“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bölgələrdəki tələbələr mədəniyyət tədbirlərini böyük sevinclə qarşılayırlar. Axı onlara bu cür tədbirlərdə iştirak edib bu sevinci yaşamaq tez-tez nəsib olmur...
3 aprel tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecində tələbə və müəllim heyətinin iştirakı ilə Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, Vətən müharibəsinin iştirakçısı və tanınmış yazıçı Mahir Hüseynlə maraqlı görüş təşkil olundu.
Tədbirin əsas qayəsi gənclərdə vətənpərvərlik ruhunun aşılanması və müasir Azərbaycan ədəbiyyatı ilə tanışlıq idi.
Görüş zamanı müəllifin real döyüş xatirələri və qəhrəmanlıq salnaməsi əsasında qələmə aldığı "Müharibə şəkli" kitabı ətrafında geniş müzakirələr aparıldı.
Zabit-yazıçı Mahir Hüseyn çıxış edərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qazanılan tarixi zəfərin pərdəarxası məqamlarından, əsgər və zabitlərimizin göstərdiyi rəşadətdən bəhs etdi. Müəllif qeyd elədi ki, bu kitab təkcə müharibənin xronikası deyil, həm də Azərbaycan əsgərinin mənəvi gücünün təcəssümüdür.
Tədbir interaktiv dialoq formatında davam etdi. Kollecin tələbə və müəllim heyəti tərəfindən ünvanlanan çoxsaylı suallar müəllif tərəfindən ətraflı şəkildə cavablandırıldı. Xüsusilə gənclərin kitabda yer alan obrazlar və real döyüş hadisələrinə göstərdiyi böyük maraq görüşün emosional yükünü daha da artırdı.
Görüşün sonunda kollec daxilində mütaliə mədəniyyətinin təşviqi məqsədilə keçirilən "Kitabqurdu" müsabiqəsinə də yekun vuruldu. Müsabiqədə fərqlənən və ən çox mütaliə edən tələbələr kollec rəhbərliyi və qonaq Mahir Hüseyn tərəfindən mükafatlandırıldı.
Bu cür tədbirlərin təşkil olunması tələbələrin həm intellektual inkişafına, həm də milli-mənəvi dəyərlərə sadiqlik ruhunda yetişməsinə xidmət edir. Bu öz yerində. Amma daha çoxusu isə kitabla, mədəniyyətlə bağlı tədbirlər yüksək mədəniyytə malik gənc nəslin yetişməsinə bir vəsilə olur. Bu səbəbdən də mədəniyyət xadimlərinə Bakının işıqlı zallarında, salonlarındakı rahat tədbirlərdən qopub bölgələrə səfər etmələri arzu edilir.
“Ədəbiyyat və incəsənət”
(04.04.2026)


