Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Geri dönməyə başlamadan daha uzağa getmək imkansızdır. İnsan hər şeyi unuda bilər: yolları, adamları, hekayələri. Amma özünü unutmaq ən böyük itkidir. Çünki insan özünü itirəndə bunu dərhal hiss etmir. Sanki hər şey öz qaydasındadır...
Amma zamanla içində bir boşluğun olduğunu hiss edirsən. Hər kəsdən yaxşı tanıdığın özünə indi yad qalmısan.
Uzağa getmək hər zaman irəli getmək demək deyil. Bəzən daha çox dözmək, daha az istəməkdir. Bunların səni daha yaxşı yerə gətirəcəyini düşünürsən, amma özündən daha da uzaqlaşırsan.
Özünü tapmaq keçmişə dönmək deyil, özünü unutduğun ana qayıtmaqdır. Hələ səsinin duyulduğu, seçim edə bildiyin, “yox” deməyi bacardığın yerə. Çünki sən heç vaxt yox olmamısan. Sadəcə özünü ikinci plana atmısan.
Kim olduğunu biləndə yaxın və uzaq yolların hara aparacağını daha yaxşı bilirsən. Önəmli olan məsafə deyil, yolun özünü tapmaqdır. Səni tapmaqdır.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


