Super User

Super User

Güllü Eldar Tomarlı,

 Mirvarid Dilbazi Poeziya Məclisi İB- min sədri, Kəlağayı Ev Muzeyin direktoru.

“Ədəbiyyat və incəsənət”

 

Avqustun 22-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” adlı tədbir keçirilib.

 

Tədbir Azərbaycanda fəaliyyət göstərən Nəriman Nərimanovun Xatirə Muzeyinin təşəbbüsü və Gürcüstandakı “Maarif” təşkilatının təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində baş tutub.

Tədbiri giriş sözü ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq qonaqları səmimi salamladı.

O, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş belə bir tədbirin Tbilisidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi, bu mötəbər qurultayın türk xalqlarının ortaq elmi, mədəni və mənəvi irsinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlu və məhsuldar müzakirələr arzuladı.

Tədbirin aparıcısı və təşkilatçısı, Gürcüstandakı “Maarif” təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva tədbiri yüksək peşəkarlıqla idarə edərək qonaqları salamladı, iştirakçıları “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” mövzusunun əhəmiyyəti barədə məlumatlandırdı. O, çıxışında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai düşüncə tarixindəki əvəzsiz rolundan danışaraq, belə tədbirlərin Türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Aygül İsayeva tədbirin təşkilində göstərilən dəstəyə görə iştirakçılara təşəkkürünü bildirdi və Azərbaycan–Gürcüstan elmi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

Tədbirdə Bakıdan dəvət olunmuş alimlər, tədqiqatçılar, eləcə də Gürcüstanda yaşayan ziyalılar iştirak ediblər. Çıxışlarda Birinci Türkoloji Qurultayın türk xalqlarının elm, dil və mədəniyyət tarixində oynadığı mühüm rol, qurultay çərçivəsində müzakirə olunan dil, ədəbiyyat, tarix, etnoqrafiya, mədəniyyət və əlifba məsələləri, həmçinin bu mötəbər toplantının türkoloji elmin inkişafına verdiyi töhfələr geniş şəkildə təhlil olunub.

Tədbir zamanı qurultay iştirakçılarının zəngin elmi irsi, son yüz ildə türkoloji fikrin keçdiyi inkişaf yolu və bu irsin müasir dövrdə əhəmiyyəti ətrafında da fikir mübadiləsi aparılıb.

Konfransda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin sədri Səbinə Məmmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçiləri Tomris Hacıyeva və Leyla Məmmədova, idarənin sektor müdiri Vəfa Allahverdiyeva, Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin tarix müəllimi Qənirə Mirzəxanlı, “Maarif” təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil müşaviri Yüksəl Kara və digər qonaqlar çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni həyatındakı müstəsna yerindən danışıblar.

Tədbirdə, həmçinin Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri Fatma Aslan, Növrəstə Həsənova, Sevda Ayxan,  yazıçı Şurəddin Məmmədli, sabiq deputat Ramiz Bəkirov, Ağsaqqallar Şurasının sədri İşaq Novruzov, "Qarapapaq" dərgisinin baş redaktoru Akif Xansultanlı və digər ziyalılar çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsində tarixi rolundan danışıb, ana dilinin qorunması, milli-mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsinin hər bir türk ziyalısının mühüm vəzifələrindən biri olduğunu vurğulayıblar.

Çıxışlarda vurğulanıb ki, tədbirin əsas məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini bir daha diqqətə çatdırmaq, onun ana dilinin qorunması, milli-mədəni irsin yaşadılması, elmi-mədəni əməkdaşlığın genişləndirilməsi və türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsi kimi ideyalarının bu gün də aktuallığını nümayiş etdirməkdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 22 oktyabr tarixli Sərəncamına əsasən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə və beynəlxalq müstəvidə geniş şəkildə qeyd olunması nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

Bazar ertəsi, 24 Avqust 2026 16:41

Üzeyir Hacıbəyovun dayısı oğlu

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dahi bəstəkar Üzeyir Hacıbəyov çox sayda istedadlar yetişdirmiş, musiqi aləmimizi zənginləşdirmişdir. Üstəlik, onların nəsil şəcərəsində də bu yolu  tutan, onun təsiri ilə püxtələşən sənətçilər az olmamışdır.

Üzeyir Hacıbəyovun dayısı oğlu Nazim Əliverdibəyov da belələrindəndir.

 

Nazim Əliverdibəyov 24 avqust 1926-cı ildə anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951–1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

1964–1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Üzeyir Hacıbəyovun nəşr edilən "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub.

Nazim Əliverdibəyov musiqişünas Ağalar Əliverdibəyovun oğludur. Skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.

 

Əsərləri

Balet

- Muğam

 

İnstrumental

- Orqan üçün Bayatı Şiraz

- Orqan üçün İçərişəhər lövhələri

- Kanon üzrə bəstələnmiş elegiya

 

Vokal-instrumental əsərləri

- Babək Niftəliyev — Xor üçün yazılmış Bayatı-şiraz muğamı üstə xalq mahnısı "Aman ovçu"

- Firudin Mehdiyev — "Ey gülüm" romansı — sözləri:İmadəddin Nəsimi

 

Opera

- Cırtdan (1978)

 

Musiqili komediya

- "Nazxanım naz eləyir" (1974) — Məhərrəm Əlizadə ilə birgə

 

Filmoqrafiya

- Bizim küçənin oğlanları (film, 1973)

- Çarvadarların izi ilə (film, 1974)

- Gilas ağacı (film, 1972)

- Göllərin tacı (film, 1966)

- Mənim Xəzərim (film, 1970)

- Münəccimin şagirdi (film, 1983)

- Üzeyir ömrü (film, 1981)

- Vulkana doğru (film, 1977)

- Yaxşı qurtardıq (film, 1985)

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

 

Nazim Əliverdibəyov 16 fevral 1986-cı ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

Bazar ertəsi, 24 Avqust 2026 14:29

Bu gün Aşıq Əkbərin anım günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ustad aşıqlarımız az olmayıbdır. Hamısını məhəbbətlə anırıq. Bu sırada Aşıq Əkbərin də öz yeri var. Bu gün aşığın anım günüdür. Gəlin onu anaq, məzarına kim yaxındırsa tər gül dəstəsi qoysun.

Uluları anmaq borcumuzdur.

 

Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib.

Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.

Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayıb.

Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməyib. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.

Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun "Dağlar", "Bənövşələr", "Mənim", "Doymaq olmaz", "Sözüm olsun" və s. gəraylıları, ""Deyirəm", "Bizimdir", "Gözəl vətənim", "İstərəm", "Bəxtəvər" və s. qoşmaları, "Yaradar məni", "Yaralar məni", "Deyim", "Haqqı danısan" və s. təcnisləri, "Can demə", "Şaxtadır", "Düşmüşəm" və s. divaniləri, "Gəzirəm", "Çayçının qızı" müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olub.

