Super User
Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticə
Cəlil Xəlilov: “Prezident İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”. Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov bildirib.
Polkovnik qeyd edib ki, Daşkənd səfəri iki dövlət arasındakı münasibətlərin səmimilik və dərinliyini bütün əzəməti ilə üzə çıxardı:“Prezident İlham Əliyevin Daşkənd səfərində Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız bugününü deyil, həm də gələcəyini müəyyən edən mühüm razılaşmalar əldə edildi, mühüm bəyanatlar verildi. Verilən hər bir bəyanat, səslənən hər bir fikir göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri hər iki xalqın tarixi dostluğu ilə yanaşı, həm də gələcəyə dair birgə baxışına əsaslanır. Bu isə ilk növbədə sülh, tərəqqi və təhlükəsizliklə bağlıdır.
Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin önəminə toxundu, bunun xalqın mənəvi birliyinin təmin edilməsindəki roluna diqqət çəkdi. Eyni zamanda, Özbəkistan Prezidenti bildirdi ki, Azərbaycanın dövlət başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir, bu yolda böyük nailiyyətlər əldə edir. Bütün bunlar dost Özbəkistan xalqının, onun timsalında bütün türk dünyasının Prezident İlham Əliyevə, onun sülh və tərəqqiyyə xidmət edən siyasətinə necə böyük qiymət verdiyini göstərir.
Daşkənd səfərində diqqət çəkən məqamlardan biri də Prezidentlərin qarşıqlı şəkildə təltif edilməsi oldu. Prezident İlham Əliyev Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni, Şafkat Mirziyoyev isə azərbaycanlı həmkarını ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Məlum təltifetmə mərasimi Azərbaycan və Özbəkistan arasındakı qarşılıqlı inam və etimadın nə qədər böyük olduğunu, münasibətlərin həqiqi dostluq və qardaşlığa söykəndiyini, tərəflərin bu münasibətləri inkişaf etdirməkdə nə qədər qərarlı olduğunu bir daha sübut edir.
Səfər zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak etdi, bir sıra elm və mədəniyyət mərkəzləri ilə tanış oldu. Tərəflər təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməklə bağlı istəklərini bəyan etdilər.
Artıq hər kəs əmindir ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək, münasibətlərin bu şəkildə inkişafı hər iki xalqın sosial rifahının, mənəvi birliyinin yüksəlməsinə, sülh və təhlükəsizliyin etibarlı şəkildə təmininə böyük töhfə verəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bütün türk dünyasının birlik və inkişafına xidmət edəcək ki, bu da milli maraqlarla yanaşı, həm də ümumtürk maraqları baxımından mühüm əhəmiyyətə malikdir”.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
25 avqustda Nitşe doğulub, Yumsa vəfat edib
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi
Bu günün – avqustun 25-nin təqviminə nəzər salsaq görərik ki, günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var.
1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı , Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.
Bu gün Braziliyada əsgərlər günü, Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.
1609-cu ilin bu günündə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker, 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy dünyaya gəliblər. Bu gün vəfat edənlərdən ikisinin adını çəkəcəyik. İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.
Və mütləq Nitşedən bir sitat gətirək. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”
Şəkildə: Devid Yum
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Azərbaycan qadınının zərif gücü – Mehriban Əliyeva
Aygül Bağırova,
“Qalib Sərkərdənin Zərif Gücü – Mehriban Əliyeva” kitabının müəllifi.
“Ədəbiyyat və incəsənət”
Bəzən insan ömrünün müəyyən bir günü illər keçsə də təqvimdən çıxıb xatirəyə çevrilmir. Əksinə, zaman keçdikcə mənası bir az da böyüyür, insanın yaddaşında ayrıca bir ömür səhifəsi kimi yaşayır. Mənim üçün 26 avqust məhz belə tarixlərdəndir.
İki il əvvəl – 26 avqust 2024-cü ildə qardaş Özbəkistanın qədim Daşkənd şəhərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyim “Qalib Sərkərdənin Zərif Gücü – Mehriban Əliyeva” kitabımın təqdimat və imza mərasimi keçirilib. Həmin gün mənim üçün bir kitabın təqdimatından çox-çox böyük məna daşıyıb. Çünki o kitabın hər səhifəsində qələmimlə ifadə etməyə çalışdığım bir Azərbaycan qadınının mənəvi portreti, xalqa bağlılığı, Vətənə sədaqəti, dövlətə xidməti dayanırdı.
