazı havaya püskürür. Havadan daha ağır, rəngsiz və qoxusuz karbon qazı buludu saatda 70 km-ə qədər sürətlə yamaclardan aşağı axaraq vadini 50 metrə qədər qalınlığında bir təbəqə ilə doldurur. İnsanlar nə baş verdiyini anlamadan, yuxuda ikən boğulurlar.
Mavi sulu Nyos gölü yaşıl təpələrlə əhatə olunmuş dinc, sakit, gözəl və mənzərəli bir yerdə yerləşir. Bu səbəbdən də insanlar onun yaxınlığında yaşayırdılar. Bu sakitlik isə onlar üçün ölümcül olur.
Hal-hazırda gələcəkdə belə fəlakətin baş verməməsi üçün, borular vasitəsilə göldən karbon qazını çıxarırlar. Borular fasiləsiz olaraq karbon qazını gölün dibindən səthdə çıxardaraq, onu idarə olunan fəvvarələrə çevirirlər. Lakin, bununla belə, göldə qaz boruların onu çıxara biləcəyindən daha sürətli yığılmağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(27.03.2026)