O, həm də "Leyli və Məftun" dastanının müəllifidir. Aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan idi. "Vətən deyib dil-dil ötən, gümüş telli sazım var" – deyən ustadın yaradıcılığında vətənə məhəbbət, torpağa bağlılıq, millətə sədaqəthəmişə ön planda olub.

Aşıq Əkbər 1990-cı il avqustun 24-də vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

İndoneziya arxipelaqının tərkibinə daxil olan Lombok adası, Kiçik Zond adaları qrupuna aid, füsunkar təbiəti, özünəməxsus mədəniyyəti və son illərdə sürətlə inkişaf edən turizm infrastrukturu ilə tanınan mühüm coğrafi məkandır. Qonşusu olan məşhur Bali adası ilə müqayisədə təbii toxunulmazlığını daha çox qorumuş bu ada, həm də mühüm geoloji, sosioloji və ekoloji xüsusiyyətlərə malikdir.

 

Coğrafi mövqeyi və topoqrafiyası

Lombok adası İndoneziyanın Qərbi Nusa Tenqara əyalətinin tərkib hissəsidir. Ada təxminən oval formaya malikdir.

Sərhədləri:  

Ada şimaldan Sakit okean akvatoriyasına daxil olan Bali dənizi, cənubdan isə Hind okeanı ilə əhatə olunmuşdur.

Boğazlar:  

Qərbində yerləşən Bali adasından Lombok boğazı, şərqindəki Sumbava adasından isə Alas boğazı vasitəsilə ayrılır.

Sahəsi:  

Adanın ümumi sahəsi yaxınlıqdakı kiçik adalarla birlikdə təxminən 4,566 kvadrat kilometrdir.

Rincani Vulkanı:  

Adanın şimal hissəsində İndoneziyanın ikinci ən yüksək vulkanı olan fəal Rincani dağı ucalır. Hündürlüyü 3,726 metrdir. Bu dağ adanın topoqrafiyasına və iqliminə birbaşa təsir edir, onun ətəklərində isə məşhur Segara Anak krater gölü yerləşir.

 

Əhalisi, paytaxtı və din strukturu

Lombok adasının rəsmi qeydiyyata alınmış əhalisi son statistik göstəricilərə əsasən 4 milyondan çoxdur.

Paytaxtı:

Adanın inzibati mərkəzi, siyasi və iqtisadi habı hesab olunan ən böyük şəhəri Mataramdır.

Etnik Tərkibi:  

Əhalinin mütləq əksəriyyətini təxminən 85%-ni yerli avtoxton xalq olan Sasaklar təşkil edir. Adada həmçinin balililər, çinlilər və yavalılar da yaşayır.

Din:

 Qonşu Hinduist Balidən fərqli olaraq, Lombok adasının əhalisinin böyük əksəriyyəti müsəlmandır. Sasak müsəlmanlarının özünəməxsus adət-ənələri adanın mədəniyyətində mühüm rol oynayır. Bununla yanaşı, adada əsasən balililərdən ibarət hinduist azlıq da mövcuddur.

 

Vallis xətti və bioloji əhəmiyyəti

Lombok adası dünya biogeoqrafiyasında xüsusi strateji önəm daşıyır. Bali ilə Lombok adası arasından məşhur britaniyalı təbiətşünas Alfred Rassel Vallisin şərəfinə adlandırılan "Vallis xətti" keçir. Bu xətt Asiya və Avstraliya fauna və florasını bir-birindən ayıran görünməz sərhəddir. Məhz buna görə də, Balidə daha çox Asiya mənşəli heyvan və bitki növlərinə rast gəlindiyi halda, cəmi bir neçə kilometr uzaqlıqdakı Lombok adasında Avstraliya ekosisteminə aid quş və torbalı heyvan növləri müşahidə olunmağa başlayır.

 

Avtomobilsiz ekosistem: Gili Adalarının unikal qanunu

Lombokun şimal-qərb sahilində yerləşən və üç kiçik adadan ibarət olan Gili adaları Gili Trawangan, Gili Meno və Gili Air dünyada ekoloji təmizliyin və unikal nəqliyyat qadağasının tətbiq olunduğu nadir məkanlardandır.

Yerli qanunlara əsasən, adalarda təbii mühiti, səssizliyi və havanın təmizliyini qorumaq məqsədilə hər növ motorlu nəqliyyat vasitələrinin avtomobillər, motosikletlər və motorlu skuterlər istifadəsi qəti qadağandır. Bu qadağa səbəbindən adalarda heç bir tıxac, səs-küy və dəm qazı çirkliliyi yoxdur.

Gili adalarında hərəkət etmək və daşınmanı təmin etmək üçün yalnız üç alternativ mövcuddur:

 

Velosiped:  Adaların ən populyar hərəkət vasitəsidir. İstər otellərdən, istərsə də yerli məntəqələrdən velosiped icarəyə götürərək bütün sahil xəttini rahatlıqla gəzmək mümkündür.

Cidomo - ənənəvi at arabaları:  Adanın rəsmi "taksiləri" hesab olunur. Ağır yükləri olan turistlərin limandan otellərə daşınması əsasən bu rəngli at arabaları vasitəsilə həyata keçirilir.

Piyada gəzinti:  Adalar olduqca kiçik ölçüyə malikdir. Məsələn, aralarında ən böyüyü sayılan Gili Trawangan adasının bütün ərazisini piyada cəmi 1.5 - 2 saata tamamilə dövrə vurmaq mümkündür.

 

İqtisadiyyatı və infrastruktur bumu

Ənənəvi olaraq Lombok iqtisadiyyatı kənd təsərrüfatı və balıqçılığa əsaslanır. Adanın münbit torpaqlarında düyü, qəhvə, tütün, pambıq və müxtəlif ədviyyatlar yetişdirilir. Sənaye baxımından ada əlvan metal yataqları ilə də zəngindir.

Son illərdə isə İndoneziya hökuməti Lombok adasını Baliyə alternativ premium turizm mərkəzinə çevirmək üçün nəhəng infrastruktur layihələri icra edir:

Mandalika beynəlxalq dairəsi:  Adanın cənubunda tikilmiş bu müasir trek hər il MotoGP və Dünya Superbayk çempionatlarına ev sahibliyi edərək Lombok adasını qlobal idman xəritəsinə daxil etmişdir.

Nəqliyyatın təkmilləşdirilməsi: Lombok Beynəlxalq Hava Limanı genişləndirilir, həmçinin Bali ilə tranzit vaxtını dəniz yolu ilə minimuma endirəcək yeni sürətli qayıq iskeleləri və kruiz gəmilərini qəbul edən Lembar limanı modernləşdirilir.

