O, uşaqların sevimlisi idi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onunbirhekayəsinindərinmənavə düşündürmə gücü gəncnəslinvətənməhəbbətinin, valideynmüqəddəsliyinin, təbiətinəvəzsiznemətkimidəyərinindərkində böyükəhəmiyyətivardır. İnsandanköməkuman, qayğıyamöhtaccanlı aləmə həmişə həssasyanaşmağı, anatəbiətə onunhərbircanlı-cansızhissəsinə diqqətlə, duyğuilə yanaşmağı, onuqorumağı, qayğısını çəkməyiinsanlıqborcukimiuşaqlaraaşılayan, anladanmüəllifinhumanizmi, ülviməramı bütünhekayələrində işıqlı biruşaqdünyası qurur.

 

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olub. O Bakıda 31 saylı məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1949–1954-cü illərdə bakalavr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb. Sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir, "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olub.

İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunub. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləyib. Bədii tərcümə ilə də məşğul olub. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görüb. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunub.

Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat edib. Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunub) təsis edilib.

 

Əsərləri

1. Yola çıxıram

2. Mənim kürəkənim

3. Dibçək

4. Buzovna qayaları

5. Utancaq oğlan

6. Açıqdır pəncərəm

7. Alpinistlər

8. Meşədə səs

9. Qızımın sualları

10. Dalğalar

11. Kəpənək gözəlliyi

12. Ana qucağı

13. Ulduzlar, düşüncələr

14. Gecə qapı döyülür

15. Yerə dağılan muncuqlar

 

Azərbaycan uşaq ədəbiyyatının, uşaq mətbuatının inkişafında Tofiq Mahmudun xidmətləri əvəzsizdir. Ömrünün sonuna qədər rəhbərlik etdiyi "Göyərçin jurnalı”nda uşaqların, gənclərin təlim-tərbiyəsinə həssas münasibət bəsləyən şair, publisist, yazıçı Tofiq Mahmudun öz əsərlərində də sevgi, həyat eşqi, gözəllik, vətənpərvərlik duyğuları sonsuzdur. Bu təsadüfi deyildi, çünki onun özü son dərəcə işıqlı, nurlu, kövrək,  uşaq kimi təmiz insan olub. İstər şeirlərində, istərsə də hekayə və povestlərində onun işıqlı ömrünün amal və məramlarını görmək çətin deyil.

Uşaqlar və gənclər üçün yazdığı "Yola çıxıram", "Dibçək", "Buzovna qayaları", "Açıqdır pəncərəm", "Alpinistlər", "Meşədə səs", "Ana qucağı", "Qızımın sualları", "Dalğalar", "Ulduzlar", "Düşüncələr", "Kəpənək gözəlliyi", "Bu işıqla qalacağam", "Məhəbbətim sirr deyil", "Şən şeirlər", "Yağış yağır dənizə", "Gecə qapı döyülür", "Uzaqda ucalan dağlar" və s. kitablarında qələmə aldığı mövzular uşaqların və gənclərin həyatlarındakı önəmli anlar, ibrətamiz hadisələrlə bağlıdır.

Tofiq Mahmud ədəbi aləmdə "Yola çıxıram" (1959) adlı ilk kitabı ilə tanınıb. Bu kitabdakı şeirlər onun ədəbiyyat, sənət yoluna atdığı addımların məsuliyyətini dərk edərək  bu yola çıxdığını bildirirdi. O zaman "Azərbaycan müəllimi" qəzetinin müxbiri kimi rayonlara, kəndlərə ezamiyyətə gedir, məktəblərdə uşaqlarla, onların həyat tərzi, dünyası ilə tanış olurdu.

 Uşaqlar üçün yazdığı "Utancaq oğlan" və "Dibçək" adlı kitabları da o zaman yazmışdı. 1961-ci ildən "Göyərçin" jurnalında başlayan fəaliyyəti ilə o, uşaq ədəbiyyatına sıx bağlanıb. Tofiq Mahmudun uşaqlar üçün yazdığı ilk irihəcmli əsəri "Alpinistlər" poemasıdır.

 Məktəblilərin həyatından bəhs etdiyi həmin əsərdə şair uşaqların vətən torpağına, onun gözəlliyinə heyrət  və məhəbbətini qələmə almış, dağların zirvəsinə qalxan, təbiəti, tarixi abidələri öyrənən uşaqların əhval-ruhiyyəsini verməyə çalışıb.

Tofiq Mahmud Azərbaycan təbiətinin vurğunu olan "Bu torpağı tanı sən" adlı silsilə şeirlərində  "Süsən gəzir Abşeronu", "Sehirli meşəbəyi" və digər poemalarında da kiçik qəhrəmanlarına vətənin tarixini, gözəlliklərini sevdirməklə yanaşı, onlarda təbiətə məftunluq, minnətdarlıq hissləri oyadır, duyğuları yaradır, hər bir gözəlliyin qədrini bilib onu qorumağı öyrədirdi.

