İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan SSR xalq artisti Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxan bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr edib.
Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr edən müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb.
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı olub. Bu sənəti Cabbara da öyrətmək istəyib. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirib. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi.
Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb olub. Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırıblar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs olub. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradıb ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyub. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edib ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər.
O, major muğamları oxumaqda da mahir olub. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyub, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdurub. Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənib.
16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxuyub, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edib. Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır" deyib. Bu hadisədən sonra məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edib.
Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilib. 1902-ci ilin yanvarında "Kaspi" qəzeti belə bir məlumat verib: "Yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, Bakılı Seyidin, Şəkili Ələsgərin və Keçəçi Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır".
Konsertin birinci şöbəsində artıq bütün Qafqazda bir xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu "Mahur" oxuyub. "Kaspi" qəzeti yazır: "Cabbar "Mahur"u çox gözəl oxudu, tamaşaçılar onu uzun müddət mahir bir xanəndə kimi alqışladılar". Mütəxəssislərin fikrincə, sonralar da "Mahur"u Cabbar Qaryağdıoğlu kimi misilsiz məharətlə oxuyan ikinci bir xanəndə olmayıb. Qocaman xanəndəmiz Xan Şuşinski deyib: "Mahur Cabbar ilə getdi".
1902-ci il yanvarın 23-də tamaşaçıların xahişi ilə yenə də Tağıyev teatrının binasında ikinci Şərq konserti olub. Cabbar Qaryağdıoğlu "Heyratı" oxumaqla dinləyicilərə dərin təsir bağışlayıb. 1903-cü il yanvarın 27-də həmin teatrın binasında üçüncü Şərq konserti təşkil edilib. Bu konsertə hazırlıq daha yaxşı olub. Küçələrə afişalar vurulmuş, konsertə gələnlər üçün proqramlar nəşr olunub. Konsert əvvəlkilərə nisbətən daha geniş, rəngarəng və maraqlı olub
Cabbar Qaryağdıoğlu tarzən Mirzə Fərəc Rzayevin və kamançaçı Məşədi Qulunun müşayiəti ilə "Bayatı-Qacar" muğamını məharətlə ifa edib. Konsertdə olmuş bir rus jurnalisti yazıb: "Əgər mən antreprenyor olsaydım, heç fikirləşmədən dünənki ifaçıları Peterburqa aparardım. Onlar orada müvəffəqiyyətlər qazanardılar. Onları dinləməyə gələr, dinlər və ağlardılar…". Yeri gəlmişkən qeyd edək ki, Cabbar Qaryağdıoğlunun həmin konsertlərdə istifadə etdiyi qaval hazırda Milli Azərbaycan Tarixi Muzeyindədir.
Qoz ağacı və balıq dərisindən hazırlanan bu qavalı tarzən Qurban Pirimovun qızı Tamara xanım 1967-ci ildə Muzeyə hədiyyə edib. Cabbar Qaryağdıoğlu 1905-ci ildə Gəncə şəhərində məşhur xanəndə İslam Abdullayevin vasitəsilə tanış olduğu tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət ikinci bir musiqi üçlüyü yaradıb. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırıb. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verib.
Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməyib. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olub. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməyiblər
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub, öz gözəl ifası ilə onları məftun edib. O, yaradıcı sənətkar olub. Bir muğamı 2–3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyub. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim olub. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edib:
"Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır". Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.
Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olublar.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olub. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndiriblər.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.
Şuşada 1906-cı ildə "Leyli və Məcnun" tamaşasını səhnəyə qoyublar. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayıb. Deyirdilər o, başına quş yuvası qoyub. Yuvanın içində bülbül olub. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.
1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 74 yaşlı Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib.
1936-cı il martın 31-də M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. Ona Azərbaycan SSR xalq artisti adı verilməsi haqqında Azərbaycan Xalq Komissarları Şurasının qərarı oxunub, yubilyara 1500 manat pul mükafatı, piano, patefon, qızıl saat və s. qiymətli hədiyyələr verilmiş və şəxsi təqaüd təyin edilib.
1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə "Şərəf nişanı ordeni" ilə təltif edilib.
Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilib.
1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınıb.
Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyub. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edib ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyub. Toy sahibi çox razı qalıb. Məclis xanəndəni alqışlayıb…
XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət ediblər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoyub. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrilib.
Filmoqrafiya
- Neft və milyonlar səltənətində - Xanəndə
- Məhəmməd Füzuli
- Məclisi üns
- Muğamat var olan yerdə...
Xanəndə 1944-cü ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. SSRİ Nazirlər Soveti tərəfindən 1948-ci ildə Cabbar Qaryağdıoğlu və digər vəfat edən mədəniyyət xadimlərinin məzarları Fəxri xiyabana köçürülməsi barədə qərar qəbul olunub. Siyahıda olan şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana köçürülməyib. Hazırda məzarı Yasamal qəbirstanlığında yerləşir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.03.2026)


