Super User
Laçın film festivalı: mədəniyyətlə qayıdan həyat
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
"Laçın Film Festivalı", işğaldan azad olunmuş mədəniyyət beşiyimiz Laçın şəhərində regional və beynəlxalq səviyyədə incəsənət mühitini canlandırmaq, Qarabağ və Şərqi Zəngəzurun mədəni dirçəlişini dünyaya çatdırmaq məqsədilə təsis edilmiş müasir elmi-mədəni və kinematografiya layihəsidir.
Bu festival, dövlət proqramı çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, yerli icra strukturları və kino ittifaqlarının birgə təşkilatçılığı ilə ərsəyə gətirilir.
Festivalın ideoloji missiyası və fəlsəfəsi
Otuz ilə yaxın davam edən erməni işğalı dövründə urbisid və ekosidə məruz qalan Laçın, bu gün təkcə infrastrukturu ilə deyil, həm də mənəviyyatı ilə yenidən qurulur. "Laçın Film Festivalı"nın keçirilməsinin arxasında dayanan əsas fəlsəfə "Mədəniyyətlə qayıdan həyat" ideologiyasıdır.
Kino sənətinin gücü vasitəsilə Şərqi Zəngəzurun əsl tarixi siması, xalqımızın torpağa bağlılığı və azad olunmuş ərazilərdəki sürətli dirçəliş prosesi yerli və xarici rejissorların kamerası ilə vizual yaddaşa köçürülür. Festival həm də dünyaya bir mesajdır: Bu torpaqların əsl sahibləri geri dönüb və bura artıq xarabalıq deyil, beynəlxalq sənət mərkəzidir.
Proqramın strukturu və nominasiyalar
Festival çərçivəsində nümayiş olunan ekran işləri və müsabiqə proqramı geniş janr müxtəlifliyi ilə seçilir. Təşkilat komitəsi əsasən aşağıdakı istiqamətlərə üstünlük verir:
Sənədli Filmlər Proqramı: İşğal dövrünün acılarını, Vətən müharibəsinin xronikasını və "Böyük Qayıdış"ın real insan hekayələrini əks etdirən sənədli ekran işləri.
Qısametrajlı və Bədii Filmlər: Gənc rejissorların yaradıcılıq potensialını stimullaşdıran, insan mənəviyyatını və humanizmi tərənnüm edən debüt işlər.
"Qarabağ və Zəngəzur Salnaməsi": Sırf bu coğrafiyanın tarixinə, mədəniyyətinə, xalçaçılıq, memarlıq və folklor irsinə həsr olunmuş xüsusi yerli istehsal filmlərin nümayişi.
Açıq səmada kino bayramı və ustad dərsləri
Laçın Film Festivalını digər klassik qapalı kinofestivallardan ayıran ən cəlbedici xüsusiyyət onun çəkiliş və nümayiş məkanlarıdır.
Açıq səma altında nümayişlər: Filmlərin böyük hissəsi Həkəri çayının sahilində, dağların ətəyində qurulmuş xüsusi açıq hava kinoteatrlarında nümayiş etdirilir. Bu, tamaşaçılara və qonaqlara həm filmi izləmək, həm də Laçının füsunkar təbiətini hiss etmək imkanı verir.
Yaradıcılıq emalatxanaları: Paytaxtdan və xarici ölkələrdən dəvət olunmuş peşəkar rejissorlar, ssenaristlər və operatorlar yerli gənclər və kino həvəskarları üçün ustad dərsləri keçirirlər. Bu dərslər bölgədə regional kino məktəbinin bünövrəsini qoyur.
Regional turizmə və beynəlxalq təbliğata təsiri
Kino festivalları keçirildiyi regionun tanıdılmasında ən güclü "yumşaq güc" alətlərindən biridir.
Kino-Turizm: Festival vasitəsilə Laçının unikal memarlığı yenidən bərpa olunan küçələr, qədim körpülər yerli və əcnəbi prodüserlərin diqqətinə çatdırılır. Bu, gələcəkdə bədii filmlərin çəkilişi üçün Laçının böyük bir təbii pavilyon kimi istifadə olunmasına qapı açır.
Mədəni diplomiya: Festivala dəvət olunan xarici media mənsubları və mədəniyyət xadimləri öz ölkələrinə qayıtdıqda Qarabağ həqiqətlərini və Azərbaycanın sülh quruculuğu missiyasını öz sənət platformalarında işıqlandırırlar.
"Laçın Film Festivalı" sadəcə filmlərin yarışdığı bir müsabiqə deyil, Zəfərlə taclanmış bir millətin öz mədəniyyətini yenidən ucaltma, mənəvi sərhədlərini bərpa etmə və sənətin dili ilə dünyanı salamlayış bayramıdır.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Ən böyük azərbaycanlılardan Seyid Cəfər Pişəvəri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qalib ölkəyik, bu gün daha səylə və diqqətlə tariximizi öyrənməli, tarixi qəhrəmanlarımızı tanımalıyıq. Gəlin Seyid Cəfər Pişəvəri barədə danışaq.
Bu ad əlbəttə ki çoxunuza tanışdır. Təbriz, Ərdəbil, Xoy, Mərənd, Urmiya qoxur bu şanlı ad.
Seyid Cəfər Pişəvəri (1892–1947) — XX əsr Azərbaycan siyasi tarixinin ən mübahisəli və mühüm simalarından biri, jurnalist, siyasi xadim və 1945–1946-cı illərdə Cənubi Azərbaycanda yaradılmış Azərbaycan Milli Hökumətinin rəhbəri olub.
