Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.
"Sevdiyin şeiri gəl mənə söylə" rubrikamız yenə də öz alovu ilə poeziyasevərlərin qəlbini isidəcək. Bəli, bu rubrikamız sözün dəyərini bilənlər, bir misrada özünü tapanlar üçündür.
Beləliklə, bugünkü qonağımız Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü yazıçı, şair Nicat Hunalpdır.
-- Xoş gördük, Nicat bəy, Sizə də "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
-- Xoş gördük, Ülviyyə xanım.
Bəzi insanlar var ki, qocalanda onların üz cizgilərinə diqqətlə baxdıqda elə bilirsən, həyatları boyu ağacın, çayın, daşın, dərənin izlərini üzlərinə həkk ediblər. Əgər bu insan bir də şairdirsə, bu, artıq başqa bir mərhələdir. Mən də Musa Yaqubun üz cizgilərini diqqətlə seyr edəndə təbiətin dağını, çayını, qocaman ağaclarını, torpağın qırışlarını onun üzündə görürəm. Sanki bu təbiət parçaları onun ruhuna hopub, üzündə təcəssüm tapıb. Musa Yaqub təkcə Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında da nadir şəxsiyyətlərdən biridir — bənzərsiz, təkrarolunmaz və əlçatmaz.
Musa Yaqubun bütün şeirləri mənim ruhuma hopub, mənə çox yaxındır. Onun “Bir günah sənindir, bir günah mənim” şeirini isə tamam başqa bir hisslə sevirəm. Çünki hər kəs özündə günah görmür; bunu etiraf etmək özü böyük bir qəhrəmanlıqdır.
Bir gözün sən əydin, bir gözünü mən,
Niyə narazıyıq bu tərəzidən?
Şair burada deyir ki, günah tərəzidə deyil — tərəzinin qəddini biz əymişik. Bu etiraf həm dürüst, həm də dərin mənalıdır.
Mənim üçün bu şeirdə ən təsirli cümlələrdən biri də budur:
Hay deyirik, haya gəlmirik, qağa.
Bu sətirlə şair bizim iç dünyamızı, iç üzümüzü üzə çıxarır. Bu, həm tənqid, həm də xəbərdarlıqdır.
Amma hələ vaxtımız var...
Vaxtımız var durulmağa.
Şairin dediyi kimi, hər birimizin özünü saflaşdırmağa, ruhunu təmizləməyə, daha yaxşı insan olmağa hələ də vaxtı var.
BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM
Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.
Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.
Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.
Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.
Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)