 

Turizm potensialı və gəzməli yerləri

Lombok adası kütləvi turizmdən uzaq, sakitlik, fərqli sörfinq nöqtələri və ekoloji lüks axtaran səyahətçilərin sevimli məkanıdır. Əsas turistik zonaları bunlardır:

Kuta çimərliyi:  

Adanın cənubunda yerləşən, ağ qumsalları və sörfinq üçün ideal dalğaları ilə məşhur olan sahil xəttidir.

Rincani Dağı trekinqi:

Macəra həvəskarları üçün vulkanın zirvəsinə təşkil olunan 3-4 günlük yürüş marşrutları dünyanın ən yaxşı təbiət treklərindən biri hesab olunur.

Çəhrayı çimərlik:  

Sahildəki mərcan qalıqlarının qumla qarışması nəticəsində təbii çəhrayı rəng alan nadir çimərliklərdən biridir.

 

Lombok və onun ətrafındakı Gili adaları həm ekoloji qanunları, həm də toxunulmaz mənzərələri ilə sivilizasiyanın səs-küyündən qaçmaq istəyənlər üçün ideal bir cənnətdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

Bazar ertəsi, 24 Avqust 2026 13:37

Qəzəlsevərlər, yaxın oturun

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qəzəlsevərlər, yaxın oturun, sizə qəzəlxan Hacı Mail Əliyev barəsində danışacağam. Nardaranda doğulub çöhrəti öncə bütün Abşerona, sonra da Azərbaycana yayılan Hacı Mailin bir-iki qəzəlini bu gün mütaliə etdim və bir daha onun mükəmməlliyinə şahid oldum.

 

Hacı Mail Əliyev 25 oktyabr 1935-ci ildə Nardaranda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olub. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak ediblər.

Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olub. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir

Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur. Fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlərin əlyazmaları üzərində dərin tədqiqat işləri aparıb. Məhəmməd Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazıb.

Bu əsərə görə “filologiya elmləri namizədi” elmi dərəcəsinə müdafiəsiz layiq görülüb. Görkəmli akademik Vasim Məmmədəliyev Hacı Mailin füzulişünaslığını belə qiymətləndirib: “Cəsarətlə deyə bilərəm ki, ürəfa məclislərində Füzulini Əli Fəhmidən sonra Hacı Mail qədər gözəl aça bilən ikinci şəxsə rast gəlməmişəm”.

 

Bədii əsərləri:

- Qəzəllər. Bakı-1986.

- Qəzəllər. Bakı - 1994

- Divandan seçmələr

- Divan

- Qoşmalar

 

Tərtib etdiyi və redaktor olduğu kitablar:

- Cahanşah Həqiqi. Seçilmiş əsərləri. Tərt. ed., müq. lüğ. Ə.Rəhimov, L.Hüseyinzadə, H.Mail

- Sona Xəyal. Mirzə Əbdülxalıq Yusif. Red, C. Nağıyeva; Məsləhətçi: Hacı Mail

- Səfa. Bizimdir eşq dünyası. Şeirlər.; Tərtib edəni və ön sözün müəllifi: S.Xəyal; Red.: H.Mail, C.Nari

- Mirzə Əbdülxalıq Yusif. Diriltdi aləmi eşqin nidası... Tərt. ed. Sona Xəyal; Red. Hacı Mail

- Cahanşah Həqiqi. Şeirlər. Tərt. ed., Ə.Rəhimov, L.Hüseyinzadə, H.Mail

 

Hacı Mail 22 avqust 1999-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

Bazar ertəsi, 24 Avqust 2026 13:02

Bu gün mən...

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Bu gün necə olduğumu soruşsan, yəqin ki, bir sözlə cavab verə bilmərəm. “Yaxşıyam” desəm, içimdəki yorğunluğa haqsızlıq etmiş olaram. “Pisəm” desəm, hələ də içimdə işığını qoruyan o kiçik ümidə. Ona görə bu gün özümü nə yaxşı, nə də pis adlandıra bilirəm. Mən sadəcə bir az susmuşam, bir az yorulmuşam, bir az da həyatın ağırlığını ürəyimdə daşıyıram.

 

Bəzən insanın üzünə baxıb onun necə olduğunu anlamaq mümkün deyil. Çünki insan ən böyük ağrılarını çox vaxt səssiz yaşayır. Gülür, danışır, gündəlik işlərini görür, başqalarının dərdini dinləyir, hətta onlara təsəlli də verir. Amma gecə hamı susanda, otağın işığı sönəndə və insan öz düşüncələri ilə tək qalanda içində gizlətdiyi hər şey bir-bir üzə çıxır.

Bu gün mən də bir az eləyəm.

Gün ərzində neçə dəfə gülümsədiyimi bilmirəm. Amma bilirəm ki, hər gülüşüm ürəyimdən gəlməyib. Bəzi gülüşlər sadəcə insanlara “narahat olmayın, mən yaxşıyam” deməyin başqa formasıdır. Bəzən insan yaxşı olmadığı halda yaxşı görünməyi bacarır. Çünki hər kəsə içindəki fırtınanı danışmağa gücü çatmır.

Bu gün mənim içimdə də sakit görünən bir fırtına var.

Nə tam ağlamaq istəyirəm, nə də gülmək. Sadəcə bir müddət heç kim məndən heç nə soruşmasın istəyirəm. “Nə oldu?”, “Niyə susursan?”, “Niyə belə baxırsan?” kimi suallara cavab verməyə belə həvəsim yoxdur. Çünki bəzi hisslərin cavabı olmur. Bəzi ağrıları sözə çevirəndə onların özündən də çox yorulursan.

Bəzən insan danışmaqdan deyil, izah etməkdən yorulur. Özünü izah etməkdən, hisslərini sübut etməkdən, niyə belə olduğunu anlatmaqdan, niyə bəzi şeylərin ona toxunduğunu başa salmaqdan yorulur. Halbuki insanın ürəyi məhkəmə zalı deyil ki, hər hissinin qarşısında sübut təqdim etsin.

Bu gün mən heç nəyi sübut etmək istəmirəm. Sadəcə bir az özüm olmaq istəyirəm. Güclü görünmək məcburiyyətində olmayan, hər şeyə cavab tapmayan, bəzən qorxan, bəzən darıxan, bəzən kövrələn, bəzən də heç bir səbəb olmadan susmaq istəyən adi bir insan kimi.

Çünki uzun müddət özümü güclü olmağa öyrətmişəm. Hər çətinliyin içindən çıxmağı, yıxılsam qalxmağı, ağlasam göz yaşımı silib davam etməyi bacarmışam. Amma indi anlayıram ki, güclü olmaq həmişə ayaqda qalmaq demək deyil. Bəzən güc “bu gün bacarmıram” deyə bilməkdir. Bəzən yorğunluğunu gizlətməməkdir. Bəzən heç kimə görünmədən ağlamaq və sonra yenə səhər açılınca həyata davam etməkdir.