Pişəvəri 26 avqust 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal bölgəsinin Zeyvə kəndində anadan olub. Gənc yaşlarında siyasi fəaliyyətə qoşulub, sonralar Rusiyada və İranda baş verən siyasi proseslərin təsiri altında kommunist hərəkatında iştirak edib. O, jurnalistika ilə də məşğul olur, siyasi və ictimai mövzulu yazılar yazıb.
1920-ci illərdə İranda kommunist siyasi təşkilatlarında fəaliyyət göstərib. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi fəaliyyətə başlayıb. Həmin ilin dekabrında Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub və Pişəvəri onun rəhbəri olub.
Milli Hökumət dövründə:
Azərbaycan türkcəsinin dövlət idarələrində və təhsildə istifadəsinə geniş imkan yaradılıb, məktəblərin və təhsil sisteminin inkişafına diqqət yetirilib, Təbriz Universitetinin yaradılması istiqamətində addımlar atılıb, torpaq və sosial məsələlər üzrə islahatlar həyata keçirilib, Azərbaycan Milli Məclisi fəaliyyət göstərib,yerli idarəçilik və mədəniyyət sahəsində dəyişikliklər edilib.
Bu hökumət Sovet İttifaqının siyasi və hərbi dəstəyinə ciddi şəkildə arxalanıb. İran hökuməti isə bunu ölkənin ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirib. 1946-cı ildə Sovet qoşunlarının İrandan çıxmasından sonra İran ordusu Azərbaycana daxil olub və Milli Hökumət süqut edib.
Pişəvəri və tərəfdarlarının böyük hissəsi 1946-cı ilin sonunda Sovet Azərbaycanına keçib. O, Bakıda yaşamağa başladı və siyasi fəaliyyətini burada davam etdirib. 11 iyun 1947-ci ildə Pişəvəri avtomobil qəzası nəticəsində həlak olub. Onun ölümü ilə bağlı sonrakı illərdə müxtəlif versiyalar irəli sürülüb.
Hadisənin qəza, yaxud sui-qəsd olması barədə mübahisələr bu günə qədər mövcuddur. Pişəvərinin irsi Azərbaycan tarixində iki fərqli baxışın kəsişdiyi mürəkkəb mövzudur. Bir tərəfdən o, Cənubi Azərbaycanda ana dilinin, təhsilin və yerli siyasi özünüidarənin genişləndirilməsinə çalışan milli-siyasi lider kimi təqdim olunur.
Digər tərəfdən, onun rəhbərlik etdiyi Milli Hökumətin Sovet İttifaqından güclü asılılığı və həmin dövrdəki geosiyasi şərait onun fəaliyyətinin qiymətləndirilməsini daha mürəkkəb edib. Bu səbəbdən Seyid Cəfər Pişəvərini yalnız “milli qəhrəman” və ya yalnız “Sovet layihəsinin rəhbəri” kimi təqdim etmək tarixi hadisələrin bütün tərəflərini əhatə etmir. Onun fəaliyyəti II Dünya müharibəsindən sonrakı İran–SSRİ münasibətləri, Azərbaycan məsələsi və Soyuq müharibənin başlanğıcı kontekstində araşdırılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
“Bir şair, bir şeir”də Fəxrəddin Teyyub və “Mənim öz həddim var”
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. Bu gün də şeir boğçamız doludur.
"Bir şair, bir şeir" rubrikamızın qonağı Fəxrəddin Teyyubdur.
Şeir “Mənim özhəddimvar” adlanır. Şairin həddi nədir? Qırmızı xətti haradan keçir? Burada şairliyin spesifikliyi rol oynayırmı?
Oxuyun, cavab tapacaqsınız.
FƏXRƏDDİN TEYYUB
MƏNİM ÖZ HƏDDİM VAR
Məni şux saxlayan qəlbin səsidi,
Özgənin səhvinin üstün örtmərəm.
Bu qürur, ləyaqət məsələsidi,
Heç vaxt çağrılmayan yerə getmərəm.
Saxta təbəssümə, gülüşə yadam,
Könlümdə bir söz var, desəm yeridir.
Elə ki, mənliyin qoruyur adam,
Sanır bu dünyanın bəxtəvəridir.
Mənim öz həddim var, həddi keçmirəm,
" Olmaz" lar ürəyə sancılan nizə.
Maraqsız adamam, araq içmirəm,
Dostlar, necə gəlim məclisinizə?
Çaşma, qolundakı gücü biləndə,
Səmimi adamlar xoş niyyət olur.
Adam hədd biləndə, ölçü biləndə,
Hər kəsin gözündə şəxsiyyət olur.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
“Maraqlı söhbətlər”də 6 ay özünə zülm edən aktyorun triumfu
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Yəqin ki bir çoxunuz “Pianoçu” filminə baxmısınız. Real hadisələr əsasında rejissor Roman Polanskinin çəkdiyi bu film, yəhudi əsilli məşhur polyak pianoçusu Vladislav Şpilmanın İkinci Dünya müharibəsinin ağır illərində almanlardan gizlənərək, 7 il ərzində yaşadığı dəhşətli hadisələrdən bəhs edir.
