Sözün çəkisi – ESSE Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Söz insanın ruhundan qoparaq dünyaya yayılan görünməz bir qüvvədir. Onun nə rəngi var, nə də ölçüsü. Lakin görünməz gücü var; nə tərəzidə çəkilir, nə də əllə tutulur. Bəzən bir kəlmə dağ boyda yükə çevrilir, bir cümlə ömrün axarını dəyişir. Söz var könüllər arasında körpü salır, dağları yerindən oynadan qüvvədən daha təsirli olur. Söz də var illərlə qurulan körpüləri bir anda uçurur. Elə sözlər var ki, qəlbə bahar gətirir, elələri də var ki, ruhun dərinliklərində qışa çevrilir, buzu illərlə ərimir. Sözün sirri də bundadır: o, dildən çıxır, amma ünvanı insanın qəlbi, çəkisi isə vicdanın tərəzisidir.

 

İnsan dünyanı söz vasitəsilə tanıyır. İlk eşitdiyi layla, anasının mehriban səsi, atasının öyüdü, müəlliminin nəsihəti yaddaşında silinməz izlər buraxır. Zaman keçir, üzlər dəyişir, yollar ayrılır, amma bəzi sözlər illər keçsə də, yaddaşımızın dərinliyində yaşayır. Deməli, söz yalnız səs deyil; o, həm də xatirə, duyğu və mənəvi mirasdır.

Sözün çəkisi onun uzunluğu ilə deyil, daşıdığı məna ilə ölçülür. Sözün həqiqi gücünü onun səsi deyil, qəlbdə buraxdığı iz müəyyən edir. Bəzən bircə “sağ ol” insanın zəhmətinə verilən ən böyük qiymətə çevrilir, bir “bağışla” illərin incikliyini yumşaldır, bir “inanıram” tərəddüd içində qalan insana cəsarət verir. Elə özlər də var ki, ən yaxın insanları belə bir-birindən uzaqlaşdırır. 

Danışmaq hər kəsin bacardığı işdir, amma deyilən sözün məsuliyyətini daşımaq hər kəsin hünəri deyil. Düşünərək danışmaq üçün ağıl, haqqı söyləmək üçün cəsarət, dediyinin arxasında dayanmaq üçün isə xarakter lazımdır. İnsanın əsl böyüklüyü gur səslə danışmasında deyil, sözü ilə əməli arasında möhkəm bağ yaratmasındadır. Çünki söz insanın mənəvi aləmini açan bir qapıdır: vicdanlı insanın sözü etibar, mərhəmətli insanın sözü təsəlli, müdrik insanın sözü isə düşüncə doğurur.

“Söz gümüşdür, sükut qızıl” deyiblər. Bu müdrik kəlam insanı hər zaman susmağa deyil, danışığın yerini və zamanını bilməyə çağırır. Elə məqamlar da var ki, bir anlıq sükut min kəlmədən daha mənalıdır. Ancaq haqsızlıq qarşısında susmaq bəzən ona şərik olmaq deməkdir. Əsl müdriklik həqiqəti nə vaxt söyləməyi, nə vaxt susmağı və fikri necə ifadə etməyi bacarmaqdır.

Sözün çəkisi xüsusilə verilən vəddə üzə çıxır. Vəd insanın gələcəyə uzatdığı əldir. Bu əl uzadılıbsa, onu yarı yolda geri çəkmək olmaz. Vədinə əməl edən insan etibarı qoruyur, sözündən dönən isə zamanla ən möhkəm münasibətləri belə sarsıdır. Etibar uzun müddətdə qazanılan, lakin bir anın içində itirilə bilən mənəvi sərvətdir. Buna görə insan söz verərkən yalnız qarşısındakına deyil, öz vicdanına da cavabdeh olduğunu unutmamalıdır.