Bu gün mən bir az yorulmuşam. Amma bu, bədənimin yorğunluğu deyil. Daha çox ruhumun yorğunluğudur. Gözləməkdən, hər şeyin yaxşı olacağına ümid etməkdən, sonra yenidən narahat olmaqdan, bir xəbər gözləməkdən, bir sözə məna verməkdən, keçmişdə qalan bəzi şeyləri içimdə yenidən yaşamaqdan yorulmuşam.

İnsan bəzən başına gələnlərdən çox, baş verə biləcək şeylərdən yorulur. Çünki qeyri-müəyyənlik insanın içində görünməyən bir yük yaradır. Bu gün mən də o yükü daşıyıram.

Bəzən fikirlərim məndən əvvəl gedir. Mən hələ bir şeyi düşünməmiş, ürəyim onun ən pis ehtimalını düşünür. Sonra özümü sakitləşdirməyə çalışıram: “Hər şey yaxşı olacaq.” Amma ürəyin qorxduğu vaxt ağılın söylədiyi ən gözəl cümlələr belə bəzən kifayət etmir.

Yenə də içimdə bir səs var. Çox zəif, çox sakit, amma hələ də var. Deyir ki, dayanma. Bəlkə bu gün hər şey istədiyin kimi deyil. Bəlkə bəzi şeyləri dəyişə bilmirsən. Bəlkə ürəyində cavabsız suallar var. Amma həyat hələ bitməyib.

Mən də o səsə inanmaq istəyirəm.

Bu gün keçmişə də çox baxıram. İnsanların həyatından çıxıb getməsinə, bəzi münasibətlərin necə dəyişdiyinə, vaxtında əhəmiyyət vermədiyimiz kiçik anların sonradan necə böyük xatirələrə çevrildiyinə düşünürəm. Elə insanlar var ki, artıq həyatımızda deyillər, amma bir mahnıda, bir küçədə, bir qoxuda, bir cümlədə yenidən qarşımıza çıxırlar.

Bəzən bir insanı itirmək onun yoxluğuna alışmaq demək deyil. Sadəcə onun yoxluğunu öz həyatının bir hissəsinə çevirməyi öyrənirsən.

Bəzi xatirələr də belədir. Onları unutmaq mümkün deyil. Sadəcə zaman keçdikcə xatirənin ağrısı dəyişir. Əvvəl yaraya bənzəyir, sonra izə çevrilir. Amma o iz qalır.

Bu gün mən o izlərə baxıram. Özümə də baxıram. Nə qədər dəyişmişəm...

Bir vaxtlar məni çox incidən şeylərin bəzilərinə indi sadəcə sakitcə baxa bilirəm. Bir vaxtlar itirməkdən qorxduğum bəzi şeylərin əslində məni özümə qaytardığını anlayıram. Bəzi gedişlərin həyatımda boşluq yaratdığını düşünmüşdüm, amma sonradan həmin boşluğun içində özümü tapdım.

Bəlkə də həyat insanı hər dəfə əlindən nəyisə alanda, qarşılığında başqa bir şey öyrədir. Səbir öyrədir. Susmağı öyrədir. Buraxmağı öyrədir. Ən əsası isə insanın özünə sahib çıxmasını öyrədir.

Bu gün mən özümə sahib çıxmaq istəyirəm. Özümü qınamadan, özümü tələsdirmədən, “Niyə belə oldum?” deyə özümə sual vermədən. Çünki hər hissin səbəbini tapmaq məcburiyyətində deyiləm. Bəzən ürək sadəcə yorulur.

Və yorulan ürəyə hökm vermək yox, mərhəmət lazımdır.

Bu gecə özümə bir fincan çay qədər sakitlik arzulayıram. Heç kimdən gəlməyən, heç kimdən asılı olmayan, içimdə yaranan bir sakitlik. Telefonun səsini söndürüb bir müddət dünyadan uzaqlaşmaq, heç nəyi düşünməmək, heç nəyi düzəltməyə çalışmamaq istəyirəm.

Sadəcə nəfəs almaq...

Bəzən bundan böyük ehtiyacımız olmur.

Sabah yenə səhər açılacaq. Günəş pəncərədən içəri düşəcək. Həyat yenə öz qaydasında davam edəcək. İnsanlar danışacaq, küçələr səs-küyə bürünəcək, telefonlar zəng çalacaq, qarşıma yenə həll edilməli işlər çıxacaq. Mən də qalxacağam və həyatın içində öz yerimi yenidən tutacağam.

Bəlkə sabah daha güclü olacağam. Bəlkə daha sakit. Bəlkə bu gün məni ağrıdan şeylər sabah mənə o qədər də ağır gəlməyəcək.

Amma sabah nə olacağını bu gecə bilmirəm. Və ilk dəfə bunu bilməməyin özündən qorxmuram.

Çünki hər şeyi əvvəlcədən bilmək mümkün deyil. Hər yolu əvvəlcədən görmək mümkün deyil. Bəzən insan sadəcə addımını atır və yol onun qarşısında yavaş-yavaş açılır.

Mən də bu gün yolun hamısını görmürəm. Sadəcə qarşımdakı bir addımı görürəm. O addımı atmağa isə gücüm var.

Bəlkə də bu gün mənim əsl halım budur: tam yaxşı deyiləm, amma tam sınmamışam. Bir az kövrəyəm, bir az yorğunam, bir az darıxıram, bir az qorxuram, bir az da susuram. Amma içimdə hələ də sabaha çatmaq istəyən bir tərəf var.

Və bəlkə insanı yaşadan ən böyük şey elə budur — içində hər şeyə baxmayaraq sönməyən o kiçik işıq.

Bu gün mən özümü o işığa əmanət edirəm. Bu gecə hər şeyi həll etməyəcəyəm. Heç nəyi məcburən yoluna qoymayacağam. Keçmişi dəyişməyəcəyəm. Sabahın cavablarını bu gecədən tələb etməyəcəyəm.

Sadəcə gözlərimi yumacağam və ürəyimə deyəcəyəm: “Bu gün bacardığın qədər etdin. İndi dincəl.”

Bəlkə də insanın özünə deyə biləcəyi ən gözəl söz budur.

Çünki hər gün qalib gəlmək lazım deyil. Bəzən sadəcə yıxıldıqdan sonra yenidən səhərə çıxmaq kifayətdir.

Bu gün mən eləyəm.

Bir az yaralı, bir az yorğun, bir az susqun...

Amma hələ buradayam.

Və bəlkə də bu, bu gün üçün kifayət qədər böyük bir səbəbdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

Əfruz İbrahimqızı,,jurnalist.

“Ədəbiyyat və incəsənət”

 

İşıq və istilik sadəcə təbiət hadisəsi deyil, gücün və hakimiyyətin göstəricisi olub. Bəşəriyyətin yarandığı ilk gündən...