Maraqlısı isə Şpilmanın roluna dəvət alan Edrien Broudi ilə bağlıdır. Bu rola dəvət alan Edrien Broudi 1 ay ərzində 15 kiloqram arıqlamağa məcbur olur. Amma iş bununla qurtarmır. Bu rolu daha da dərindən öyrənmək üçün, Broudi insanlarla bütün sosial əlaqələri kəsir,o hətta öz doğmaları ilə ünsiyyət saxlamır, sevdiyi qızla belə görüşmür. O telefonunu da söndürərək, az qala gizləndiyi mənzildə hər gün məşq etdiyi təkcə pianino ilə qalır. O,rejissor Roman Polanskinin dəstəyi ilə, insanlarla ünsiyyət qurmaqdan və maddi nemətlərdən imtina edərək 6 ay tamamilə asketik həyat tərzini keçirir. Onun bu zəhməti isə hədər getmir. Bu rol ona dünya şöhrəti gətirir və kino tarixində ən gənc-29 yaşında “Oskar”mükafatına layiq görülür. Eyni zamanda filmin yaradıcı heyəti, başda ssenari müəllifi və rejissoru olmaqla saysız-hesabsız mükafata layiq görülülər.
Bu film həm də “Oskar”mükafatı ilə yanaşı, eyni zamanda “Qızıl Palma Budağı”na da layiq görülən yeganə film olur.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Unudulmaz aktyor, Xalq artisti Həsən Məmmədovun anım günüdür
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Siması hər kəsə tanışdır və doğmadır. Uşaqlıqdan onu Bəxtiyar kimi – “7 oğul istərəm” filminin qəhrəmanı kimi hər birimiz sevmişik, yaşa dolduqca onun digər filmlərini də maraqla izləmiş, harda onu görmüşüksə, Həsən Məmmədov oynayır, əla kino lacaq demişik.
Bəli, Azərbaycan SSR xalq artisti Həsən Məmmədov, unudulmaz aktyor. Bu gün onun anım günüdür, sevə-sevə xatırlayır, Allahdan rəhmət diləyirik.
Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Amma marağı kinoya, teatra olduğundan burada çox duruş gətirə bilməyib. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
Sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub, 1962-ci ildə oranı bitirib. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda işləyib. 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. O, elə həmin ildən kinoda da fəaliyyət göstərib. 50-dən çox filmdə çəkilib.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyir ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilir. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
Lətifə xanım (həyat yoldaşı) bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm, nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.
Yaxın dostu kino adamı Şeyx Əbdül Mahmudov deyib: “Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunub. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni? İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.
Filmoqrafiya
1. Böyük dayaq
2. Möcüzələr adası
3. Zirvə
4. Arşın mal alan
5. Yenilməz batalyon
6. İstintaq davam edir
7. İnsan məskən salır
8. Bir cənub şəhərində
9. Dəli Kür
10. Sevil
11. Yeddi oğul istərəm...
12. Axırıncı aşırım
13. Qızıl qaz
14. Gün keçdi
15. Nəsimi
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Əmək igidliyinə görə" medalı
- SSRİ Dövlət mükafatı
- Şöhrət ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkib. Ürəyindən ağır əməliyyat keçirib. 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Nə qədər ki, Qızıl Fondumuzda olan o filmlər var, Həsən Məmmədov da olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Xankəndi zəfərinin ölməz əsgəri: Şəhid Ceyhun Sadıqov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycanın müasir hərb tarixinə suverenliyimizin tam bərpası kimi həkk olunan 19-20 sentyabr 2023-cü il lokal antiterror tədbirləri, cəsur oğullarımızın polad iradəsi sayəsində cəmi 24 saata şanlı Zəfər ilə başa çatdı. Bu uca missiya uğrunda separatçıların yuvalarını darmadağın edən, öz ad günündən cəmi bir ay sonra şəhadət zirvəsinə ucalan və yaşının az olmasına baxmayaraq göstərdiyi müdrikliklə könüllərdə taxt quran qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Ceyhun Niyaməddin oğlu Sadıqovdur.
Həyatı, erkən illəri və şəxsiyyəti
Ceyhun Sadıqov 26 avqust 2002-ci ildə İmişli rayonunun Şahverdilər kəndində Niyaməddin kişinin və Hüsniyyə xanımın ocağında dünyaya göz açmışdır. Mil düzənliyinin bərəkətli torpaqlarında, ailənin və el-obanın vətənpərvərlik ruhu ilə böyüyən Ceyhun, daxilindəki mərdliyi ilə uşaqlıq illərindən diqqət çəkmişdir. O, orta təhsilini 4 saylı Yeni Balaxanı tam orta məktəbində almış, nizam-intizamı və nümunəvi davranışı ilə müəllimlərinin rəğbətini qazanmışdır.
Onu tanıyanların, yaxınlarının dilindən deyilən xatirələr Ceyhunun daxili dünyasının zənginliyindən xəbər verir. O, ətrafındakılara qarşı son dərəcə mehriban, qayğıkeş, lakin öz işində və hərbi andında bir o qədər ciddi hərbçi idi. Yaşının az olmasına rəğmən, verdiyi məntiqli qərarlar, ağırbaşlılığı və təmkinli xarakterinə görə dostları və yaxınları arasında ona hörmətlə "Ağsaqqal" deyə müraciət edilirdi. Çoxlu dostu olan və hər kəsin çətinliyinə birinci qaçan Ceyhun üçün hərb sənəti sadəcə bir peşə deyil, həyatının ən böyük sevgisi və amalı idi.