Təəssüf ki, bəzən sözün dəyərini səmimiyyətində deyil, gurultusunda axtarırlar. Çox danışanı çox bilən, yüksək səslə danışanı haqlı hesab edirlər. Halbuki bəzəkli ifadələrin arxasında boşluq, sadə bir cümlənin içində isə böyük həqiqət gizlənə bilər. Həqiqi müdriklik sözü çoxaltmaqda deyil, fikri aydın ifadə etməkdə və qarşı tərəfin qəlbini incitmədən həqiqəti söyləməkdədir.

Sözün insan həyatındakı təsiri ailədə və məktəbdə daha aydın görünür. Valideynin övladına dediyi bir kəlmə onun özünə inamını gücləndirə, müəllimin söylədiyi ruhlandırıcı fikir isə şagirdin gələcəyinə istiqamət verə bilər. Bəzən bir insanın həyatında dönüş yaratmaq üçün uzun nəsihətlərə ehtiyac yoxdur; onun bacarığına inanıldığını bildirən səmimi bir cümlə kifayətdir. Deməli, söz yalnız fikri ifadə etmir, həm də insanın özünə və həyata münasibətini formalaşdırır.

Söz xalqın da yaddaşıdır. Atalar sözlərində əsrlərin təcrübəsi, bayatılarda xalqın nisgili, dastanlarda qəhrəmanlıq ruhu, laylalarda ana məhəbbəti yaşayır. Nəsillər dəyişir, zaman yenilənir, amma müdrik kəlamlar öz dəyərini itirmir. Çünki həqiqət zamanın sınağından keçərək nəsildən-nəslə ötürülən mənəvi sərvətdir.

İnsan ömrü boyu saysız-hesabsız sözlər söyləyir. Onların bir qismi külək kimi dağılıb gedir, bir qismi yaddaşlarda yaşayır, bəziləri isə illər sonra belə insanın yoluna işıq tutur. Bəzən söylədiyimiz sözə görə peşman olur, bəzən də vaxtında deyə bilmədiyimiz bir kəlmənin nisgilini daşıyırıq. Buna görə danışmazdan əvvəl düşünmək, sözümüzün kimə və necə təsir edəcəyini nəzərə almaq vacibdir.

Sözün çəkisini bilən insan başqasının qəlbini qırmaqdan çəkinər, haqsızlıq qarşısında susmaz, verdiyi vədə sədaqətlə yanaşar. O anlayar ki, söz insanın dilindən çıxsa da, onun məsuliyyəti vicdanında qalır.

Bəlkə də sözün ən böyük sirri onun görünmədən iz qoymasındadır. Zaman üzlərdəki cizgiləri dəyişdirir, illər xatirələrin rəngini soldurur, yollar insanları bir-birindən uzaq salır. Amma vaxtında deyilmiş səmimi bir kəlmə illərin o tayından belə insanın qəlbinə yol tapa bilir. Çünki sözün ömrü onu söyləyən anla bitmir; o, bəzən bir ömür boyu yaşayır, bəzən də nəsillərin yaddaşına köçür.

Elə isə dilimizə gələn hər kəlməni vicdanımızdan keçirək. Unutmayaq ki, insanın böyüklüyü neçə söz söyləməsi ilə deyil, söylədiyi sözlərin arxasında nə qədər həqiqət dayanması ilə ölçülür. Sözümüzlə könül quraq, inam yaradaq, qaranlığa işıq tutaq. Çünki dünyada elə sərvətlər var ki, onları pulla almaq, güclə qazanmaq mümkün deyil; etibar da, sədaqət də, səmimiyyət də belə sərvətlərdəndir.

Sözün çəkisi onun ağızdan necə çıxmasında deyil, qəlbə necə toxunmasında, yaddaşda necə yaşamasında və əməldə necə təsdiqlənməsindədir. Axı insan bir gün söylədiyi sözləri unuda bilər, amma həmin sözlərin başqasının taleyində yaratdığı izi heç zaman da silə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.