Təbiətin ən saf rəngidir yaşıl... Ancaq rənglər yalnız vizual aləmlə məhdudlaşmır, həm də müxtəlif sahələrdə, məsələn, energetikada tamamilə yeni məna və mahiyyət qazanır.

 

Yaşıl XXI əsrin geosiyasi reallığının rəngidir. Çünki enerjidə “yaşıl” olmaq iddialı dövlətlər üçün təkcə ətraf mühiti qorumaq anlamı daşımır, həm də gələcəyin xəritəsində öz müstəqil mövqeyini təmin edir. Yaşılın çalarları var. Mən isə zümrüd yaşılını doğma diyar Naxçıvan üçün simvolizə etmək istəyirəm. Zümrüd təbiətdə ən saf, ən dəyərli və gözoxşayan yaşıl rəngli qiymətli daşdır. Naxçıvan elə zümrüd rəngində yaşıl, zümrüd kimi parlaq və strateji dəyərdir.

Bu gün həmin güc nümayişinin ən parlaq və ən strateji cəhətdən  həssas nöqtələrindən biri şübhəsiz ki, Naxçıvandır.  Dövlət başçısının Naxçıvana səfəri zamanı verdiyi bəyanatlarla  təbiətin unikal üstünlük bəxş etdiyi Naxçıvan tamamilə fərqli bir geosiyasi məna qazandı. Açılışlar və təməlatma mərasimləri səfər çərçivəsində şəhərin abu-havasını tamamilə dəyişdi. Dövlət başçısı "Şəms-1" və "Qərbi Üfüq" günəş stansiyalarındakı işlərlə tanışlığını qeyd edərək, regionun daxili tələbatının çox üstündə – 500 meqavatdan 1000 meqavata qədər yaşıl enerji potensialının reallaşdırılacağını bildirdi.

Bu strategiyanın məntiqi son dərəcə aydındır: Daxili tələbatdan dəfələrlə çox istehsal gücü yaratmaq, Naxçıvanın uzun illər məruz qaldığı coğrafi anklav və blokada şərtlərini tamamilə dəyişmək deməkdir. İstehsal olunacaq nəhəng enerji həcmləri Türkiyə vasitəsilə birbaşa Avropa bazarına çıxarılacaq və Naxçıvanı enerji asılılığından qurtararaq Avrasiyanın strateji yaşıl enerji halqasına çevirəcək. Tivi Su Elektrik Stansiyasının yenidən qurulmasına yönəldilən vəsait isə günəş enerjisinin dəyişkən gücünü tənzimləmək və bərpaolunan enerji balansını qüsursuz təmin etmək üçün su ehtiyatlarından necə strateji şəkildə istifadə olunduğunu göstərir.

Bəs yerli miqyasdan qlobal arenaya adlayan bu böyük dönüşüm haradan qaynaqlanır? Dünyanın diqqətini özündə cəmləyən bu “ yaşıl söhbət”in mənbəyi haradır?

Keçmişdə dövlətlər qara qızıl hövzələri, kömür yataqları və hərbi-strateji dəniz yolları uğrunda çarpışırdılarsa, günümüzün qlobal rəqabəti tamamilə yeni müstəviyə keçib. Ekologiyanın rəmzi sayılan yaşıl enerji artıq sadəcə təbiət mənzərəsi deyil; o, beynəlxalq müstəvidə güc balansını müəyyən edən təsir vasitəsi, emissiyasız iqtisadiyyat nümayişi və dövlət müstəqilliyinin real təminatıdır. Ekoloji təmiz enerji keçidinə liderlik etmək isə sadəcə təbiəti qorumaq məqsədi güdmür, əslində bu, hər bir ölkənin sabahkı qlobal düzəndə öz sözünü deməsi üçün həyati əhəmiyyət daşıyan həlledici savaşıdır.  Bu yeni qlobal arxitekturanın formalaşması isə təsadüfi bir proses deyil, böyük iqtisadi və siyasi sarsıntıların məntiqi nəticəsidir. "Yaşıl enerji" anlayışı qlobal siyasi leksikona ilk dəfə 1973-cü ilin məşhur OPEC Neft Embarqosu zamanı daxil oldu. Neft asılılığının milli təhlükəsizliyi necə kövrək vəziyyətə saldığını görən Qərb dövlətləri, xüsusilə ABŞ Energetika Nazirliyi və 1974-cü ildə təsis olunan Beynəlxalq Enerji Agentliyi alternativi məhz bərpaolunan resurslarda tapdılar. İlk praktik addımlar da çox gözlətmədi: 1978-ci ildə Arizona ştatında günəş enerjisi ilə çalışan ilk yaşayış məntəqəsi, 1980-ci ildə Nyu-Hempşirdə sənaye miqyaslı ilk külək ferması, 1991-ci ildə isə Danimarkanın Vindeby layihəsi ilə dəniz ortasında qurulan ilk dənizdə külək stansiyası bəşəriyyətin yeni enerji erasının təməlini qoydu.

Zaman keçdikcə bu texnoloji sıçrayışlar fəlsəfi və inzibati baxımdan daha da dərinləşərək "Yaşıl Zona" və ya "Sıfır Emissiya Zonası" konsepsiyasını doğurdu. İlk dəfə 1990-cı illərin başında Almaniyanın Frayburq şəhərinin Vauban məhəlləsində keçmiş hərbi bazanın yerində tətbiq olunan bu model, müəyyən bir coğrafi ərazidə karbon emissiyasını tam sıfırlamaq ideyasına dayanır. 2006-cı ildə Abu-Dabidə təməli atılan "Masdar City" isə bu ideyanın qlobal miqyaslı ən böyük şəhər layihəsinə çevrildi. 2015-ci il Paris İqlim Sazişi ilə BMT səviyyəsində rəsmiləşən bu konsepsiya dövlətlərin strateji prioritetlərinə, o cümlədən Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpaolunan enerji layihələrinin reallaşmasına birbaşa təsir göstərdi.

Azərbaycanın bu qlobal dönüşümdəki yeri təkcə müasir dövrün tələbi deyil, zəngin bir tarixi irsin davamıdır. Ölkəmizdə bərpaolunan enerjinin ilk izləri hələ 1901-ci ildə Gədəbəydə Siemens qardaşları tərəfindən tikilən Qalakənd Su Elektrik Stansiyasına və 1954-cü ildə istifadəyə verilən Mingəçevir SES-ə dayanır. Müstəqillik dövründə isə 2004-cü ildə qəbul edilən Alternativ və Bərpa Olunan Enerji Enerji Mənbələri üzrə  Dövlət Proqramı və 2011- ci ildə fəaliyyətə başlayan  Qobustandakı ilk Eksperimental Poliqonla sistemli xarakter alan bu xətt, son illərdə keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyub. 2023-cü ildə "Masdar" şirkəti ilə birgə istismara verilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın artıq regional yaşıl enerji mərkəzi olduğunun ilk böyük bəyanatını verdi və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında, həmçinin karbon emissiyalarının azaldılmasında mühüm mərhələyə çevrildi.

