İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən əsr Azərbaycan ədəbiyyatı, elmi və maarifçiliyi barədə kifayət qədərmi bilirik? Elə isə, bəs niyə Səlim Rəfiq Rəfioğlu ismi bilərə tanış deyil? İndi mən onun barəsində sizləri məlumatlandıracağam və təsdiqləyəcəksiniz ki, haqqında bilmək, onu təbliğ etmək vacibdir.
Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Gəncənin məşhur Rəfibəylilər ailəsinə mənsub olan Səlim Rəfiqin babası Hacı Məmmədhüseyn Rəfiyev yaxşı təhsil görüb, şeir və ədəbiyyatla məşğul xeyirxah bir tacir olub. Səlim Rəfiq Rəfioğlunun atası Məşədi Əli Məmmədhüseyin oğlu Rəfiyev 1 iyul 1880-ci il tarixində Gəncədə doğulub, Türkiyə Cümhuriyyəti vətəndaşlığını qəbul edib. Səlim Rəfiq ailənin üçüncü övladıdı.
İbtidai və orta təhsilini doğulduğu Gəncədə tamamlayan Səlim Rəfiq Rəfioğlu, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirib. Atası Məşədi Əli bəy oğlu Səlim Rəfiqi yanına çağırıb. Səlim Rəfiq Rəfioğlu 1930-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinə, paralel olaraq Yüksək Müəllim Məktəbinə daxil olub. İstanbul Universitetində türkologiyanın məşhur simalarından dərs alan gələcək ədibin müəllimlərindən biri Azərbaycanın mühacir alimi, professor Əhməd Cəfəroğlu olub.
O, 1931-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığına qəbul edilib. Təhsilini 1933-cü ildə tamamlayan İstanbul Universitetinin Ədəbiyyat fakültəsindən və Yüksək Müəllim Məktəbindən məzun olub. İstanbul Universitetində məzun dissertasiyasını Prof. Ragıp Hulusinin (Özdem) elmi rəhbərliyi ilə, "Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" mövzusunda hazırlayıb.
Səlim Rəfiq Rəfioğlu, 1934-cü ildə Antalya Liseyində ədəbiyyat müəllimi kimi vəzifəyə başlayıb. Antalyadakı vəzifəsindən sonra Malatya, Bursa və İstanbulda müəllimlik edən Səlim Rəfiq 1962-ci ci ildə öz istəyi ilə təqaüdə çıxıb. 1945-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsində prof. dr. Əli Nihat Tərlanın rəhbərliyi altında Məhəmməd Füzulinin həyatı yaradıcılığı haqqında doktorluq dissertasiyası yazıb və burada şairin ədəbi irsini sistemli şəkildə təhlil obyektinə çevirib.
Bu əsər M. Füzuli haqqında yazılmış ilk doktorluq dissertasiyalarından biridir. "Füzuli" başlıqlı bu dissertasiya ilə "Ədəbiyyat doktoru" elmi dərəcəsini alan Səlim Rəfiq Rəfioğlu, təəssüf ki, universitetə işə alınmayıb, uzun illər liseylərdə ədəbiyyat müəllimi kimi çalışıb. Dissertasiyanın yeganə nüsxəsi İstanbul Universiteti Türkiyyat İnstitutu Kitabxanasında (305 nömrə) saxlanılır. Səlim Rəfiq Rəfioğlu 4 aprel 1980-ci ildə İstanbulda vəfat etmiş, Ferikənd İslam Məzarlığında dəfn olunub.
Səlim Rəfiq 1968-ci ildə Azərbaycana getmək üçün SSRİ-dən viza ala bilib, ana vətənini qırx il sonra ziyarət edə bilib. Azərbaycanda olduğu dönəmdə Gəncədə ailəsi və qohumları ilə görüşüb. O, həmçinin Bakıda Azərbaycanın görkəmli alimləri Həmid Araslı, Abbas Zamanov, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Qasım Qasımzadə ilə şəxsən tanış olub və fikir mübadiləsi aparıb. Elmi yaradıcılığa İstanbul Universitetində oxuduğu dönəmdə başlayıb.
