Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzən düşünürük ki, klassiklər yalnız keçmişə aiddir. Onların yazdıqları, tənqid etdikləri problemlər artıq tarixdə qalıb. Amma doğrudanmı belədir? Əgər onlar bu gün yaşasaydı, yazacaqları mövzular dəyişərdimi, yoxsa sadəcə platforma?
Zaman dəyişir, texnologiya inkişaf edir, insanlar fərqli həyat tərzi yaşayır. Amma cəmiyyətin içindəki problemlər çox da dəyişmir. Sadəcə forması yenilənir. Bir vaxtlar qəzet səhifələrində yazılan tənqidlər bu gün sosial şəbəkə paylaşımlarına çevrilib. Amma mahiyyət eynidir. Mahiyyət insandır, onun zəiflikləri və səhvləridir. Klassiklər bu gün yaşasaydı, bəlkə də daha çox oxunardı. Amma bir şərtlə- əgər biz onları sadəcə paylaşmaq üçün yox, anlamaq üçün oxusaydıq.
Məsələn, əgər görkəmli publisist Cəlil Məmmədquluzadə yaşasaydı, yəqin ki, “Molla Nəsrəddin” jurnalını kağızda deyil, sosial şəbəkələrdə yaradardı. Onun satirası bu dəfə Instagram paylaşımlarında, Facebook statuslarında, bəlkə də Twitterdə qısa, amma sərt cümlələrlə özünü göstərərdi. O, yenə də cəmiyyətin eyiblərini açıq şəkildə göstərər, ikiüzlülüyü, savadsızlığı və saxta dəyərləri tənqid edərdi.
Bəlkə də o, bu gün “trend” olan mövzulara ironik yanaşar, insanların sosial mediada qurduğu süni həyatları ifşa edərdi. Süni intellekti ifşa edərdi. Bir əsər də yazardı. Adını da "Süni intellektin avam qulları" qoyardı... “Like” üçün yaşayan insanları, görüntü xatirinə yaradılan saxta xoşbəxtlikləri yazardı.
Amma təkcə o deyil. Digər klassiklər də bu günün problemlərini yazardı.
Bəlkə də fərq yalnız ondadır ki, əvvəllər həqiqəti demək üçün qəzet və jurnallar var idi, indi isə bir telefon kifayətdir. Amma sual eynidir: biz o həqiqəti görmək istəyirikmi?
Cəlil Məmmədquluzadənin ilk deyəcəyi sözlərdən biri ana dilimizlə bağlı olardı. O, dilin sadəcə danışıq vasitəsi yox, bir millətin varlığı olduğunu xatırladardı. Bəlkə də ən sərt tənqidlərini öz dilində danışmaqdan çəkinənlərə yönəldərdi. O, ailə anlayışını da unutmayanlardan olardı. Sadəcə yazıları ilə yox, həyatı ilə də nümunə göstərərdi. Ailə bağlarına sadiqliyi ilə cəmiyyətə səssiz mesaj verərdi: dəyərlər kağızda yox, həyatda yaşanır. Amma onun qələmi yenə də ən çox cəhalətə qarşı işləyərdi. “Ölü cəhalət” bu gün də onun əsas hədəfi olardı. Sadəcə adlar dəyişərdi, amma mahiyyət eyni qalardı. O, yenə də insanların görmək istəmədiyi həqiqətləri üzlərinə vurardı- çəkinmədən, açıq və kəskin şəkildə.
Bəlkə də bu gün biz jurnalistlər üçün o, ən çox müraciət olunan isimlərdən biri olardı. Hər hansı qalmaqallı və ya tənqidi mövzu gündəmə gələndə ilk ona üz tutardıq. Ondan müsahibə almaq üçün yarışardıq. Cəlil Məmmədquluzadə bir telefon zəngi ilə müsahibə verərdi. Və əminliklə demək olar ki, onun dediyi bir cümlə belə başlığa çevrilər, sosial şəbəkələrdə sürətlə yayılardı.
Cəlil Məmmədquluzadə də məhz o cəmiyyətə güzgü tutan biri idi. Və bəlkə də bu gün yaşasaydı, biz o güzgüyə baxmağa yenə də cəsarət etməzdik. Utanardıq...
“Ədəbiyyat və incəsənət”
(27.03.2026)