Aradan iki il ötüb.
Bu gün həmin kitabı vərəqləyəndə düşünürəm ki, Mehriban xanım haqqında yazmaq mənim müəllif taleyimdə ən böyük məsuliyyətlərdən biri olub. Çünki bəzi şəxsiyyətlərin həyat yolunu sözə çevirmək üçün faktları ardıcıllıqla düzmək kifayət etmir. Onların gördüyü işlərin arxasındakı mənəvi yükü, insanlara toxunan əməllərinin dəyərini, xalqın yaddaşında qazandıqları yeri duymaq lazımdır.Mehriban xanım Əliyevanın ömür yolu məhz belə bir duyğunu tələb edir.Onun şəxsiyyətində Azərbaycan qadınına əsrlər boyu məxsus olan zərifliklə güc, mərhəmətlə qətiyyət, ailəyə bağlılıqla dövlətə xidmət bir-birini tamamlayır. Bu xüsusiyyətlər onun ictimai-siyasi fəaliyyətinin mənəvi mahiyyətini formalaşdırır.
Mən Mehriban xanım haqqında düşünəndə ilk növbədə insanlara çatan bir ürək görürəm.
Uşaq təbəssümünə çevrilən qayğını...
Bir ananın ümidinə çevrilən diqqəti...
Azərbaycan mədəniyyətinin dünyaya açılan qapısında dayanan böyük missiyanı...
Tarixi-mədəni irsimizin qorunmasına göstərilən həssaslığı...
Və bütün bunların arxasında öz Vətənini böyük məhəbbətlə sevən Azərbaycan qadınını...
Mehriban xanımın fəaliyyətində insan amili hər zaman xüsusi yer tutur. Onun rəhbərlik etdiyi təşəbbüslərin mahiyyətində insan taleyi, milli dəyərlər, mərhəmət və Azərbaycan adına xidmət düşüncəsi dayanır. Bu mənada onun fəaliyyəti dövlətçiliklə humanizmin vəhdətini yaradan özünəməxsus bir məktəbdir.
Azərbaycan qadınının tarix boyu ən böyük gücü onun mənəvi qüdrətində olub. Sara xatundan Natəvana, Məhsəti Gəncəvidən XX əsrin görkəmli Azərbaycan qadınlarına qədər uzanan bu böyük yol müasir dövrdə yeni məzmun qazanıb. Mehriban xanım Əliyeva həmin tarixi xəttin dövlətçilik müstəvisində parlaq davamçılarından biri kimi Azərbaycan qadınının dünyaya təqdim olunan müasir obrazını yaradıb.
Bu obrazda savad var.
Mədəniyyət var.
Zəriflik var.
Qətiyyət var.
Vətənə bağlılıq var.
Ən başlıcası isə insan sevgisi var.
Mehriban xanımın Azərbaycan mədəniyyətinin, musiqisinin, muğamının, milli-mənəvi irsimizin dünyada tanıdılması istiqamətində fəaliyyəti illərlə görülən böyük işlərin mənəvi xəritəsini yaradıb. Azərbaycan adı dünyanın müxtəlif məkanlarında səsləndikcə, mədəniyyətimizin hər bir uğurunda bu xidmətlərin izi görünür.Onun həyat və fəaliyyətinə baxanda başqa bir mühüm məqam da diqqət çəkir: Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinə sədaqətlə verilən dəstək.
Mən kitabımın adını “Qalib Sərkərdənin Zərif Gücü” seçərkən bu ifadənin daşıdığı mənanı uzun-uzadı düşünmüşdüm. Zəriflik bəzən insanın ən böyük gücüdür. Səsini yüksəltmədən insanlara təsir etmək, gördüyün işlə yadda qalmaq, xalqın sevincinə də, ağrısına da eyni həssaslıqla yanaşmaq böyük mənəvi qüdrət tələb edir.
Mehriban xanımın gücü məhz bu mənəvi bütövlükdədir.Prezident İlham Əliyevin yanında dövlətimizin böyük yoluna çiyin verən, Azərbaycanın milli maraqlarını, mədəniyyətini və humanitar dəyərlərini dünyada ləyaqətlə təmsil edən Mehriban xanım ailə sədaqətinin, dövlət məsuliyyətinin və vətəndaş xidmətinin bir arada yaşadığı Azərbaycan qadını obrazını təcəssüm etdirir.
Mehriban xanım Əliyeva haqqında kitab qələmə almaq mənim üçün nə qədər böyük məsuliyyət idi?