Onun "Son dövr azəri ədəbiyyatı" adlı ilk məqaləsi 1932-ci ildə Əhməd Cəfəroğlunun baş redaktoru olduğu "Azərbaycan Yurt Bilgisi" adlı dərgidə çap olunub. Bütövlükdə onun "Azərbaycan Yurt Bilgisi" dərgisində beş yazısı yayınlanıb. Sonralar məqalələrini çeşidli dərgilərdə və qəzetlərdə dərc etdirib. Bu yazılarında da ağırlıqlı olaraq Azərbaycan ədəbiyyatını, folklorunu mövzu olaraq araşdıran Səlim Rəfiq Rəfioğlu ədəbi-elmi mübahisələrə qoşulub.
Alimin bu səpkili əsərlərinin ən mühüm örnəyini 1939-cu ildə Bəkir Çobanzadə, 1941-ci ildə isə Əhməd Cəfəroğlunu tənqid edən və kitab halında nəşr olunan iki əsəri təşkil edir. Bəkir Çobanzadənin 1928-ci ildə yazdığı yazıya Səlim Rəfiq Rəfioğlunun 1939-cu ildə cavab verməsi maraqlıdır. Çünki bu tarixlərdə Bəkir Çobanzadə, Azərbaycanda Stalinin əmri ilə başladılan ziyalı qətliamında güllələnib.
Çox ehtimal ki, Səlim Rəfiq bəhs olunan kitabı çox gec əldə edib və Bəkir Çobanzadənin öldürüldüyündən də xəbərsiz olub. Antalyada müəllimlik etdiyi illərdə Antalya Xalq Evinin Dil, tarix və ədəbiyyat şöbəsinin idarə heyətinə üzv seçilən Səlim Rəfiq burada folklor örnəkləri (dastan, mani, atalar sözləri və s.) toplayıb.
Onun elmi məqalələrinin bir qismi "Türk Akdəniz", "Çağlayan" (Antalya), "Oluş" (Ankara), "Uludağ" (Bursa), dərgilərində, "Ülkü" məcmuəsində, "Yeni sabah" və "Təsviri-əfkar" (İstanbul) qəzetlərində yayımlanıb. Səlim Rəfiq Rəfioğlunun Türkiyə kitabxanalarında kitab halında altı əsəri vardır. Bunlardan üçü nəşr olunub, digər üçü isə makina ilə yazılıb və cildlənərək kitab halına gətirilmişdır. Həmin əsərlər bunlardır:
1. "Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" (İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Basılmamış Məzun Tezi, Elmi rəhbər: Ragıp Hulusi (Özdem), İstanbul, 1933). Əsərin makina nüsxəsi İstanbuldakı Beyazid Dövlət Kitabxanasındadir. Tədqiqatçı araşdırmada təhlil obyektinə çevirdiyi mətnləri mövzu baxımından altı qrupa ayırıb:
1) Eşq hekayələri, 2) Saz şairləri ətrafında təşəkkül edən hekayələr, 3) Tarixi hekayələr, 4) Qəhrəmanlıq hekayələri, 5) Heyvanlar haqqında hekayələr, 6) Sərgüzəşt hekayələri. Müəllif ayrı-ayrı hekayələrin qısa xülasələrini verdikdən sonra bunlar arasındakı mövzu və motiv fərqlərinı göstərir. Bu müqayisə nəticəsində şifahi ədəbiyyat nümunələrinin nə kimi dəyişikliklərə uğradığını üzə çıxarır.
2. "Fuzuli". Nəşr olunmamış doktorluq dissertasiyası, Elmi rəhbər: Əli Nihat Tərlan, İstanbul Universiteti Ədəbiyyat fakültəsi Türk dddili və ədəbiyyatı bölümü, 1942–1945, 315 s.