Xüsusi təyinatlı qüvvələrin polad biləyi
Müddətli həqiqi hərbi xidmət dövründə göstərdiyi yüksək fiziki dözümlülük, çeviklik və taktiki hazırlıq Ceyhunun gələcək taleyini ordunun ən elit zərbə qüvvəsi olan Xüsusi Təyinatlı Qüvvələrə bağladı. Xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər rütbəsi ilə davam etdirən Ceyhun, düşmənin kabusuna çevrilən xüsusi əməliyyatların sirlərinə dərindən yiyələndi. Çətin relyef şəraitində, hər anı risk dolu kəşfiyyat və hücum taktikalarında öz peşəkarlığı ilə komandir heyətinin tam güvənini qazandı.
Xankəndi döyüşləri və şəhidlik zirvəsi
19 sentyabr 2023-cü ildə Qarabağda konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başladılan lokal antiterror tədbirlərində Ceyhunun mənsub olduğu xüsusi təyinatlı bölmələr düşmənin əsas strateji istehkamlarının yarıb keçilməsi və Xankəndi istiqamətindəki gizli mövqelərin təmizlənməsi tapşırığını aldı.
MAHHXHQ – müddətdən artıq hərbi xidmət qulluqçusu Ceyhun Sadıqov Xankəndi istiqamətində gedən ən gərgin və şiddətli döyüşlərdə ön sıralarda vuruşaraq yüksək peşəkarlıq, şücaət və mərdlik nümayiş etdirdi. 20 sentyabr 2023-cü ildə, separatçı rejimin tam çökdüyü və təslim olduğu o tarixi əməliyyatın gedişində, hərbi hissə qarşısında qoyulmuş mühüm döyüş tapşırığını canı bahasına yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Subay olan gənc qəhrəmanın pak nəşi Bakı şəhərinə gətirilərək İkinci Fəxri Xiyabanda, böyük dövlət ehtiramı və izdihamla əbədiyyətə tapşırıldı.
Ölməzliyin rəsmi sənədi: dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq fərqi nümayiş etdirdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə və canı bahasına yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu MAHHXHQ əsgər Ceyhun Niyaməddin oğlu Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra yüksək dövlət mükafatları ilə təltif edilmişdir:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
"Vətən uğrunda" medalı
Ata ocağında Niyaməddin kişinin, Hüsniyyə ananın, bacıları Nübar və Nazlının, eləcə də bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq "Ağsaqqal" ləqəbli Ceyhun Sadıqovun şanlı xatirəsi indi azad Qarabağda, Xankəndidə dalğalanan üçrəngli bayrağımızın timsalında ucalır. Ruhun şad olsun, millətin qəhrəman oğlu!
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Xalq artistinin doğum günü
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hərdən adama elə gəlir ki o, bütün xalq artistlərini, xalq yazıçıları və şairlərini tanıyır. Amma əalində belə deyil. Xüsusən Naxçıvanda fəaliyyət göstərən və yüksək ad almış mədəniyyət xadimlərini əksərən tanımırıq. Məsələn, sizlərə desəm ki, bu gün xalq artisti Əzizağa Məmmədovun doğum günüdür, çoxunuz anlamayacaq ki söhbət kimdən gedir. Ampluasını isə ümumən bilməyəcəksiniz. Akytordumu, müğənnidirmi, kimdir görən?
Əzizağa Məmmədov 26 avqust 1957-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olub . Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib . O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.
Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. "Naxçıvan", "Batabat", "Nə gözəldir, Azərbaycan", "Üçrəngli bayrağım", "Azərbaycan oğluyam" və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur.
Təltif və mükafatları
- Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti
- Azərbaycan Respublikasının əməkdar artisti
- Azərbaycan Respublikasının xalq artisti
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Koçaryan Azərbaycana təhvil veriləcək? - Politoloq açıqladı
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Ermənistanın sabiq prezidenti Robert Köçəryan korrupsiya ittihamları ilə saxlanılıb. Belə ki, onun prezidentliyi dövründə Azərbaycanla bağlı Qarabağ siyasətində də mühüm rolu olub. Köçəryanın adı işğal dövründə Azərbaycana qarşı həyata keçirilən siyasət və ağır hadisələrlə bağlı tez-tez hallanıb. Bu səbəbdən onun həbsi Azərbaycanda da diqqətlə izlənilir. İndi cəmiyyətdə bir sual yaranır: Köçəryan Azərbaycana təhvil verilə bilərmi?
Məsələ ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən politoloq Oktay Qasımov bildirib ki, Ermənistanda keçmiş prezident, Qarabağ canisi Koçaryanın həbsi çox ciddi rezonans doğuran bir hadisədir və Paşinyan da seçki kampaniyası dövründə öz rəqibləri ilə haqq-hesab çəkəcəyini bəyan etmişdi:
"Gördük ki, bu proses davam edir. Onun əsas rəqibləri Koçaryan, Sarkisyan və Karapetyan da həbsdədirlər. Nəzərə alsaq ki, həm Koçaryan, həm də Sarkisyan keçmiş prezidentlərdir, Azərbaycan tərəfindən onların məsuliyyətə cəlb edilməsi tələb olunur. Onlar haqqında cinayət işləri qaldırılıb. Azərbaycan cəmiyyətində də belə bir istək var ki, bu şəxslər nə vaxtsa törətdikləri əməllərə görə Azərbaycanda mühakimə olunsunlar və layiq olduqları cəzaya çatsınlar. Bu, əlbəttə ki, Azərbaycan cəmiyyətinin istəyidir. Amma hazırda Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər normallaşmayıb, sülh müqaviləsi imzalanmayıb və digər hüquqi prosedurlar həyata keçirilməyib".