Bu strateji xəttin ən mühüm və siyasi baxımdan ən çəkili halqalarından biri də Prezident İlham Əliyevin qərarı ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla yanaşı  Naxçıvan Muxtar Respublikasının "Yaşıl Enerji Zonası" elan edilməsidir. Bu addım sadəcə dağıdılmış ərazilərin bərpası deyil, həmin torpaqlarda tam karbonsuz, rəqəmsal və geosiyasi baxımdan son dərəcə dayanıqlı yeni bir təhlükəsizlik çətirinin qurulmasıdır. Qarabağda bərpaolunan yaşıl enerji layihələri, Cəbrayıldakı 240 meqavatlıq "Şəfəq" Günəş Elektrik Stansiyası və  Xəzərdən başlayıb Rumıniya və Macarıstana qədər uzanacaq Qara Dəniz Sualtı Elektrik Kabeli ölkəmizin geoiqtisadi çəkisini dəfələrlə artırır. Eyni zamanda  ölkəmizi mühüm enerji ixracatçısına çevirir.

Beləliklə, Bakıdan Naxçıvana, Qarabağdan Avropaya qədər uzanan bu “zümrüd dəhliz” göstərir ki, Azərbaycan qlobal "yaşıl keçid" prosesində sadəcə kənardan izləyən və ya hazır qaydalara uyan tərəf deyil. Dövlətin nümayiş etdirdiyi bu siyasi iradə, milli resurslardan maksimum səmərə ilə istifadə edərək, gələcək onilliklərin müstəqil, karbonsuz və sarsılmaz suverenlik xəritəsini bütövlüklə özü cızır.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

Bazar ertəsi, 24 Avqust 2026 12:40

Sovet Azərbaycanında yasaqla üzləşmiş şairə

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nuridə Qədirova - Atəşi adı sizlərə yəqin ki tanışdır. Mühacirətdə yaşayan şairənin imzası tez-tez rastınıza çıxır. Bu gün onun barəsində danışacağam.

 

O, 22 avqust 1965-ci il tarixində Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlayıb, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilib və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməyib.

 Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olub. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələyib.

 Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilib.

Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil alıb. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışıb.

Nuridə Atəşinin ədəbi yaradıcılığı poeziya, tərcümə və publisistika sahələrini əhatə edr. Berlin Onun sözlərinə alman, türk və azərbaycan bəstəkarlarının bəstələdikləri yüzə yaxın mahnı bir neçə ölkədə tanınır və sevilir. Şeirləri artıq Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilib.

Şairənin fəaliyyətində tərcüməçilik işinə də yer ayrılıb. 1996–2004-cü illər ərzində Berlinin "Hitit" nəşriyyatında alman və türk dillərinin tərcüməçisi kimi çalışan N. Atəşi, Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini verib. Alman şairlərinin şeirlərini tərcümə edərək onları "Orjinaldan tərcümələr" kitabında cəmləyən Nuridə Atəşi, Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə edib.

19 kitabın müəllifi olan Nuridə Qədirova- Atəşi 2011-ci ildən PEN beynəlxalq yazarlar Mərkəzinin üzvüddür. Nuridə Qədirova-Atəşinin indiyə qədər ədəbi və Qafqazın tarixinə, mədəniyyətinə və arxeologiyasına aid Almaniya və Azərbaycanda (Azərbaycan, türk, rus, ingilis və alman dillərində) 19 ədəbi, publisistik və elmi kitabı, 300-dən artıq məqaləsi nəşr edilmiş, əsərləri Almaniyanın Drezden və Leypsiq dövlət kitabxanalarında kataloqlaşdırılıb.

Nuridə Qədirova - Atəşi 2003-cü ildə Moskva Mədəniyyət və İncəsənət Universitetində "Almaniyanın sosial-mədəni ictimaiyyətində fiziki cəhətdən xəstə uşaqların bərpası" mövzusunda pedaqogika üzrə doktorluğa namizədlik dissertasiyasını müdafiə edib. 2005–2011 ci illər ərzində Məhəmməd Əsəd bəyin (Qurban Səid) tədqiqatları ilə məşğul olub, onun arxiv sənədlərini Avstriya, Fransa, İtaliya, İsveçrə, Gürcüstan və s. ölkələrdən toplayaraq ilk dəfə olaraq nəşr etdirib (Əsəd Bəy — yüz ilin sirləri. Nurlan, Bakı 2007).

Bundan sonra ixtisasını arxeologiya elminə dəyişib, 2011-ci ildən etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olaraq "Azərbaycanın hərb sənətində qadının rolu (arxeoloji mareriallar əsasında)" mövzusunda doktorluq disertasiyası üzərində çalışmağa başlayıb. 2013-cü ildə AMEA Tarix İnstitutunda Dövlət Komissiyası tərəfindən ixtisasdəyişmə imtahanı 5 balla qiymətləndirilib və tarixçi olaraq rəsmi ixtisaslaşma təsdiqlənib.

2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Tarix üzrə elmlər doktorluğu dissertasiyasının ilkin müdafiəsi müvəffəqiyyətlə keçirib. Elmi məsləhətçisi Prof. İlyas Babayev olub. Elmi tədqiqatlarının nəticələri bəlli millətçi qruplaşma çevrələrində qəbul edilmədiyinə görə son müdafiə prosesi dayandırılıb.

 

Kitabları

- Sənsiz yaşayıram sən ola-ola

- Neylərsən mənə görən

- Qarabagımız – qarabagrımız

- Avından Kaçan Avcı (türk dilində)

- Jäger auf der Flucht vor seiner Beute (alman dilində), Wagemann, Berlin 2002.

- Yaşanmamış qadınlıq

- İndi mən Varam!

- Schreie erstickter Gefühle (alman dilində)

- Orijinaldan tərcümələr

- Tənha savaşçı (həyat və yaradıcılığı haqqında)

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

Bazar ertəsi, 24 Avqust 2026 12:09

Səni sevə-sevə öldürdüm dünən...

“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizləri şair Əbasət Purhəsənin şeirləri ilə tanış edir.

 

Əbasət Purhəsən 1982-ci il avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BƏZƏKLİ MANKƏN

 

Bazar qabağında bəzəkli mankən,

Hər gələn əl atır donuna sənin.

Yaşamağın üçün açılmır donu,

Soyuq şəhrimizdə geydiyin donun.

 

Əllərin əlimdə, əlin əlimi,

Əlinin içində saxlaya bilmir,

Nə çəpik çalırlar qabağımızda?!

Nə üçün görənlər ağlayır, gülmür?

 

Mən səni sevdiyim qıza oxşatdım,

Ya şəhər ağılsız, ya da mən dəli!

Bir dəyqə özümü sevindirməyə,

Sənin də abrına toxundum, bəli.