Bu əsərin yeganə nüsxəsi İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutu Kitabxanasında (305 nömrə) saxlanılır. Müəllifin 1945-ci ildə bitirdiyi, ancaq 1948-ci ildə müdafiəs etdiyi dissertasiyasının mündəricatı aşaıdakı bölümləri əhatə edir:
"Bir neçə söz", "Fihrist", "Füzulinin həyatı", "Füzulinin elmi", "Füzulinin eşqı", "Füzulinin təsiri və şöhrəti", "Füzulinin biblioqrafiyası". Füzulinin həyatı haqqında çox az məlumat olduğunu bildirən tədqiqatçı:
"Əski qaynaqlar onu bu baxımından ihmal etmişdir. Bundan dolayı Füzulinin məsələn, şəcərəsi, ailəsi, çocuqluğu və gəncliyi haqqında demək olar ki, heç bir qeydə təsadüf edilib. Bunlar bizim üçün yalnız böyük bir itki deyil, eyni zamanda acı bir həqiqətdir" – qənaətinə gəlir
3. "Divan ədəbiyyatının məhəlli və ictimai motivləri" İstanbul:1948–1953. Klassik ədəbiyyatımız haqqındakı 690 səhifəlik bu çalışmanın makina ilə yazılmış bir nüsxəsi İstanbuldakı Beyazid Dövlət Kitabxanasındadır. Müqəddimədə müəllif əsərin yazılma səbəbini belə izah edir:
"Qayəmiz divan ədəbiyyatının işlənməmiş, hətta inkar edilmiş çox mühüm bir sahəsi haqqında ciddi araşdırma və incələmələrə söykənərək yeni bir əsər yazmaq surətilə türk mədəniyyətinə xidmət etməkdən ibarətdir".
4. "Professor Bəkir Çobanzadəyə cavab". İstanbul: Burhanettin Matbaası, 1939, 23 s. Bu broşürada Səlim Rəfiq professor Bəkir Çobanzadənin 1930-cu ildə Bakıda Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu tərəfindən nəşr olunmuş "Son dövr Azəri ədəbiyyatının yeni dövrü – Nationalismdən internationalismə" əsərini tənqid edib. Həmin əsər yazılanda artıq Bəkir Çobanzadə repressiya qurbanı kimi güllələnmişdi, lakin əsərdən aşkar duyulur ki, Səlim Rəfiq bu hadisədən xəbərsiz olub.
"Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" (1941) adlı kitabının sonunda "Müəllifin basılacaq əsərləri" başlığı altında Səlim Rəfiq Rəfioğlunun 12 əsərinin adı verilib, hətta bunların bəzilərinın məzmunundan da bəhs olunub
1. Azərbaycan divan ədəbiyyatı antologiyası;
2. Ədəbi yenilik antologiyası;
3. Azərbaycan saz şairləri antologiyası;
4. Azərbaycan xalq ədəbiyyatı antologiyası;
5. Azərbaycan şairləri
6. Azərbaycan alimləri;
7. Anadolu və Azərbaycan xalq hekayələrinin təhlili və müqayisəsi
8. Azərbaycan ədəbiyyatında vəzn və nəzm şəkilləri
9. Tədqiqlər və tənqidlər;
10. Vaqif (monoqrafiya);
11. Böyük türk ədibi Mirzə Fətəli (monoqrafiya)
12. Azərbaycan ədəbiyyatı tarixi
Bu siyahıda yeddinci sırada olan "Anadolu və Azərbaycan xalq hekayələrinin təhlili və müqayisəsi" adlı araşdırma Səlim Rəfiq Rəfioğlunun universitetdə hazırladığı buraxılış dissertasiyasıdır. Ancaq indiyə qədər üç kitabı və makinada yazılmış halda üç əsərindən savayı kitab halında bir əsərinə təsadüf olunmayıb.
Məqalələri
1. "Son Devir Azeri Edebiyatı"
2. "Türkiye Metbuatında Mehmet Hadi’nin Şiirleri"
3. "Azerbaycan Deyelerine Dair"
4. "Azeri Halk Edebiyatında Deli Alı Destanı"
5. "Nigâristanlı Âşık Sadık’ın Bir Şiiri"
Kitabları
1. Profesör Bekir Çobanzade’ye Cevap
2. Profesör Ahmet Caferoğlu’nun Eserlerinde Görülen Hatalar: Bir İlave — Bir Düşünce — Bir Cevap
3. Azerbaycan Edebiyatı – Seçilmiş Mısralar
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.04.2026)