Bu sualın cavabını kitabın hər səhifəsində, hər cümləsində özüm üçün yenidən tapırdım. Çünki haqqında yazdığım şəxsiyyət Azərbaycan dövlətçiliyində, ictimai-siyasi həyatında və xalqın mənəvi yaddaşında xüsusi yer tutan bir Azərbaycan qadını idi. Onun ömür yolunu qələmə almaq müəllifdən həm böyük ehtiram, həm də hər sözə qarşı həssas məsuliyyət tələb edirdi.Çünki hər dövr öz qadın obrazını tarixə verir. Bizim yaşadığımız dövrün Azərbaycan qadını haqqında gələcək nəsillər danışanda onun savadından, ləyaqətindən, dövlətə sədaqətindən, milli dəyərlərə bağlılığından, insanlara mərhəmətindən söz açacaqlar. Mehriban xanım Əliyevanın adı həmin tarixdə özünəməxsus yer tutacaq.
Mən isə bir müəllif kimi bu dövrün içində yaşayıb gördüklərimi qələmə köçürmək istədim.Bir qadın kimi onun gücünü anlamağa çalışdım.Bir ana kimi mərhəmətini duydum.Bir vətəndaş kimi dövlətə xidmətinin miqyasını gördüm.Bir yazar kimi isə bütün bunları sözə çevirdim.
İki il əvvəl Daşkənddə kitabımı əlimdə tutarkən keçirdiyim hissi bu gün də xatırlayıram. Qardaş Özbəkistanda Azərbaycan qadını haqqında yazılan kitabın təqdim olunması mənim üçün böyük mənəvi qürur idi. O gün bir daha hiss etdim ki, Azərbaycanı dünyaya sevdirən onun gücü ilə yanaşı, mədəniyyəti, mənəviyyatı, insanlığı və qadınlarının ləyaqətidir.
Bu gün – 26 avqustda Mehriban xanım Əliyevanın doğum günü münasibətilə yenidən qələmə sarılarkən həmin hisslər məni yenə Daşkəndə, kitabımın ilk təqdimat həyəcanına aparır.Ancaq bu dəfə sözlərim kitab müəllifinin sözlərindən daha artıq məna daşıyır.Bu, bir Azərbaycan qadınının başqa bir Azərbaycan qadınına ehtiramıdır.Bir ananın başqa anaların dərdinə əl uzadan qadına minnətdarlığıdır.Bir vətəndaşın dövlətinin qüdrətinə öz fəaliyyəti ilə töhfə verən şəxsiyyətə sayğısıdır.Bir yazarın qələminə mövzu olan böyük mənəvi portret qarşısındakı məsuliyyətidir.
Hörmətli Mehriban xanım!
Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.Qoy həyatınız boyunca gördüyünüz xeyirxah işlər insanların duası kimi yolunuza işıq salsın.Qoy Azərbaycan qadınının adına qazandırdığınız ucalıq yeni nəsillərə örnək olsun.Qoy Vətənə, dövlətə və xalqa xidmətlə keçən ömür yolunuz Azərbaycanın sabahına açılan işıqlı yollarla davam etsin.Sizin fəaliyyətinizdə Azərbaycan qadınının zərifliyi ilə dövlət iradəsinin gücü eyni ünvanda birləşir.Mən isə illər əvvəl kitabımın üz qabığına yazdığım həmin ifadəni bu gün daha böyük inamla təkrar edirəm:
Siz Qalib Sərkərdənin zərif gücüsünüz.
Ad gününüz mübarək, Mehriban xanım!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Faciəyə tuş gəlmiş unudulmaz ziyalı NƏSİMAN YAQUBLU
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Görkəmli ziyalımız, fədakar alimimiz, Cumhuriyyət dönəminin misilsiz tədqiqatçısı Nəsiman Yaqublu ötən il deputatlığa namizəd idi. Ötən ilin bugünkü 25 avqust günündə o, namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirdi və maşını yol kənarına aşırdı.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli xəstəxanasına çatdırıldı. Nəsiman Yaqublu saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olundu, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edildi. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq o, saat 18:43-də vəfat etdi. Vəfatı ilə bağlı Bakı Dövlət Universiteti, Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları Mərkəzi başsağlığı dərc etdi. O, 26 avuqst 2024-cü ildə Zabrat qəsəbəsində dəfn olundu.
Beləcə, Azərbaycan öz görkəmli ziyalı oğlunu itirdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.