Müsahibimizin qənaətincə, yaxın bir neçə ildə Koçaryan, Sarkisyan və digər şəxslərin Azərbaycana təhvil verilməsi məsələsi real görünmür.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Mehriban Əliyeva – Zərif və incə diplomatiyası, düşünülmüş siyasəti ilə dünyanı heyrətləndirən dövlət xadimi
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin binaları təkcə memari incilər deyil, “Böyük Ürəy”in, “Böyük Sevgi”nin ünvanıdır
Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizə Birinci xanım İnstitutunun və Vitse-prezidentlik İnstitutunun qurucusu olaraq yazılan xanım Mehriban Əliyevanın çoxsaylı orden - medalları, fəxri adları və mükafatları olsa da, ikisinin bənzəri və əvəzi yoxdur. Onun biri “Qızıl Ürək” Beynəlxalq mükafatı, digəri isə Heydər Əliyev ordenidir.
Azərbaycan Mədəniyyət Fondunun, Heydər Əliyev Fondunun prezidenti, Rəqəmsal Şuranın sədri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi tarix yaradan xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin ünvanına səsləndirdiyi iki tarixi kəlamı var: “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!”, “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır!”. Artıq aforizmə çevrilən hər iki kəlamı tərəddüd etmədən iris və mirası ilə Seyid İmaddədin Nəsiminin “Bu camal, kamal ilə görüb səni, Qorxdular haqq deməyə döndülər insan dedilər!” nidasının ən gözəl örnəyi olan xanım Mehriban Əliyevanın özünün ünvanına səsləndirmək olar.
Mehriban Əliyeva: “Azərbaycan xalqı çox qədim, zəngin tarixə və mədəniyyətə malik xalqdır”
Soykökü, şəcərə dəftəri ilə ata tərəfdən Əfşarlar və Qacarlar İmperiyasına, ana tərəfdən Zəngəzur bəylərinə və Şirvan şahlarına bağlı olan xanım Mehriban Əliyeva milli mənlik və milli kimlik tariximizə qüdrəti, əzəməti ilə yazılan, tərcümeyi-halı ilə tarix yaradan qüdrətli Liderlərdəndir. Zərif və incə diplomatiyası, siyasi adam olmasa da, siyasətdə olan, incə siyasəti ilə dünyanın mizanını, düzənini dəyişən Siyasi xadimlərin siyahısında yer alan xanım Mehriban Əliyeva dəyərlərin əyarı olan Şah əsərləri ilə tarixə yön verənlərin sırasındadır, həm də. Sivilizasyaları, mədəniyətləri dialoqa, dinləri tolerantlığa səsləyən, zamanı gələndə silahları kitabların əvəz edəcəyinə inanan Azərbaycan Respublikasının Birinci vitse-prezdenti humanist prinsipləri, mərhəmət və məhəbbət dolu duyğuları ilə qloballaşan, müharibələrin və kataklizmlərin burulğanında əriyən dünyanın nicatını birlikdə, bütövlükdə gördüyündəndir ki, “Görəsən, insanları bir-birini dinləməyə və anlamağa nə mane olur?” sualı, “Azərbaycan xalqı çox qədim, zəngin tarixə və mədəniyyətə malik xalqdır” düşüncəsi ilə Beynəlxalq humanitar forumlara, konfranslara təkcə sərmayə ayırmır, onların təşkilat komitəsinin sədri, ideya müəllifi kimi ağır yükün altına çiynini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezdentinin ölkəmizdə və onun hüdudlarında gerçəkləşdirdiyi layihələr təkcə ölkəmizin Beynəlxalq nüfuzunun artırılması, dəyərlərimizin dünyanın maddi-mədəni irsi siyahısına yazılması ilə müşayiət olunmur, ümumbəşəri prinsiplərə töhfələr olmaqla yanaşı, həm də dəyərlərin əyarı olan xeyirxahlıq, yaxşılıq kimi duyğuların təbliğinə təkan verir.
Məhəbbətin, mərhəmətin, sadəliyin əzəməti, ülviyyətin gözəlliyi ilə yeni dünya düzəni yaradır
Mədəniyyət hər bir xalqın yaddaşına çəkilən illüstrasiya, rənglər, duyğular, sevgilər harmoniyasıdır. Genetik kodların diktəsi ilə formalaşan humanist prinsiplər, mənəvi dəyərlər, insanları tolerantlığa, sivilizasiyaları və mədəniyyətləri dialoqa səsləyən duyğular bütövlükdə dünyanın bağına, daha doğrusu Yaradanla yaradılışın, Tanrı ilə insanın ilgisinə çevrilir.