 

Səndən ayrılıram, bilirəm ancaq,

Əynindəki donu götürəcaqlar.

Bilmirəm bəlkə də oğlan paltarın,

Geydirib əyninə, toy tutacaqlar.

 

Bəlkə də bazardan, bazara köçüb,

Gözdən düşəcəksən, gic qalacaqsan.

Bilmirəm, sabahın heç kimsə bilmir,

Bəlkə də sevdiyim qız olacaqsan!..

 

 

 SƏNDƏN SONRA

 

Qəlbimin ağrısı toxtamaq üçün,

Darıxmayacağam səndən ötəri.

Özümə toy tutub ögey şəhərdə,

Kefləndirəcəyəm bekef şəhəri.

 

Elə sevəcəyəm aldığım qızı,

Döyünə-döyünə giciyin gələ.

Verdiyim ürəyi qaytardığına,

Özünün özündən acığın gələ.

 

Yəqin gözlərindən damcı axacaq,

Bir vaxt həsrət idin bir damcıya sən!

O gün yaxşı olar dərinə getsən,

Bilərsən nə çəkdim dünənlərdə mən.

 

Dünənlər sovuşdu, bu gün sovuşur,

Dünənlər bu günə bəhanə imiş.

Qürurum qüruru, quru qürurun,

Bilmədim bu qürur səndə nə imiş?!

 

Nə deyim, bilmirəm, bəlkə də bir gün,

Yenidən doğuldum səni sevməyə.

Bilmirəm bəlkə də son dünyamızda,

Tanrı gəldi bizə kəbin kəsməyə.

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç elə bil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz Təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan Əhərdən dünyadan köçüb,

Dörd oğlan Təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli Təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

 UŞAQLIQ YOLDAŞIM

 

Hava ağlayırdı ağırlığından,

Elə anlayırdım çırpınırsan sən.

Əlimi uzaldıb əlimə aldım,

Sənə layla çaldım doyunca dünən.

 

Ovcumun içində yuxuya keçdin,

Körpə uşaq kimi, ətsan quş kimin.

Ağzını yumurdun lal dünyamıza,

Ya sona çatırdı sənin də qəmin.

 

Sən elə ovcumu qucaqlamışdın,

Səni ovucumdan ata bilmirdim.

Yuxu gözlərimi alırdı, ancaq –

Sənsiz yuxularda yata bilmirdim.

 

Ovcumun içindən ayrılmadın heç,

Səni sevə-sevə öldürdüm dünən.

Uşaqlıq yoldaşım, bayram balığı,

Daha çırpınmayır nə mən, nə də sən...

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

 

 

 

 

Bazar ertəsi, 24 Avqust 2026 11:28

“Biri ikisində” Nemət Mətinin hekayəsi ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Nemət Mətinin “Zəlzələ” hekayəsi ilə tanış olacaqsız.

 

Nemət MƏTİN                                  

ZƏLZƏLƏ

 

      – Ata, məktəbin önündə Vazgen əmini gördüm. Əlini göyə açıb deyirdi ki, gərək, bu məktəbdə erməni uşaqlar oxusun. Yeni məktəb paltarlarını onlar geyinsin.      Vaqif kişi sahədən yorğun-arğın gəlsə də, iştahla yemək yeyirdi. Qızının sözünü eşidər-eşitməz fikri qarışdı:

– Fikir vermə, qızım. Ermənilər əzəldən paxıl olublar. Yavaş-yavaş öyrəşərlər. Onlara barmaq uzatsan, əlini qopararlar.

          Sadəgülün anası Nisə iri otaqda kilim sərib oturmuşdu. Qış üçünbalon-balon şorababağlayırdı. İri çəlləkbirqışı yolavermirdi. Söhbətə qulaqkəsildiyindən, dilidincdurmadı:

– AyVaqif, çobanFərzalı haqqındaeşitdinmi?

–      Eşitdim. Erməniləryazığın əl-ayağını bağlayıbdağdanitələyiblər. Sir-sifəti cırıq-cırıq idi. Qabırğaları sınmışdı.

– Anan ölsün, ay Fərzalı. Bu ermənilər yavaş-yavaş iç üzlərini göstərirlər.

– Narahat olma. Bir çarəsi tapılar.Daha yemək yeyə bilmədi Vaqif. Əl-üzünü yuyub çölə çıxdı. Qulançar yığmağa yollandı: “Axşamüstü Nisə qulançarları qaynadıb,  üstünə yumurta vurar”, – deyə düşündü. Sadəgül də çoxdan həyətə düşüb gül-çiçək toplayırdı.

   Səhər məktəbdə Sadəgülgilin ilk dərsi tarix idi. Müəllim şagirdlərə ermənilərin daşdan yonulmuş türk əsgərinin “başına” açdığı oyundan danışırdı. Ermənilər tarixi əhəmiyyəti olan heykəlin üst hissəsinə xaç yonmuşdular.  deyir–Eşidin! Tarixi yaxşı öyrənin! Öz tarixini bilməyən xalqlar vətənini sevə bilməz. Onu qorumaq istəsə də, alınmaz.

Zəng çalındı. Şagirdlər iki-iki, üç-üç dəhlizə çıxdılar. İkinci dərs riyaziyyat fənnindən idi. Amma nədənsə, dərs olmadı. Bütün şagirdlər evə göndərildi. Sadəgül də digər şagirdlər kimi heç nə anlamırdı. Mərkəzi küçədə boş avtobuslara insanlar doluşurdu. Kimin maşını vardısa, köçə hazırlaşırdı. Məcburən Naxçıvana, Qazaxa və digər yaxın ərazilərə göndərilirdilər. Əslində, hər şey üç ay öncə başlamışdı. Vaqif xəbərdar idi. Ermənilər bir yerə toplaşıb qapı-qapı gəzir,  azərbaycanlıları köçməyə inandırırdılar: “Köçün! Burada sizinçün yaxşı olmayacaq. Dədə-baba yurdumuzu boşaldın!”

Söyüşən kim, dalaşan kim... Xeyiri yox idi. Dəfələrlə belə hadisələr oldu. Kəndlərdən köçənlər köçmüşdü. İndi ikinci köç idi.

Sadəgül evə çatanda çantasını masanın üstünə qoydu. Anası o biri otaqdan hövlnak gəlib dedi:– Hazırlaş, qızım. Yenə köç başladı.

Sadəgül heç nə anlamırdı:– Yenə? Əvvəl də olub? İnsanlar mərkəzdə avtobuslara doluşurdu.

– Bilirəm, qızım. Bu ermənilər lap çoxdan bizi buralardan qovmağa çalışıb. Eyb etməz. Vaxt gələr,  hər şey yoluna düşər. Hazırlaş.