1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib.
Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifi olub. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.
Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
Kitabları
1. Ağrılı ömürlər
2. Xocalı qırğını
3. Bakının qurtuluşu
4. Azərbaycanda yaşayan milli azlıqların nəşrləri
Mükafatları
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
- "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Xalq rəssamı Xalidə Səfərovanın 100 illiyidir
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hansı rəssam qadınlarımızı tanıyırsınız? Bir neçə ad çəkəcəksiniz. Bəs hansı xalq rəssamı adını almış qadınlarımız var? Cavab çətinlik törədəcək əlbəttə.
Bu gün sizə Azərbaycan SSR xalq rəssamı Xalidə Səfərova barədə danışmaq istəyirəm. Bu gün onun anadan olmasının 100-cü ildönümüdür.
Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olub. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənib.
Yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.
Rəssam Azərbaycanın bölgələrinə etdiyi səfərlərinin hesabatını Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgidə verib. Həmin sərgidə o, 70-ə yaxın rəngkarlıq və qrafika əsərləri, 150-dən artıq etüd, peyzaj və natürmort əsərləri ilə iştirak edib. Təqdim edilən əsərlərin sırasına "Üç palıd", "Yağışdan əvvəl", "Bağda natürmort", "Üzümlükdə natürmort" kimi işlər də daxil edilib.
Rəssamın yaradıcılığında portret əsərləri də yer alıb. Bunların sırasına "Qapıçı", balet artisti "Leyla Vəkilovanın portreti", rəssam "Maral Rəhmanzadənin portreti", rəssam "Mahmud Tağıyevin portreti" və başqaları daxildir. O, 1960-cı illərdə idman mövzusunda da işləyib. Bu mövzu çərçivəsində futbol oyunları, velosipedçi yürüşü, avarçəkmə təsvirlərindən ibarət çoxfiqurlu kompozisiyalar çəkib. Onun "Gimnastlar", "Estafet", "Velosipedçi" (1969) "Futbolçular", "Çövkən" əsərləri bu istiqamətə nümunədir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Cəmi 42 il yaşadı Vəfa Fətullayeva
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi
Bu gün sizə nağıl danımaq istəyirəm. Biri vardı, biri yoxdu, Xəzər dənizinin sahilində Azərbaycan adlı bir sovet sosialist respublikası var idi. Burada insanlar 60 yaşında təqaüdə çıxar, pulsuz mənzil alar, pulsuz müalicə olunar, uşaqlara isə 18 yaşınadək “uşaqpulu” deyilən maddi vəsait ödənilərdi. Bu respublikada xoşbəxt böyüyən uşaqlar çoxuydu. Bu uşaqların arasında Vəfa adında gözəl-göyçək, istedadlı bir qız da vardı, soyadı Fətullayeva idi...
…O, 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı...
Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi. İlk dəfə- 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...
Vəfa xanım 1970-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazları yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar olub və 1987-ci il may ayının 21-də vəfat edib. Yaşasaydı, bu gün - avqustun 25-də 81 yaşı tamam olardı. Ruhu şad olsun!
...Göydən üç alma düşdü. Biri mənim, biri sənin, qoy biri də Azərbaycan Dövlət Milli Dram Teatrının payına düşsün...
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Yay tətilindən qayıdan uşaqlar üçün vacib təmrinlər
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Yeni tədris ilinin başlamasına artıq bir aydan az vaxt qalıb. Yay tətilində uşaqların yuxu və gündəlik rejimi dəyişir, gec yatıb gec oyananlar, dərslərdən tamamilə uzaqlaşanlar olur. Lakin məktəbin başlaması ilə bu rejimin birdən-birə dəyişməsi uşaqlarda yuxu və diqqət problemləri yarada bilər.