“Mədəniyyət və incəsənət hər bir xalqın dünyaya özünü təqdim etmək üçün vizit kartıdır!”, “Dürüstlük, mərhəmət və yaxşı əməllər xoşbəxtliyə və harmoniyaya aparan yoldur!” düşüncəsi ilə tarix yaradan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti yaddaş saxlancı, genetik kodları ilə bu düşüncənin yaranmasına, inkişafına töhfələr verən, boy və soy müqəddəsliyinə bağlıdır. Elmi-irfan bulağından içən, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən qüdrətli Sərkərdə-xaqanların, ədiblərin, fikir və düşüncə sahiblərinin irsinə bağlı olan xanım Mehriban Əliyeva bu səbəbdəndir ki, bütün həyatını bir amal üzərində qurub: Məhəbbət, Mərhəmət, Sadəlik və Səmimiyyət! Sadəliyin əzəmətini, Səmimiyyətin ülviyyətini yaşayan xanım Mehriban Əliyeva qüdrətli ictimai-siyasi xadim, təbib-filosof kimi hansı layihəyə imza atmasından asılı olmayaraq məhz bu qeyd olunan faktlardan çıxış edir. Məhəbbətin, mərhəmətin, sadəliyin əzəməti, ülviyyətin gözəlliyi ilə yeni dünya düzəni yaradır.
Hacı Zeynalabdin Tağıyev: “Mənim xalqım vəhşi deyildir. Onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!”
Deyirlər, bütün həyatını, sərvətini millətinin maariflənməsi, cəhalətdən qurtuluşu kimi müqəddəs amala həsr edən Hacı Zeynalabdin Tağıyev çar Nikolayın tacgüzarlıq mərasiminə dəvət olunur. Tağıyevi Qafqazlı geyimində, qiyafəsində görən protokol nümayəndəsi düşünür ki, bu qiyafəli bir qafqazlı yəqin ki, rus dilini bilməz. Bu səbəbdən də Tağıyevi təqdim edərkən deyir: “Tağıyev, vəhşi xalqın nümayəndəsi!” Tağıyev Çarın hüzurunda sərt bir baxışla dönür, protokol nümayəndəsinə baxır və deyir: “Mənim xalqım vəhşi deyildir. Onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” Tağıyevin bu sərt baxışı, kəskin cavabı Çara xoş təsir bağışlayır. Həmin anda göstəriş verib protokol nümayəndəsini saraydan sürgün edir…
Bakıya qayıtdıqdan sonra Tağıyev Azərbaycanda ilk teatr binasını tikdirir, Aleksandra qız məktəbinin təməlini qoyur, “Kaspi” mətbəəsini satın alıb milli mətbuatı milli məfkurənin, milli məfkurəni milli dövlətçiliyin təməl prinsipinə çevirənlərin Ruhunun Atasına dönür. Nəticə etibarı ilə 1918-ci ilin mayında Şərqin ilk Demokratik Cümhuriyyəti qurulur.
Cəsarət və ləyaqətlə Ulu Öndər irsinə, onun azərbaycançılıq məfkurəsinə sədaqətini nümayiş etdirir
Cümhuriyyət Bolşeviklərin güdazına getdikdən sonra Şura Hökuməti illərində Sovet Azərbaycanını müasir, Müstəqil Azərbaycanın təməl daşına çevirən Ulu Öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət idarəçilik təliminin əsasına çevirməklə tarixlə müasirlik arasında körpü olur. 1991-ci ildə Müstəqillik Aktına imza atan Azərbaycan Ulu Öndərin Siyasi hakimiyyətə qayıdışından sonra yeni dünya düzəninə inteqrasiya yolunu tutur. Ulu Öndərin siyasi kürsülərdəki mücadiləsini “İqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik!” nidası ilə siyasi və mənəvi varisi cənab İlham Əliyev, Zərif diplomatiyasını, incə siyasətini isə “Mədəniyyət və incəsənət hər bir xalqın dünyada özünü təqdim etmək üçün vizit kartıdır” hikməti ilə xanım Mehriban Əliyeva onunla birlikdə inkişaf etdirir. 1994-cü ildə təməli qoyulan Azərbaycan Mədəniyyət Fondu mədəniyyətimizin kompleks şəklində təbliğinə, ümumbəşəri dəyərlər xəzinəsinə inteqrasiyasına stimul olur.
Dünyanın nəhəng dövlətlərində, mədəniyyət paytaxtlarında keçirilən “Azərbaycan Günləri” Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi, Mövlana Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Səttar Bəhlulzadə kimi qüdrətli simalar yetirən Azərbaycanın əzəmətini dünyaya yeni biçimdə təqdim edir. Ölkəmizlə bağlı təqdimatlarda bilavasitə iştirak və çıxış edən Azərbaycanın Birinci xanımı cəsarət və ləyaqətlə Ulu Öndər irsinə, onun azərbaycançılıq məfkurəsinə sədaqətini nümayiş etdirir.
Heydər Əliyev iradənin gücü, xarekterin əyilməzliyi ilə tarix yaratdı, o tarixin yaddaşına qüdrəti, əzəməti ilə yazıldı
Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev bütün həyatını məsub olduğu millətin, məmləkətin tərəqqisinə, Əbədi İstiqlalının təmin olunmasına həsr etdi. Siyasi hakimiyyətinin hər iki mərhələsində irsi və mirası ilə milli kimlik tariximizdə mühüm rol oynayan qüdrətli simaların adının, xatirəsinin əbədiləşdirilməsi, abidələrinin ucaldılması haqqında qərarlar alıb, sərəncamlar imzaladı. Şah İsmayıl Səfəvidən, Səfəvilər İmperiyasından 500 il sonra ana dilinin konstitusyada təsbit, hilallı, ulduzlu, üçrəngli bayrağımızın dövlət rəmzi olaraq təsdiq edilməsi, “Kitabi Dədə-Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi, tarixi simalarla bağlı filmlərin çəkilməsi, Nəriman Nərimanovun, Nəsiminin, Üzeyir bəyin, Səməd Vurğununun abidələrinin ucaldılması ilə yanaşı nüfuzlu qələm sahiblərinin ev muzeylərinin qurulması hadisə olmaqla yanaşı, tarixi və tarixi şəxsiyyətlərə münasibətin göstəricisi idi.