 Sadəgülün içinə qəribə kədər çökdü. Gözləri dolsa da, anasına göstərmədi. Nisə ona iri, ağ-göy xətləri olan çanta verdi ki, bütün paltarlarını yığa bilsin. Birinci sevimli dovşan oyuncağını qoydu çantaya Sadəgül. Daha sonra səliqə ilə qatlanmış paltarlarını yerləşdirdi    Vaqif qulançar yığıb evə qayıdırdı. Yolda qonşusu Elsevəri gördü. Elsevər həyəcanlı görünürdü:– Vaqif, xəbərin yoxdur?

– Nədən xəbərim yoxdur? Nə baş verib?

– Köç başlayıb. Ermənilər qapı-qapı gəzib xəbərdarlıq edirlər. Avtobuslar mərkəzdə düzülüb. Kimi avtobuslara doluşur, kimi də öz maşınıyla gedir.

  Vaqifin gözlərində sanki alov parladı:

– Mən heç yerə köçən deyiləm. Bura bizim torpaqlardır. Sən köçürsən?

– Qazaxda qohumlar var. Onların evinə köçəcəyik. Vəziyyət o deyil, ay qonşu. Özümçün deyil, ailəm üçün qorxuram.

– Hamı köçür?

– Qara Ənvər və Şahdil qalır. Onlar da sənin kimi tərslik edir.

– Xəbər elədiyin üçün sağ ol. Qaçım mən...

– Xudahafiz. Allah köməyimiz olsun.

Vaqif yubanmadan evinə tərəf qaçmağa başladı. Yol boyu insanların köçə hazırlaşdığını gördükcə ürəyi parçalanırdı. “Axı niyə? Bizim torpaqlarımızdır. Ulu babalarım danışardı ki, ermənilər bir dəfə də bizi köç etməyə məcbur edib. Yenidən qayıtmışıq. Bu dəfə getsək, bir də Allah bilir,  haçan qayıdarıq. Göyçə, Zəngəzur, Dərəçiçək, Qırxbulaq, Zəngibasar mahalı bizi bağışlamaz. Dərələyəz, Sərdarabad, Vedibasar kimi gözəl mahallar onlara layiq deyil” – düşünürdü. Evi uzaqdan görünəndə fikirdən ayıldı. Ürəyi yerindən çıxırdı. Qapını açanda dolu çantaları gördü:

– Nisə!

Nisə yan otaqdan çıxaraq dedi:

– Hay can, Vaqif!

– Çantaları nə üçün yığmısan?

– Qorxdum. Ermənilər gəlib qapımızı döydü. Açmadım. Qışqırdılar ki: “Köçün! Hamınız köçün! Yoxsa, pis olacaq!”

– Qələt edirlər! Mən heç yerə gedən deyiləm. Sizi göndərərəm qohumlardan birinin yanına, ara sakitləşənə kimi, orada qalarsınız. Özümsə, burada olacağam!

 – Ay Vaqif, sənə canım qurban, etmə, eləmə. Sənə nəsə olsa, mən yaşaya bilmərəm.

– Narahat olma. Hazırlaşın. Mən mərkəzə gedib maşın tutum.

Vaqif Nisənin ağlamağına baxa bilməyib evdən çıxdı. Mərkəzə yollandı. Həyəcan siqnalı çalınırdı. İnsanlar bir-birinə aman vermədən avtobuslara doluşurdu. Hamının üzündə kədər vardı. Bircə, uşaqlar yaşlarından qaynaqlanan qayğısızlıqla təzə yetişmiş alçaları dərib yeyirdilər.

Vaqif maşın axtarırdı. Nə qədər axtarsa da, tapa bilmədi. Hamı köçürdü. Bir erməni qələbəliyin arasından çıxıb Vaqifə səsləndi:

– Nə durmusan? Tez ol! Avtobusa min!

– Mən heç yerə getmirəm!

          Vaqif bir də onda ayıldı ki, hava qaralıb. Başında və qabırğalarında ağrı hiss etdi. Birtəhər qalxıb oturdu. Kimsə arxadan başına vurmuşdu. Ondan sonrası yadına gəlmirdi. Evi yadına düşdü. Ayağa qalxmaq istəyəndə başı dumanlandı. Uzaqdan ağ ayaqlı, sünbül rəngində bir at göründü...  Yaxınlaşdıqca, atlını tanıdı-Elsevər idi.  

Qonşusu atdan düşdü, yaxınlaşdı,  Vaqifi yerdən qaldırdı. Soruşdu:

– Burada nə edirsən?

– Ermənilər...

Sözü ağzında yarımçıq qaldı; Elsevərin səsində ərklə yanaşı, bir az da  hökm vardı:

– Gedək. Evdəkiləri də götür ha!  Sabah səhərə kənd boşalmalıdır.

– Mən yox! Nisə ilə Sadəgülü göndərəcəyəm. Maşın tapmadım.

– Mən tapmışam. “ZİL”ə doluşub gedəcəyik. Birgə gedək. – Elsevərin səsindəki hökm öləziyir, sözbəsöz yerini yalvarışa verirdi.

Vaqif Elsevərinin atının tərkində gəldi evinə... Yol boyu atın ayaqları altından qalxan tozanaq onun zehnindəki nigaranlıqdan daha aydın idi, bəlkə də...

Vaqif atdan düşdü, altdan-yuxarı qonşusuna baxdı. Elsevər baxışlarını uzağa dikərək dedi:

– Bu ermənilər vəhşidir. On dörd yaşlı uşağı döyüb öldürüblər. Meyidi çayda tapılıb. Amma boyunlarına almadılar. Məhkəmə quruldu. İçlərindən bir kişi çıxıb demədi ki, “mən etmişəm”. Son qərar dəhşət idi.

– Nə qərarı?

– Guya on dörd yaşlı qızı rəfiqəsi öldürüb.

– Birolabilmədik. Onagörə də, hərcür əclaflıqgörəcəyik.

–Gecdirartıq. Köçəkburalardan. Haçansa, arasakitləşəndə qayıdarıq.

Vaqifevinqapısını açandaNisə gözlərinə inanmadı:

– Nə olubsənə? Haradaydın?

– Heç nə, ayNisə. Boş ver. Gecə köçürsünüz.

Dahaheç nə danışmadılar. Hərgüngülüş səslərinə qərqolanevsükutabürünmüşdü.

Erməni kişiləri topa-topa gəzir, boş qalmış evləri yağmalayırdılar. Axşamın ala-qaranlığı çökəndə it hürdü. Vaqif baltasını əlinə alıb həyətə çıxdı. “Ev yağmalamağa gələn ermənilərdisə, bu baltanı başlarına çaxmasam...” –deyə düşünürdü ki, yer ayağının altında oynadı. Əvvəl heç nə anlamadı. Sonra zəlzələ olduğunu sezdi. Amma gec idi. Yerə yıxıldı. Güclü təkan köhnə evi dağıtdı. Dağıntılar arasından səslər gəlirdi.   

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

 

 

60 -dən səhifə 3111

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.