Səhər erkən oyanmaq və gün ərzində dərslərə uyğunlaşmaq ilk günlərdə onlar üçün çətin ola bilər. Buna görə də məktəbə qədər yuxu rejimini tədricən qaydaya salmaq vacibdir. Beləliklə, uşaqlar yeni tədris ilinə daha rahat və enerjili başlaya bilərlər.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bu barədə "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. Onun sözlərinə görə, məktəblərin açılmasına az vaxt qaldığı üçün uşaqları dərs rejiminə indidən hazırlamaq vacibdir:
" Yay tətilindən sonra uşağın bir gündə erkən oyanmağa, uzun müddət dərsdə oturmağa və tapşırıqları yerinə yetirməyə uyğunlaşmasını gözləmək doğru deyil. Bu keçid mərhələli şəkildə aparılmalıdır. İlk növbədə, yuxu rejimi tənzimlənməlidir. Tətil günlərində uşaqların gec yatması və gec oyanması adi haldır. Məktəbin başlamasına təxminən iki həftə qalmış yatmaq və oyanmaq vaxtını hər gün 15–20 dəqiqə erkən çəkmək olar. Məqsəd uşağı birdən-birə sərt rejimə salmaq deyil, onun bioloji ritmini tədricən məktəb saatlarına uyğunlaşdırmaqdır. Axşam saatlarında telefon, planşet və kompüterdən istifadə də məhdudlaşdırılmalıdır. Çünki ekran qarşısında uzun müddət qalmaq yuxuya getməyi çətinləşdirir və səhər yorğunluğuna səbəb olur".
Psixoloq vurğulayıb ki, dərs vərdişlərini də mərhələli şəkildə bərpa etmək lazımdır:
"Uşağı tətilin son günlərində saatlarla kitab arxasında oturtmaq əks təsir yarada, məktəbə qarşı narahatlıq və müqavimət formalaşdıra bilər. Bunun əvəzinə, hər gün yaşına uyğun olaraq 20–30 dəqiqə kitab oxumaq, yazı yazmaq, ötən mövzulardan sadə tapşırıqları təkrarlamaq daha faydalıdır. Kiçik yaşlı uşaqlarda bu fəaliyyətlər oyun formasında təşkil edilə bilər. Əsas məqsəd yüksək nəticə əldə etmək deyil, diqqəti və öyrənmə ritmini yenidən aktivləşdirməkdir. Valideynlər məktəb haqqında danışarkən istifadə etdikləri ifadələrə də diqqət yetirməlidirlər. “Tətil bitdi, artıq əylənmək yoxdur”, “Bu il dərslərin çox çətin olacaq” və ya “Aşağı qiymət alsan, cəzalanacaqsan” kimi cümlələr uşağın məktəblə bağlı gərginliyini artırır. Əvəzində, məktəbin dostlarla görüşmək, yeni biliklər qazanmaq və maraqlı fəaliyyətlərdə iştirak etmək üçün bir imkan olduğu vurğulanmalıdır. Uşağı hazırlıq prosesinə cəlb etmək də çox önəmlidir. Məktəb ləvazimatlarının, çantanın və geyimlərin onunla birlikdə seçilməsi uşağın yeni tədris ilinə marağını artırır. Birlikdə gündəlik rejim hazırlamaq, dərs, istirahət, oyun və yuxu vaxtını müəyyənləşdirmək uşağa proses üzərində müəyyən nəzarət hissi verir. Lakin rejim həddindən artıq sərt olmamalıdır. Məktəb başlayandan sonra da uşağın oyun oynamağa, açıq havada olmağa və ailə ilə vaxt keçirməyə ehtiyacı qalır.
Qidalanma və fiziki aktivlik də uyğunlaşmanın mühüm hissəsidir. Səhər yeməyi vərdişinin indidən yaradılması, gün ərzində hərəkətə və açıq havada gəzməyə vaxt ayrılması uşağın diqqətinə, enerjisinə və emosional vəziyyətinə müsbət təsir göstərir.
Birinci sinfə başlayacaq, məktəbini dəyişəcək və ya yeni kollektivə qoşulacaq uşaqlara xüsusi diqqət göstərilməlidir. Məktəbi əvvəlcədən görmək, ora gedən yolu birlikdə keçmək, müəllim və sinif mühiti barədə sakit şəkildə danışmaq qeyri-müəyyənliyi azaldır. Valideyn uşağın “qorxuram”, “məktəbə getmək istəmirəm” kimi fikirlərini dərhal rədd etməməlidir. “Burada qorxulu heç nə yoxdur” demək əvəzinə, “Səni narahat edən nədir?” sualını vermək və onu diqqətlə dinləmək daha doğrudur".