Ulu Öndər Heydər Əliyev iradənin gücü, xarekterin əyilməzliyi ilə tarix yaratdı, o tarixin yaddaşına qüdrəti, əzəməti ilə yazıldı. Ən çətin məqamda, ağır zamanda belə onu sınıb, əyilən görən olmadı. Cəmi üç dəfə bütün dünya onu qəhər , kədər və gözyaşı içində gördü. Onun biri və birincisi Moskvada Zərifə xanım Əliyeva ilə vida mərasimi, ikincisi Bakıda onun məzarı üzərində ucaldılan abidəsinin açılışı zamanı yaşanmışdı. Ulu Öndər Heydər Əliyev üçün Zərifə xanım təkcə sevginin ünvanı deyildi. Övladlarının anası, nəvələrinin nənəsi, həm də Əziz Məmmədkərim oğlu Əliyev kimi qüdrətli dövlət xadiminin yadigar idi...
Ulu Öndər Heydər Əliyev Səməd Vurğunun “Azərbaycan” şeirini başqa hərarət və təravətlə deyərdi. Ağrıya-ağrıya, göynəyə-göynəyə, kövrələ-kövrələ. O ağrıda Savalanın nisgili, İrəvanın gileyi, Borçalının kədəri, Dərbəndin həsrəti vardı. Heydər Əliyevi biz üçüncü dəfə birdə ancaq “Azərbaycan” şeirini deyərkən kövrəlib qəhərlənən görmüşdük!
Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrlə təkcə Ulu Öndər irsinə ehtiramını nümayiş etdirmir, onun adını, imzasını tarixə həkk edir
Azərbaycan Respublikasının Birinci vitse-prezdenti , Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə ölkəmizdə və yer üzündə qurulan, təməli qoyulan, təmir-bərpa edilən çox, lap çox abidələr var. İkisindən isə yoxdur. Dünya memarlığının Şah əsəri hesab olunan Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin binaları təkcə memari incilər deyil, “ Böyük Ürəy”in, “Böyük Sevgi”nin ünvanıdır. “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!”, “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrıdan tale payıdır!” nidası ilə Heydər Əliyev irsinə və şəxsiyyətinə sevginin əlaməti olaraq əzəmətli abidələr ucaldan xanım Mehriban Əliyeva bu rəsmi qurumların xətti ilə ölkəmizdə və dünyada gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə təkcə Ulu Öndər irsinə sədaqətini, ehtiramını nümayiş etdirmir, hər gerçəkləşən layihə ilə onun adını, imzasını daşa, yaddaşa, xatirə lövhələrinə və kitablarına həkk edir. Altından isə Ulu Öndərin ruhunu şad edəcək bir imza qoyur – Mehriban Əliyeva!
Heydər Əliyevin irsi və şəxsiyyəti ilə bağlı bütün yazıları adətən qürur hissi ilə bir fikrlə bitirərəm: “Ulu Öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. Təhlükəsizlik orqanlarında ən kiçik rütbədən və vəzifədən ən alisinə qədər yüksəlmişdi. Bu ölkədə kimin, xüsusi ilə hansı fikir, düşüncə və qələm sahibinin nə ilə nəfəs aldığını hamıdan yaxşı, deyərdim ki, daha yaxşı bilirdi. Sarayına sultanı, varislərinə ananı, nəvə- nəticələrinə nənəni seçəndə övlad məhəbbəti ilə yanaşı, Mir Cəlal təmizliyini, Nəsir İmanquliyev əzəmətini, Aida İmanquliyeva ülviyyətini, Arif Paşayev özəlliyini də şübhəsiz ki, nəzərə almışdı.
Mir Cəlal: “Kölgədə bitən ağacın, kölgəsi olmaz!”
Ölkənin Birinci vitse-prezdentinin ata babası Mir Cəlalın iki qüdrətli kəlamı var: “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!”, “Kölgədə bitən ağacın, kölgəsi olmaz!”. Ədəbiyyatı ədəbiyyatşünaslardan gözəl bilən Ulu Öndər bir Lider kimi kölgədə bitən ağac olmadığını, SSRİ boyda nəhəng dövlətdə ən Böyük Ağac – “Kölgəlicə Qaba” ağac olduğunu sübut etməklə yanaşı, ən böyük nailiyyətinin ailəsi, ən qiymətli əsərinin də övladları olduğunu dünyaya nümayiş etdirdi. Zərifə xanımla vida zamanı tökülən gözyaşı, Klivlend xəstəxanasından xalqına ünvanlanan “Mən İlham Əliyevə özüm qədər inanıram!” “Azərbaycan xalqının taleyi etibarlı əllərdədir!” nidası dediklərimizə əyani sübutdur.