 Kiçik oxucular üçün yazdığı hekayə, nağıl və əfsanələri "Dalğalar adlı kitabında cəmləşdirib 1976-ci ildə çap etdirən Tofiq Mahmud həm də bir nasir kimi uşaqların sevimlisi oldu.  "Qəhrəman təyyarəçinin qardaşı", "Əsgərlər haqqında nağıl", “Meşəbəyinin söhbəti", "Adada hadisə", "Ana qağayı", "Dalğalar", "Yaylaqda" hekayələri, "İgid çapar", "Minarədən atılan daşlar", "İşıq", "Dəmirçinin qəzəbi" əfsanələri, "Xeyirxah adam", "Ədalətli fil", "Bir dərənin sirri", "Kəpənək və qarğa", "Boz sərçənin nağılı" və s. nağılları, "Cırtdanın söhbətləri" adlı povesti öz məzmun və ideyası ilə məktəbyaşlı uşaqların əxlaqının, dünyagörüşünün formalaşmasında böyük dəyərə malikdir

"Meşəbəyinin söhbəti" hekayəsində təbiətin gözəlliyini paylaşan insan və heyvanların qarşılıqlı qayğı və bir-birinə münasibətlərində anlaşdıqları səssiz hisslərin təsviri verilir. "Ana qağayı" hekayəsi də insanla quşların "dialoqu" üzərində qurulub. Yuvasındakı yumurtaları təhlükədə olan qağayı qayıqdakı insanlardan kömək istəyir, onun həyəcan və təşvişini sadə, duyğulu bir dillə ifadə edən müəllif uşaqlara mərhəmət, diqqət, qayğıkeşlik təlqin edir.

"Yaylaqda" hekayəsində Tofiq Mahmud Azərbaycan təbiətinin, dağların, şəfalı bulaqların, min bir dərdin dərmanı otların-çiçəklərin insan ömründə dəyərini göstərir. Yüzdən artıq yaşı olan, "azar-bezar görməyən" Şirəli babanın dedikləri də vətənin insan üçün əvəzsiz nemət olduğunu ifadə edir.

Həssas, qayğıkeş, cəsarətli olan məktəbli Davud yaylaqda keçirdiyi hər an dağ həyatına heyran olur. Tofiq Mahmud Davudun təbiətə - onun gözəlliyinə də heyran halını ustalıqla təsvir edir. Davud uşaq qəlbi ilə  dünyanın gözəlliklərini dərindən duyur, görür və yaşayır: "Havanın qaralmaqda olduğunu, nəhəng dağın dumanda itdiyini, dərənin yuxarı başında dayanmış çobanı gördü.

Nə qəribə mənzərə! Duman buğ kimi qalxır, çobanı tamamilə gizlətmək, öz qoynunda  itirmək istəyirdi. Davud dərəyə yaxınlaşdı. Duman elə bil dərədən qaynayıb çıxırdı". Ana təbiətin bu gözəlliyini bir uşağın dərindən, həssaslıqla müşahidə etməsi, onu "dərə elə bil ağ dənizdir" - deyə səciyyələndirməsi yazıçının sənətkarlıqla tapdığı priyomdur ki, bununla gənc nəslə yurdun hər qarışını, dağını, daşını sevdirmək,  qiymətini başa salmaq məqsədi daşıyır.

Kiçik bir hekayədə bir neçə hadisəni birləşdirib bir süjet ətrafında məharətlə qurub və bir günün ərzində Davuda yaşatmaq da yazıçının sənətkarlığından xəbər verir. "İgid çapar" hekayəsindəki kiçik çaparın qəhrəmanlığı, vətənpərvərliyi olduqca ibrətamizdir. Əfsanə adlandırdığı bu hekayədə yazıçı xalqının, elinin yolunda ölümü tərceh edən oğlanın şücaətini qələmə alır.

Uca dağların başında bir qalada azad bir oba yaşayır. Düşmənlər o qalanın yolunu tapmağa çalışırlar. Cəngəlliklər, qayalıqlar bu obanın yollarını bağlamışdı. Bu dağlarda at belində görünüb bir anda yoxa çıxan bir oğlandan xəbər tutan düşmənlər onun izinə düşür, sıldırımlı bir uçurumun dar cığırında onun yolunu kəsirlər.

Əllərindəki bıçaqla kiçik çaparı hədələyən düşmənlər, əgər obaya gedən yolu göstərsə, onu salamat buraxacaqlarını deyirlər. Balaca çaparın "yox"...yox!" - deyə dağlarda əks-səda verən səsindən vahimələnən düşmənlər onu tutmaq istəyəndə uşaq bir anda quş kimi özünü böyük və dərin uçuruma atır. Balaca igid çaparın elinə sədaqəti, şucaəti onları heyrətə salır.

 Həyatda yaşamanın ən ali niyyətini yaxşılıqla insanlara yaramağın ucalığını dərk etmək üçün uşaqlara təsir edəcək belə hekayələr Tofiq Mahmudun uşaq nəsrinin dəyərini göstərir. Onun əsərlərində ədalət, xeyirxahlıq, mərhəmət hissləri həm insanların, həm də heyvanların və quşların obrazlarına şamil olunur.  ("Meşəbəyi", "Soltantoyuğu", "Ədalətli fil", "Boz sərçənin nağılı" və s. hekayə-nağıllarında olduğu kimi)

Hekayələrdə uşaqların şüuruna təsir edəcək çox səmimi, sadə bir dillə söylənən yaxşılıqlardan sonra həyat gözəlləşir, insanlarla bərabər xeyirxahlıq edənlər özləri də sevinirlər. Susuzluqdan yanan kəndlərinə su çəkən Vəlinin dediyi kimi insan gərək həmişə axtarsın, heç nədən qorxmasın, gözəl-gözəl işlər görsün. Bu hekayədə də gəncliyi öyrənməyə, cəsarətə, xeyirxahlığa çağıran Tofiq Mahmud öz amalına sadiq bir sonluq verir.

Allah rəhmət eləsin!

(Filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibovanın məqalələrindən istifadə edilmişdir).

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.