Müsahibimiz çəktəbin ilk həftələrində uşağın qiymətlərindən əvvəl onun uyğunlaşmasına diqqət yetirilməli olduğunu bildirib:
"Uşaq yeni rejimə keçərkən yorğun, həssas və ya əsəbi ola bilər. Valideynlər bu dövrdə tələbkarlıqla yanaşı, anlayış və emosional dəstək də göstərməlidirlər. Uşağı digər şagirdlərlə müqayisə etmək deyil, onun öz irəliləyişini görmək və göstərdiyi səyi qiymətləndirmək lazımdır. Əgər məktəb yaxınlaşdıqca uşaqda davamlı qorxu, yuxu pozuntusu, tez-tez qarın və ya baş ağrısı, səbəbsiz ağlama, aqressiv davranış və məktəbə getməkdən kəskin imtina müşahidə edilirsə, bunu sadəcə “naz” kimi qiymətləndirmək olmaz. Belə əlamətlər güclü məktəb narahatlığının göstəricisi ola bilər və zərurət yaranarsa, məktəb psixoloquna və ya mütəxəssisə müraciət edilməlidir.
Ümumilikdə, uşağın dərs rejiminə hazırlanması yalnız dəftər-kitab almaqdan ibarət deyil. Bu proses yuxu, qidalanma, diqqət, məsuliyyət və emosional hazırlığın birlikdə formalaşdırılmasıdır. Valideynin əsas vəzifəsi uşağı qorxutmaq və təzyiq altında saxlamaq deyil, onun məktəb həyatına sakit, mərhələli və özünəinamlı şəkildə qayıtmasına kömək etməkdir".
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Heç kimə demədiyimiz yorğunluqlar
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Bəzən insanın yorğunluğu üzündə görünmür. O, səhər yuxudan qalxır, saçını darayır, geyinir, işinə gedir, insanlarla danışır, gülümsəyir, lazım olan yerdə “yaxşıyam” deyir. Günün sonunda isə hamının gördüyü həmin insan öz otağında, öz səssizliyinin içində bir anlıq dayanır və heç kimə etiraf etmədiyi bir həqiqətlə üz-üzə qalır: “Mən çox yorulmuşam.”
Bu yorğunluğun bəzən yuxu ilə heç bir əlaqəsi yoxdur. Səkkiz saat yatırsan, yenə də səhər içində qəribə bir ağırlıqla oyanırsan. Çünki bədən yox, ruh yorulub. İnsanların səndən gözlədikləri, sənə demədikləri, səndən aldıqları və sənin öz içində saxladığın hər şey yavaş-yavaş bir yükə çevrilib.
Ən ağır yorğunluq da budur — izah edə bilmədiyin yorğunluq. Sən yorulmusan, amma nədən yorulduğunu bir cümləyə sığışdıra bilmirsən. Bəlkə hər şeyi həmişə öz üzərinə götürməkdən. Bəlkə hamını anlamağa çalışıb heç kimin səni anlamağa çalışmamasından. Bəlkə hər kəsin dərdinə qulaq asıb öz dərdini danışmağa növbə tapmamaqdan. Bəlkə də hər dəfə güclü görünmək məcburiyyətindən.
İnsanın içində elə yorğunluqlar var ki, onları heç bir həkimə, heç bir dosta, heç bir ailə üzvünə tam danışa bilmir. Çünki bəzi ağrılar danışılmaq üçün deyil, sadəcə yaşanmaq üçün qalır insanın içində.
“Yaxşıyam” deyirik.
Bu söz bəzən dünyanın ən böyük yalanına çevrilir. Çünki “yaxşıyam” deyərkən içimizdə başqa cümlələr dolaşır: “Məni bir az da sən düşün.” “Bu dəfə məndən heç nə gözləmə.” “Mən də yorula bilərəm.” “Mənim də köməyə ehtiyacım var.” “Bir dəfə də sən soruş ki, həqiqətən necəsən?”
Amma demirik. Çünki öyrəşmişik.
Öyrəşmişik ki, güclü olaq. Öyrəşmişik ki, ağlamayaq. Öyrəşmişik ki, ailənin, dostların, işin, həyatın bütün ağırlığını bir şəkildə daşıyaq. Hətta bəzən o qədər yaxşı öyrəşirik ki, özümüzün də yorulduğumuzu gec anlayırıq.
İnsan özünə ən son etiraf edir yorulduğunu. Başqalarına “dincəl” deyir, özü dincəlmir. Başqasının göz yaşını silir, öz göz yaşını gizlədir. Başqasının “sən bacararsan” sözünə inanır, amma gecələr öz-özünə “mən daha bacarmıram” deməkdən qorxur.
Bəlkə də böyümək bir az da budur: içində fırtınalar qoparkən gündəlik həyatını davam etdirmək.