2003-cü ildən üzü bu yana Azərbaycanın taleyi Ulu Öndərin qeyd etdiyi kimi Etibarlı Əllərdədir! O əllərin sahibləri 44 günlük Vətən Müharibəsindən sonra Tarixi Zəfərə imza atan, yaddaşlara Nadir şah Əfşardan 300 il sonra Qələbə memarı kimi yazılan Qurucu İlham və Mehriban kimi yazılan, qanadlarını Qartal Azərbaycanın üstünə elə Qartal kimi sərən Liderlərdir. Ulu Öndərin irsindən, azərbaycançılıq məfkurəsindən güc alan Liderlər ürək ürəyə, kürək kürəyə söykənib “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!” nidası ilə tarix yaradırlar.
Təməlini qoyduğu Heydər Əliyev Fondu ilə Azərbaycanın vizit kartına çevrilən Böyük adam
Bu gün onun günüdür! İçərişəhər və Şirvanşahlar saray kompleksini, Qobustanın qayaüstü abidələrini, Atəşgah məbədini, Azərbaycan muğamlarını, tarı, sazı, qavalı, Azərbaycan xalısını, Basqal kəlağayısını, Çələbi xalısını, Çövkən oyunlarını dünyanın maddi – mədəni irsi siyahısına yazdıran, “Vaqif poeziya günləri”nə, “Xarıbülbül musiqi festivalı”na yeni nəfəs verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın!
Onu Ulu Öndər günü, Mir Cəlal günü, Bakı şəhərinin “Bakı” və “Baku” adında aynasını yaradan Nəsir İmanquliyev günü, Şamaxıdakı malikanəsində 150 il öncə Muğam Mərkəzi qurub, sənəti, mədəniyyəti himayə edən Mahmud ağa günü, “Siz deyirsiniz ki, mənim xalqım satqındır, mən onu qəbul edə bilmərəm! İstefa edərəm! Xalqıma şər-böhtan atanlarla bir kürsüdə əyləşmərəm!” nidası ilə Bakı Şəhər Dumasını tərk edən Həbib bəy Mahmudbəyovun, “Azərbaycan sərhədlərinin təhlükəsizliynə məsul olan bir şəxs varsa, o da mənəm! Kimsə bizim torpaqlarda bizə meydan oxuya bilməz!” cəsarəti ilə general Tomsonun üstünə yeriyən Cümhuriyyətin ilk Hərbi naziri Xosrov bəy Sultanovun, Andranik Ozanyana Qanlı dərədə dərs verən Laçınlı Sultan bəyin, Milli Firqənin qurucusu kimi Güney Azərbaycanın Türk-Azərbaycan torpağı olduğunu dünyaya nümayiş etdirən Seyid Cəfər Pişəvərinin günü kimi də qəbul etmək olar. Bu gün həm də “Azərbaycan və Heydər Əliyev bir-birinə bağlı qırılmaz tellərdir!”, “Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Bu ən dəhşətli haldır!”, “ Dəyər və ləyaqət hər şeydən üstündür” düşüncəsi ilə insanlara doğru, düz olan yolu göstərən, bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan, təməlini qoyduğu Heydər Əliyev Fondu ilə özünün dili ilə desək Azərbaycanın vizit kartına çevrilən Böyük adamı – xanım Mehriban Əliyevanı duyanların, anlayanların, onun açdığı cığırla addımlayanların, gördüyü hər bir işə məsuliyyət və ləyaqətlə yanaşanların günüdür!
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)
Azərbaycan Respublikasının birinci vitse prezidentinin doğum gününə
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Müdrik, uzaqgörən, dərin dərrakəli xanımdır. Xeyirxah və mərhəmətlidir, insanları sevindirməyə tələsir. Daxili dünyasının zənginliyi çöhrəsində nura çevrilib onu daha da işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır…
Deyir ki:- “Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar olmuşlar. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, sonda həmin institututa rəhbərlik etmişdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum…”
Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Rənglərin uyğunluğuna, nizam-intizama önəm verir, qarışıqlığı, səliqəsizliyi sevmir…
…İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir…
“Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram…”- söyləyir.
Son dərəcə diqqətlidir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Düşünmədən heç zaman qərar vermir. Qərar verdisə, tərəddüt etmədən həyata keçirməyə tələsir. Soyuq, biganə deyil, son dərəcə həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır…
Deyir ki:- “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır…”
Dövlətini, xalqını sevən, vətənpərvər xanımdır. Dünyada mövcud olan 200-ə yaxın müstəqil dövlətin sırasında Azərbaycanın da olmasından qürur duyur…
“Biz 34 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır…”- söyləyir.
Onun haqqında çox danışa bilərdim, amma yaxşı bilirəm ki, barəsində söhbət açdığım Mehriban xanım Əliyevanı ölkəmizdə hamı yaxşı tanıyır. Onu sevir, ona inanırlar. 1964-cü ilin avqust ayının 26-da anadan olub. Dünyaya gəlişi həftənin üçüncü gününə təsadüf edir. Həftənin 3-cü günü isə Merkuri planetinin təsiri altında olduğundan Mehriban xanım fitrətdən yüksək mənəvi zənginliyə, iti zəkaya malikdir. İnsanlarla ünsiyyət qurmağı rahat bacarır. Çevik və ürəyiyanan insandır. Sürətli düşünmə qabiliyyəti var, hər cür yeniliyə tez uyğunlaşır. Xarici görünüşünə və geyim tərzinə diqqət etməyi xoşlayır. Gözəl zövqlü xanımdır, təbii gözəlliyə üstünlük verir...
...Bu gün ölkəmizin birinci vitse prezidentinin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)