Heç kim görmür ki, bəzən bir insan sadəcə bir stəkan çay qarşısında uzun müddət susur. Pəncərədən küçəyə baxır, amma heç nə görmür. Telefon əlindədir, amma heç kimə yazmaq istəmir. Musiqi səslənir, amma eşitmir. Ətrafında insanlar var, amma özünü dünyanın ən böyük tənhalığının içində hiss edir.
Və ən qəribəsi budur ki, həmin insan sabah yenə ayağa qalxacaq. Yenə işinə gedəcək. Yenə gülümsəyəcək. Yenə kiminsə “necəsən?” sualına “yaxşıyam” deyəcək.
Çünki həyat dayanmağı həmişə bizə icazə vermir.
Amma insanın dayanmağa da ehtiyacı var. Bəzən heç nə etməməyə. Heç kimə cavab verməməyə. Telefonu söndürməyə. Bir gün ərzində hamını xilas etməyə çalışmamağa. Özünü izah etməməyə. Güclü görünməyə məcbur olmamağa.
Bəzən insanın sadəcə birinin yanında susmağa ehtiyacı var. Elə birinin ki, “nə olub?” deyə israr etməsin. Sadəcə yanında otursun. Sənin susmağından qorxmasın. Gözlərinin altında yığılan yorğunluğu görsün. “Sən bu gün yaxşı görünmürsən” demək əvəzinə, “gəl, bir az oturaq” desin.
Çünki bəzi insanlar məsləhət istəmir. Onlar sadəcə anlaşılmaq istəyirlər.
İnsanın ən böyük ehtiyaclarından biri də budur: olduğu kimi görünə bilmək. Güclü olmadığı halda güclü görünmək məcburiyyətində qalmamaq. Yorulduğu zaman bunu gizlətməmək. “Bu gün bacarmıram” deyə bilmək. Və bunun qarşılığında günahlandırılmamaq.
Bəlkə də biz bir-birimizin yorğunluqlarını çox gec görürük. Bir insan həyatımızdan çıxanda, artıq əvvəlki kimi gülməyəndə, əvvəlki kimi danışmayanda, əvvəlki kimi bizə yazmayanda anlayırıq ki, onun içində nələrsə çoxdan dəyişib. Halbuki bəlkə də həmin insan uzun müddət səssizcə kömək gözləyib.
Bəzən bir insanın həyatında böyük bir hadisə baş vermir. Sadəcə kiçik ağrılar üst-üstə yığılır. Bir az məyusluq. Bir az gözləmək. Bir az susmaq. Bir az bağışlamaq. Bir az özündən keçmək. Bir az da “boş ver” demək. Sonra bütün bu “bir az”lar insanın içində böyük bir yorğunluğa çevrilir.
Və bir gün insan heç nəyə əsəbiləşmir, heç nəyə sevinmir. Sadəcə sakitləşir.
Əslində bu sakitlik həmişə rahatlıq deyil. Bəzən insan o qədər yorulur ki, artıq etiraz etməyə belə gücü qalmır.
Ona görə də yanımızdakı insanlara bir az daha diqqətlə baxmaq lazımdır. Həmişə danışanların deyil, susanların da səsini eşitmək lazımdır. Həmişə gülənlərin də kədərini düşünmək lazımdır. Çünki ən çox gülümsəyən insan bəzən ən çox gizlədən insandır.
Bəlkə də bu həyatda bir-birimizə verə biləcəyimiz ən böyük yaxşılıq hər şeyi həll etmək deyil. Sadəcə bir-birimizin yorğunluğunu görməkdir.
Bir insanın “mən yaxşıyam” sözünün arxasında “məni bir az başa düş” cümləsini eşitməkdir.
Çünki hər kəsin heç kimə demədiyi bir yorğunluğu var. Kiminsə yorğunluğu illərlə gözləməkdir. Kiminsəki itirməkdir. Kiminsəki ailəsi üçün susmaqdır. Kiminsəki sevdiyi halda gedə bilməməkdir. Kiminsəki gedən birinin yerinə hər gün yenidən yaşamaqdır. Kiminsəki özünü hamıya çatdırmağa çalışarkən özündən uzaq düşməkdir.
Və bəlkə də ən dərin yorğunluq insanın özünü uzun müddət başqalarının ehtiyacları arasında unutmasıdır.
Ona görə bu gün özümüzə bir az mərhəmətli olaq. Hər şeyi çatdırmaya bilərik. Hər kəsi xoşbəxt edə bilmərik. Hər problemi həll edə bilmərik. Hər gedəni geri qaytara bilmərik. Hər ağrını unutdura bilmərik.
Bəzən sadəcə yaşamaq, nəfəs almaq və bir az dayanmaq kifayətdir.
Çünki insan maşın deyil. Onun da yorulmağa haqqı var. Onun da susmağa, ağlamağa, heç nə etmək istəməməyə, “bu gün mənə dəstək lazımdır” deməyə haqqı var.
Və bəlkə də bir gün biz “yaxşıyam” sözünü məcburiyyətdən deyil, həqiqətən yaxşı olduğumuz üçün deyəcəyik.
O günə qədər isə özümüzü qınamayaq. Çünki bəzən heç kimə demədiyimiz yorğunluqlar bizim zəifliyimiz deyil. Onlar uzun müddət güclü qalmağımızın səssiz izləridir.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)
Onun dilçilik elminin inkişafında müstəsna əməyi olub
İnci Məmmədzadə,
Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, ona məhz bu cür qiymət verilməlidir - dilçilik elminin inkişafında müstəsna əməyi olan görkəmli alimimiz. Söhbət Yaşar Qarayevdən gedir. Bu gün onun anım günüdür.
Yaşar Qarayev 1936-cı il martın 5-də Nuxa (Şəki) şəhərində xırda sənətkar ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Burada 31 saylı şəhər orta məktəbini bitirib. ADU-nun filologiya fakültəsində təhsil alıb.
Sonra Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlayıb. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış edib. Məqalə və kitabları "Yaşar", "Q. Yaşar", "Y. Qarayev" imzaları ilə dərc olunub.
Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olub. Azərbaycan Yazıçılar Birliyinin katibi işləyib (tənqid və ədəbiyyatşünaslıq üzrə). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri seçilib.
Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri, "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olub.
M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, "Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)" və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" monumental əsərlərin müəlliflərindən biri olub.
Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışıb, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, Ədəbiyyat İnstitutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət Nəşriyyat Komitəsinin yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, "Yazıçı" nəşriyyatının bədii şurasının, "Azərbaycan" və "Ulduz" jurnalı redaksiya heyətinin, "Bilik" Cəmiyyəti rəyasət heyətinin, Ensiklopediya Elmi Redaksiya Heyətinin üzvü olub.
SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov adına mükafat komissiyasının üzvü olub. "Füzuli Vəqfı" fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərib.
Kitabları
- Faciə və qəhrəman
- Səhnəmiz və müasirlərimiz
- Tənqid: problemlər, portretlər
- Poeziya və nəsr
- Realizm: sənət və həqiqət
- Mirzə Fətəli Axundov
- Poeziyanın kamilliyi
- Ədəbi üfüqlər
- İlyas Əfəndiyev
- Meyar-şəxsiyyətdir
- Xan bülbülün nağılı
- Tarix: yaxından və uzaqdan
- Şərqin dahisi
Filmoqrafiya
1. Geriyə baxmağa dəyər
2. Sən həmişə bizimləsən
3. Cavad Heyət varlığı
4. Üç zirvənin fatehi
Yaşar Qarayev 2002-ci il avqustun 25-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)6)
Ağadadaş Ağayevin 70-nə - Bütün xoşbəxtlər sonadək xoşbəxt qala bilmirlər…
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
80-ci illərin əvvəllərində Azərbaycanın ən populyar kişi müğənnisi o idi. Uzun müddət “ara müğənnisi” kimi televiziyaya, konsert salonlarına yolu bağlı olsa da məşhurluğu öz sözünü dedi, get-gedə ona meydan verildi. Beləcə, tezliklə o, əməkdar və xalq artisti Ağadadaş Ağayevə çevrildi.
Bu gün onun doğum günüdür, 70 illik yubileyidir..
Ağadadaş Ağayev 25 avqust 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib. 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib.
1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb.1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib.
Ağadadaş Ağayevin bir mahnısı vardı, “Könlüm qəmin eylər”, bu onun ən məşhur mahnısı olaraq qaldı.
Könlüm qəmin eylər,
Dilim nəğmələr söylər.
Təki mənə bircə kəlmə
Sevirəm de.
Filmoqrafiya
- Yerlə göy arasında
- Tənha durna uçuşu
Mükafatı
- "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi
Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl başına xoşagəlməz bir hadisə də gəlib. Xatirinizdədirsə, xəstəxana gözətçisinə balta atmışdı, həbs, ictimai qınaq basqısı olmuşdu.
Nə isə.
Allah köməyi olsun.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)


